YAXINLIQ, QOHUMLUQ, QANUN VƏ VERGİ MÜNASİBƏTLƏRİNİ BİLDİRƏN BƏZİ SÖZLƏR

Qardaş

Türk dillərində yazılmış ilk mənbələrdə 'qardaş' sözünün müxtəlif variantlarına rast gəlirik ki, bunların ən çox işlənilmiş növləri aşağıdakılardır: 'qağdaş', 'qadaş', 'qarındaş', 'qardaş'. Təqribən V—VI əsrlərdən türkdilli yazılı mənbələrdə bu sözün işlənilmiş olması onu göstərir ki, bu söz daha əvvəllər formalaşmışdır. Çox təəssüf ki, əvvəlki dövrlərdəki türk dillərini əks etdirən yazılı mənbələr hələlik əldə edilməmişdir. Buna görə də daha əvvəlki dövrlərdə bu sözün necə işlənilmiş olması bizə məlum deyil. Bu sözün şivələrdəki variantlarını da nəzərdən keçirdikdə, təqribən eyni mənzərə ilə qarşılaşırıq, yəni şivələrdə də həmin söz 'qədəş', 'qaqaş', 'qərdəş', 'qardaş' şəkillərində işlənir.

Bu sözün necə formalaşdığını aydınlaşdırmaq üçün təkcə belə variantların nəzərə alınması kifayət deyildir. Bununçün həmin sözün ilkin mənasının da nəzərə alınması zəruridir.

Müasir azəri dilində 'qardaş' sözü əsasən "bir anadan olan oğlanlar" məfhumunu ifadə edən bir sözdür.

Qeyd etmək lazımdır ki, bu söz "çox yaxın, qohum, dost olan şəxs" mənasına da işlənir, lakin belə məna ilkin deyil və əsasən sonralar məcazilik istiqamətində törəmiş mənalardandır.

İlk mənbələrdən belə məlum olur ki, 'qarındaş | qardaş' sözü təkcə "bir anadan olan oğlanlar" mənasında deyil, həm də "bir anadan olan qızlar" mənasına, daha doğrusu "cinsi fərq nəzərə alınmadan ümumən bir ananın övladları" mənasına işlənilmişdir. Bunu Dədə Qorqud dastanlarından aldığımız aşağıdakı cümlələrdə daha konkret halda müşahidə etmək olar:

1. «Bənim yeddi qız qarındaşım sorar olsam, sağmı, arğış?!»

2. «Beyrək baqdı, gördü kim, kiçi qız qarındaşı pinardan su almağa gəlür».

Burada belə bir cəhəti qeyd etmək lazımdır ki, ilk mənbələrdə 'qız qarındaş', ya 'qız qardaş' ifadələri işləndiyi halda, 'oğlan qarındaş' ifadəsinin işləndiyini göstərən heç bir mənbə hələlik bizə məlum deyildir.

Belə bir ifadənin işlənilməmiş olması bəlkə də 'oğlan' sözünün də ilk dövrlərdə ümumən "övlad" mənasına formalaşan bir söz olması ilə əlaqədardır. [Bəlkə də 'oğlan' sözü 'doğulan' sözündəndir ki, "övlad"' mənasına tam uyğundur.]

Bunu biz qədim türk dili abidələrindən aldığımız aşağıdakı cümlədə aydınca müşahidə edə bilərik: «Üzə kök təcri asra yağız yir qılıntuqda ekin ara kisi oğlı qılınmıs» (yəni: üstdə göy səma, aşağıda quru torpaq yarandıqda, ikisinin arasında insan övladı yaranmış[27]).

