Yolların toz-torpağı sifətində, bədənində tərə qarışıb əl qalınlığında palçıq əmələ gətirən çapar yaydan çıxan ox kimi Təbrizə tərəf süzürdü. Elə çapırdı ki, sanki arxadan onu canavar bölüyü qovurdu. Şad xəbər aparana oxşamırdı. İnsanın xilqəti belədir. Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır. Ona görə də deyirlər: “Bəd xəbərin atı yüyrək olar”.
Təbrizin qala divarına çatanda atın dizləri qatlandı, çənəsi yerə dəydi, dal ayaqları göyə qalxdı, boynu altında qalıb xırçıltı ilə qırıldı. Çapar isə bir az kənarda üzü üstə yerə gəldi. Əlləri, sir-sifəti siyrildi. Ona bir şey olmasa da o qədər yorulmuşdu ki, heç yerindən qalxmaq istəmədi. Elə beləcə yatıb qalardı.
Qala divarından baxan fərraşlar qapını açıb ona tərəf gəldilər, biri onun qolundan tutub qaldırdı.
– Yaralanmamısan?
– Şükür Allaha, salamatam.
– Kimsən?
– Çaparam, məni saraya aparın, tez. Vacib xəbər var. At verin.
Baş fərraş qala divarının qapısının arxasındakı səkidə, tut ağacının kölgəsində oturub xumarlanırdı. Üz-gözünə xeyli milçək qonmuşdu. Fərraş çaparı içəri gətirib ona əhvalatı danışdı. O da gözünü açmadan əlini yellədi. Bilmək olmurdu milçəklərini qovur, ya da deyir ki, yola salın. Fərraş onu ikinci mə’nada başa düşdü. Çaparı başqa fərraşa tapşırıb darvazadan çölə çıxdı, boynu altında qalıb qırılmış çapar atının yəhər-yüyənini açmağa başladı. Lap köhnə yəhər idi. Deyəsən heç çaparın özününkü deyildi, hardasa öz atını çatladıb bunu alıb gəlmişdi. Elə bundan görünürdü ki, çox vacib və ağır xəbər gətirib. Turşumuş at iyini uda-uda tapqırları boşaldıb yəhəri götürdü, quşqunu atın quyruğundan çıxartdı. Atın tərkindəki köhnə xurcunu da götürüb ələk-vələk elədi. Orada qurumuş təndir çörəyinin arasında duzlu şordan başqa heç nə yox idi. Fərraş gördü ki, qəniməti elə gözə dəyən bir şey deyil, gözləri axtardı, atın göydə qalan ayaqlarında təptəzə nallar gördü. Xurcunu, yəhər-yüyəni götürüb içəri girdi. Tutun altında xumarlanan, üz-gözünə milçək qonan fərraşbaşı əli ilə işarə verdi ki, qənimətini gətirib onun yanına qoysun.
Fərraş da ürəyində deyinə-deyinə yəhər-yüyəni gətirib onun yanında yerə qoydu, kəlbətin götürüb nalları sökməyə getdi. “Neçə vaxtdı donluq vermirlər, ev-eşiyə bir xeyrimiz dəymir, dəyər ey, bu tiryəki köpəyoğlu qoysa. Bir dəfə gözünü də açmır, hər şeyi də görür. Qapıdan keçib bazara gedənlərdən az-çox alırıq, onu da bizə çox görür. Milçəklər bunu yeyib tərk eləsəydilər, canımız qurtarardı”.
Çapar artıq saraya çatmışdı. Onu sahib xəbər birbaş Əbih Sultanın yanına apardı. Çapar heç əl-üzünü də yumamışdı. Tər alnından axıb sifətindəki palçıqdan izlər açaraq aşağı gedirdi. Baş əydi. Sahib xəbər Əbih Sultana onun vacib xəbərlə gəldiyini demişdi.
– Hə, de görüm nə xəbərlə gəlmisən?!
Çaparın dodağı çatladı. Həmin çatdan al qırmızı qan axıb tərə, palçığa qarışdı. Bilirdi ki, Əbih Sultanın bəd xəbərdən xoşu gəlmir. Bir dəfə də çaparlardan birini belə bir xəbərin üstündə mal kimi şaqqalamışdı. Sahib xəbər əslində çaparın dediyini özü çatdırmalıydı, amma Əmir əl ümaranın bu xasiyyətinə görə öz yaxasını kənara çəkmək üçün çaparları dartıb saraya gətirirdi. Çünki son vaxtlar məmləkətin hər tərəfindən bəd xəbərlər alınırdı. Heç yaxşı xəbər gəlib çıxmırdı. Hər dəfə çapar gələndə, sahib xəbər elə bilirdi ki, o dünyaya gedib-gəlir.
Çaparın dili tutulmuşdu. Bir kəlmə danışa bilmirdi. Danışmaq istəyir, amma bacarmırdı. Desin, nə desin? Deməsə, aldatsa, onda işi lap pis olardı. Əmir əl ümara üzünü sahib xəbərə tutdu.
– Sənin bu çaparın laldı deyəsən.
– Yox, həzrəti əmir əl ümara, dili var, özünü itirib.
– Danış görək, nə xəbərlə gəlmisən?
Çapar özünü toplayıb danışdı, nə olar, olar:
– Mənə dedilər çatdırım ki, düşmən Təbrizin iki mənzilliyindədir.
– Düşmən? Hansı düşmən?
– Osmanlı qoşunu, əlahəzrət - çapar ikiqat əyildi.
– Çoxdu qoşun? Özün görmüsən?
– Bəli, əlahəzrət, qarışqanın sayı var, qoşunun sayı yoxdu.
– Sərkərdələri kimdi?
– Sərkərdələri, şahzadə Əhməd.
– Sən çaparxananın çaparısan?
Sahib xəbər nə qədər çapara baxıb işarə vermək istədi ki, “bəli” desin, amma çapar “yox” dedi. Mən Urmiyyə tərəfdə Səməndər xanın çaparıyam. O göndərdi - xəbər verim.
Əmir əl ümara Əbih Sultan əllərini əllərinə vurdu.
Silahlı fərraş içəri girdi.
– Sarayın fərraşbaşını buraya çağır.
O, “bəçeşm” deyib çıxdı. Bir azdan fərraşbaşı üç nəfər silahlı fərraşla içəri girdi. Əmir əl ümara Əbih Sultan xara kaftanını xışıldadaraq qolunu qaldırdı, şəhadət barmağını sahib xəbərə uzatdı.
– Zindana. Əllərinə qandal, ayaqlarına kündə vurun. Özüm gəlib haqqına divan çəkəcəyəm. Mənim sahib xəbərimə bax. Düşmən gəlib çıxıb Təbrizə, biz indi xəbər tuturuq. Satqın. Səni osmanlılar satın alıb. O aldığın qızılları əridib boğazına tökəcəyəm.
Sahib xəbər qılınca əl atmaq istədi, onun qollarını burub yerə yıxdılar. Qollarını arxada qatlayıb sarıyanda, o, sifətini yerdə xalçaya sürtə-sürtə birtəhər başını döndərdi və qışqırdı.
– Mən satılmamışam. Mənim heç nədən xəbərim yoxdu. Heç kimdən heç nə almamışam.
– Xəbərin yoxdu? Bəs necə sahib xəbərsən? Fərraş, bazardakı zərgərlərdən birini çağır, bütün dəmdəstgahını götürüb gəlsin.
Sahib xəbəri sürüyə-sürüyə apardılar. Çapar isə dodağının qanını nə qədər sildisə, quruda bilmədi.
Əmir əl ümara Əbih Sultan fikrə getmişdi. Ona Rüstəm Mirzə əmirlər əmiri rütbəsi vermişdi və sarayın bütün açar-kilidi onun əlindəydi, bütün məsələləri də özü həll eləyirdi. İndi qoşun gəlməyi xəbərini ona verməyə tələsmədi.
Osmanlı qoşunları heç vaxt Azərbaycan sərhədlərini keçib Təbrizə ayaq basmamışdı. Bəs birdən-birə bu nə yürüşdü?
Uzun Həsən vaxtilə Avropanın ən qüdrətli dövləti olan Venedikt cümhuriyyəti ilə sazişə girib Fateh Sultan Məhəmmədə meydan oxumağa başlamışdı. O, hətta yeznəsi Murad Mirzəni İstanbula elçi kimi göndərmiş, özünün Teymur xələfi olduğunu, yə’ni gündoğan türk padşahlarının hökmdarı kimi, osmanlıların Əmir Teymur oğlu Şahruxa verdikləri xəracı tələb etmişdi. Avropadakı fəthləri ilə məşğul olan fateh Sultan Məhəmməd daha bir çətinlik qarşısında qalmışdı. Münasibətlərin gərginləşməsi iki, qüdrətli türk dövləti arasında müharibəyə gətirib çıxarmışdı. Hərbi səfərə Uzun Həsən başlamışdı. O, Malatyada türk ordusunu məğlub etmişdi. Lakin ən böyük zəfər elə bununla da qurtarmışdı. O vaxt bütün Avropa dövlətlərini titrədən fateh Sultan Məhəmmədin çox yaxşı tə’lim görmüş, top və tüfənglə silahlanmış ordusu vardı. Uzun Həsən isə özünün süvarilərinə arxalanırdı və ordusunda bir dənə də olsun odlu silah yox idi. Belə silahla vuruşmağı özünə ar bilirdi. Ərzincan və Tircan arasındakı Otluqbelli düzündəki meydan müharibəsində yüz doxsan minlik osmanlı ordusunu görəndə heyrətə düşüb demişdi. “Qəhbə osmanoğlu gör nə dərya yaradıb?!” və bu kəlam geniş yayılmışdı. Həmin döyüşün sonu da Uzun Həsənin faciə ifadə edən bir kəlamı ilə nəticələnmişdi. Qaramanlılara arxalanıb fatehin üstünə gələn Uzun Həsən məğlub olub ordunun çox hissəsini itirəndən sonra üzünü qaramanlı Piri Əhməd bəyə tutub demişdi: “Bihəya Qaramanoğlu, görüm sənin xanədanın xaraba qalsın, mənim bədnamlığımın səbəbi sənsən. Osmanlılarla mənim nə işim vardı, axı?”.
Bu döyüşdən xeyli sonra Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasının üzünə ağ olub Şirazda qiyam qaldırmışdı. Atası onun üstünə qoşun yeritmiş, hələ qoşunlar üz-üzə gəlməmiş o, xəcalətindən baş götürüb qaçmışdı. Sonra anasını və ölkənin ən hörmətli adamlarını atasına minnətçi salmışdısa da, Uzun Həsən oğlu ilə barışmamış, o da baş götürüb İstanbula gedərək, atasının düşməni fateh Sultan Məhəmmədə sığınmışdı. Fateh onu böyük dəbdəbə ilə qarşılayaraq yeganə qızı Gövhərxan sultanı ona ərə vermiş, onu əvvəl bəylərbəyi, sonra isə “paşa” rütbəsinə qədər yüksəltmişdi.
Atasının taxtına göz dikən Uğurlu Məhəmməd üçün bu rütbələr çox kiçik paylar idi. O, Azərbaycan torpaqlarına qayıdıb vaxtilə sərkərdəlik məharəti (atasının ordusunda sağ cinah sərkərdəsi idi), qılınc gücünə qoruduğu torpağa basqınlar eləyir, talayır, çapır, geri dönürdü.
Atası çox güdəndən sonra belə basqınların birində onu əsir aldı, Təbrizə gətirib hamının gözü qabağında asdırdı.
İstanbulda isə onun fatehin qızından bir oğlu qalmışdı: Gödək Əhməd.
İndi Təbrizin yaxınlığında dayanan qoşunu Gödək Əhməd gətirmişdi. Uzun Həsənin taxtına Gödək Əhməd sahib durmağa gəlmişdi.
Əmir əl ümara başını qaldırdı və qarşısında hələ də dodağından qan axan, palçıq heykələ bənzəyən çaparı gördü:
– Sən hələ burdasan?
– Əmrinizə müntəzirəm, əlahəzrət.
O, xidmətçilərə göstəriş verdi ki, onu hamama aparsınlar, sonra yedirib içirsinlər və onun yanına gətirsinlər. Əlini atıb sandıqdan bir kisə pul çıxarıb ona atdı.
– Götür, halalın olsun. Atın varmı?
– At çatdadı, əlahəzrət.
– Atın da olacaq, yanıma gələrsən, səninlə işim olacaq. Çaparı aparandan sonra xəbər gəldi ki, bəs onun tapşırdığı zərgər bütün dəmdəstgahıyla hazırdı.
– Aparın sahib xəbər salınan zindana, mən də gəlirəm. – O sandıqdakı pul kisələrindən birini götürüb çin xarasından tikilmiş kaftanının cibinə qoydu, qalxıb “Səkkiz behişt” sarayının divanxanasına getdi. Oradan aşağı endi. Zərgərə yer düzəltdirdi, torbanın ağzını açıb qızılın yarısını onun əritmə qabına tökdü, yarısını özünə verdi.
– Ərit, – dedi.
Zərgər kiçik kürəsini işə saldı. Bir azdan qızıl pullar əriyib su kimi bir-birinə qarışdı. Əbih Sultan fərraşlara buyurdu ki, sahib xəbəri gətirsinlər. Qolları bağlı, ayaqları kündəli sahib xəbəri onun qabağında oturtdular.
– Boynunu geri qanırın bu satqının.
Sahib xəbər mal kimi böyürürdü. Söz deməyə imkan vermirdilər desin. O bağırır, gələcək əzabın verəcəyi ağrının qışqırıqları əvvəldən zindana yayılırdı.
Fərraşlar onun başını geri qanırıb, elə tutdular ki, ağzı yuxarıda dayansın, ərinmiş qızılı onun boğazına tökmək asan olsun.
– Ver bura görüm, – o özünü itirmiş zərgərə qışqırdı. Zərgər qızıl ərinmiş çömçəyə oxşar qabın qulpunu ona verdi. O özü götürüb sahib xəbərə yaxınlaşdı. Amma bədbəxt sahib xəbər artıq səsini kəsmişdi, dişlərini kilidləyib dodaqlarını yummuşdu. Fərraşbaşı dedi:
– Ağzını açmır.
– Eybi yoxdu, indi açar.
O, qabı əyib qızılı örtülü dodaqların üstündən tökəndə, o birdən bağırdı və ərinmiş qızılın hamısı onun boğazının yoluna axdı və o, bir neçə an çabalayıb boşaldı.
Əmir əl ümara Əbih Sultan qızıl ərinən qabı zərgərə qaytardı və dedi:
– Qayıt işinə, bazarda bu gördüyünü danış.
– Mənim nə işimə. Sarayın sözünü bazarda niyə danışım axı.
– Yox, mənə qulaq as, danış, de ki, kim öz taxtına xain çıxır, onun boğazına qızıl əridib tökürlər. Bir də onu de ki, qızılı hər adamın boğazına tökmürlər. Qara camaatın boğazına qurğuşun tökdürəcəm, o ucuz başa gələr.
– Baş üstə!
Fərraşlar qandalları açanda Əbih Sultan da heç bir şey olmamış kimi qayıdıb öz otağına getdi. O, çox qətllər eləmiş, çox qanlar tökmüşdü. Amma yadında qalan, yuxusuna girən iki ölüm vardı. Biri Aləmşahbəyimin ölümü idi ki, bu ölüm Əbih Sultanı alçaldıb heçə endirmişdi. Sanki zəhər içib onun cəngindən qurtarmaqla ona ölüm hökmü kəsmişdi, ikinci ölüm isə “A...a...a” deyə canını tapşıran İbrahimin qətliydi. Bu ölüm ona görə tez-tez yuxusuna girib onu diksindirirdi ki, onun da İbrahimə bənzəyən oğlu vardı. Bəzən dəhşətli yuxular görürdü. Görürdü Şeyx Heydər əlində kaman onun oğlunun yatdığı otağa girir və kamanın kirişini oğlunun boğazına söykəyib sıxır, uşağın gözləri çevrilir, rəngi qaralır, sonra kirişi çəkir, oğlu özünə gəlir, kirişi bir də sıxır. Hər kərə onu üç dəfə öldürüb ölümdən qaytarır, durub gedəndə deyir:
– Sən nə qədər sağsansa mən hər gün səni üç dəfə boğacam. Atanın intiqamını bundan başqa heç nə ilə almaq mümkün deyil.
Qalan qətllər isə onun heç yadına da düşmürdü. Həm də indi bir sahib xəbərə görə fikrini dağıtmayacaqdı ki...
Otağına döndü və Hüseyn Əlixaninin dalınca adam göndərdi. İki mənzili Gödək Əhmədin ordusu ən çoxu iki günə gələcəkdi. İki gündə isə ordu toplamaq, onun qabağına çıxmaq heç cür mümkün deyildi. Belə müharibəyə aylarla, illərlə hazırlıq tələb olunurdu. Təbriz çox mühasirəyə dözərdi, on beş, iyirmi gün. Ya Təbrizdən çıxıb qaçmaq, paytaxtı düşmənin ixtiyarına vermək, ya da ayrı bir çıxış yolu tapmaq lazım gəlirdi.
Rüstəm Mirzə taxta çıxandan eyş-işrətlə məşğul idi. Tac Rüstəm Mirzənin başındaydı, hakimiyyət, xəzinə, ordu, açar-kilid Əbih Sultanın. Onun kəsdiyi başın sorğu-sualı yox idi.
Hakimiyyəti əldə möhkəm saxlamaq üçün iti qılınclar lazımdı. Bu qılınclar isə ömrünü at belində keçirən Türkəmən (tərəkəmə) elatlarındaydı. O köçəri tayfaları, onların başçılarını əldə möhkəm saxlamaq lazım gəlirdi. Bunun üçün Rüstəm Mirzə əmirlərə, tayfa başçılarına syürqallar bağışlayırdı. Syürqallar - dağda yaylaq, aranda qışlaq idi. Birini razı salmaq üçün o birisini aradan çıxarmaq lazım gəlirdi. Çünki neçə ildi ki, heç yerdən bir qarış torpaq tutmaq mümkün olmamışdı. Ən yaxın qonşuları osmanlılar idi. Uzun Həsən öləndə vəsiyyət eləmişdi. “Osman oğulları ilə bir daha müharibə eləməyin”. Özü o müharibələrin acısını dadmış, başqalarının da özü kimi uduzmağını istəməmişdi, Ona görə də türklərdən torpaq qoparıb syürqal kimi bu əmirlərə paylamaq müşkül iş idi. Artıq tərəkəmə (türkəmən) əmirlərini syürqallar da razı salmırdı. Onlar kütləşən qılınclarını döyüşlərdə cilalamaq, loşlaşan atlarını diribaş eləmək, torpaqlar tutmaq, qənimətlər əldə etmək istəyirdilər.
Şəhər sənətkarlarının əksəriyyəti silah ustaları idi. Onların da bazarı bağlanmışdı. Bu kasadlıqdan can qurtarmaq üçün onlar da tərəkəmə əmirlərinin, bəylərinin səfərə çıxmaqlarına tərəfdar idi. Hamı ölkədə Rüstəm Mirzədən və onun əmirlər əmirindən narazı qalmışdı.
Çünki Rüstəm Mirzə Əbih Sultana hər şey – rütbə, ixtiyar, var-dövlət versə də, xalqa, tərəkəmə bəylərinə heç nə verməmişdi. Sarayın xərcləri də o qədər artmışdı ki, ölkədə yığılan qırx beş, qırx altı vergi belə onu ödəmirdi.
Əbih Sultan yenə “namaza” dayandı.
“Gödək Əhmədin qoşunu çoxdur, onun arxasında isə Bayazid dayanıb. O, Təbrizi çox asanlıqla alacaq, babasının səltənətində hökmdarlıq edəcək. Əvvəl Rüstəm Mirzənin başı vurulacaq, məni də ona qoşacaqlar. Bu çətin vəziyyətdən çıxış yolu tapmaq lazımdır.
Ey ulu tanrı, sən özün şahidsən ki, bu dünyada hər kəs öz canına dua eləyib, hərə hamıdan, lap öz övladlarından da qabaq öz dərdini çəkib. Mən də sənin köməyinlə özümə, nəslimə, övladlarıma çıxış yolu tapmalıyam. Mən Rüstəm Mirzəyə yox, o mənə borcludur. Onu taxta sənin köməyinlə mən çıxartmışam. Yoxsa hökmranlıq görməmiş e’dam ediləcəkdi. İndi ölsə hökmdar kimi öləcək. İndi onunla bir yerdə dar ağacına getmək istəmirəm. Mən əgər canımı qurtarıramsa, bu işdə məni günahkar görmə”.
Onun ağlına gəldi ki, yəqin ki, “Səkkiz behişt” sarayında tək o bu barədə fikirləşmir. Vəzir, vüzara, əmir-lər və sərkərdələr hamısı, bəlkə də bu saat Gödək Əhmədin tərəfinə keçmək üçün tədbir tökür. Onların arasında Rüstəm Mirzədən savayı onun qohumları da ola bilər. Vaxtilə Uğurlu Məhəmmədin asılmağına ürəkdən “əhsən” deyənlər indi nə qədər göz yaşı axıtdıqları zindanda gizlincə onunla görüşüb ürək-dirək verdikləri Uzun Həsənin hökmünü dəyişmək üçün nə qədər cəhd göstərdikləri barədə “nağıllar, əfsanələr” uydururlar.
Əbih Sultanı soyuq tər basdı. Öz gördüyü işə nə qədər peşman oldu birdən-birə. Axı o heç vaxt belə səhv addım atmazdı. Nə üçün o bədbəxt sahib xəbəri belə qəddarlıqla üstünə satqınlıq adı qoyub boğazına qızılları əridib tökdürdü. Onun ki, rüşvət aldığını sübuta yetirə bilməmişdi. İkincisi də lap o rüşvət alıb, qoşunun irəliləməyini xəbər verməyibsə, bunun üstündə boğazına qızıl əridib töküblərsə, həmin xəbəri də zərgər bazarda yayırsa, bu əhvalat onun öz əleyhinə hazırladığı ən böyük ittihamdı. Gödək Əhməd Təbrizə girən kimi saray əhli bunu əllərində dəstəvuz eləyib, Əbih Sultanı məşhər ayağına çəkəcəklər.
Nə qədər ki, onlar hərəkət eləməyib iş görmək lazımdır.
Bu vaxt sifətində saqqal bitməyən, əyninə monqol xalatı geymiş yaşlı bir kişi içəri girdi və onun qarşısında diz çökərək dedi:
– Ağam mənə muştuluq verəcək.
– Nə muştuluqdu o elə?
– İki muştuluq. – Barmaqlarını açdı, – iki muştuluq. Biri oğluna görə. Şahbikə xatunun oğlu oldu. İkincisi də sənə bir qız gətiriblər, bir qız gətiriblər, on dörd yaşında, öz əlimlə hamamda çimizdirdim, döşləri qızıl gül qönçələri, əllərimi gətirdim belinə, barmaqlarım bir-birinə çatdı, hələ bir az da artıq qaldı. – Sonra o, elə bil ki, əllərini onun belindən aşağı sürüşdürürdü. Qövs kimi tutduğu barmaqları getdikcə biri-birindən aralanırdı. Aralandıqca Əbih Sultanın gözünün qarşısında nazik belli qızın sağrısı canlanırdı. – Ah, ağa bir baldırları, bir baldırları var, Venedikt şüşəsi kimi parıldayır. Elə tarım dayanıb ki, elə bil partlayacaq. Sağ budunun üstündə bir xal var ki, Bağdad gecəsindən qaradır.
Əbih Sultanın bədənində bütün qanı oynağa getdi, kü-rəklərində o qanın şiddətini hiss elədi və xoşhallıqla gərnəşdi.
– Xacə, tez ol get o qızı hazırla, mən gəlirəm. Vaxtım çox azdı.
– Oğluna görə muştuluq vermirsən, ağa?
– Xacə, çərənləmə, mən bilmirəm başımı hara qoyum ki, canım salamat qalsın, sən deyirsən oğlun!
Xacə sırtıq bir gülüşlə hırıldadı.
– Başını qoyarsan o gözəlin qönçə məmələrinin üstünə.
– Get, əgər o nazənin sənəm xoşuma gəlsə, muştuluğun ikiqat olacaq.
Xacə sevinə-sevinə getdi. Bilirdi ki, Əbih Sultanın hərəmxanasında belə gözəl yoxdur və onun muştuluğu bol olacaq.
Xacə geri-geri, nazlı qızın yerişi ilə çıxanda birdən Əbih Sultanın yadına bayaqkı çapar düşdü və tez onu çağırtdırdı.
Çapar gələndə əvvəl onu tanımadı. Sir-sifətinin palçığı getmiş, o gözəlləşib qara saqqallı, qaragözlü, ağsifət bir adam olmuşdu.
– Mənə danışdığını heç kimə deməmisən?
– Yox, ağa.
– Onda get, səni aparsınlar, gözlərinin çimirini al, qaranlıq düşəndə sən mənə lazımsan. Bu barədə bir adama bir söz desən özündən küs. – Baş üstə.
– Yolları yaxşı tanıyırsanmı?
– Hansı?
– Gəldiyin yolları.
– Tanıyıram.
– Get.
Çaparı apardılar. O, qalxdı. Xacənin tə’riflədiyi qız gözlərinin qabağındaydı, ona görə də fürsəti əldən vermək fikri yoxdu. “Bilmək olmaz dünyanın işini, əlinə keçdi ye, qalsa düşmənə qismət olar, at tapdın min, yüyəni özgəsinə yetişər, var-dövlət gördün yığışdır, səndən başqa da həvəskarı çoxdur. Gözəl gördünsə, kefinlə məşğul ol, kamını al, yoxsa əğyarın ağuşuna girər”. Bu onun ömrü boyu izlədiyi, yerinə yetirdiyi məramı idi. “Bu həyat bir bazardı, orada ucuz alıb baha satmağı bacardınsa qazandın, bu dünya bir qadındır, onu sevməsən də ürəyini əlində saxlamalısan, o səni sevməli, o sənin dərdindən ölməlidir. Sən onun dalınca süründünsə, həmişə zəlil qalacaqsan”. Əbih Sultanın sevimli kəlamlarıydı bu kəlamlar.
O, otağından çıxıb hərəmxanaya tələsdiyi bir vaxtda, özü boyda, özü biçimdə Əmir Hüseyn Əlixanı ilə qarşılaşdı.
Salamlaşdılar. Bir xeyli də bir-birilərinin üzünə baxdılar. Hər ikisi də eyni məqsədi güdürdü. Qarşıdakının fikrini başa düşmək, onu öyrənmək. Gözlər bir-birinə dikilmişdi. Amma ən çox baxan, dəyanətli çıxan Əbih Sultan oldu. Əmir Hüseyn Əlixanı gözlərini çəkəndən sonra Əbih Sultan soruşdu:
– Nədi, sözlü adama oxşayırsan?
– Sahib xəbərin boğazına ərinmiş qızıl tökülməyini eşitdim, onun səbəbini öyrənməyə gəldim.
– Səbəbini bilmirsənmi?
– Bilirəm. Dedim görüm əmirlər əmri daha nə tədbir görür?
– Səltənətin sərkərdəsini axtarırdım. Düşmən qabağına çıxmağa qoşunu hazırdımı?
– Niyə?
– Qoşun saxlamağa xəzinə lazımdı. İki günə on min qoşun toplaya bilərəm. Ondan artığına gücüm çatmaz.
– Yaxşı, get tədbirlərini tök, məsləhətləşək.
Bu boş söhbət onların hər ikisinin də bir-birilərindən canını qurtardı. Nə Əbih Sultan qoşun yığmaq həvəsindəydi, nə də Əmir Hüseyn Əlixanı. Əbih Sultan hərəmxanaya gedirdi. Əmir Əlixanı isə var-dövlətini yerləşdirmək, bundan başqa da rustaqlarda qoşun yığmaq adı ilə xəzinəni boşaldıb aparmaq fikrindəydi.
Hərəmxananın haylı-küylü, xanım gülüşü, qeybəti, söyüşü və nifrini ilə dolu xanələrindən əlavə elə otağı da vardı ki, oradan heç yerə səs çıxmazdı. Əbih Sultan da həmin otağa girdi. Onun gəlişindən xəbər tutan hərəmlər də hərəsi bir tərəfə dağıldı. Hər biri öz otağına girib onun yolunu gözləyə-gözləyə özünə əlavə bəzək-düzək verməyə başladı. Amma bu saat onun yadına o xatunların heç biri düşmürdü. Heç təzə dünyaya gələn oğlunu da yadına salmadı. Çünki buradakı xatunların çoxusu hamiləydi və qarınları burunlarında olanlar da vardı. Uşaqlar doğulurdu, böyüyürdü, ölürdü. Onların hamısını sevməyə, oxşamağa, onlarla vaxt keçirməyə də imkan və həvəs yox idi.
Xacə hərəmxanaya təzəcə gətirdikləri xumargözlü, xurmayısaçlı gözəli hovuzda təzədən çimizdirir, gülab-layırdı. Qız əvvəl ondan utanmışdı. Sonra yengələr onu başa salmışdılar ki, xacə kişi deyil, onların hər biri kimidi, utanmasın, çünki həmin işin sahibi xacədir.
Otaqda yataq hazırlamışdılar. Əbih Sultan soyundu. Xacə də onun gəldiyindən xəbər tutmuşdu. İsti sudan çıxarıb gülabladığı, saçlarını ətirlədiyi qızı ipək örpəyə bürüyüb qolları üstündə buğlana-buğlana ağasının hüzuruna gətirdi. Bəli, bu ağ, təravətli, gözəl bədəndən buxar qalxırdı, gözəllik saçılırdı, qızılgül ətrinin iyi yayılırdı.
– Buyur, mənim ağam.
Əbih Sultan qızı ondan alıb öz qolları üstünə götürdü: “Allah, necə gözəl məxluq yaratmısan, sənin qüdrətinə inanmayan kor olsun”. Qollarını yuxarı qaldırdı, ürkək, ürkək baxan iri xumar gözlərindən öpdü. Xacə geri gedib qapıda dayandı. Qız səsi ilə dedi:
– Ağa, lazım olsam, məni çağırın.
– Xacə, getmə. Yaxına gəl və gör pələng öz ovunu necə parçalayır. Ey bədbəxt. Dayan, gör kişilik dünyada necə böyük ne’mətdir!
Həmişə üzündə gülüş donub qalan xacə bu dəfə də eyni təbəssümlə baxdı və gördü ki, əlləri üstündə gətirdiyi gül ləçəkləri kimi təravətli gözəlin başına nə oyun gəlir və o necə solur. Sifəti dəyişdi. Özünün bədbəxtliyi tam şəkildə gözləri önünə gəldi və hər şeyə, hamıya nifrət eləməyə başladı.
Əmir Əlixanını çadıra gətirdilər. O, tə'zim etmək üçün nə qədər əyildisə, yenə də Gödək Əhməddən hündürdə qaldı. Böyük bir qoşunun başında gələn, Uzun Həsən və fateh Sultan Məhəmməd kimi babası olan Gödək Əhməd boydan çox mağmun idi. Bər-bəzəkli, daş-qaşlı, libas geyib, belinə qara dəstəyi üstündə almaslar parıldayan xəncər taxmış şahzadə sifətdən yaşlı görünsə də, o yeddi-səkkiz yaşlı uşaq boyda idi.Onun şəvə kimi qara saqqalı, balaca qolları, lap xırda barmaqları vardı. Gödək Əhməd bu boy-buxunla çox təşəxxüslü dayanmışdı.
Əmir Əlixanı Əbih Sultandan ayrılandan sonra qaran-lığın düşməsini gözləmişdi. Çünki onun ordu toplamaq bəhanəsiylə əmir əl ümaradan xəzinədə qalan var-dövləti qoparmaq niyyəti baş tutmadığından o qaranlığın qovuş-masını görüb yaxın adamları ilə bərabər atını Gödək Əh-mədin düşərgəsinə sürmüşdü. Əmir Hüseyn Əlixanı Uğurlu Məhəmmədin Təbrizdəki qızı ilə evlənmişdi və qohumluq əlaqəsinə gələndə o təzə şahzadənin damadı-kürəkəni, Şahzadə isə onun qaynı düşürdü. Amma ilk görüşdən sonra o bir az sarsıldı. Çünki Gödək Əhməd Uzun Həsənin heç bir ayağı boyda deyildi. Bəs onun Təbriz sarayındakı taxtına, o taxta ki, ondan sonra gələn üç hökmdarın üçü də oturmuşdu, o necə əyləşəcəkdi. Ya gərək onun ayağı altına nəsə qoyub hündürə qaldıraydılar, ya da taxtın ayaqların kəsəydilər. Lap o taxtda otursa belə körpə uşaq kimi ayaqları sallanacaqdı və saraydakıların hamısını gülmək tutacaqdı.
Gödək Əhmədin təkcə başı böyük idi. Əmir Əlixanıya elə gəldi ki, başına qoyduğu çalma-tac belə göstərir.
– Əlahəzrət, sənin bu gəlişin hamımızın ürəyindəndi. Atan Uğurlu Məhəmmədin qohumları Allahdan çox razı qalıb. Çox şükür bu günə.
– Sen nesin?
– Mən atan Uğurlu Məhəmmədin qızının, bacının əri, Ağqoyunlu qoşununun sərkərdəsi Əmir Hüseyn Əlixanı! Axı biz qohumuq. Sənin gəlməyin bizim üçün çox xoşdu. Rüstəm Mirzədən hökmdar, sultan olmaz.
– Rüstəm Mirzədən sultan bulmaz. Nasıl onu benim hüzuruma neql etmedin.
Əmir Əlixanı, bu “nəql etmədin” sözünü başa düşmədi və ona elə gəldi ki, Rüstəm Mirzənin vəziyyətini nə üçün danışmayıb, ona nağıl eləməyib.
– Rüstəm Mirzə, əlahəzrət, Təbrizdə yoxdu. Uçan yaylasındadır. Sənin gəlməyindən də xəbər tutmayıb.
Bu vaxt pişxidmət çadıra girib xəbər verdi ki, bəs Təbriz taxtının əmirlər əmiri Əbih Sultan Gödək Əhmədin ayağının torpağını öpməyə gəlib”.
“Ay tülkü köpəyoğlu, hamıya özünü elə göstərir ki, guya bu Rüstəm Mirzənin ən yaxın adamıdı, heç kimə satılmaz. Məndən də qabaq özünü yetirib, torpaq öpməyə gəlib.
Pişxidmət çıxan kimi Əmir Əlixanı Gödək Əhmədə üz çevirdi:
– Əlahəzrət əmir və ümara Əbih Sultan təhlükəli və qorxulu adamdı. Onun xoş dilinə aldanmayın. O neçə hökmdarın qılığına girib, hamısını da yıxıb. Öz canının hayına qalıb, səni də öz tərəfinə çəkmək istəyir.
Onun danışığı Gödək Əhmədin xoşuna gəlmədi. Bərkdən ona qışqırdı.
– Yahu, bənə ağılmı öyrədirsən, qafasız pəzəvəng.
Əmir Əlixanı başa düşdü ki, Gödək Əhməd atasının qohumlarını heç adam hesab eləmir, onun əsl babası Uzun Həsən yox, fateh Məhəmməddir. Başqa cür ola da bilməzdi. Fateh Məhəmmədin qızı İstanbul sarayındakı oğlunu yalnız öz əqidəsinin mücəssəməsi kimi böyütmüş, onda ana babasına məhəbbət, ata babasına nifrət oyatmışdı. Doğma atasını dar ağacından asan babası Uzun Həsən onun üçün qohum yox, düşmən idi. Bəlkə də nifrət onu ana bətnində belə kiçik eləmişdi ki, heç boy-buxunda da ata babasına oxşamasın. İndi Əmir Əlixanının ağlına gəldi ki, o buraya dost kimi yox, düşmən kimi gəlib. Bəlkə də gəlib ki, intiqam alsın, atasının heyfini çıxsın. Bu fikirdən sonra o süstləşdi.
Gödək Əhməd göstəriş verdi ki, onu aparsınlar və xüsusi göstəriş olana qədər saxlasınlar.
Çadıra çatanda üzündən rübəndini götürən adam əmir əl ümara Əbih Sultan idi. O, gecənin qaranlığına bürünüb gəlmişdi ki, heç kimin xəbəri olmasın. Çadıra girən kimi çil-çıraqlarda yanan şamların işığında gözləri axtarıb Gödək Əhmədi tapdı. Görən kimi gözü onu aldı, ona elə gəldi ki, bu uşağı barmağına sap kimi sağa da dolayar, sola da. Amma hələlik onun e’timadını qazanmaq lazımdır. Çadırın ağzında dizləri üstə düşdü. Sürünə-sürünə getdi. Gödək Əhməd geri çəkildi və Əbih Sultan indicə onun dayandığı yerdə xalçanın xovunu, gündüz xacənin gətirdiyi qızın yanaqları və dodaqları kimi öpməyə başladı.
– Ey ulu fateh Sultan Məhəmmədin üstümüzə düşən əql kölgəsi. Ey Həsən padşahın viran qalmış yurdunun sahibi. Böyük hökmdar. Allahın gərdişinə görə gün məşriqdən doğur. Mənim təzə günəşim məğribdən parlayıb. Ağqoyunlu taxtına sənin kimi həşəmətli, müdrik, kamal dəryası lazım idi. Ölkə dağılıb əldən gedirdi. Axır ki, əsl sahib gəlib çıxdı.
O boyda bədən bu balaca məxluqun qarşısında heçə çevrilmiş, kiçilib siçan boyda olmuşdu.
Gödək Əhməd onu dinlədi, dinmədi və kiçik əllərini bir-birinə vurdu. Çap! Pişxidmətlər hazır oldular.
– Cəllad! – deyə Gödək Əhməd qışqırdı.
Əbih Sultan bu sözləri eşidəndə onun dizləri və əlləri yerdə idi. Birdən onun çiynini, başını göydə saxlayan qolları boşaldı. Onun sifəti xalçanın üstünə gəldi. Tez-tez nəfəs aldı, boğazına toz doldu və onu öskürək tutdu. Yumruğunu dodağına söykədi.
Bir anda cəllad hazır oldu. Bu cəllad qırmızı libas geyinmiş, qara tüklü qolları açıq, nəhəng, iri bir məxluq idi. Belində qılınc yox idi. Silahı kordadan ibarətdi ki, qaldırıb çiyninə qoymuşdu.
Gödək Əhməd ayağını gətirib Əbih Sultanın papağı düşmüş daz başına basdı. Cəllada işarə verdi ki, kordanı onun damarları səyriyən boynuna söykəsin. Kordanın ağzı onun boynunun dərisində, fəqərə sümüyü üstündə hiss olunandan sonra Gödək Əhməd dedi:
– Bana Rüstəm Mirzənin kafasını gətiriyorsanmı? Boş klemeler çerenlemeyin heç bir faydası yok. Bana Rüstəm Mirzənin kafası gerekdir.
– Mən elə bundan ötəri gəlmişəm, əlahəzrət.
Gödək Əhməd cəllada işarə verdi, əvvəl kordanın ağır və soyuq ağzı onun boynundan qalxdı. Gələcək hökmdarın qara xəncəri qında şaqqıldadı, addım səsləri uzaqlaşdı, çadırın qapısı xışıldadı. Demək cəllad çıxıb getdi. Əbih Sultanın üstündən yük götürüldü, onu basan soyuq ölüm təri də deyəsən qurudu, alnında, gicgahlarında isti tər damlaları əmələ gəldi və ondan elə tər açıldı ki, qaşlarından axıb burnunun ucundan xalçanın üstünə damcılamağa başladı. Ölümün nə olduğunu indi başa düşdü və öldürdüklərinin bu hissləri keçirdiyi bir an fikrindən ötdü. Heyfsilənmədi. Yox, əksinə qürur hissi keçirdi. Fikirləşdi: “Mən bir dəfə ölüm hissi keçirmişəm, amma gör onun əvəzində neçələrini belə vəziyyətə salmışam. Demək, hələ ölməmiş intiqamımı yüz qat almışam”.
– Kalx, kafasız.
Bu söz ona ən xoş, mahəbbətlə söylənən söz tə’siri bağışladı. Qalxdı. Diz üstə dayanıb Allaha əllərini uzadırmış kimi dedi:
– Əlahəzrət, tanrı sənə istədiyin qədər ömür versin. Biz daha bezmişik. Sənin kimi zabitəli hökmdardan ötəri darıxmışıq. Ömrümün axırına qədər qarşında beləcə qul olacağam. Sənin mübarək qədəmlərinin Təbriz civarına toxunmağından Rüstəm Mirzəni bixəbər qoymaq üçün çox çalışmışam. Amma ona xəbər çatdırsalar da, mən onu sənə təslim eləyərəm.
– Özünü yox, yavrum, kafasını.
Əbih Sultan əlini gözləri üstə qoydu.
– Başım, bir də bu gözlərim üstə.
İsmayıl mamırlı bir qayanın üstündə oturub baxırdı. Aşağıda çay zümzümə ilə axırdı. Yuxarıdakı dağların başını isə duman örtmüşdü. Bu çay o zirvələrdən başlayırdı. Dərin dərələrdən keçir, burada aydınlığa çıxır, bir az o tərəfdə yenə də dumana qarışırdı. Qəribədir, onun başı üstündə aydınlıq idi. Ətrafına boylandı, hər tərəf eyni məsafədə görünürdü. İsmayıl dəyirmi aydınlığın içərisində idi. Onun keçmişinə və taleyinə yaman oxşayırdı bu aydınlıq. Çayın zümzüməsi yadına bədbəxt Səkinənin çaldığı sazı salırdı. O da bu çay səsi kimi duru və aydın idi. Düzdü, saz eyni havanı yox, onlarla havanı çalırdı. Amma çayın çaldığı bir hava olsa da, günləri burada keçən İsmayılı yormurdu. Bir də onun yadında Səkinənin söylədiyi şe’r qalmışdı:
Getdin gördün quzu,
Neyləyirsən istiot, duzu
Ye, qalsın quru buynuzu.
Getdin gördün qoyun
Neynəyirsən oyun-moyun,
Ye, qalsın quruca boyun.
“Bu canavar şe’ridir. Özü deyir ki, səni aldadırlarsa, bir daha elə sözlərə inanma. Yırtıcı canavarı quzu da aldadıb, qoyun da. Demək vəhşilərin özündə də zəiflərə, zəriflərə inanmaq olub. Belə olmasa, nə quzu yaşayardı, nə də qurd. Bu nağılı, bu şe’ri düşünən, qoşan da hamıya inanıb. İnanıb ki, onun da dediklərinə inanacaqlar, bu sözlərdən xoşları gələcək”.
Birdən İsmayılın da ağlına gəldi ki, elə buna oxşar şe’r yazsın. Elə şe’r ki, ona da inansınlar, bu şe’r kimi yadlarında saxlasınlar.
Biyəpişə düşəndən Lələ, Mirzə Əli ona kamil savad verməyə çalışır və onun bu sahədəki bacarığına heyran qalırdılar. Əvvəlcə ona Qur’anı oxutmaq istədilər. O isə Qur’andan sonra, Qur’anın izahı üçün yazılmış qalaq-qalaq kitablar oxudu. Ona sufiliyi başa saldılar, o, hürufiliyi də öyrəndi. Həlac Mənsurun, Nəsiminin üsyankar şe’rlərini də tapdırıb oxudu. İsmayıla səfəvilərin tarixini danışdılar, o Adəmdən bəri yaranan tarixlərə baş vurdu. Vaxtilə Sə’di “Gülüstan”ı onun babasına hədiyyə kimi bağışlayanda götürməmişdi. İndi o, “Gülüstan”ı və “Bustan”ı oxudu. Nizaminin “Xəmsə”sinə heyran qaldı. Firdovsinin “Şahnamə”sini su kimi içdi.
Bir gün Lələ ilə onun belə bir söhbəti oldu:
– Bir qarın çörəyə möhtac olan şair xəzinələr üstündə oturan hökmdarlardan çox yaşayır. Bunun sirri nədədir?
Lələ görürdü ki, onun elmə, şe’rə, sənətə həvəsi o qədər böyükdür ki, səfəvilərin hakimiyyət, səltənət qurmaq əqidəsinə xor baxa bilər, ona görə də həmişə onu bu fikirlərdən uzaqlaşdırmağa çalışırdı.
– Hökmdarlar tarixin özünü yaradır, şairlər isə onların gördüyü işləri qələmə alır. Görürsən bir var hökmdar, bir də onun mirzələri. Onun dilindən çıxan sözləri yazanlar. Onların hansı daha şərafətlidir?
– Yox, Lələ, – deyə o razılaşmayıb bu fikrini izah eləməyə başlamışdı. – Nizami mirzə deyil. O hökmdarlardan çox vaxt yüksəkdə dayanır. Onlara ağıl verir. Soltan Səncər yadındadır? Bəs bu hökmdarlar nə üçün belə daşürəkli olurlar? Özləri kef içində yaşayır, ətrafdakı adamların dərdini görmürlər. Demək yenə də şair o hökmdardan insaflıdır. Dərdliyə kömək eləmək üçün heç nəyə gümanı gəlmir, heç olmasa yazdıqlarında bunu göstərir.
Lələ təslim olurdu. Bircə söz deyirdi:
– Sən hökmdar olanda hamının dərdinə yanarsan, şair kimi.
İsmayıl boyda böyümüşdü. Artıq on üç yaşına qədəm qoysa da nisbətən yaşlı görünürdü. Görənləri onun gözləri heyrətdə qoyurdu. Bu gözlərdəki ağıl, itilik, parlaqlıq. Hər baxan elə bil onun beləcə duru və saf uşaq ürəyini görürdü.
Mirzə Əli həmişə Lələyə deyirdi:
– İsmayılın gözlərindən muğayat olun. O gözlər mürşüdümüzün böyük gələcəyindəən xəbər verir.
Gözlər də ağıllı, idraklı adamlara, varislərə, vəliəhdlərə bir bəla olmuşdu. Oğul atanın, qardaş qardaşın gözlərinə odda qızardılmış mil çəkirdi, dünya işığına həsrət qoyurdu. Göz yoxdursa, artıq hər şey bitirdi. Qarşıdakının səsindən artıq onun qəlbini oxuya bilmirdi. Həyatın bu gözəl ne’mətindən məhrum olan ən insanpərvər hökmdar isə paxıllıq hissinə qapılıb kimə acığı tuturdusa, onun gözlərinə mil çəkdirirdi.
Lələ nəinki İsmayılın gözlərini, onun özünü öz bəbəklərindən də möhkəm, e’tibarla qoruyub saxlayırdı. Cibo Səfər onların ev işlərini görür, odun yarır, su gətirir, Salmanla başqa beş mürid silahlanıb beş-on evlik kəndin ətrafında keşik çəkir, İsmayılı bir an olsun, gözdən qoymurdular. Mirzə Əli də vaxt tapan kimi atına minib onlarla görüşməyə gəlirdi. Günlərlə o Lələ ilə, İsmayılla oturub söhbət eləyirdi.
İsmayılın iti gözləri indi təbiətin gözəlliyinə dikilmişdi. Bu gözəllik onu hər dərddən, kədərdən ayırmışdı. İndi isə onun ürəyi yaman dolmuşdu. Ya ağlayıb ürəyini boşaltmalı, ya da bu dolmuş ürəyi nə iləsə sərinlətməliydi. Birdən-birə onun dilində misralar yaranmağa başladı.
Gövhərin getməyən yerdə
Satma qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma qardaş, kərəm eylə
Bir neçə dəfə çox asanlıqla yaranmış bu bəndi oxudu, təkrar elədi ki, yadından çıxmasın. Çünki bu onun ilk şe’riydi. Təbiətə, dünyaya, insanlara münasibətiydi. O, hətta çay daşını lə’lə qarışdıranları kərəm eləməyə çağırırdı:
Gördün bir yerdə aşina,
Hər nə dersən, öz başına.
Yol daşını yol quşuna,
Atma qardaş, kərəm eylə.
Görəsən bu misraları fikirləşəndə kimi nəzərində tutmuşdu, kimə ithaf eləyirdi. Yox, heç onun özünə də mə’lum deyildi. Elə belə, adamlara. Biri-birini asan, satan, zəhərləyən, ölkələrin yolunu kəsən, minlərlə adamın əllərinə silah verib biri-birinin üstünə salışdıran, insan qanını su kimi axıdanlaramı deyirdi. Yox, hələlik bir o idi, bir də təbiət. Təbiət ona təmiz hisslər aşılamışdı, o da həmin hissləri şe’r şəklində geri qaytarırdı.
Lələ qayalıqlardan xeyli kəklikotu yığmışdı. Ətri adamı məst edən kəklikotu kolları arasında çoxlu kəklik yuvaları və xırda-xırda, rəngli, daşlara oxşayan çil kəklik yumurtaları vardı. Qayalıqlarda isə kəkliklər oxuyurdu: “Qaqqba, qaqqba...”
O hansı kola yaxınlaşırdısa, elə dayanırdı ki, oradan İsmayılı görsün. Bu dəfə isə onu çox qəribə bir halda, sevinən, şad gördü. Son vaxtlara qədər onu sevinib-gülən görməmişdi. Torbanı qayanın üstündə qoyub, ayağını daşların çatına ilişdirərək yuxarı qalxdı və İsmayılın yanında oturdu. Ovuclarında ilişib qalan daşxınasını çırpıb tökdü.
– Şükür, kefini kök, damağını çağ görürəm.
– Lələ, yaxşı ki, gəldin. Mənə həmişə deyirsən ki, hökmdarlığa gedən yolu tut. İndi mən bir sənətin açarını ələ keçirməyə başlamışam.
– O hansı ölkədi, mürşüdüm? – Lələ təəccüblə soruşdu.
– Şe’r ölkəsinin, Lələ. Qulaq as, gör necə şe’rdi.
Gördün bir yerdə aşina,
Hər nə dersən, öz başına.
Yol daşını yol quşuna,
Atma qardaş, Kərəm eylə.
– Çox lətif şe’rdi, mürşüdüm. Şairlik iste’dadına söz ola bilməz. Bu Allah vergisidi. Hər şəxsə qismət olan xoşbəxtlik deyil. – Lələ artıq görürdü ki, İsmayılı bu yoldan döndərmək olmaz. Burada da özünün düz saldığı yola istiqamətləndirməyə çalışdı. Onun qayğılarından biri də artmışdı. – Amma bizim şairlərimizin çoxusu ərəb və fars dillərində yazıb. Türk dilində də şe’r...
