Müasir azəri dilində xüsusi isimlər halında işlənilən yer adları çox rəngarəngdir. Belə adlardan bir qisminin hansı mənanı ifadə edən sözlər əsasında formalaşdığını xüsusi olaraq araşdırmaq lazım gəlmir: məs., 'Göygöl', 'İstisu', 'Çuxuryurd', 'Təzəkənd' və s. Lakin bir sıra yer adları da var ki, bunların ya qismən, ya bütövlüklə hansı mənada, hansı sözdən düzəldiyini başa düşmək üçün az-çox axtarış lazım gəlir. Doğrudur, bəzi yer adlarının törənişini aydınlaşdırmaq üçün axtarışı dərinləşdirməyə o qədər də ehtiyac olmur: məs., 'Lökbatan' yer adının mənasını aydınlaşdırmaq üçün 'lök' sözünün vaxtilə "dəvə" mənasına işlənilmiş bir söz olduğunu bilmək kifayət edir və belə nəticəyə gələ bilərik ki, bu yerlər bataqlıq olduğundan həmin sahədə bir məkan 'Ceyranbatan' adlandığı kimi, digər məkan da "dəvə batan yer" mənasına 'Lökbatan' adlanmış. Lakin yer adlarından bəzisinin törənişini müəyyənləşdirmək üçün çox gərgin və dərin axtarış tələb olunur: məs., 'Azərbaycan', 'Alban', 'Midiya' kimi adlar bu qəbildəndir.
Qeyd etməliyik ki, belə yer adları bu və ya digər şəkildə qədim dövrlərin tarixi hadisələri ilə, qəbilə və tayfa adları ilə də əlaqədardır. Buna görə də yer adlarının tədqiqi ilə yanaşı bir sıra qəbilə və tayfa adlarının da öyrənilməsi zəruri olur. Doğrudan da Azərbaycanda bir sıra yer adları var ki, bunlar qədim tayfa adları əsasında formalaşmışdır: məs., 'Xaldan', 'Gilan', 'Qıpcaq' və. s.
Ümumiyyətlə tədqiqat göstərir ki, yer adları ilə qəbilə, tayfa və xalq adlarının formalaşmasında qarşılıqlılıq üsulundan həmişə istifadə olunmuş və hətta indi də bu üsul əsasında belə adlar yaradılır. Məsələn, müasir azəri dilində işlənilən 'Ermənistan', 'Gürcüstan' kimi yer-ölkə adları 'erməni', 'gürcü' xalq adları əsasında formalaşdırılmışdır; beləcə də 'Ukraina' əsasında xalq adını bildirən 'ukrainalı' və 'ukrainalılar' sözləri yaradılmışdır.
Müasir azəri dilində işlənilən yer adlarını nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olur ki, bu adlar əksərən aşağıdakı əsaslarda düzəldilmişdir.
1. Coğrafi-təsviri əsasda: 'Qaradağlı', 'Uzunoba', 'Ağdərə', 'Çuxuryurd', 'Üçtəpə'...
2. Tayfa, xalq adı əsasında: 'Xaldan', 'Qıpcaq', 'Bayat', 'Cığatay'...
3. Şəxs və nəsl adı əsasında; 'Məlikkənd', 'Soltanlı', 'Qarqullar'...
4. Məhsula, təsərrüfata görə: 'Dəvəçi', 'Dəmirçi', 'Çaxırlı', 'Zəylik'...
5. Məkanla əlaqədar əlamətdar bir hadisə və xüsusiyyətə görə: 'Lökbatan', 'Ağköynək', 'Qızılağac', 'Qılıclı', 'Sarıbaş'...
Əlbəttə, daha başqa əsaslarda düzəldilmiş yer adları da vardır, lakin biz burada ən çox istifadə olunan üsulları — əsasları qeyd etməklə kifayətlənirik.
Beləliklə aydın olur ki, dilimizdə işlənilən yer və tayfa adlarının törənişi, məna xüsusiyyətləri, quruluşu kimi maraqlı məsələlər ciddi axtarış tələb edən tədqiqat mövzularıdır.
Biz burada hələlik ancaq bir neçə yer adından bəhs edəcəyik.
