İkinci səhnə

Küçə. Kapuletti, Paris və nökər gəlirlər.


Kapuletti.

Montekki mənimtək cərimələndi.

Məncə, bizim kimi yaşlı adama

Dinc, rahat yaşamaq çətin olmazdı.


Paris.

Hörmət sahibisiz hər ikiniz də,

Heyf, çoxdan bəri çəkişirsiniz.

İndi cavabınız mənə nədir bəs?


Kapuletti.

Əvvəl nə demişdim deyirəm yenə,

Mənim ciyərparəm hələ uşaqdır.

Onun hələ yoxdur heç on dörd yaşı,

Qoy iki bahar da gül açıb solsun,

Gül balam yetişib gəlinlik olsun.


Paris. Ondan daha gənclər ana olurlar.


Kapuletti.

Tezcə yetişənlər tez də solurlar.

Bütün ümidimi uddu bu torpaq,

Yeganə ümidim qızımdır ancaq.

Onunla danışın, mehriban Paris,

Çalışın, könlünü ələ alın siz.

Onun arzusudur mənim hər arzum,

Ürəkdən razıyam razısa qızım.

Köhnə bir adətə edib ehtiram,

Qonaqlıq verirəm mən də bu axşam.

Qonağım gələcək dəstəbədəstə,

Buyurun, yeriniz gözlərim üstdə.

Qonaq çoxaldıqca şənlənər məclis,

Siz kasıb evimdə aləm görərsiz.

Göyün çırağını kölgədə qoyan

Canlı ulduzlara olarsız heyran.

Yazın ilk sevinci, ilk müjdəsitək,

Füsunkar aprelin tər qönçəsitək

Canlı qönçələrə nəzər salarsız,

Hüsnündən, səsindən ləzzət alarsız.

Seçin özünüzə tale ulduzu,

Sevin ən layiqli, ən gözəl qızı.

Qızım elə gözəl olmasa da, bax,

Onların sayını artırar ancaq.

Di gəlin, gedəyin!

(Xidmətçiyə bir kağız verərək).


Romeo.

Bəli, oxuyuram dönük bəxtimin

Acı dərdlərini, bəlalarmı.


Nökər. Bunu öyrənmisiz özünüz yəqin,

Yazılmış kağızı oxuyarsınız?


Romeo.

Bəli, hərfləri, həm də o dili

Bilsəm, oxuyaram.


Nökər.

Düz deyirsiniz,

Sağlıqla qalın.

(Getmək istəyir).


Romeo. Zarafat edirdim.

Dayan, oxuyum (Kağızı açıb oxuyur). «Senyor Martino qadını və qızları ilə; Qraf Anselmo gözəl bacıları ilə; dul ledi Vitruvno; Senyor Plaçensio və onun sevgili bacısı qızları; Merkusio və onun qardaşı Valentin; əmim Kapuletti, arvadı və qızları ilə; gözəl bacım qızı Rozalina; Liviya; Senyor Valensio və onun əmisi oğlu Tibalt; Lusio və şən Yelena» (Kağızı verir). Ən gözəl məclisdir, söz ola bilməz. Yaxşı, hara dəvət olunur bunlar?


Nökər. Ora, yuxarıya.


Romeo. Yəni haraya?


Nökər. Bizim evimizə, şam yeməyinə.


Romeo. De, kimin evinə?


Nökər. Mənim ağamın.


Romeo.

Ah, mən doğrudan da hər şeydən əvvəl Gərək bunu səndən soruşa idim.


Nökər. Mən özüm bunu sizə sualsızsorğusuz deyə bilərəm. Mənim ağam məşhur varlı dövlətli Kapulettidir. Əgər sizin Montekki nəsli ilə qohumluğunuz yoxdursa, xahiş edirəm, buyurun, bir piyalə şərab nuş edin. Sağlıqla qalın!

Gedir.


Benvolio.

Sənin qəlbən sevib məftun olduğun

Gözəl Rozalinaın şam eyləyəcək

Veronanın məşhur gözəlləriylə

Kapulettinin bu qonaqlığında.

Sən də get oraya, ayıq gözlərlə

Onu o güllərlə müqayisə et,

Başına gələcək ağılın, huşun,

Qarğa görünəcək sənin qu quşun.


Romeo.

Ah, mömin gözlərim dönüksə, qardaş,

Belə dəhşət olmaz bu təhqir kimi.

Acı göz yaşlarım oda dönsün kaş,

Qoy yansın gözlərim bir kafir kimi.

Dünya yaranandan bu günə qədər

Elə bir gözəli görməyib bəşər.


Benvolio.

Onu sən görmüsən həmişə yalqız,

Yanında olmayıb başqa gözəl qız.

Büllur tərəzidir gözümüz bizim,

Gözəllik çəkirik hər vaxt, əzizim.

Hər iki gözündə o durub ancaq,

Gəl, biz bir gözünə başqa gül qoyaq.

Gün kimi nur saçan o nadir gövhər

O gülün yanında adi görünər.


Romeo.

Gedərəm, özgə qız mənə nədir, nə?!

Yalnız baxmaq üçün onun hüsnünə.

Gedirlər.

Загрузка...