Bu cümlədəki 'kisi oğlı' ifadəsində 'kisi' (yəni "kişi") sözü ümumən "insan" mənasına, 'oğlı' sözü isə ümumən "övladı" mənasına işlənilmişdir. Hazırda isə bu sözlərdən birincisi — 'kisi' || 'kişi' sözü — insanların bir cinsini, yəni "erkək adam" mənasını ifadə edən söz kimi, ikincisi — 'oğul' sözü isə, övladların bir cinsini, yəni "erkək övlad" mənasını ifadə edən söz kimi işlənir. Buradan belə bir nəticəyə gəlmək olur ki, 'qarındaş' | 'qardaş' sözünün mənasında da belə bir dəyişiklik baş verrmişdir. Çox güman ki, ümumxalq azəri dilinin ilk formalaşma dövründə 'qardaş' sözü belə məhdud bir məna kəsbetmə ərəfəsində olduğundan və hələ 'bacı' sözü o qədər də yayılıb sabitləşmədiyindən, ilk mərhələdə 'oğlan qarındaş' ifadəsini yox, məhz 'qız qarındaş' ifadəsini işlətmək zəruri olmuşdur.

Buna görə də 'qardaş' sözünün törənişini aydınlaşdırarkən onun ilkin mənasını nəzərə almaq zəruridir. Doğrudan da 'qardaş' sözünün ilkin mənası ilə ilk mənbələrdə rastlaşdığımız yazılı variantlarından birini, daha doğrusu 'qarındaş' (قرنداش) şəklində yazılmış variantını tutuşdurduqda, bu sözün necə, hansı sözlərdən və hansı mənada törədiyini göstərən izlər nəzərə çarpır. Buna görə də müasir dildə işlənilən bəzi sözlər kimi 'qarındaş' sözünü də kök və şəkilçi halında iki hissəyə ayıra bilərik: 'qarın-daş'.

Müasir dildə "yolda birlikdə gedən" mənasına 'yoldaş', "məsləkcə bir olan" mənasına 'məsləkdaş', "sirri bir olanlar" mənasına 'sirdaş' kimi sözlərin də mənasını nəzərə aldıqda, belə nəticəyə gəlmək olur ki, 'qarındaş' sözü, daha doğrusu "bir qarından doğulanlar", "bir ananın övladları" mənasını ifadə etmək üçün müəyyən sözlər birləşməsindən formalaşmış bir kəlmədir. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bu cür sözlərin formalaşması üçün istifadə olunan və müasir dildə artıq sözdüzəldici bir şəkilçi kimi tanınan 'daş' ünsürü "şəxslərin, ən azı iki şəxsin müəyyən bir sahədə şərik, ortaq, dost, əlbir, həmrəy olması" məfhumunu ifadə edici bir vahid kimi kökə bitişib yeni söz yaradır. Elə buna görə də 'daş' şəkilçisinin fonetik tərkibcə və qismən də mənaca oxşarlığı nəzərə alınaraq, hətta orta əsrlərdə farsca 'taş' sözündən olduğunu düşünmüşlər və belə sözlərdə 'daş' əvəzinə bəzən 'taş' (məsələn: 'qarıntaş' قرنتاش) yazılmasını da bu mülahizə ilə əlaqələndirməyə çalışmışlar. Əlbəttə, belə mülahizənin heç bir tarixi əsası yoxdur, çünki bu sözə Orxon-Yenisey abidələrində də rast gəlirik və o zaman şimal-şərqdə olan türkdilli xalqların dillərinə heç bir fars sözü keçə bilməzdi. Buna görə də güman etmək olar ki, türk dillərində işlənilən 'daş | taş' ünsürü orta əsrlərdə fars dilinə keçmiş və orada da həmin mənada bir köməkçi söz-şəkilçi kimi işlənilmişdir.