Tarixi sənədlərdən belə məlum olur ki, 'Azərbaycan' (Aturpatkan) sözü hələ eramızdan əvvəl dördüncü əsrdə bir ölkə adı kimi işlənilmişdir. Hətta bu adı Herodot 'Atrapaten' şəklində qeyd etmişdir. Buna görə də bu sözü sonralar yaranmış bir söz kimi tanıyanlar, əlbəttə, səhv edirlər.
Lakin bu sözün əslinə oxşamayacaq dərəcədə dəyişməsi və bu gün işlətdiyimiz 'Azərbaycan' şəklinə düşməsi, müxtəlif dillərdə, müxtəlif şəkildə yazılması, bu sözün mənşəyi haqqında da müxtəlif fikirlərin doğmasına imkan vermişdir.
'Azərbaycan' sözü indiyə qədər müxtəlif tarixi mənbə və sənədlərdə, başlıca olaraq, aşağıdakı şəkillərdə — sövti tərkibdə yazılmışdır:
Yunan mənbələrində — Atropatene;
Qədim erməni mənbələrində — Atırpatakan;
Qədim gürcü mənbələrində — Adrabadaqani;
Qədim fars mənbələrində — Adzarbadagan;
Qədim ərəb və yeni fars mənbələrində — Adzərbaygan, Adzərbaycan;
Yeni erməni dilində — Atırbaykan.
Bunlardan fərqli olaraq XI əsrin məşhur türk dilçisi Məhmud Kaşğari "Kitabi Divanü lüğat-ət-türk" adlı əsərinin ? cildində verdiyi xəritədə bu yerin adını آذرآبادكان (Adzerabadkan) şəklində yazmışdır.
'Azərbaycan' sözünü 'Atropaten' şəklində yazanlar bu sözün 'Atrap' adlı valinin adı ilə əlaqədar olaraq bu addan əmələ gəldiyini zənn edirlər[2]. Bu fikir uzun zaman xüsusən Avropa tarixçiləri tərəfindən qəbul olunmuş və yayılmışdır.
Şərq, xüsusən fars və ərəb mənbələrində isə 'Azərbaycan' sözü tamamilə başqa cür izah olunmuşdur. Bu mənbələrin, demək olar ki, hamısında bu adın "od", "atəş" mənasına olan 'adzər' (آذر) sözü ilə əlaqədar olduğu göstərilir. Lakin burada da, xüsusən sözün ikinci hissəsini izah edərkən, bir sıra fərqli rəylər söylənilmişdir. Məsələn, məşhur ərəb coğrafiyaşünası Yaqut özünün "Coğrafi lüğət" adlı əsərində bu haqda belə izahat verir: «'Adzər' pəhləvicə "od" adıdır və 'baykan' — "mühafizə edici", "saxlayıcı" mənasındadır: ümumi mənası "od evi" ya "od xəzinəsi"dir»[3].
Bu fikri Eldad ha Daninin əsərinə müqəddimə yazan N. Y. Qarkavi daha da genişləndirərək belə deyir: «Eldadın bu sözləri Şimali İrana çox müvafiq gəlir, belə ki, orada atəşpərəstlər var: məlumdur ki, Azərbaycan vilayəti 'Adzərbeykan' (آذربيكان) yaxud 'Adzərbadkan' (آذربادكان) adından göründüyü kimi, ta qədimdən atəşpərəstliyin məskəni, çox ehtimal ki, mənbəyi olmuşdur»[4].
M. Kaşğari öz əsərində 'Azərbaycan' sözünün haradan törədiyini ayrıca olaraq izah etməmiş, lakin xəritədə bu sözü آذرآبادكان şəklində yazmasından bu sözün 'adzər' (آذر) və 'abadkan' (آبادكان) hissələrindən ibarət olduğunu düşündüyü anlaşılır ki, bu da "atəş abadanlığı", "od yurdu" mənasına yaxın bir mənanı ifadə edir.
Azəri tarixçisi Bakıxanov Abasqulu ağa Qüdsi məşhur tarixi əsəri "Gülüstani-İrəm"-də bir çox sözlərin mənşəyindən bəhs etdiyi kimi, 'Azərbaycan' sözünü də izah etməyə çalışmışdır.
