BİR NEÇƏ FEİL HAQQINDA

***

Azəri dili feillər sisteminə görə zəngin dillərdən biridir. Azəri dilində müxtəlif iş, hərəkət, hadisə və s. proseslərin ifadəsi üçün kifayət qədər söz və bu sözləri müxtəlif məna çalarlığında formalaşdıran vasitələr də vardır. Diqqətlə yoxladıqda aydın olur ki, varlıqlarla əlaqədar olan bu və ya digər işi, hərəkəti, hadisəni ifadə edən feillər və bunların morfoloji vahidləri müvafiq anlayışları ifadə edən isimlərlə, xüsusən konkret varlıqların adları ilə bağlıdır və bunlardan bir çoxu hətta konkret varlıqları ifadə edən isimlərdən düzəldilmişdir. Belə feillərin bir qismini (dişlə, başla, gözlə, dağla...) düzəltmə sözlər kimi kök və şəkilçilərə ayırmaq, hətta hansı sözdən düzəldiyini müəyyənləşdirmək üçün xüsusi axtarış-tədqiqat lazım gəlmir. Lakin belə feillərin bir qismi çox qədim zamanlarda formalaşdığından, bir qismi isə vaxtilə canlı, lakin indi işlənilməyən, ölmüş sayılan sözlərlə əlaqədar olduğundan, belə feillərin hansı əsldən törədiyini aydınlaşdırmaq üçün xüsusi tədqiqat işi aparmaq lazım gəlir. Müasir azəri dilində də belə feillər az deyildir, lakin biz hələlik bunların bir neçəsindən bəhs edəcəyik.

Qarpmaq

Müasir azəri dilində və müasir türk dillərinin bir qismində işlənilən məhsuldar feillərdən biri də 'qarpmaq' məsdərinin əsasını təşkil edən 'qarp' sözüdür.

Bu sözün necə və hansı əsldən — sözdən törədiyini aydınlaşdırmaq üçün müxtəlif üsullardan istifadə olunur ki, bunlardan ən mötəbəri məzmun və forma vəhdəti əsasında yoxlama üsuludur. Buna görə də əvvəlcə 'qarp-maq' sözünün və bu söz əsasında formalaşmış sözlərin mənalarını, məna çalarlıqlarını nəzərdən keçirmək zəruridir.

Müasir azəri dilində işlənilən 'qarpmaq', 'qapmaq', 'qapışmaq', 'qarpışdırmaq', 'qarmaşmaq' sözlərini və eləcə də 'qarmalamaq', 'qamarlamaq' kimi başqa fonetik variantda formalaşdırılmış sözlərin mənasını nəzərdən keçirdikdə, belə bir fakt diqqəti xüsusilə cəlb edir ki, bu sözlərin hamısının mənasında əl ilə əlaqədar, hətta əllərin iştirakı ilə bağlı olan iş, hadisə, hərəkət — ümumən proses ifadə olunur. Bu haqda daha aydın təsəvvürə malik olmaq üçün "Azərbaycan dilinin izahlı lüğətində" bu sözlərdən bəzilərinə dair verilmiş izahatı nəzərdən keçirək:

'Qarpmaq' | 'qapmaq' — "Birdən əlini uzadıb cəld götürmək" (s. 425, 444).

'Qarpışmaq' — "Tutuşmaq, dalaşmaq, vuruşmaq" (s. 444).

'Qarmalamaq' — "Tez-tələsik tutub götürmək, qapmaq, yapışmaq, tutuşmaq, qamarlamaq" (s. 442).

'Qamarlamaq' — "... əlləri ilə şeydən bərk-bərk yapışmaq" (s. 410).

'Qamarlamaq' — "Tez-tələsik iki əlli götürülmək..." (s. 442).

'Qapışdırmaq' — "... bir-birinin əlindən qapıb almaq..." (s. 425).

Belə nümunələri başqa lüğətlərdən də köçürmək olar, lakin biz ancaq V. V. Radlovun lüğətindən aşağıdakı sözlərə dair müxtəsər izahatı buraya köçürməklə kifayətlənirik.