– Bəs Nəsimi? – deyə İsmayıl Lələnin sözlərinə üsyanla cavab verdi. – Babam Şeyx Səfiyyəddinin qoyduğu yol-ərkan bu türk tayfalarını birləşdirib bir eləmək üçün deyilmi? Nə üçün onların dilində şe’r yazılmasın? Tale üzümüzə gülsə əcəl imkan versə, “əcəl imkan versə” kəlməsi bu körpə uşağın dilindən çıxırdı. Bəli, on üç yaşında yeniyetmə də, bu gündən sabaha çıxmağa ümid eləmir.
Lələ dedi:
– Mürşüdüm, səltənətə gedən yol cinlər, şəyatinlər, divlərlə doludur. Onların hamısı qılıncdan keçirilməsə, heç yerə gedib çıxmaq olmaz. İndi mən bilmək istəyirəm ki, şe’rlə qılınc bir ürəyə sığışacaqmı? Yol daşını yol quşuna atmaq istəməyən şəxs o yolu necə təmizləyə bilər?
İsmayıl bu sözün dərinliyinə getdi. Onun üçün ən müqəddəs vəzifə doğrudan da atasının, babalarının yolunu davam etdirmək, onların məqsədlərini həyata keçirmək idi. Necə ki, bu yolda Sultanəli getdi, İbrahim getdi. Anası, dünyalardan çox sevdiyi Aləmşahbəyim getdi. Əgər o, öz yaxasını kənara çəksə, bu yoldan qorxsa, bütün müridlərin də gözündən düşər. Nəsildə ən qorxaq adama çevrilər. Yox, o bu yoldan çəkinməyəcək və nəslin istəklərini həyata keçirəcək. Bu yolda bütün yaxın qohum-qardaşları kimi ölmək də onun üçün çox xoşdur. Bu fikir, əqidə onun qəlbində elə möhkəm kök salmışdı ki, onu oradan heç nə çıxara bilməzdi. Bütün bunlarla bərabər ona şairlik də vergi kimi verilibsə nə üçün tanrının bu hədiyyəsini də məhəbbətlə qəbul etməsin. Düzdür, Səfiyyəddin nəslində şair yetişməmişdi və onun özü böyük Sədi ilə dostluq eləmək belə istəməmişdi. Dini işləri dünyəvi işlərdən yüksək tutmuşdu. O ki qaldı qılıncla şe’rin birliyinə... “Şahnamə”də yüzlərlə başlar kəsilmirmi? Rüstəmi Zal nə qədər qanlar axıdır. Şair isə onu əfv eləyir. Çünki Rüstəm öz doğma torpağının azadlığı üçün vuruşurdu.
– Lələ, atamın qatili Fərrux Yasarla, anamın, qardaşlarımın qatili Əbih Sultanla qılıncdan başqa daha nə ilə danışmaq olar?!
– Düzdür. Amma Fərrux Yasar tək deyil, onun ordusu var. Bu ordunun döyüşçüləri atanın qətlində iştirak etməyib. Ona görə də qarşında günahları yoxdur. Bəs onlarla necə?
– Demək düşmənimin tərəfindədilər.
– Doğrudur. Amma yenə deyirəm ki, şe’r ürək yumşaldır. Amma yumşaq ürəklə bu qədər böyük, möhkəm divarları yıxa bilmərik.
– Nizami yaxşı deyir:
Əlində yumşalsa dəmir, bunu bil.
Hörmətlə yumşalar, nifrətlə deyil.
Gödək Əhmədin çadırından çıxandan sonra Əbih Sultan atının başını buraxmışdı. Fikirləri də atı kimi baş götürüb gedirdi. Bu balacaboy Əhməddə nə boyda hikkə varmış. Belə hikkənin sahibi padşah da olar, o yana da keçər. Deyir balacaboy adamın könlündən gündə üç dəfə Allahlıq iddiası keçir. O nəinki şah, sultan, belə getsə Teymurləng kimi dünyanın yarısına sahib çıxacaq. Mənim ki başıma o oyunu açdı, gör indi özgələrini nə hala salır. Beləsinin itaətindən çıxmaq da çox müşgül işdi. Hamını qoz qabığında saxlayacaq. İstədiyimizi, ürəyimizdən keçəni eləyə bilməyəcəyik. Eləyərik – deyə o özünə ürək-dirək verdi və fikirləşdi ki, ona inansın, e’tibar eləsin. Həmin e’tibarın da bir nişanəsi vardı. Həmin nişanə də Rüstəm Mirzənin o gözəl sifətli, iri gözlü, qırmızı peysərli, amma ağılsız başıdır ki, heç Əbih Sultan üçün bu an bir qara qəpik qədər də qiyməti yoxdu. Vaxtilə Rüstəm Mirzə onun dəniz üstündə dayanması üçün saman çöpü vəzifəsini görmüşdü, sonra onu saman çöpündən sala, saldan gəmiyə çevirmişdi. Külək hardan əsirdisə həmin gəminin yelkənlərini həmin istiqamətə döndərirdi. Həmin gəmini özü sürürdü. Hazırda gəmi qayalığa yaxınlaşıb daşlara toxunacaq və ondan heç nə qalmayacaq. O isə yenə də yaşamalı, saman çöpü tapmalı, onu qayığa, sala, gəmiyə çevirməlidir. Belə tezlikdə o can versəydi, nə Əbih Sultan olardı, nə də Əmir İbrahim. Bəli, onun üç adı vardı. Üç adla min cildə girməyi bacardığına görə heç nədən, heç kimdən, heç bir vəziyyətdən qorxmurdu. İndi imtahanını verib ən çətin vəziyyətdən çıxmışdı. Gələcəyi üçün verəcəyi başlığın dalınca gedirdi. Rüstəm Mirzənin hələlik bədən üstündə gəzən, baxan, danışan, gülən, öz səltənəti üçün qayğı çəkən, ən yaxın adamlarından e’tibar, kömək, sədaqət gözləyən başının dalınca.
O, ulduzlara baxdı. Qaranlıq gecə idi, ay doğmamışdı. Ulduzlar isə elə parlaq, elə aydın, yerə elə yaxın görünürdü ki, o, özünə bir ulduz seçmişdi. Ona münəccimlər Mərrix[3] ulduzu deyirdilər. Bu ulduz soyuq deyildi, onda qırmızı rəng vardı və bütün münəccimlər ondan qorxurdular. Hökmdarlara hərbi səfər üçün gün seçəndə çalışırdılar elə gün seçsinlər ki, həmin gün Mərrix ulduzu göy qübbəsində görünməsin. Görünəndə də elə zəif, elə uzaq görünsün ki, yerdəki hadisələrə, buradakı adamların, müharibələrin, xoşbəxtlik və səadətin işinə qarışmağa gücü çatmasın. Amma Əbih Sultanın ən çox xoşu gəldiyi ulduz, səyyarə o idi və onu özünə ulduz seçmişdi. Axı hamı elə bilirdi ki, göydə onun bir ulduzu var. O ulduz sönəndə həmin adam da yox olur, yaxud insan öləndə onun ulduzu da sönür. Əbih Sultan bilirdi ki, nə qədər insan yaşayıbsa, Mərrix ulduzu da işıq saçıb. O özü də bu fikirdəydi ki, Mərrix ulduzu elə onun öz ulduzudur. Onun kimi, həmin ulduzda bütün vəziyyətlərdən baş çıxarır, heç vaxt sönmür, süzüb göy üzündə odlu ox kimi iz salmır. O pislik, bədniyyətlik, müharibə, qan-qada gətirdiyi üçün ömrü belə uzundur. Yaxşı işlər görsəydi, insanlara xoşbəxtlik, səadət, əmin-amanlıq gətirsəydi ömrü uzun olmazdı, tez sönüb gedərdi. Əbih Sultana görə pisliyin, qan tökməyin, ev yıxmağın, hökmdar taxtını başına çevirmək kimi keyfiyyətləri özündə əks etdirənlərin də ömrü uzun olur.
Yaxşı adamlar kimdi? Heç kəsə pislik eləməyən, ümidsizə ümid verən, hamıya xoşbəxtlik gətirməyə çalışan. Axı bütün bunlar bir adamın gücündən kənardadır. Tutaq ki, belələri özlərini də yaddan çıxardılar. Nə olsun, onların əlindən nə gələcək ki. Başqaları üçün ağlayanın gözü kor olacaq. Belələri aciz olur, qılınıc çalmağa qolları qalxmır. Ona görə də qılınc həmişəlik onların öz başına enir. Belələrinin ulduzu tez sönür, həmişə də işığı az olur.
Əbih Sultan ulduzlar arasında özünün parlaq, qırmızı ulduzunu görürdu. O lap yuxarı qalxmışdı və bütün ulduzlardan parlaq və gözəl görünürdü. O, bir an atını saxladı, başını qaldırıb ulduzuna baxdı. Sonra fikirləşdi. Təbrizəmi qayıtmalıdır? Yox. Təbrizdəki işlərini görüb. Birbaşa Rüstəm Mirzənin yanına, Uçan yaylasına getməlidir. Amma tək getməməlidir. Burada onun yolunun üstündə Qasım bəy Pərnakın kəndi, torpağı vardı. Yaxşısı budur onun yanına dönsün. Onu özünə qoşsun.
Bu Həmin Qasım bəy idi ki, dartıb dananın irtməyini çıxarırdı və bunu özünə ən böyük şərəf sanırdı. Əbih Sultanın belə adamlardan xoşu gəlirdi. Ona görə ki, belə səfeh adamları istədiyi yerə ölümə göndərə bilirdi. Bir dəfə onun rütbəsini də artırmaq istəmişdi. Buna görə Biyəpişə – İsmayılın dalınca göndərmişdi, o isə yarıda bilməmişdi, əmirlik rütbəsini da qazanmağı bacarmamışdı. İndi bəlkə onu bu şərəfə çatdırmağa cəhd göstərə və öz əsas məqsədinə çata.
O, atını döndərib Qasım bəy Pərnakın malikanəsi olan kəndə sürdü. Əbih Sultan burada bir neçə dəfə olmuşdu, hamısında da ova gəlmişdi. Ovdan qabaq Qasım bəyin igidliklərinə baxmışdı.
Malikanədə onun gəlişini xəbər verəndə Qasım bəy on iki hərəmindən axşamdan bəri altısının yanında olmuşdu və səhərə qədər hamısının könlünü xoş eləmək niyyətindəydi, O, gecələri yatmır, gündüzlər isə o qədər yatırdı ki, gözlərinin altı tuluqlayırdı. Bir növ gecə onun üçün gündüzə, gündüz isə gecəyə çevrilmişdi. O, Əbih Sultanı öz qapısında görəndə sevindiyindən nə edəcəyini bilmədi. Elə qışqırdı ki, bütün nökər-naiblər ayağa qalxdı.
– Mənim Əbih Sultandan artıq qonağım gəlməyəcək, bu gecə yatdı yoxdu.
Onsuz da o, xidmətçilərinə gecə səhərə qədər yatmağa imkan vermirdi, onlar da Qasım bəylə yatıb, onunla bərabər oyanmağa öyrəşmişdilər.
– Bu gün haradan doğub gecənin belə bir aləmində. Mən özüm dəfələrnən yalvaranda bir dəfə ancaq gəlirdin. İndi özün gəlmisən, bəs sənin yoldaşların hanı? Ay uşaq, əmir əlmömünün...
Qasım bəy heç əmir əl ümara deyə bilmirdi, əmir-əlmömin deyirdi. Hər dəfə də Əbih Sultan onun səhvini düzəldirdi:
– Qasım bəy, əmirəlmömün xəlifəyə deyirlər.
– Nə olsun. Yə’ni sən xəlifədən əskik adamsan! Xəlifə də xütbəsində kimin adını çəkirsə, həmin adama ölüm yoxdur, sən də. Sənin xoşuna gələn adam xoşbəxtliyi, cənnəti gözlərilə görür. Yaxşı bəs doğrudan, yoldaşların hanı?
– Tək gəlmişəm.
– Tək? – Qasım bəyi dəhşət bürüdü. Əvvəla yollar qaçaq quldurla doluydu. Tək adamı onlar soymamış buraxmazdı. Bəlkə da onun atlılarını öldürüblər, özü qaçıb. Ya da Təbrizdə nəsə olub. – Rüstəm Mirzəyə bir şey olmayıb?
– Yox. Amma deyəsən başımızın üstündə ildırımlar çaxır.
Qasım bəy qulağının ucundan tutub dartdı və muşqurdu.
– Allah eləməsin, Allah eləməsin, qulaqlara qurğuşun.
– Sən fil qulağında yatmısan, Qasım bəy. Osmanlı qoşunu qulağının dibindədi, Heç nədən xəbərin yoxdu...
– Xəbərim var. Bizim çobanlar xəbər gətirmişdi ki, düzdə bir ordu dayanıb. Dedim işiniz olmasın, yəqin Əbih
Sultan harasa gedir.
Əbih Sultanı gülmək tutdu.
– Necə yə’ni işiniz olmasın? Sənin çobanların o ordunu batıracaqdı ki?
– Dedim də, yə’ni dillərini dinc qoysunlar.
Əslində, Qasım bəyə ordu dayandığını deyəndə bu sözü işlətmişdi. Ona görə işlətmişdi ki, yaxşı ki, Qasım bəyi belə yerdə yada salmayıblar. Xəta ondan xilas olub.
Əbih Sultan vəziyyəti ona danışdı. Qasım bəy indi təhlükənin nə yerdə olduğunu bildi. Bu boyda, qol qabırğada adam çox qorxaq idi, həmişə döyüşlərdən kənarda dayanmışdı. İndi isə görünür xəta ötüşməyəcəkdi.
– Deyirəm, ay əmirəlmömün, bu qədər adamı qabaq-qabağa gətirib qırdırınca, elə sərkərdələr ikisi çıxsın ortalığa vuruşsunlar, kim zor gələr gələr. Yıxan qalib olsun, yıxılan məğlub. Necə sözdü?
– Yaxşı sözdü. Hazırlaş, gedirik Rüstəm Mirzənin yanına.
– Nə deyirəm ki, gedək. Elə indi?
– Vaxt bizi gözləmir. O üç yüz atlını götür, karımıza gələr.
Aşbazlar yemək hazırlayana qədər nökərlər atlanıb kəndi ayağa qaldırdılar, kişilər silahlanıb Qasım bəyin malikanəsi qabağında hazır dayandılar.
Onlar da evdən çıxıb atlarını minəndə Qasım bəy Əbih Sultana dedi:
– O Gödək Əhmədlə mərcə girərəm, bir dananın irtməyindən o tutsun, birindən mən. Görək kim o irtməyi dartıb çıxaracaq. Onu bu işdə xəcalətli qoymasam, adımı dəyişərəm.
– Gödək Əhməd dana yox, heç buzovun da quyruğundan tutub onu yıxa bilməz.
– Bax, belədi də. Allaha qurban olum, gücü, boy-buxunu, cəsarəti birinə verir, hökmü, ixtiyarı, taxt-tacı o birisinə. O bərkdən danışırdı ki, onun adamları eşitsin.
Əbih Sultan yəhərə qalxa-qalxa dedi:
– Yadında saxla ki, ixtiyar pişiyi şirə, quzunu canavara, milçəyi filə döndərir. O ixtiyar bu səfərdən sonra Qasım bəyi çoxdan gözlədiyimiz yüksək rütbəyə də çatdıra bilər.
– Allah ağzınnan eşitsin.
Amma Qasım bəyi fikir götürüb gedirdi. Osmanlı qoşunu Təbrizin qapısındadırsa, onda nə əmir rütbəsi olacaq, nə də başqa rütbə. Çünki hələ Əbih Sultan qoşunu yığasına, tə’lim keçəsinə, osmanlı qoşununa qalib gələsinə. Hamısı Qasım bəyə xam xəyal kimi görünürdü. Əbih Sultan qaranlıqda onu görməsə də bilirdi ki, axırda bu nəticəyə gələcək. Ona görə də dedi:
– Vəziyyətimiz çox ağırdı. Bunu yəqin ki, başa düşürsən. Amma sənin bu dəstən Rüstəm Mirzəni və məni qorumalıdır. Artıq ən yaxın adamlar satqın çıxıb. Düşmən tərəfə qaçıb. Sən olursan hökmdarın candarı. Bütün xəzinəni də sən qoruyacaqsan.
“Xəzinə” kəlməsini Əbih Sultan nahaq yerə çəkmədi. Həmin kəlmə öz işini gördü. Qasım bəyin ağzı sulandı. “Hökmdar getsə də, xəzinə ki, mənə qalacaq”-deyə fikirləşdi.
Rüstəm Mirzə göyün yeddinci qatından hamama enib qüsl eləyib çıxanda ona xəbər verdilər ki, əmir əl ümara Əbih Sultan üç yüz atlı ilə gəlib. Çağırmaqlarını tapşırdı. Əbih Sultan içəri girəndə o gülürdü.
– Eşitmisənmi, əmir əl ümara, Səmərqənd şahzadəsi Ömər şah quşxananın damından yıxılıb, canını tapşırıb. Əmir Teymur nəslindəki şahzadənin ölümünün gülünclüyünə bir bax.
Rüstəm Mirzənin qarşısında bütün ədəb qaydalarına əməl eləyib, tə’zimdən, duadan sonra onun söhbətinə qulaq asan Əbih Sultan zümrüd və firuzə ilə işlənmiş qızılı paltarının yaxasına baxdı. Bu dəqiqə ona lazım olan, o paltarın yaxalığından başlayan, danışdıqca tərpənən hülqumundan, vuran damarlardan yuxarıdakı baş idi.
– Allah ona rəhmət eləsin. Xoşbəxtdir. Bir var qılıncla öləsən, bir var babası Miranşah kimi atdan yıxılıb dəli olub öləsən, bir də var quşlara tamaşa eləyəndə yıxılasan, Allahın qara camaata bəxş elədiyi əcəlnən öləsən. Bu doğrudan böyük xoşbəxtlikdi.
Rüstəm Mirzə özünü adil hökmdar sayırdı. Ona görə özündən belə müştəbeh idi ki, taxtda oturduğu beş ildə əmin-amanlıq hökm sürürdü. Bir-iki kiçik müharibə nəzərə-alınmasa o heç kimlə vuruşmamışdı. Bir qarış torpaq almamış, bir qarış torpaq verməmişdi. Bir bunu yaxşı bilirdi ki, onun taxtı tərəkəmə əmirlərin qılıncı üstündə dayanır və səltənətin ən böyük dirəyi Əbih Sultandır. Ona görə də onu həmişə gülə-gülə, şadşalayın qarşılayırdı. Amma bu dəfə onun sifətindəki ifadədən xoşu gəlmədi. Gözlərində təlaş, nəsə qeyri-müəyyən mənalar oxudu.
– Olmaya bəd xəbərlə gəlmisən?
– O xəbəri deməyə dilim gəlmir.
– De görüm. Bəd də olsa mən bilməliyəm, xoş da.
Əbih Sultan əlini döşünə qoyub geri basdı, başı qabağa əyildi. Elə bil Rüstəm Mirzə qarşısında baş əyməyə özü-özünü məcbur eləyirdi.
– Uğurlu Məhəmmədin osmanlı qancığından dünyaya gələn yetim küçüyü, Rum köpəyi Gödək Əhməd qoşun yığıb, üstümüzə gəlib!
– Necə?!
– Bəli, mənim şahım!
Rüstəm Mirzənin qırmızı yanaqlı çöhrəsi ağardı. Vəziyyətinin necə çıxılmaz olduğunu tez başa düşdü.
– Qoşunu haradadı? – O, ayağa qalxıb qılıncını qurşayırdı və qılıncı tutan əli əsirdi.
– Təbriz yaxınlığında.
– Tez olun, yığın əmirləri. Əlixanını yanıma çağırın.
– Əlixanı yoxdur. – Əbih Sultan çox arxayın, sakit səslə dedi.
– Necə yoxdu? Hansı cəhənnəmdədi?
– Qaçıb.
– Hara? – Rüstəm Mirzə təəccüblə soruşdu.
– Hara qaçacaq, qaynının yanına. Gödək Əhməd onun qaynı düşür də. Axı o, Uğurlu Məhəmmədin Təbrizdə qalan qızıyla evlənib. Əgər yadında varsa, mən o vaxt çox dedim onu yüksəltmək bizə xeyir gətirməyəcək. Bu da nəticəsi.
– Ax, əclaf! Yaxşı, o mənim əlimə düşər, onda bilərəm nə eləyərəm. Yığın əmirləri, indiyə kimi əmirlər məndən rəncidə düşüblər ki, niyə bizi müharibələrə aparmırsan. Bu da müharibə. İndi görüm nə eləyəcəklər. Tez ol çaparlar göndər, hər tərəfdən qoşun gəlsin. – O, dəlicəsinə nə qışqırırdısa, Əbih Sultan “baş üstə” deyirdi. Özü də elə sakit, elə arxayın deyirdi ki, sanki bununla qeyd eləmək istədiyi bir fikir idi: “Sən saydığını say, gör hələ Əbih Sultan nə sayacaq”.
– Böyük hökmdar, mən onların heç birinə inanmıram. Özümlə Qasım bəy Pərnakı gətirmişəm. Hökmdarı, xəzinəni, hərəmxananı qorumağı ona e’tibar eləməyi məsləhət görürəm. Yoxsa, bu vaxt hamının üzü bizdən dönüb. Elə bilirlər ki, Gödək Əhməd onlara xoşbəxtlik gətirib, Təbrizə girən kimi bir-bir çağırıb ən’am verəcək. Əvvəlcə sarayda satılan sahib xəbər olub. Osmanlı qoşunu Təbrizin iki-üç mənzilliyinə çatana qədər xəbər verməyib.
– O satqın necə oldu?
– Boğazına qızıl əridib özüm öz əlimlə tökdüm.
– Əhsən sənə. Yaxşı, Qasım bəyin belə sədaqətli olduğunu bilmirdim. Elə indi ona əmir rütbəsi verib, sahib xəbərin syurqalını ona bağışlamalıyıq.
Rüstəm Mirzə danışdıqca Əbih Sultanın gözləri onun boynundaydı. Gur qara saçları tökülmüş əzələli boynunda. O əzələlərə qılınc toxunmağına, o gözəl başı bu nəhəng bədəndən ayırmağa çox qalmayıb. Əynindəki yaxası və ətəkləri firuzə və zümrüdlə işlənmiş, qızıl saplarla toxunan xalatdan heyif, qanı onların üstünə töküləcək. Yox, əvvəlcə o xalatı soyundurmaq lazımdır, heyifdir, onun bir ilxı qiyməti var.
Qılıncının qəbzəsindəki almazlar nəyə desən dəyər. Bu daş-qaşları da itirmək heyifdi. Əvvəl onu xəzinəyə vermək lazımdır. Xəzinəni isə indidən gizlətmək lazımdır. Yoxsa, Gödək Əhmədin əlinə düşər.
Əbih Sultan Hülaki xanın Bağdadı almağını Fəzlüllah Rəşidəddinin “Cəmi ət təvarix” kitabından oxumuşdu. Hülaki xan monqol qoşunlarının başında Bağdadı alıb Abbasilərin axırıncı xəlifəsi Əl-Mühtəsimin sarayında oturub şərab içirdi. Məcburən özünə saqiyə çevirdiyi xəlifədən xəzinəsinin yerini soruşmuşdu. Xəlifə özünü itirir və cibindəki açarları çıxarır. Bu açarlar oturduqları otaqdakı iki böyük, yaxdan sandığın açarları imiş, o sandıqlarda da cəmi-cümlətanı on min dirhəm varmış.
Hülaki xan bir daha xəlifəyə təpinəndə o lap qorxuya düşür və onu sarayın həyətindəki böyük hovuza aparır. Gizlin bir yerdəki açarlarla açıb hovuzun suyunu qurudandan sonra Abbasilərin 550 il ərzində topladığı qızıllar monqolların əlinə keçir. Bu qızıl kərpicləri arabalara yığıb, bir ordunun müşayiəti ilə Azərbaycana gətirirlər. Amma üstündən əlli il də keçməmiş bu qızıllar yoxa çıxır. Hülakilərin xəzinəsində siçanlar oynayır.
Görünür, belə çətin vaxtlarda həmin qızılları veriblər, xəzinədarlar aradan çıxarıb. İndi Əbih Sultan da, xəzinədə nə varsa hamısını əkmək, gizlətmək, hesab kitablarını yandırmaq fikrinə düşmüşdü. Yoxsa Gödək Əhməd ayağını onun başına qoyub xəzinəni soruşacaq. Onda yalan danışacaq. Yalanı çıxmasın deyə, o kitablar ələ keçməməlidir, xəzinədar salamat qalmamalıdır, vəzir məhv olmalıdır.
O, xəzinəni tezliklə Diyarbəkrdə yaşayan böyük qardaşı Nurəlinin yanına göndərməlidir. Ən çətini odur ki, yolları Gödək Əhmədin qoşunları və Bitlis qalalarındakı kürdlər kəsib. Gödək Əhməddən xəzinəni keçirsə də, kürdlərdən keçirmək çətindir. Eh, təki xəzinə olsun, onu lap ağzındakı dili kimi salamat aparıb çıxarar.
Kənardan baxanlar elə bilirdi ki, Əbih Sultan qardaşı Nurəli bəylə düşməndir. Hətta Süleyman Bicanoğlu qaçıb canını qurtarmaq fikrinə düşəndə özünə ən təhlükəsiz yer Nurəli bəyin yanını bilmişdi. Nurəli bəy də əvvəl onu təntənə ilə qarşılamış, sonra da Əbih Sultanla aralarındakı əhvalatları bildiyinə görə yıxıb yerə qoyun kimi bu qoca sərkərdənin başını kəsib, qanını itlərə yalatmışdı.
Belə bir çətin vaxtda böyük qardaşı ilə əlaqə yarada bilsəydi işləri lap yaxşı gedərdi.
– Nə oldu, əmir əl ümara, niyə özünü itirdin? Fikrin hardadır?
Rüstəm Mirzə bayaqdan danışırdı. Bir də gördü ki, Əbih Sultan ona qulaq asmır. Elə yalan yerə başını yırğalayır, onun dediklərini təsdiq eləyir. O sussa da, Əbih Sultan yenə də başını tərpədir, bə’zən dodaqaltı “baş üstə!” deyirdi. Bu sözlərdən sonra diksinib sanki yuxudan ayıldı.
– Nə, necə? Nə olub ki?
– Bu gün heç xoşuma gəlmirsən. Elə bil ki, beynindən qara fikirlər keçir.
Əbih Sultan özünü yığışdırdı.
– Qibleyi aləm sağ olsun, fikir məni aparıb. Tədbirlər tökürdüm öz aləmimdə, necə eləyək ki, Gödək Əhmədin başını əzək. Yoxsa başımıza böyük bəla olacaq.
– Yox, Əbih Sultan, səni heç vaxt mənə qarşı bu cür laqeyd görməmişdim. Sənin də fikrində düşmən tərəfə addamaq meyli varsa, de, mən bilim. Başıma çarə qılım.
– Nə danışırsan, böyük hökmdar. Mən bundan da çətin vaxtlarda sənin tərəfində dayanmışam. Heç bir hökmdar da mənə sənin qədər hörmət qoymayıb. Bunun əvəzində mənim ürəyimdən xəyanət keçər? Onda əlimi salıb qabırğalarımın arasından o ürəyi çıxarıb yerə atar, ayaqlarımla tapdalayıb torpaqlara qarışdıraram.
Rüstəm Mirzə çadırındakı taxtında oturub dirsəyini dizinə, çənəsini əlinə söykəyib fikrə getmişdi.
– Əclaflar, alçaqlar, satqınlar... Mənim səxavətim qudurtdu onları. İndi mənə ver Sultanəlini? Mənə ver onun sərkərdələri və müridlərini? Bilmirəm, yerin altından çıxart ver. Sənin fitvana uydum. Belə gündə o mənim sağ əlim olacaqdı. İki odu-ocağı bir gündə söndürdülər. Sənin Əmir Hüseyn Əlixanin nə iş görmüşdü. Səninlə birləşib beş min nəfəri yeddi yüz nəfərin üstünə apardı. Onun dörd minini qırğına verib sağ əlimi kökündən kəsdiniz. Hamınız xəyanətkarsınız.
O, gəlib Əbih Sultanla üz-üzə dayandı.
– Kim o Rum küçüyünün yalağından yal içmək istəyirsə, indidən getsin. Qalanların da kişiliyi, mənliyi olsun.
Bu sözlər ona zəhərli oxlar kimi sancılsa da, üz-gözünü turşutmur, acısını, ağrısını gizlədib saxlamağa çalışır, onu daha çox arxayın salmaq istəyirdi.
– Qibleyi aləm, burada əsassız şübhələrə düşməyin yeri deyil və qoşunu yığıb tərpənmək üçün işə başlamaq lazımdır.
Rüstəm Mirzə bir az özünə gəldi, taxtın hər iki tərəfində dayanan keşikçilərdən su istədi. Onlardan biri qılınc-qalxanını dınqıldada-dınqıldada gedib su gətirdi. Rüstəm Mirzə gümüş dolçadakı suyu başına çəkib, əlinin dalı ilə dodaqlarını siləndən sonra dedi:
– Qasım bəy burdadısa, ona əmirlik rütbəsi verək. Qapı dalında çox dayansa gedib Gödək Əhmədə qoşulacaq.
Gödək Əhməd Rüstəm Mirzə ilə vuruşmamış Təbrizə girmək istəmirdi. O, Ağqoyunlu taxtının gələcək sahibi kimi xalqın yanında özünün ləyaqətini saxlamaq üçün belə bir qərar vermişdi. Bununla da öz gücünü göstərmək, o taxta ləyaqəti olduğunu sübuta yetirmək istəyirdi.
Əmir Əlixanı artıq onun qılığına girmiş, qaçıb Gödək Əhmədin ordugahına pənah gətirənlər də buna kömək göstərmişdi. Artıq şahzadə ona e’tibar eləyir, bir çox məsələlərdə məsləhətləşirdi də. Amma Əmir Hüseyn Əlixanının açıq qalan yolla birbaşa Təbriz taxtına irəliləməsi fikrini bəyənmirdi.
– Yahu, ben oğru deyilim. Tebriz şehrinin açarlarını, bir də Rüstəm Mirzənin kafasını hüzuruma getirmeseler, ben o şehara girmem, – deyib dururdu.
– Şahzadə, Əbih Sultan bizim başımızın altına yastıq qoyub. Ona inanmısan, o isə aldatdı. Onun dilindən çıxan sözə yox, heç dilinin özünə də inanmaq lazım deyil.
Bir neçə dəfə çaparlar göndərib Rüstəm Mirzəni döyüşə çağırmışdılar. Və onun bir fikri də vardı.Özü ilə çoxlu top, tüfəng, barıt gətirsə də, bu döyüşdə onlardan istifadə eləmək istəmirdi. Düzdür, güc göstərib əhalidə öz qüdrətinə inam yaratmaq naminə bu bəlkə də lazım idi. Lakin Rüstəm Mirzəni onun öz silahı ilə məğlub eləməyə qərar vermişdi. Bu döyüşdə özünün qələbəsinə zərrə qədər də şübhəsi yoxdu.
Bir səhər Gödək Əhməd çadırından çıxanda qarşı təpələrin üstündə saysız-hesabsız alabəzək çadır gördü. Onun əhvalı dəyişdi. İnandı ki, onu aldadıblar. Bir belə qoşunu üç-dörd günə toplayan Rüstəm Mirzə ona asanca təslim olmayacaq. Bu işdən məğlubiyyət iyi də gələ bilər. O, Əlixanını yanına çağırtdırdı.
– Yahu, Rüstəm Mirzəni bene aciz söylüyürdünüz. Bəs bu ne? Əmir Hüseyn Əlixanı də özünü itirdi.
– Ola bilməz. Mən onun sərkərdəsi olmuşamsa, bir belə qoşun yığa bilməmişəm. Yəqin bütün Təbriz silah götürüb. Əgər təbrizliləri silahlandırıb gətiriblərsə də, bunun onlara heç bir xeyri yoxdu. Ağqoyunluların əsas qüvvəsi həmişə tərəkəmə atlıları olub.
Gödək Əhməd əsəbiləşmişdi. Dağların başını da duman almışdı. Günəş duman arxasında halələnmiş aya bənzəyirdi. Küləyin qovduğu boz buludlar aşağıdan ötüb gedirdi. Şahzadə münəccimbaşını çağırdı. Uzun, üstü ulduzlu əbasının ətəkləri, burnu yuxarıya qalxıb qənarə kimi əyilmiş başmaqlarının üstünə çatan münəccimbaşı gəldi. Ondan uğurlu günmü seçdiyini soruşdular. O da and-aman elədi ki, ən uğurlu gün seçib.
Bundan sonra şahzadə Gödək Əhməd işarə verdi, döyüşə çağırış nidaları səsləndi. O tərəfdən də qara zurnalarda oynaq oyun havaları çalındı. Ən maraqlısı sancaqlar (bayraqlar) idi. Hər iki ordugahda ağ rəngli, üstündə qoç başı çəkilmiş sancaqlar qaldırılmışdı (“Sancaq” kəlməsi “qələbə” kəlməsi ilə həmahənk səslənirdi. Çünki ordunun sancaqları onu düşmən çadırının yerində sancmalı idi). Deməli, Ağqoyunlu qoşunu Ağqoyunlu qoşununa qarşı dayanmışdı. Eyni bayraqlar üz-üzə gəlmişdi.
Şahzadə Gödək Əhməd atını minib xəncər boyda qılıncını çıxarıb döyüşə getmək istəyirdi, amma onu qoymadılar. Elə ilk süvari onu iki yerə bölərdi. Atın üstündə oturub döyüşə başlamağa işarə verdi. Süvari axını Rüstəm Mirzənin ordugahına doğru axına başladı.
Qarşı tərəfdə isə Rüstəm Mirzənin özü at belinə qalxıb qılıncını siyirdi, atını meydana vurdu. Bir azdan at ayaqlarının səsi polad cingiltisinə qarışdı. Süvarilərin: “Vur ha! Vur ha!” nidaları təpələrin arasındakı düzdə bütün səsləri batırdı.
Rüstəm Mirzənin sağında Əbih Sultan, solunda Qasım bəy Pərnak vuruşmalıydı. Qoşunlar biri-birinə qarışanda onların heç birini görmədi. Sağ və sol cinah yox idi. Rüstəm Mirzə məngənəyə düşmüşdü. Əbih Sultan geri qayıdıb onun ətrafındakı, ona sədaqətli olanları arxadan, Əhməd şahzadənin süvariləri isə qabaqdan doğrayırdı. Rüstəm Mirzə nə qədər qılınc çalırdısa, xeyri yox idi. Arxadan kimsə qışqırırdı:
– Qibleyi aləm, meydandan çıx, xəyanət.
Meydandan çıxmaq isə mümkün deyildi. Hər tərəf at, insan cəsədi, qılınc, qalxan, nizə idi. Nə özününkünü tanımaq mümkün idi, nə düşməni. Sağa, sola qılınc çalıb özünə darısqal bir yol açmışdı ki, qolu birdən qalxmadı. Kəmənd qollarını bədəninə sarımışdı. Əbih Sultan kəməndi çox ustalıqla atmışdı və atını sürüb Rüstəm Mirzəni yəhərdən saldı, dalınca sürüyüb apardı. O düz Gödək Əhmədin çadırına tərəf sürürdü. Çadıra çatmamış pişik cəldliyi ilə düşüb hələ özünə gəlməmiş Rüstəm Mirzənin sinəsinə çökdü. Gözlərinin içinə baxmağa cəsarət eləməyib çənəsini yuxarı qaldıraraq iti qəməsini onun hülqumuna çəkdi. Bədən yerdə çabalaya-çabalaya qaldı. Xırıldayan, dodaqları hələ də tərpənən başı gətirib Gödək Əhmədin ayaqları altına atdı.
– Buyur, həşəmətli hökmdar, Rüstəm Mirzənin başını gətirmişəm. Əbih Sultan verdiyi sözə əməl eləyən adamdı.
Hökmdarın aparıldığını görənlər təslim olur, bə’ziləri qaçırdı. Təpələrdəki ordugahın alabəzək çadırlarına isə heç kəs toxunmurdu. Rüstəm Mirzə bu yüzlərlə boş çadırları bir gecədə qurdurmuşdu ki, düşmənini qorxutsun. Amma onun hiyləsi baş tutmamışdı.
Lahicanda, Mirzə Əlinin geniş, üstü kirəmidli, pəncərələri şəbəkəli evində üç nəfər iri mitəkkələrə dirsəklənib oturmuşdu: – Mirzə Əli, Lələ, bir də İsmayıl. Hər üçü pərt idi. Gödək Əhmədin Təbriz taxtına çıxması xəbərini təzəcə almışdılar. Amma heç biri dinib danışmırdı.
Mirzə Əli titrəyən barmaqları ilə Qur’anın vərəqlərini çevirib dodaqaltı oxuyurdu. Onun əlləri də, dodaqları da, bədəni də, barmağı ilə bir tərəfindən tutub qaldırdığı vərəq kimi əsirdi. Onun oxumağından hiss olunurdu ki, özünü ələ almaq, səbrini basmaq üçün vird eləyir, amma heç cür sakitləşə bilmir. Axırda özünü saxlaya bilməyib vərəqi ehtiyatsızlıq, bir az da özünə xas olmayan kobudluqla qatlayıb dilləndi:
– Satdılar səltənəti, hərraca qoydular. Ölkə neçə vaxtdı düşmən ixtiyarındaydı, indi lap yağıların əlinə keçdi. Uzun Həsənə olan acıqlarını bütün ölkədən çıxacaqlar.
– Əbih Sultandan bundan artıq heç nə gözləmək olmazdı, – deyə Hüseyn Lələ söhbətə qarışdı. – Həsən padşahın Rum sultanı ilə vuruşub qan tökməyinin demək olar ki, bir qara quruş da qiyməti yoxmuş. Satqınlar ölkənin açarını öz əllərilə aparıb verdilər Rum sultanına. Bu gündən şiələrin ən çətin günləri başlayır.
İsmayıl bu söhbətlərə qulaq asırdı. Onları dinlədikdən sonra diz üstə oturub öz fikirlərini izah eləməyə başladı:
– Sizin fikirlərinizlə mən də razıyam. Düzdür, məmləkəti satdılar. Ancaq qızılbaşlar üçün bundan yaxşı fürsət olmaz. Məmləkət əhlinin onları – rumluları görməyə gözü yoxdu. Həm də Ağqoyunlu əmirləri özlərini hamının gözündən saldılar. İndi hərc-mərclik başlayacaq. Məmləkətdə ağız deyəni qulaq eşitməyəcək. Bizim işə başlayacağımız gün yetişib. Müridləri toplayıb silahlandırmaq məqamıdır.
Mirzə Əli İsmayılın yetkin söhbətinə, yaşına yaraşmayan ağlına, dərrakəsinə, onun məntiqinə heyran qaldı.
– Şeyx, sən bəlkə də çox doğru buyurursan. Ancaq bir şeyi yadında saxla ki, Gödək Əhmədin arxasında Bəyazid dayanıb. – Sonra o üzünü Lələyə çevirdi. – Ay hələ on üç günlükdür. Qoy heç olmasa on dörd günlük olsun, işığı bir az da artsın, bədrlənsin.
İsmayıl on üç yaşın içindəydi və başa düşdü ki, Mirzə Əli ay söhbətində bunu nəzərdə tutur, Lələni gözləməyib özü cavab verdi:
– On dörd günlük olmamış bəlkə də o ayın üzünü buludlar aldı, onda necə? On üç günlük ay işıq saça bilirsə, demək aydı. Bir gün tələsmək, bəlkə də bir gün gecikməkdən daha xeyirlidir. Dövran qarışıqdı, günahkarlar günahsızlardan qat-qat çoxdur. Qatillər, müftəxorlar taxtda oturub, torpaq becərənin isə təknədə çörəyi yoxdu. Eşitdiyimə görə yollar, şəhərlər, bazarlar dilənçilərlə doludur. Bu zəmanəyə bir sahib çıxmalıdır.
Mirzə Əli İsmayılın bu sözlərindən sonra başını qaldırıb ona bu dəfə heyrət yox, təəccüblə baxdı. On üç yaşlı uşağın ağlı onu qorxuya saldı. Bu görünməmiş bir yetkinlik, ağıl, idrak idi.
– Ya Şeyx, sənin şirin dəhanından qopan sözlər, on üç günlük ayın günəş kimi parlaqlığından xəbər verir. Amma bir işdə mənim məsləhətimə də qulaq assan pis olmaz. Yollardakı, şəhər və bazarlardakı dilənçilərdən heç kimə arxa olmaz. Əlini açıb sədəqə istəyən dilənçiyə imkan versən tamah ucundan hər şeyi satar, ən müqəddəs amalı da. Yer əkən rəncbərlə də işin olmasın. Onun taleyini Allah-təala belə yaradıb. O, arı kimi şirə toplamalıdır. Həmin şirənin hamısını arıya hazır versən cırlaşar, dönüb it arısı olar və yoldan ötənin hamısını çalar. Sən ətrafına öz adına, nəcabətinə uyğun adamları topla.
Mirzə Əlinin sözləri ilə İsmayıl razılaşmadı.
– Atam Şeyx Heydərin qoşunundakı müridlərin çoxusu rəncbər deyildimi? Onun hər buyruğunu can-başla yerinə yetirirdilər. Əmirlər, naiblər, vəzirlər isə Rüstəm Mirzəni satıb Gödək Əhmədin tərəfinə keçdilər. Lələ, zühur etmək məqamı yetişib. Carçılar göndərək, müridləri yığaq.
Lələ İsmayılın gətirdiyi dəlillərlə qəlbində razılaşmışdı. Görürdü ki, bu uşaq vəziyyəti onların ikisindən də daha düzgün qiymətləndirir. Bütün ölkənin başı indi Gödək Əhmədə qarışıb. Rumlulardan narazı şiələr də, bu istiladan razı qalmayanlar da mütləq onların tərəfinə keçəcək.
Onlar razılaşdılar ki, ən e’tibarlı dostlarının dalınca adamlar göndərsinlər.
Bir neçə gündən sonra Dədə bəy gəlib çıxdı. Yanında özü kimi qollu-qabırğalı, qızılı bığları sallanıb çənəsinə çatan pəhləvan görkəmli bir adam vardı.
– Xadim bəy Xulafa, – deyə İsmayıla təqdim elədi. İsmayılın ovcu onun ovcunda itdi. İri, qara barmaqlar qarmaq kimi əyildi. Dədə bəyin gəlib çıxması onların hamısının ürəyindən olmuşdu. Beş il ərzində onun saçları xeyli ağarmışdı. İsmayıl onu qucaqladı.
– Dədə bəy, gəl, təzədən sərkərdəlik məharətini göstər.
– Baş üstə, canımı bu yolda qurban demişəm.
Həmin gün çeşt vaxtı Bayram bəy Qaramanlı qardaşı Rüstəm bəylə gəlib çıxdı. Qaraman elinin çox hissəsi Qaradağa və Qarabağa, Xudafərin körpüsünün hər iki tərəfinə köçmüşdü. Bayram bəy də oradan gəlirdi. İsmayılla görüşdü, onun əlindən öpdü.
– Camaat deyir ki, “Söndü Qaramanın çırağı”. Düzdü, Qaraman torpağının çırağı söndü, amma Qaraman camaatının başıpapaqlıları Səfiyyəddin ocağının çırağından çıraqlarını yandırıb yaşayırlar. Mürşüdümüzün hər bir fərmanına müntəzirik.
Axşam Qara Piri bəy də özünü yetirdi. Hərəsi kiçik, yaxşı silahlanmış, e’tibarlı adamlardan ibarət dəstələrlə gəlmişdi.
Yaşlı, ağsaqqal, başbilən qızılbaşlar gecə Mirzə Əlinin evinə yığıldılar. Bir çox məsələlər vardı ki, onları ölçüb-biçməliydilər. Sözə başda oturan İsmayıl başladı.
– Ey igid, başı bəlalı qızılbaş ağsaqqalları, gizləndiyimiz, laməkan olduğumuz bəsdir. Çıxırıq gün işığına. Zəfər sancaqlarını, ələmlərini, bayraqlarını qaldırarıq. Kimin ürəyində əqidəmizə məhəbbət qalıbsa yığılsın bu sancaqların altına, Şirvan üstünə yeriyəcəyik.
Lələ əlini xalçanın qoç buynuzuna oxşar naxışlarına sürtürdü. Sanki orada döyüşən qoçları yola gətirmək istəyirdi. Özü də yumşaq, mülayim səslə, bir az da günahkar ahənglə dilləndi:
– Ya Şeyx, biz hələ azıq. İndidən hay-küy salsaq, düşmənləri üstümüzə qaldırarıq. Hələ işə başlamamış məhv olarıq.
O, gözlərini qaldırıb oturanların sifətinə baxdı. Gördü ki, oturanların hamısı onun fikri ilə şərikdi. Amma bu fikrə şərik çıxmayan İsmayıl oldu.
– Biz gizləndiyimiz yerdən çıxmasaq heç kim bizə inanmaz. Qorxaq adamın tərəfində isə heç kim dayanmaz. Biz çağırış tə’bili çalıb, sancağımızı qaldırmalıyıq. Bizi cəsarətli bilməsələr, dostlarımız da bizə qoşulmazlar. Mən təklif eləyirəm ki, buradan birbaşa Ərdəbilə gedək. Babam Şeyx Səfiyyəddini yuxumda görmüşəm. O mənə yuxuda xeyir-dua verib, başıma qızılbaş çalması qoyub. Onun qəbrini ziyarət eləyib bir daha xeyir-dua alandan sonra qışlamaq üçün bir yer seçməliyik. Yaza qədər həmin düşərgədə öz qoşunlarımızı toplamalıyıq.
Dədə bəyin gözləri dolmuşdu. İsmayılın belə dilavərliyi, hökmü, cəsarəti onu kövrəltmişdi. Mirzə Əlinin isə gözlərindən sevinc yaşları axırdı.
– Bu işin öhdəsindən gələ biləcəksənmi? Özünə xəta toxunmayacaq ki?..
İsmayıl ayağa qalxdı. 0 yas libası geymişdi. Başındakı Qızılbaş tacından başqa hər şey qara rəngdəydi.
– Mirzə Əli, mən anadan olandan dünyaya yox, xətalar içinə düşmüşəm. Bunu hamı bilir. Amma həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq. İndiyə qədər çəkdiyim əzabların, düşdüyüm xətaların əvəzində tanrım mənə bundan sonra gözəl tale bəxş eləyib. Şairlik də o ilahi bəxşişlərdən biridir. Elə bilirsiniz ki, məni tanıyırsınız. Yox, tanımırsınız. İndi qulaq asın, görün mən kiməm.
İsmayıl aramla, aydın, inamlı səslə oxumağa başladı:
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərşi-kürşü yaradan Səttar idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər,
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim.
Dünyasından mən onun sirrin bilirdim, ol mənim,
Dəryanın altındakı sac qızdıran əngar idim.
Mən Xətaiəm haqqı haqq tanımışam bigüman,
Onun üçün ol yaratdı, mən ona dərgar idim.
– İndi bildiniz mən kiməm?
Otağa elə heyrətli bir sükut çökmüşdü ki, İsmayılı ta körpəlikdən tanıyan Lələnin də dili-dodağı qurumuşdu. “Yox, bu tanıdığımız İsmayıl deyil. Allah elə bil onu dəyişib. Bu ilahi bir varlıqdı. Bəlkə də onu göydən mələklər göndərib”.
Mirzə Əli qollarını göyə qaldırdı və elə bil o qollar bir az da uzandı və sanki o qollar baca olsa, o bacadan çölə çıxacaqdı.
– Ey ilahi, sənin kərəminə min şükür. Məni bu gün, bu dünyada da cənnətə çatdırdın, daha o dünyamdan bədgüman deyiləm. Biz bilirdik ki, sənin kəramətinlə zamananın sahibi gələcək. Nə vaxt gələcək, necə gələcək, hara gələcək, bilmirdik. Onu mənim məmləkətimə, mənim evimə göndərib bu fəqir bəndəni şərafətli etdiyinə görə qulunam, qulunam, qulunam, qulunam. – O salavat çevirdi, nəsə oxudu, diz üstə sürünüb İsmayılın ətəyindən öpdü. O, ətəyi gözlərinin üstünə qoydu. Sonra üzünü heyrətdən özünü itirənlərə tutub dedi:
– Nə xoşbəxt adamlarsınız. Bu gül camallı şəxs zamanın sahibidi, bizim gözlərimiz qabağında zühur elədi. Qalibiyyət sizindi. Bu müqəddəs şəxsin yolunda qan tökmək, candan keçmək ən böyük savab və xoşbəxtlikdir.
O, bir daha İsmayılın ətəyindən öpdü.
– Canım sənə fəda olsun. Kaş mən də cavan olaydım, silah götürüb qoşulaydım sənin müridlərinə.
Dədə bəy də, Bayram bəy və Rüstəm bəy qaramanlılar da, Xulafa bəy, Qara Piri bəy də, Lələ də ona səcdəyə başladılar.
İsmayıl onların səcdəsinin sonunu gözləyib üzünü Mirzə Əliyə tutdu:
– İndi mənim dediklərimə şərik olursanmı?
– Sənə şəkk gətirən kafirdi. Sən hələ uşaq olanda mən səni gizlətmək üçün Qur’ani-şərifə and içməli oldum. Bilirdim ki, böyük günaha batıram. Amma qəlbimdə bir səs qalxmışdı ki, sən and iç, Qur’ana əl bas, bu günah deyil, savabdı. O vaxt Allahın müqəddəs kəlamı sənin köməyində dayandı. Demək dünya elə belə deyilmiş. Dünyaya zamanın sahibi gələcəkmiş.
İsmayıl keçib yerində oturanda onların hamısı aşağı tərəfə keçdilər və gözlərini onun dodaqlarına dikdilər. İsmayıl da məmnun-məmnun qızılbaş ağsaqqallarına baxdı. Vəziyyətin belə dəyişməyi onun keyfini durultdu və inandı ki, doğrudan da zamana sahiblik edə biləcək və onun qarşısında heç kim dayana bilməyəcək.
– Taromda müridlərimizin dəstələrinə baxış keçirdərik.
İstər-istəməz Dədə bəyin dilindən çıxdı:
– Tarom Hüsaməddinin ixtiyarındadır, o isə bizim qatı düşmənimizdir.
İsmayıl ona mə’nalı-mə’nalı baxdı.