Əslən Bakıxanov da sözün birinci hissəsinin "od", "atəş" mənasına olduğunu qəbul etmiş. Lakin bu sözün ikinci hissəsini, özündən əvvəlkilərdən fərqli olaraq, məşhur Azəri sərkərdəsi Babəkin adı ilə əlaqələndirərək belə demişdir:
«Görünür ki, 'Azərbaycan' adı 'Azər-Babəkan' sözlərindən yaranmış ki, bunu ərəblər 'Azərbaycan' tələffüz edirlər; mənası isə "Babəkin odu" deməkdir. Məlumdur ki, atəşpərəstlik indi 'Azərbaycan' adlanan ölkədə zühur etmişdir»[5].
"Atropaten nəzəriyyəsi" bu adın çox qədim olduğunu göstərdiyi kimi, Bakıxanovun bu mülahizəsi də 'Azərbaycan' sözünün son zamanlara aid olduğunu bildirir. Fikrimizcə Bakıxanov da burada səhv edir, çünki Babək ilə müasir olan Yaqutun "Coğrafi lüğət" adlı əsərində və ya X əsrdə yazılmış olan "Hüdüd-al-aləm"[6] adlı coğrafiya kitabında, eləcə də IX-X əsrlərdə yazılmış daha bir sıra ərəb, fars, gürcü və erməni mənbələrində bu söz 'Adzərbayqan', 'Adzərbadqan', 'Atorpataqan', 'Adarbadaqani'[7] şəklində yazılmışdır. Halbuki, əgər doğrudan da bu sözün mənşəyi 'Babək' adı ilə əlaqədar olsa idi, birinci növbədə, IX—X əsrlərin tarix və coğrafiya yazanları bu sözü Bakıxanovun düşündüyü kimi آذربابكان ('Adzər-Babəkan') şəklində yazar və belə də təfsir edərdilər. Bunlardan başqa, bu ada Babəkdən çox əvvəl yazılmış olan erməni, gürcü və sair xalqların mənbələrində təsadüf edildiyini də yaddan çıxarmamalıdırlar.
Son zamanlarda akad. N. Y. Marrın yafəsi ― dilçilik nəzəriyyəsini təhrif edərək, bir sıra uydurma mülahizələr yürüdən Fin-Uqor dilçilərindən A. R. Zifeldt 'Azərbaycan' sözünün mənşəyini Ural-Altay dillərində "kişi", "adam", "tayfa", "xalq" mənalarına işlənən 'ad | at' və 'ar | ər' sözləri ilə əlaqələndirmək təşəbbüsü göstərmişdir. O, özünün "Uralo-Altaica" (Bakı, 1928, səh. 125) adlı əsərində Ural-Altay dillərindən bir çox nümunələr göstərdikdən sonra belə bir nəticə çıxarır: «'Azərbaycan' sözünə, daha doğrusu onun birinci yarısı olan 'Ad + er || at(e)r' hissəsinə nəzər salaraq, biz onu vaxtilə iki müxtəlif qəbiləvi söz kökündən düzəldilmiş "kişilər xalqı", yaxud "adamlar adamı", yaxud da sadəcə "adamlar-adamlar" şəklində qovuşmuş bir söz kimi təfsir edə bilərik».
Əlbəttə, bəzən bu və ya digər bir tayfa adının belə məzmunda törəyə bilməsi qeyi-adi hal deyil, lakin burada hər zaman müəyyən məntiq olur: əgər bir sıra tayfa adları belə törəmişsə, bu heç də hər tayfa adının belə formalaşmış olmasını sübut etməz və bu halı ümumiləşdirmək, hər sözə tətbiq etmək doğru olmaz. Yalnız zahirən oxşar olan sözləri bir-birilə tutuşdurmaqla məsələ bitmir: burada daxili oxşarlıq, məntiq və məzmun da olmalıdır.
'Azərbaycan' (yaxud 'Atrapataqan' | 'Atrapaten') şəklində təşəkkül etmiş və böyük bir ərazini, bu ərazidəki dövləti, sonralar isə bu ərazidəki əhalinin müəyyən əsas sakinlərini bildirən bir ad kimi işlənmiş sözün belə müxtəlif çalarlıqda və mürəkkəb quruluşda formalaşması, əlbəttə, sonrakı hadisədir.
'Azərbaycan' sözünün bu şəkildə təşəkkülü Midiya dövlətinin Haxamaniş sülaləsindən sonra yenidən bərpa edilməsi, Böyük və Kiçik adlanan Midiyaların əmələ gəlməsi dövrü ilə əlaqədardır. Məhz buna görə də bəzi tarixçilər bu adı həmin dövrdə Midiyada valilik edən Atrapın adı ilə əlaqələndirmişlər.