Bu şəkilçinin məzmununu diqqətlə izlədikdə aydın olur ki, əslində burada iki vahidin birləşməsi vardır: 'da' — 'ş'. Birinci ünsür məkan anlayışını ifadə edən bir şəkilçidir, daha doğrusu yerlik hal şəkilçisidir, ikinci ünsür isə ümumiyyətlə türk dillərində çox qədim zamanlardan "şəriklik, dostluq, yoldaşlıq" məfhumunu ifadə edən 'eş' sözünün əsas ünsürüdür. Buna görə də belə nəticə çıxarmaq olar ki, 'qardaş' sözü 'qarındaş' sözündən, bu isə 'qarın + da + eş', yəni "qarında ortaq, şərik olan şəxs" mənasına işlənilmiş ilkin ifadədən törəmiş bir sözdür. Hətta indi bu sözü hissələrə parçalamaq mümkün deyil və bu söz sadə sözlərdən sayılır; 'qarın' sözündən qalan 'qar' hissəsi və '-da' şəkilçisi ilə 'eş' sözünün birləşməsindən formalaşan 'daş' şəkilçisi bu sözün canlı, mənalı tərkib hissələri sayılmır. Buna görə də eyni əsasda formalaşmış 'daş' şəkilçisindən istifadə edərək 'yoldaş', 'vətəndaş', 'əməkdaş' sözlərini düzəldib işlədə bilsək də, belə sözləri düzəltmə sözlər kimi parçalaya bilsək də, 'qardaş' sözünü kök və şəkilçi kimi hissələrə ayıra bilmirik.

Deməli müasir azəri dilində işlənilən 'qardaş' sözü yerlik halında olan 'qarın-da' kəlməsi ilə "ortaq", "şərik" mənasını ifadə edən 'eş' kəlməsinin tərkibindən düzəlmiş və buna görə də, ilk dövrlər ümumi halda 'oğul qardaş', 'qız qardaş' ifadələrində olduğu kimi, bir anadan doğulanlar mənasına işlənilmişdir. Sonralar isə ancaq "bir anadan olan oğlanlar" mənasına 'qardaş' sözü, "bir anadan olan qızlar" mənasına isə 'bacı' sözü sabitləşmişdir.

(Товарищ). Yeri gəlmişkən, belə bir faktı da qeyd edək ki, 'eş' sözü təkcə 'daş' şəkilçisinin formalaşması üçün deyil, bir sıra başqa sözlərin də formalaşmasında istifadə olunmuşdur. Belə baxımdan müasir rus dilində çox geniş dairədə işlənilən 'товарищ' sözünün törənişini yada salmaq kifayətdir.

Rus dilində işlənilən 'товарищ' sözünün birinci hissəsi, yəni 'tovar' sözü qədimdən türk dillərində "mal”, "malikanə”, "əşya", hətta "qara mal" mənasına işlənilən 'tavar' | 'davar' sözündəndir; ikinci hissəsi, yəni 'iş' ünsürü türk dillərində qədimdən işlənilən 'eş' sözündəndir. Beləliklə aydın olur ki, bu sözlərin birləşməsi ilə "mal ortağı" mənasına işlənilmiş 'tovar + eş' ifadəsi tədricən müasir mənada rus dilindəki 'товарищ' sözü kimi formalaşmışdır[28].

(Oynaş). Müasir azəri dilində artıq mənfi bir mənada işlənilən 'oynaş' sözü də əslində "oyun yoldaşı" mənasına 'oyun' və 'eş' sözlərinin tərkibindən düzəldilmiş bir kəlmədir.

Bacanaq

Müasir azəri dilində qohumluq bildirmək üçün işlənilən sözlərdən biri də 'bacanaq' terminidir. Bu sözün mənası ilə birinci hissəsi arasında müəyyən yaxınlıq vardır. Belə ki, 'bacanaq' sözü "bacıların ərlərinin biri-birinə qohumluq münasibətini bildirən" termindir; yəni həmin kişilər bir-birini bacanaq kimi tanıyır, belə qohumluq isə onların arvadlarının bacı olmaları ilə əlaqədardır. Buna görə də heç bir çətinlik çəkmədən demək olar ki, 'bacanaq' sözünün birinci hissəsi 'bacı'-dır və bu sözün sonundakı 'ı' səsi dəyişikliyə uğramışdır. Bu dəyişikliyin mahiyyətini aydınlaşdırmaq üçün həmin sözün ikinci hissəsinin, yəni 'naq' yaxud 'anaq' ünsürünün hansı sözdən olduğunu tanımalıyıq.