– Düşmənin bizə gücü çatmayacaq. İşimizi Hüsaməddinin gözü qabağında görəcəyik, o isə bizə heç nə edə bilməyəcək. Oradan keçəcəyik Ərdəbilə, Şeyxin qəbrini ziyarət eləyəcəyik. Sonra oradan qayıdacağıq dəniz kənarındakı Ərcivan kəndinə. Ərcivanda babamın yaxın dostu və qayınatası Zahid Gilaninin türbəsi var, onu yad eləmək bizim borcumuzdur. Həm da qış vaxtı ocaqlığımız olacaq Ərcivan kəndi. Lələ, Şirvana dərvişlər göndərmək lazımdı. Qoy onlar Şamaxıda zamanın sahibinin peyda olduğunu danışsınlar. Lələ dilləndi:
– Bizimlə vuruşmaq üçün hazırlığa başlamazmı?
İsmayıl artıq dediyi sözün dəyərini bilirdi və onu müdafiə eləməyə əvvəldən hazır idi.
– Çingiz xanın, Əmir Teymurun gəlişini biləndə vuruşa hazırlaşardılar. Lap onun gücünə bələd olsalar da belə. Amma Sahibi əz Zaman Mehdi peyda olubsa, bilirlər ki, ona qarşı heç bir silah işlətmək olmaz. Onda əlləri-ayaqları soyuyacaq. Günahlarını özləri yaxşı bilirlər. O günahlar bağışlanılmaz günahlardır. Elə bilirdilər həmin günahları özləri ilə gora aparacaqlar, orada necə olar, olar. Amma indi görəcəklər ki, yox, həmin günahlara görə bu dünyada da cəza var.
Dədə bəy ayağa qalxdı, üzünü oturanlara tutub dedi:
– And içirəm Qur’ani kəbirə, and içirəm Türk pirinin müqəddəs qəbrinə, and içirəm dostumuz Şeyx Heydərin üz qoyduğu torpağa, zamanın sahibinin bir sözü bizim yanımızda iki olmayacaq, onun bütün dediklərini canımız bahasına olsa da yerinə yetirəcəyik.
İsmayıl onlara baxdı və gördü ki, atasının yaxın dostları olan bu qoca qızılbaşlar necə sidq ürəklə, təmiz qəlblə Dədə bəyin dediklərini təkrar edirlər. Yaşı az olsa da çox oxumuş və çox görmüşdü. Tez bir zamanda biri-birini əvəz edən dərd və sevinc onu böyütmüşdü, yetişdirmişdi.
O, dərk eləmişdi ki, zəif şəxsiyyətlər tarixdə heç bir iş görə bilməyib, başqasının kölgəsində gəlib, kölgədə yaşayıb, qəbir daşının kölgəsində əbədi yatıb. O kölgədən çıxmayan, öz kölgəsini bir adamın, bir tayfanın, bir ölkənin üstünə salmağı bacaranlar isə həmişə yaşayıb. Onlarda da günəşə bənzəyən bir xüsusiyyət var, belələri tək qol, qılınc yox, həm də ağılın, idrakın gücünə arxalanıb.
Düzdür, Şeyx Heydərin dostları çoxdur, sağlığında da daha çox olub. Bəs onda niyə yenilib, həlak olub. İstəyinə çata bilməyib. Babək kimi hamını bir gözdə görüb, toxum əkən rəncbəri, yollardakı dilənçiləri əmirlərlə, əsilzadələr, bəylərlə eyni gözdə görüb. Həmin adamlar da canlarından keçib, lakin yenə də məğlubiyyətə rast gəlib, qalibiyyətə yox. Baxmayaraq ki, o, babasının əqidəsini xürrəmilik ilə qarışdırıb bir yerə yoğurmuşdu.
Bəs haqqın yolu hardadır?
Çingiz xanın orduları ölkəni elə xarabazara çevirdi ki, əlli il sonra da kəndləri, şəhərləri bərpa eləmək mümkün olmadı. Arxlar uçurulduğundan əkinlər, bağ-bağçalar qanqallığa, səhraya çevrildi.
Müharibələr, ölkə daxilindəki qiyamlar, çəkişmələr, quraqlıq, aclıq, vəba xəstəlikləri, əhalidən yığılan 45– 46 cür vergi hamını cana gətirmişdi. Xışı bir tərəfə atıb yolları kəsən əkinçi, özündən azacıq imkanı olanı soyurdu. Ölkəyə əmin-amanlıq, var dövlət və’d eləyən vəzirlər və şahlar rüşvət toplayırdılar.Ona görə də vicdansızlıq, zülm, vəhşilik, yalan mücəssiməsinə çevrilən taxtlara və orada oturmaq üçün biri-birini al qana boyayan hökmdarlara heç kim ümidini bağlamırdı. İl-ildən, gün-gündən, ruzgardan, şah şahdan daha pis gəlirdi.
Aclıq çəkən, evində-eşiyində sakit otura bilməyən adamların əlləri göydə qalmışdı. Amma o minlər və milyonlarla əllər də göydən onlara lazım olanı – Allahın rəhm və mürvətini, ədalətini torpağa endirə bilmirdi. Ədalət göydə Allahda, yerdə əjdahanın, şirin ağzındaydı, nə ona əl yetirdi, nə buna güc çatırdı.
Allahdan da əllər üzüləndən sonra ümidlərini nə vaxtsa qeybə çəkilmiş on ikinci imam Mehdi sahib zamana tikmişdilər. İnanırdılar ki, gələcək, mütləq peyda olacaq və məşhər ayağına, öz ölümünə yaxınlaşan insanlığı xilas eləyəcək, yer üzündəki zorakılığı, hərc-mərcliyi, zülmü ərşə qaldıranları bir qılınc qüvvəsi ilə məhv eləyəcək.
Müsəlmanın bədbəxtliyi ondadır ki, öz gücündən çox qeybdən, yoxdan “gələcək” qüvvəyə inanıb ki, onun arxasınca getsin və bütün iqtidarını göstərsin. Yoxsa şəxsiyyətini tanıdıqları, gördükləri adamdan heç nə gözləmirlər. Belələrini çox qaldırıb gətirib başları üstündəki taxtda oturdublar, o da qayıdıb onu qaldıranları at kimi minib, istədiyi səmtə sürüb, keyfi istəyəndə qamçılayıb, keyfi istəyəndə arpa samanını kəsib, keyfi istəyəndə də bazara çəkib, kim daha baha qiymət deyibsə, ona satıb.
Artıq hamının bir ümidgahı var. O da Mehdi sahibi zamandır. Onun zühuru hər şeyi həll eləyə bilər. Adamlar onun gəlişinə o qədər inanırdılar ki, kəndlərdə həmişə bəslənmiş yəhərli-yüyənli ağ at saxlayırdılar. Yalnız ağ at. Çünki ağ at ağ günün timsalıdır. Bazarlarda ağ atın qiyməti də buna görə qalxmışdı. Artıq ümidgahlarının da adından istifadə eləyib pul qazanmağa başlamışdılar.
Ərdəbil qazısı Əhməd Kakulinin İsmayılı sahibi zaman adlandırdığını eşitmişdilər. Bu söz-söhbət camaat arasında yayılmışdı. Amma həmin hadisədən beş il keçmişdi və ümidlər də yavaş-yavaş itmişdi, inamlar qırılmışdı. İnsanların iztirablardan xilas olmaq üçün beş il gözləməyə taqətləri hardaydı. Onlar İsmayılın da Mehdi sahibi zaman kimi yoxa çıxdığını görüb əllərini birdəfəlik üzmüşdülər.
Zamanın sahibi nəinki taxtın, ölkənin, xəzinənin və qoşunun sahibi olmalıydı, o, həm də zamana sahib çıxıb onu dəyişməyi bacarmalıydı.
İsmayıl bu barədə çox fikirləşir, həmin adla üzə çıxmağı çox götür-qoy eləyir, bu sirri heç Lələyə də açmırdı. Onu narahat eləyən bir fikir vardı. O da ondan ibarət idi ki, insanlar ona inanmalıdır. İnanmasalar hər şey təzədən alt-üst olardı. Birdən-birə ona təbi, ilhamı köməyə gəlmişdi. Şe’r onu daha da yüksəklərə qaldırmışdı. Budur, həmin şe’rdən sonra qızılbaş ağsaqqalları belə əfsunlanıb. Gözləri qabağında böyüyən İsmayılda ilahi bir qüvvənin cəm olduğuna şəkk gətirmədilər. Demək heç kəs şəkk gətirməyəcək.
Yaxşı, tutaq ki, ona hamı bu gözlə baxacaq. O da insanları öz arxasınca apardı, düşmənləri basdı, ölkəni aldı, taxta çıxdı. Bəs ondan sonra? Yer üzündəki haqsızlıqları aradan götürə biləcəkmi? Zamanı dəyişməyi bacaracaqmı?
O, dərin fikrə getdi.
Amma artıq ilk addım atılmışdı.
Gödək Əhməd Təbrizdə ata babasının taxtında oturmuşdu. Bu məcazi mə’nada belə idi.Əslində isə o taxtın yerini bir az da hündürə qaldırmış, oraya Gödək Əhmədin özü üçün uşaq kürsüsünə oxşar, amma bərli-bəzəkli, daş-qaşlı bir taxt qoymuşdular. İlk gündən də işə başlamışdı. Dövlət işləri aparmağı lap kiçik yaşlarından İstanbulda öyrənmişdi.
O bilirdi ki, Yunanıstanı, Valaxiyanı, Macarıstanı, Əflakı, Serbiyanı, bir sözlə Avropanın çox yerini tutan osmanlı qoşununun arxasındakı ölkədə arxayınçılıqdı. Sultan yalnız ən böyük və mühüm saydığı işlərlə məşğuldur. Xırda tayfa davaları, ölkə içindəki hərc-mərcliklə maraqlanmır. Doğrusu heç belə məsələlər də yoxdur. Paşalar, bəylərbəyilər, Sancaqbəylər Sultanın üzünə ağ olmur. Orada hamı öz yerini bilir, başqasının yerinə göz dikmir. Amma bu ölkədə hökmdar qoşun götürüb ölkənin o biri başına gedəndə, bu birisi başında bir özgəsi taxta oturur. Taxta nə qədər göz dikən var. Belə bir məkanda hökmdar kimi yerində möhkəm oturmaq çox çətin işdi. Ölkədə sakitlik yaratmaq üçün əvvəl özlərini yarımallah, yarımpadşah sayanları sakitləşdirmək lazımdır. Onları sakitləşdirməyin bir yolu var. Qılınc, kötük və aşağı əyilmiş baş. Həmin başlar kötüyün yanına düşməyənə qədər o kəllədəki gözlər hərisliklə taxt-tac axtaracaq. Bəs o başlar niyə qalxıb?
Gödək Əhməd başa düşmüşdü ki, hər gələn öz tayfasını qalanların başına çıxardır. Öz qurbağasını o biri tayfaların marallarına başbilən, gözəllik dərsi verən qoyur. Öz dişi təzə çıxan küçüklərinə əlində ixtiyarı olmayan tayfaların ən adlı-sanlı köpəklərini boğdurur. Öz pisini o birilərin ən yaxşılarından daha şərafətli tutur. Ona görə də bu tayfalar arasında qəribə bir intiqam hissi var. Onlar da çalışır başa keçsin və heyfini alsın. Yenə də öz qurbağasına gözəllər gözəli, öz madyanına köhlən, ayğır, öz ayranına yağ desin. Bunlardan başqa bir bəla da vardı. Ölkə əhalisi iki yerə bölünürdü. Ta qədimdən burada məskən salan, şəhərlər tikən, sənətkarlıqla məşğul olan və səlcuqlar dövründə gələn köçərilər, türkmənlər (tərəkəmələr). Köçərilər sürülərini dağdan arana, arandan dağa qovur, at belində böyüyür, at belində ölür. Uşaqlıqdan qılınc oynadır, ox atır, silahla yatıb, silahla durur. Oturaq camaatın saray yanında heç bir hörməti yox idi. O,öküz idi,əkməliydi, biçməliydi; buğda becərib saman yeməliydi. Belələri həmişə piyadadı: evində də, işində də, hərbi səfərdə də. At belində gedən tərəkəmə əmri isə dinc vaxtı onun ağası, döyüş vaxtı sərkərdəsidi. Padşah da, divandərə də atlını qoyub piyadaya havadar çıxmayacaqdı ki. Taxt-tacı qoruyan o sərkərdə də onun atlısıdır. Ordunu toplayan da, vergini yığan da, səltənətdə tarazlığı pozan da.
Gödək Əhmədin o atlılardan xoşu gəlmirdi. Sultan II Bəyazid onu başa salmışdı ki, yerini möhkəm eləmək istəyirsənsə atlını atdan sal.
İkinci tərəfdən həmin əmirlər ölkədəki torpaqların çoxunu öz əllərində saxlayırdılar. Syürqal şəklində bütün yaxşı, məhsuldar torpaqlar, bağ-bağçalar, kəndlər onlara bağışlanmışdı. Bu syürqallardakı rəiyyətlərdən yığılan vergilər Təbriz xəzinəsinə deyil, həmən əmirlərin anbarlarına gedirdi. Beləliklə bir səltənət içində neçə səltənət yaranmışdı. Hər əyalətdə bir hökmdar vardı ki, onların da öhdəsindən gəlmək hər padşahın gücü daxilində deyildi. Bu, sərçənin yuvasında özündən üç-dörd dəfə böyük arıquşunu öz balası bilib, yemləyib saxlamağına oxşayırdı. Ya da ona bənzəyirdi ki, sürünü qorumaq üçün südü yalağa töküb küçükləri yedirdəsən, böyüdəsən, onlar dönüb canavar ola və bütün sürünü yeyib çobanı quru yurdda qoya.
Rum elində əgər bütün əyalətlər sultan sarayından asılı idisə, burada Təbriz sarayı əhalət, astan və rustaqlardan əlavə, həm də ayrı-ayrı əmirlərdən asılı vəziyyətdəydi. Hər əmirin öz xəzinəsi, öz qoşunu, öz niyyəti vardı.
O, bütün bu quruluşu dağıtmalı, hamını özünə tabe etməlidir. Qoşun da, xəzinə də, niyyət də bir olmalıdır.
Gödək Əhməd daha bir mühüm məsələni başa düşürdü. Onun taxta çıxdığı Təbrizdə vaxtilə atası Uğurlu Məhəmmədi bu ölkənin, bu məmləkətin düşməni kimi, satqın kimi dar ağacına qaldırıblar. Onun özünə necə baxacaqdılar?
Dünənə qədər ayağının altındakı torpağı öpdükləri şahlarının başını ona ərmağan kimi gətirən əmirlər Uğurlu Məhəmmədi də gülə-gülə, sevinə-sevinə asıblar. Burada heç kim öz satqınlığını, günahını görmür. Bu naqislikləri başqalarında axtarırlar.
Qara camaat onun atasının asılmağını görüb. O rəiyyətin əli yox, yaddaşı qana bulanıb. Bu rəiyyət onun atasının qatilləri olan əmirlər kimi onun pişvazına çıxmayıb. Çünki onlar yadda saxlayıblar ki, bu təzə hökmdar ən böyük satqının oğludur, bu ölkənii ən böyük düşməninin kürəkənidir, onun əlindəki alətdir. Qara camaatın bu dəhşətli yaddaşı qorxuludur. O yaddaşı beyinlərdan silib atmaq lazımdır. Düzdür, bunu eləmək çox çətindir, amma çox vacibdir. Çünki o rəiyyətsiz, qara camaatsız heç nə eləmək mümkün deyil. Onlarsız səltənət də yoxdur.
Təbriz bazarında birdən-birə hay-küy düşdü. Silahlı fərraşlar elə düzüldülər ki, bazardakı malların da, tacirlərin də, sənətkarların da gözlərinin qabağını kəsdilər. Bir neçə atlı Təbrizin Məğribdən Məşriqə qədər məşhur bazarına girdi. Qabaqda qızıl yüyənli, qızıl yəhərli, qəmər atın belində yaqut işləməli mavi kaftan geyən, başına sağ tərəfində almaslarla işlənib lələktaxılı çalma qoyan, körpə uşağa oxşayan Gödək Əhməd oturmuşdu. Üzəngini onun ayaqlarına görə gödək və xırda düzəltmişdilər və bu üzəngi tərlikdən yuxarıda dayanırdı. Gün vurduqca yaqutlar, kaftanın qızıl düymələri, atın üzəngisi, yüyəni, balaca-balaca qalxanlara oxşar döşlükdəki, quşqundakı qızıl naxışlar bərq vurub yanırdı. Mavi kaftanın özündə də qızıl saplarla işlənmiş naxışlar çox idi, onlar parıldayırdı və elə bil bunlar onun bədəninə sancılan minlərlə qızıl iynələr idi.
Gödək Əhməd Təbriz bazarını gəzməyə çıxmışdı. Budur, bir tərəfdə ağ paltarlı, qəribə çalmalı, paxır atmış misə oxşar ayaqyalın hindlilər bardaş qurub həsir üstündə oturublar. Onlar zəncəfil, darçın, hil, mixək, fil sümüyündən və misdən bəzək əşyaları satırlar. Uzun saqqallı, dik, məxmər papaqlı rus tacirləri samur, qunduz, daha nə qədər adı bilinməyən parıltılı qu tükü kimi yumşaq xəz asıb alıcı gözləyirlər.
Gödək Əhməd atını sürüb baxa-baxa gedirdi. Budur, corabları ayaqlarına tarım yapışan, baldırlarında ala-bəzək, içərisinə yel dolmuş kimi şiş dayanan paltar geymiş firəng və Venedikt tacirləri. Onların ən qiymətli malları güzgüdü. Bu güzgülərin qızıldan və bürüncdən çərçivələri var. Güzgü Təbrizdə ən baha gedən matahdı. Güzgülərdən əlavə hər rəngdə top-top zərif mahud parçalar yığılıb qalıb. Venedikt şüşəsinin isə heç yerdə tayı-bərabəri yoxdur.
Amma ən çox alınan güzgüdür. Qızını gəlin köçürən xalça-palazını, heyvanlarını satır, güzgü alıb gəlinə qoşur. Çünki bu həyatda güzgüdən başqa duru, aydın bir şey qalmayıb.
Bir tərəfdə isə ağ libaslı, qara, yalın ayaqlı, ağ çalmaları ilə sifətlərinin hər tərəfini örtüb göz və burunlarını, bir də damarları qayış kimi gərilən baldır-bacaqlarını açıq qoyan hürmüzd tacirləri ağ, çəhrayı, hətta mavi rəngə çalan mirvariləri düzüm-düzüm asmışdılar. Yerdə isə iri sədəf balıqqulaqları qoyulmuşdu.
Təbriz bazarında nə yox idi ki... Bursa məxməri, Hələb sürməsi, yun parçası, Dəməşq poladından qılınclar və xəncərlər, bütün dünyada məşhur olan Təbriz culfalarının toxuduğu əlvan parçalar, Təbriz zərgərlərinin əlindən çıxmış bilərziklər, ciyciyələr, bazubəndlər, xalxallar, üzüklər və sırğalar.
Bir sırada üstündə əjdahalar rəsm olunmuş Çin çini qabları. Onların nə qədər gözəl rəngləri vardı, mavisi, göyü, abısı, sürməyisi, qırmızısı, qızılısı. Hamısının da üstündə şəkillər, naxışlar, gül-çiçəklər.
Bütün dünya elə bil Təbriz bazarına cəm olmuşdu. Üç yüz mindən çox əhalisi olan şəhərin bazarında bundan iki dəfə çox əhali olurdu. Amma bu bazar İstanbul bazarının yanında xeyli kasıb görünürdü. Belə ki, Sultan Bəyazid Avropaya Türkiyədən keçib gedən yollar üstündə elə baha gömrük haqqı qoymuşdu ki, onları ödəyəndən sonra tacirlərə qalırdı, necə deyərlər, alıb satdığı qozun şax-şaxı, yol yorğunluğu, quldurların qorxusu, ölüm təhlükəsi. Belə ki, Aralıq dənizindən yol olmadığından bütün tacirlər Rusiyadan keçir, İtil çayı ilə Həştərxana qədər üzür, oradan gəmi ilə ya Dərbəndə, ya da Ənzəliyə gəlirdilər. Sonra da yüklər dəvələrə yüklənib Təbrizə qədər gətirilirdi. Ona görə də bazarda bahalıq həddini aşmışdı. Yəqin ki, Gödək Əhməd padşahlığa keçəndən sonra işlər bir az düzələ bilərdi.
Padşah atını bazar meydanına sürdü. Burada dayandı, əvvəldən burada darğalar minbər düzəltmişdilər. Arıq atın üstündə gələn arıq, əmmaməli üləma atdan düşdü, minbərə çıxıb üzünü camaata tutdu.
Bazarda alver dayanmışdı. Hamının gözü Əhməd padşahda idi. Onun da sözünü, fikrini minbərə çıxan qoca, arıq üləma deyəcəkdi. Bazar əhli isə bir-birinə sataşırdı.
– Deyəsən padşahın özü laldı.
– Danışma, mən karam, heç nə eşitmədim.
– Yox, lal deyil, hələ utanır. Bir azdan o qədər danışsın ki, burunlardan qan açılsın.
– Kimin burnundan?
– Həm onun, həm də bizim.
Üləma əlini qaldırıb camaatı sakitləşdirdi. Əvvəlcə Əhməd padşahın adına xütbə oxumağa başladı. Həmin xütbədə əvvəlcə Sultan Bəyazidi yad elədi. Bu isə uğultuya səbəb oldu. Sonra Əhməd padşahın adını çəkdi, sonra üzünü bazar əhlinə tutub dedi:
– Ey məmləkət əhli, bu sözləri sizə məscidlərdə də deyəcəklər. Amma bu bazarda dünyanın bütün ölkələrindən gələn tacirlər var, qoy onlar padşahımızın ədalətini görüb, gedib hər yerdə danışsınlar. Allah Əhməd şahı bizim üstümüzdən əskik eləməsin. O, öz mübarək barmaqları ilə fərman imzalayıb. O fərmanla rəiyyətlərini bir çox ağır vergilərdən azad eləyib. Hansıdı o vergilər? O verginin biri biyardı ki, məccani yerə rəiyyəti işlədib qalalar, saraylar tikdirir, yük daşıdır, yol çəkdirirdilər. Canınız indi oldu azad. Gedin padşahımızın canına qəni-qəni dualar oxuyun. O vergilər ki, siz verirdiniz, hansı ki, ixracatdı, iştağatdı, sərnədi nə bilim nədi, onları padşah sizin ömrünüzə bağışlayır.
Bazarda bir hay-küy düşdü ki, ağız deyəni qulaq eşitmədi. Fərraşların arasından keçən ac-yalavac adamlar hökmdarın atının dırnaqlarından, quyruğundan, ən xoşbəxtləri isə onun ayağından öpə bildi. Candarlar onları güc-bəla ilə ayıra bildilər. Bundan ötəri yumruq-təpiklərini də işə saldılar. Zərbədən ağzı qanamış biri yerindən çıxmış dişini tüpürüb dedi:
– Hökmdar, canım sənə fəda olsun, vergini götürmüsən, atan rəhmətlik, buna görə atının ayağından öpməyə gəlirəm, atın da tərpənmir, ona da canım qurban, bəs bu alqışa görə vurub dişimi salan eşşəyinə nə deyim?
Adamları sakitləşdirib Əhməd padşahın dayandığı meydanı təmizləyəndən sonra üləma minbərdən moizəsini davam etdirdi:
– Ya əhli Təbriz, yaxşı-yaxşı eşidin və eşitməyənlərə deyin, rəiyyətin verdiyi otuz beş cür verginin iyirmisi bu gündən başlayaraq Əhməd padşahın və onun övladlarının vaxtında alınmayacaq. Hansı vergilər ləğv olunmur? O vergilər ləğv olunmur ki, Qur’ani şərifdə deyilib, onu peyğəmbər buyurub. Onlar xumdu, zəkatdı, cizyədi, üşrdü və ilaxır. – Bu vergilərin adlarını o çox səliqə-sahman və aramla, bir az da qürurla dedi. Çünki bu vergilərin birbaşa ona və digər ruhanilərə xeyri vardı.
Səs-küy yenə də artdı. O, bu dəfə də onları sakitləşdirdi:
– Niyə dayanmısınız, ey əhli Təbriz? Gedin məscidlərə, dualar edin. Üç gün bayramdı.
Əhməd padşah üləmaya bir işarə də verdi. O axırıncı sözünü deməliydi.
– Hələ dayanın. Padşahın bir sözü də var. O da bundan ibarətdi ki, il xanilərdən, cəlayirlərdən, çobanilərdən, qaraqoyunlulardan, Həsən padşahdan, Sultan Yaqub Mirzədən, Bəysunqur Mirzədən, Rüstəm Mirzədən kimdə padşah fərmanı, yarlıq varsa, saraya gətirsin. O fərmanları ki, onlarla kiməsə syürqal bağışlayıblar, torpaq, kənd əta eləyiblər, həmin fərmanları padşahımız təzədən öz mübarək möhürü ilə təsdiq eləyəcək.
Əhməd padşahın bazarda görünməyi, vergiləri azaldıb e’lan eləməyi qara camaat arasında hay-küyə səbəb olmuşdu, indi hər evdə, hər küçədə, hamamda, dükanda, karvansarada söhbət yalnız ondan gedirdi.
Taxta gündə biri çıxsa da, heç kəs onların üzünü görə bilmirdi. Hər dəfə hökmdar şəhərə çıxanda fərraşlar adamları qovub evlərə doldurur, qapıları bağlayır, ya da onları üzü divara çevirirdilər ki, qibleyi aləmin mübarək sifətini görməsinlər.
İndi Əhməd padşah özü gəlmişdi bazara, rəiyyətin yükünü yüngülləşdirmiş, onu fil yükündən ağır vergilərdən azad etmişdi. Həmişə duranda da, oturanda da Uğurlu Məhəmmədə lə’nət, nifrin yağdıran camaat bir günün içində dönmüşdü və o qədər ona alqış demişdi ki, bəlkə də həmin nifrinlərdən min dəfələrlə çox. Uğurlu Məhəmmədin dar ağacından asıldığı yerdə qurbanlar kəsilməyə başladı və meydan qanlı gölə döndü.
Hovuzun suyunun şəfəqi tağlı səqfin kaşılarında oynayan hamamda başı araqçınlı, qırmızı hənalı saqqalı ağ köynəyinin üstünə tökülən dəllək bardaş qurub oturmuş müştərinin saqqalına həna yaxırdı və bütün dəlləklər kimi o da çoxdanışan idi.
– Ağa, bu təzə padşahın canına tanrı qıymasın. Boydan balaca olsa da, babası Uzun Həsəndən böyük işlər görür. Rəiyyətin, əsnafın tərəfdarıdır. Daha buna heç kimin dişi batmaz.
Müştəri iri gözlərini dəlləyə dolandırdı. Dəllək bu baxışdan üşəndi.
– Ağa, düz demirəm bəyəm?
– İşini gör.
– Ağa, vallah yaxşı padşahdı, kasıb-kusubun tərəfindədi.
– Allahnan allahlıq eləmək olar? – Müştəri qızışdı.
– Əstəğfürulla, əstəğfürulla! – Dəlləyin çirməkli qolları biləkdən aşağı yaşıl həna horrasının içindəydi, əlini ağ fitəsinə də çəkmişdi və orada barmaq yerləri qalmışdı.
– Allah bilməsəydi varlını varlı, yoxsulu yoxsul yaratmazdı. İndi o kişinin işinə əl uzatmaqmı olar?
Dəllək fikrə getdi. Müştərinin sözündə də həqiqət vardı. Dəlləyin beyninə yerimiş həqiqət.
– Deməli ağa, Əhməd padşah Allahın yolundan çıxıb?
– Onu mən demirəm, sən deyirsən.
Dəllək lap xataya keçmişdi.
– Ağa, deyirsən bəyəm o qədər vergini belimizə palan kimi Allah özü qoymuşdu?
Müştəri Əbih Sultan idi. Hamama gəlib camaatın danışıqlarına qulaq asmaq istəyirdi. Əhməd padşah yaman onun xətrinə dəymişdi. Rüstəm Mirzənin başını gətirəndən sonra ondan böyük ənam, yüksək vəzifə gözləyirdi. Amma Əhməd padşah o başa baxmış, dönüb Əbih Sultana demişdi.
– Bu padşahla kaç il arkadaşlıqda bulmusan?
– Beş il, qibleyi aləm.
– Beni beş gün də görmedin, beş yılın arkadaşının kafasını benə gətirdin. Benim kafamı da beləcə düşmenime bağışlarsan. Haydı, gözümdən çəkil, senin enamın budur ki, sene el bulamıyorum, – demişdi.
Beləliklə onun əli saraydan, ixtiyardan, əmir əl ümaralıqdan çıxmışdı. Sarayın qapısından tutmuş bütün adamlarına qədər Gödək Əhməd İstanbuldan gətirmişdi.
Bu tezlikdə təslim olsa ona Əbih Sultan deməzlar. Hamama gəlib camaatın fikrini öyrənmək istəyirdi. Düzdü, camaatın fikrini bilirdi, kiməsə cavab qaytarmaq, şübhə toxumu səpmək də lazım idi. O, dəlləyə dedi:
– Hökmdar yerdə Allahın kölgəsidir. Bu təzə kölgədi. Qara camaatı öz tərəfinə çəkmək istəyir. Axırını gözləyək, görək nə olacaq. İndi başlayıb özündən qabaqkı hökmdarların, Həsən padşahın fərmanlarını yığır. Təzədən möhür basmaq adıyla. O syürqalları alıb Rum elindən gələnlərə paylayacaq, bizim əmirlər, bəylərbəyilər qalacaqlar quru yurdda. Hamımız olacağıq Fateh Məhəmmədin qulları, qaravaşları. Siz də səhərdən axşama ona dua oxuyur, qurban kəsirsiniz. Elə ki, yerini bərkitdi, onda deyəcək, bura bax, gətir o vergilərin hamısını. Onda hər şey gec olacaq.
Bu vaxt hamamda kirli saqqalı, cır-cındır geyimi, əlində kəşkülü və təbərzini olan bir dərviş oxumağa başladı.
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.
Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ab eylədim, tutdu aləmi sərbəsər,
Yeri-göyü, ərşi-kürşü yaradan Səttar idim.
Girdim adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim.
Dərviş şe’ri oxuyub qurtarandan sonra təbərzini qaldırıb yerə vurdu.
– Oyanın ey insanlar, ey dünyanın zülmünə dözüb, qabaqlarına it kimi bir tikə sümük atanda dünyada özünü xoşbəxt bilən məzlumlar. Yer üzünə zamanın sahibi qayıdıb.
– Kimdi zamanın sahibi, Əhməd padşah? – deyə dəllək maraqla soruşdu.
– Zamanın sahibi birdi. Vaxtilə qeyb olmuşdu, indi qayıdıb. Bu şe’r də onun sizə müraciətidi.
Dərvişin kəşkülünü pulla doldurdular, onu sorğu-suala tutdular. Zamanın sahibinin kim olduğunu soruşdular, demədi. Harada peyda olduğunu soruşanda, bircə kəlmə dedi:
– Ərdəbildə!
Əbih Sultan barmağını dişləri arasına aparıb sıxdı.
– Bu İsmayıldı. O vaxt da əlimdən çıxdı. Onun gözlərindən mən qorxmuşdum. O gözlərdə çox şey oxunurdu və ona görə də bütün ölkəni ələk-vələk elədim, tapa bilmədim. Ərdəbil qazisi də dedi ki,axı o zamanın sahibidir, o qeyb olub, təzədən peyda olacaq və səni harada gizlənsən də tapacaq. İndi o peyda olub. Mən niyə axır günü yox, elə yaşadığım günü fikirləşmişəm.
Onun bədənində soyuq tər damcıları əmələ gəldi. Alnında, kürəyinin arasında elə bil damcılı buz bulaq axmağa başladı və onu üşütmə tutdu. Dərvişin oxuduğu o qəzəl heç kimin yox, zamanın sahibinin, hər şeyə üsyan edən, dünyadan əvvəl yarandığını təsdiq edən şəxsin, həm də çox qüdrətli, mö’cüzəli bir şəxsin dilindən çıxıb. Bu onun şe’ri yox, dünyaya, insanlara ittihamıdır və özünü Allahla bərabər tutur, bir az ondan kiçilir. Yox, bu İsmayıl doğrudan da möcüzələr törədəcək və onda Əhməd padşahın da ölümünə bir şey qalmayıb.
Əbih Sultana ölüm soyuğu, şaxtası keçmişdi və dəllək də onun rənginin ağardığını, soyuduğunu hiss elədi. Qışqırdı:
– Camadar!
Belinə qırmızı fitə bağlanmış arıq, damardan, dəridən və sümükdən ibarət olan, ağzında damaqdan və dildən başqa heç nə qalmayan camadar qaçıb gəldi.
– Bu müştərini isti suyun altında yaxşı-yaxşı ovxala. Yoxsa, ölüb əldən gedəcək.
– Nə olub?
– Zamanın sahibinin gəldiyini eşidən kimi belə oldu. Görünür bu dünyada günahları o qədər çoxdu ki, hələ məşhər ayağında dayanmış canını tapşırmağa tələsir.
Əbih Sultanın danışmağa dili yox idi. Dəlləklə camadar onu buxardan göz-gözü görməyən hamama gətirdilər...
Ölkənin əhalisi iki tərəfə ümidlə baxmağa başlamışdı. O tərəflərdən biri Təbriz idi, Əhməd idi ki, vergiləri azaltmışdı, bu görünməmiş iş idi, kasıb-küsüb üzünü tutmuşdu Təbrizə və ona dualar tökürdü. Amma bu qanun Təbrizdən kənara çıxmamışdı. Çünki, Əhməd padşahın ətrafındakı osmanlı qoşunlarının əsas vəzifəsi Təbrizi əldə saxlamaq, cavan şahı qorumaq idi. Əyalətlərə göndərilən fərmanlar isə yenə də əmirlərin əlinə düşürdü. Təbriz sarayında o əmirlərə verilən syürqal yarlıqları, fərmanları e’tibarsızdır deyə yandırılan kimi, əyalətdəki əmirlər də şahın fərmanlarını boş kağız parçası kimi yandırır, qara camaatdan istədikləri vergiləri toplayır, bir az da qüvvətlənirdilər. Çünki onları topvergiyığanlar birbaşa əslində ixtiyardan salınmış əmirlərin anbarlarına yığırdı. Qara camaat şahın fərmanını eşitmişdi, ona görə də axın-axın kəndlərini, el-obalarını atıb Təbrizə axışırdılar. Birdən-birə Gün doğandan – Ərdəbildən bir səs ucaldı:
– Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.
“Zamanın sahibi peyda oldu” xəbəri də hamıya çatdı. Əvvəl onları bir ümid yarıdırdısa, indi artıq ikinci ümid ortaya çıxmışdı. İndi hara üz tuqacaqlarını da bilmirdilər.
Ədalət gətirib onları ağır yükdən xilas eləməyə çalışan padşahın yanına, yoxsa yer üzündəki bütün ədalətsizlikləri məhv eləməyi, zülmkarları məşhər ayağına çəkməyi özünün əsas məqsədi e’lan eləyən zamanın sahibinin yanına... Hamı başını itirmişdi. Belə qarışıq, iki ümid arasında dayanıb çaş qalan vaxtda ən fərasətlilər, özlərinin bir məqsədi olanlar daha çox qazanc götürə bilərdi.
Camadarla dəllək Əbih Sultanın soyuq tərini isti buxarla müalicə edəndən sonra özünə gəlmiş, təzədən ondan isti tər açılmış və fikirləşmişdi ki, üçüncü soyuq tərə qədər onun ömrü var və bu müddətdə bildiyini etməlidir.
O, bu iki ümidin heç birindən yaxşılıq, xeyir gözləmirdi və onların hər ikisini məhv eləməyin planlarını tökməyə başladı. Yenə də “namaza” dayandı.
– Ya tanrı, məni heç vaxt naümid qoymamısan. İndi də mənə ağıl göndər. Elə bir ağıl ki, Əhməd padşahı da, zamanın sahibini də aradan götürməyə çatsın. Bilirəm ki, onların ikisi də güclüdür. Heç birinə qarşı qoşun çıxarmaq olmaz. Əvvəla mənim qoşunum yoxdur. Rüstəm Mirzənin xəzinəsindən başqa məndə heç nə qalmayıb. Əhməd padşahı qoşunla heç vaxt məğlub eləmək olmaz. Onun arxasında elə qüdrətli bir hökmdar dayanıb ki! Zamanın sahibinə qarşı da gedə bilmərəm. Bəs necə eləyim? Bu iki qüvvəni biri-birinə salmaq necə? Yox, o da alınmayacaq. Əhməd padşah Ərdəbil tərəfə qızılbaşların üstünə qoşun göndərməyəcək, çünki İsmayılı o güclü qüvvə hesab eləmir. Əyalət hakimlərinə tapşıracaq, onlar da qorxularından ona qarşı güc göstərməyəcək. Bəs kimə arxalanmaq olar? Ey ulu tanrım, mən səndən nə qədər də razıyam. Sənin köməyinlə tapdım. Şirvanşah Fərrux Yasar. Bu məqamda onnan başqa ikinci bir qüvvə bu iki axının qabağını almağa qadir deyil. Birincisi Fərrux Yasar Rum sultanının Təbrizi tutmağına yəqin ki, tez bir zamanda Şirvanın istilası və şirvanşahların aradan götürülməsi kimi baxır. İkinci tərəfdən Təbriz taxtı onun yaxın qohumlarının əlindən çıxıb. Təzədən Ağqoyunluların qanı yad qana qarışmamış şahzadələri, ya Əlvənd, ya Murad Mirzəni taxta çıxarmaq üçün əlindən gələni eləyə bilər. Bu işdə ona kömək lazımdır. Çünki onun yanında mənim qədər ağıllı siyasətçi yoxdur. Axı o bilir ki, Bəysunquru taxtdan mən salmışam, döyüşdə mən məğlub eləmişəm. Bunun əvəzini mənə qaytarmazmı? Yox, inanmıram. Nə Bəysunquru qaytarmaq olar, nə də Sultan Yaqubu. Bundan sonrakı işlərdə isə onun ən yaxın köməkçisi olan Əbih Sultan, onun qohumlarını Təbriz taxtına qaytarır. O, dünya görmüş qocadı.
O ki qaldı qızılbaşlara, onlar Fərrux Yasarın ən qəddar düşmənləridir. İsmayılın öldürülməyi üçün bütün xəzinəsindən keçər.
– Tapdım çıxış yolunu yenə. Ey ulu tanrı, sən mənim ağlımı həmişə belə kəsərli, qılıncımı iti, atımı yüyrək elə.
Payız yağışlarla başlamışdı. Pirsaat çayının iki tərəfində ovulmuş, min illərlə sellər-sularla yuyulmuş, yayılmış, o dənəvər torpağa çevrilmiş təpələrdə təzədən göy otlar cücərirdi. Yağış təzəcə dayanmış, qara yun əlçimi kimi uzanmış buludlar keçib aşağıya, Kür üstünə getmişdi. Bu təpələrdən indi yuyulmuş, təmizlənmiş, toz altından çıxmış yovşanın ətri gəlirdi. Atlı cilovu buraxıb sonsuz-bitkisiz təpələrin arasındakı cığırlardan aşağıya– Pirsaat çayının vadisinə enirdi.Baba dağından başlayıb Şamaxı yanından keçən çay burada torpağı neçə yerdən qılınc kimi kəsmiş, özünə yol açmışdı. Atlı dayandı, qarşısında, vadilə çayın sol sahilində uca minarə görünürdü. Əlini sifətinə çəkib salavat çevirdi. Bura Pirhüseyn Xanəgahı idi. Gün aşağılara əyilmişdi. Günün qızıl xəncərlərə oxşayan şüaları buludların arasından keçib yerə sancılmışdı. Qalan hər tərəf bulud idi və belə görünürdü ki, bu buludlar tezliklə çəkilib gedəcək.
Kürün Cavad bərəsindən adlayan atlı yolda narın yağışa düşüb sümüklərinə qədər islanmışdı və Xanəgahı görəndən sonra sevindi. Üst-başını qurudacaq, gecələyəcəkdi. Özü də möhkəm acmışdı.
At da elə bil yaşayış məskəni gördü və addımlarını yeyinlətdi. Yol kənarlarında cücərən yaşıl otlar o qədər kiçik idi ki, onları qırpa bilməmişdi.
Atlı xanəgahın həyətinə girəndə burada çoxlu dərviş, tacir, cürbəcür yol adamları gördü. Yəhərdən düşdü. O, rübənd salmışdı və gözlərindən başqa onun sifəti görünmürdü. Atı yedəyinə alıb hər iki tərəfi mavi kaşılarla bəzənmiş darvazadan içəri girdi, xanəgahın içərisinə girən kimi sağ tərəfdəki qapı minarəyə qalxırdı, sol tərəfdə hovuz vardı və onun yanında bir neçə at bağlanmışdı. O da atını bağladı, tərpənişlərindən xanəgah xidmətçilərinə oxşayanlara tapşırdı ki, atın qabağına arpa töksünlər. Özü də yemək üçün hara getməyi öyrəndi. Karvansaranın yanındakı hücrələrdə adamlar yeməklə məşğul idi. O da oturdu. Piti, plov yedi, sonra isə xanəgahın ibadətgahına girib buradakı qəbirləri ziyarət elədi. Ondan qabaqda dayanıb ibadət eləyən, eyni vaxtda namaz qılan ona tanış gəldi. Ancaq harada gördüyünü fikrinə gətirə bilmədi. Qara örtük çəkilmiş qəbrin üstündə yanan şamların titrək işığında bu adamın kürəyini və boynunun ardını görürdü. Bir də ki, bu dünyada o qədər adam görmüşdü ki, onlarla üz-üzə, göz-gözə gəlməmək üçün sifətini örtmüşdü.
Elə oldu ki, qabaqdakı adam namazını və ibadətini qılıb qurtarandan sonra çıxdı, o isə hələ də fikirləşirdi.
Tanıya bilməmişdi.
– Necə eləyim? Buradan çıxıb Şamaxıya yol alımmı? Gecədir, yolları da tanımıram. Qaçaq-quldura rast düşərəm birdən.
O, ibadətxanadan çıxanda gördü ki, qarşısında həmin adam dayanıb.
– Axşamın xeyir, Əbih Sultan.
Bu Cibo Səfər idi və Əbih Sultanı gözlərindən tanımışdı. Əbih Sultan onu indi tanıdı və əvvəl boynundan atmaq istədi.
– Məni kiminləsə səhv salırsan.
– Yox. Neçə dəfə mənə pul vermisən. Demisən ki at al, libas al. Cibo Səfərəm də, Murad bəy gətirmişdi ha “Səkkiz behişt” sarayına.
– Hə, hə, indi tanıdım. Amma mənim kim olduğum barədə bir kəsə də bir kəlmə demə, oldu?
– Bu nə sözdü? Mən çox ağzıbütöv adamam. Soruşmaq ayıb olmasın, hara belə?
– Heç özüm də bilmirəm. Bəs sən hara?
– Mən də neçə illər yad ölkədə dolandım, indi görürəm, yox. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Daha qocalmışam, istəyirəm qohum-əqrabanın yanında ölüm, onların çiynində gora gedim. Görürəm ki, yad danası tutanın axırda çatısı əlində qalır.
Əbih Sultan onun dediklərinə, yanmış, qaralmış sifətindəki xırda göy gözlərinə inandı. İnandı ki, onun qəlbi artıq qızılbaşlardan qırılıb,ümidlərini itirib, geri dönür.
Amma Cibo Səfər məqsədini ondan gizlədirdi. Hamıdan gizli saxlamalıydı o məramı. Çünki onu Şamaxıya Lələ göndərmişdi. Oradakı dərvişlərə qızılbaşların sözlərini çatdırmalıydı, “Zamanın sahibinin” gəlməyi xəbərini yaymalıydı. Budur, yenə də Əbih Sultanla qarşı-qarşıya gəldi. Onlar gəlib hücrədə oturdular. – İndi haradan gəlirsən?
– Haralarda olmadım ki? İsfahanda, Şirazda. Gördüm yox, əl vermir. Heç kimi tanımıram, heç kim də məni tanımır. Bir gün küçədə öləcəm, it kimi sürüyüb atacaqlar bir dərəyə, üstümü torpaqlayacaqlar.
Əbih Sultan cibindən bir kisə də pul çıxarıb onun cibinə qoydu.
– Götür. Mən sənə demişdim ki, qızılbaşlara uyma, onlar şiə, sən sünnü. Sənə sahib durmayacaqlar. Arada bir sözümdən çıxdın. İndi gəlirsən də mən deyənə.
– Düz deyirsən, başına dönüm.
– Onda mənə Şamaxıya qədər yoldaşlıq eləyərsən?
– Niyə eləmirəm. Elə mən də yoldaş axtarırdım. –Cibo Səfər məmnuniyyətlə razı oldu.
– Mən İsfahan körpüsünü çox xoşlayıram.
– Hansı körpünü?
Əbih Sultan indi başa düşdü ki, Cibo Səfər ona yalan deyir. Nə İsfahanda olub, nə də Şirazda. Üstünü vurmadı. Demək onu qızılbaşlar göndərib.
– Səfər, eşitmisən, sahibi zaman zühur eləyib.
Səfərin rəngi bir az dəyişdi.
– Rəngin niyə qaçdı?
– Sahibi zaman zühur eliyəndə adamın gərək qanı qaçsın. Rənginə nə var ki. Harada zühur eləyib?
– Ərdəbildə. İsmayıl zamanın sahibi kimi ortalığa çıxıb. Xəbərin var?
– Yox, eşitməmişəm. Sən onlara elə sitəm çəkdin ki, bir də özlərinə gələlər?!
Onların söhbəti xeyli çəkdi. İkisi də biri-birilərini başa düşdülər, amma üstünü vurmadılar və özlərini elə göstərdilər ki, guya heç nədən şübhələnmirlər. Sonra Səfər əsnədi, yatmaq bəhanəsilə çıxdı və onunla gələn, ancaq guya onu tanımayan dərvişlərdən birini darvazadan çölə çıxarıb başa saldı ki, o geriyə qayıdıb Əbih Sultanın Şamaxıya getdiyini xəbər versin.
Həmin gecə Əbih Sultan da yatmadı. Obaşdan yuxudan oyanan Cibo Səfər onu tapa bilmədi.
Qızılbaşların min beş yüz nəfərlik dəstəsi Ərdəbilin yanında düşərgə salmışdı. Lələ təzədən şəhər valisi Əli bəy Cəyirlinin yanına adam göndərdi, qızılbaşları şəhərə buraxmağı tələb elədi.
Əli bəy Cəyirli Rüstəm Mirzədən sonra yüksəlmişdi, Ərdəbil valisi olmuşdu. Onun bacarığına, çevikliyinə, igidliyinə görə arxayın olmuşdular. Həm də Ərdəbil elə bir yer idi ki, orada hər adam baş çıxara bilməzdi. Çünki Şeyx Səfiyyəddin piri ölkə içində ölkəydi və bu ölkə Ərdəbilin içərisinə düşmüşdü. Müridlər Rüstəm padşahın vaxtında da bura axışırdı. O müridlərin isə öhdəsindən gəlsə Əli bəy Cəyirli gələ bilərdi. Əli bəy bir tərəfdən də Ağqoyunlu şahzadəsi Əlvənd Mirzə ilə qohum olduğuna görə Əbih Sultanı saraydan uzaqlaşdırmışdı. Əlvənd Mirzəni Rüstəm Mirzənin yerinə keçirəcəyindən şübhələnmişdi. Ərdəbilə göndərməklə onun başını qarışdırmışdı.
Əli bəy də Əlvənd Mirzəni yanında saxlayır, məqam gözləyirdi. Rüstəm Mirzə öldürülüb yerinə Gödək Əhməd paşa keçəndən sonra onlar hər an fürsət axtarırdılar. Əlvənd Mirzə taxta çıxmalıydı. Onun bircə rəqibi var idi: Murad Mirzə. İndi kim tez tərpənsə, həmin şahzadə taxta oturacaqdı. Əhməd padşah isə hələlik taxtda oturmuşdu və öz islahatları ilə məşğul idi. Birdən-birə bu müridlər çıxdı meydana. Əli bəy məsələdən xəbər tutan kimi şəhərin darvazalarını bağladı. Onun kifayət qədər qoşunu da vardı, İsmayılın kiçik dəstəsinin üstünə gedə bilərdi. Qorxurdu. Bir ondan qorxurdu ki, sahib zamanın mö’cüzəsi onu daşa döndərər, ya başına başqa oyunlar açar, ikincisi də qorxurdu ki, döyüşçüləri şəhərdən çıxan kimi İsmayılın tərəfinə keçərlər, o isə Əlvənd Mirzə ilə tək-tənha qalar. Onları şəhərə buraxmağa da qorxurdu. Onu tutub yerində öz adamlarını oturdarlar, bütün var-yoxunu talan eləyərlər, Əlvənd Mirzənin burada olduğunu bilsələr onların hər ikisini götürüb apararlar.
Qapılar bağlanandan sonra şəhərin camaatı küçə və meydanlara, qala bürclərinin üstünə qalxıb uzaqdan da olsa, İsmayılı görmək istəyirlər. Əli bəy Cəyirlinin hərəkəti onların hamısını pərt eləmişdi. Şeyx Səfiyyəddin türbəsində gündə üç dəfə ehsan yeyən adamların heç biri şəhər hakimindən acgözlükdən başqa bir şey görməmişdi, istər-istəməz İsmayılın tərəfində idilər. Şəhərdə uğultu artırdı. Fərraşlar da görürdü ki, bu adamların qabağında heç bir qapı dayanmayacaq.
Bu vaxt dağın üstündəki çadırların yanında yüyəni və yəhəri alışıb-yanan bir ağ at göründü və bərkdən kişnədi. Bunu görən şəhər əhlindən bir “vaveyla”, “şaxsey-vaxsey” nidası qopdu ki, gəl görəsən. Hamı bilirdi ki, zamanın sahibi ağ atın belində “peyda” olacaq.
Amma Mehdi sahibi zaman üçün heç bir hasar, darvaza, sədd olmamalı idi. O hamısını keçməlidir. Bu isə elə atın üstündə dayanıb baxır.
– Canım sənə qurban, ey xilaskarımız.