Fikrimizcə, bu ad, yəni 'Atrap' adı, əslində xüsusi bir ad deyildir və Midiya padşahlarının adları kimi, bu da ümumi təsviri bir ad, daha doğrusu rütbə bildirən bir sözdür, müəyyən ictimai məzmunlu bir ləqəbdir.
Fikrimizi aydınlaşdıraq:
Midiya, İran tarixlərindən bizə məlumdur ki, midiyalıların, xüsusən Haxamanişlər dövründə, azadlıq uğrunda apardıqları mübarizəyə mağlar rəhbərlik etmişlər. Mağ Geyumatanın (Qaumatın) üsyanı və hətta 9 aya qədər Haxamaniş tac-təxtində hökmranlıq etməsi bu mülahizəmizi təsdiqləyən dəlillərdəndir.
Bu da bizə məlumdur ki, mağlar əvvəllər ayrıca tayfa olmuşlar və 'mar' (yəni "ilan") totemli bu tayfa Midiya xalqını təşkil etmiş və məhz buna görə də bu xalq 'mağ' adı ilə 'mada' (← 'mağday') adlanmışdır ('Midiya' sözünə bax). Hətta yeni din ortaya çıxdığı zaman, mağlar yenə öz hakim mövqelərini mühafizə etmək üçün yeni dini qəbul edərək, bu dinin əsil varisləri kimi özlərini tanıtmağa müvəffəq olmuşlar. Bu zaman mağlar hakim qəbiləlikdən çıxaraq hakim təbəqə halına düşmüşlər. Buna görə də nəinki Haxamaniş, Parfiyan sülalələri dövründə, hətta Sasanilər dövründə də əhalinin birinci təbəqəsini təşkil edən ruhanilər məhz mağlardan olurdu. Ruhani təbəqəsi isə "Avesta"-da 'atarvan' yaxud 'atharvan' adlanırdı. Maraqlı budur ki, ruhanilər eyni zamanda "mu:bad" da adlanırdılar ki, bu da İran tarixçilərindən Həsən Pirniyanın qeyd etdiyi kimi, 'Muğubat → muğpat' ifadəsindən "muğlar başçısı" mənasını vermək üçün duzəldilmiş bir mürəkkəb sözdür[8].
'Atarvan' və 'mu:bad' sözlərində isə 'Azərbaycan' sözünün əsas ünsürləri olan 'a-tar-bad' sözlərinin izi görünməkdədir. Bu tərkibdəki 'atar' ünsürü akad. N. Y. Marrın göstərdiyi kimi, iki hissədən ibarətdir: 'a-tar'.
Birinci hissəni təşkil edən 'a' ünsürünü akad. N. Y. Marr ön şəkilçi (prefiks) sayır, lakin bir sıra dəlillərə əsaslanaraq demək olar ki, 'a' ünsürü "allah" və ya daha qədim dünyada "totem" mənasına işlənən sözün qalıq əlamətidir. Bu qədim söz isə 'an' olmuşdur.
(Ahuramazda). "Allah" mənasına olan 'an' sözündən 'a' ünsürünün törəndiyini xüsusən 'Ahuramazda' sözündə aydın surətdə müşahidə etmək mümkündür.
Məlum olduğu üzrə, Elam mixi yazılarında bu söz həmişə 'Anhuramazda' şəklində yazılmış ki, buradakı 'An' sözünün mixi rumuzu "allah" mənasına assur, xald mixi yazılarında da azacıq fərqlə işlənilmiş ümumi bir rumuzdur.
Bu rumuz, yəqin ki, mixi xəttin ixtiraçıları olan şumerlərin göy allahı 'An' yaxud 'Anu'-nu ifadə etmək üçün yaradılmış rumuzdur. Məhz buna görə də mixi yazıları tədqiq edən şərqşünaslardan M. R. E. Norris tamamilə haqlı olaraq Elam mixi yazılarında olan bu rumuzu qunnəli 'a' kimi oxumuşdur. Buna görə də Hürmüzdün adını 'Ahuramazda' deyil 'Anhuramazda' oxumaq daha doğru olur. Bu tərkibin, yəni 'Āhuramazda' ifadəsinin, mənası isə 'Ā ← An' ("göy allahı", 'hur' ("işıq", "günəş") + 'mazda' ("Midiya eli") sözlərinin birləşməsindən düzələn "Midiya elinin göy allahı işıq" deməkdir. Āhuramazdanın özü haqqında söylədiyi sözlər, yəni "yerlərə nur saçan və ən uzaqlardan görünən parlaq göylərin ən yüksək yerində günəşdən gözü olan... bir varlıq" halında təsvir edən sözləri də[9] 'Āhuramazda' adını formalaşdıran dil vahidlərinin ümumi şəkildə ifadə etdiyi məzmuna əsasən uyğun gəlir. Bu isə bizim dil vahidləri ilə əlaqədar olaraq apardığımız təhlilin düzgünlüyünü təsdiq edir.