(İnaq). Türk dillərində yazılmış mənbələri, bu dillərə dair lüğətləri diqqətlə nəzərdən keçirdikdə 'naq' ünsürünün izini də tapa bilirik. Belə zəngin mənbələrdən birisi də V. V. Radlovun "Türk ləhcələri sözlüyü təcrübəsi" adlanan çoxcildli lüğətidir. Bu lüğətdə cığatay dilində (yəni qədim özbək yazılı dilində) işlənilmiş olan 'inaq' sözünün mənaları haqqında verilmiş aşağıdakı məlumat diqqəti cəlb edir: "dost”, "yoldaş", "mötəbər şəxs", "məsləhətçi"[29].

Doğrudan da bu sözün həm quruluşunu, həm də mənalarını 'bacanaq' sözündə ifadə olunan məna ilə və bu sözün son hissəsindəki 'naq' ilə tutuşdurduqda qətiyyətlə belə bir nəticəyə gəlmək olur ki, 'bacanaq' sözünün ikinci hissəsini təşkil edən ünsür 'inaq' sözüdür və sonu 'ı' saiti ilə bitən 'bacı' sözünə 'ı' və ya 'i' saiti ilə başlanan 'inaq' | 'ınaq' sözü bitişdirildiyi üçün bu saitlərdən biri ixtisara düşmüş, qalan sait osmanlı türk dilində əslinə uyğun halda saxlanılmış (bax: Radlovun lüğəti, IV cild, 1523-cü səhifə, 'bacınaq'), azəri dilində isə ahəng qanununa tam uyğunlaşdırılaraq 'bacanaq' şəklində sabitləşdirilmişdir.

Deməli 'bacanaq' sözü ilk dövrlərdən "bacı dostu", "bacı yoldaşı", "bacılar vasitəsi ilə qohum" mənalarından birinə uyğun bir anlayışı ifadə etmək üçün ’bacı' və 'inaq' sözlərinin tərkibindən düzəldilmiş bir termindir.

Burada belə bir cəhəti də yada salmalıyıq ki, müasir azəri dilində işlənilən 'inanmaq' feili-məsdəri ilə və 'inam' ismi ilə 'inaq' sözü, çox güman ki, eyni kökdəndir; buna görə də 'inaq' sözü "mötəbər, inanılan şəxs" mənasına işlənilmişdir. Məhz belə bir mənada Dədə Qorqud dastanlarında "Qazan bəyin inağı" ifadəsində 'inaq' sözü işlənilmişdir. Bu söz orta əsrlərdə cığatay dilində, monqol dilində və ümumiyyətlə Orta Asiyada "vəzir", "bəy", "rəis" və b. k. inzibati-hərbi titullar kimi də işlənilmişdir[30].

Hoqqa

Müasir azəri dilində həm fonetik tərkibinə görə, həm də məna çalarlığına görə diqqəti cəlb edən sözlərdən biri də 'hoqqa'-dır.

Bu söz məqamından asılı olaraq "qayda", "qanun", "üsul", "oyun", hətta bəzən də "kələk" mənasında işlənir.

Mənaların doğuluşu və qohumluğu nöqteyi-nəzərindən yanaşdıqda, burada heç bir təəccüblü şey olmadığı aydınlaşır. Çünki insanların məişəti ilə əlaqədar olaraq əmələ gələn bir sıra hadisələr, hərəkətlər, məişət qaydaları qəbilə, tayfa daxilində bəzən dini ayin şəklini alır, bir müddət keçəndən sonra bu ayin bir oyuna və ya tayfa arasında bir adətə, ya da ənənəyə çevrilmiş olur. Buna görə də bu hadisələri bildirən sözlərin mənasında da belə inkişaf özünü göstərir (qanun → ayin → oyun). Belə məna inkişafını 'hoqqa' sözündə deyil, fars dilində işlənən 'baz' (باز) sözündə də aydın surətdə müşahidə etmək mümkündür.