'Qapmaq' — "хватать, брать руками" (tutmaq, əllərlə götürmək), II c., s. 403.

'Karmala' — "... шарить руками, ощупывать" (əl ilə yoxlamaq, əlləşdirmək), II c., s. 218.

Belə faktların sayı artdıqca 'qarp' sözünün bu və ya digər bədən üzvü adı əsasında formalaşan feillərdən olması, daha doğrusu "əl" mənasını ifadə edən bir sözdən törəmiş feil olması gümanı daha da inandırıcı mahiyyət kəsb edir. Buna görə də məzmun meyarı baxımından bu ehtimalın doğruluğunu təsdiq etmək üçün həmin sözlərin mənalarını və məna çalarlıqlarını qənaətləndirici hesab etmək olar.

Bəs bu məzmunu ifadə edən belə bir sözə formaca da müvafiq olan bir dil vahidinin izini saxlayan faktlar varmı, əgər varsa, hansılardır?

Axtarışı genişləndirdikcə, dərinləşdirdikcə belə izləri özündə saxlayan bir sıra sözlərlə də rastlaşmaq olur.

Belə izləri tapmaq üçün biz yenə V. V. Radlovun lüğətini vərəqləyək:

'Qar' (qırğız, kaşğar dillərində) — "верхняя часть руки" (əlin yuxarı hissəsi), II. c., s. 132.

'Qarağ' (cığataycada قاراغ) — "руки, локоть" (əl, dirsək), II c., s. 150.

'Qaraca' (osmanlıcada قراجه) — "верхняя часть руки" (əlin yuxarı hissəsi), II. c., s. 162.

('Qarış'). Bunlardan başqa həm azəri dilində, həm də bir sıra türk dillərində[53] "açıq əlin baş barmağı ucundan çəçələ barmağın ucuna qədər olan məsafə”[54], daha doğrusu "əl uzunu" anlayışını ifadə edən bir ölçü adı kimi işlənilən 'qarış' ('karıs') sözünü də bu faktlar sırasına əlavə etmək lazımdır.

Diqqətlə nəzərdən keçirdikdə belə nəticəyə gəlmək olur ki, 'qarış' sözünün də əsası "əl" mənasını ifadə edən 'qar' sözüdür. Bunu "əl" mənasına monqol dilində 'qar' (və ya 'ğar')[55], uyğur dilində 'karı' sözünün[56], cığatay dilində isə 'qarış' əvəzinə 'karı' və 'qarşılamaq' əvəzinə 'krılamaq'[57] sözünün işlənilməsi də təsdiq edir.

'Qar' sözünə bitişdirilən 'ş' isə "boy", "uzunluq", "qədər", "miqdar" məfhumlarından birini bildirən bir söz və ya şəkilçinin qalığıdır. Həmin sözün mənası da bu ehtimalı təsdiq edir. Əlbəttə, "-ış" ünsürünün hansı əsldən olduğunu daha dəqiq surətdə müəyyənləşdirmək üçün tədqiqat işini davam etdirmək zəruridir. Beləliklə aydın olur ki, 'qar' sözü ya qədim Ural-Altay ailəsinə mənsub dillərdən birində, ya da onunla müxtəlif tarixi şəraitdə əlaqədar olan başqa bir dildə məhz "əl" mənasına işlənilmiş bir sözün izidir.

Bizim bu ehtimalımızı daha da qüvvətləndirən izlərdən biri də məhz 'qarp' sözündəki 'p'-dir.