Beləliklə aydın olur ki, "Anhuramazda" tərkibində 'an' sözü 'ā' və nəhayət 'a' səsinə çevrildiyi kimi 'An-tur' ('Anhur') ifadəsində olan "an" da eyni dəyişməyə uğramış və buradan da 'a-hur' yaxud 'a-tur' və nəhayət 'a-tar' sözü yaranmışdır.
Buradan isə məlum olur ki, 'atar' sözü "atəş allahı" və ya "işıq allahı" mənasını verən bir ifadədir. Məhz buna görə də "Avesta"-da oda tapınan kahinlər "odallahlı" mənasına 'atar-van' adlanmışlar. Bu tərkibdəki 'van' sözünün "sahib", buradan isə "böyük", "ağa", "başçı", "hakim" və sairə bu kimi mənalarla işlənilə biləcəyi tamamilə qanuni və təbiidir.
'Azərbaycan' sözü də doğrudan-doğruya 'a-tar' və 'pat' || 'bad' tərzində iki və daha ziyadə müstəqil sözün birləşməsindən deyil, məhz artıq birləşib əvvəlki müstəqil məzmunlarını itirməklə, yeni, ümumi bir məfhum, yəni "odallahlı", yaxud "atəşpərəstlər başçısı" mənasında işlənilən 'Atarbad' sözündən törəmişdir. Kiçik Midiya adlı yeni Midiya dövləti yaradıldıqdan sonra, onsuz da ümuma şamil qanuna tabe olmayan, öz xüsusi qanunları ilə yaşayan Muğan əhli, yəni midiyalıların qabaqcıl təbəqəsi Kiçik Midiya adlanan ölkədəki dövlət ətrafında birləşmişlər və beləliklə də Kiçik Midiyanı o zamankı atəşpərəstlərin müqəddəs ruhani mərkəzi halına salmışlar. Bunu, baş atəşgədənin Azərbaycanda (Təbrizdə) olması[10], hətta Sasanilər dövründə də muğların, xüsusən mərkəzləşdikləri Azərbaycanda daha çox əmlaka malik olmaları[11] və bunun kimi daha bir çox dəlillər sübut edir.
Bütün bura qədər verdiyimiz izahatdan tamamilə aydın olur ki, müəyyən dövrə qədər Kiçik Midiya adlanan və nəinki təkcə midiyalıların, ümumiyyətlə bütün atəşpərəstlərin ruhani, mənəvi mərkəzi sayılan, ruhani başçılarının məskəni olan ölkə, bu yerin əsil sakinləri tərəfindən deyil, bəlkə bu ölkənin xaricində olanlar tərəfindən "mağlar yurdu", "atəşpərəstlər ölkəsi", "aturbatlar məskəni" mənasına olaraq 'Aturbat' sözü və "məkan", "yurd" məfhumunu ifadə edən 'kan' ünsürünün birləşdirilməsi ilə 'Aturbat-kan' adlandırılmışdır. Sasanilər dövründə də "Aturpatkan" işlənilmişdir[12]. Erməni və gürcü mənbələrindəki 'Atırpatkan', 'Adarbadaqani' adlarında da, demək olar ki, həmin sözün ilk şəkli əsasən mühafizə olunmuşdur.
