MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ

İpək paltarını geydi asiman,

Göy öz sırğasını taxdığı zaman.

Ulduzlar civə tək səpələndilər,

Şəfəqdə qalmadı onlardan əsər.

Qəlbi civə kimi dağınıq Məcnun

İki-üç dostuyla yaralı, məhzun,

Şərqilər deyərək, yola düzəldi,

Qaçaraq Leylinin yurduna gəldi.

Səbir kömləyini parçalayaraq,

Canan yollarında inlədi ancaq.

Könül xırmanını dolaşıb yalnız,

Təsəlli gəzirdi o Məcnun baxtsız.

Oxuya-oxuya o, sərxoşlar tək,

Döyürdü başına, üzünə bərk-bərk.

Qüvvədən düşmüşdü o talei kəm,

Yarın çadırına yetişdi sərsəm…

Ərəb adətiylə oturub o qız.

Çadırda yollara baxırdı yalnız.

Leyli bir ah çəkdi, görüb Məcnunu,

Məcnun da fəryadla səslədi onu.

Leyli ulduz kimi çadırda təkdi,

Məcnun sanki pərdə tutan fələkdi.

Leyli duvağını üzündən açdı,

Məcnun gileylənib, dərddən söz açdı,

Leyli çəng tutmuşdu bağrı başında,

Məcnun rübab kimi əli başında.

Leyli səhər kimi işıqlanırdı,

Məcnun da şam kimi qəmdən yanırdı.

Leyli bağ içində gözəl bir bağdı,

Məcnun dağ üstündə böyük bir dağdı.

Leyli yaranmışdı ay kimi parlaq,

Məcnun ipək kimi qaraydı ancaq.

Leyli gül saçırdı ağaclara, bax,

Məcnun dürr səpirdi şabaş olaraq.

Leylini sormayın, pəriydi o can,

Məcnun bir od idi, nə deyim ondan?

Leyli-qış görməmiş yasəmən kimi,

Məcnun-xəzan vurmuş bir çəmən kimi.

Leyli parlayırdı sübhün qızı tək,

Məcnun da sönürdü dan ulduzu tək.

Leyli dağıtmışdı saçını nazla,

Məcnun qul olmuşdu min iltimasla.

Leyli can bəsləyən şərbət içirdi,

Məcnun yaxa yırtıb, candan keçirdi.

Leyli toxuyurdu qəlbində ipək,

Məcnun alışırdı bir üzərlik tək,

Leyli boy atırdı qızıl gül kimi,

Məcnun ağlayırdı bir bülbül kimi.

Leyli keçirdikcə zülfü şanədən,

Məcnunun göz yaşı axırdı dən-dən.

Leylinin əlində müşkin piyalə,

Məcnun mey ətriylə dalmış xəyalə.

Bunu əyləndirir canan səfası,

Ona xoş gəlirdi aşiq vəfası.

Onları görməsin, deyərək, əğyar,

Qərib tək uzaqdan baxışırdılar.

Bunu da çox gördü onlara zaman,

Quru bir baxış da çıxdı ortadan.

Загрузка...