Bundan əvvəlki bəhslərdə 'qaspi' və 'qulp' sözləri ilə əlaqədar olaraq verilmiş məlumatda '-pi' ünsürünün Elam dilində cəm şəkilçisi olduğu, 'qar' | 'qur' sözünün isə 'əl' mənasına işlənilən bir söz olduğu aydınlaşdırıldığı üçün, burada əlavə izahat verməyi lazım bilmirik. Məhz həmin dəlillərə və yuxarıda nümayiş etdirdiyimiz digər faktlara əsasən belə nəticəyə gəlirik ki, 'qarp' sözü 'qar' və 'pi' hissələrindən ibarət olaraq əslində "əllər" mənasına formalaşıb işlənilmiş bir sözdəndir. Elə buna görə də 'qarpmaq', 'qapışmaq', 'qarpışdırmaq' sözlərinin mənasında əsasən bir əl ilə deyil, iki əl ilə, daha doğrusu "əllərin aktiv iştirakı ilə baş verən proses" ifadə olunur. Deməli ilk dövrlərdə "əl" mənasına işlənilən 'qar' sözü cəm şəkilçisi ilə 'qarpi' şəklində işlənilmiş, sonralar isə axırdakı 'i' saiti düşərək 'qarp' sözü formalaşmış, buradan da bəzən 'p', bəzən 'r' düşərək 'qapmaq', 'qapışmaq', 'qarmalamaq', 'qarmalaşmaq' kimi bir sıra feillər düzəldilmişdir. Əslində bunlar 'qarp' və 'qar' kökünə türk dillərinə məxsus olan şəkilçilərin bitişdirilməsi ilə formalaşmış sözlərdir.

Qaşımaq

Türk dillərinin bir qismində, xususən azəri dilində işlənilən 'qaşımaq' feili də əməliyyatda istifadə olunan əsas vasitənin adından törəmə sözlərdəndir. Lakin bu söz də, demək olar ki, əslini itirmiş və həm mənaca, həm də fonetik tərkibcə müasir azəri dilində işlənilən heç bir söz kökü ilə doğrudan-doğruya bağlanmayan sözlərdəndir. Buna görə də 'qaşımaq' sözünün əslini tapmaq, hansı sözdən törədiyini müəyyənləşdirmək üçün bunun əsas və əlavə mənalarını, fonetik qabığını-quruluşunu qanunauyğunluqlar əsasında, müxtəsər də olsa, izləmək zəruridir.

XI əsrin dilçisi M. Kaşğarinin "Divan"-ında 'qaşıdı', 'qaşıttı', 'qaşımaq', 'qaşıtmaq', 'qaşıtur' kimi müxtəlif şəkillərdə 'qaşı' feilinin nümunələri verilmişdir. Bu nümunələrin izahından — ərəbcə tərcüməsindən aydın olur ki, bu söz əsasən müasir azəri dilindəki mənada işlənilmişdir[58]. V. V. Radlovun lüğətində bu sözün mənasını izah etmək üçün verilmiş məlumat diqqəti daha çox cəlb edir. Belə ki, burada həmin sözün bir sıra variantları ilə əlaqədar olaraq məna çalarlıqlarına dair də çox maraqlı faktlar verilmişdir. Bu cəhətdən 'qaşınmaq', 'qaşımaq' sözlərinin izahına əlavə edilmiş aşağıdakı nümunələr maraqlıdır.

«Qaşınacaq dırnaq istər», «dırnaq ilə xarumal etmək» (II c., səh. 394).

İndi də "Azərbaycan dilinin izahlı lüğəti"-ndə 'qaşımaq' sözünün izahını nəzərdən keçirək:

«Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dırnaqlamaq»[59].

Buradan aydın olur ki, qaşımaq işi əl ilə, daha doğrusu əlin barmaqları və barmaqların ucundakı dırnaqlarla aparılan bir əməliyyatdır. Buna görə də düşünmək olar ki, 'dillənmək' sözü 'dil' əsasında, 'gözləmək' sözü 'göz' əsasında yaradıldığı kimi 'qaşımaq' sözü də barmaq və ya 'dırnaq' mənasına işlənilən 'qaş' | 'qoş' kimi fonetik tərkibə malik bir söz əsasında formalaşmışdır.

İndi belə bir sözü axtaraq.