Yunanilər həmin sözün ilk hissəsini bir növ təhrif etmişlər, daha doğrusu mənimsəmək istəmişlər, elə buna görə də sonuncu ünsürünü də öz dillərinə tərcümə edərək 'Atrapat-en-iya' şəklində işlətmişlər. Deməli, 'Azərbaycan' sözü İsgəndərin dövründə Kiçik Midiya adı ilə müstəqil Yeni Midiya dövləti təşkil etməkdə qabaqcıl rol oynayan və bütün atəşpərəstlərin qibləgahında mərkəzləşmiş olan mağların (muğların) başçılarına məxsus olan 'Aturvan | Aturbat' ləqəbi ilə "məkan" mənasını verən 'kan' sözünün birləşdirilməsindən əmələ gəlmiş bir sözdür. Bu söz ilk zamanlar, ola bilsin ki, ümumən "atəşpərəstlər yurdu", "aturpatlar məskəni" mənasına işlənilmiş; sonralar, xüsusən islamiyyətdən sonra, bu söz öz əsil lüğəvi mənasını itirmiş və sadəcə bir ölkə adı kimi sabitləşmişdir.
Bu sözün tərkibindəki 't', 'k' səslərinin 'z', 'y', 'c' səsləri ilə əvəzlənməsi isə fonetik qanunlarla izah oluna bilən dəyişikliklərdir.
Beləliklə aydın olur ki, 'Azərbaycan' sözü totem adı kimi işlənilmiş 'tar | tur' sözünün, 'Atrap', 'Babək' kimi adların və ya təkcə "atəş" mənasına işlənilən 'adzər' sözünün əsasında deyil, məhz azərilərin babaları atəşpərəst midiyalıların yeni dövlət yaratmalarında qabaqcıl olan mağların (yaxud muğların) başçılarına məxsus ictimai bir ləqəb (titul) bildirən və artıq bütöv bir söz kimi formalaşmış 'aturbat' kəlməsi ilə "məkan", "ölkə" mənasına işlənilən 'kan' sözünün birləşməsindən düzəldilmiş mürəkkəb coğrafi bir addır.
Qafqazdakı Alban ölkəsindən xəbər verən mənbələri yoxladıqda, məlum olur ki, bu adla tanınan ölkədə bir və ya iki tayfa (qəbilə) deyil, bir çox tayfa yaşamışdır.
Buna görə də 'Alban' adını tək bir tayfanın adı kimi qəbul edib, həmin tayfanı da bu və ya digər xalqın yeganə əcdadı saymaq doğru olmaz. Çünki 'Alban' adı da 'skif', 'türk' adları kimi bir sıra müxtəlif adlı, bəzən hətta müxtəlif dilli tayfaların hamısını birləşdirən ümumi bir ad olmuşdur.
Əvvəllər ancaq tayfalar birləşməsini və bu tayfaların birləşmə məkanlarını bildirən, sonralar isə bəzən bu birləşmədən təşəkkül tapmış bir xalqın adı kimi işlənən ümumi adlar, ya müəyyən tayfalar birləşməsinin daxilindəki bir tayfanın adından ('Midiya' adı kimi), ya tayfalar birləşməsindəki tayfalardan bir-ikisinin adının çarpazlaşmasından (məs., 'Massaget' adı kimi), ya bu tayfanın yerləşdiyi yerin adından və ya coğrafi mövqeyindən (məs., 'primorilər', 'dağıstanlılar' və b. k.) alınmış olur.
'Alban' adı da belə ümumi adlardandır. Bu ad bir və ya bir neçə tayfanın adından deyil, məhz bir-birinə yaxın tayfaların yerləşdikləri coğrafi mövqe ilə əlaqədar olaraq düzəldilmiş coğrafi-təsviri bir addır.
'Alban' sözü 'al-ban' olmaq üzrə iki sözdən düzəldilmişdir. Bu sözün birinci hissəsi 'al' qədim dillərdən bəzilərində, bu cümlədən Ural-Altay, Xald-Urart və bir sıra Qafqaz dillərində "yüksək", "yuxarı", "şimal", daha əvvəllər isə "yüksək yer", "dağ" mənalarına işlənmiş bir sözdür. Buna görə də Xald yazılarındakı 'Al suşin-i' ifadəsini ak. İ. İ. Meşşaninov "yuxarı göy", yaxud "yuxarı, səmavi" mənasına tərcümə etmişdir[13].
Vartaşendakı udinlər indi də "yuxarı" mənasına 'al-a' sözünü işlədirlər.
