Üçüncü səhnə

Kapulettinin evində bir otaq.

Ledi Kapuletti ile dayə gelirlər.


Ledi Kapuletti. Dayə, qızım hanı? Çağır yanıma.


Dayə. And olsun on iki yaşımda ikən

İtirdiyim qızlıq bəkarətimə,

Mən onu çağırdım. Ey körpə quzum,

Mənim tovuz quşum, ay qız Cülyetta!

Allah, özün saxla, bu qız hardadır?


Cülyetta daxil olur.


Cülyetta. Gəldim, nə var belə?


Dayə. Anan çağırır.


Cülyetta. Anacan, burdayam, nədir sözünüz?


Ledi Kapuletti.

Fikrimiz budur ki… Dayə, indi get,

Sən məni qızımla bir az tək burax.

Bizim danışmalı bir sirrimiz var.

Yox, dayan, qulaq as, sən ki qızımı

Yaxşı tanıyırsan körpəliyindən.


Dayə.

Doğrudur, mən onun yaşını sizə

Danışa bilərəm saatbasaat.


Ledi Kapuletti. Hələ on dörd yaşı tamam olmayıb.


Dayə.

Mərc gələrdim mən öz on dörd dişimdən,

Heyf ki, ağzımda on dörd diş qalır,

Hələ on dörd yaşı tamam olmayıb.

Məhsul bayramına nə qalır, xanım?


Ledi Kapuletti. Düz iki həftədən bir azca artıq.


Dayə.

Ya artıq, ya əskik, nə fərqi vardır.

Məhsul bayramının əvvəllərində

Onun on dörd yaşı tamam olacaq.

Susanna onunla həmyaşıd idi.

Allah rəhmət etsin təkcə balama,

Onu Allah aldı mənim əlimdən.

Gözlərimin ağıqarası idi.

Xanım, mən deyəndir, bayramqabağı

Onun on dörd yaşı tamam olacaq.

Yaxşı yadımdadır, inanın mənə.

Bu gün zəlzələdən on bir il keçir.

Zəlzələ olanda Cülyettanı mən

Döşümdən kəsmişdim, unutmaram heç

O günü qiyamət gününə qədər.

Döşümün ucuna yovşan sürtmüşdüm,

Göyərçin damının yanında rahat

Əyləşib, özümü günə verirdim.

Mantuyadaydnımız onda ağamla.

Görürsünüz, necə yaddaşım vardır,

Məməni ağzına alantək uşaq

Hiss etdi yovşanın acılığını.

Döşümü buraxdı, yana dartındı,

Yamanca turşutdu ağızbumunu.

Bu vaxt silkələndi göyərçin damı,

Nə əmrə, nə hökmə yoxdu ehtiyac,

Yerimdən sıçrayıb qaçdım kənara.

O vaxtdan indiyə on bir il keçir.

Onda ayaq üstdə dururdu körpə,

Yox a, nə deyirəm, xaça and olsun,

Onda qaçırdı o yan basabasa,

Bir gün bundan qabaq yıxılmışdı bərk,

Alnı yerə dəyib yaralanmışdı.

Zarafatcıl idi rəhmətlik ərim,

Allah şad eləsin onun ruhunu,

Qızı qucağına götürüb dedi:

«İndi yıxılırsan sən üzü üstə,

Elə ki, böyüdün, a qəşəng qızım,

Onda dalı üstə yıxılacaqsan.

Elədirmi, Cüli?» Bu canım haqqı,

Qızcığaz səsini kəsib, «hə» dedi.

Zarafat necə də düşür yerinə!

Min il yaşasam da, çıxmaz yadımdan,

«Elədirmi, Cüli?» dedi rəhmətlik,

Daha ağlamayıb o da, «hə» dedi.


Ledi Kapuletti. Di qurtar söhbəti, bəsdir bu haqda.


Dayə. Yaxşı, xanım. Ancaq yada düşəndə

Saxlaya bilmirəm gülməyimi mən.