(Hoqqabaz). Burada 'baz' sözünü nəzərdən keçirməyi bir də ona görə lazım bildik ki, bəziləri 'hoqqa' sözünü farsca zənn edir və öz iddialarını sübut etmək üçün 'hoqqabaz' (حقه باز) sözünü misal gətirirlər. Halbuki, bu adamlar ən kiçik bir cib lüğətini açıb baxsalar görərlər ki, 'baz' (باز), 'bazi' (بازى) "oyun" deməkdir. Deməli fars dilində eyni mənaya həm 'baz', həm də 'hoqqa' sözü işlənilir. İndiki dillərdə belə hallar ola bilər, lakin əvvəldə belə olmammş; bu sözlərdən biri bir tayfanın, digəri isə başqa tayfanın olmuşdur. Məhz 'hoqqa' sözü də fars dilinin öz sözü deyil, onun qonşuluğunda yaşamış olan Elam tayfasın dilində əsasən "qanun" mənasına işlənilmiş 'huqqu' sözünün müasir şəklidir. Bu söz Elam dilində olan mixi yazılarda "ayin", "qanun" mənalarında dəfələrlə işlənilmişdir. Məs., 'batur huqqu' ifadəsi "qanun üzrə" mənasında, 'haduq huqqu' ifadəsi isə "ayin kitabı" və yaxud "qanun kitabı" mənasına işlənilmişdir. Buradan tamamilə aydın olur ki, bu söz fars dilindən deyil, Elam dilindən dilimizə keçmiş bir sözdür və fars dilindən asılı olmadan müxtəlif məna çalarlığında indi də işlənir. Bəzən belə ola bilər ki, indiki bir dildə bir çox sinonim sözlər işlənilsin, lakin bu sinonimlərin bəzisi həmin xalqın təşəkkülündə iştirak edən bir qəbilənin, bir tayfanın dilinə mənsub olduğu kimi, bəzisi də tamamilə başqa bir xalqın dilinə mənsub olur. Hər iki halda əslən müxtəlif dillərə mənsub və eyni mənaya malik olmaqla bir dildə işlənən belə sözlər, hər dilin daxilində çox vaxt mənaca dəyişməli, azacıq da olsa fərqli mənalarda işlədilməli olur. Bəzən belə cinas sözlər birləşir və əvvəlki mənaya yaxın olan yeni bir məna bildirən mürəkkəb bir söz əmələ gətirir. Bela qovuşuq (hibrid) sözlər dilimizdə az deyildir. Eyni mənaya malik olan 'yığ' və ərəbcə 'cəm' (جمع) sözlərinin qovuşmasından 'yığcam' sözünün; 'uzun' sözü ilə farsca 'draz' (دراز) sözünün qovuşmasından 'uzundraz' sözünün düzəldiyini kim inkar edə bilər?

Məhz belə bir qovuşma nəticəsində farscada 'hoqqabaz' sözü törədiyi kimi, azəri dilində də 'oyunbaz' sözü yaranmışdır. Fikrimizcə 'oyunbaz' nə isə, 'hoqqabaz' da odur; birincisi, yəni 'oyunbaz' sözü türk dillərinin çoxunda işlənilən 'oyun' sözü ilə eyni mənaya yeni fars dilində işlənən 'baz' sözünün qovuşmasından, ikincisi, yəni 'hoqqabaz' Elam sözü 'hoqqa' ilə eyni mənaya işlənən farsi 'baz' sözünün qovuşmasından əmələ gəlmişdir.