– Çox özündən çıxma, sahib zaman hələ bir şəhərə sahib dura bilmir, - deyə kimsə dilləndi və yüz yerdən onun başına qapaz endi. Bir də gördülər ki, o sözü deyən ayaq altında pamal olub.
Əlvənd Mirzə Əli bəy Cəyirliyə dedi:
– Bəlkə qoşunu çıxarıb onları şil-küt eləyək?
– İnanmıram. Onlar o tərəfdən, qara camaat da bu tərəfdən başlasa işlər fəna olar.
Camaat darvazalara tərəf axışdı. Keşikçilər axını görüb qaçıb gizləndilər. Və qapıların arxasına keçirilən tirləri çıxarıb onları taybatay açdılar. Axın dağa tərəf getdi, yoxuşu çıxana qədər xeyli çəkdi. İsmayıl ağ atın üstündə oturub onlara baxırdı və birdən-birə Lələ başa düşdü ki, bu adamlar ehtirasdan atı da, İsmayılı da tikə-tikə eləyə bilər, özü qabağa çıxdı, əllərini yuxarı qaldırdı:
– Xamuş! -deyə qışqırdı.
Axın yoxuşu çıxanda yorulmuş, təngnəfəs olmuşdu. Hamı dayandı. Lələ onlara müraciətlə başladı.
– Ey əhli Ərdəbil, üzünüzə gün doğan gündür. Şeyx Səfiyyəddinin ocağından dünyaya gələn sahibi əz zamanı ilk dəfə siz görmüsünüz. O, sizin bütün günahlarınızı, o günahlar ki, o dünyada inkir-minkir dindirib hamısına görə sizdən cavab tələb edəcəkdi, onları bağışlayır. Özünüz gördünüz ki, sahibi zaman qarşısında qapılar özü-özünə taybatay açılır. Necə ki, Ərdəbil qapıları açıldı. İndi biz hamımız Şeyxin türbəsində namaz qılmağa gedirik və xoşbəxtlikdən pişnamazımız zamanın sahibi olacaq.
Minlərlə adam göz yaşını leysan kimi tökür, hönkürtü səsi qayalarda əks-səda verirdi.
– Xamuş, – deyə Lələ yenə onları sakitliyə də’vət elədi. Səslər kəsiləndən sonra o sözünü dedi. – Zamanın sahibi ilahinin bizə göndərdiyi paydı. O, o qədər pak və təmizdir ki, biz dünyanın bütün günahlarına batmış əllərimizi ona toxundursaq, o yenə də qeybə çəkilər və bütün ümidlərimiz alt-üst olar. Ona görə də hamını xəbərdar edirəm, heç kim üç qulacdan artıq sahibi zamana, onun atına yaxın gəlməsin.
Ey camaat, sahibi zamanın peyda olmasının şahidi mən olmuşam. Qarşınızda dayanan qızılbaş bəyləri olub. O bəylər ki, indi burada dayanıblar. – Lələdən arxada Dədə bəy, Bayram bəy və Rüstəm bəy Qaramanlılar, Xadim bəy Xulafa, Qara Piri bəy Qacar siyirmə qılıncla dayanmışdılar və indi onların hamısı qırmızıgöz Həzrət Abbas cildindəydilər. Onların arxa tərəfində ayaqlarını götürüb qoyan atın yəhərində oturan, Sultanəli kimi ağ libaslı, qızılbaş çalmalı və sifətinə rübənd salınmış İsmayılı tərpədirdi.
– Göydən vəh gəldi. O şe’r şəklində gələn vəhi eşitmisiniz.
Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ab eylədim, tutdu aləmi sərbəst,
Yeri, göyü, ərşi-kürşü yaradan Səttar idim.
Adamlar dərvişlərin dilindən eşitdikləri bu şe’ri dinlədikdən sonra təzədən “şaxsey-vaxsey”, “ya Hüseyn, va Hüseyn”-deyə qışqırır, əllərini dizlərinə və başlarına vururdular. Bu qapazların ritmik səsi dağı-daşı titrədirdi. Lələ əlini qaldırdı, hamı sakitləşdi.
– Sizə zamanın sahibinin peyda olmağından danışıram. Elə ki, bu vəh şe’r şəklində zamanın sahibinin dilindən qopdu, məni də, qızılbaş ağsaqqallarını da titrətmə tutdu. Başımızda tüklər qalxdı. Amma bu harasıdı. Bir də gördük ki, bir at kişnəyir. Elə bir dəli kişnərti var ki, olmayan kimi. Hamımız məəttəl qaldıq. Zamanın sahibi gülümsədi və bizi öz arxasınca evdən eyvana çıxartdı. Hardansa peyda olan ağ at ki, indi onu görürsünüz, çapa-çapa bizə tərəf gəldi. Zamanın sahibini görən kimi sağ qolunu qatlayıb yeri eşdi, başını əyib qul kimi dayandı. Hamıya mə’lumdur ki, sahibi zamanı gözləyən millətimiz hər yerdə ağ atlar alıb yəhərli-yüyənli saxlayırdılar. Bunu görən dünya malına hərislər cəhənnəmin qır qazanında bişəcək. Vicdanını itirmiş vücudlar o atların qiymətini də qaldırmışdılar. Amma zamanın sahibinə bazardan alınan at lazım olmadı. Bu qızıl yəhərli, qızıl yüyənli köhlənin özünü xəlqüaləm göndərib. Harda yerə endiyi də mə’lumdur. Lahicanda qayalar var ki, orada heç keçi də gəzə bilmir. Kim getsə, o qayaların başında bu müqəddəs köhlənin ayaqlarının izini görər. İndi o qayalıqlar ziyarətgaha çevrilib.
Lələnin sözlərindən sonra şaxsey-vaxsey təzədən başladı. Haradansa bir dəstə ağ kəfənli peyda oldu. Deyəsən bunları Lələ özü ayırmışdı. Müridlər idi, ağ kəfən geymişdilər. Əllərindəki qılıncları yavaş-yavaş alınlarına endirdilər. Elə vururdular ki, o qılınc dərini kəsirdi, amma kəllə sümüyünə çatmırdı. Bir anda onların əyinlərindəki ağ kəfənlər qana bulandı.
İsmayıl Lələnin danışdıqlarına qulaq asır, onun məharətinə məəttəl və heyran qalırdı. Bu məharət sərkərdə hünərinə oxşayırdı. Qalaları, şəhərləri almaq istəyən sərkərdə öz əməlini həyata keçirmək üçün hər cür hiyləyə, yalana da əl atır. Amma istədiyinə çatır. Lələ də bu atın peyda olmasını elə danışır ki, bu an İsmayıl da ona inanmağa başlayırdı. Yəqin ki, nə vaxtsa özü də belə danışacaq. Yoxsa bu ümidi yığılan insanlara inandırmaq olmaz. Əgər desə ki, atı Lahicanda Mirzə Əlinin ilxısından seçib, özünə də xeyli tə’lim keçmişik, onda kimin qəlbində ümid qalar? O qığılcım sönüb gedər. Qara camaatın da, qızılbaşların da ümidləri alt-üst olar.
– Biz qeybdən gəlmiş köhlənə Qızılqanad adı vermişik. O, ayaqlarını yerə döydü. Bir anda bütün qızılbaşlar atlandı. Amma hara gedəcəyimizi bilmirdik. Çünki zamanın sahibinin divan edəcəyi-məzlumların haqqını tapdalayan, halalı harama çevirən, dünyanı cəhənnəmə döndərən məxluqlar hər yerdə var. Amma Qızılqanad bizi gözümüzü açıb yumana qədər Ərdəbilə çatdırdı. Bu üç-dörd mənzillik yol idi.
Zamanın sahibi buyurdu ki, onun böyük səfəri, ölkədə xeyiri şərdən, işığı zülmətdən, yaxşını pisdən, acını şirindən ayırmaq üçün başlayacağı səfər Ərdəbildən, Şeyx Səfi türbəsindən başlayacaq, ona görə də Qızılqanad oraya tələsir. Xamuş, sakit olun, zamanın sahibinin mübarək səsini eşidin.
Başlara dəyən qılınclar, sinəyə dəyən ağır zəncirlər, ağızlardan, burunlardan çıxan nəfəslər dayandı. Bütün güc qulaqlara keçdi. Onun hər sözünü eşitmək istəyirdilər. İsmayıl rübəndini qaldırmadı.Tülün arxasından dumanlı gördüyü insanlara üzünü tutdu.
– Ey aciz və fəqir insanlar!
Hamı onun sinəsində məlahət hiss elədi. O səsdəki məlahətdən də qat-qat artıq, əldə imkanları olsa bir-bir bu sözləri tutub sapa düzər, ürəklərinin başında gəzdirərdilər.
– Allah təala hamını eyni gözdə görüb. Hamıya iki göz verib görsün, iki qulaq verib eşitsin, hamıya iki əl verib işləsin, amma hamıya bir ürək verib, bir ağız verib yesin. Bunun əvəzində insanlar nə eləyir? O gözlər ki, görmək üçündü, onları döndəriblər mə’dəyə, o mə’də isə həmişə acdı. Acgözlük bir insanı başqasının varına, dövlətinə, canına qəsdə sövq eləyir. Qulaqlar eşidir. Amma o qulaqlar xoş xəbəri yox, pis xəbəri ürəklərə daha tez çatdırmağa öyrəşib. O əllər ki, Allah təalanın hədiyyəsidi, onunla yer əkmək, ağac bitirmək, dünyanı cənnətə çevirmək üçün ə’ta olunub, o qılınc götürür, qanlar tökür ki, həmişə göydə olmalı, göylərdən xoşbəxtlik və kərəm diləməlidir, haram mala uzanır, oğurluq eləyir, özgəsinin malına və canına qəsd eləyir. O ürək ki, özgəsinin dərdini duymağa görə verilib, məzlumun göz yaşından, yer üzünü tutan bədbəxtlikdən sıxılmır. Kif bağlayıb o ürəklər. Təmizləyin o ürəkləri.
Yuxuda babam Həzrət Əli gözlərimdən öpdü, mənə dedi ki, tanrı səni zamanın sahibi kimi yer üzünə göndərir, birinci o ürəkləri təmizlə. Əgər o ürəklərdə xılt, natəmizlik varsa, yenə də insanlar Allah göndərdiyi rüzunu yox, qurd kimi bir-birilərini yeyəcəklər.
Mən gəlmişəm o ürəklərdəki kifi, xıltı təmizləyəm. Hansı ürəkdə xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar özlərindən küssünlər.
Neçə nəfərin ürəyi gedib yıxılmışdı. Birinin ağzından köpük daşlanır, ağzı-gözü əyilirdi və heç kim ona fikir vermirdi. Çünki əvvəla ona fikir verməyə heç kimin vaxtı və imkanı yox idi, ikincisi də onu belə görənlər daş-qalaq eləyirdilər. Demək ürəyi naqisdir ki, zamanın sahibinin sözlərinə dözməyib, ürəyi keçib.
Əli bəy Cəyirli camaat çıxandan sonra darvazaları bağlatdırmışdı. Arvadlara da hay indi çatmışdı, onlar da qala bürclərinin üstündəydi, oradan enib “şaxsey-vaxsey” deyə-deyə darvazalara hücum çəkirdilər. Keşikçilər nə qədər qılınclarını şaqqıldatdısa da bir şey çıxmadı.
Ağ atın ətrafında o qədər adam vardı ki, nə ot, nə kol, nə daş, nə torpaq görünürdü. Birdən bu təpələr elə bil hərəkətə gəldi. Axın şəhərə tərəf tərpəndi və sonra onların arasından bir yol açıldı, həmin yolla üstündə İsmayıl oturmuş Qızılqanad Ərdəbilə tərəf gəlməyə başladı.
Rəngi kəfənə dönmüş Əli bəy nə edəcəyini bilmirdi. Nə darvazalar, nə silah, nə şəhər hakiminin hökmü kömək eləmirdi. O görürdü ki, bu elə qüvvədir ki, doğrudan da zamana sahiblik eləyə bilər. Qarşısında heç bir səd-filan dayanmır.
Əlvənd Mirzə də onunla bərabər qorxu içində canlarını hara qoyacaqlarını bilmirdilər. Bir azdan bu axın yerisə nəinki onları, sığındıqları bu evləri, eyvanları tikə-tikə, kərpic-kərpic qoparıb toza döndərərdi. Onlar bayaqdan eyvandan baxırdılar, adamlar tərpənəndə artıq dayana bilmədilər və geri çəkildilər. Əlvənd Əli bəyə dedi:
– Yaxşı ox atanların varsa çağır. Zamanın sahibini vursun.
– Zamanın sahibinə ox batar?
– İnsan deyil?
– Bilmirəm.
Adamlar qala qapısına çatanda qıyya çəkən arvadlar fərraşların üz-gözlərini dırnaqları ilə al qana boyayıb darvazaları açdırdılar. Çöldəkilər də necə cumdularsa, bu ağır, dəmir, yoğun cəftəli qapıları dartıb cəftədən çıxartdılar, hay-küy, qışqırıq qopdu. Qapının altında qalıb əzilən, qol-qıçı sınan, ölən də vardı. Amma onlara heç kəs baxmırdı.
İsmayıl Qızılqanadın yüyənini çəkdi. Hamı dayandı.
– Qaldırın o qapıları, o fağırlara kömək eləyin, şəhidləri Darül İrşada gətirib imam övladları kimi dəfn eləyin.
Qapıları qaldırdılar. Ölənləri götürdülər. Çiyinlərində açıq qalmış qapıdan Darül İrşada tərəf aparmağa başladılar.
Artıq Əli bəy Cəyirlinin fərraşları da işi belə görüb camaata qoşuldular.
İnsanların fəryadları, fəci nidaları damlardan içəriyə torpaq tökürdü. Amma bu fəryadlar imam tə’ziyyəsindəki tük ürpədən ağlaşma deyildi. İndi hamı sevindiyindən ağlayırdı, sevincindən başını yarır, sevincindən yanaqlarını cırır, sevincindən saçlarını yolur, əyinlərindəki paltarlarını cırırdılar.
Birdən bu yüksəkliyin, ekstazın, müqəddəsliyin təzahürünün yanında xoşa gəlməyən bir iş oldu ki, o hər şeyi korlaya bilərdi. Lələnin dediyi kimi, qeybdən keçi çıxa bilməyən qayalara düşən, orada ayaq izləri qoyan, həmin ayaq izləri ziyarətə çevrilən Qızılqanad bütün atlar kimi yolda təsləməyə başladı.
Bütün müsəlman aləmində müqəddəsləri özgö cür tanıyıblar. Onların hətta çörək yeməyinə də inanmayıblar. Zamanın sahibinin mindiyi atın təsləməyi bu adamları onlara qarşı çevirsə, qızılbaşların birində bir salamat tikə qalmaz. Deməli, qızılbaşlar onları aldadıb, müqəddəs hisslərilə oynayıb.
Yaxşı ki, İsmayılı atla bərabər qızılbaş müridləri dövrəyə almışdı, hamının da fikri öz canının hayındaydı. Lələ bunu gördü, bir an fikirləşdi və tez kaftanının üstündən geydiyi əbanı çıxarıb atın tərkinə atdı. Nə üçün belə elədiyini də bəlkə heç kim bilmədi.
Əli bəy Cəyirlinin çağırdığı sərrast oxatan kamanı, oxu, oxqabı ilə gəlib çıxdı. Ucaboy, heyvərə bir adam idi. İri, uzanıb altına qapqara çirk dolmuş dırnaqlı əlini döşünə qoydu.
– Mən qulluğunuzda hazır, Əli bəy.
– Nədi sənin adın, igid?
– İsmim Nurquludu.
– Nuru qulu, necə ox atırsan?
O, dönüb eyvandan baxdı, oradan meydan, adamlar, Şeyx Səfinin dəfn olunduğu Darül İrşad görünürdü. Darül İrşadın günbəzinə bir ağ göyərçin qonmuşdu.
– Ağa, o pirin üstündəki göyərçini görürsən?
Əli bəy əlini qaşına qoyub xeyli baxdı. Darül İrşadın günbəzi ona kölgə kimi görünürdü. Amma öz qəbahətini Nurquluya açmadı.
– Görürəm. Ağ göyərçindi , qara da gözləri var.
– Çox düzdü. Dimdiyinin üstündə buruna oxşayan deşiyi də görürsən?
– Görürəm.
– Mən oxu onun burnunun deşiyindən də keçirərəm, gözündən də. Hansını istəyirsən?
Əli bəy gördü ki, o doğrudan da öz işinin ustasıdır. Şübhə yeri qalmadı. Ona bircə ox lazım idi. Haradan atıldığı da bilinməsin. Yoxsa o adamlar onun tikəsini qulağından da kiçik eləyərlər.
– Zəhərli oxun varmı?
Nurqulu hırıldadı.
– Zəhərli oxu o adam gəzdirir ki, onun öz gözünə, əllərinə e’tibarı yoxdu. Haradan dəydi, dəydi. Ölümcül olmasa da oxdan yaralansa da, zəhərdən ölsün. Mən hələ o qədər qocalmamışam. Gözlərim görür,əllərim də əsmir.
– Çox yaxşı. Onda mənə de görüm günbəzdən aşağıda - yerdə nə görürsən?
– Çoxlu adam görürəm. Bütün Ərdəbil oradadı, nə yaxşı sən getməmisən, Əli bəy?
– O sənin işin deyil. Daha nə görürsən?
– Ağ at görürəm.
– Üstündəki ağ paltarlı adamı necə?
– Görürəm.
– O kimdi?
– Əli bəy, o bizim kimi adam deyil, zamanın sahibidi. Kaş onun dediklərini eşidəydin. Mən görürəm ki, dünyanı düzəltməyə gəlib.
– Daha nə görürsən?
– Zamanın sahibinin başında qırmızı dilimləri olan çalma görürəm. Bir, iki, üç... Bu tərəfdən altı dilimi var. Deyirlər qızılbaş çalmasıdı. On iki imama görə on iki dilimnən tikiblər.
– Oxun ora çata bilər?
– Çatar. Niyə çatmır. Mənim oxum yarım mənzil yol gedir. Mən göydə durnanı vururam. And olsun ağam Əbülfəzl Abbasın qələm olmuş qollarına durna qatarının başçısına ox atmışam, arxada uçana atmışam, o düşüb, o birilər heç bilməyib, uçub gediblər.
– Sən ki, belə ox atansan, bəs indiyə qədər niyə səni mənə nişan verməyiblər.
Nurqulu çiyinlərini çəkdi.
– Nə qədər alırsan?
– Heç nə qədər. Az. Böyüyümüz deyir sən ovnan əhli-əyalını dolandıra bilərsən.
– Bu çox pis, sənin o onbaşına bir cəza verim ki, heç vaxt özünə gəlməsin. Deməli, sənin donluğunu özünə götürür.
Nurqulunun sifətində qəribə bir uşaq təbəssümü yarandı.
– Yox, başına dönüm. Bilmədim, dilimnən çıxdı. Qələt eləmişəm.
– Donluğunu da artıracam, indi də sənə iki yüz axça verəcəm. Bunun əvəzində bircə ox atacaqsan.
Nurqulu pul söhbəti eşidib sevindi. Amma ox söhbətinə gələndə sir-sifəti tutuldu. Başa düşdü ki, onun atacağı ox çox bahalıdır, vuracağı adam Əli bəyin qəddar düşmənidir.
– Əli bəy, başına dönüm. Sənin düşməninə ox atmaq mənim üçün böyük şərəfdi. Pul-filan da lazım deyil. Nə böyük işdi ki, oxu qoy kamana, nişan al, kirişini dart burax. Vəssalam. Bu yer əkmək deyil, daş daşımaq deyil.
İsmayılın Qızılqanadının yüyənindən Dədə bəy yapışdı. Xadim bəy onun qolundan tutub yerə düşməyinə kömək elədi. Darül İrşada girdi. Bundan sonra adamların “şaxsey-vaxsey”i göyə ucaldı. Elə bil Ərdəbil şəhərinin bütün evləri, küçələri, daşları, ağacları, quşları birlikdə nalə çəkirdi.
İsmayıl içəri girib ziyarət eləyəndən sonra Lələ ilə bərabər çölə çıxdı. Adamların qarşısında düzəltdikləri minbərə qalxdı. Oradan danışmağa başladı:
– Ey Ərdəbil əhli, bura gələnə kimi əgər mənim gücüm bir idisə, indi min oldu. Babam Şeyx Səfinin ruhu, atam Heydərin ruhu mənə zamanın sahibi olmaqda zamin durdular, bu mənə yeni güc verdi. Mən gedirəm. Səyahətimə də bu müqəddəs yerdən başlayıram.
Onun dayanıb danışdığı minbər Əli bəy Cəyirlinin eyvanından çox yaxşı görünürdü və buradan onu oxla Nurqulu çox məharətlə vura bilərdi. Əlvənd Mirzə ilə o birlikdə fikirləşmişdilər ki, Əhməd padşah İsmayıldan böyük düşmən olsa da, zamanın sahibi gələcəkdə onun üçün çox böyük qorxuya çevriləcək. Ona görə də indidən aradan götürmək lazımdır.
– Nurqulu, oxunu çıxart, qoy kamana, o minbərdə danışan adamı vur. – Bu sözü İsmayıl yaşda, sifətinin cizgilərində hardasa onu xatırladan Əlvənd Mirzə deyirdi. Çünki Əli bəy İsmayılı görmürdü.
– Necə? – deyə Nurqulu dəhşətlə soruşdu. – Mən zamanın sahibinə əl qaldırım? Heç ona əl qaldırmaqmı olar? Ona oxmu batar? Ox atmaq fikrinə düşsəm, quruyub daşa dönərəm.
– Deyirsən zamanın sahibinə ox batmaz?
– Yox, ay ağa. Heç bilirsən o kimdi? Bilirsən göydən ona necə vəh gəlib?
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
– Sən də inanırsan?
– Niyə inanmayım.Bu boyda yalan olar, bəs? Altındakı o at ki var, Qızılqanad, o atı göydən göndəriblər. Ayaqlarının izi də Lahicandakı qayadadı. İndi ora kor gedənin gözü açılır, övladsıza qurban olduğum övlad verir. Sizdən də utanmazlıq eləyirəm, bir lal qızım var, sabah götürüb aparacam, qurban kəsim, yalvarım, bəlkə dili açıla. İndi ona mən əl qaldırım? Ox atım? Bu oxşadı Fironun gündüz özünə Allah deyib, gecə də təpəsi üstə asılıb Allaha yalvarmağına.
Əli bəy Cəyirli də qorxuya düşmüşdü və ona elə gəlirdi ki, ürəyi üşüyür. Nə qədər baxırdısa, İsmayılı görə bilmirdi, buna görə də ona elə gəlirdi qəlbindəki nifrətə görə zamanın sahibi onun gözünə görünmür. Əlvənd isə onu qızışdırırdı.
– Sənin günahını biz öz boynumuza götürürük. Nişan al oxu at. Sənə əmr eləyiblər, sən də atmalısan.
Xilafətin doqquzuncu ilində, Ömər xəlifə olanda, islamı dünyaya yayan ərəb ordusu Azərbaycanda Xəzər dənizinin sahilinə qədər gəlib çıxmışdı və onlar Biləncər qalasını mühasirə eləmişdi. Hər yerdə də xəbər yayılmışdı ki, Ərəb atlısına, ərəb əsgərinə ox batmır. Bir gün Biləncərdə yaşayan türklər pusquda dayanırlar, bu xəbərin doğruluğunu öyrənmək istəyirlər. Ərəb əsgəri atı dənizdə yumağa aparır. Bu vaxt kamandan çıxan ox onun kürəyindən dəyib ürəyindən çıxır. Yıxılıb suda ölür. Bundan sonra söz çıxarırlar ki, bu xəbər yalandır.Əlvənd Mirzə isə əhvalatı bilirdi. Bilirdi ki, şiələrin ən çox inandıqları Həzrət Əlini də qılıncla yaralayıb öldürüblər. İndi Nurqulu ox atsa İsmayılı yaralaya bilər, onu lap öldürər də. Amma bu qanmazı başa salmaq çox çətindir. O bilmir ki, ölməyən təkcə allahlardı, onların göndərdiyi Qur’andır. Əstəğfürulla, peyğəmbər özü də ölüb. Bütün insanlar kimi xəstələnib və ölüb.
– Durub ona oxu atmasan, o oxu ürəyinə sancmasan sənin özünü tikə-tikə doğratdıracağam.
– Qurban olum, ay ağa, əgər mən ox ata bilirəmsə, mənim günahım nədir? Niyə məni məcbur eləyirsiniz ki, günah işlədim.
Əlvənd Mirzə bər-bəzəkli xəncərini çəkib qından çıxardı.
– Atırsan at, atmırsan, özün öləcəksən. – Bu sözdən sonra xəncəri onun kürəyinə dirədi. Nurqulu yalvarıcı baxışla özünə kömək, arxa axtarmaq üçün dönüb Əli bəy Cəyirliyə baxdı. Bu baxış elə bil onu ayıltdı, o da xəncəri çəkib bir tərəfdən Nurqulunun böyrünə söykədi:
– At, deyirlər sənə!
Nurqulu kamanını götürdü. Xəncərlərin iti ucu onu eyvana itələdi. Burada bir an dayandı. Ox qabından oxu götürüb kamana qoydu. Kamanı üzünə qaldırdı. O, əvvəl İsmayılı gördü və birdən hər şey itdi, gördükləri əriyib bir-birinə qarışdı. Gözlərindəki yaş ona nişan almağa imkan vermədi.
– Görmürəm, – deyə kövrək səslə yalvardı.
– Necə görmürsən?
– Görmürəm, yaş qoymur.
Əli bəy Cəyirli dəsmalla onun gözlərini sildi.
– İndi necə, görürsən?
– Hə... – Yaş yenə onu boğdu. Birdən-birə kamanı tullayıb üzü üstə eyvana yıxıldı, hönkür-hönkür ağlamağa başladı...
İsmayıl nitqini qurtarıb aşağı düşdü və üzünü qibləyə tutub namaz qılmağa başladı. Bütün Ərdəbil əhli, minlərlə adam onun arxasında dayanıb onun hərəkətini təkrar eləyirdi. İş burasındaydı ki, indiyə qədər məsciddə belə bir-birindən ayrılan qadınlarla kişilər burada birlikdə əyilir, torpağı öpür, qalxır, ibadət eləyirdilər.
Zamanın sahibilə bir yerdə namaz qılmaq ən böyük səadət və xoşbəxtlik idi. Bu xoşbəxtlik hətta qadınları kişilərə məhrəm eləmişdi.
Namaz qurtardıqdan sonra İsmayıl ağ atına mindi. Atın üzünü döndərdi və ucadan dedi:
– Ey Ərdəbil əhli, mən ata yurduma qayıdacam və sizə xoşbəxtlik gətirəcəm.
Şirvanşah Fərrux Yasar babalarının oturduğu, qoltuqları şir şəkilli qızıl taxtda əyləşmişdi və onun hər iki tərəfində oğulları qızıl kürsülərdə oturmuşdular. O, otuz səkkizinci il idi ki, şahlıq edirdi və bu böyük ildönümünü, culus gününü böyük toy-bayramla keçirmək üçün tədbirlər gördürürdü. Amma həmişə rahat keçən şahlığı artıq elə bir məqama gəlib yetişmişdi ki, özü o culus gününü açıq ürəklə keçirəcəyinə inanmırdı. Çünki Sultan Bəyazid Gödək Əhmədi onun ən yaxın dostları olan Ağqoyunlular taxtına çıxartmışdı. Gödək Əhməd Fateh Sultan Məhəmmədin yeganə qızından olmuş, həm də dayısı Sultan Bəyazidin qızı Aynaşah sultanla evlənmişdi. Əhməd padşah isə gələcəkdə 440 ildən çox bir vaxtda Şirvanda hökmranlıq edən şirvanşahlar sülaləsi üçün çox böyük təhlükə idi. Dünyanın yarısını tutan Osmanlı sultanları yəqin ki, Şirvanı da öz hakimiyyətlərinə alacaqdılar. Bu təhlükə qarşısında dayanmağa onun heç bir gücü və qüvvəsi yox idi.
Bu vaxt onun yanına gəlib sirli bir adamın şahla çox vacib işi olduğunu pıçıldayan eşik ağasına tapşırdı ki, gətirsinlər. Üzü niqablı, qara paltarlı adamın içəri girməyi və hərəkətindən hiss olundu ki, o belə sarayları çox görüb, beləsindən daha zənginində oturub. Görməmiş deyil, şah və hökmdar hüzurunda çox olub. O, çox yüngülcə baş əydi və yaxınlaşıb göstərilən yerdə oturdu. Amma üzündəki niqabı qaldırmadı.
– Eşidirəm, ey namə’lum şəxs!
Bu gələn Əbih Sultan idi, Şamaxıya çatan kimi də, şahın hüzuruna düşə bilmişdi.
– Qibleyi aləm məni tanıyır. Onun yanında günahım da var. Amma Şirvan üçün yaxşı işlər də görmüşəm. İndi Şirvana kömək eləməyə gəlmişəm. Bu sözlərdən sonra o, sifətini gizlədən niqabı götürdü. – Mən Əbih Sultanam.
Fərrux Yasar yetmiş yaşı haqlamışdı. Sifətində isə elə dərin bir qocalıq yazılmışdı ki, sanki onun yüz yaşı vardı. O insan qocalıqdan çox, min illər dayanmış, bütün pöhrələrini itirmiş, şirəsi, şəhdi qurtarmış kötüyə oxşayırdı. Sifəti ağac rəngindəydi. Qabıqları da çürümüş, qurudulmuş qəhvə rəngi almış ağac rəngində. Enli dodaqları ağarmış yun kimi yumşaq bığı və gödək saqqalının arasında qara qoz rəngindəydi, qupquru görünürdü. İri gözləri parlaqlığını itirmişdi. Üzündən niqabı götürəndən sonra Əbih Sultana elə gəldi ki, o, doğrudan da ya ağacdan yonulub, ya da mumdan düzəldilib. Lap pambıq içində yaşayan qocalara oxşayır.
– Yaxşı gəlmisən! Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Sən mənə elə dağ çəkmisən, ki, yanğısı yüz ilə də getməz.
O, Bəysunquru çox istəyirdi. Onun ölümü şah kimi yox, dayı kimi onun belini əymiş, xeyli qocaltmışdı.
Əbih Sultan qulaqlarına inanmadı. “Yə’ni mənim fikrim düz çıxmadı? Onu inandıra bilməyəcək? Yox səbrli ol, Əbih Sultan, sən hələ öz fikirlərini izah eləməlisən”.
– Qibleyi aləm, öz ayağımla gəlib çıxmışam. Nə cəza versəniz, mən hazıram. Bayaq dedim ki, yanınızda günahım çoxdu. Özüm də bilirdim ki, məni ancaq belə qarşılaya bilərdiniz. Bəs məni buraya çəkib gətirən nədir? Deyir keçinin əcəli çatanda gəlib çobanın çomağına sürtünür. Axı mən keçi deyiləm. Hələ əcəlimin çatmağını da hiss eləməmişəm.
– Sən çox danışacaqsan?
– Bəli, icazənizlə gəlməyimin səbəbini deyim.
– De, de. Onsuz da əlimdəsən. Bu qoca vaxtımda mənim də baxtım varmış. Düşmənlərimdən intiqam almaq üçün xudaya məni heç vaxt məəttəl qoymayıb.
Əbih Sultanın ürəyindəki ümid bir az da artdı. O, ölçüb-biçdi. “Əhməd padşahın boynuma qoyduğu kordanın altından çıxmışam. Bunun təhdidindən, hədəsindən qurtarmağa nə var ki...”
O fikirləşdikcə Fərrux Yasar da onun Şirvana qarşı elədiyi cinayətləri fikirləşirdi: “Süleyman Bicanoğlu bizim ən yaxın dostumuz idi. Bir dəfə dost demişdi, axıra qədər də dost oldu. Şeyx Heydərin şərindən məni xilas elədi. Bəysunqur Mirzəylə də axır günə kimi ayrılmadı. O cür insanı, eşitdiyimə görə bunun qardaşı yıxıb yerə qoyun kimi başını kəsib, üzünü də qibləyə çevirməyib. Bunun da cəzası Süleyman Bicanoğlunun cəzası kimi olmalıdır. Amma çox ağıllı tülküdür”.
Əbih Sultan onun tac-çalmasının arxasından çıxan gur saçlarına baxıb düşünürdü: “Şirə oxşayır. O heç vaxt cavanlığında ovunu əldən verməyib, qanının bir damcısını yerə düşməyə qoymayıb. İndi isə qocalıb, caynaqları kütləşib, dişləri tökülüb. Özünün ov üstünə tullanmağa gücü çatmır, qoca canavar kimi balalarını ova çıxarıb, onları qan iyinə öyrədir. Dişləri qana batandan sonra özləri ova çıxacaqlar. Odur, hər iki tərəfdə oturan oğlanlarının gözləri işıldayır. Gecə yol üstünə çıxan adamcıl canavar gözü kimi. Aşağı başdan oturan uzun, keçisaqqal, ciddi görkəmli, oturuşlarından, duruşlarından peyğəmbərlik tökülən bu vəzirlər, vəkillər və üləmalar onların ovuna baxıb razılıqla başlarını yırğalayacaqlar. Bəyəndiklərini bildirəcəklər. Cavan şahzadənin dişlərində qan görən kimi ona mədhnamələr yazacaqlar. Onların heç biri quzunun tərəfində dayanmayıblar. Elə qurdu tə’rifləyiblər. Çünki heç vaxt həyatda karlarına quzu gəlməyib, acgöz canavar doyandan sonra qabağından qalan artıqla yemləniblər”.
Əbih Sultanın özünün də xoşuna həmişə hökmdarlar gəlmişdi. Saraydakı qeyri adamlardan, bəli-bəli deyən, özlərini peyğəmbər kimi göstərənlərdən zəhləsi getmişdi. İndi də aşağı tərəfdə oturanların heç birini insan saymırdı və sanki onların varlığından heç xəbəri yox idi. Hökmdarlar da ona hökmdar kimi yox, uşağın xoşladığı oyuncaq kimi onu əyləndirmişdi. Bir oyuncaqla oynayıb doyandan sonra, onu yenisiylə əvəz eləmişdi. Düzdür, Fərrux Yasara gücü çatmayacaqdı. Əksinə, özünü gətirib onun cənginə keçirmişdi. İndi möhkəm dayanmalıydı.
– Nə oldu, dilin qurudu. Bəysunquru taxtdan salanda, onu öldürəndən sonra o murdar ayağını onun mübarək başına qoyub həzz alanda... – Fərrux Yasar burada özünü saxlaya bilməyib ağladı, səsi titrədi, özünü toxtatmaq üçün bir an dayandı, sonra yavaş səslə dilləndi. – Süleyman Bicanoğlunun başını qardaşın Nurəli nəstərani qibləsinə çevirib qoyun kimi kəsəndə, mənim sənə nifrətimi bilmirdin? Sənin o fitnələr yuvası olan başına mən qiymət qoymaq istərdim. Yox, sağ başına yox, kəsik başına. Sağ başına qiymət qoysaydım onda sənə böyük qiymət vermiş olardım.
Əbih Sultan onun bu sözlərindən qorxmadı. Əksinə, bu uzun nitqdə o ümid gördü. Öldürmək istəyən bircə söz deyərdi: “Cəllad” O, cəsarətlə cavab verdi:
– Şirvanşaha mənim salamat başım lazımdı. Elə ona görə də qorxmayıb gəlmişəm. Bilirəm ki, bu qarışıq vaxtda mən sizə lazımam. Bir də onu deyim ki, mən tək ziyanlar eləməmişəm, böyük xeyirlər də vermişəm. Şeyx Heydərin oğlu Sultanəlini kim öldürdü, o birisi oğlu İbrahimi kim doğradı? Mən. Onun... – O, Aləmşahbəyimi də demək istədi, amma başa düşdü ki, o əhvalatı, o cinayəti, namussuzluğu özü qeyrətinə sığışdırsa da, burada öz mənliyinə sığışdıra bilməyənlər də olar. Ona görə demədi. – Ətrafda Şirvanşahların ən qorxulu bir düşməni varsa, o da qızılbaşlardı. Onların kökünü mən yaxşı kəsmişdim, olmadı.
Fərrux Yasar bu sözdən diksindi.
– İndi kim çıxdı?
– İndi ortalığa çıxan ən dəhşətli və qorxulusudur. Onlar çayır otu kimi bir şeydi. Nə qədər dərindən qazırsan, çıxarırsan, yandırırsan, əgər bir xırda kök qalıbsa göyərib, yenə hər yeri alırlar. Yeni bir tağ peyda olub. Onda mən çox çalışdım, çox axtardım, beş il ölkəni kənd-kənd, şəhər-şəhər yoxlatdım. Elə bil yerin altına girmişdi. Yox idi. İndi birdən-birə çıxıb ortaya ki, Sahib əz zaman Mehdi mənəm, gəlmişəm, yer üzündə məhşər ayağı açıb yaxşını pisdən ayıracam.
Fərrux Yasar birdən-birə bu qüvvənin gələcək inkişafını gördü. Gördü ki, kəndlər, şəhərlər hamısı onun atının ayağı altında səcdə qılır. Bir zaman dönür ki, vəzir-vəkilləri də yoxdu. Hamısı keçib zamanın sahibinin tərəfinə. Bəli, bu qorxulu düşməndi. Atası Heydər belə deyildi. O yeddi-səkkiz min qoşunla gəlirdi. Onu əzməyə, məhv eləməyə nə vardı ki. İndi o insanları öz mö’cüzələrinə inandırsa, hamı onun qoşunu olacaq.
– O Şeyx Heydərin hansı oğludu?
– Lap kiçiyi İsmayıl. On üç yaşı var cəmisi.
On üç yaş deyəndə Fərrux Yasar bir az sakitləşdi. “Onun elə dərin ağlı və dərrakəsi olmaz ki, bu boyda işin öhdəsindən gəlsin”.
– Yox, Əbih Sultan on üç yaşında uşaqdan biz qorxası deyilik. Onun hələ burnunu silib təmizləyən lazımdı.
Əbih Sultan doğrudan da gördü ki, Fərrux Yasar ona inanmadı və ilk dəfə eşidəndə keçirdiyi qorxu artıq onun vücudunu tərk eləyib, – dedi:
– Mən bu canımın hayında olsaydım, qardaşım Nurəlinin yanına qaçardım. Qızılbaşların yanında mən olmuşam, onların ilkin fikirlərini də bilirəm. Onlar Təbriz taxtına oturmamışdan qabaq, intiqamı Şirvanşahdan almaq istəyirlər. Bunu da qan düşmənliyi kimi izah eləyirlər. Onu da deyim ki, qızılbaşlar fədailikdə ələmut ismayililərindən geri qalmırlar ha. Hələ də Şeyx Heydərin dostları onun tək qalmış kiçik oğlunun ətrafındadılar. Onu gizləyib saxladılar, indi bir şey bilməsələr baş qaldırmazdılar. – Bu yerdə o, sözünü mə’nalı şəkildə kəsdi. Amma gördü ki, sözləri Şirvanşahı maraqlandırıb.
Fərrux Yasar dedi:
– Davam elə.
– Şah sağ olsun, bundan sonra gələn mətləbləri qibleyi aləmimizin hüzuruna, oğlanlarınıza - Allah onları min budaq eləsin, istəsəniz, bir də vəzirə aça bilərəm.
– Mənim saray adamlarımdan gizlin sözüm yoxdur. Bir də ki, bu ən qəddar düşmənim üçün böyük şərəf olardı.
Əbih Sultan özünü itirmədi. O, artıq istəyinə yetişmək üzrə idi.
– Düşməndən yarımağın özü də xoşbəxtlikdi. Əgər düşmən gəlib düşməninə kömək eləmək istəyirsə, daha buna düşmən deməzlər ki. Bir də mən heç vaxt Şirvan şahlığının düşməni olmamışam. Beş il ərzində ona heç bir ziyan vurmamışam. Ayrı-ayrı adamların ölümü isə səltənət mənafeyindən yüksəkdə dayana bilməz.
– Yaxşı, mənə nə kömək eləmək istəyirsən?
Əbih Sultan dediyinin üstündə dayandı.
– Dediyim adamların yanında açmalıyam o sirri. Şirvan torpağını böyük bəla gözləyir və o bəladan bu torpağı qorumağa gəlmişəm.
Fərrux Yasar dünyanı yorub yola salmışdı. Belə fürsətləri heç vaxt əldən verməzdi. Onsuz da Əbih Sultan heç yerə qaçası deyildi. Əvvəl onu dinləsin. Doğrudan da bu ağıllı düşməniymiş, onunla məsləhətləşmək pis olmaz. O işarə verdi, taxt otağındakı əyan-əşrəfin hamısı çıxdı. Burada Fərrux Yasar və oğlanları qaldı.
– Hə, buyur!
– İsmayıl özünü Sahibi zaman e’lan eləyib. Bu gün Ərdəbildən gələnlərlə söhbət elədim. Əli bəy Cəyirli qızılbaşların düşmənidir. Ona görə də onu Ərdəbilə hakim mən tə’yin eləmişdim. İsmayıl kiçik bir dəstə ilə Ərdəbilə gəlib. Cəyirlinin gücü də, qüvvəsi də bundan çox. Camaat qapıları açıb, fərraşlar da qoşulub onlara. Əli bəy Cəyirli tək qalıb. İsmayıl qılıncsız, oxsuz şəhəri alıb. Sonra da qalmayıb, deyib mən çıxıb gedirəm. Səfərim Şirvanadı. İkinci bir tərəfdən bura gələndə Pirsaat xanəgahında bir şamaxılıya rast oldum. Adı Səfərdi. Yeddi-səkkiz ildi Şamaxıdan çıxıb. Özü dulusçudu. Ərdəbildə qızılbaşlara qoşulmuşdu. Şeyx Heydərin ev qulluqçusuna dönmüşdü. İndi o Şamaxıya yəqin ki, ciddi bir tapşırıqla gəlir.
– Çox təəccüblüdür. İsmayıl az qoşunla Şirvanda nə eləyə bilər. Şamaxıda qızılbaşlar yoxdu; kim onun sözünü tutacaq?
– Orası düzdür şiə azdır. Amma Mehdi sahibi zaman rəvayətə görə tək şiələrə deyil, sünnülərə də nicat verməyə gəlməliydi. Yəqin ki, dərvişlər başlayacaqlar təbliğə. İsmayılın çox qəribə, qüdrətli bir şe’rini oxuyurlar. Onu eşidəni titrətmə tutur.
– Sən onunla necə haqq-hesab çəkərdin?
– Çox ucuz, həm də asan yolla. Qəsdçilər göndərib ya oğurlamaq, ya zəhərləmək, ya da başqa bir yolla öldürmək lazımdır. Yox, əgər onun qabağına qoşun çıxartsan, uduzarsan.
Fərrux Yasar fikrə getdi və Əbih Sultanın dedikləri onun ağlına batdı. Amma özünü elə göstərmək istədi ki, yə’ni sənin bu qulluğun, bu yaxşılığın o qədər də qiymətli, əhəmiyyətli deyil. Onu özüm də düşünə bilərdim. Amma doğrudan bu fikir onun çox xoşuna gəldi. Bir var qoşun toplayasan, xəzinəni boşaldasan, anbardakı ərzağı onlara yedirəsən, sonra da hamısı puça çıxa. Bir də var ki, qoca bir adamı tapıb göndərəsən. Durna qatarının başçısı öləndə bütün qatar pozulur.
– Daha nə məsləhətin var?
Əbih Sultan bazara mal çıxaran xəsis tacirlər kimiydi. Malı dəyər-dəyməzinə yox, bahasına satmaq istərdi həmişə.
– O, gedib özünə bu qışı ocaqlıq düzəltməyə. Yazda Şirvana gələcək. Mən o ocaqlıq, oradakı adamları da tanıyıram. E’tibar eləsən, mən o İsmayılın başını sənə gətirdərəm.
Fərrux Yasar hər şeyi tərəziyə qoyub ölçüb biçdi. Bəysunquru da, Süleyman Bicanoğlunun da qana bulaşmış ağ saçlarını qoydu tərəzinin bir gözünə, o birisi gözünə isə İsmayılı qoydu. Yox, deyəsən İsmayıl daha ağırdı. Onlar onsuz da ölüb gediblər. Bu isə salamatdı. Sabah gəlsə, Şirvanda qan su yerinə axacaq. Fərrux Yasar gördü ki, öz ölülərinə ağlasa sərfəli deyil.
– Danışdıq, İsmayılın başını gətirsən, mən sənin bütün günahlarından keçərəm.
– Yaxşı, – deyə Əbih Sultan mızıldadı. – Qalır ikinci ən böyük məsələ.
– O nədi?
– O Təbriz taxtının məsələsidir.
– Təbriz taxtı. Onu da osmanlı sultanına sən verdin. Yoxsa Əhməd padşah Təbrizə girə bilməzdi. Mən hər şeyi bilirəm, Əbih Sultan. Rüstəm Mirzəyə kəmənd atıb Əhməd padşahın qabağına sürüyən, başına bıçaq çəkən kim olub? Sən olmusan. – Elə bil qoca şir qabaq qolunu qaldırdı, korşalmış caynağını ovuna tuşlayıb balalarına göstərdi.
Əbih Sultanı yenə qorxu burüdü. Bu qoca tülkü gör nə qədər çox bilir ey. Bunları ona kim xəbər verir?
– Sultan Bəyazidin qabağında kim dayana bilərdi. Rüstəm Mirzə eyş-işrətdə, öz kefində, xəzinə boş. Qoşunu haradan yığaydım? O cür silahlanmış ordunun qabağına nəynən çıxmaq olardı? Onlarda top adlı bir silah var, uzunluğu üç addım, barıt adlı bir şey doldururlar, üstünnən də yumru dəmir qoyurlar. Fitili var, yandırırlar. Bir də baxırsan elə partladı ki, adamın qulaqları tutuldu. Üç yüz addımlıqdakı atlıların hamısını pamal elədi. Bu şeytan əməlinin qabağında nə eləmək olar axı?!
Bu odlu silah söhbəti Fərrux Yasarı maraqlandırdı.
– Gözünlə görmüsən?
– Görmüsən nədi, əlimi də vurmuşam. Çox əndirabadi bir şeydi. Deyirəm balam şeytan bunun içində oturub? Deyillər hə, ordan püskürür. Gör nə zəmanəyə gəlib çıxdıq. Şah sağ olsun!
– Daha demə. – Silah söhbəti Fərrux Yasarı tərk-silah eləmişdi.– Biz yaşamışıq, bundan sonra gələnlərin vay halına. Bir var kişi kimi qılıncını çəkib qabaqdakı ilə vuruşasan, bir də var ki, şeytanla əlbir olub onu uzaqdan vurub yıxasan.
– Hələ bu harasıdı? Onlarda tüfəng adlı da bir silah var. Çomaq kimi uzundu. Qaldırır sinəsinə, ox kimi tuşlayır, nə kirişi var, nə yayı. Çaxmağı var, çaxanda orda qov alışır, bir də görürsən bunun da lüləsinin içində nəsə partladı, güllə adlı bir dəmir o lülədən çıxdı getdi. Üç yüz, dörd yüz addım kənardakına bu tərəfdən dəydi, o tərəfdən keçdi. Rum Sultanı belə bicliklərin anasıdı. Ona görə də onun qabağında biz dayana bilmərik. İndi də bütün padşahlarımızın verdiyi fərmanları yığıb yandırır.
– Onun əlacını nədə görürsən?
– Xəncərdə. Bir oğul lazımdı, gecə girsin otağına, xəncəri saplasın ürəyinə. Onun yerinə keçəsi osmanlılarda adam yoxdu. Yenə də ağqoyunlular çıxacaq taxta.
Fərrux Yasar təəccüblə ondan soruşdu:
– Bəs niyə öldürtmədin?
– Asandı?! Amma gərək bir müdrik adamla məsləhətləşəydim. O müdrik də şirvanşah Fərrux Yasardı. Əhməd padşahı öldürəndən sonra onun yerinə kimi keçirmək lazımdı? Bu bir çətinlik, o ölən kimi hazır qüvvələr olmalıdı ki, onların əyan-əşrəfini qılıncdan keçirtsin, hər işə hazır olan ordu toplasın.
Fərrux Yasarın Əbih Sultandan xoşu gəldi. Onu bir az da yaxına çağırdı ki, ikilikdə pıçıldaşsınlar.
Atlılar çapa-çapa dərin dərəyə girdilər. Oradan burulan yolla yuxarı qalxıb yastanaya çıxdılar. Yastanayla uçurumun kənarına gəldilər. Ayın işığında aşağıda, qayaların arasında gümbəz görünürdü. Gümbəzin yanında isə yol qaralır, aşağıya pillələr enirdi.
İkimərtəbəli bu məqbərə qaranquş yuvası kimi qayalardan asılmışdı. Adına “Diri baba” deyirdilər. Atlılardan biri qabağa düşdü və əlindəki neftə batırılmış lopanı yandırdı. Üç-dörd dilimli alov qalxdı, alovun ucunda isə qara his yırğalandı. O, ayaqlarını ehtiyatla qoyub düşdükcə belindəki qılınc sanki pillələri sayırdı. Taq, taq, taq... Pillələr qurtardı. O dayanıb qulaq verdi. Aşağıdan səs gəlmirdi. Əlinin işarəsiylə yoldaşlarını da çağırdı. Özü bu ikimərtəbəli məqbərəyə gündüz girməyə qorxurdu. Gecə lap üşəndi. “Diri baba” məqbərəsində qəbir yoxdu. Belə əfsanə vardı ki, guya müqəddəslərdən hansısa heç kimin gözünə görünmür və onun ruhu gecələr burada dincəlir. Gündüzlər qurbanlar kəsilir, nəzirlər gətirilir, axşamlar isə burada dərvişlər gecələyirdi.
Bu gələnlər Şirvanşahın fərraşları idi. Ərdəbildən gəlmiş Səfəri, onun dərviş yoldaşlarını axtarırdılar. Soraqlarını da burada almışdılar. Bu dərvişlər kəndbəkənd gəzir, zamanın sahibinin peyda olduğundan danışır, onu qarşılamağa hazır olmağı məsləhət görürdülər.
Şirvanşah zindanda yox, Gülüstan qalasının otaqlarından birində dustaq saxladığı Əbih Sultanın dediklərinin doğru çıxdığını görürdü və o fərraşları hər yerə göndərib Cibo Səfəri axtartdırırdı, dərvişləri göydə gəzirdi. Xəbər vermişdilər ki, onlar “Diri baba” pirində gecələyirlər.