Bəzi nümunələrə əsaslanaraq belə güman etmək olar ki, 'al' sözü daha əvvəllər tam örtülü heca şəklində müəyyən bir samitlə başlanmış və bir qayda olaraq sondakı sonor 'l' sonor 'r' səsi ilə də əvəzlənmiş; beləliklə də bu sözün üçüncü fonetik variantı əmələ gəlmişdir. Buna görə də albanlardan bəhs edən ilk mənbələrdə bəzən 'alban', bəzən 'qarqar' (bir sıra erməni mənbələrində), bəzən 'hereti' (bəzi gürcü mənbələrində), 'holoyen' (XIV əsr tarixçisi Xetumidə) və s. b. k. adlar çəkilmiş; bəzən bu adlar hətta doğrudan-doğruya 'alban' əvəzinə işlənilmişdir. Bu hal aydın surətdə göstərir ki, bu sözlərin ilk hissəsini təşkil edən 'qar | her | hol' hecaları məhz 'al' sözünün müxtəlif qohum tayfa dillərinə məxsus fonetik qanunauyğun qarşılığıdır.
Deməli 'alban' sözünün birinci hissəsini təşkil edən 'al', 'qarqar' sözündə 'qar', 'hereti' sözündə 'her', 'holoyen' sözündə 'hol' hissəsi "yuxarı", "hündür yer" mənasına işlənən bir sözün müxtəlif qohum tayfa dillərinə məxsus fonetik variantıdır və bunların hamısı həmmənadır.
Həmin 'alban' sözünün ikinci hissəsi 'ban' da albanlarla qədim zamanlardan az-çox əlaqədar olan tayfa və ya xalqların dilində öz əslini, əsas mənasını saxlayan müstəqil bir sözlə bağlıdır. Bunu aydın müşahidə etmək üçün aşağıdakı sözləri tutuşdurmaq kifayətdir.
Gürcücə "ölkə", "şəhər", "kənd", "meydan" mənasında olan 'ubani', 'dabani'; xaldca "ölkə" mənasına işlənən 'elbani'; elamca "şəhər", "saray" mənasına işlənən 'human', 'urman'; ermənicə "ev", "yurd" mənalarına işlənən 'ban', 'van' və sairə kimi sözlər fikrimizi əsaslandıran ən yaxşı dəlillərdir.
Buradan anlaşılır ki, 'al-ban' sözü "yuxarı ölkə", "şimali əyalət", daha doğrusu "dağyeri", yəni "dağıstan" mənasına olaraq Albaninin cənubunda və bir o qədər də dağlıq olmayan yerdə yaşayan qonşu tayfalar — xaldilər, midiyalılar, elamlar və daha başqa tayfalar tərəfindən özlərindən şimalda və nisbətən dağlıq yerdə yaşayan bir çox tayfaların sakin olduqları ölkəyə verilmiş bir ümumi coğrafi addır. Elə buna görə də III Sardurun sadaladığı ölkələr sırasında 'Albani' adı 'kuha' sözü ilə bir tərkibdə işlədilmişdir. Fikrimizcə 'kuha' sözü qədim fars dilində "dağ" mənasında işlənən 'kaufa' ( → kufa → kuha → kuh) sözündəndir. Buna görə də bu söz ya "yuxarı ölkə" mənasına işlənən ifadənin təyini kimi qəbul edilib, ya da "dağlıq" məzmununu ifadə etmək məqsədi ilə "dağ" məzmununa "çoxluq" mənasını vermək üçün eyni mənalı iki sözu ("uzundraz", "yığcam" ifadələri kimi) müavazi işlətmişlər və öz dillərinə uyğun olaraq "Dağlar ölkəsi", "Dağıstan" mənasına daha mürəkkəb bir ad düzəltmişlər. Məşhur sovet dilçisi N. Y. Marrın albanları Dağıstan tayfaları kimi başa düşməsi də, görunur, bu sözün lüğəvi mənasını nəzərə almasından irəli gəlmişdir. Yəqin ki, 'Kuha Albani' yaxud 'Albani' adı bir müddət əslinə uyğun mənada işlənmiş, lakin sonralar bu yer adı, eyni zamanda həmin ölkədə yaşayan müxtəlif tayfalar üçün də ümumi ad kimi anlaşılmışdır. Bu, doğrudan da belə olmalı idi, çünki miladdan əvvəl VII əsrdə Qafqazın şərq-şimalında o qədər müxtəlif dilli tayfalar olmuş ki, bunları bir tayfa adı ilə ümumi halda adlandırmaq mümkün deyil idi. Bunları ancaq coğrafi mövqelərini ifadə edən ümumi təsviri adla adlandırmaq olardı. Buna görə də "yuxarı" və yaxud "dağ" mənasına 'al' sözünü və "yer", "ölkə", "şəhər" mənasına ''ban' sözünü işlədən xaldilər özlərindən şimalda və daha çox dağlar arasında olan bu yeri 'Alban' (yəni "yuxarı əyalət" yaxud "Dağıstan") adlandırmışlar. Bu yerdə yaşayanları bildirmək üçün isə "çoxluq", yaxud "tayfa və mənsubiyyət" mənasını verən 'i' şəkilçisini bitişdirərək 'Albani' sözünü yaratmışlar. Bu ad sonralar təkcə coğrafi-təsviri bir ad deyil, həm də buradakı tayfalar ittifaqını, hətta bu ittifaqın yaratmış olduğu dövləti bildirən bir termin kimi daha geniş dairədə işlənilmiş və bu ifadənin sonundakı şəkilçi də tədricən ixtisara düşmüşdür.