Saylardan bəhs edərkən göstərildiyi kimi 'l | ş' əvəzlənmə qanunu əsasında yoxladıqda belə nəticəyə gəlmək olur ki, 'qaş' | 'qoş' əvəzinə 'qal' | 'qol' variantı da ola bilər. Bu faktı yalnız formaca deyil, məzmunca da yoxladıqda məsələ aydınlaşmış olur. Yəni məntiqi surətdə gəldiyimiz nəticəni dil faktları da təsdiq edir ki, 'ş' qrupuna mənsub dillərdə vaxtilə "qol”, "əl" mənasına 'qaş' sözü işlənilmiş və buradan da əlin müəyyən hissəsini, xüsusən 'qaşımaq' prosesində əsas vasitə kimi istifadə olunan "barmaq" mənasına işlənilən bir sözə çevrilmişdir. "Əl" mənasına işlənilən bir sözdən "barmaq" mənasını ifadə edən sözün formalaşmasının qanuni olduğunu monqol dilində "əl" mənasına işlənilən 'qar' | 'ğar' əsasında "barmaq" mənasına işlənilən 'qurun' | 'qurğan' sözünün düzəldilməsi faktı da təsdiq edir.

Nəhayət, bu mülahizəmizi təsdiq edən faktlardan biri də budur ki, 'qaş' sözü məhz "barmaq" və "dırnaq" mənalarını ifadə edən bir isim kimi Azərbaycanın qədim tayfalarından — albanlardan olan udinlərin dilində saxlanılmışdır.

Beləliklə aydın olur ki, 'qaşımaq' sözü, lüğətlərdə də izah edildiyi kimi, "dırnaqlamaq" prosesini ifadə etmək üçün "barmaq”, "dırnaq" mənasına işlənilən 'qaş' sözü ilə "proses" məfhumunu ifadə edən '-ı | -i | -a' şəkilçisindən (yaş — yaş + a + maq, yer — yer + i + mək, zar — zar + ı + maq, turş — turş + u + maq sözləri kimi) düzəldilmiş bir sözdür.

Qalamaq

Müasir azəri dilində 'qalamaq' feili iki əsas mənada və müxtəlif məna çalarlığında işlənilən omonim tipli sözlərdəndir. Bu söz bir çox lüğətdə, bu cümlədən "Опыт словаря тюркских наречий" (II c., səh. 225) və "Azərbaycan dilinin izahlı lüğəti" (I c., səh. 404) adlı lüğətlərdə izah edildiyi kimi "bir-biri üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq" və "yandırmaq, alovlandırmaq, odlamaq, alışdırmaq" mənalarında işlənilir. Mənalardan da aydınca görünür ki, burada bir söz yox, iki omonim söz vardır. Buna görə də qabaqcadan demək olar ki, bu sözlər müxtəlif mənşəlidir.

Bu sözün "qalaq-qalaq yığmaq" mənasında işlənilməsindən aydınca görünür ki, 'qalaqlamaq' sözündən müxtəsərləşmə yolu ilə əsasən həmin mənada 'qalamaq' sözü formalaşmışdır. Biz burada 'qalamaq' sözünün "qalaqlamaq" mənasında işlənilməsini və bunun əsasını təşkil edən 'qalaq' sözünün haradan, hansı ilkin mənada işlənilmiş sözdən törədiyini aydınlaşdırmaq fikrində deyilik; bu işi gələcəyə saxlayırıq.

Burada "yandırmaq", "odlamaq" mənasına işlənilən 'qalamaq' sözünün əslini müəyyənləşdirmək niyyətindəyik. Bununçün isə, yenə yuxarıda qeyd etdiyimiz prinsiplə, məna-forma uyğunluğunu və 'qalamaq' feilində ifadə olunan prosesin əsasən hansı əşya ilə bağlılığını nəzərə almaq prinsipi ilə, bu sözü yoxlamalıyıq.