Pillələr döndü və fərraşbaşı bir neçə daş pilləkəni endi. Bura darısqal bir hücrəydi, dibdə qayadakı mağaraya yol vardı. Bir küncdə, ensiz, uzun pəncərənin yanında qab-qacaq, səhənk, güyüm görünürdü. Yox, heç kim yoxdur. Bir tərəfdəki mitil yorğan-döşək heç açılmamışdı.
Məş’əlin işığında qapı göründü və həmin qapıdan aşağıya gedən pillələrə işıq düşdü. Fərraşbaşı darısqal yola girib aşağıya getdi. Bu dəfə onun qılıncı pillələri saymırdı. Qorxusundan yuxarı qaldırmışdı. Sanki bu səslə müqəddəs Həzrət Babanı oyadıb onun qəzəbinə gəlməkdən qorxurdu. Pillələr qurtardı. Hələ hücrəyə işığın özü düşməmiş divardakı əksi qaranlığı azacıq işıqlandırmışdı. Qaranlıqda hücrənin ortasında işıqböcəyinə oxşayan yaşıl işıq göründü. Həm də bu işıq bir deyildi, bir cüt idi. Fərraşbaşı üşəndi. Başının, qollarının tükləri dik dayandı və canından soyuq giziltilər keçdi. O giziltilərin hamısı qalxıb başının ortasında - əmgəyində birləşdi və dilinin üstündə dadsızlıq hiss elədi. Dilində də gizilti vardı. Bir cüt yaşıl işıq elə bil ki, hücrədə yırğalanırdı. Fərraşbaşı quruyub qalmışdı. Əlindəki məş’əli nə hücrəyə tərəf tutmaq yadına düşür, nə geri çəkilə, nə irəli gedə bilirdi. Məş’əldə yanan əskinin qara qırıqları artıq onun üstünə düşürdü. His isə başının üstündəki hörgünü qapqara qaraltmışdı. Arxadan onu səslədilər.
– Niyə dayandın, Həmid bəy?
Pillələr elə dik tikilmişdi ki, aşağıdakı pillədəki adamın başı yuxarıdakı pillələrlə enənin ayağına toxuna bilərdi.
Səsdən fərraşbaşı bir az ürəkləndi, məş’əli qabağa uzatdı və gördü ki, boş hücrənin ortasında quyruğu üstünə qalxmış iri bir ilan dil çalır. Fərraşbaşı ilandan qorxduğu kimi heç Allahından da qorxmurdu. Bircə onu qışqıra bildi: “Vay ana”.
İlan isə xəncər qınından sıyrılan kimi sürüşüb harasa getdi.
Pillələrə oturmuş fərraşbaşını yuxarıdakılar dümsüklədilər.
– Nə olub, Həmid bəy?
– İlan.
– Çaldı səni?
– Yox qaçdı.
– Dərvişlər yoxdu?
– Dərvişi əkənin də, doğanın da ənkə böyüyünün ənginə...
O, özünə gələn kimi qalxdı. Geri qayıtdılar. Yuxarıdakı yastanada onları gözləyən təzə xəbər ilandan da betər idi. Onlar dörd nəfər idilər. Atların yanında fərraşlardan birini qoymuşdular ki, canavar toxunmasın. Qayıdıb atları tapmadılar. Fərraş isə yerə uzanmışdı. Onu möhkəmcə sarıyıb, ağzına əski tıxamışdılar.
Ay işığında görünürdü ki, atlılar dağdibi yolla Şamaxıya tərəf çapırlar. Həmid bəy onların dalınca qışqırdı.
– Əlimə düşərsiniz, onda sizin ananızı ağladaram.
Səs atlılara çatdı, ya çatmadı, mə’lum deyildi. Onlar yollarından qalmadılar. Fərraşın ağzından əskini çıxartdılar, sarğısını açdılar.
– Kimiydi onlar? Tanımadın?
– Yox. Başıma yapıncı atdılar əvvəl. Səsim çıxmasın. Ağzıma əskini tıxayandan sonra yapıncını götürdülər. Qaranlıqda sifətlərini görmədim.
– Bir söz demədilər?
– Biri məni öldürmək istədi. O birisi dedi ki, zamanın sahibi gələn yerdə günah işlətmə. Əgər öz günahları varsa, zamanın sahibi verəcək.
Həmid bəy əlini dizinə çırpdı.
– Mən köpək oğlunun zamanın sahibiynən, Diri babaynan nə işim vardı axı. Hələ başıma çox iş gələcək. Bu harasıdı. Yox, mənim kitabım bağlandı. Görmədiniz ey siz o ilanı. Bilirsiniz də Diri baba xoşu gəlməyən adamlara ilan şəklində görünür.
– Biz görmədik, vallah, bizim gözümüzə görünmədi.
– Yaxşı, yaltaq köpəy uşağı, demək məndən əməli salehsiniz, mənim gözümə görünür, sizin yox!
Az qüvvə ilə heç bir iş görmək olmazdı. Ona görə də Lələ bəyin təklifi ilə qızılbaşlar Zahid Gilaninin Ərcivandakı türbəsini özlərinə ocaqlıq eləmişdilər. Türbə dəniz kənarındakı Ərcivan kəndindən dağlara tərəf, keçilməz dəmirağac və palıd meşələrinin içindəydi. Yoldan bir neçə addım kənara çıxanda bataqlıqlar başlayırdı. İçərisində kötüklərini mamır basmış ağacların bitdiyi bataqlığın üzündə o qədər xəzəl vardı ki,sanki ora da quru yer idi. Amma hərdənbir bataqlıq xoruldayırdı.
Bələdçilər onları yolla keçirib pirin yanına gətirdilər. İsmayıl Qızılqanaddan düşdü. Qızılbaş ağsaqqalları da onun dalınca yeridilər. Pirin qapısında İsmayıl dua oxudu. Əvvəldən hazırladıqları qoçu qurban kəsdilər.
Onun qanından İsmayılın da alnına yaxdılar. Bunu Lələ bəy elədi. Sonra İsmayıl namaza dayandı və atlardan düşən müridlərin hamısı onun arxasında dayanıb namaz qıldılar.
İsmayıl bilirdi ki, babası Şeyx Səfiyyəddin vaxtilə Zahid Gilaniyə biyət eləmiş, ondan dərs almış, sonra da onun qızı ilə evlənmişdir. Şeyx Səfiyyəddin kimi Zahid Gilani də onun babası sayılırdı. Ömrünün sonlarında Şirazdan vətənə - Ərcivana dönən Zahid Gilani burada vəfat etmiş, qəbri üstündə bu gümbəzi ucaltmışdılar.
Qızılbaşların Ərcivanı özlərinə ocaqlıq seçməyinin bir səbəbi bu idisə, ikinci səbəbi də o idi ki, Talışda əhalinin hamısı şiə idi və Ərdəbil şeyxlərini özlərinin ruhani rəhbəri saydıqları kimi qohumu da sayırdı. Qızılbaşlar qışı burada qalıb yaza kimi özlərinə çoxlu mürid toplaya bilərdilər.
Onlar səssizcə namaz qılanda meşədə balta səsi eşitdilər və bir nəfər oxuyurdu.
Bura gəlsələr də, Lələ yaxşı bilirdi ki, Talış hökmdarı Mirzə Məhəmməd xanla görüşüb onun icazəsini də almaq lazımdır. Yoxsa bu hökmdarlara inanmaq çətin idi. Birdən fikirlərindən dönər, qoşun çəkib onları burada, hər tərəfi bataqlıq olan meşədə qıra bilərlər. Bu iş üçün o Biyəpiş hökmdarı Mirzə Əlini də gətirmişdi. Bu dindar, balacaboy kişi işlərini oğluna tapşırıb, özü axirət gününü qazanmaq naminə İsmayılla Ərcivana gəlmişdi. Buradan da Lələ, Qara Piri bəylə Lənkərana Mirzə Məhəmməd xanı görməyə getdilər.
Amma xan sarayında yox idi, Qızılağaca ova çıxmışdı. Onlar da gözləmədilər, xanın nökər-naibindən götürüb xanı axtarmağa getdilər.
Yollar kənarında yayda biçilən çəltik zəmiləri bozarırdı. Dəniz kənarında isə minlərlə quş vardı. Bu quşların çoxusunu onlar görməmişdi. Dalğalara qonub nazlı-nazlı yırğalanan qu quşları, dayaz yerdə gəzinən narıncı qızıl qazlar, alabəzək sultantoyuqları, yaşılbaşlar, qəhvəyi, boz qara və alabazək ördəklər atlılara heç fikir vermirdi. Hələ göydə bulud kimi uçan quşlar nə qədərdi. Lələ atını Mirzə Əli ilə yanaşı sürüb dedi:
– Elə bil bura da quşların ziyarətgahıdı. Bir belə quş hardan yığılır bura.
– Nə bilim, Allahın işinə əl uzatmaqmı olar? İnsanların bir ziyarətgahı var, quşların da ayrı.
Onların yolu dənizin kənarından düşmüşdü. Dəniz də quzu kimi sakit dayanmışdı. Yalnız dalğaların quma toxunduğu yerdə ağ bir xətt uzanırdı. Qumların üstündə ləpənin vurub kənara çıxardığı balıqlar iyimişdi və havadan balıq iyi gəlirdi.
Onlar yaxınlaşanda bir sürü quş uçdu və qumun üstündə uzunluğu dörd-beş addım olan balıq gördülər. Bu nə’rə balığı idi. Görünür keçən gecə fırtına sahilə atmışdı.
– Mirzə Əli, bu nə balığıdı?
– Buna nə’rə də deyirlər, uzunburun balıq da. Qur’an buyurub ki, qılçıqsız balıq haramdı. Onun da səbəbi budur ki, bu balıqlar zəhərli olurlar. Əvvəllər ondan çox adam ölüb. Gör, Peyğəmbər salavatullanın hər şeydən xəbəri olmağını ki, Ərəbistanda oturub, buradakı balıqları da tanıyıb. Bir də ki, axı vəh ona Allahdan gəlirdi.
– Ərəbistanda bu balıqlardan yoxdu?
– Ərəbistanda su var ki, balıq da olsun?!
Quş səslərindən onlar çox vaxt biri-birini eşitmirdi. Qara Piri bəy də bu gözəlliyə baxır, ürəyində Talış xanına bəxtəvərlik verirdi.
Onları aparan nökərlər aradabir talış dilində danışırdılar. Bu dili Mirzə Əli başa düşsə də, Lələ ilə, Qara Piri bəy bilmirdi.
Lələ soruşdu:
– Hələ çox gedəcəyik?
– Bəli, – daz alnına dəsmal bağlamış yaşlı nökər dedi:
– Xanın uv yerinə hələ çux qalıb.
– Adın nədi?
Ağəddin.
– Ay Ağəddin, – deyə Qara Piri bəy söhbətə başladı. –
Quşların hamısı buradadı, xan elə burada ov eləyə bilməzmi?
– Necə iləməz, iliyər. Unun xuşuna da ura gəlir.
Günortadan xeyli keçəndə onlar qamışların arasında xanın keşikdə dayanan candarlarına rast gəldilər. Məqsədlərini dedilər. Xəbərçi gedib-gələndən sonra onları xanın yanına buraxdılar.
Dəniz kənarında çadırlar qurulmuşdu. Burada quru elə bil dənizin kiçik bir parçasını qucağına almışdı. Bu yerdə quş daha çox idi. Qu quşları qatarla üzür, heç kimdən çəkinmirdilər. Onların sudan uçub qalxmağının özü ayrı bir tamaşa idi. Xanın adamları isə tor çəkirdilər. Qonaqlar yaxınlaşıb çadırdan beş-on addım kənarda dayanan xana kəmali ədəblə baş əydilər. Bundan sonra ortayaşlı, dolu– bədənli, irialınlı xanla görüşdülər. Mirzə Məhəmməd xan onların kefini-əhvalını xəbər alandan sonra tor çəkənlərin yanına də’vət elədi.
– Görək qismətimizə nə çıxır. Lələ dedi:
– Mirzə Məhəmməd xan, Süleyman peyğəmbər kimi deyəsən quşların dilini bilirsən. Hamısı uçub sənin başına yığışır.
Söz xanın xoşuna gəldi. Gözləri güldü. Başı ilə razılığını bildirdi.
– Dillərini bilmirəm, xasiyyətlərini bilirəm.
Onlar söhbət eləyə-eləyə ləpədöyənə yaxınlaşdılar. Ayaqlarını çirmələyən balıqçılar toru çəkib gətirdilər. Tor çox ağır idi. Görünür onların qismətində nəsə varmış. Bu əlaməti Lələ bəy işlərinin düzəlməyi kimi qiymətləndirdi. Tor sahilə çıxana qədər neçə balıq torun üstündən suya tullanıb üzüb getdi.
Balıqçılar toru lap qumun üstünə çıxartdılar. Burada çoxlu uzunburun, nə’rə, ağ balıq, şahmayı, xəşəm vardı. Amma elə bil onların heç birini görmürdülər. Partlaşdıqca günəşdən pulları parıldayan balıqları o tərəf – bu tərəfə ataraq, ən böyük balığı iki balıqçı zorla qaldırdı.
– Qızıl balıqdır, – deyə xan dilləndi.
– Bu ki, ölüdü, – deyə Qara Piri bəy özünü saxlaya bilmədi.
– Onu diri tutmaq hələ heç kimə qismət olmayıb. O qədər hirsli balıqdı ki, burnu tora dəyir, gördü ki, çıxa bilmir, ürəyi partlayır. Düşmənin əlində ölmək istəmir.– O, xidmətçilərinə dedi: – Bu qızıl balığı tez götürün, ləvəngi, qonaqlarımız yoldan gəlib.
Onlar Mirzə Məhəmməd xanın də’vəti ilə çadıra girdilər. Oturdular, söhbət qızışdı. Mirzə Əli xana Ərdəbil şeyxlərindən, sonra İsmayıldan onun Sahibi zaman kimi zühurundan danışdı, söhbəti mətləb üstünə gətirdi, sözü Lələyə verdi ki, axırını o tamamlasın.
– Zahid Gilani də İsmayılın yeddinci arxada babasıdır. Onun məqbərəsini özümüzə bu qış ocaqlıq seçmişik, inşallah, yazda Sahibi zaman səfərinə başlayacaq. Gəldik torpaq, yer sahibindən razılıq, halallıq alaq.
– Zamanın sahibinə bizim canımızı da qurban eləsək azdı, o da ola evimizi-eşiyimizi. Əgər zamanın sahibi Talış ellərinə dost kimi gəlibsə, o da bizim başımızın ucalığıdı.
– Dost kimi, Mirzə Məhəmməd xan. – Lələ onun sözünə qüvvət verdi. – Ərdəbilə getmişdi. Əli bəy Cəyirli şəhərə qoymaq istəmirdi. Nə oldu? Qapılar taybatay açıldı.
Lələ İsmayılın işlərinin hamısına möcüzəli bir don geydirməyə çalışırdı. O bilirdi ki, harda bu ən’ənə pozulsa, orada artıq onun zamanın sahibi olmağına inanmayacaqlar. Yə’qin ki, talış xanın da fikrində belə bir sual dolanır: “Zamanın sahibinə fəsil nə lazımdı? Onun üzünə bütün qapılar açıqdı. Niyə qışı burada qalır ki?” Ona görə də onlar bu sualı verməmiş, özü onu üstələməyə çalışdı.
– Zamanın sahibi hər gecə yuxusunda Həzrət Əlini görür. Onun məsləhətləri ilə hərəkət eləyir. Bir mübarək məsləhət də bundan ibarətdi ki, babalarının ruhları ilə bu qışı söhbət eləsin. Allah qoysa, novruzda səfərə çıxar. Haqqı nahaqdan ayırar. Axı Şeyx Səfiyyəddin Həzrət Əlinin qanından dünyaya gəlib, Zahid Gilani də onun qayınatasıdır, böyük alim olub. Onların ruhları ilə danışmaq Sahibi zamana çox şeylər öyrədəcək. Əsl düşmənləri, əsl naqisləri ona daha düzgün tanıdacaq. Bu müddətdə isə bütün ölkənin əhalisi onun zühurundan xəbər tutacaq, düzgün yola qayıtmağa çalışacaq. Çoxları günahlarını yuyacaq. Belə ki, zamanın sahibinin səbri genişdi.
Mirzə Məhəmməd xanın bircə məsələdən nigarançılığı vardı. Fikrində də dolaşan bu idi, açıb deməyi isə özünə sığışdırmırdı. Dedilər ki, əzrayıl bala paylayır, eşidənlərdən biri qayıtdı ki, mənim balama dəyməsin, onun verdiyi bala mənə lazım deyil. İndi xanlığın içərisinə qızılbaşlar gəlib birdən fikirlərini dəyişib dedilər ki, Mirzə Məhəmməd xandan xoşumuz gəlmir. Onda necə olsun? Bəlkə sahibi zamanın da fikrindən bu quş səltənəti keçdi, dedi ki, buranın hökmdarı oluram, onda necə? İstəsə olar. İstəməsə olmaz. Ona görə də onunla ehmalca, üsulluca danışmaq lazımdır. Qoy qış birtəhər keçsin, yazda baxarıq.
– Mən zamanın sahibini ziyarət eləmək istəyirəm. Bu ziyarətimi qəbul eləyərmi?
Mirzə Əli Lələnin sifətinə baxdı.
– Yəqin ki. Amma bizim heç birimizdən asılı iş deyil. Ona mürid olmaq özü böyük xoşbəxtlikdi.
Mürid söhbətini eşidəndə Mirzə Məhəmməd xanın iri alnında qırışlar çoxaldı, qaşlarının arası düyünləndi.
– Mürüd? Mən axı...
– Zamanın sahibinə mürid olmaq dünyanın ən böyük savabıdı. Həm də bu elə bir məqamdır ki, hökmdarlıqdan, şahlıqdan, sultanlıqdan yüksəkdə dayanır. – Bu sözləri Mirzə Əli dedi – mən də müridəm.
Sənin xanlığın o boydadı ki, iki siçan oynasa, biri təndirə düşər, – Mirzə Məhəmmədin fikrindən keçdi. – Bu da özünü gətirib mənə tay qoyur.
Mirzə Əli onun fikrini oxudu. Çox təmkinlə sözə başladı:
– Ərdəbil şeyxlərinin müridi olmaq o qədər böyük savabdı ki, onu qəbul eləməyi gör kimlər özlərinə şərəf sayıb. Elxanilər dövründə Əmir Çoban, vəzir Qiyasəddin Qazan xanın vəziri Fəzlüllah Rəşidəddinin oğlu. Hökmdar Əbu Səid Bahadur xan, bir də Məhəmməd Xudabəndə şeyxin məclisində oturmağı özlərinə şərəf biliblər. Amma hələ Şeyx Seyfəddin zamanın sahibi deyildi. Ona bu cür Allah vergisi verilməmişdi. Sonradan peşman olmaqdansa, bu gündən hazır olmaq daha yaxşıdı.
Lənkəran xanı onun dediklərini bilmirdi. Bundan sonra bir az da yola yaxınlaşdı.
Ortalıqda süfrə açdılar. Ortaya qızıl balığın ləvəngisini qoydular. Onun qarnına ədviyyə ilə hazırlanmış qoz doldurmuşdular. Xörəklərin ətrindən elə bil ki, hamı məst olmuşdu. Qızıl balığın yanında isə qızardılmış, ləvəngisi hazırlanmış qu quşu qoyulmuşdu. Xana çiriyə bənzər, amma alt tərəfi saxsıya oxşar qab, qalanlara isə cürbəcür naxışları olan rəngarəng, saxsı qablar verilmişdi.
Qara Piri bəy özünü saxlaya bilməyib xandan soruşdu:
– Möhtərəm Mirzə Məhəmməd xan, bu qabdan mən heç görməmişəm, onu harada düzəldirlər?
– Bu qabımı? O çox bahadı, bəy. Bir ilxı qiymətinə almışam.
Xan hələ xörək qoyulmamış qabı götürüb çırtma vurdu. Qab mis səsi verdi.
– Belə baha?
– Bəs necə? Onu Çindən gətiriblər. Buna mərtəbeyi deyirlər. Bunun üstünlüyü haradadı? Əgər xörəyin içində zəhər olsa bu üstdəki şüşəyə oxşar qat rəngini dəyişəcək. Onda çağırarsan aşbazı, onun özünə yedizdirərsən.
– Bəh, bəh, bəh - deyə Qara Piri bəy heyrətləndi.
Bu fani dünyada hökmdar taxtına yetişənləri aradan götürmək üçün ən sınanmış silahlardan biri də zəhər idi. Ondan canlarını qurtarmaq üçün Çindən gələn mərtəbeyi adlı bu qaba ilxı nədi, xəzinənin yarısını verərdilər. Lələ bəy də bu barədə düşündü. O qabdan tapıb almaq lazım idi. İsmayılı nə cür bəlalardan çıxarmışdılar. İndi onun qabına zəhər tökməyə də çalışacaqdılar.
Mirzə Məhəmməd xan onlarla bərabər Lənkərana gəldi, yola salanda Lələ bəyə çin xarasına bükülmüş bir şey verdi.
– Bu zamanın sahibinə mənim hədiyyəm. Bilirəm ki, onun qabına heç kim zəhər tökə bilməz, bu zəhər ona kar eləməz, necə ki, Əmir Teymurun şərbətdə içirtdiyi zəhər onun babasına kar eləməmişdi. Amma tanrının ona bəxş etdiyi bu böyük işdə onun ovqatı təlx olub zəhərlənməsin.
Bundan əlavə Mirzə Məhəmməd xan bildirdi ki, zamanın sahibinin müridlərinə qış üçün nə qədər azuqə lazımdırsa göndərəcəkdir...
Ölkənin çox yerində Əhməd padşahın canına rəiyyətlər, əsnaflar dua oxuduğu bir gündə səhər onun xidmətçisi şahın yataq otağına girdi ki, onun tapşırığı ilə gün doğmamış, onu oyatsın. Qapının ağzında dayanıb bir-iki dəfə səslədi, amma heç bir səs eşitmədi. Onu yuxudan qaldırmağa getsə də, xalçanın üstündə ayaqlarının ucunda elə yeriyirdi ki, hökmdarı narahat eləməsin. Başı bərbəzəkli taxtın yanına gələndə o quruyub qaldı. Hökmdar üzü üstə yatmışdı və onun kürəyində qara dəstəkli xəncərin qaşındakı daş-qaşlar parıldayırdı. Əhməd padşahın sağ əli uşaq qolu kimi taxtdan aşağı sallanmışdı.
Xidmətçi qışqırdı, səsi çıxmadı, əl atıb başının tükünü yoldu, əllərinə ağ tüklər çəngə-çəngə gəldi, barmaqlarını açıb tükü yerə çırpandan sonra yenə də əlini başına atdı, yenə də yoldu. Nə yolunan saçlarının ağrısını hiss eləyirdi, nə də nəfəsinin çıxmamağını. Boğazında nəsə düyünləndi və onun nəfəsi çıxmadı.
Bu anda o hökmdarı yox, özünü düşünürdü. Əhməd padşahı öldürüblər, bu ona aydındır. Burada onun heç bir günahı yoxdur, onu günahkar sayıb dərisini boğazından çıxaracaqlar. Niyə bilməyib, niyə xəbər tutmayıb. Elə o qorxu yazığı bu hala saldı.
Əllərini boğazına atdı. Yox, özünü boğmaq istəmirdi. Onu boğan qəhəri rədd eləməyə çalışırdı. Artıq ciyərləri, ürəyi partlamaq dərəcəsinə gəlmişdi və göz bəbəkləri o qədər böyümüşdü ki, o heç nə görmürdü. Yerə çökdü, yavaş-yavaş onun nəfəsi gedib-gəlməyə başladı. Özünə gələn kimi əlini yerə dayaq verib qalxdı. Ürəyinə elə bil istiot səpmişdilər və alışıb yanırdı.
Səndələyə-səndələyə qapıdan çölə çıxdı, qışqırmaq istədi, səsi çıxmadı. Ürəyi bulandı. Başı hərləndi və üzü üstə yerə yıxıldı, ağarmış rəngi kömür kimi qaraldı.
Qorxusundan ürəyi partlamış xidmətçi görə bilmədi ki, sarayda İstanbuldan gəlmiş əyan-əşrəfi necə doğrayırlar.
Beləliklə də Əhməd padşahın Təbriz taxtındakı yeddi aylıq hökmranlığı sona çatdı.
Bir neçə gündən sonra Osmanlı sultanının göndərdiyi qoşunlardan qalan tör-töküntüləri fitə, daşa basıb yola salırdılar. Onları fitə basan nə əsnafıydı, nə rəiyyət. Bunlar əmirlər idi. Əbih Sultanla Fərrux Yasarın birgə hazırladıqları qəsd baş tutmuşdu. Əhməd padşah aradan qalxmışdı.
Qoşunun tör-töküntüləri özləri ilə bərabər arabaya qoyulmuş cənazəni də aparırdılar. İki kəl qoşulmuş araba cırıldaya-cırıldaya getdikcə onun arxasında kiminsə bağladığı süpürgə yerdə sürünürdü.
Əhməd padşahın arvadı Aynaşahsultanı da oğlu Zeynal bütün kəniz və qaravaşları, bütün əşyaları ilə bərabər hörmətlə yola salırdılar. Ona kəcavə ayırmışdılar. Rum Sultanının qızını ayrı cür də yola salmaq olmazdı.
Qoşunlar yola düşəndə Təbriz qalasının üstündə dayanan adamlar oxuyurdu:
Yazda əkdik şitili,
Böyüyə, kələm ola.
Payız kəsdik başını.
Göndərdik İstanbula.
Ay dili dili, dili dili dilavər,
Yar dili dili, dili dili dilavər.
Əhməd padşahdan sonra Təbriz taxtına iki namizəd qalmışdı. Əlvənd Mirzə, bir də Murad Mirzə. Onların ikisinin taxta çıxacağı arxalarında dayanan gücdən, qüvvədən asılı idi. Bir də belə bir adət vardı. Əgər hökmdar ölürsə, onun övladlarına eyni vaxtda çaparlar göndərirdilər. Hansı özünü tez çatdırsa, o da taxtda otururdu. İndi onlara heç kim taxta çıxmağa sifariş göndərməmişdi. Amma taxt onları çağırırdı. Arxasında Fərrux Yasar dayanan Əlvənd Mirzə taxta çıxdı. Amma Murad da özünə çoxlu tərəfdar yığmışdı. Ona görə də onların arasında sülh yaratmağa çalışdılar. Çünki bir-birilərilə vuruşsalar, Gödək Əhmədin kiçik oğlu Zeynal fürsətdən istifadə eləyib təzədən taxta çıxa bilərdi.
Hakimiyyət eşqi ilə alışıb yanan, lakin bunun üçün heç bir müdriklikləri, təcrübələri olmayan şahzadələr biri-birilərinə güzəştə getmək istəmirdilər.
Qızılözən çayının hər iki sahilində dayanan qoşunlar döyüşə hazır idi. Amma Fərrux Yasar burada ağsaqqallıq elədi. Şahzadələri barışdırdı, Qızılözən çayını sərhəd qoyub Ağqoyunlu səltənətini iki yerə böldü. Elə bil ki, iki uşaq bir almadan ötəri dalaşırdı, onları barışdırmaq üçün almanı onlardan aldı, silib təmizlədi, müştəri gözü ilə baxdı, sonra o almanı qocalıb çürümüş dişlərilə iki yerə böldü. Hər parçasını bir uşağa verdi ki, ağlamasınlar, dalaşmasınlar. Əlvənd Mirzənin payına Azərbaycan, Diyarbəkr və Qarabağ, Murad Mirzənin payına isə İraqi Ərəb, İraqi Əcəm, Fars və Kirman düşdü. Bayaqdan dalaşan və ağlayan uşaqlar səslərini kəsib gözlərinin yaşını sildilər. Bir torpaq isə gör neçə yerə parçalandı.
Bu, Fərrux Yasarın çoxdankı arzusu idi. Çünki Şirvan həmişə Qaraqoyunlulara və Ağqoyunlulara xərac vermişdi, onlardan asılı olmuşdu. İndi isə bu pay bölgüsündə çox asanlıqla o gücləndi və Ağqoyunlu səltənəti gücdən düşdü. Artıq o fikirləşirdi ki, gələcəkdə Arrana - Qarabağa basqınlar eləyib, oranı da Şirvan torpağına qatar, Şirvanşahlığın sərhədlərini Araz çayına qədər uzadar.
Geri qayıdanda o atını Araz üstündə salınmış qırmızı kərpicdən tikilmiş Xudafərin körpüsünün üstündə saxlayıb, gözlərini qayalıqlara səs salan coşğun Araza dikdi. Bir az yuxarıda uçub-dağılsa da üç-dörd tağı salamat qalmış körpüyə baxıb öz-özünə dedi:
– Çox keçməz Əlvənd Mirzənin qoşunlarını bu körpüdə qarşılayarıq. Onda bu körpünü tikənə yox, mənə xuda afərin deyər.
Bundan artıq onun heç bir arzusu yox idi. Həmin arzu da səltənəti böləndə ağlına girmişdi. Övladlarına da bunu vəsiyyət edəcəkdi. Qoy onun sərhədləri Kürdən deyil, Arazdan başlasın.
Elə dövrdü ki, kimin gücü varsa, gücsüzün papağını başından götürüb qaçır. Fərrux Yasar indiyə qədər papağını başında möhkəm saxlamağa çalışmışdı. Amma indi görürdü ki, artıq onun da başdan papaq götürüb qaçmaq vaxtıdı. O niyə qaçırmasın axı?
O, atını körpünün ortasında saxlamışdı, fikrə getmişdi. Qabaqda Qarabağ idi, arxada Qaradağ. Bu körpünü Qaradağdan Qarabağa tərəf tikiblər. Sonra onun üstündən keçib Şirvana gəliblər, onun üstündən yəqin ki, Hülaki xanın qoşunları keçib, Əmir Teymurun orduları adlayıb, atını minən bizim üstümüzə gəlib. Mən də Qarabağı ələ keçirəndən sonra bu xudanın afərin dediyi körpünü söküb tökəcəyəm. Qoy görüm necə keçəcəklər. Mənə Qarabağ lazımdı, cəhənnəm olsun Qaradağ, cəhənnəm olsun Təbriz, cəhənnəm olsun Ərdəbil, Əhər, Mişkin, Marağa, Xoy, Mərənd.
İndi onun bir dərdi qalıb. Ərcivanda məskən salan İsmayılla haqq-hesab çəkmək. Şeyx Heydərin nəslinin axırıncı nişanəsini də yox eləyə bilsə, onda canı rahatlığa çıxar. Bir daha Ərdəbil müridləri Şirvan torpağına girməz. Əhməd padşahın işini bitirməkdə Əbih Sultan ona çox kömək eləmişdi. Verdiyi sözün üstündə dayanmışdı. İsmayılı da aradan götürmək üçün əlindən gələni eləyəcəkdi. Ona görə də Əbih Sultanı əldən verməmişdi. Özü Şamaxıya aparırdı. Əlvənd Mirzənin ən yaxın məsləhətçisi isə Əli bəy Cəyirli olmuşdu. Bu da Fərrux Yasarın ürəyindən idi. O, Əli bəylə xeyli söhbət etmiş, görmüşdü ki, çox dayazdır. Dərinliklərə baş vura bilmir. Təbrizdə Şirvanın işləri korlana bilər. Çünki o əsl tülküxasiyyətdir, hər bicliyi bilir, lazım gələndə isə dönüb canavar olur,pələngə çevrilir, ovunun üstünə atılır. Tuta bilməyəndə yenə tülküyə dönür, yollar axtarır, fürsət gəzir. Öz məqsədinə görə qardaşının meyitinin üstündən keçər. Belə bir adam ona lazımdı... Bir şərtlə ki, ona heç bir ixtiyar verməsin. Göz dustağı eləsin, lazım gələndə məsləhətə çağırsın.
Fərrux Yasarın əlində imkan olsaydı ona nağıldakı kimi dua oxuyub almaya çevirər, cibində gəzdirərdi. İşi düşəndə yenə Əbih Sultana döndərər, dinləyəndən sonra yenə almaya, döndərərdi. Bilirdi ki, o elə bir bəladır ki, heç cür onu başına buraxmaq olmaz.
Əbih Sultan atını ondan xeyli arxada sürürdü. Əvvəl fikirləşmişdi bir aradan çıxsın, qardaşı Nurəlinin yanına, Diyarbəkrə qaçsın. Sonra bu fikirdən vaz keçmişdi. Nə qədər uzaqdadırlarsa, qardaşdılar, yaxın olsalar mehribanlıqları itəcək. Bir əyalətdə iki qoçun başı bir qazana sığışmayacaq. Yaxşısı budur getməsin. Təbrizdə qalmağa da ürək eləmədi. Onu əmirlər əmiri çağırmayacaqdılar. Əlvənd Mirzə Əli bəy Cəyirlinin fitvasıyla onu aradan götürəcəkdi. Yaxşısı budur hələlik Fərrux Yasara sığınsın. Ona qulluq göstərsin. Bəlkə sonradan bir qapı açıla. Əhməd padşah öldürüləndən sonra özünə aydın bir yol təsəvvür eləyə bilmirdi. Qalır İsmayıl. Onu da aradan götürəndən sonra, o artıq Fərrux Yasara da lazım olmayacaq, başlayacaq köhnə düşmənçilik yada düşməyə, onu gürzələrin içinə atacaq. Qobustan gürzələrini o görmüşdü. Uzaqdan baxanda adamın əti ürpəşir. O da ola qarışqa kimi qaynaşan gürzələrin içinə onu lüt-üryan atalar. Yox, İsmayılın işi bitənə qədər o qaçıb canını bir yana çıxarmalıdır.
Təbrizdə Fərrux Yasar Əbih Sultanla görüşmüşdü. Söhbətləri də İsmayıldan düşmüşdü. Birləşib iki tərəfdən onu sıxmağa qərar vermişdilər. Biyəpas mahalının hökmdarı Hüsaməddinin əvvəldən də Ərdəbil şeyxlərindən xoşu gəlmirdi. Amma Əlvənd Mirzənin yanına elçilər göndərib bildirmişdi ki, onu əsl hökmdar bilir. Onun kölgəsində yaşamağı özünə şərəf sayır. Əlvənd Mirzə Hüsaməddin vasitəsilə İsmayıla təzə xəta toru toxumağa başlamışdı. Şirvanşah isə Talış xanı Mirzə Məhəmmədi öz boynuna götürmüşdü.
Onların arasında hətta qohumluq əlaqələri də var idi. İnanırdı ki, Mirzə Məhəmməd İsmayılı əsir alıb ərməğan kimi ona göndərəcək. Bunun üçün onu hədələmək də lazım idi. İki güclü hökmdar birləşəndən sonra xırda, gücsüz xanlıqlar onların qarşısında nə eləyə bilərdi. İsmayılın da ətrafında o qədər qüvvə yox idi ki, onu müdafiə eləyə bilsin.
Onun dəstəsi Qumlaq kəndindən keçib Soltanlı kəndinə tərəf gedirdi.
Kür qırağındakı Mahmudabad şəhərinə axşam düşürdü. Günəş palçıqdan, çiy kərpicdən tikilmiş şəhər evlərini narıncı rənglərə boyamışdı. Küçələrin çoxusu Kür qırağına çıxırdı və otlaqdan qayıdan inəklər toz qaldıraraq Kürə enirdi. Bu toz da narıncı rəngdə idi və qırmızı inəkləri görünməz eləyirdi. Kür isə enli axınla görünür, ətrafındakı qara meşələrin fonunda bulama rənginə çalırdı və bu bulamanın üstündə narıncı parıltılarla yanaşı, pullu balıqlara oxşayan gümüşü parıltılar da bərq vururdu. Küçələrin birinin qurtaracağında dikdir vardı, həmin dikdirin üstündə bir nəfər əllərini qoynuna qoyub yorğun-yorğun, qüssəli-qüssəli sulara baxırdı. Elə baxırdı, elə baxırdı ki, sanki onun gözləri qabağında yeddi oğlunu birdən öldürmüşdülər.
Ondan bir az aralı geyimindən imkanlı adama oxşayan qoca daş üstündə oturub ayaqlarını ayaqları üstünə aşırıb təsbeh çevirirdi. Rəngi qapqara, barmaqları çox cəld və çevik, sümük və dəridən ibarət olan qocanın əlindəki təsbehin iri mərcan danələri donmuş qan damlalarına bənzəyirdi. Amma heç biri danışmırdı. Sükutu pozan o qan danəli təsbehin şaqqıltısı, bir də uzaqdan gələn şəhər səsləri idi. O səslər kənd səslərinə bənzəyirdi. Qoyun mələyirdi, it hürürdü, inək böyürürdü. Kimsə kimi səsləyirdi. Uzaqda qayış qoydu oynayan uşaqların qışqırıqları güclə eşidilirdi. Amma bu səs-küy Kürə, qızaran buludlara baxan adamın qulağına çatmırdı.
Hər axşam bu vaxtlar o buraya gəlir, çox vaxt əllərini qoynuna qoyub qüruba tamaşa eləyirdi və onun qüssəsi bu qürubla çox ciddi bir ahəng təşkil eləyirdi. Onu müşayiət eləyən bu adamlar heç cür onu sakitləşdirə bilmirdilər. Elə bil o səssiz-səssiz ağlayır, heç kim isə onu kiritməyə söz tapmırdı. Ağısız, bayatısız, hıçqırtısız və göz yaşlarsız ağlamaq isə davam eləyirdi.
Onun dərdi çox böyük idi. Elə bil gözəl bir yuxu görürdü. Yaxud ələmut ismayilliləri kimi, onu da hökmdar çağırmışdı. Oturub yeyib içdikləri yerdə onu bihuşdarı ilə yuxuya verib, hamıdan gizlin saxlanan qalanın cənnət bağına atmışdılar. Ayılanda görmüşdü ki, bulaqlardan bal axır, ağaclardan cənnət almaları sallanıb. Mələklər onun qulluğunda dayanıb. Bu şirin yuxu çox çəkmişdi. Lap çox. Birdən ayılıb görmüşdü ki, bunlar hamısı yalanmış. Onu aldadıblar. Gözlərini bağlayıb cəhənnəm içində ona cənnət göstərib ağrılarını, acılarını daha da artırıblar.
Zəkəriyyə Keçəçi uzun illər Təbriz sarayının vəziri olmuşdu. Uzun Həsənin, Sultan Yaqubun, Bəysunqurun vaxtında bu vəzifəni daşımış, Uzun Həsənin “Qanunnamə”sinin yazılışında yaxından iştirak etmişdi. Ölkənin qüdrətinin artmasında böyük xidmətlərinə görə ona “Ömdəti əd dövlə” - dövlətin dirəyi ləqəbi verilmişdi. Rüstəm padşah da onun xidmətindən istifadə eləmiş, amma Əbih Sultan hər quruşun qədrini bilən, idarə işlərini qüsursuz, təmiz, düz aparan bu vəziri hər an Rüstəm Mirzənin gözündən salmışdı. O torpaqların, mülklərin əmirlər arasında paylanmasının əleyhinə çıxmışdı. Amma o əmirləri özünə arxa seçməyə çalışan Əbih Sultan Rüstəm Mirzənin səxavətini tə’rifləyə-tə’rifləyə mülklərin hamısını onlara bağışlatdırmış, xəzinəni boş qoymuş, haqq-hesabı dolaşıq salmış, ölkədə hərc-mərclik yaratmışdı.
Öz səriştəsi ilə Ağqoyunlu səltənətini möhkəmləndirmiş vəzir görürdü ki, artıq hər şey dağılır, hər şey çürüyür, hər şey qaynamış ət kimi əpriyib tökülür, baş götürüb Təbrizdən ata yurduna, Muğanın istisindəki tozlu-torpaqlı, balıq iyi verən bu şəhərə qayıtmışdı. Uşaqlıqdan çıxdığı bu şəhər heç vaxt onun köməyini görməsə də, qollarını açıb onu qarşılamışdı. İndi o həm də möhkəm peşmançılıq keçirirdi. Öz doğma şəhərində heç olmasa bir məscid, bir mədrəsə, bir hamam tikdirib, yol çəkdirə bilərdi. Amma onun əsas dərdi bu idi ki, ömrünü sərf elədiyi illər hədər getmiş, zəhməti boşa çıxmış, qurduqları gözləri qabağında uçub dağılmışdı. Onun özünü isə lazımsız bir əşya kimi kənara atmışdılar. O görürdü ki, Ağqoyunlu səltənəti elə ölümcül yaralanıb ki, onu bir daha ayağa qaldırmaq mümkün deyil. O yaralını sağaltmaq üçün Uzun Həsənlə Sara xatun lazımdır. Onlar isə lap çoxdan torpaqlara qarışıb.
Donmuş qan damlalarına bənzəyən mərcan təsbehi çevirən qoca ayağa qalxıb bir an dayandı. Dizlərindəki ağrının keçməyin gözlədi, Zəkəriyyə Keçəçiyə deməyə xoş söz axtardı. Tapa bilmədi. Bu ağsaqqal onun dərdini hamıdan çox çəkirdi. Qorxurdu ki, bu xiffət, bu dərd onu vaxtından qabaq gora aparsın. Ona görə də ondan əl çəkmir, keçmiş vəzirin könlünü açanda xoş söhbətlərinə qulaq asır, ondan çox şeylər öyrənirdi. Bilirdi ki, Zəkəriyyə Keçəçi ölsə, o da öləcək, qırxı, bəlkə də yeddisi onun yeddisinə qarışacaq, O, vəziri keçmiş rütbəsi ilə çağırmağa alışmışdı.
– Ya, Ömdəti əd dövlə!
Vəzir döndü:
– Bilirsən onun mə’nasını?
– Yox, bilmirəm, – deyə ağsaqqal boynuna aldı.
– Bilməsən yaxşıdı.
– Nədi mə’nası. Deyir yetmişində öyrənən gorunda çalar. Mən də ömrümün bu axır çağında öyrənim ki, bəlkə inkir-minkirə bir cavab verə bildim.
– O adı mənə rəhmətlik, cənnətməkan Uzun Həsən özü vermişdi. – Ömdəti əd dövlə, yə’ni ölkənin, dövlətin, səltənətin dirəyi. İndi uçan o dövlətin dirəyinin mükafatı odur ki, baltayla doğrayıb atasan ocağa.
– Sənin burda nə günahın var axı.
– Ən böyük günah mənimdi? Ağacan kişi. Biclik bilmədim, fırıldaq, əliəyrilik bilmədim. Hamını öz ürəyimdə gördüm. Axır dirəyin saxladığı dam uçdu onun öz başına.
– İnşallah düzələr, fikir çəkmə, keçib, yadından çıxar getsin. Maşallah, nəsilbənəsil yeməyə var-dövlətin, salamat canın, övladların.
– İş varda, dövlətdədirmi?
Ağacan kişi söhbətin istiqamətini dəyişdi. Onların arasında bu barədə razılıq olmasa da Ağacan kişi ona ən təzə xəbərləri çatdırırdı.
– Şirvanşahın adamları gəliblər. Bizim gədə, sənin nökərin onları qayıqnan bəri üzə keçirib. Üç nəfərdilər.
– Hara gedirlər?
– Deyirmişlər Talış xanının yanına. Nəsə vacib bir işdən ötəri yollayıb Şirvanşah onları. Zəkəriyyə Keçəçi birdən dəli kimi döndü:
– Nə işdi ki?
– Bilməyib vallah. Çox korazehin uşaqdı. Danışırmışlar ki, zamanın sahibi peyda olub. Adı İsmayıl. Gedirik onun haqqına divan çəkməyə. Görsün zamanın sahibi odu, yoxsa bizik.
– Necə? Zamanın sahibi? İsmayıl? Odu, özüdü.
– Kim?– Ağacan kişi təəccüblə soruşdu.
– İsmayıl.
Birdən birə Zəkəriyyə Keçəçinin keyfi elə duruldu ki, şadlığından nə edəcəyini bilmirdi.
– O adamlar hardadı?
– Darğanın evində.
– Necə adamlardı?
– Adamdı da, Şamaxıdan gəlib Talışa gedirlər.
Mahmudabad Şirvan şahlığının tərkibində olsa da, sərhəd şəhəri olduğuna görə burada həm Şirvana, həm talışa, həm də Ərdəbilə meyl vardı. Xarici vergiləri Şirvanşah alırdı. Amma onu qorumağa heç kim fikir vermirdi. Bir də baxırdın Muğan tərəfdən alarlılar, Ərdəbil tərəfdən xələçlilər, tərəkəmələr hücum çəkib camaatın mal-heyvanını yığıb apardılar. Hamıya itaət elədiyinə görə dərvişlər də bu yerə ayaq basmaz, gələndə də qəsidələrini oxuyub, pul yığardılar. Ona görə də İsmayıl barəsində buraya səhih bir mə’lumat gəlib çıxmamışdı.
Bu şəhəri deyilənə görə Elxani hökmdarı Mahmud Qazan xan tikdirmişdi. Bu yerlərdə Kürün sol sahilində otaracaq bol olduğundan Elxani hökmdarı Keyxatu Qaraçala düzünü özünə paytaxt seçib ölkəni buradan idarə eləyirdi. Tez-tez Kürü keçib Təbrizə, ölkənin başqa vilayətlərinə getdiklərinə görə Kürdə bərə düzəltmişdilər və həmin bərənin yanında kiçik bir kənd salınmışdı. Sonradan Qazan xan həmin kəndi böyütdürüb şəhərə çevirdi. Amma evlər çiy kərpicdən, qamışdan tikilib üstü suvandığından burada gözəgəlimli bir bina da tikilməmişdi. Əhali də buraya hər tərəfdən gəlib yığılmışdı, heç kimin sözü o birisinə xoş gəlmirdi. Biri-birilərini acılayır, xəncərlə doğrayır, varını-yoxunu oğurlayırdı. Şəhərin üstünə quldur dəstələri gələndə qaçıb təndirlərdə, axurlarda, ot tayalarında gizlənirdilər.
Zəkəriyyə Keçəçi gəncliyində təhsil dalınca gedəndə insanları belə görməmişdi. Uzun illərdən sonra qayıdanda gördüklərinə inanmamışdı. Həyat qəribə məktəbdi - poza da bilir, düzə də bilir. O görürdü ki, hər yerdə belədi. Təbrizdə, sarayda həyat qaydasında olanda burada da, elə bütün şəhərlərdə, kəndlərdə də əmin-amanlıqdı. Qurd qoyunla otlayır. Elə ki, orada hərc mərclik başladı, bunun əks-sədası bütün kəndlərə, şəhərlərə yayılır. Balıq əvvəl başdan iylənir. Bu adi həqiqəti o özü burada, balıqçılıqla məşğul olan adamların arasında görmüşdü. Amma adi həqiqətlər çox vaxt böyük həqiqətlərin kiçik əksi olur. Bu xırda, darıxdırıcı, tozlu və çirkli, yayı isti, qışı palçıqlı şəhərdəki işləri də yalnız orada, sarayda düzəltmək olar.
Rüstəm Mirzədən sonra Gödək Əhməd padşahlığa gələndə, onu da qətlə yetirib Əlvənd Mirzə ilə Murad Mirzəni taxta çıxarıb ölkəni iki ayrı-ayrı paylara böləndə Zəkəriyyə Keçəçi dözə bilmirdi. Görürdü ki, insanlar daha da pozulur, cılızlaşır, acgözləşir, xırdalaşır.
Demək Şeyx Səfi nəsli yenə də baş qaldırdı. O, Şeyx Heydər uşaqlarının həbsxanaya salınmasının, Sultanəlinin öldürülməsinin əleyhinə olmuşdu. Onsuz da Ərdəbil həmişə o seyidlərin tə’siri altında olmuş, ayrıca bir xanlıq, ölkə kimi yaşamışdı. Sultanəli də belə yaşayacaqdı. Onu öldürdülər, guya Ərdəbili padşahlığa qatırlar. Amma budur, onu parça-parça elədilər.
Təbrizdən qayıdandan sonra Şirvanşah adam göndərib Zəkəriyyə Keçəçini Şamaxıya qulluğa çağırmışdı. Amma o qalan günlərini ibadətlə keçirəcəyini bəhanə eləyərək getməmişdi. Böyük sarayın vəfasını görməyəndən sonra o kiçik saraya getmək istəmirdi. Bununla o özünü daha da ucuzlaşdırardı.
Mahmudabada ustalar çağırtdırıb məscid, mədrəsə tikdirməyə başlamışdı. Bununla da ömrünün sonunda savab, rəhmət qazanmaq fikrinə düşmüşdü. Hərdən bir də qələm-davatını götürüb sarayda gördüklərini qaralayırdı. Amma axşam düşən kimi buraya - Kürün sahilinə gəlir, əllərini qoynuna qoyub qüruba, onun özü kimi bağrı qana dönmüş günəşə baxır, hava qaralıb göydə gecə quşları uçandan, qamışlıqlardan, bataqlardan mığmığalar qalxıb hər tərəfi çulğalayandan sonra qayıdıb evə gedirdi. Onun dalınca da qohumu Ağacan kişi, onun xidmətçiləri yeriyirdilər. İndi isə o günəş hələ uzaqda, Muğanın üstündə sanki yerin altına girməmiş qayıtmaq istədi.
– Deyirsən darğanın evindədilər?
– Bəli.
– Aydındı.
– Nə aydındı?
– Aydın olan.
Ağacan kişi ən çətin məsələlərdə Zəkəriyyə Keçəçinin “aydındır” deməyinə heyrət eləyirdi. – ”Bu kişi yerin altını da bilir, üstünü də. Elə bir iş yoxdur, xəbəri olmasın. Belə baş sahibini də bu günə salarlar?”. Bundan sonra artıq barmaqlarındakı donmuş iri qan danəli təsbehini oynatmağa başlayırdı. Onun öz aləmində, Allahla arasında söhbəti başlayırdı.
– Ey yerin, göyün sahibi, niyə ən ağıllı bəndən olan, Zəkəriyyə Keçəçiyə əzab verirsən?
– O səndən ağıllıdı, məndən yox, Ağacan kişi. – Göylərdən cavab gəlirdi.
– Əstəğfürullah, əstəğfürüllah, mən sənin işlərinə qarışmıram. Onu bilmək istəyirəm ki, axı o məndən çox ağıllıdı, niyə gətirib mənə yoldaş eləmisən?