Manat

Müasir azəri dilində geniş dairədə işlənilən və qədim azərilərlə, daha doğrusu midiyalılarla əlaqədar izi saxlayan sözlərdən biri da 'manat'-dır. Bu söz indi həm şərq dillərində, həm də qərb dillərində müxtəlif fonetik variantlarda işlənir. Bu isə məhz bu sözün çox qədim zamandan yayılmış olduğuna dəlalət edir. Axtarış nəticəsində məlum olmuşdur ki, 'monat' sözü Bistun qayalarında yazılmış mixi yazıların ikinci qolunda, yəni Elam dilindəki yazılarda "vergi”, "xərac" mənasını ifadə edən bir ictimai termin kimi işlənilmişdir. Bunu aşağıdakı cümlədə daha konkret halda görə bilirik:

«Mannatmas hunena qutis», yəni "xərac mənə verirdilər", daha doğrusu "mənə xərac verirdilər"[31].

Buradakı 'mannatmas' sözünün əsası 'mannat'-dır və buna bitişmiş -'mas' şəkilçisi isə feildən isim düzəldən bir şəkilçidir. Bu sözün "vergi", "xərac" mənasına işlənildiyini həmin cümlənin parsi variantında ("mana bajim abaranta" cümləsində) 'mannatmas' əvəzinə 'bajim' sözünün işlənilməsi də təsdiq edir[32]. Buradakı 'bajim' sözünün əsası olan 'baj' | 'bac' sözü fars dilində və buradan keçərək azəri dilində məhz "vergi", "xərac" mənasına işlənilmişdir. Bu cəhətdən Füzulinin aşağıdakı beytində 'bac' və 'xərac' sözlərinin sinonim kimi işlənilməsi də diqqəti cəlb edir:

Səbzə gülə verdi müşk bacın,

Gül səbzəyə mülkün xəracın[33].

Beləliklə aydın olur ki, ilk dövrlərdən Elam dilində 'mannat' sözü, pars dilində 'baj' sözü "vergi", "xərac" mənasına işlənilmişdir.

Bəs 'mannat' sözü həm mənaca, həm də formaca dəyişilərək indiki 'manat' sözünə necə çevrilmişdir?

Bu suala cavab vermək üçün bir qədər ekskursiya lazımdır. İnsan cəmiyyətinin tarixindən belə məlumdur ki, hələ pul ixtira edilənə qədər ilk sinifli cəmiyyətdə vergi (xərac, bac) müxtəlif əşya, heyvan, hətta insan (qul və s.) ilə ödənilirdi və belə verginin hamısı isə bir sözlə 'bac', 'mannat' adlanırdı. Lakin pul ixtira ediləndən sonra, yəqin ki, vergi, xərac, bac öz maddi qiymətini, öz təzahür şəklini dəyişməli olmuşdur; belə ki, vergi, xərac daha qul ilə, məhsul və ya başqa əşya ilə deyil, bunların dəyərini əvəz edən müəyyən vasitə ilə, yəni pul ilə ödənilmişdir. İş burasındadır ki, pul ilə olsa da, öz mahiyyəti etibarilə bu yenə vergidir, xəracdır, bac və ya mannatdır. Daha doğrusu belə halda təzahür vasitəsi dəyişmiş olur, lakin bu və ya digər əşyanın ictimai qiyməti, vəzifəsi dəyişməmiş qaldığı üçün, eyni məqsədlə əvvəl istifadə olunan vasitənin, əşyanın adı, həmin məqsədlə istifadə etmək üçün sonradan meydana çıxmış olan, ixtira edilmiş predmetə, vasitəyə verilir; daha doğrusu ad köçürülür.

Daha aydın olmaq üçün 'tüfəng' və 'ox' sözlərini nəzərdən keçirək.