Möhkəm zədələnib şişmişdi alnı,

Olmuşdu beçənin pipiyi boyda

Uşaq acıacı sızıldayırdı.

«Bəli, qızım, dedi rəhmətlik ərim, –

İndi yıxılırsan sən üzü üstə,

Elə ki, böyüdün, kamala doldun,

Onda dalı üstə yıxılacaqsan.

Elədirmi, Cüli?» Ağlamadı qız,

İşə bax, səsini kəsib, «hə» dedi.


Cülyetta. Sən də səsini kəs, rica edirəm.


Dayə.

Daha danışmaram. Qoy tanrı özü

Səni penahında saxlasın, qızım.

Mənim böyütdüyüm gül balalarım

Ən gözəli sənsən. Arzum tək budur:

Yaşayıb, görəydim sənin toyunu.


Ledi Kapulleti.

Toy dedin, hə, elə Cülyetta, qızım,

Gəlmişəm toy haqda danışım mən də.

Bir de, ərə getmək istəyirsənmi?


Cülyetta. Bu şərəf barədə düşünməmişəm.


Dayə.

Sən şərəf söylədin! Ay bərəkallah,

Heyf, süd ananam, yoxsa deyərdim,

Ananın döşündən ağıl əmmisən.


Ledi Kapuletti.

Di indi fıkirləş. Veronada, bax,

Sendən genc xanımlar artıq anadır.

Sən yaşda mən səni çoxdan doğmuşdum.

Sözü qısa deyim, bilirsən, qızım,

Cəsur, igid Paris səni istəyir.


Dayə.

Xanım qız, xanım qız, oğlan, nə oğlan!

Yoxdur belə oğlan bütün dünyada.

Elə bil, heykəldir, mumdan tökülüb.


Ledi Kapuletti. Görməyib Verona belə bir çiçək.


Dayə. Doğrudan, çiçəkdir, lap xalis çiçək.


Ledi Kapuletti.

De görüm, xoşuna gəlirmi qraf?

Bu axşam olacaq ziyafətdə o.

Gözəl bir kitabdır o gözəl insan,

Gözəllik qələmi zinət vuranda

Ondan qüdrətini əsirgəməyib.

Oxu bu kitabı, sən tap birbəbir,

Qəşəng yazıların mənası nədir?!

İncə cizgilərin öyrən sirrini,

Necə tamamlayır biribirini.

Bir məna, bir hikmət olmasa aşkar,

Onun cavabını gözlərdə axtar.

Bu sevgi kitabı təzə bir çələng,

Qiymətli kitaba qəşəng cild gərək.

Gözəldir gül bağda, balıq ümmanda,

Zahir də, batin də qəşəng olanda.

Nadir kitabların qızıl sözləri

Qızıl naxışlarla oxşar gözləri.

Qraf da hüsnünlə qəşəng görünər,

Bundan kiçilməzsən sən zərrə qədər.


Dayə.

Kiçilmək, yox bir a, böyümək, əşşi,

Hə, canım, qadını kökəldir kişi.


Ledi Kapuletti. Kəsə de, könlünə yatırmı qraf?


Cülyetta.

Nə deyim, mənimçün çətindir cavab.

Sevgi yaranırsa xoş baxış ilə,

Mən ona baxaram nəvaziş ilə.

Fəqət əmrinizin çərçivəsindən

Kənara çıxmaram bir addım da mən.


Xidmətçi daxil olur.


Xidmətçi. Xanım, qonaqlar gəldilər. Yemək verildi. Sizi çağırırlar. Hamı kiçik xanımı soruşur. Mətbəxdə dayənin qarasınca söyüb rüsvay edirlər. Hər şey son dərəcə altüst olub. Mən gedib qonaqlara qulluq etməliyəm. Buyurun, bu saat gəlin.

Xidmətçi gedir.


Ledi Kapuletti. Gəlirik. Cülyetta, qraf gözləyir.


Dayə.

Get, qızım, bəxtini gözlətmə əbəs, Bu xoşbəxt günlərə xoşbəxt gecə gəz.

Gedirlər.

Загрузка...