Lüğətlərdə bu sözün mənasına dair verilmiş izahatdan aydınlaşır ki, 'qalamaq' feilində ifadə olunan proses "od ilə, atəş ilə" əlaqədar surətdə baş verən, törəyən bir prosesdir. Buna görə də 'qalamaq' sözü "odlamaq" anlayışına tam uyğun gəlir və belə bir prosesi, demək olar ki, təsviri şəkildə ifadə edir. Buradan isə belə nəticə çıxarmaq olar ki, 'qalamaq' sözü dilimizdəki 'od' ismi əsasında düzəltdiyimiz 'odlamaq' sözünün tərcüməsidir. Lakin bu tərcümədəki şəkilçi dilimizin özünə məxsus və 'odlamaq' sözündə də işlənilmiş '-lamaq' şəkilçisidir.

Buna görə də 'qalamaq' sözünün ikinci hissəsi haqqında bəhs etməyi lazım bilmirik.

Bəs bu sözün əsası kimi ilk hissəni təşkil edən 'qa' hansı dildə "od" mənasına işlənilmiş bir sözdür və nə münasibətlə türk dillərinə, bu cümlədən azəri dilinə bu söz gətirilmişdir?

Yoxlama nəticəsində aydın olur ki, bu sözün əsası monqol dilində "od" mənasına işlənilən 'qal' | 'ğal' sözüdür[60]. Belə görünür ki, 'od-la-maq' sözündə olduğu kimi bu söz də əvvəllər həmin mənada 'qal-la-maq' şəklində formalaşmış, lakin burada iki 'l' yanaşı gəldiyindən tələffüzdə yüngülləşmə — asanlıq tələbatına uyuşaraq bir 'l' ixtisara düşmüşdür; beləliklə də 'qallamaq' sözü 'qalamaq' şəklində və "odla" mənasına, "qalla" sözü də 'qala' şəklində sabitləşmişdir.

İlk baxışda belə bir sual da verilə bilər ki, 'qalamaq' sözü "odlamaq" mənasını ifadə edirsə, bəs nə üçun 'od qalamaq' ifadəsi işlənir?

Bunun iki səbəbi var: birincisi budur ki, müasir dövrdə 'qalamaq' sözünün birinci hissəsini təşkil edən 'qal' kökünün "od" demək olduğunu heç kəs bilmir; ikincisi budur ki, bizim dilimizdə belə qoşalıq müstəsna hal olmadığı kimi, qeyri-qanuni də sayılmır. Bununçün Dədə Qorqud dastanlarında işlənilmiş "av avladı, quş quşladı" ifadələrini və müasir dilimizdə işlənilən 'ot otlayır', 'su sulayır', 'yazı yazır' kimi ifadələri yada salmaq kifayətdir.

(Manqal), (Tonqal). Burada 'qal' sözünün "od" demək olduğunu bildikdə xüsusən dilimizdə indi də işlənilən iki söz yada düşür: 'manqal', 'tonqal'.

Birinci söz — 'manqal' — od saxlamaq üçün dəmirdən, misdən düzəldilmiş bir qabın adıdır. İkinci söz — 'tonqal' — həyətdə, meydanda, çöldə, düzənlikdə, ümumən açıqlıqda odlanmış ağac, taxta, çirpi, quru ot yığımından ibarət kuma-toplantı mənasına işlənilən bir sözdür.

Hər iki sözün mənasında "od" ilə əlaqədar anlayış olduğundan, tərəddüd etmədən deyə bilirik ki, bu sözlərin ikinci hissəsini təşkil edən 'qal' ünsürü monqolca "od" mənasına işlənilən 'qal' sözüdür. Bu sözlərin birinci hissəsini təşkil edən 'man' və 'ton' ünsürlərinin hansı sözlərdən olduğunu isə tədqiqat göstərəcəkdir.

Batmaq

Fellərin bir qismi də işin, hadisənin məkanına görə əlamətlənir, daha doğrusu, hansı məkanda, nə cür şəraitdə baş verən işi, hadisəni ifadə edir. Məhz buna görə də belə feillərin, demək olar ki, əksəriyyəti "yer", "məkan", "şərait" anlayışları ilə əlaqədar adlardan, isimlərdən düzəldilmiş olur.