– Qoy bir az da sənin ağlını artırsın. O, həmişə padşahlara öyüd-nəsihət verirdi .Ağıllı adama ağıl öyrətmək, ağılsız adama ağıl öyrətməkdən daha xeyirlidi. Son padşahlar ağıldan kasıb olduqlarından onun məsləhətlərini bəyənmədilər. Ona görə də bu günə düşdülər. Onu da ayırıb Mahmudabada göndərdim ki, o hökmdarların günahı Zəkəriyyə Keçəçinin adına yazılmasın.
– Sən nə ədalətlisən, ey yerin-göyün sahibi?
Bu yerdə Ağacan kişinin Allahla söhbəti qurtardı.
– Yaxşı, aydın olan nədi?
– Heç, – deyə Zəkəriyyə Keçəçi ona cavab vermirdi. Bilirdi ki, onsuz da başa sala bilməyəcək, onsuz da lazım deyil.
Bu aydınlıq nədir? Demək İsmayıl Talış tərəfdədir və Şirvanşah bu adamları Mirzə Məhəmmədin yanına göndərib onu orada öldürtmək istəyir. Buna yol vermək olmaz, qəti olmaz!
Şirvanşahın elçisi Talış xanı Mirzə Məhəmmədə Fərrux Yassarın məktubunu təqdim eləmişdi. Mirzə Məhəmməd xan onu vəzirə oxutdururdu. Məktubun əvvəli səmimi başlasa da, onların dostluğuna işarə olunsa da, getdikcə boyalar tündləşir, axırda o dostluğun düşmənçiliyə çevriləcəyi ilə hədələnirdi. Məktubda deyilirdi:
“Mirzə Məhəmməd xan bilmədi ki, dostun düşmənlərini qanadı altına almaq düşmənçilikdən betərdi və bunun ağırlığını hiss eləməlidi. Şeyx Heydərin oğlu İsmayılın nəyindən qorxmusan. Sənin hərəkətindən belə çıxır ki, öz yanında mənim qanıma susayan adamları saxlayıb onlarla bərabər Şirvanşaha qəsd hazırlayırsan. Bil və sənə agah olsun ki, Şirvan qoşunu Kürü keçsə səni heç qanadı altına almayacaq. Yaxşısı budur, İsmayılı öz əlinlə tutub mənim hüzuruma göndər”.
Bir çox təhdidedici sözlərdən sonra Fərrux Yasarın möhürü basılmışdı.
Mirzə Məhəmmədin qanı sifətinə vurmuşdu və onun tükü tökülmüş başında tər tumurcuqlanmışdı. Gözləri şüşədənmiş kimi parıldayırdı. Amma heç nə demirdi. Məktubu oxuyan vəzir tərs-tərs Şirvan nümayəndələrinə baxır, gözlərini döndərib xana baxanda onlar təəccüb ifadə eləyirdi. Vəzir belə fikirləşirdi: “Şirvanşah olanda nə olar. Biz axı onun əlaltıları deyilik. Heç Təbriz sarayına tabe olmamışıq, bu niyə bizi hədələyir?” Amma xan ayrı cür düşünürdü: Vəziyyət yenə də mürəkkəbləşib. Fərrux Yasar indi hamıdan qüvvətlidi. İstədiyini eləyə bilər. Talış xanının ona heç gücü çatar? Çox da ki, Ağqoyunlulara xərac verir. Əlvənd Mirzə Fərrux Yasarı qoyub onun sözünü deyəcək? Onsuz da heç Əlvənd Mirzənin də İsmayıldan xoşu gəlmir. Sabah o da Talış xanından İsmayılı istəyəcək.
Yaxşı, mən niyə ağlımı uduzdum? Mirzə Əliyə niyə uydum? Bir körpə uşağa görə özümə iki hökmdarı ləc salıram. Düşmənlərimin sayını artırıram. Bu fani dünyada mənim kimi hökmdarlar suyu da püfləyə-püfləyə içirlər ki, sonra söz deyən olar? Bu xatadan qurtarsın. Yox, elə özünü zamanın sahibi e’lan eləməklə, hamının gözündən pərdə asır. Mənim qanadıma, kölgəmə sığınıb yaza kimi özünə qüvvə yığmaq istəyir.
Nə qədər qüvvə toplayacaq? Ən çox, ən çox dörd-beş min. Onun atası iyirmi minlik qoşunla Fərrux Yasara heç bir şey eləyə bilmədi, özü tarimar oldu. İndi bu uşaq beş minlə nə eləyə biləcək? Arada mənim yerimə, yurduma su calanır. Talışın üstünə qoşun gəlsə, gərək vuruşam. Vuruşmada da gör nə qədər adamımız qırğına gedəcək. Yaxşısı budur keçi ölsün, qoturluğu da kəsilsin. İsmayılı yox eləsək, Əlvənd Mirzə də, Fərrux Yasar da, mən də qulağı dinc oturarıq. Ancaq necə? O mənim qonağımdı. Qonağı öldürmək, yaxud onu ələ vermək mənim nə şanıma, nə şöhrətimə yaraşan iş deyil. Belə eləsəm, gərək onda özüm boğazımı aparıb keçirəm kəndirə. Adım qalacaq qonaq öldürən, qonaq satan. Ölkənin adı bədnam olacaq, Allah bu qədər ne’məti verib ki, onlardan qonaqlar da yesin. Həm də bu qonaq məni hamıdan güclü bilib, mənə pənah gətirib, indi onu necə ələ verim? Mirzə Məhəmməd xan fikirdən ayrıla bilmirdi.
Əyninə məxmərdan arxalıq geyib, başına quzu dərisindən papaq qoyan Şirvan elçisi isə ona aman vermək istəmədi.
– Nə oldu, xan? Şirvanşahın məktubuna e’tinasız yanaşmaq yaxşı düşməz ha!
Vəzir ona dedi:
– Sən kimlə danışdığını bilirsənmi?
– Niyə bilmirəm? Bu qədər at sürmüşəm, bilmirəm hara gedirəm?
Vəzir ona yaxınlaşıb pıçıldadı:
– Xanın qəzəbinə gələrsən, bir az özünü yığışdır.
Elçi dil boğaza qoymurdu.
– Mən xanın qəzəbinə gələrəmsə, xan da Şirvanşahın qəzəbinə gələr.
Bu sözləri bərkdən dedi, xan da eşitdi. Vəzir xanın acizliyinə məəttəl qalmışdı. Tədbirsizliyinə də heyrətlənirdi. Biyəpiş hakimi Mirzə Əli özünü itirməyib İsmayılı gizlətmək üçün Qur’ana da and içmişdi. İndi bu boyda xan cavab tapa bilmir.
Mirzə Məhəmməd xan soruşdu:
– Elçinin vəzifəsi nədi?
– Elçinin vəzifəsi gətirdiyi məktuba cavab aparmaq, həm də doğru-dürüst cavab, xeyirli cavab.
– Onu soruşmuram. Şirvanşah sarayında nə iş görürsən?
Mən Şirvanşahın əmiraxuruyam.
Mirzə Məhəmməd əllərilə başını tutdu. “Gör mən nə günə qalmışam ki, Şirvanşah üstümə mehtərini göndərir. Demək məni mehtərinə bərabər hesab eləyib. Yaxşı, nə olar, tənəzzülün tərəqqisi də gələr”.
– Deyirəm axı, niyə belə at kimi üzümə dayanırsan. Bunu qandallayıb tövləyə salın. O birisi elçiləri yerbəyer eləyib qulluqlarında dayanın.
Qapıda dayanan keşikçilər yetirib əl-ayaq tərpədən əmiraxurun qollarını burub, apardılar. O birisi elçilərdən biri ayağa qalxıb baş əydi.
– Xan sağ olsun, o elə belə danışığını bilməyəndi, onu bizə bağışla.
– Hə, belədi ha. Deyir adın nədi, Daşdəmir, yumşalısan, yumşalı. Elçiyə zaval yoxdu, dilin dinc qoya bilsə. Gedin, dincəlin, yoldan gəlmisiniz. Mən cavabı hazır eləyəcəyəm. – “Öz mehtərimlə də göndərəcəyəm Şamaxıya”.– demək istədi, sözü dilinin ucunda saxladı.
Elçilər gedəndə, onlardan ən yaşlısı, bayaqkı sözləri deyən geri qayıtdı, xana yaxınlaşıb sirr sözü olduğunu başa saldı. Xan razılıq verəndən sonra yaxınlaşdı.
– Şirvanşah tapşırdı ki, dilcavabı deyim. İsmayıla görə beş yüz tümən də verəcək. Bu böyük puldu.
Bəli, beş yüz tümən çox böyük pul idi. Mirzə Məhəmmədə də belə bir vaxtda çox lazım idi. Amma yenə, heç nə demədi.
– Gedin, sonra danışarıq.
– Xan sağ olsun, bizim əmiraxuru mənim bu ağ saqqalıma bağışlayın. Danışığını bilmir, ürəyi elə deyil.
– Yox, tövlədən ötəri darıxıb. Qoy axurda bir az yatsın, ağlı başına gəlsin.
Xan üzünü kənara çevirdi. Bununla da bildirdi ki, onların arasındakı söhbət qurtarıb. Şirvanşahın elçiləri çıxanda xanın iqamətgahı qabağında bir dəstə elçi də atdan düşürdü.
Bunlar Biyəpişin günbatanındakı Biyəpas hökmdarı Hüsaməddinin elçiləri idi. Bir Gilan iki yerə parçalanmışdı. Bir tərəfi İsmayılın dostu, bir tərəfi onun düşməniydi. Bu gələnlər də düşmənlərin elçiləriydi.
Mirzə Məhəmməd xan hələ Şirvan elçilərinin hədəsindən qurtarmamış, özünə gəlməmiş bunlar özlərini– yetirdilər. Məcbur qalıb onları da qəbul elədi. Hüsaməddinin kiçik qardaşı Sədrəddin gəlməklərinin səbəbini belə izah elədi:
– Biz təkcə Biyəpasın yox, eyni vaxtda Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin də elçiləriyik. Bilirik ki, Şeyx Heydər oğlu İsmayıl Talışda, Ərcivanda ocaqlıq salıb, qoşun toplayır. Əgər onu bizə verməsən, biz özümüz xəbərsiz-ətərsiz Astara çayını keçib Ərcivanı yerlə yeksan eləyəcəyik. Onda yaxşı düşməyəcək. Əlvənd Mirzə də, Hüsaməddin xan da sənə böyük ehtiram köstərirlər. Hörmət qarşılıqlı olur. Yaxşısı budur ki, onları həmişə dost gözündə görəsən.
“Demək artıq Əlvənd Mirzə Hüsaməddini də qudurtdu. Onun zəncirini açıb buraxıb. Beləsinin qabağından qaçmasan, səni parça-parça eləyər. Deyir arxalı köpək qurd basar. Onun qabağından qaçsan da işlərin günü-gündən pisləşəcək. Dişi şirəyə batacaq”. Mirzə Məhəmməd xan düşündü, əlini qaldırıb onun sözünü yarımçıq kəsdi.
– Yaxşı, sən dedin, mən eşitdim. İkincisi də nə vaxtdan Hüsaməddin Əlvənd Mirzənin adından danışır? Kim onu vəkil eləyib. Əlvənd Mirzə bütün ölkənin padşahıdı, özünün mirzələri, çaparları, elçiləri var, lazım gəlsə məktub da yazar, elçi də göndərər. Onun adından danışıb mənə qara-qorxu gəlməyin heç bir xeyri yoxdu. Kişi gərək öz adından danışsın, özündən güclünün adından yox. Çünki belə şeyləri çox görmüşük. Şükür xudanın kərəminə, hərə öz evinin sahibidi, öz evində ağalıq da eləyir, nökərlik də. Evində oturub başqasına nökərçilik eləmək isə kişiyə yaraşan sifət deyil. O ki qaldı Əlvənd Mirzə ilə mənim münasibətimə, onu özümüz bilərik. Yə’ni qaşıq qazana çömçədən yaxın oldu? Qardaşın Hüsaməddinə de ki, ətlə dırnağın arasına girməsin. Çünki ətlə dırnağın arasına girən tikanı çıxarıb atarlar, yara bir gün, iki gün ağrıyar, sonra sağalar. Yenə yamanlıq da, pislik də tikanın özünə qalır. Əziyyəti də sonradan çəkən, çürüyüb gedən elə tikan olur.
Sədrəddin özünü itirdi. Qardaşına qarşı Mirzə Məhəmməd xanın ittihamlarını gözləmədiyinə görə pörtüb-qızardı.
– Bəli, düz deyirəm. Adam gördüyü pis iş üçün sonra lap qızarınca, əvvəldən xəcalətdən qızarsa daha yaxşı olar.
– Demək İsmayılı vermək istəmirsən?
– Hüsaməddinin yanında uzaqdan gəlmiş hörmətli adam var?
Sədrəddin elə bildi ki, Mirzə Məhəmməd xan onları ələ salır. Demək istəyir ki, sizin qonaqlarınız da olmur. O, cavab verməyə tələsdi.
– Niyə yoxdu, Əli bəy Cəyirli gəlmişdi, özünün bütün əsabələriynən. Bu sözləri deməyi də mənə o tapşırdı.
– Əli bəy Cəyirli. Başa düşdük. Onda Əli bəy Cəyirlini gətirəydin, əvəzində İsmayılı aparaydın.
– Necə? Xan sağ olsun, o əvvəla sədr əzəmdi, sonra da qonağımızdı?
– Bəs onda necə bilmisən? İsmayıl Sahib zaman mənim nökərimdi? O da mənim qonağımdı da. Belə çıxır ki, Hüsaməddin kişidi, qonağını vermir, Mirzə Məhəmməd xan nakişidi qonağını pay verir? Heç fikirləşib iş tutursunuz?
Xanın sözləri qarşısında Sədrəddin yenə də söz tapmadı. Başqa bir səmtdən yanaşmağa çalışdı.
– Bu ona bənzəyir ki, biri canavar balasını gətirib saxlayır, böyüdür. Elə bilir ki, insan əlindən yemək alandan sonra canavar xasiyyətini yerə qoyacaq. Onun dişləri bərkiyənə qədər qalır, gücü-qüvvəsi artanda yaxşılıq eləyənin bütün qoyun-quzusunu boğub qaçıb gedir. İsmayıl da belə bir qurd balasıdı. Hələ qoltuqdadı, amma onun əlindən Astaradan keçib buraya gəlmək olmur. Yolumuzu Qazan köşkündan salmışıq. Biz elə bilirdik Talışın bir xanı var, deməyəsən ikiymiş.
– Arxayın ola bilərsiniz, üçüncü xan olmayacaq. İsmayıl hələ heç kimin torpağını basmayıb, Talış torpağından başqa. Buna görə də məndən icazə alıb. O, gəlib babası Zahid Gilaninin türbəsini ziyarət eləməyə.
O fikirləşmişdi ki, iki od arasına düşüb. Amma Hüsaməddin də bu yandan çıxmışdı. Onun işləri pis gətirə bilərdi. Təkcə bir ümidi vardı. Havalar soyuyurdu. Qış yaxınlaşırdı. Qar düşəndən, çöllərdə ot qar altında qalandan sonra heç bir ağıllı hökmdar qoşun çəkib vuruşmağa getməz. Yazda isə İsmayıl Ərcivandan çıxıb gedəcək. İsmayıl uğursuzluğa düşsə, onda bu üç düşmən Talışı tikə-parça eləməyəcəkmi? Fərrux Yasar da, Hüsaməddin də çox kinli adamdılar. Heç nəyi yaddan çıxarmırlar. Onların kini dəvənin kinindən də betərdi. Uğur qazanandan sonra necə, Mirzə Məhəmməd xanın qədrini biləcəkmi? İnsan övladı çiy süd əmib. Nə qədər ki, işi düşür, köməksizdir, məhəbbətini əskik eləmir. Elə ki, genişliyə çıxdı, əli hər yerə çatdı, o çətinlik də, ağır günlərdə kömək duranlar da yaddan çıxır. Elə bilir elə öz gücünə qalxıb, yüksəlib. Yəqin ki, İsmayıl da belə olacaq. O, indidən lovğalanır. Uşaq olsa da xanın görüşünə gəlmədi və onu öz yanına çağırmadı. Belə eləyər də, əli Allahın ətəyindədir. Gözü rəiyyətləri görmür.
Yox, bu işlərin heç biri Mirzə Məhəmmədi açmır, onu elə bil çarmıxa çəkib tarım saxlayırdı. Nə qədər bu gərginliyə dözmək olar?
Hökmdarlıq da bir köpəyoğluluq deyil. Öz ürəyin istədiyini eləyirsən, başqalarına ziyan olur, başqalarının xeyrini güdürsən, özünə ziyandı. O, hökmdar kimi bu elçilərin hamısını boğazından asardı. Amma sabahı var bu günün. Gərək buna görə nə qədər qırğın verə. Bilmək də mümkün deyil, özü salamat qalacaq, ya yox.
Bu elçiləri də dincəlməyə göndərəndən sonra vəziri çağırdı məsləhətə.
– Nə deyirsən, ay dünya görmüş qoca? Nə eləyək? Fərrux Yasar ordan, Əlvənd Mirzə o tərəfdən, Hüsaməddin də bu yandan. Nə eləyək?
– Çətin sualdı, Məhəmməd xan. İsmayıla icazə verdin, yaxşı da elədin. Sahibi zamandı, bizim də axirət günümüz var. Ancaq bu günümüz də var axı. Hər işimizi axirətə bağlasaq, onda gərək elə əlimizi-ayağımızı uzadıb ölək.
– Hə, eşidirəm məsləhətini.
– Şirvanşahın elçisi qiyməti qaldırıb min tümənə. Hüsaməddinin elçisi isə o barədə heç söhbət də salmır.
Mirzə Məhəmməd qızardı.
– Deyəsən, qonağımızı bazara çıxartmışıq axı.
– Yox, qonaq qalır qonaq yerində.
– Bəs necə? Hamısı istəyir ki, bizdən razı qalsın. Əvvəla mən qonağı vermərəm, ikincisi də verməli olsaydıq belə, o tək, müştəri üç. Üç yerə bölməyəcəkdik ki?!
– Yox, biz onu verə bilmərik. Bütün Talış camaatı onun yanındadır. Hamı ziyarətə gedir. Gündə yüzlərnən qurban kəsilir. Hər gedən neçə qoyun, cöngə, düyə aparıb bağlayır İsmayılın düşərgəsinə. Ziyarətçi onun müridlərindən çoxdu. Onu bu adamların əlindən almaq qeyri-mümkündür. Deyillər onda bir zəhm var ki, heç kim həndəvərinə də düşə bilmir. Gecə-gündüz yüzlərlə adam onu qoruyur. Heç kimin ona əli çatmayacaq. Biz Şirvanşahın, Əlvənd Mirzənin və Hüsaməddinin yanında yaxşı olmaq üçün onlara deyək ki, icazə veririk, adamlarınızı göndərin, oğurlatdırıb aparsınlar. Göndərsinlər də adamlarını. Onsuz da zamanın sahibinin hər işdən xəbəri olur,– deyə vəzir çox mə’nalı-mə’nalı gülümsədi. Həm min tüməni alarıq, həm də yaxşı adam olarıq.
Mirzə Məhəmmədin kefi duruldu.
Kəməndə sarınan atlı yəhərdən çıxdı və tappıltı ilə yerə dəyib süründü. Ayaqları başından aşıb yerə dəydi, o arabadan düşən un çuvalı kimi yastılanıb qaldı. Sonra kəndiri dartdılar, atlını sürüyüb apardılar. At da uzağa getmədi. Yüyənindən tutub gətirdilər.
Kəməndə sarınmış adamı ayağa durğuzdular. O, bir ayağını çəkə-çəkə yeriyirdi və üz-gözünü turşutmuşdu. Meşənin içi ilə keçən cığırla dağa çıxartdılar. Burada köhnə, bir tərəfi uçmuş qala vardı. Oraya gətirdilər. Həyətdən keçirib içərisindən tüstü çıxan binaya apardılar.
– ”Yeri”, “özünü əzib büzmə”, “tələs” kəlmələrindən başqa heç nə söhbət olmamışdı. Nə kəməndlə qolları bədəninə sarılan bilirdi onu kim aparır, nə də aparanlar bilirdilər ki o kimdir.
Qalada qoyunlar mələşirdi, bir tərəfə bir dəvə bağlanmışdı. Yerdə yüklər yan-yana düzülmüşdü. Bürclərdə adamlar görünürdü.
İki silahlı adam qolları bədəninə sarılmış adamı iri otaqdan keçirib xırda bir hücrəyə gətirdilər. Burada yerə qoyun dəriləri döşənmişdi. Yerdə bir xalça da vardı və əllərini başının arxasında çarpazlayan adam uzanıb fikrə getmişdi. Onun iri bığları görünürdü. Qapıda səs eşidiləndə o qalxıb dirsəkləndi. Bu Murad idi. Gözlərinə sataşan sifət onu heyrətləndirdi və təəccübləndirdi. Qolları bədəninə sarınan adam Əbih Sultan idi. Muradı görən Əbih Sultan da qorxudanmı, heyrətdənmi gözləri irildi.
Onlar axırıncı dəfə bir-birini Şəmasə kəndi yanında görmüşdülər. Onda üz-üzə gəlmişdilər, bir-birilərinə qılınc çalmışdılar. Düşməni çox görən Murad aradan çıxmış, kürəyinə sancılan oxdan sonra ağır yaralanmış, Uba arvad onu sağaltmışdı. Zəmanənin qarışdığını görüb o təzədən köhnə işinə qayıtmışdı. Çünki onunla mağarada yaşayan müridlərin çoxu üzə çıxa bilmirdi. Məcbur olub bu qalaya sığınmışdılar. Yolla keçən karvanları, tacirləri soyurdular. Təbrizlə Ərdəbil arasındakı bu qalanı özlərinə məskən seçmişdilər. Murad dəstənin başçısı olmuşdu.
Əbih Sultan dedi:
– Sən salamatsan?
– Salamatam. Görürsən ki, hələ ölməmişəm. Sənin adamlarının atdığı ox da məni öldürə bilmədi. İndi növbə mənimdi.
Əbih Sultanın kürəyinin arasından soyuq tər damcıları birləşib onurğa sümüyünün üstündəki çökəklə aşağıya axmağa başladı. O görmüşdü ki, Fərrux Yasar artıq Talış xanı ilə əlaqə yaradıb. Artıq Əbih Sultan ona lazım deyil və onun gürzələrin arasına atılacağı gün yaxınlaşır. Ona görə də bir dəfə Fərrux Yasarla ova gedəndə atını cüyür dalınca salıb uzaqlaşmış, onu izləyən fərraşları azdırmış, qaçıb aradan çıxmışdı. Yolda başına çox müsibətlər gəlmişdi. Amma o bütün düyünlərdən qurtarmış, özünü Xudafərin körpüsünə çatdırmışdı. Buradan birbaşa Diyarbəkrə, qardaşı Nurəlinin yanına getmək istəyirdi. Budur artıq qaçaq Murada rast gəlib.
Murad qalxıb dizlərini qatladı, iri əllərini dizlərinin qabağında biri-birinin üstünə qoydu. Onu gətirənlərdən soruşdu:
– Bunu harada tutubsunuz?
– Təbriz yolunda.
– Tək gedirdi?
– Bəli.
– Bir şeyi yoxdur?
– Heç nəyi. Cibində bir axça pulu da yoxdu. Bir atı var, bir xəncəri, vəssalam.
– Yox, siz bilmirsiniz. Bu adamı mən yaxşı tanıyıram. O, Rüstəm Mirzənin əmir əl ümarası Əbih Sultandı. Mən də onun sahibi xəbəriydim.
Əbih Sultanı tutub gətirənlər nə edəcəklərini bilmədilər. Yaxşımı, pismi iş gördükləri onlara bəlli deyildi. Biri başını aşağı saldı, o birisi günahkar-günahkar Murada baxıb gözlərini döydü.
– Qəbahət iş görmüşük, deyəsən.
– Yox, buna görə hər ikinizə böyük ənam düşür.
O, əl atıb yastığın altından bir kisə pul çıxartdı.
– Gəl götür. Aparın bölün. Əmirin atı da sizindi. Onlar təəccüblə Əbih Sultana və Murada baxıb çıxıb getdilər.
– Yenə qayıtmısan yol kəsməyə? – Əbih Sultan onu acıladı.
– Bəli, Əbih Sultan. Yol kəsmək sənin saraydakı işlərindən daha abırlı sənətdi. Sən hamını ucdantutma soyursan, xoşuna gəlmirsə, canını alırsan, gözünü çıxarırsan, ən yaxın dostunun düşməninin qabağında başını kəsirsən. Amma mən sənin əlindən dağa-daşa düşən adamlarla keçən tacirlərdən çörəyimizin haqqını alıb yolda vəhşi quldur-qaçaqdan qoruyuruq. Bu adamların evlərindən-eşiklərindən didərgin düşməyinin səbəbi sənsən, mən deyiləm. Hələ gör Ərdəbildə nə qədər cinayətlər elədin, qanlar axıtdın, uşaqları yetim qoydun. Elə bilirdin onların başı üstündə Allah yoxdu? Onların ahını heç kim eşitməyəcək? Budur, yola tək çıxırsan, səni həmişə əhatə eləyən əyan-əşrəf də üz çevirib. Cibində bir axça pulun da yoxdur. Allah barmağını uzadıb adamın gözünü çıxartmır ki, belə eləyir. Hamının gözündən salır. Yəqin ki, həm də acsan. Görürəm, gözlərinin ağı da saralıb. Yox, mən əclaf adam deyiləm. Sənə doyunca yemək də verəcəklər. Meylindən nə keçirsə də hazırlatdırım.
Bu eyhamların arxasında nə gizləndiyini Əbih Sultan yaxşı başa düşürdü. Artıq Muradın əlindən qurtarmağa heç bir imkan yox idi. Görünür artıq onun öz sonu da gəlib yetişib.
– Bir şərtlə, Murad bəy, yeməyi sənnən bir yerdə yeyəcəm.
– Yox!
– Ölüm cəzasına məhkum olanın axırıncı arzusunu soruşurlar və yerinə yetirirlər. – Əbih Sultan gülümsədi də.
– Bilirsən, mən daha o Murad deyiləm. Sənin elədiklərini görəndən sonra daha mənim heç kimə inamım qalmayıb.
– Yaxşı, gəl necə deyərlər, əyri oturaq, düz danışaq. Mən sənə nə pislik eləmişəm? Rastlaşmışıq, Rüstəm Mirzəni taxta çıxarandan sonra səni eləmişəm sahib xəbər. Sən də mənim sirrimi qızılbaşlara çatdırmısan. Belədi, belə deyil?
– Bəli, elədi.
– Bəs onda niyə məni günahlandırırsan?
Murad fikrə getdi. “Əbih Sultan düz deyir, onun mənə heç bir pisliyi keçməyib. Amma...”
– Əbih Sultan, dediklərin düzdür. Mənnən kəsdiyin çörəkdən sonra mənim özümə xəyanət eləməmisən. Amma Murad tək özünü fikirləşsəydi, indi onun xanimanları vardı. Mən sənin ikiüzlülüyünü görmüşəm. Sən Sultanəlini öldürdün, balaca qardaşını öldürdün, analarını öldürdün, Ərdəbil qazısını asdırdın, nə qədər müridlərin boğazına kəndir keçirdin. Nəyə görə? Rüstəm Mirzəyə görə. Rüstəm Mirzəni neylədin? Gödək Əhmədin qabağında quzu kimi qurban kəsdin. Bunlar elə adamlardı ki, mən onların heç birinin dırnağı da deyildim. Əgər mən də sənə mane olsaydım belə eləyərdin. Bütün bunları görəndən sonra demişəm, ey çörək, sənə deyirik Qur’andan irəlisən, yox, sənin heç gücün yoxmuş. Yox, indi görürəm ki, çörək çox güclüymüş. Elə bilirdin o qədər günahı soruşan olmayacaqdı. Allah məni göndərib sənin kimi adamları da mən cəzalandıram. Bilirsən bunun nə qədər savabı var?!
– Min savabdan bir torba qızıl irəlidi.
– Sənnən ötəri hə, mənnən ötəri yox.
– Murad bəy...
Murad onun sözünü kəsdi.
– Mən bəy deyiləm, qaçaq Muradam. Mənə sənin verdiyin bəylik də lazım deyil. Əgər məni taxta çıxarıb başıma tac qoysaydın, səni tanıyandan sonra o tacı ayaqlarımın altına salıb əzik-əzik eləyərdim.
– Ay uşaq! – Muradın səsi çox gur idi. Çağıran kimi ağacdan yonub düzəltdikləri təzə qapı açıldı, bayaqkı adamlar içəri girdi.
– Açın bunun sarığını. Biriniz də aşbaza deyin yaxşı bir şüyütlü plov bişirsin. Çünki əmir əl ümara şüyütdü plovu bütün plovlardan çox xoşlayır.
Onlardan biri Əbih Sultanın sarğısını açdı.
– Otur görüm.
Əbih Sultanın sifəti siyrilmişdi. Sağ ayağı da möhkəm ağrıyırdı. Birtəhər aşağı tərəfdən oturdu.
– Danış görüm hardan gəlib hara gedirsən?
– Diyarbəkrə gedirəm.
– Hardan gəlirsən?
Əbih Sultan Fərrux Yasarın yanında olmağını danışmadı. Bu da Muradın əlində təzə bir dəstəvuz olardı.
– Qarabağdan. Bir dostumun yanındaydım.
– Dostun səni niyə pulsuz-parasız, adamsız yola salıb?
– Murad bəy, tərəqqinin tənəzzülü də olur. Vaxt vardı yuxarı qalxırdım, indi də aşağı enirəm. Kim bu dünyanı tutub durub axı? Heç kim. Onsuz da bundan sonra mən bir də saray üzü görməyəcəm. Qayıdıb gedirəm öz mülkümə, qardaşımın yanına. Gəl sən də məni yolumdan qoyma.
– Bircə bunu eləyə bilməyəcəm.
– Mən insafsızam. Sən insaflı ol. Havayı demirəm. Rüstəm Mirzənin xəzinəsi mənim əlimdədi. Yarısını sənə bağışlayaram.
– Yox!
– Hamısı sənin olsun. Tutaq ki, məni öldürdün. Buna görə heç kim sənə sağ ol deyib, o qədər ən’am verməyəcək. Götür xəzinəni, bu adamları da burax, qayıt get öz elinin içinə, şah kimi yaşa ömrünün axırına kimi. Evlən, hələ qocalmamısan. Axır günündə sənə sahib duran olsun. Beş il, üç il dağlarda yuva qurub yol kəsəcəksən, sonra da Əlvənd Mirzə güclü qoşun göndərib hamınızı quş kimi ovlatdıracaq. Meyitinizi dağda-daşda çaqqal, canavar dağıdacaq. İndi özün bil. Mən dünyada bir adama ürəkdən yaxşılıq eləmişəm, o da sənsən. İndi o adamın əlində ölmək məni ağrıdır. Qoy heç olmasa düşmənlərim məndən intiqam alsınlar.
Murad dediyinin üstündə dayanmışdı:
– Nə olar, ölümünü özün seçərsən. Düşmənlərini tapmaq məndə.
Qapı açıldı, otağa iri məcməyidə şüyütlü plov gətirdilər.
– Otur ye. Mən toxam. – Səninlə bir daha duz-çörək kəsəsi deyiləm.
Talış dağlarının başına buludlar toplanmışdı. O buludlar Xəzər dənizinin üstündən sıralanıb buraya axışırdı. Ağır tutqun buludlar Kirkan meşəsinin dəmirağaclarına ilişib dayanır, ya dağı dərdli görüb əylənirdilərsə, ya nədi, buludlar bir yerə toplaşırdı. Onlardan yağışla bərabər qar ələnirdi. Yerə çatan kimi qar əriyir, yağış isə həmişə yağdığı bu qara torpağı horraya döndərirdi.
Ərcivan meşəsində yağış ağaclardan çox yerdəki xəzəllərə yağırdı. Ağacların nəhəng gövdələri islanıb qaralmışdı. Neçə gündən bəri yağan yağış onları elə islatmışdı ki, o nəmi, o suyu ağacların canından ancaq yay günəşi çıxara bilərdi.
Zahid Gilaninin məqbərəsi ətrafında qurulan çadırların üstünə yağış düşdükcə sacda qovrulan qarğıdalının səsini verirdi. Ağ çadırın içərisinə isə bu yağış un kimi, toz şəklində tökülürdü, İsmayıla elə gəlirdi bu nurdu, işıqdı. Amma gecə-gündüz onun çadırı ətrafında keşik çəkən müridlər yağışın əlindən cana gəlmişdilər. Onlar da ağac kötükləri kimi islanmış, su, soyuq iliklərinə işləmişdi. Onlardan biri lap cana gəlmişdi. Ürəyində bircə fikir dolandırırdı.
– Allah kömək olmuş, bir başını qaldırıb tanrıdan iltimas eləyə bilməz ki, bu yağışı kəs. Axı onu zamanın sahibi eləyən qurban olduğumdu da. Yə’ni desə sözü yerə düşər?
Mürid yoldaşları heç kimə baxmaz, onun dilini kəsərdilər.
Bu günlər Lələnin də işi çox idi. Lap çox. Gecə qurtarırdı, o isə bir çimir eləməyə vaxt tapmırdı.
Talışdan, Muğandan, Gilandan, Ərdəbildən, Mazandarandan belə korlar, şillər, xəstələr sürünə-sürünə axışıb bura gəlir, öz dərdlərinə əlacı İsmayılda görürdülər. Amma Lələ İsmayılı heç kimlə görüşməyə qoymurdu. Çadırda, adamların arasında o laməkan olmuşdu. Görünsə, adamların arasına çıxsa, Lələyə elə gəlirdi ki, sehr itər. Bu xəstələri isə birtəhər geri qaytarırdı. Onu düşündürən bu xəstələrin taleyi deyil, silah götürə bilən müridlərin sayı idi.
Şam şəhəri yanında məskən salmış şamlı tayfasına, Ərzincan ətrafındakı rumlu tayfalarına, Vaysaq, Boyat, Ustaclı, Qacar və Əfşar tayfalarına o, carçılar göndərmişdi. Elə bil ki, dünyanın ən hündür yerində dayanan carçı əlini qulağının dibinə qoyub ucadan səsləyirdi.
– Zamanın sahibi peyda olub. Kimin günahı yoxdursa, yığılıb gəlsin. Onunla bərabər bütün günahları yer üzündən süpürüb atsın. Eşidirsinizmi, eheyy...
Bu carçının səsini isə hər yerdə eşidirdilər. Ona hay verirdilər.
Artıq ilk carçı qayıtmışdı. Lələyə danışırdı:
– Əbdi bəyin yanında oldum. Sevindiyindən çiçəyi çıtladı. Dedi mənim elim hamısı yazda at belində olacaq.
– Necədi Əbdi bəy?
– Sazdı. Əjdaha kimi. Saçı-saqqalı bir az çallaşıb. Lələ özü şamlı tayfasından idi. Neçə illər bundan əvvəl gəlmişdi və bir daha o tərəflərə ayağı düşməmişdi, Əmir Teymur şamlı qəbiləsini Səmərqənd tərəfə aparanda Lələnin babası Şeyx Səfi türbəsinin mücövürü, Şeyx Əlinin yanına gəlmiş, onu Əmir Teymura minnətçi salmışdı. Xacə Əlinin xahişini eşidən Əmir Teymur Şamlı tayfasının geriyə, öz torpaqlarına qayıtmağına icazə vermişdi. O vaxtdan da bu tayfa Ərdəbil şeyxlərinə, onların əqidə və təriqətinə bağlanmışdı. Lələnin atası isə oğlunu bu ocağa nəzir demişdi. Böyüyəndə onu Şeyx Heydərə tapşırmışdı.
– Bunu pirimizə nəzir demişəm. Nökərindi, qulundu.
Amma onlar dost olmuşdu. Şamlı qəbiləsi onlara indiyə qədər sədaqətliydi, ona görə də ilk çaparı elə ora göndərmişdilər.
Tək-tək gələn müridləri birləşdirmək, onları nizamlı qoşun halına salmaq da çətin iş idi. Böyük tayfalar öz silah götürən oğullarını bir yerdə gətirməsə, gələcək döyüşlərdə uğur qazanmağa da ümid az idi. Düzdür, özünə mürid adı götürən indidən bilir ki, ölüm-dirimə gedir və bu döyüşlərdə öz canından keçməlidir. Bununla belə mütəşəkkillik daha vacib, məsələlərdəndi. Həm də müridlərin arasında düşmənlər də gələ bilər. İşin başlanğıcında onlara elə bir xəta yetirə bilərdi ki, onu heç nə ilə düzəltmək olmazdı.
Artıq Talış xanı ona xəbər çatdırmışdı. Fərrux Yasarın və Hüsaməddinin müridlər arasına sui-qəsdçilər göndərəcəyindən xəbərdardılar. Amma o sui-qəsdçilər kim ola bilərdi? Yüzlərlə adam gəlir, hamısı da sahibi zamanın tərəfində ölümə hazır olduğunu deyir. Heç birinin də alnında düşmən olduğu yazılmayıb.
Lələ bircə iş görə bilmişdi. Təzə gələnlərə düşərgədən xeyli aralı çadırlar qurulur, onlar İsmayılın düşərgəsinə buraxılmırdı. Bəs necə? Onlar gizlincə yaxınlaşıb çadırda yatan İsmayılı öldürə bilməzdimi? Çadırın ətrafında ən inanılmış adamlardan keşikçi qoyulurdu. Bir də İsmayılın yeri tez-tez dəyişdirilirdi. İkinci gecə bir yerdə yatmırdı.
Lələ başqa bir tədbir də görmüşdü. Bu sirri isə ondan və ən yaxın iki-üç adamdan başqa heç kəs bilmirdi. Ərdəbil müridlərindən birinin İsmayıl yaşda, İsmayılla bir üz almaya oxşayan Xızır adlı oğlu vardı. Lələ Xızıra da eyniylə İsmayılın paltarından tikdirmişdi. Hər gün hər ikisinə eyni libas geydirilirdi. Amma bundan onların heç birinin xəbəri yoxdu. Bunu iki məqsəd üçün eləmişdilər. Birincisi ona görə ki, əgər düşmən düşərgəyə yol tapsa çaşıb qalsın. İkincisi də bir-iki dəfə eyni vaxtda onları düşərgənin ayrı-ayrı səmtlərində adamlara uzaqdan göstərmişdi. Hər ikisi də namaza dayanmışdı. Bu da ziyarətə gələnlərdə qəribə bir mö’cüzə tə’siri yaratmışdı. Sözü-sovu hər tərəfə yayılmışdı. İsmayılın eyni vaxtda iki yerdə görünməyi ən böyük mö’cüzə tə’siri bağışlamışdı.
Onlar insanları yalnız bu cür mö’cüzə pərdəsi altında öz arxalarınca apara bilərdilər.
Bir gün düşərgəyə qulaqları eşitməyən, gözləri çəp, qozbel bir adam oğlunun əlindən tutub gəlmişdi. Ona nə qədər demişdilərsə, başa sala bilməmişdilər ki, İsmayılın yanına heç kəsi buraxmırlar. O, öz dediyinin üstündə dayanıb durmuşdu. Nəhayət, İsmayılın həmişə namaz qıldığı yerə gətirmişdilər. O, zamanın sahibinin dayanıb namaz qıldığı Yeri öpmüş, yalamış, sonra ona inamsızlıqla baxan adamların yanında cibindən bıçağını çıxarıb itiləmiş, çəp gözlərindən yaş axa-axa, on-on iki yaşındakı oğlunu yerə yıxıb qibləyə döndərmiş, bıçağı onun boğazına çəkmək istəyəndə, qolundan tutub güclə saxlamışdılar.
Qorxudan nitqi qurumuş uşağı alıb buraxmış, onu isə Lələnin yanına gətirmişdilər. Əhvalatı da olduğu kimi ona danışmışdılar.
– Sən kimsən? Hardan gəlmisən?
Əlini qulağına aparıb kar olduğunu, eşitmədiyini bildirmişdi. Bir də sözləri bərkdən təkrar eləyəndən sonra demişdi.
– Biləsuvar tərəfdənəm, qadan alım.
– Bəs bu nə işdi, sən tutursan? O körpə uşağın nə günahı var?
– O uşaq mənim belimdən gəlib, qadan alım. Sahibi zamana qurban demişəm.
– Nəyə görə?
– Necə yə’ni nəyə görə? Zülm ərşə dayanıb. Onnan evdə onu da var. Hamısı da acından ölür. Ən gözə gələnini qurban deyib gətirdim. Qoy biri qurban getsin, o biri uşaqlar heç olmasa zamanın sahibinin kəramətindən çörək tapsınlar.
– Bir qoç gətirin, – deyə Lələ göstəriş vermişdi.
Qoçu gətirmiş, Lələ məcbur etmişdi ki, atası uşağını qurban kəsdiyi yerdə qoçu qurban kəssin. Bundan sonra ona pul da vermişdi.
İndi get uşaqlarını dolandır, zamanın sahibinin kəraməti onların ruzusunu yetirər.
– Yox, qadan alım. Heç yerə gedən deyiləm. Bu lap İsmayıl qurbanına oxşadı. Bundan sonra mən onun qurbanıyam. Özümü qurban verməsəm gözümə yuxu getməz.
Həmin kişini düşərgənin aşpazlarına qəssab vermişdilər. Qoyunları kəsir, soyur, doğrayırdı. Hamı bu fikirdəydi ki, onun kimi sadiq ürəklə Ərcivana gələn olmayıb. Öz işindən əlavə, odun yarır, qazanların altını yandırır, su daşıyır, xırım-xırda işləri də cani-dildən görürdü. Təmizliyinə, səliqə-səhmanına görə ona yeməkləri daşımağı da ümid eləmişdilər.
Bu yağışlı gündə aşpaz çardağın altında dəm almış plovu ocaqdan düşürüb, o birisi nimçələrdən fərqlənən çini qaba aş çəkdi. Başı nəyəsə qarışdı. Amma o qabın yanından kiminsə qaraltısının keçməyinə əhəmiyyət vermədi. Amma qayıdanda özündə nəsə bir narahatlıq duydu. Ürəyi nədənsə döyünməyə başladı. Başını qaldırıb odun doğrayan kişini gördü. Deyəsən o da nədənsə narahat idi və gözucu aşpaza baxırdı. Aşpaz onu əlinin hərəkəti ilə yanına çağırıb, çini qabı aparmağı ona tapşırdı. Kişi bir an tərəddüd elədi, sonra aş çəkilmiş qabı götürdü. Plovun istisi keçəndə əlləri əsdi. Bir an duruxdu və yeridi. Amma elə bil hər ayağına bir putluq daş bağlanmışdı. Gedə bilmirdi. Aşpaz da bunu hiss eləmişdi. Ocağın yanından ucu qırğı burnu kimi qabağa əyilmiş dəhrəni götürüb yavaş-yavaş onun dalınca getdi. Çadıra çatmamış birdən-birə dedi:
– Dayan!
Kişi dayandı. Aşpaz qabın rənginə fikir verdi. Bu, Mirzə Məhəmməd xanın İsmayıla bağışladığı mərtəbeyi idi və onun rəngi açıq yaşıldan dönmüş, qaralmışdı. Aşpaz özünü saxlaya bilməyib qışqırdı:
– Lələ, özünü çatdır!
Bir anda Lələ çöldə idi. Aşpaz başı üstünə qaldırdığı dəhrəyə və qozbel, çəp kişinin əlində əsən qaba baxdı. Qozbel Lələni görəndə əlindəki qab düşüb çilik-çilik oldu və plov palçığa qarışdı.
Lələ, məsələnin nə yerdə olduğunu başa düşüb qılıncını siyirdi. Xadim bəy Xulafanı da çağırtdırıb elə oradaca məhkəmə qurdu:
– Bu kimin günahıdı? – O, əvvəl aşpazdan soruşdu.
– Onun, – deyə aşpaz çəpgöz qozbeli göstərdi. O, çəpgözə baxdı.
– O plova zəhəri kim qatıb?
İldırım vurmuş kimi yerində quruyub qalmış çəpgöz başı ilə aşpazı göstərdi. Amma birdən diz üstə düşüb palçığın içindən plovu ovuclayıb ovurduna təpməyə başladı.
– Dayan, səni bura kim göndərib?
– Şirvanşah. Bu gün mənə min tümən verdilər, bir də bu zəhəri. Dedilər ədviyyə kimi səp.
– Kim verdi?
– Tanımıram.
– Bizim müridlərdəndi?
– Hə.
– Görsən tanıyarsan?
– Hə. – O artıq hər sözü eşidirdi. Karlığı yox idi.
Beli isə qozbel idi. Əlini atıb plovu palçıqqarışıq götürüb ağzına təpirdi. – Allah, itin olum, Allah, pişiyin olum. Gör mən nə günah işlətmişəm. Tez öldür məni, elə bildim heç kəs başa düşməz. Yox, İsmayıl zamanın sahibidi. Ona şəkk eləyənə min arxa lə’nət. Heç kəs görməmişdi. Qab satdı məni. Allahın qabı da dil bilirmiş, ona qulluq göstərirmiş.
Getdikcə onun səsi kallaşırdı. Lələ bir şeyi də dürüstləşdirmək istəyirdi. Aşpazın bu işdə günahı olub-olmadığını bilməliydi.
– Aşpazın bu işdən xəbəri var? Ölüm ayağında düzünü de.
– Yox, – o başını buladı.
– Bəs sən İsmayılın ayağı altında oğlunu qurban kəsirdin?
– Mənim oğlum deyildi. Oğurlamışdım.
Lələ qılıncın iti ucuyla onu dümsüklədi.
– O mürid hardadır, adı nədir?
– Adını bilmirəm. Sağ gözündə titə var. – Artıq o plovu yeyə bilmirdi. Bayaqdan palçığın içində iməkləyən uşaq kimi dayanmışdı, ayaqları arxaya, əlləri qabağa sürüşdü, o üzü üstə yerə gəldi. Beli qırılmış ilan kimi qıvrıldı. Sifətini palçığa sürtdü. Zarıdı, öyüdü və birdən-birə çarmıxdakı adam kimi dartıldı və quruyub qaldı. Lələnin bir işi də artmışdı. Gözü titəli adamı tapmalıydı. Hələlik isə başını qaldırıb aşpaza baxdı. Amma aşpaz oturub uşaq kimi ağlayırdı.
– Sən necə oldu ki, belə adama inandın?
– Bilmirəm. Ona hamı inanmışdı. Nə yaxşı ki, şübhələndim. Elə bil ki, mənə kimsə dedi, agah oldu.
Lələ zamanın sahibinə zəhər vermək istəyən adamın bu hala düşməyini də yaymaq, hamıya bildirmək istəyirdi. “Mö’cüzə”nin biri də artırdı.
Başındakı sədəf rəngli buzlaqlar parlayan dağların əhatəsinə kainatın ən böyük zümrüdü düşmüşdü. Bu zümrüd yaz günəşinin altında parıldayırdı, qırçınlanırdı. O, zümrüd üzüklərdəki, taclardakı, qolbağ və bilərziklərdəki, xalxal və bazubəndlərdəki zümrüddən daha zərif rəngdəydi. Onun közəlliyini heç bir şeylə müqayisə eləmək mümkün deyildi. İsmayıl çadırın qabağında dayanıb bu gözəlliyə baxırdı. Ayağı altına isə təbiətin elə bir xalçası salınmışdı ki, onu ayaqlamağa insanın ürəyi gəlmirdi. Zümrüddən daha yaşıl otların arasında sarı çiçəklər bitmişdi. Beş ləçəkli bu qaymaq çiçəklərinin ləçəklərini təbiət-zərgər ən son həddə qədər cilalamışdı. Çox xırda, barmaqlar arasına götürmək mümkün olmayan, rəngi göylərdən mavi çiçəklər açmışdı.
Ağ çadırdan bir az yuxarıda qar xarlayıb qalmışdı. Və rəngi elə bu çadır kimi, İsmayılın mindiyi Qızıl qanad kimi ağappaq idi, ayrı-ayrı danələri parıldayırdı. O qar topasının aşağısında sarımtıl rəng vardı. Qar əridikcə damcı-damcı sular torpağa hopurdu və elə buradaca novruzgülü iki nov yarpağının arasından qalxıb boylanırdı.
Onun ürəyində misralar dolanmağa başladı.
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Elə gözəl bir gün, elə gözəl təbiət, elə gözəl əhvali-ruhiyyə vardı ki, insanın qəlbinə zərrə qədər də pis fikir gəlmirdi. Tale də yaddan çıxmışdı, düşdüyü xətalar da, başına gələn müsibətlər də, irəlidə onu gözləyən işlər də.
Həyatda, dünyada hər şey niyə belə gözəl və həmahənk deyil. Dünyanın bir tərəfinə belə gözəllik, o birisi tərəfinə səmum yelinin göylərə qaldırdığı qum tufanları düşür.
Lələ isə bu gözəlliyi görmürdü. Bu yaşıllıqdan, çiçəklərdən, bahardan xəbər tutmamış kimi qırmızı, üstündə mamır da bitməmiş qayanın dibindəki buğlanan, isti gölməçənin kənarında oturub fikrə getmişdi və hərdən bir yerdəki ağ, kövrək daşları suya salır, onların qaynamağına baxıb tullayırdı.
Yaz gələn kimi o məsləhət görmüşdü ki, Ərcivandan tərpənsinlər. Orada düşərgənin yerini hamı bilirdi və hər gün sui-qəsd gözləyirdilər. Həm də üz-üzdən utanır. Rumlu və şamlı tayfalarına özləri dəyib müridlərin sayını artırmalıydılar.
Ölkənin, səltənətin iki yerə bölünməsi nə qədər ağır və acı olsa da, onların məqsədə çatmağını asanlaşdırırdı. Əlvənd Mirzə güclü deyildi. Fərrux Yasar da təklənmişdi. Yenə də onların fikri ilk dəfə Şirvan üstünə yerimək idi. Bunun üçün də şərait yetişmişdi.
Ərcivandan tərpənməmişdən əvvəl o, müridlərin arasında sağ gözü titəlini axtarmış, bu nəm-nişanda səkkiz nəfər tapmışdı. Onların arasında isə Şirvanşahın göndərdiyini ayıra bilməmiş, əvvəl hamısını e’dam elətdirmək istəmiş, amma İsmayıl onların hamısına aman vermiş, müridlikdən çıxarmaqla kifayətlənmişdi.