Bu gün müharibə meydanında ən çox insan öldürməkdən ötrü istifadə olunan müxtəlif növlü tüfənglər üçün işlənilən bu ad, yəni 'tüfəng' sözü, əvvəllər, M. Kaşğarinin verdiyi məlumata görə, ancaq quş atmağa məxsus, qamışdan və ya boru kimi içi çıxarılmış söyüd ağacından qayrılma bir silahın adı olmuşdur[34]. Deməli 'tüfəng' o dövrdə dəmirdən, poladdan və ya başqa metaldan qayrılmış bir yaraq deyil, sadəcə qamış və ya ağaçdan qayrılmış bir yaraq adı kimi işlənmişdir. Lakin sonradan ixtira olunan və yəqin ki, ilk növbədə heyvanlarla mübarizə üçün işlənilən yeni metal tüfəng qamış tüfəngi əvəz etmiş və buna görə də, əvvəlki yarağın adı əvəzedici yeni yarağın adına çevrilmişdir.

Eyni yol ilə 'ox' sözünün də köçürüldüyünü görürük. Ümumiyyətlə 'ox' adlanan alət ilk dövrlərdə ucu şiş qarğı ya ağacdan ibarət bir silah olmuş, sonralar ucuna dəmrən, yəni şiş dəmir bitişdirilmiş, və dəmrənli bu silah yenə də ümumi şəkildə 'ox' adlanmış. Nəhayət, 'ox' tamamilə istemaldan düşmüş; 'yay', 'ox' adlanan bu yaraqlar 'tüfəng' və 'güllə' ilə əvəz olunmuş, bu zaman türk xalqlarından oyrot və şorlar 'ox' sözünü "güllə" mənasına işlətməyə başlamışlar, yəni 'ox' adını oxu əvəzedici yeni vasitəyə vermişlər.

Deməli vəzifəcə əvvəlki əşyanı, aləti əvəz edən sonrakı əşyaya, alətə əvəz olunan əvvəlki əşyanın adı verilir. Buna görə də "vergi", "bac" mənasına Elam yazılarında işlənmiş olan 'mannat' sözünün pul ixtira ediləndən sonra pulla ödənilən vergini bildirən və buradan da pulu bildirən bir söz kimi işlənilməsi tamamilə qanuni və təbiidir. Nəhayət, belə konkretləşmə nəticəsində əvvəllər "ümumiyyətlə pul" mənasına işlənilmiş olan 'manat' sözü sonralar pulun müəyyən vahidinin adına çevrilmişdir. Buradan aydın olur ki, dilimizdəki 'manat' sözü 'monet' sözündən deyil, bəlkə əksinə 'monet' sözü 'manat', daha doğrusu Elam yazılarında işlənilən 'mannat' sözündəndir.

Elə buna görə də bu söz ilk dəfə ərəb əlifbası əsasında yazılarkən Avropa yazılarına uyuşdurularaq مونه ت، مُنت، مونت (monet) kimi deyil, əslinə uyğun olaraq منات (manat) yazılmışdır.

Bu sözü Roma ilahəsi 'Yuno'-nun ləqəbi 'Moneta' sözü ilə əlaqələndirmək sadəcə Antik dünya əfsanələrindən irəli gələn bir nəticədir. Sözün həqiqi mənasına əsaslanaraq əksinə düşünmək daha doğru olar, çünki latınca 'monitio', 'monitum' şəklində "xatırlayıcı", "saqındırıcı" mənalarında işlənən bu sözlər mənaca və fonetik qabığına görə 'mannat' sözünün izini saxlayan sözlərlə bağlıdır. Bu mənalar isə "qadağan etmək", "cərimələmək", "bac almaq" mənaları ilə qohumdur. Buna görə də düşünmək olar ki, romalılar bu sözü ya elamlardan, ya midiyalılardan, ya da onlarla əlaqədar olan başqa tayfalardan, çox ehtimal ki, assurilərdən alaraq öz allahlarından birisinə ləqəb verməklə bərabər, qohum mənalarda və müxtəlif şəkillərdə işlətmişlər. Buradan da bu söz bütün Avropa xalqlarının dillərinə yayılmışdır.

Загрузка...