Müasir azəri dilində belə feillərin bir qisminin hansı isimdən düzəldiyini müəyyənləşdirmək üçün xüsusi tədqiqat lazım gəlmir, çünki belə feillərin əsasını təşkil edən isimlər də canlı və işləkdir.

Məsələn, 'üzmək' "suyun üzü" mənasına olaraq 'üz' ismindən, 'yerləşmək' feilinin 'yer' ismindən, 'quyulamaq' feilinin 'quyu' ismindən düzəldiyi hamı üçün aydındır. Lakin dilimizdə elə feillər də var ki, bunların məkan anlayışını ifadə edən hansı isimdən düzəldilmiş olduğunu aydınlaşdırmaq üçün az-çox tədqiqat aparmaq lazımdır.

Belə sözlərdən birisi də müasir azəri dilində çox müxtəlif məna çalarlıqlarında işlənilən 'batmaq' feilidir.

Ümumiyyətlə ilk türkdilli yazılı mənbələrdən və sonrakı bir sıra lüğətlərdən belə məlum olur ki, 'batmaq' feili hər hansı bir əşyanın "alta düşməsi", "içəri girməsi", "arxaya, dala keçməsi", "itməsi", "dibə düşməsi", "cumması", "çökməsi", "çuxura düşməsi", "torpağın, palçığın altına düşməsi", "yerə girməsi", "gözdən itməsi"... kimi anlayışları ifadə etmək üçün işlənir[61].

Bunlardan başqa, 'batmaq' sözü xüsusən müxtəlif ifadələrdə müxtəlif məcazi mənalarda da işlənir. Həmin kökdən düzəldilmiş 'batqı', 'batqın', 'bataq', 'batıq', 'batı' və s. kimi sözləri də nəzərə aldıqda, aydın olur ki, hazırda bir sıra türk dillərində də məhsuldar bir söz kimi işlənilən 'batmaq' feilinin ilkin əsas mənası "alt", "aşağı" məfhumu ilə bağlı olmuş və 'batmaq' feili həmin məkan məfhumu ifadə edən ilkin bir isimdən törəmişdir.

Bu mülahizəni təsdiq edən fakt isə eramızdan əvvəllər bizim babalarımızla qonşuluqda, həm də çox qaynayıb-qarışmış halda yaşamış olan Elam tayfasının dilində "alt" mənasına 'batur' | 'batır' sözünün işlənilmiş olmasıdır. Bunu biz Bistun qayalarında mixi yazılarla yeni elam dilində yazılmış aşağıdakı cümlədə aydınca müşahidə edirik: «Batur huqqu hupogit», yəni "qanun altına aldım".

Bu cümlə quruluşca ruscaya uyğun halda kəlmə-kəlmə tərcümə edildikdə "под законом управлял" cümləsi alınır. Bu cümlənin həm azəricə, həm də rusca tərcüməsindən aydınca görünür ki, bu cümlədəki 'batur huqqu' ibarəsi "qanun altında", "под законом" mənasını ifadə edən söz birləşməsidir ki, buradakı 'batur' sözü azəricə "alt", rusca "под" mənasına, "huqqu" sözü isə yuxarıda "hoqqa" sözü ilə əlaqədar olaraq izah etdiyimiz kimi "qanun" mənasına işlənilmişdir.

Burada belə bir cəhəti də qeyd etmək lazımdır ki, 'batur' sözünün əsli 'bat' olmuş, '-ur' isə hal və tərkib şəkilçisi kimi artırılmışdır.

Beləliklə aydın olur ki, ümumən türk dillərində, bu cümlədən azəri dilində ilk dövrlərdən işlənilən 'batmaq' feili çox qədim zamanlardan "alt" mənasına işlənilmiş olan "batur" ismi əsasında formalaşmış sözlərdən biridir.

Загрузка...