Çox da böyük olmayan dəstələri artıq Göyçə gölünün kənarındaydı. Qarabağı adlamış, Tərtər çayının vadisi ilə isti sular qaynayan Dəlidağa gəlmiş, Sarı yer yaylağından Göyçə gölünün sahilinə çıxmışdılar. Buradan isə Cığın vadisi ilə Çüxur Səədə enəcək, Arazı keçib Ərzincana gedəcəkdilər.
Artıq Əyricə yaylağına köçlər düşmüş, alaçıqlar qurulmuşdu.
Lələ birdən bir məsələyə məəttəl qaldı. Onun suya saldığı yüngül, kövrək, ağ daşlar qayaya dəyəndə yapışıb orada qalırdı. Bu ki, mö’cüzədi. O, yenə də daşı isladıb baxdı. İsti su dəyən kimi ağ daşda köpük əmələ gəlirdi. Daşı qayaya tulladı. Bu da yapışıb qaldı. Daşı suya batırmamış atdı, qayaya yapışmadı.
Geri qayıdıb İsmayılın yanına gəldi. Onun yenə də şe’r aləminə cumduğunu görüb dinmədi. Arxada dayanıb qollarını qoynuna qoydu. Əyricə yaylaqlarına tərəf baxdı. Yaşıl təpələrin üstündən göyümtül dağ görünürdü və o dağın yamaclarında qar şırımları yuxarıya getdikcə nazilən ağ, iti dişlər kimi dayanmışdı. Aşağıdakı təpələrdə sürülər, ilxılar görünürdü. Düzənlikdə isə yaz yerdə işaran bulaqların qarışıb artırdığı ilan kimi əyri, gümüş kimi parıltılı bir çay axırdı, həmin çayın da hər iki tərəfində baldırğanlıqlar görünürdü. Buraya axşam çatmışdılar. Düşərgə qurmuş, yatıb dincəlmişdilər. Bu gün də atlarını yemləyib, dinclərini alandan sonra səhər yola düşəcəkdilər.
İsmayıl dönüb Lələni gördü.
– Lələ,
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
– Bəli, mürşüdüm. Təbiətin bahar, günahsız vaxtıdır. Dünyanın ən acizi olan gül-çiçəklərin belə xətrinə toxunmur təbiət.
– Gözəl yerlərdi. Bu hansı dəryadı?
– Bu Göyçə gölüdür. Suyunu bulaqlardan alır. Bu isə bal kimi şirindi. Onun Tirrix[5] balığı kimi dünyada dadlı balıq yoxdu. Ondan xeyli tutdurmuşam. Amma daha bir mö’cüzə də var.
– Nədir o mö’cüzə?
Lələ İsmayılı isti gölün kənarına gətirib daşın qayaya yapışmağını danışdı, göstərdi.
– Doğrudan da mö’cüzədir.
– Bu mö’cüzəni isə zamanın sahibinə Allah təala əta eləyib.
O, bu mö’cüzədən istifadə eləməyin yolunu öyrənmişdi. Uzun yolda yorulub deyinənlər, Şirvana yox, yolu özgə səmtə çevirəndə narazı qalanlar vardı ki, onları inandırmaq lazım gəlirdi. Bu fikrini İsmayıla danışandan sonra geri qayıtdılar. O, müridlərin arasında olan Dədə bəyi, Qara Piri bəy, Xadim bəy Xulafanı, Bayram bəy Qaramanlını çağırtdırdı. Hər on müriddən birini ayırmağı tapşırdı. Mö’cüzə baş verəcəyini dedi. Amma sirri onlara da açmadı.
Hər on nəfərdən biri ayrılıb isti gölün kənarına gələndən sonra, o üzünü bu adamlara tutub soruşdu:
– Daş-daşa yapışar?
– Yox, – deyə Dədə bəy cavab verdi.
– Düzdür, bir-birindan ayrılan daşların hələ yapışdığını heç kəs görməyib. Amma zamanın sahibi burada sizə möcüzə göstərmək istəyir. Daş qayaya yapışacaq. Mən ürəyimdə bir niyyət tutmuşam. Bu niyyət də ondan ibarətdir ki, əgər mənim götürüb o qayaya atdığım daş dəydiyi yerə yapışıb qalsa, onda bizim getdiyimiz niyyət baş tutacaq və bizim zəfər sancağımız hər yerdə dalğalanacaq.
Hamı təəccüblə ona baxırdı. Lələ əyilib yerdən bir ağ daş götürdü. Burada ağ daşdan qeyrisi də yox idi. Dua oxudu, onu suya salıb nələrsə dedi, sonra çıxaran kimi qayaya atdı və o daş yapışıb qayada qaldı. Heyrət nidaları eşidildi.
– İndi o daşdan birini Dədə bəy atsın. Dədə bəyin atdığı daş da yapışdı.
Lələ dedi:
– O qayaya yapışanlar isə zamanın sahibinin atdığı daşlardı. Qara Piri bəy də, Xadim bəy də, Bayram bəy də daşlarını atsınlar, gedin hamıya danışın. Gətirib hamıya göstərin. Nəbadə ora daş atasınız.
– Baş üstə, baş üstə, – deyə səslər eşidildi. Müridlərdən biri dedi:
– Niyə atmayaq?
– Zamanın sahibi belə buyurub.
Onu yoldaşları dürtmələyib susdurdular. Hamısının kefi duruldu. Qızılbaş ağsaqqalları isə İsmayılın yanına qayıtdılar. Bu mö’cüzənin tə’sirindən danışdılar. Ona dualar elədilər.
Bu vaxt müridlər bir nəfəri sürüyə-sürüyə gətirdilər. Lələ soruşdu:
– Deyir ilxıları buraxıb otlaqlarımızı otarırsınız. Bilmir ki, bu kimin atlarıdı.
Lələ bəy əmr etdi ki, onunla işləri olmasın, onu mehribanlıqla dilə tutdu:
– Sən kimin adamısan?
– Mən?
– Bəli.
– Sultan Hüseyni tanıyırsan?
– Yox tanımıram. – Lələ doğrudan belə adam tanımırdı.
– Necə? Göydən-zaddan gəlmisən? O kişi bu yerlərin ağasıdır.
– Elə göydən gələn kimiyik. Bu Sultan Hüseyn kimlərdəndi?
Qaraqoyunlu hökmdarı Cahan şah Həqiqi vardı ha, Allah ona min rəhmət eləsin, onun dost-doğma nəvəsidi.
– Biz də qonağıq, torpaq basdı haqqını verərik.
– Onun heç nəyə ehtiyacı yoxdu. Çəmənlərini tapdamısınız. Belə şeydən xoşu gəlmir.
Lələ məsələnin ciddiliyini başa düşürdü. Cahan şahın nəvəsi indiyə qədər Ağqoyunluların əlindən qurtarıb qalıbsa güclü adamdır. Yəqin ki, köhnə kin-küdurət hələ də onun ürəyində qalıb. İndi də əlinə imkan düşəcək, düşmənçiliyini eləyəcək. Axı Şeyx Heydər də Cahan şah öldürüləndə iştirakçı olub. Bunu da bilməmiş deyil. Ona görə də buradan tez uzaqlaşmaq məqsədəuyğun olar. Lələ Sultan Hüseynin adamlarına pul verdi. Özünə də dedi:
– Gedərsən ağanın yanına, deyərsən burada köç salan zamanın sahibidi. Allah onu yer üzünə göndərib. Heç bir qüvvə onun qarşısında dayana bilmir. Vaxtı varsa onun ziyarətinə gəlsin. Yoxsa gec olar. Yaxşı, de görüm Sultan hüseynin mülkləri hardan haradı?
– Mülkləri çoxdu. Bu Cığın dərəsinin başında onun ata-baba kəndi var, Qaraqoyunlu. Oradan da o yana Çuxur Səədə qədər nə qədər kəndləri var, bu qədər də yaylaqları.
– Yaxşı, indi get, mən deyəni çatdır.
– Baş üstə.
Demək onların keçəcəkləri yollar onun mülkləridir. Buna görə də işlər çətinləşirdi. Amma bilmək olmaz. Bəlkə də İsmayılın Ağqoyunlular əleyhinə olduğunu bilsə, fikrini dəyişər, ona kömək eləyər. Hər halda qazdan ayıq olmaq lazımdır.
– Ya mürşüdüm, mö’cüzə göstərdiyin yerə ad qoymalıyıq.
– Ad. Tut niyyəti, at daşı.
– At daşı!
Onların qayaya daş atdıqları yerin adı “At daşı”[6] qaldı.
Gün əyiləndə Sultan Hüseynin adamları gəldi. Onlar uzaqda atdan düşdülər. Piyada gəlib Lələnin qabağında baş əydilər.
– Biz Sultan Hüseynin adamlarıyıq. Onun yazdığı naməni sahibi əz zamana gətirmişik.
– Özü gələ bilmədimi?
– Özü tədarük görür.
Lələ naməni almışdı. Diqqətlə onların sifətinə baxdı.
– Nə tədarük?
– Onun mülklərinə bu cür müqəddəs qonaq gəlib. Bir sürü qoç kəsdirir. Xörək hazırlatdırır. Axşama hamınızı qonaq çağırır. Bayram eləmək istəyir. Sultan Hüseynin bu gün qaşqabağı açılan gündür. Xəbəri eşidən kimi gülümsədi. Hələ onun gülümsəməyini heç kim görməyib.
“Onun qaşqabağı niyə tutqundu? Nə üçün qaraqabaqdı? Bunun səbəbi nədir?” Həyat Lələni elə imtahanlara çəkmişdi, elə sınaqlardan keçirmişdi ki, o artıq heç kimə, heç nəyə inanmırdı. Çox vaxt xoş təbəssümdən, ürəkdən qopan gülüşdən belə şübhələnirdi. Hələ sifətini görmədiyi Qaraqoyunlu hökmdarlarının qohumlarından da şübhələnməyə başlamışdı, qaraqabaq adamın gülməyi onu heç açmırdı.
O, elçiləri İsmayılın yanına aparmadı. Çadırın ağzında, keşikçilərin yanında gözlətdi. Özü girib naməni İsmayıla oxudu. Yavaş səslə oxuyurdu eşitməsinlər.
Sultan Hüseyn Pərani naməsində İsmayıla öz itaətini bildirir, onu zamanın sahibi kimi, əsl Təbriz taxtının padşahı kimi tanıdığını yazırdı. Çox böyük nəzakətlə onu öz obasına - Sultan yurduna[7] də’vət eləyirdi.
– Sənin məsləhətin nədir, – İsmayıl Lələdən soruşdu.
– Nə dostun, nə düşmənin al dilinə aldanmaq olmaz.
Qonaqlığa Piri bəylə, Bayram bəy getsinlər. Dədə bəy qalsın, mən də qalacam, Xadim bəy qalsın. Üzr istəyib deyərlər zamanın sahibi soyuqlayıb. Gələ bilmədi.
Belə də elədilər. Çeşt vaxtı Piri bəy Qacarla Bayram bəy Qaramanlı yüzə qədər mürid götürüb Sultan Hüseyn Pəraniyə qonaq getdilər.
Onların atlarını tutdular. Özlərini bu qonaqlıq üçün tikilmiş iri mağar evinə çağırdılar. Süfrədə quş südü də tapmaq mümkün idi. Baş tərəfdə sol ayağını qatlayıb, sağ dizini qaldıran, iri gözlərindən nə desən oxunan Sultan Hüseyn oturmuşdu. Deyəsən bu gözlər kimi isə hərisliklə axtarırdı. Amma istədiyini tapmadığına görə heç kimə marağı qalmamışdı. Laqeydliklə “xoş gəlmisiniz” dedi. Qonaqlar oturdu. Piri bəyi isə onun yanında oturtdular.
– Bəs mən zamanın sahibini görmürəm axı.
– Zamanın sahibi laməkandı. O həm burdadı, həm də burda deyil. O eyni vaxtda iki yerdə görünə bilir.
– Necə, necə?
– Bəli, bunu bütün ölkə bilir. Nə yaxşı xəbər tutmamısan? – Kötük kimi möhkəm, gur səsli Qara Piri bəy cavab verdi.
– Xəbər indi tutmuşam, indi də bizi saymadı.
– Ay Sultan Hüseyn, onun pişvazına hökmdarlar gəlib, görməyib geri qayıdırlar. Bu gün bir mö’cüzə göstərib. Bundan sonra o heç kəsə görünmür.
– Nə mö’cüzə?
– Daşı atır daşa, yapışır biri-birinə.
– Elə şey olmaz.
– Şahidi bizik, – müridlər də bir yerdə səslərini qaldırdılar.
– Yə’ni bu İsmayıl Şeyx Heydərin oğlu deyil?
– Bəli – deyə Bayram bəy başladı – Məhəmməd Əleyhəsalam peyğəmbəriydi, atası peyğəmbər deyildi ha. Özünə də peyğəmbərlik nə az, nə çox, qırx yaşında əta olunmuşdu. Düzdü, ya düz deyil?
– Düzdü, – Sultan Hüseyni də belə tezlikdə inandırmaq çox çətin iş idi. O belə bir günü çoxdan axtarırdı. Babasını öldürmüş Uzun Həsənin nəvəsi gəlib onun torpağına çıxmışdı. Köhnə qan intiqamını almaq onun ən müqəddəs arzusu idi. Amma heç vaxt fikirləşməzdi ki, belə bir imkan düşəcək. Belə fürsəti isə heç cür əldən vermək fikrində deyildi.
– Yaxşı, indi zamanın sahibinin məqsədi nədi?
Qara Piri bəyin gur səsi eşidildi.
– Onu biz bilmərik. Ona vəh yuxuda gəlir. O vəhdə nə buyurulubsa, o da elə hərəkət eləyir. Bircə onu bilirəm ki, üzünə bağlı qapı yoxdur.
– Yaxşı, bismillah eləyin.
Hamı “bismillah” deyib yeməyə girişdi. Sultan Hüseyn Pərani də uzun, iri, kök barmaqlarını sinidə təpə kimi qalanmış, qarlı dağa oxşar plova endirib bir tərəfini uçurdu, iri-iri tikələri əli qabdan ayrılmamış açılan yekə ağzına apardı. Bu yeməyi o İsmayılın ehsanı kimi ürəkdən, cani dildən və iştahla yeyirdi. “Eybi yoxdu, qoy o gəlməsin, səhərə yaxın onu öz çadırına büküb gətirmək mənə borc olsun. Qurban olum tanrının işlərinə heç kimi heç kimə borclu qoymur. Səbri çox genişdi. Hərləyir, fırlayır, gətirib məqamı yetişdirir”.
Onun ata babasını qaraqoyunlu sultanı Cahan şah öldürüb. Uzun Həsən taxta çıxanda o, Əmir Teymurun nəvəsi Sultan Əbu Səidin sayəsində taxta çıxmağa çalışsa da bacarmamış, nəhayət, onun yolu kəsilib əsgərləri xəstəlikdən və aclıqdan öləndə adamlarını yığıb aradan çıxmış, var-dövləti, xəzinəni yığıb Çuxur Səəd tərəfə qaçmışdı.
Göyçə gölü yaylaqlarından Ağrı dağının vadisinə enən çayın lap başlandığı yerdə kiçik bir kənd salıb adını da Qaraqoyunlu qoymuşdu. Vedidən buraya ensiz bir cığır qalxırdı. Kəndin ətrafında qala, istehkam qurulmamışdı. Nəhəng bir qayanın kölgəsinə sığınan kənd elə qala kimi möhkəm idi. Kənddən yuxarıya qalxanda isə dağların piyaləsində gözəl bir göl insanı heyran qoyurdu. Bu göl isə onların qətl yeriydi. Düşmənlərini diri-diri bu gölə atardı. Ona görə də gölün adı “Qanlı göl” qalmışdı.
Vedi çayının başlanğıcında Kolanlı tayfasına yer vermişdi, onlar kənd salmışdılar. Burada oturaq həyat keçirən köçəri tayfası Ağqoyunlulardan qaçaq düşən qoluydu. Yayda heyvanlarını yarım mənzillik yoldakı Əyircə yaylaqlarına qaldırar, qışda buraya endirərdilər.
Aşağılarda isə Camışbasan, Məngük, Dəhnəz, Qarabağlar adlı kiçik kəndlər vardı. Atla bir günorta yol sürəndə Ağrı dağının ətəyindəki Çuxur Səəd düzənliyi başlayırdı ki, burada da Vedi kəndi vardı. Amma onun ixtiyarı bu yerlərə çatmırdı. Vaxtilə Şərqin yarısını tutan Əmir Teymurla baş-başa gələn Qaraqoyunluların son nəsli kiçik bir çay vadisinə sığınmışdı.
Bütün bunları fikirləşəndən sonra Sultan Hüseyn öz-özünə dedi:
Fil ən böyük heyvandı. Siçan da dünyanın ən gücsüz məxluğudu. Ancaq fil onun əlində acizdi. Qulağına girib onun beynini didib dağıdır. Bu gün bayram günümüzdü. Babam Cahan şahın heyfini nəvəsi onun düşməni Uzun Həsənin nəvəsindən alacaq. O zamanın sahibini qanlı gölə atıb boğmaq mənim boynuma.
Gecə düşmüşdü. Qonaqlıq qurtaranda o qızılbaşları çıxıb özü yola saldı. Təpənin üstündən uzaqda iri tonqallar qalanmış İsmayılın düşərgəsinə baxdı.
“Eybi yoxdu, işığının sönməyinə çox qalmayıb”-dedi.
O bütün obalardakı əli silah tutan adamlarını yığmış, dərənin birində hazır olmağı tapşırmışdı. Səhərə yaxın, yuxunun şirin vaxtı atları çapıb çadırlarda yatanları qılıncdan keçirəcək, İsmayılı diri tutacaqdı.
– Həmin gecə Sultan Hüseyn yatmadı. Tonqalların sönməsini gözlədi. Tonqallar isə sönmək, öləzimək bilmirdi. Dan yeri sökülməyə başlayanda o atına süvar oldu.
– Ya Allah, səndən mədəd, – deyib atını sürdü.
Çadırlara çatanda onun adamları qıyya çəkə-çəkə çadırların tənəflərini doğramağa başladı. Tənəf kəsiləndə çadır yatır, içəridəkilər oradan çıxmağa macal tapmır. Özü isə İsmayılın ağ çadırına cumdu. Qılıncla çadırı doğrayıb özünə yol açdı. İçəriyə düşən tonqal işığında heç nə görmədi. Qurulu çadırların heç birində bir ins, bir cins yox idi.
Lələ hazırlığını çoxdan görmüşdü. Qonaq gedənlər qayıdan kimi çadırlar boyda qaladığı tonqallara təzədən odun atdırıb bələdçinin dalınca sakitcə Vedi çayının vadisinə enib sür’ətlərini artıraraq Çuxur Səədə tərəf çapmışdılar. Aldandığını görən Sultan Hüseyn bığlarını çeynəyir, qılıncla çadırın dirəyini doğrayırdı.
Çadırın qapısı açıq idi. Keşikçilərin arasından qəribə bir mənzərə görünürdü. Böyük bir çiçəklik idi. Elə çiçəklik ki, heç Göyçə gölü kənarından geri qalmırdı. Amma orada hər şey zümrüd rəngindəydi. Burada isə bütün düzənlik və təpələr qırmızı rəngdə lalədən başqa heç nə görünmürdü. Bu laləlikdə bir cəhlim düşmüşdü. Kimsə o laləliyi pozub onun dərinliyinə getmişdi.
Lələ görürdü ki, İsmayıl təbiətin gözəlliyindən cuşa gəlir. Ona görə də onun çadırını elə qurdururdu ki, yalnız təbiət gözəlliyi görünsün.
Kağızmandan, Ərzincandan keçib Sarıqaya yaylaqlarına gəlmişdilər. Bura elə bir yerdi ki, bütün Rum elinin qızılbaşları buraya yığılırdı. Artıq xeyli vaxtdı burada məskən salmışdılar. Bütün qızılbaşlar toy-bayram eləyirdilər. Tayfa başçıları onların yanına gəlir, qoşun toplayır, səfərə hazırlaşırdılar. Çadırın qabağındakı laləliyə isə heç kim toxunmamışdı. Bu gözəlliyi İsmayıl üçün qoruyub saxlayırdılar. Laləlik qurtaran yerdə isə haça qaya qalxmışdı, o qayanın haçasından isə şəlalə tökülürdü.
Bəs birdən-birə bu cəhlimi-laləlik arasında bu cığırı kim açdı? İsmayıl özünü saxlaya bilməyib çadırdan bayıra çıxdı. Lələ bəy onun yanında yox idi. Keşikçilər isə heç nə demədilər. İsmayıl laləliyin arasındakı cəhlimlə xeyli getdi. İri laləliyin qırçınlanan ləçəkləri arasında şeh piyalədəki bulaq suyu kimi dayanmışdı. Ləçəkləri düşən lalələrin iri xaşxaşları görünürdü. Lalələr o qədər hündür idi ki, onlar İsmayılın qırmızı qızılbaş çalması ilə bərabər dayanmışdı. O, yeriyir, cəhlimdə heç kimi görmürdü. Bu cəhlim çayın kənarına çatanda şəlalənin çaya dönüb axdığı dərə göründü! O dərəyə neçə yerdən bulaqlar qarışırdı. Bulağın birinin başında isə lalə içində itmiş bir məxluq oturmuşdu və İsmayıl onun kim olduğunu ayıra bilmədi. Yavaş-yavaş yaxınlaşdı.
Bulaq yerdən qaynayırdı. Suyun axını qum boyda qızıl danələrinin qumu, çınqılı qaldırıb onlarla oynayır, göllənir, axıb nilufərlərin arası ilə gedirdi. O suda lalədən libas geyinənin şəkli görünürdü. İsmayıl onun sifətini elə suda gördü. Ona iri qara gözlər baxırdı. O gözlərin üstündə qara qaşlar çatılmışdı. Yanaqlarına isə elə bil lalə yarpağı yapışdırmışdılar.
– Sən kimsən ay qız?
Qız başını qaldırıb suda əksini gördüyü gözəl oğlana baxdı və gülümsədi. Amma heç nə demədi.
– Mən sənin adını soruşuram. Eşitmirsən məni?
– Zamanın sahibi adımı bilmir?
Bu qız da elə İsmayıl yaşda idi.
– Mən zamanın sahibiyəm. Sənin adının sahibi deyiləm.
– Adım, Bəhruzədi.
– Kimin qızısan?
– Əbdi bəyin.
İsmayıl ona ağır söz demək üçün gəlmişdi. Amma onu görən kimi fikri dəyişdi. Belə qıza sözmü demək olar? Həm də o heç vaxt öz yaşıdı qızlarla söhbət eləməmişdi.
– Bəhruzə bəyim. Bəs bilmirsən bu laləliyə heç kim girmir?
– Bilirəm. Mənim xoşum gəldi, girib o lalələri dərdim. Onsuz da üç-dörd günə xaşam olub töküləcək. Laləni saxlamaqmı olar?
İsmayıl ona deməyə söz tapmadı.
– Sənə icazə verirəm. Bu laləlik sənin. Nə qədər dərirsən, dər.
Lələ arxada dayanıb onların söhbətinə qulaq asırdı. Özü də gülümsəyirdi. Əbdi bəy də gəlib onunla yanaşı dayananda Lələ öskürdü. İsmayıl dönüb onlara baxdı. Başı ilə hər ikisini salamladı. Əbdi bəy qızını bulağın başında, lalə çələngləri arasında görüb dedi:
– Ay şeytan, səni bayaqdan axtarmırıq?!
– Zamanın sahibi indicə laləliyə girməyə özü icazə verdi. Heç yerdə lalə qalmayıb. Bura isə məni buraxmır.
– Olmaz!
– Olar, qoy nə qədər istəyir toplasın, – deyə İsmayıl Əbdi bəyə baxdı. – Tək Bəhruzə bəyim, başqa heç kim.
Bu söhbətlərdən Lələ də, Əbdi bəy də xeyli eyhamlar oxudular. Hər ikisi də görürdü ki, yeniyetmə İsmayılın qəlbində ilk cəhlim salan Bəhruzə bəyimdi.
Geri – çadıra qayıtdılar. Lələ İsmayıla xəbər verdi ki, şamlı, rumlu, tərəkəmə, əfşar, qacar, varsaq tayfalarından, bir də Qaradağ sufilərindən ibarət yeddi min mürid toplanıb və səfər təbilinin çalınmasını gözləyirlər.
– Nəhayət ki, bütün tayfalarımız bir yerə yığıldı. Çox şükür. Onlara mürid yox, qazi adı verərəm. Əqidə, inam, məqsəd yolunda ölümə gedən qazi. Daha bizi vaxt gözləmir. Fərrux Yasarın üstünə yerimək məqamı yetişib.
Çadıra bütün qızılbaş ağsaqqalları toplanmışdı. Əbdi bəylə yanaşı burada Ustaclı tayfasının başbiləni Məhəmməd bəy Ustaclı da oturmuşdu. Bu, ilan boğazından keçən cəld, odlu baxışlı, ucaboy və zərif bir gəncdi. Lələ bəy ona baxıb gözləriylə nəyəsə işarə verdi O, danışmağa başladı.
– Mürşüdümüz izn versə bir kəlmə deyərdim.
– Buyurun.
– Əli qılınc tutanlarımız süvar olub. Bu müqəddəs iş üçün öz canlarından keçməyə hazırdı. Elatlarda qalır qocalar, uşaqlar, bir də arvadlar. Bir basqın olsa, onlar kimsəsiz qalacaq. El-elatla da gedə bilmərik. Buna bir əncam çəkmək lazımdır.
Əbdi bəy də o deyəni təsdiq elədi. Amma eyni vaxtda İsmayıla da toxunan söz deməmək üçün onun tərəfinə keçdi. – Bu səfər çox çəkməz. Bir ayda Şirvanşahı çığnayıb geri dönərik, inşallah.
– Məhəmməd bəyin dediyində həqiqət var. Onları başsız qoyub getmək də kişilikdən deyil. Mənim bir təklifim var. – Bundan sonra o, İsmayılın qulağına tərəf əyilib xeyli pıçıldadı, onun razılığını alandan sonra dedi: – Rum Sultanı Bəyazid Ağqoyunlulardan çox çəkib. İndi onların başını qatan belə bir qüvvəyə arxa durmağa hazır olar. Odur ki, əgər zamanın sahibi ona namə yazıb bu elatları qanadları altına almağı rica buyursa, o çox güman ki, razı olar. Hamı bu fikirlə razılaşdı.
Qızılbaş qoşunu qayaların arasından çıxanda qarşılarında Araz çayı göründü. Payızın durulmuş, mavi suları üstündən qırmızı, qurumuş qan rəngində bişmiş kərpicdən körpü bu taydan o birisi taya uzanırdı. İsmayıl körpünü görəndə üzündəki niqabı qaldırdı. Onun gözlərinin giləsinə diqqətlə baxan olsaydı, orada Xudafərin körpüsünün yüz dəfələrlə kiçildilmiş əksini görə bilərdi. O, körpünün tağlarını saydı.
– Bir, iki, üç... On üç.
Bəli, onun öz yaşı da on üç idi. Amma heç kim ona bu yaşı verməzdi. O, xeyli böyük görünürdü. Əlləri də irəlmişdi, sifətindəki ifadə də yaşlanmışdı.
Bu tağlar mənim yaşım qədərdi. Görünür bu yaxşı əlamətdi. Qoy bu körpünün ustadına afərin deyən xuda da mənə afərin desin. Həmişə başımın üstündə dayansın. Məni ömrüm bu çaya oxşayan burulğanlardan sağ-salamat keçirsin. İlk dəfədir ki, Xudafərindən keçirəm. Bu yol həmişə açıq olsun. Qaradağ Qarabağa, Qarabağ Şirvana qarışsın. Mən bütün qapıları açmağı özümə məqsəd seçmişəmsə, Xudafərin körpüsü də açıq olar, inşallah. Onun üstündən keçən dəvə karvanları Gəncəyə, Şamaxıya, Dərbəndə, oradan isə uzaq-uzaq ölkələrə gedər.
Məndən qərinə-qərinə böyük olan körpü, allah sənə bundan sonra da qərinələrlə ömür versin, qonaqlı-qaralı olasan. Üstündən keçənlər əskik olmasın”.
O soruşub öyrənmişdi ki, Arazdan da böyük Kür çayında körpü yoxdur. Şirvanşahlar onu həmişə özlərinə keçilməz sədd seçiblər. Üstündən körpü sallayıblar. Muğanda, Cavad kəndində bir bərə varmış. Gəlib-gedənlər həmin bərəylə keçirmiş. İndi o bərəni də söküb atıblar. “Heçim ayrı, köçüm ayrı” deyiblar. Hərə üzünü bir tərəfə tutub. Oğuz eli gör neçə yerə bölünüb. Hərə bir dərədə bəydi. Qaradağlının qarabağlıdan, gəncəlinin şirvanlıdan, şamaxılının təbrizlidən xoşu gəlmir. Axı tarix başlayanda onlar bir ata-ananın övladları olublar. Sonra hər dərənin bəyi özünü hamıdan üstün tutub. Bir ocaqdan çıxan qardaşlar düşmən kəsilib, hərə evinin üzünü bir səmtə tikib. İndi o qardaşları yenə ata evinə yığmaq lazımdır. Bu çox çətin işdir. Ağır məramdı. Neçə dərə bəyini aradan götürmək, neçə-neçə tayfaları sakitləşdirmək, nə qədər qanlar tökmək lazım gələcək. Buna görə qar-daş qardaşın qanını tökməli olacaq. Amma bütün bunlara baxmadan kimsə belə bir müqəddəs işə girişməlidir. Oğlanları düşmən, asi kəsilən ata evdən çölə çıxmağa xəcalət çəkir. Bəs evləri dağılan başbilənlər nə fikirləşiblər? Axı bu ən böyük şərəfsizlik, namussuzluqdur. Çingiz xan gəlib buranı öz ölkəsinə qatıb. Əmir Teymur gəlib belə eləyib.Təkcə Uzun Həsən o birliyə çalışıb. Ondan sonra gələnlər isə dağıdıb töküb, ölkəni mahal-mahal, şəhər-şəhər, kənd-kənd, ev-ev, adamları bir-birinə düşmən eləyib. Hamısı da İran-İran deyib. Bəs mənim doğulduğum, dilində danışdığım, şe’r söylədiyim millət necə olub? O birdimi? Yox, o yox kimidi. Hələ ki, tayfalardı. Ustaclıdı, qacardı, əfşardı, bəydillidi, nə bilim nə qədər dili bir, qanı bir tayfa var. Hələ ki, bir adımız da yoxdu. Onların hamısı birləşib bir olmalıdı. Azərbaycan olmalıdı. Düzdür, bu tayfabazlıq hələ çox çəkəcək. Amma o birliyin başlanğıcını bu gün qoyuram. Mən başlayıram. Bu Xudafərin körpüsündən, bu Araz çayından. Bacararam, dünyanın ən xoşbəxt bəndəsiyəm. Bacarmaram, heç. Ya allah, səndən mədəd.
O, atını birinci olaraq körpüyə sürdü. Yəhərdən sulara baxırdı. Dalğalar onun baxışlarını alıb özü ilə aparır, o yenə baxışlarını bir az yuxarıya qaldırırdı. Elə bil suyun axınına qarşı axan üzgüçüydü. Su ondan güclüydü, o sudan. Araz onun baxışlarını axıtmağa nə qədər can atsa da təslim olmurdu. Onun başı yüngülcə hərlənirdi və o özündə sərməstlik hiss eləyirdi. Arxadan səs eşitdi. Lələ dedi:
– Suya çox baxma, mürşüdüm.
İsmayıl başını qaldırdı və Xudafərindən bir az yuxarıda uçuqları qalmış möhtəşəm körpüyə baxdı. Onu görünür bundan da xeyli əvvəl tikmişdilər. Bu çay üstündən demək əvvəllər də körpü salanlar olub. Amma zaman da, çərxi-fələk də dəhşətlidir. Heç bir şeylə hesablaşmır. Sökür, dağıdır, götürüb aparır. Ən yaxşı niyyətlər, işlər də körpü kimi kərpic-kərpic daş-daş uçurulub. Tikən, quran, davam elətdirən isə olmayıb.
Yox, zaman dağıdırsa, təzə nəsillər də gəlir. O nəsillər dağılanları düzəltməli, yenilərini tikməli, bərpa eləməli, işə elə başlamalıdı ki, çərxi-fələk özü aciz qalsın. Bir adama, bir nəslə, bir tayfaya gücü çatar. Bütün insanlığa isə çətin. Bir şərtlə ki, o insanlıq getdikcə kamilləşsin, nurlaşsın, öz nuru ilə zülmətdən yarananları belə işığa çevirsin.
İndi Şirvanşah Fərrux Yasarın üstünə gedirik. Bu yeddi minlik süvari qazilərin fikrində bir şey var. Hamısı elə bilir mən atamın qanını almağa gedirəm. Bunun üçün canlarını verməyə hazırdı. Onların çoxusu bir daha bu körpüdən geriyə keçməyəcək. Babam Cüneyd kimi doğulduğu yerdən uzaqlarda dəfn olunacaq. Nə olar, vətən hamımızın beşiyi və hamımızın da məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı-bəhərli olmaz. Amma bu adamlara desəm yox, mən atamın qan intiqamını almaq yox, hamını bir yerə yığmaq istəyirəm, onda çoxusu könüldən düşəcək, yarı yoldan geri qayıdacaq. İnsan xilqəti belədir də. Xırda, kiçik məqsəd yolunda ölümə gedir, böyük məqsədi isə başa düşmür.
Mən babam Şeyx Səfiyyəddinin batin əqidəsini açsam bu özünü ölümə verənlər məni daşqalaq eləyər, hamısı üz döndərər. Baxmayaraq o əqidə daha gözəl, insanlar üçün daha vacibdi. Bu qədər tayfaların fikrini bir eləmək naminə gərək onları bir təriqətdə birləşdirək. Ya hamı şiə olmalıdı, ya da sünnü. Sünnü olmağa mən heç cür razılaşa bilmərəm. Günbatanda Bəyazid onda bizi öz içində əridər. Əksər əhali şiə olduğuna görə sünnüləri də şiəliyə çağırmalıyam. Özgə heç bir yol görmürəm. Şirvan isə sünnülərdi. Onlar da bu təriqətdən əl çəkməyəcəklər. Bir evdə isə bir adət, bir ən’ənə olmalıdır. Olmasa onda ağız deyəni qulaq eşitməyəcək.
Qızılbaş qoşunu Qarabağa keçəndən sonra onlar bələdçilərin məsləhəti ilə Araz qırağı ilə Kürün Arazla qovuşduğu yerə tərəf irəlilədilər. Kürü yalnız burada keçmək mümkün idi. Quraqlıq keçən yaydan sonra payızda su azalmalıydı. Kürdə isə Qoyun ölümü adlı yer vardı. Nə vaxtsa sürünü buradan keçirmək istəmiş, lal axan Kür onların hamısını aparmışdı. Amma buradan atlı qoşunlar çox keçmişdi. İndi də ən əlverişli yer elə bura idi.
Bayram bəy Qaramanlını Şeyx İsmayıl əvvəlcə göndərmişdi. Tapşırmışdı ki, çayı keçib düşərgə salsınlar. Yəqin ki, onun Şirvan üstünə getməyindən Fərrux Yasarın xəbəri vardı və Kürün sahilinə qoşun göndərmişdi. Geciksə də, tezliklə göndərə bilərdi. Kürü keçəndən sonra onların gəlməyi o qədər də təhlükəli deyildi.
İsmayıl ətrafındakılarla bərabər Qoyun ölümünə yetişdi. Qazilər namaza dayanmışdı, Bayram bəy isə atını Kürün sahilində saxlayıb sulara baxırdı. Gömgöy payız suları sakit bir axınla elə axırdı ki, onun axdığını da hiss eləmək mümkün deyildi.
“Suyun lal axanı, adamın yerə baxanı”-deyə o fikrindən keçirir, atını sulara vurmaq istəmirdi. Qazilər isə buraya çatandan namaz qılırdılar. Allahdan, onun yerdəki rəsulundan bu sudan, Kürdən keçməkdə kömək istəyirdilər. Bayram bəyi xəcalət təri basmışdı. O, Mürşüdün tapşırığını yerinə yetirməmişdi. Qorxmuşdu. Öz canından qorxmuşdu.
İsmayıl çatdı, ağ Qızılqanadını onun yanında saxladı. Niqabın altından onun səsi eşidildi:
– Bayram bəy, sən bir qaşıq qanından ötəri bir qaşıq sudan qorxdun. Bəs daş qalaları necə alacaqsan?
– Günahkaram, mürşüdüm.
– Eyb eləməz, sənin günahını mən yuyaram.
O, heç kimlə məsləhətləşmədi. Bir az sulara baxdı. Baxdı görsün burulğanlar yoxdurmu? Düzdür, o burulğanlardan çox çıxmışdı. İndi odun içindən salamat çıxan suda boğulmayacaqdı ki... “Kürün bu yerindən babam Cüneyd də adlayıb, atam Heydər də dəfələrlə keçib. Mən də keçməliyəm. Mən keçməsəm, heç kim keçməyəcək”.
O, Qızılqanadın yalını tumarladı. Ürəyində dedi: “Qoy bu çayın üstündən salınacaq gələcək “Xudafərin körpüsü” əvvəl sən ol. O körpüdən isə əvvəl mən keçim. Ya Allah, səndən mədəd”.
İsmayıl Qızılqanadı Kürə sürdü. Bütün qoşun dayanıb ona baxırdı. Lələ də nə edəcəyini bilmirdi. Nə onu geri qaytarmağa, nə də onunla getməyə ürəyi gəlirdi. Lələ ilk dəfə qorxub çəkinirdi. O, qışqırsa, İsmayılı dayandırmaq istəsə qazilərin ürəyindəki inama xal düşərdi. Özü isə hələ belə dərin çaylar keçməmişdi. O, fikirdə ikən Qara Piri bəy, Dədə bəy də atlarını İsmayılın dalınca sürdülər. Lələ də atını tərpətməli oldu və özünü elə danladı ki, “nədən qorxdun, niyə çəkildin, niyə özünü itirdin? Axı sən qılıncdan, nizədən, zəhərdən, qurulan torlardan qorxmamısan”.
Qızılqanadın təkcə yəhəri və yəhərdə möhkəm və inamla oturmuş İsmayıl görünürdü. Atın yuxarıya qaldırdığı başı suyu yarıb keçir, burun pərələrindən çıxan hava suyu ətrafa çiləyirdi.
Lələ də atını suya vurdu. O görürdü ki, Qara Piri bəyin atı Qızılqanaddan aşağıda, Dədə bəyin Alapaçası isə yuxarıda üzür. Onun da kəhəri çaya girdi və Lələ hiss elədi ki, atının ayaqları torpaqdan üzüldü, amma heyvan özünü itirmədi, suda üzməyə başladı. O, çayın ortasına çatanda artıq Qızılqanad qarşı sahildə dayanmışdı. İsmayıl üzünü Kürün o biri sahilindəki qoşuna tərəf tutub əli ilə işarə verirdi ki, qorxmasınlar, özlərini suya vursunlar.
İsmayılın bu qorxmaz hərəkəti bütün qoşunu Arandan Şirvana keçirdi. Qoşunun dalınca gələn kəl qoşulmuş arabaları da, içindəki sursatı da keçirmək lazım idi.
Bir anda yovşan iyi bürümüş Kür qırağı düzənlikdə, Kür qırağındakı Toğay meşəliyində çadırlar quruldu. Zamanın sahibi sərkərdələrini ətrafına yığıb məsləhətə başladı. Onun bədənində yüngül bir titrəyiş vardı. İlk dəfə Şirvan torpağına ayaq basmışdı. Bütün tale burada həll olunmalıydı. Bu titrətmə qorxu deyildi, namə’lumluqla qarşılaşmaq idi. Atasının qanı tökülən bu torpaqla ilk görüş idi.
– Sursatı keçirmək üçün Mahmudabada bir dəstə göndərmək lazımdı. Qoy gəmiçilərin hamısını bura gətirsinlər. Ağqoyunlu sarayının keçmiş vəziri Zəkəriyyə Keçəçini də mənim hüzuruma.
– O, bizə vaxtında yaxşı qulluq göstərib, – deyə Lələ dilləndi.
– Ərcivanda olarkən Şirvanşahın adamlarının Talış xanının yanına getməyi xəbərini o göndərmişdi.
Zamanın sahibinin isə öz fikirləri, öz ölçü-biçisi vardı. Əvvəla, Şirvanda məğlub olmayacağına tam əmindi. Yəqin eləmişdi ki, onun cəsədi də burada, ata və babalarının gömüldüyü torpağa basdırılmayacaq. Bundan ötəri onun dəlili vardı – Təbrizdən Fərrux Yasara heç bir kömək göndərilməyəcəkdi. Artıq Süleyman Bicanoğlu yoxdu. Əlvənd Mirzə özünü – laxlayan taxtını qorumağa çalışır, həm də atalar üçəcən deyib. Bu isə üçüncü yürüşdü. Əgər o Şirvanşahı məğlub eləsə Təbriz üstünə yeriyə biləcək. Zamana sahib olmaq üçün bundan yaxşı imkan ola bilməz. Ona görə də indidən dövlət işlərini qaydaya salmaq üçün bacarıqlı, bilikli, təcrübəli adamlar lazımdı. Onun ətrafındakıların heç biri isə vəzirliyə yaramır.
– Lələ, mən belə başa düşürəm ki, Şirvanın sünnüməzhəb camaatını şiəliyə də’vət eləyib, razı olmasalar qan tökmək, bu Fərrux Yasarın qüvvələrini artırar. Biz hələ dözməliyik. Necə baxırsan bu işə?
– Mürşüdümüz çox düz buyurur. Şamaxı böyük şəhərdi. Oraya adamlarımızı göndərib başa salmalıyıq. Deməliyik bizim düşmənimiz camaat yox, Şirvanşahdı. Belə bir təklif onların çoxunu bizim tərəfə keçirər.
Axşam buludlar qızaranda, günəş qırmızı kürə kimi Muğan düzünün üstündə üfüqdə solğunlaşanda bir dəstə atlı düşərgəyə qayıtdı. Bunlar Şirvan düzündə yolları yoxlayan, kəşfiyyat aparan atlılar idi və onlar başında təsək, əyni cır-cındır içində dərvişə oxşayan bir adam tutub gətirmişdilər. Onun əlində iri bir torba vardı. Onu Lələnin yanına apardılar.
– Sən kimsən?
– Mən Şirvanşahın ilan tutanıyam.
– İlantutanı?
– Bəli.
– Neynirsən ilanı?
– Satıram, hörmətli ali zat.
– Neçəyə satırsan?
– İndiyə qədər ucuz satırdım. İndi baha satacağam. İllərdən bəri gəzdiyim əjdahalaşmış gürzəni tutmuşam. – İlantutanın əllərində, ayaqlarında neçə çapıq vardı.
Lələ təəçcüb elədi:
– Şirvanşah özü ilan ola-ola, o ilanları neynəyir?
– Əstəğfürulla, əstəğfürulla. Yavaş de bu sözü, səni də o ilanın yanına atar.
Lələnin qanı qurudu, əlinin üstündəki tüklər dümdüz dayandı. İlanla qarşı qarşıya gəlmək həmişə onun bədəninə üşütmə gətirirdi.
– Hanı bəs o əjdahalaşan gürzə?
– Bu torbadadı. – O torbanın ağzını açmaq istədi.
– Dayan. Bəs o gürzə səni çalmaz?
– Məni o qədər çalıblar ha, indi çalanda ləzzət alıram. Tiryək çəkmiş kimi sərxoş oluram. Sonra da hər ləzzət ötüb keçir.
Lələnin ondan zəhləsi getdi. Elə bu da ilan kimi bir şey idi.
– İlan səni çalsa elə ilanın özü ölər. Şirvanşah bu ilanı nə eləyir, məni bir əməlli-başlı başa sal.
Rəngi hindlilər kimi qara olan bu seyrəksaqqal adam kirli barmaqlarını uzadıb təsəyin altında keçəl, təzə tüklənən ördək balası dərisinə oxşayan başını qaşıdı.
– Şirvanşah ən qatı düşmənlərini belə ilanların yanına saldırır. Bundan yaxşı cəza? Bu gürzənin sorağını ona çatdırmışdım. Deyirdi onu tutub gətirsən sənə yüz tümən verəcəm. Deyir bu yanda, Ərdəbil tərəfdə onun çox qatı bir düşməni var. Ondan ötəri axtarırdı bu əjdahalaşan gürzəni. Bilirsən necə gözəl heyvandı, bu gürzə?
– Lap ceyran kimi, hə? – deyə Lələ kinayə ilə soruşdu.
– Ceyran nədi, canım. Bu ceyrandan min dəfə gözəldi. Bu da o qədər qalıb buynuz çıxardıb, o buynuzların arasında qapqara tük əmələ gəlib. Beləsinin dişi çatmağı ilə dəvənin süd kimi çürüməyi bir olur. Dəvənin əti, dərisi piltə-piltə olub tökülür. Belə zəhəri heç yerdə tapmaq olmaz.
– Aparın, bunu rədd eləyin. İlantutanı dartıb apardılar.
Lələ torbaya baxdı. Orada yatan ilanın iriliyi elə torbadan bilinirdi.
– Bunu isə torbadan çıxarmamış yer qazıb basdırın.
Bütün bunlardan sonra o, Fərrux Yasarın İsmayıla hazırladığı ölümün dəhşətini dərk elədi, bədəninə soyuq tər gəldi.
Gecə Mahmudabaddan qayıdan dəstə ilə gəlmiş Zəkəriyyə Keçəçini səhər tezdən İsmayılın yanına apardılar. O, sarayda olan vaxt geydiyi paltarını geymiş, başına çalma bağlamışdı. Çadırdan girən kimi gənc İsmayılın qarşısında əyilib torpağı öpdü. Namaz qıldığı möhürü öpən kimi.
– Qalx, ey müdrik insan. Ağqoyunlular sənə nə deyirdilər, desinlər, mən sənə bir ad verəcəm: Azərbaycanın açarı.
Sonra onlar xeyli söhbət elədilər. Dövlətin quruluşundan, vergilərdən, maliyyədən, xəzinədən, qoşunun saxlanmasından, ölkənin abadlaşdırılmasından. Axırda Zəkəriyyə Keçəçi dedi:
– Ağacı içindən o qədər qurd yeyib ha, üfürsən yıxılar. Onun yerində təzə tingi əkilməsə bardan-bəhərdən əlinizi üzün. O ting isə zamanın sahibidir. And içirəm Allah təalanın birliyinə, o daş qoyduğu yerə, mən baş qoyacam.
Günortaya yaxın gəmiçilər, qayıqçılar da gəlib yetişdi. Sursatı daşımağa başladılar.
Alınan xəbərlərə görə Fərrux Yasar Şamaxıda yox idi, qoşun toplamaq üçün Qəbələ qalasına getmişdi. Onun qayıdacağı günə qədər elə bir döyüş meydanı seçmək lazım idi ki, orada yeddi min qazi Şirvanşahın yəqin onlardan qat-qat çox olan qüvvələrinin qabağında dayana bilsin, onu əzib pərən-pərən salsın. Pirsaat çayının yanı ilə gah dağlara, gah çay sahilinə enən yolla Şamaxıya qədər gəlib çatdı. Əvvəlcə şəhərə göndərilən dəstə adamları sakitləşdirmək istəmiş, amma burada çox az adam tapmışdı. Qızılbaş qoşunu bir qılınc çalmadan, bir ox atmadan, qədim Şamaxı şəhərinə girdi. İsmayıl atını bir-başa Cümə məscidinə sürdü və burda ilk dəfə namazda Həzrət Əlinin adını çəkdi. Namaz qurtarandan sonra o, sərkərdələrinin müşayiəti ilə şəhəri gəzməyə çıxdı. Bazarda bir inni-cinni yox idi. Arakəsmələr üstündə iri qırmızı qabıq gülöyşə narlar qalaqlanıb qalmış, bazar küp sınıqları, qab-qacaq, tərəzi gözləri, çəki daşları, mer-meyvə ilə dolmuşdu. Görünür camaat onların gəlişini eşidəndə hər şeyi atıb dağlara qaçmışdı. Təkcə karvansarayda qapıları bağlayıb qorxularından tir-tir əsən slavyan, Xarzəm, hind, ərəb və Təbriz tacirləri qalmışdı. İsmayıl onlara “aman” e’lan elədi, mallarını almaq üçün göstəriş verdi.
Onlardan biri qorxa-qorxa irəli yeriyib vacib bir məsələni demək istədiyini bildirdi.
– Buyurun, – deyə Lələ onu dinlədi.
– Bu karvansaraya yaxın yerdə bir zindan var, orada dustaqları saxlayırdılar, apara bilməyiblər. Üç gündü onlara mer-meyvəni, yeməyi bacadan mən atıram.
Onun göstərdiyi yerdəki zindanın qapılarını sındırıb məhbusları çıxartdılar. Bu vaxt seyrək saqqalının uzanan təkəm-seyrək tükləri sinəsinə çatan bir arıq adam özünü Lələnin üstünə atıb onun ayaqlarını qucaqladı.
– Qurbanın olum, ay Lələ. Nə yerdə dadıma çatmısan. Lələ xeyli baxandan sonra Səfəri tanıdı.
– Bu sənsən?
– Mənəm, başına dönüm.
Lələ də onu qucaqladı.
– Səni bəs kim tutub bura salıb?
– Əbih Sultan. Məni tutdurandan sonra özü qaçdı.
Dərvişlər də buradadı. Biri ömrünü sənə bağışladı. Qalanları da budu.
Lələ də Cibo Səfərin tapılmağına sevindi. Həm canı qurtarmışdı, həm də onların Şamaxını yaxşı tanıyan öz adamları vardı.
Qarşıda iki dağ dayanmışdı. Hər ikisi qızılı rəngdə idi. Otlar, kollar... Ağaclar saralmışdı. Bu dağlardan biri qala divarının bürcündə dayanan İsmayıla daha yaxın idi. Ona Pirdirəyi deyirdilər. Döşündən dolanan cığır yuxarıya, üstündə ağ bir tikili görünən yerə qalxırdı, həm də düyünlənə-düyünlənə, əyilə-əyilə qalxırdı. O cığır nəhəng, bədheybət pəhləvanın atdığı kəmənd kimi ağ tikiliyə-pirə ilişmişdi və aşağı sallanmışdı. Pəhləvanın o kəməndi çəkməyə artıq taqəti qalmamışdı.
