Dilsiz insan cəmiyyəti ola bilmədiyi kimi, sözsüz də dil ola bilməz: söz dilin cövhəridir.
Hər bir sözün müəyyən mənası olduğu kimi, müəyyən də tarixi vardır.
Buna görə də hər bir söz həmin sözdən istifadə edən cəmiyyətin — qəbilənin, tayfanın, xalqın və millətin həm maddi, həm də mənəvi tarixi ilə üzvi surətdə bağlı olan bir vahiddir.
Söz insanın varlığı necə dərk etdiyini əks etdirən bir güzgüdür.
Söz, həmin sözdən istifadə edən xalqın tarixində baş vermiş bu və ya digər bir hadisənin xəbərçisidir. Buna görə də sözün tarixi — törənişi və inkişafı bir çox sirlərin, izi itmiş naməlum hadisələrin öyrənilməsi çox zəruri olan məsələlərin tədqiqində istifadə olunan ən mötəbər və zəngin mənbələrdəndir, daha doğrusu, demək olar ki, söz sirlər xəzinəsinin açarıdır.
Məhz belə bir baxımdan yanaşdıqda, belə nəticəyə gəlmək olur ki, sözün törənişi, inkişafı məsələlərinin "dil və tarix", "dil və şüur", "dil və psixologiya" kimi çox ciddi problemlərlə əlaqədar olduğunu söyləyən alimlər tamamilə haqlıdırlar.[1]
Məhz buna görə də hər kəs öz adının, doğma kəndinin, şəhərinin, ölkəsinin adının və eləcə də dilində işlətdiyi sözlərin ilkin mənasının necə törədiyini, necə formalaşdığını, mənşəyini öyrənmək istəyir. Şəxsən mənə belə suallar çox verirlər və mən, aydındır ki, belə sualların bir qisminə az-çox dəqiq cavab verə bilsəm də, bir qisminə cavab verməkdən imtina edirəm, çünki belə sözlərin bir qisminin izi heç qalmamış, bir qisminin izi çox qədim dövrlərlə və mənbələrlə bağlıdır, bir qisminin isə izi canlıdır, göz önündədir.
Buradan çıxarılacaq nəticə budur ki, dilimizdə olan sözlərin törənişinin, inkişaf tarixinin tədqiqi müasir dilçiliyimizin qarşısında duran ən vacib və çox dərin axtarışlar tələb edən problemlərdəndir.
Oxuculara təqdim olunan bu kitabça, demək olar ki, bu sahədə aparılmış ilk tədqiqat təcrübəsinin ilk nümunəsidir.
Burada müxtəlif sözlərin törənişi, formalaşması haqqında söylənilən mülahizə və fikirlərin bir qismi elm aləmində məlum və məqbul mülahizələrdir ki, bunlardan bəziləri eynən verilmiş, bəziləri isə yeni materiallar əsasında daha da dəqiqləşdirilmiş və aydınlaşdırılmışdır. Bəzi sözlərin törənişi haqqındakı mülahizələr isə apardığımız tədqiqatın nəticələrindəndir.
Əlbəttə, bu əsərdə material kasadlığından, mənbə müxtəlifliyindən və daha bir sıra obyektiv səbəblərdən doğan nöqsanlarla yanaşı, subyektiv mahiyyətli nöqsanlar da ola bilər. Belə nöqsanları xeyirxahlıqla göstərənlərə təşəkkürümüzü qabaqcadan bildirməyi özümüzə borc hesab edirik.