Pirdirəyinin günbatan tərəfində isə onun yarısı enində, onunla bir hündürlükdə Qız qalası dağı yüksəlmişdi. Onları biri-birindən dar bir dərə ayırırdı. Dərənin başı üstündə qayalar qartal dimdiyi kimi yaxınlaşmışdı, amma toxunmamışdı. Qız qalası dağının zirvəsində əzəmətli qala ucalırdı. O, Şirvanşahların indiyə qədər heç bir düşmən tərəfindən alınmayan Gülüstan qalası idi. İsmayıla elə gəldi ki, o ağ bürclər kinayə ilə güldüyündən Fərrux Yasarın açıq qalmış dişləridir.
Ona bir əfsanə də danışmışdılar. Həmin əfsanəyə görə Gülüstan qalasından Şirvanşahlardan hansınınsa oğlu kəmənd atıb, gecələr o kəmənddən tuta-tuta Pirdirəyinə keçir və orada vəzirin qızı ilə görüşürmüş. İndi Pirdirəyindən qalaya kəmənd atıb qoşunu ora keçirmək olmazmı? Yox, bu mümkün deyil. Gülüstan doğrudan da alınmaz qaladır. Yaxşı ki, Fərrux Yasar orada yoxdur. Qoşunu da Pirqulu dağındakı Nağaraxanada, bir də Qız meydanındadır. Onları açıq döyüşə çağırmaq lazımdır. Yoxsa heç bir şey hasil olmayacaq. Fərrux Yasar orada gizlənsə onu heç cür o daş yuvadan çıxarmaq mümkün olmayacaq.
İsmayıl döndü və gördü ki... Yox, gördüklərinə inanmadı. Bu ola bilməzdi. O birisi bürcdə, ondan on beş, iyirmi addım kənarda onun elə özü dayanmışdı. İkinci bir İsmayıl. Bu nədir? Onu qaramı basır? Hamını sehrlədiyi yerdə özü sehrəmi düşüb? Əynindəki paltar da, üzündəki niqab da, belindəki kəmər də eynidir. Olmaya bu ruhdur, qaraçuxadır, nədir? İsmayıl yaxınlaşdı. Öz əksinə yaxınlaşdı. Elə bil güzgüdə görürdü. Yox, bu boyda güzgü ola bilməzdi. Bir də axı güzgüdəki əks adamın düz gözlərinin içinə baxır. Bu isə üzünü döndərib.
– Ey şəxs, sən kimsən?
O dönüb baxdı və heç nə demədi.
– Səninləyəm, mənə cavab ver.
– Mən İsmayılam.
Bu ola bilməz. O yuxuda deyil və hər şeyi aydın görür. Odur, qala divarının qotur daşı ilə bir balaca kərtənkələ qaçdı. Gülüstan qalasının üstündə isə, dağlarda topa, ağ buludlar görünür. Bir dəstə göyərçin uçub Cümə məscidinə tərəf keçdi. Bunlar hamısı həqiqətdi, hamısı ayıqlıqdı. Yuxu ola bilməz, heç ola bilməz.
– Bəs mən kiməm?
– Sən də İsmayılsan. Biz ikimiz də bir adamıq. Heydər oğlu İsmayıl.
– Bu necə ola bilər?
– Elə belə. Burada təəccüblü heç nə yoxdur.
Lələ İsmayıla bir üz alma kimi oxşayan Xızıra elə dərs vermişdi, onu elə öyrətmişdi, elə təlqin etmişdi ki, o artıq öz adını unutmuşdu və özünə İsmayıl demişdi. Düzdür, onda hökmdarlıq, şeyxlik ruhunu, əqidəsini qüvvətləndirməmişdi. Bunun ziyanı xeyrindən çox ola bilərdi.
Lələ bu oxşarlıqdan daha bir məqsəd üçün istifadə etməyi lazım bilirdi. Şair İsmayılın qəlbində kin və küdurət yox idi. O, ölüm hökmlərini verməyəcəkdi. O hökmlər lazım olan yerdə Lələ ikinci İsmayıldan-Xızırdan istifadə edəcəkdi. Lələ İsmayılın dalınca qala divarının üstünə çıxanda onları yanaşı gördü və sirrin açılmağı onu çıxılmaz vəziyyətdə qoydu. Artıq İsmayılla Xızır üz-üzə dayanıb söhbət edirdilər. Lələdən başqa onları biri-birindən çox az adam ayıra bilirdi. O, tez Xızırın qolundan tutub çadıra apardı.
– Soyun bu libası. Sənə kim icazə verib ki, çadırdan çıxasan?
– Özüm istədim.
– Özün çox şey istəyirsən. Bizi elə pis günə salarsan ki, sonra özümüzü düzəldə bilmərik. Mən dediyim kimi.
Geri qayıdıb əsl İsmayılla üz-üzə dayandı. Heydər oğlu İsmayıl Lələdən soruşdu:
– Bu nə mö’cüzədi, Lələ?
– Soruşma, mürşüdüm.
– Yox, mən bilməliyəm.
Lələ ona sirri açmağa məcbur oldu. O, İsmayılın qəzəblənəcəyini gözləyirdi, amma qəzəb yox, onda mülayim bir əhvali-ruhiyyə əmələ gəldi.
– Sən nə tədbirlisən, Lələ? – dedi.
– Ayrı əlacımız yoxdu.
Bu vaxt bir mürid içəri girdi və Lələyə dedi:
– Lələ bəy, Şirvanşah Qəbələdən qayıdıb, Qaleyi Buğurdla Gülüstanın arasında – Cəngi meşəsindədi.
– Qoşunu çoxdu?
– Bəli, bizdən çoxdu.
– Qorxma, şir ürəkli müridimiz. Hər müridin qəlbində aslan yatıb, o aslan əqidəmizdi. Bu söhbəti də heç yerdə yayma.
– Oldu!
– Sən mürəxxəssən.
O, İsmayılla bir fikrə gəlməliydi. Şamaxı onların əlindəydi. Şəhərdə qalıb Fərrux Yasarın hücumunu, mühasirəsini gözləmək onlar üçün ölüm demək idi. Şəhərdə heç bir azuqə yox idi. Suyun yolunu da onlardan yaxşı bilirdilər. Çatan kimi o suyu qurudacaqdılar. Tezliklə Şamaxıdan çıxmalı, döyüş üçün əlverişli yer seçməliydilər. Bu yeri isə o tapmışdı. Pirsaat çayının sağ sahilində, Pirquludan başlayıb uzanan dağ silsiləsi Cəbani kəndi yanında qurtarır, təpəliyə çevrilirdi. Cəbaninin üstündə geniş düzənlik vardı. Oradan Nağaraxanaya, Qız meydanına, aşağıdakı Şamaxıya yol vardı. Haradan qoşun gəlsə bu düzə qalxmaq üçün dağa dırmaşmalıydı. Belə bir vəziyyətdə onlar üstünlük əldə edəcəkdilər. O, bu fikirlərini İsmayıla danışdı və onun gözəl sifətindəki ifadə razı olduğunu söyləyirdi.
– Yaxşı fikirləşmisən. Bəs Fərrux Yasar qalada gizlənməyəcəkmi?
– Bu qədər qoşunu o qalada gizlətmək üçünmü gətirib? Gizlənməz. O bizim də qüvvəmizdən xəbərdardır yəqin. Ona görə meydan müharibəsinə çıxacaq. Qalada gizlənsə, Şirvan əhlinin gözündən düşər.
– Bu da düzgün fikirdi. Nə vaxt tərpənməliyik?
– Qaranlıq düşən kimi.
Qızılbaş sərkərdələri – Dədə bəy də, Qara Piri bəy də, Bayram bəy də, İlyas bəy də, Xadim bəy də, Əbdi bəy də onun fikri ilə razılaşdılar, hava qaralan kimi, qızılbaş qoşunu şəhərin gündoğan darvazalarından çıxıb Cəbaniyə yol aldı.
Cəbani düzündə payızın qızılı rənglərini yazda olduğu kimi yenə də qırmızı rəng əvəz elədi. Elə bil lalələr açmışdı. Qızılbaş qoşununun on iki ləçəkli atlas çalmaları lalələrə bənzəyirdi və bir azdan bu lalələrin çoxusu solacaqdı, amma qırmızı rəng daha da artacaq, taxılı biçilmiş bu düz al qırmızı boyanacaqdı və yəqin ki, hələ neçə illər bundan sonra da orada xışla torpağı çevirib dən səpməyəcəkdilər.
Qədim qəbiristanlıqla üz-üzə dayanan təpədə ağ çadır qurulmuşdu və orada qırmızı qızılbaş bayrağı dalğalanırdı. İsmayıl burada idi. Aşağıdakı düzdə isə qoşunun ehtiyat hissələri düzülmüşdü. Yuxarıda isə ön dəstələr səf çəkmişdi. Lələ bəy sərkərdələrlə yanaşı dayanmışdı. Onlar sağ tərəfdəki Qız meydanında göründülər. Ora Şirvan qoşunlarının məşq yeri idi. Qarşıda Pirqulu dağı görünürdü, oradakı Nağaraxanada Şirvanşahın qoşunu cəm olmuşdu və hərdən bir əsən meh o qoşunun yanında çalınan qara zurna və nağaranın sədalarını gətirib çıxarırdı. Bu sədalar döyüşə çağırış demək idi.
Cəbani düzündə qızılbaş qoşunu dayanmışdı. Ortada Dədə bəyin varsağı tayfası, sağ cinahda Qara Piri bəyin sərkərdəliyi ilə qacar tayfası, Solda Əbdi bəyin Ərzincandan, Ağbabadan gətirdiyi rumlu, şamlı, Ağbaba igidləri düzülmüşdü. Bayram bəy Qaramanlının Qaraman igidləri ikinci cərgədə, Məhəmməd bəy Ustaclının tərəkəmələri ilə yanaşıydı. Bir sözlə bütün yeddi tayfa ilk dəfə burada birləşib eyni məqsəd ilə qanlarını tökməyə hazır idi.
Xadim bəy Xulafanın Talış və Biyəpiş atlıları təpənin arxasında pusquda dayanmışdı.
Döyüşdən qabaq söz aşıqların idi. Qopuzlarını, sazlarını sinələrinə sıxan aşıqlar qoşunun qabağında gəzişib oxuyurdular. Onlardan birinin səsi daha gur, zənguləli idi. O varsaq igidləri qarşısında varsağı oxuyurdu.
Qaibdən dəlil göründün,
Dədəm xoş gəldin, xoş gəldin!
Bizi sevib sevindirdin.
Dədəm, xoş gəldin, xoş gəldin!
İki can idik, birləşdik,
Məhəbbət qapısın aşdıq,
Şükür, didara irişdik,
Dədəm, xoş gəldin, xoş gəldin!
Üstümüzə yol uğratdın,
Gövhər aldın, gövhər satdın.
Ərliyini isbat etdin,
Dədəm xoş gəldin, xoş gəldin!
Aşıqlar da qazilər, müridlər kimi geyinmişdi, onlara da aşıq yox, elə qazi deyirdilər. Çünki onların oxuyub qoşunu cuşa gətirməyi elə müridlik, qazilik idi. Bundan sonra onlar qobuzlarını çiyinlərinə keçirib at belinə süvar olacaq, qılınclarını siyirəcəkdilər.
Cavan bir aşıq onu əvəz elədi. Bunun səsi əvvəlkindən də zil idi. O, bütün Qızılbaş qoşununun eşidəcəyi bir səslə zamanın sahibinin təzə şe’rini oxumağa başladı:
Allah, allah, deyin, qazilər,
Qazilər, deyin, şah mənəm.
Qarşu gəlin, səcdə qılın,
Qazilər, deyin, şah mənəm.
Qoşun “Qazilər, deyin, şah mənəm” sözlərinin mə’nasını yaxşı başa düşürdü. Bu döyüş İsmayılı şah da eləyə bilərdi, qul da. Şah olmaq üçün bu döyüşdə yeddi tayfanın birləşən igidləri qalib gəlməliydi. Şeyx İsmayıl da dünən yazdığı şe’ri bu gün döyüşdən qabaq aşıqlara oxutdururdu.
Uçmaqda tuti quşuyam,
Ağır ləşgər ər başıyam,
Mən sufilər yoldaşıyam.
Qazilər, deyin, şah mənəm.
Oynağa gedən atların belində oturan igidlər bir ağızdan qışqırdı:
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim! – Bu nidanı iki dəfə təkrar edən güclü səsdən sonra aşığın xoş avazı yenidən eşidildi:
Nə yerdə əksən bitərəm,
Handa çağırsan yetərəm,
Sufilər əlin tutaram,
Qazilər, deyin, şah mənəm.
Mənsur ilə darda idim,
Xəlil ilə narda idim,
Musa ilə Turda idim,
Qazilər, deyin, şah mənəm.
Diri-diri dərisi soyulan həllac Mənsurla dara düşən, İbrahim Xəlil peyğəmbərlə oddan keçən, tövratı yazan Musayla bərabər Allah təala ilə danışmaq üçün Turi-Sə’na dağına qalxan zamanın sahibinin bu sözlərindən sonra hər bir qazi, hər bir mürid təkbaşına Fərrux Yasar qoşununa qalib gələcəyinə əmin idi. Yenə də nidalar ucaldı və bu nidalar Nağaraxanada eşidiləndə zurnaçılar da, nağara çalanlar da əllərini bir anlıq saxladılar. Aşıq şe’rin arxasını oxudu:
Qırmızı tağlı ağ atlı,
Ağır ləşkər nisbətli,
Yusif peyğəmbər sifətli,
Qazilər, deyin, şah mənəm.
Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən dadlıyam. Mürtəza Əli zatlıyam, Qazilər, deyin, şah mənəm.
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim!
Döyüşün başlanmağına bir xeyli qalmış Səfər gördü ki, Cəbani kəndinin yanından bir dəstə atlı yuxarı qalxır. O, toz arasındakı adamları saydı. Beş nəfər idi. Tez xəbər verdi və on atlı ilə onlar bu beş atlını yolun düzə qalxdığı yerdə gözlədilər. Bu beş nəfər qoşunun arxasından göndərilən düşmən qatilləri də ola bilərdi, düşmən casusları da.
Oxlar kamana qoyuldu, qılınclar qından siyrildi. Amma Səfər qabaqdakı atlının qoç buynuzuna oxşayan, çallaşmış bığlarını görəndə sevincindən bərkdən qışqırdı.
– Murad bəy, sən sağsan?
Murad Səfəri qızılbaş libasında görəndə əvvəl tanımadı, sonra göy gözlərini, seyrək dişlərini görüb onun Səfər olduğunu yəqinləşdirib tullanıb atdan düşdü.
– Mənəm, Səfər, mənəm.
– Sən hara, bura hara! Quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar.
– Ay zalım, mənim qanadım, dırnağım səninkindən boşdu, niyə? Onlar qucaqlaşdılar. Oxlar kirişdən götürüldü, qılınclar qına girdi.
– Köməyə gəlmisən?
– Əgər buna kömək demək mümkündüsə. Ayrı bir işim də var. Məni Lələnin yanına apara bilərsənmi?
– İndi dava başlayacaq, Lələnin başı qarışıqdı.
– Mən onu döyüşdən qabaq görməliyəm. – Murad onun qulağına pıçıldadı:
– Əbih Sultanı gətirmişəm.
Səfər başını döndərib qarnı üstündə yəhərə bağlanmış adamı gördü.
– Onda məni gözlə, – deyə atına mindi, çapıb üzüyuxarı getdi. Bir azdan Lələ bəyin özü gəldi. Muradla görüşdü, atın üstünə sarınmış Əbih Sultanın başını qaldırdı. Tozdan onun sir-sifətini tanıya bilmədi.
– Elə bildin qaçacaqsan. Yox. Zamanın sahibinin heç kimdə heyfi qalmayacaq.
– Mənim alnıma da belə yazılıbmış, – deyəsən zəif səs eşidildi və o öskürdü.
Lələ Əbih Sultanın gətirilməyindən də istifadə eləmək fikrinə düşdü. Onları İsmayılın çadırının yanına gətirdi, özü çadıra girib əhvalatı danışdı, məsləhətləşəndən sonra çıxdı, keşikçilərə nəsə dedi, Səfəri də, Muradı da yanına çağırıb Əbih Sultanı əli-qolu bağlı saxlamağı onlara tapşırdı.
– Allah bu döyüşün taleyini bizə tapşırıb. İşdi tanrı bizdən üz döndərsə, onu haqqına yetirməyi sənə tapşırıram, – deyə Murada baxdı. Özü isə atına süvar olub qoşunun qabağına çapdı. Aşığa dayanmağı tapşırıb, özü atını dikdirə sürdü.
– Ya qazilər, Allah bizim tərəfimizdədir. O, özü elə indicə Şeyx Heydər ocağının Fərrux Yasar kimi qəddar bir düşmənini, Sultanəlinin, İbrahimin qatili Əbih Sultanı əli bağlı, qolu bağlı Zamanın sahibinin hüzuruna göndərir. Döyüşdən sonra atasının qatili də hüzura gətiriləcək. İki qatı düşmən bir zamanda e’dam olunacaq.
Bu xəbər də qoşunun heyrətini, inamını bir pillə daha artırdı.
Zamanın sahibi xəbər göndərdi ki, aşıqların heç biri döyüşə girməsin. Onların hər biri neçə müridin əvəzidir. Onları təhlükəsiz yerə göndərsinlər.
Onlar oxuyanda İsmayılın yadına Səkinə düşmüşdü. Onun cürə sazı, çaldığı “Misri”, “Dübeyti”, “Ruhanı” düşmüşdü və o elə kövrəlmişdi, elə kövrəlmişdi ki, dindirən olsa bəlkə də ağlaya bilərdi. Onu qəhərləndirən, kövrəldən təkcə aşıqların oxumağı deyildi. Səkinənin Borçalı ellərinə gedən bağlı, kilidli yolları açmaq onu kövrəldirdi. Birinci kilid burada qırılacaqdı. Lap Tiflis yanındakı Borçalı çökəyinə qədər yollar açılsa o bundan da betər kövrələrdi. Yollar açılacaqdı, Səkinə xala isə artıq yoxdur. Onun sazı da, çalğısı da yoxa çıxıb. Təkcə İsmayılın qəlbində aşığa, sözə-saza məhəbbət qalmışdı.
O çadırın qarşısından qızılı təpədə açılan lalələrə bənzəyən qızılbaş qoşununu görürdü. Bir azdan onların özləri başlarındakı çalma kimi qıpqırmızı olacaqlar. Lap elə onun özünə də qılınc endirə bilərlər. Amma o yolları açmaq üçün oğullar özlərini qurban verməlidir. Buna görə kövrəlmişdi.
Günəş Qobustan tərəfdəki dağların üstündə doğub bir nizə, kəmənd boyu qalxanda Şirvanşah qoşunu qızılbaş qoşununa hücuma keçdi. Onlar döyüş meydanını elə seçmişdilər ki, Şirvanşah qoşununun cinahlarına yer qalmamışdı. Cəbani düzü geniş olsa da, onun Nağaraxanaya tərəf uzanan hissəsi darısqal idi. İlk hücumda Dədə bəyin səfləri geri çəkildi. Amma bu qorxub qaçmağa oxşamırdı. Mütəşəkkil surətdə geriləyirdi. Bunu görən Şirvanşah Fərrux Yasar yeni-yeni dəstələri irəli göndərirdi. Elə bu da onun qoşununun aqibətini həll elədi. Piri bəy Qacarla Əbdi bəyin dəstələri onları araya aldılar. Şirvanşah qoşununun yarıdan çoxu bu məngənəyə düşdü. Qılınclar paralayır, əmudlar qalxanlara dəyib parçalayır, təpərlər atların başını iki yerə ayırırdı.
Fərrux Yasar səhvə yol verdiyini görüb qalan qüvvələrini, əsas qoşunu xilas etmək istəyəndə Məhəmməd bəy Ustaclı ilə Bayram bəy Qaramanlının igidləri onlara aman vermədən şil-küt eləməyə başladılar. – Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim! – nidalarına nə’rələr, iniltilər, bağırtılar qarışmışdı. Günortadan keçəndə Cəbani düzündən Cəbani kəndinin günbatan tərəfinə enən çökəklikdəki bulağın suyu qana dönmüşdü.
Cəbani düzündən aşağıya ilk süvarilər, atlarını itirən, silahlarını atan atlas şalvarlı fərraşlar qaçanda hiss olundu ki, artıq Şirvanşahın qoşunu özündən çox-çox az olan qızılbaşların qabağında dözməyib məğlub olub öz evində basılıb, indi qaçhaqaç başlayıb. Qoca hökmdar bunu görəndə tüpürdü, ürəyində söydü. Amma qaçanları geri qaytarmaq mümkün olan iş deyildi.
Gün əyiləndə əli-ayağı bağlı Əbih Sultan da başa düşürdü artıq bu dəfə ölümdən yaxasını qurtara bilməyəcək. Qızılbaş qoşunlarının sevinc nidaları daha güclü eşidilirdi. Başının üstündə dayanan Səfərə yalvarırdı:
– İnsafın olsun, heç olmasa qoy namazımı qılım. Heç vaxt namazımı qəzaya qoymamışam. – Onun son ümidi namaza çatırdı. Onu namaz qılmağa qoysaydılar, bəlkə də özünə çıxış yolu tapardı. Amma buna imkan vermirdilər.
– Sənin namazın da dinimizə, məzhəbimizə böhtandı, Əbih Sultan! Dinsiz kimi ölməyin məsləhətdi.
Murad burada oturub qala bilməmişdi. Atına minib özünü döyüşün qızğın yerinə vurub qılınc çalırdı. Birdən o geri qatlandı, sulanmış gözlərini çevirib Dədə bəyi gördü.
– Mənim nə günahım vardı, Dədə bəy? – deyə bildi.
Dədə bəy onu indicə tanıdı. Başında qızılbaş çalması görməyib nizəsini endirmişdi. O, peşman-peşman nizəsini onun fəqərə sütunundan çıxardı. Murad atdan yıxılıb arxası üstə düşdü, gözləri açıq qaldı. Artıq peşmançılığa heç bir yer qalmamışdı. Onun gözlərini qapamağa da imkan yox idi. Vuruşanların atlarının dırnaqları onun ruhdan xilas olmuş bədənini didib-tökürdü.
Fərrux Yasar gördü ki, döyüşdə uduzub, özü də ələ keçə bilər, atın başını döndərib geriyə çapmaq üçün hazırlaşdı. Onun ağarmış kirpikləri arasında yaş damlaları göründü. Qoca vaxtı belə bir döyüşdə, evin içində, qoşunundan çox-çox az qoşuna məğlub olmağı onun ürəyini kövrəltmişdi. Oğlanları yadına düşdü. Onlardan heç biri yanında yox idi.
Atını Nağaraxana tərəfə çapmağa başladı. Oradan Ağsu çayının kənarındakı möhkəm Buğurd qalasına sığınmaq üçün qaçırdı. Gülüstana qalxmağa heç bir ümidi yox idi. Yolları qızılbaşlar kəsə bilərdilər. Amma çox çapa bilmədi. Qarşıdan üç qızılbaş çıxdı. O, atı döndərə bilmədi. Qılıncını çıxardıb vuruşmaqdan başqa çarəsi qalmadı. Amma o qocalmışdı, qarşısındakılar isə cavan müridlər idi. Onlardan biri gürzü atın başına necə endirdisə, atın dizləri qatlandı, Fərrux Yasar atla birgə aşıb düşdü, ikinci mürid onun qalxmağına imkan vermədi. Yəhərdən bir başa onun üstünə tullandı, xəncərlə başını kəsdi. Qalxıb atına tərəf gedəndə dönüb baxdı. Dəbilqəsi düşüb ağ saçları açılan Fərrux Yasarın bədənsiz başına baxıb fikirləşdi: “Mən niyə belə ixtiyara əl qaldırdım. Belə hərəkət heç bir cavana şöhrət gətirmir”. Bu vaxt iki qızılbaş onların yanından beş-altı Şirvanşah döyüşçüsünü atdöşü eləyib aparırdı. Bu yerə çatanda onlardan biri hönkür-hönkür ağlayıb, o birilər də fəryad qopardılar. Cavan mürid onların bu hərəkətinə baxıb soruşdu:
– Bunlara nə olub?
– Nə oldu sizə? – deyə onları saxladı. Onlardan biri əlinin dalı ilə gözlərinin yaşını silib Şirvanşahın gözləri böyümüş atını göstərdi:
– Şirvanın çırağı söndü?
– Bu kimin atıdı?
– Qibleyi aləmin, Şirvanşah Fərrux Yasarın.
– Bu onun meyitidi? Onlardan dördü meyiti tanımadı.
– Özünün sifətini görməmişdik. Atını tanıyırdıq. Beşincisi daha bərkdən hönkürdü.
– Odur, odur!
Cavan mürid dedi:
– Ağla, ağlıyan günündü.
Hava qaralanda, insanlar qaraltılara çevriləndə, havada hələ də qızartı qalmışdı. Yerdəki qırğının qanı səmaya da yaxılmışdı. Döyüş artıq qurtarmışdı. Təkcə iniltilər, bir də öz dəstəsinin müridlərini səsləyən onbaşıların, yüzbaşıların səsi eşidilirdi. Zamanın sahibinin qərargahında toplanış təbili çalındı. Sərkərdələr çadırın yanına gəldilər. Onların hamısı salamat idi. Lələ bəy də, Qara Piri bəy də, Dədə bəy də, Bayram bəy də, Qaramanlı da, Xadim bəy Xulafa da. Təkcə İlyas bəyin sol əli yaralanmışdı. Hamı yorulsa da sevinc içindəydi. Dədə bəy isə dilxor olmuşdu. Muradı səhvən öldürməyi onu sarsıtmışdı, amma bunu heç kimə deməyi lazım bilmirdi.
Çadıra girib Şeyx İsmayılı təbrik etdilər, ona daha böyük qələbələr arzuladılar.
– Şirvanşah necə oldu? – deyə zamanın sahibi soruşdu.
– Gördüm deyən yoxdu, görünür qorxusundan vuruşma meydanına gəlməyib.
– Yerin altında da olsa belə tapılmalıdır.
Yalnız səhərisi gün müridlər Fərrux Yasarın öldürüldüyünü deyib onun meyitini zamanın sahibinə göstərdilər.
– Dəfn eləyin. Mənim daha heç bir arzum qalmadı.
– Ey mürşüdümüz, bəs Əbih Sultanı nə eləyək?
İsmayıl təpənin üstündə dayanıb döyüş meydanına baxırdı. İnsan meyitləri üst-üstə qalanmışdı. Düzəngah başdan-başa qan içindəydi. O, hələ belə qanlı döyüş görməmişdi və bu gördükləri onu sarsıtdı.
– Bu qədər qan bəs deyilmi, Lələ?
– Axı o böyük günah sahibidi.
– Düzdür, amma Cəbanini şəhidlərin qanı suvarıb. Onun murdar qanı bura tökülməyəcək. Həmin gün Cəbaniyə daha bir şəhidin qanı axdı.
Səfər ölənlərin arasında Muradın meyitini axtarırdı. Bir qızılbaşla bir şirvan döyüşçüsü qardaş kimi qucaqlaşıb ölmüşdü. Görünür ağrı onları biri-birinə mehribanlaşdırmışdı. Üst-üstə qalanan meyitlərin arasından keçdi. Birdən inilti eşitdi. Neçə meyiti kənara atdı, səs aydın eşidiləndə o üzü üstə onların üstünə düşdü. Yaralı bir Şirvan əsgəri axırıncı gücünü toplayıb xəncərini onun böyrünə sapladı, özü də yıxılıb bir daha tərpənmədi. Səfər Muradı tapmamış özü də meyitə çevrildi və qanı axıb Şirvan torpağına hopdu. İsmayıl Xətai üç gün Cəbanidə qaldı. Şirvanlıları qızılbaşlardan ayırtdırmadı. Hamısını bir qəbiristanda, bütün adət-ən’ənə ilə dəfn elətdirib cənazə namazlarını özü qıldı.
Artıq Şamaxı əhalisi dağlardan, kəndlərdən evlərinə qayıtmışdı. Üçüncü gün yetmiş nəfər Şamaxı ağsaqqalı əllərində Qur’an ona iltimasa gəlib Şirvan camaatına aman diləyəndən sonra o, şəhərə varid oldu:
Mülayim bir qış gəlib keçdi. Həmin qışı İsmayıl Mahmudabadda keçirtdi. Qoşunun bir hissəsi isə bütün bu vaxtda Bakı qalasını mühasirəyə almışdı. Xəbərlərdən mə’lum olurdu ki, Qazi bəyin arvadı, Fərrux Yasarın gəlini qalanı təslim eləmək istəmir. Nəhayət o, İlyas bəyə kömək olaraq Xadim bəy Xulafanı göndərdi, özü də tab gətirməyib Bakı qalasına gəldi.
Boz, quru təpələrin arasındakı qala dənizə sığınmışdı. Möhkəm bürcləri vardı. Uzaqdan baxanda möhtəşəm Qız qalası görünürdü və o qalanın üstündə həmişə adam görmək mümkün idi. Ona danışdılar ki, həmin o adı bilinməyən şir ürəkli qadın Qız qalasının üstündə dayanıb baxır, bürcləri gəzir, hamını ürəkli olmağa çağırır. Qadının igidliyi neçə aydan bəri mühasirədə olan kişiləri də qeyrətə gətirir.
Zamanın sahibinin gəlməyi qızılbaş qoşununu da həvəsləndirdi. Neçə vaxtdan bəri qazdıqları lağıma barıt doldurub quzey tərəfdəki bürclərdən birini partlatdılar. Amma üç gün bu uçuqdan şəhərə girə bilmədilər. Şəhər əhli həmin yerə keçə tutmuşdu. Yaxına gedənlərin üstünə qaynar qır tökür, bardaqlara doldurulan neftə od vurub aşağı tullayırdılar.
Döyüşə baxan Şeyx İsmayıl Xətai Lələ bəyə dedi:
– Bura oddu-alovdu. Bu gəlin qayınatasından igid və cəsarətlidir. İndidən ona aman verirəm. Şəhər alınanda onun ləyaqətinə toxunan bir hərəkəti kim eləsə başı bədənindən ayrılmalıdır.
– Bəs?!!
İsmayıl tərs-tərs Lələyə baxdı.
– Gəlindəki bu qəhrəmanlıq əsl sərkərdələrə layiqdir. Düzdür, o mənim elçimi də öldürüb. Amma o cəzaya yox, ənam verilməyə layiqdir. Əhsən onu doğan anaya.
– Belədirsə onda bu bir qalaya görə niyə bu qədər qoşunu güdaza veririk?
– Şirvanın möhkəm qalası Bakı alınmalıdı. Fərrux Yasarın əsas xəzinəsi də buradadır. Onu ələ keçirməsək sonrakı işlərimiz fəna olar.
Üçüncü gün günortadan sonra qızılbaş qoşunu qalaya girdi və axşama yaxın Şirvanşahlar sarayı da, Qız qalası da onların əlində idi. Xəzinə də ələ keçmişdi. Qala qapıları taybatay açıldı. İsmayıl Qızılqanadın üstündə şəhərə girdi. Burada da onu şəhər ağsaqqalları qarşıladı. Duz-çörək gətirdilər. Damlardan onun atının ayaqları altına neçə örpək, çadra atdılar. O, Şirvanşahlar sarayını gəzdi, sarayın yanındakı məsciddə namaz qıldı. İlk dəfə bu məsciddə Bakı üləmalarının yanında “Məhəmmədin Rəsul illah, Əliyən Vəliyullah” nidaları eşidildi.
Bu vaxt Bakı axundu yerindən qalxdı, özünü saxlaya bilməyib əllərini yuxarı qaldırıb qışqırdı.
– Dinimizə toxunmayın, Əli Məhəmmədin valisi deyil.
– Bu, Bakı axundu Mirzə Xəlilullah idi.
Namaz, ibadət pozulmuşdu. Lələ bəy göstəriş verdi, həmin üləmanı məsciddən çıxarıb divanxanaya apardılar. Sanki bütöv bir daşdan tökülmüş divanxananın hər tərəfə açıq eyvanları vardı və aşağıda dayanan qızılbaşlar, Bakı əyani-əşrəfləri burada baş verənləri görürdü. Axundun başı divanxananın zirzəmisindəki deşikdən çıxarılmışdı. Lələ bəyin, qızılbaş ruhanilərinin ayaqları altında görünən bu ağ saç-saqqallı axundun ağarmış dodaqları tərpənir, o Qur’andan surələr oxuyurdu. Lahicanda olarkən İsmayıla şəriət dərslərini keçən Qazi Şəmsəddin Gilani onu istintaq eləyirdi. Onların ikisi də bir yaşda idilər, saç-saqqalları da bir-birinə bənzəyirdi. Amma birinin başı çox hündürdəydi, o birinin başı çox aşağıda.
– Qayıt Allah yoluna, Əlini vali bil, şiəliyi qəbul elə, Yezidə, Müaviyəyə lə’nət oxu, yenə də Bakı qazisi ol. Yoxsa...
– Saqqalımın bu vədəsində dinimi, yolumu, ərkanımı dəyişən deyiləm.
– Bir də deyirəm, qayıt yola.
– Yox. Sünnü doğulmuşam, sünnü kimi də öləcəm.
– Onda öl! Cəllad, işini gör!
Cəllad işini görəndə hamı üzünü döndərdi, ağlayanlar, sıtqayanlar oldu.
Elə həmin gün günahlarını bağışlamaq üçün Bakı əhli min tümən pul toplayıb verdi, həm də şiəliyi qəbul elədi.
İsmayılın qəlbində bir arzu vardı. Şəhəri ərinin yerinə idarə eləyən, mühasirədə mərdi-mərdanə dayanan gəlini uzaqdan da olsa görmək istəyirdi. Amma onun yerini xəbər verən yox idi. Şirvanşah sarayının əndərun hissəsindən də xəbər gəlmişdi ki, orada da yoxdur.
“Onda yəqin ki, Qız qalasındadır”.
Bu qəribə biçimli qalanı o görmək istəyirdi. Sərkərdələri ilə bərabər qalaya getdi. Divarın içindəki daş pillələrlə yuxarıya qalxırdılar. Hər mərtəbədə qurulu evlər, yüklər, qab-qacaq, silah, pal-paltar vardı. O qalanın lap üstünə çatanda bir dəstə göyərçin uçdu. O dönüb dənizə baxdı. Qalanın dəyirmi gövdəsindən ayrılan divar dənizə tərəf uzanmışdı və onun dibində dənizin ləpələri oynayırdı. Orada, divarın lap kənarında bir cəngavər dayanmışdı. Əlindəki qılıncın yarısı qırılmışdı.
Dəbilqənin altından çıxan qara saçları isə çiyinlərinə tökülmüşdü. İsmayıl döşünə çatan divara yaxınlaşıb dedi:
– Ey cəngavər, pəhləvan ürəkli qadın, yaxına gəl. Sən amandasan. Heç kimin kipriklərini qaldırıb sənə baxmağa belə haqqı yoxdur. Bu qədər igidliyin qarşısında nə istəyin varsa, ona yetirəcəyəm.
Onun sifətində qəribə bir kədər və nifrət vardı. Dinmədi.
– And içirəm bir Allaha, babam peyğəmbərin ruhuna və on iki imama. Sən azadsan. Qazi bəyin yanına səni göndərərəm, nə istəyin varsa...
– Mənim bir istəyim var, cavan oğlan. O istək də bax budur. O bu sözləri deyərək, əllərini yuxarı qaldırıb sanki qanad açdı. İsmayıla elə gəldi ki, Ərcivandan onunla başlayan, sür’ətlə keçən zaman dayandı. Ürəklər də döyüntüdən qaldı. Gözlər də bir nöqtəyə həddən artıq çox baxdı, külək kəsdi, qalanın məhvərinə dəyib göyə qalxaraq parçalanan iri dalğalar mirvari kimi xırdalandı, yumrulandı və bir daha qayaların üstünə, sulara tökülmədi. Hamısı öz yerində donub qaldı. Bu dayanmış zaman içində hərəkətdə olan təkcə zirehli geyimdə olan bu cəngavər gəlin oldu. Əlindəki zamanın sındırdığı qılıncla bərabər aşağıya, donub qalmış, mirvariləşmiş dalğalara tərəf qartal uçuşu ilə, xanım hərəkəti, xanım gözəlliyi ilə ehmallıca uçdu, uçdu, sulara çatdı. Onun düşdüyü yerdən yüzlərlə qızıl balığın ağzından çıxan qabarcıqlar qalxandan sonra əvvəlki dalğalar yenə başladı, göydə donub qalmış mirvari damlaları ucuz bir şey kimi səpələndi.
Onun bu mərdanə hərəkəti İsmayıldan ötrü zamanı dayandırıb saxladı. İgidliyini, cəngavərliyini yadigar qoyub getdi. Təkcə adını özü ilə apardı. Onun adını İsmayıl tarixçilərə qızıl suyu ilə yazdırardı. Amma heç kəs onun adını demədi. “Qadının adı yad kişilərin dilində çəkilsə, qəbahət olar, binamusluq olar. Deməyin mənim adımı”. Hamıya belə göstəriş vermişdi. Bir də ki, o ərinin zirehini geyirdi, dəbilqəsini başına qoyurdu, onun adından danışırdı.
“Necə də anama oxşadı. Onun kimi düşmən əlinə keçməmək, abır-ismətini qoruyub saxlamaqdan ötəri belə yol seçdi. Əhsən, bərəkallah belə yurd qızına, qadınına”.
İsmayıl oturub başını əlləri arasına qoyub xeyli fikrə getdi.
Qızılbaşlar Cəbanidə Şirvan qoşununu darmadağın etsə də, Bakı qalasını alsa da, nə Şamaxının üstündəki Gülüstan qalası, nə də Ağsu çayı vadisindəki Buğurd qalası təslim olmamışdı. Bakıdan qoşun yenidən Şamaxıya qayıtdı və Xınıslı kəndində düşərgə salıb Qız qalası və Pirdirəyi dağları arasındakı dərəni kəsdi, bir də Qız qalası dağı üstündən Gülüstanı mühasirəyə aldı.
Günlər ötür, həftələr keçir, amma Gülüstan qalasının təslim olacağı gün görünmürdü. Onun divarlarının yanına qalxmaq belə mümkün deyildi. Oradakıları yalnız və yalnız aclıq hesabına təslim eləmək olardı, o da hələlik mümkün deyildi. Hər səhər, hər günorta, hər axşam qala bürcünə qalxan carçı gur səslə qızılbaşları söyür, bürclərdən qala müdafiəçilərinin süfrələrindən artıq qalan yeməkləri aşağı tökürdülər.
İsmayıl da ümidini üzmüşdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini və Lələ bəyi götürüb ova çıxdı. Kəklikotu ətri bürümüş qayalıqlarda kəklik ovlamaq həvəsinə düşmüşdü. Onlar hündür qayanın üstünə qalxdılar. Yaxında haradasa kəklik oxuyurdu. Amma İsmayıl onu vurmaq üçün tələsmədi. Göstəriş verdi, süfrə saldılar. Hər üçü süfrə başında oturdu. İndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib. Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı.
– Sənə “Azərbaycanın açarı” ləqəbini vermişəm. Göstər öz ləqəbinə layiq olduğunu, Azərbaycan bağlı kiliddi. Onu necə açım?
Keçəçi sağ əlini saqqalında gəzdirib dedi:
– Mənim fikrim hazırdı.
– Buyur görüm.
– Əlvənd Mirzə ən yaxın dostunu, həmkarını itirdi. Ona Murad kömək durmayacaq. Şirvanı fəth eləmisən.
– Hanı fəth eləmişəm. Bu Gülüstan bizə cəhənnəm zəbanəsi verir. Paslanıb qalmışıq burada.
– Düzdür. İndi bizə Gülüstan qalası lazımdırmı? Şirvanşahmı olmaq istəyir böyük mürşüdümüz? Əlvəndin üstünə yeriməliyik. Vaxtı, fürsəti düşmənə veririk. Əlvənd çürük qozdur. Onu dişimizə salsaq, dişimiz yox, o sınacaq.
Lələ bəy dedi:
– Mürşüdüm, bura gəlməmişdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoşun toplayır.
– Bəs niyə mənə demədin?
– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim.
– Sərkərdəsi kimdi?
– Məhəmməd Qorçu bəy.
– Yengəsi Gülüm olanın gözünə külüm olar. – İsmayıl güldü. Amma Zəkəriyyə Keçəçi gülmədi.
– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək.
Onlar xeyli məsləhətləşəndən sonra geri qayıtdılar. Axşamı yatdılar, səhər açılan kimi İsmayıl sərkərdələrini yanına çağırdı. Sərkərdələr gəlib bir-bir oturdular. İsmayıl bir-bir onlara baxdı. Nazik tül pərdənin arxasından o çox yaxşı görürdü. Onu isə görmürdülər. İki qalibiyyət onları daha da qürurlu eləmişdi. Hamısı da yanıb qaralmışdı. Daha da yaşlaşmış, müdrikləşmişdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən başqa.
– Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir.
– Yox, şahım, mürşidim. Heyfimizi aldıq, dostum Şeyx Heydərin intiqamını aldıq. Amma əlimdən bir xəta çıxıb.
– O nə xətadır?
– Murad bəyi tanıyırdınız? Şəmasə müsibətindən qabaq bizə xəbər çatdıran Murad bəyi deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım!
– Əbih Sultanı gətirən?
– Bəli.
– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı.
Bir an fikrə getdilər.
– Hər il ona ehsan verəcəm, heç kimi yox idi.
– Yaxşı, bu boyda qələbə qurbansız olmazdı, ruhu şad olsun. Mən sizi buraya bir məqsəd üçün çağırmışam. Gecə babam cənabi Əmir yuxuma girmişdi.
Onlar hamısı salavat çevirdi.
– Mübarək olsun, mübarək olsun.
– Həzrət Mürtəza Əli, yaranmışların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. İndi mən sizdən soruşuram: bizə hara lazımdı? Gülüstan, ya Azərbaycan?
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi.
Şamaxıdan çıxanda Qızılbaş qoşunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi əsir düşən şirvanlıları pulla alıb azad eləmişdi. Bu qədim adət idi. Döyüşdə əsir düşənləri kənar adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə İsmayıl heç kimə bu icazəni verməmiş, hamını özü azad etmişdi. Pullar isə qızılbaş qoşunlarına çatmışdı. Azad edilən qulların xeyir-duasından əlavə camaat arasında hörmət qazanmaq üçün bu böyük xeyirxahlıq sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən, ayaqlarından kündələri açmırdılar.
Qoşun Naxçıvana çatmışdı. Şəhərə daxil olmadılar. Əlvənd Mirzənin ordugahının günbatan tərəfdə, Şərur düzündə, Arpa çayın kənarında salındığı xəbərini alan kimi sür’ətlə buraya yola düşdülər. Bütün yol boyu qoşundan qabaq Qara Piri bəyin atlıları gedir, onların qaldırdığı toz qızılbaşlara nişangah olurdu. Ona görə də İsmayıl Qara Piri bəyə “Tozqoparan” ləqəbi vermişdi.
Qızılqanadın yəhərində oturan İsmayıl qəribə fikirlərə dalmışdı. “Elə bilirdim bəs Şirvanşahı bassam, atamın intiqamını alsam, məndən xoşbəxt adam yoxdur. İndi elə bil heç nə etməmişəm. İstəyirəm Təbrizi tutam, taxtı ələ keçirəm. Bundan sonra nə olacaq? Acgözlük eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləşdirmək, möhkəm ölkə yaratmaq üçün hələ nə qədər işlər görmək lazım gələcək”.
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda başı qarlı, nəhəng, bir az da qozbel görünən Ağrı dağı onun gözləri qarşısında dayandı. Göyçə gölünün yanından enəndə görməmişdi, qayıdanda Ağrı dağı dumanda olmuşdu. İndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim ay, başı üstündə günəş vardı.
– Lələ, bu əlamətlərə fikir verirsənmi? Günəş mənim başımın üstündə dayanıb, ay isə Əlvənd Mirzədən də o tərəfdə.
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxşı yer seçməyib. O görünən Ağrı dağıdı, bu yerə Şərurdan başqa Şəril də deyirlər. Yəqin ki, Şər el deməkdi. Quzeydəki dağlar Əyircə yaylaqlarıdı. Ağrı, şər, əyricə...
– Hələ Arpa çayını demirsən. Arpanın aşan-daşan, qan-qan deyən vaxtları keçib. Qızılbaş qoşunu Əlvəndi süpürüb Araza tökəcək.
Qabaqda bir-birinə söykənən səkkiz dairədən ibarət türbə, türbənin qarşısındakı iki uca minarə göründü. Türbənin kaşı naxışları uzaqdan oxunurdu. Orada “Allah” yazılmışdı. Minarələrin birinin üstündə isə leyləklər yuva qurmuşdu. O quşlar qoşunu da görüb uçub getmədilər. Biri dimdiyini şaqqıldadırdı.
– Bu hansı kənddir?
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmişə qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb.
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər.
– Tozqoparan gəlir.
Doğrudan da gələn Qara Piri bəyin özü idi.
– Şahım, mürşüdüm, gürcü bəyləri öz qoşunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək qədəmlərini Şərur torpağına basmağını gözləyirlər.
İsmayıl Şirvandan tərpənəndə Axalsxa knyazı Gorquram bəyə (Kvarkvareyə), Axalkala knyazı İsgəndər bəyə (Aleksandr bəyə), bir də Mirzə bəyə məktub göndərib yazmışdı ki, əgər Əlvəndlə vuruşmada mənim tərəfimdə olsanız, onda padşah keçəndən sonra sizi vergilərdən azad edəcəyəm.
O, hələ Ərzincandan qayıdanda o knyazlara öz gücünü göstərmişdi, amma köməyə gələcəklərinə ümidi yox idi. Budur gəliblər. Demək bu knyazlar Əlvənd Mirzədən çox onun uğuruna inanırlar.
– Qüvvələri nə qədərdir?
– Hər biri üç min atlı ilə gəlib.
– Lələ bəy, eşidirsənmi?
Lələ bəy bütün məsələlərə ehtiyatla yanaşırdı. Bu doqquz min atlı döyüşdə böyük bir qüvvəyə çevriləcəkdir. Amma bilmək olmaz. Hazırda hakimiyyət Əlvənd Mirzənin əlindədir. Əgər o, bu knyazlara məktub göndərib İsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə, onlar öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz işini görüb, bu bir hiylədir. Doqquz min atlı yeddi mindən az qızılbaş müridinə qarışandan sonra onları qılıncdan keçirməzmi. Alınan mə’lumata görə Əlvənd Mirzənin yaxşı silahlanmış otuz minə yaxın qoşunu vardı. Ona qalib gəlmək bir o qədər də asan iş deyildi.
Lələ bəy o qoşunun içərisinə əvvəldən öz adamlarını göndərmişdi. Silahlı müridlər qoşun arasında İsmayılın Allah tərəfindən göndərilməsindən, onun mö’cüzələrindən danışır, çoxlarının ürəyinə qorxu salırdılar.
Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən şübhələnmişdi. Onun İsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-qol açmağa imkan vermirdi. Qoşunla bərabər buraya yüzlərlə dəvə gətirmişdilər. Bütün Şərurdakı dəvələri də toplamış, qoşunun gündoğan tərəfindən bu dəvələri düzdürüb onları zəncirlə bir-birinə bənd etdirmişdi. Qoşunun günbatan tərəfində Arpa çayının hündür sahili, arxasında isə Araz çayı dayanmışdı.
Döyüşdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:
– Mənə inan hökmdar. Qəfəsə salınan qoşundan qalibiyyət gözləmə. Düşmən yuxarıdan gəlir, biz isə aşağıdayıq. İzin ver qoşunu öz bildiyim kimi düzüm.
– Öz bildiyini evində, hərəmxananda eləyərsən. Burada mən deyən olacaq. Yeddi min Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca işlərini bitirərik.
– Onlar da ağılsız adamlar deyillər. Süvarilərin tərpənməyinə yer qalmayıb. Dəvələri götürək.
– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar.
Qorçu bəy onun sözündən çıxa bilmədi, döyüşün də taleyini bu sıxlıq, qoşunun qəfəsə salınması həll etdi.
Tozqoparan Piri bəy Qacar dağ seli kimi igidlərini yerindən tərpənməyən qoşuna çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmış ordusu can verən əjdaha kimi çabalamağa başladı. Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya düşən qoşun özünü dəvələrin arasına vurub zəncirləri yarıb keçmək istədi. Bir piyada zəncirə dolaşdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoşuna bir çaxnaşma düşdü ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoşununu pərən-pərən düşən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar.
Təbrizin Nəsriyyə məscidinin hündür minarəsində əzançı işini qurtarıb yerini carçıya verdi. Carçı aşağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi:
– Səfəvilərin ən qəddar düşməni, zamanın sahibi, cənnətməkan Şah İsmayıl Xətainin qardaşlarının qatili, atasının ölümünə fitva verən, ölkəni qurd kimi parçalayan, dağıdan Əbih Sultan indi e’dam olunacaq. Bu e’damı ölkənin əhalisi çoxdan gözləyir. Onun dağ çəkmədiyi sinə qalmayıb. Şah İsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən günahkar torpağa atılmaqdır. Ona bundan yaxşı cəza tapmaq mümkün deyil.
Carçı səsini kəsdi. İki mürid əl-ayağı bağlı Əbih Sultanı minarənin eyvanına çıxartdılar. Onu soyuq tər basmışdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas eləyə bilməz. “Namərd dünya, məni belə namərdliklə öldürürsən, nə olar, bu heyif yerdə qalmaz”. Bu sözlər onun sayıqlamaları idi. Bilirdi ki, ölkədə bir nəfər də onun tərəfdarı qalmayıb. Hamı ona nifrət eləyir. Odur, buradan düşəcəyi yerə adamlar daş diyirləyib gətirib. “Mən də çox daş düzmüşəm. İntiqamımı sağlığımda almışam...”
Müridlərdən biri onun çiynindən, o birisi ayaqlarından tutub yellədilər, minarədən aşağı atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daşlara dəyib yastılanandan sonra birdəfəlik səsi kəsildi.
Səhərisi gün Şah İsmayıl Xətai taxta çıxacaq. Artıq zərbxanalarda onun adı ilə pullar kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.