Beləliklə məlum olur ki, 'Alban' sözü əsasən tayfa adı deyil və bu adda heç bir tək tayfa və ya xalq da olmamışdır; əslində albanlardan məlumat verən bir sıra mənbələrdə göstərildiyi kimi, 'Albani'-də məlum hüdudlu, müxtəlif dilli 26 tayfa[14] yaşamış və bu tayfalar sonralar daha möhkəm bir ittifaq yaradaraq bu ərazidə bir dövlət də qurmuşlar.
Anlaşılmazlıq olmasın deyə, belə bir cəhəti də aydınlaşdırmağı lazım bilirik ki, 'Dağıstan' sözü bizim indi işlətdiyimiz mənada təkcə 'Dağıstan' adlanan respublikanın adını bildirən bir söz kimi deyil, ümumiyyətlə həm indiki Dağıstanı, həm də indiki Azərbaycan Respublikasının şimal hissəsini də əhatə edən bir ərazi adı kimi işlənmişdir. Məhz buna görə də keçən əsrə qədər bir çox azəri şeyx, fazil, şair və alimləri "Dağıstani" ləqəbi ilə də tanınmışlar.
Bəzən hətta bu və ya digər bir şəxsin anadan olduğu yer haqqında məlumat verən bir sıra kitablarda Azərbaycanın xüsusən şimal hissəsində olan şəhər, qəsəbə və kəndləri haqqında, bir qayda olaraq, belə yazılmış: "Dağıstanın ..... şəhəri", "Dağıstanın ..... qəsəbəsi" və s.
Məs., «Əli ibn İbrahim Dağıstani təriq-nəqşbəndi füzəlasından bir zat olub (Dağıstan)-ın (Bərgüşad) qəsəbəsindəndir».[15]
Bu faktlardan tamamilə aydın olur ki, 'Dağıstan' sözü hər zaman eyni coğrafi sahənin adı olmamışdır. Buna görə də 'Alban' sözünün "Dağıstan" mənasına yaranmış söz olduğunu söylədikdə, buradan heç də belə bir nəticə çıxarılmasın ki, 'Alban' adlanan yer indiki Azərbaycan SSR-ə daxil olmayan bir ərazini, daha doğrusu indiki mənada Dağıstanı bildirən bir yer adı olmuşdur. Əlbəttə, belə deyil; Albani indiki Dağıstanın cənuba doğru az bir hissəsini və indiki Azərbaycan Respublikasının ortalarından şimala doğru, təxminən Kürdən şimala doğru böyük bir sahəni əhatə edən ərazinin adı kimi yaranmış və uzun müddət belə də anlaşılmışdır.
Məhz buna görə də 'Alban' sözünün izini bu və ya digər şəkildə mühafizə edən yer adları da elə Azərbaycanın şimal rayonlarındadır. Məs., Quba rayonunda Alpan adlı kənd vardır; Bərdə yaxınlığında Alpaut adlı kənd vardır.
Yeri gəlmişkən, qeyd etməliyik ki, hazırda Quba rayonunda Alpan adlı kəndin olmasını əsas tutaraq 'Albani' istilahını 'Alpani' şəklində adlandırmağı doğru hesab edib, yunan və latın tarixçiləri tərəfindən guya təhrif olunub işlədilən 'Albani' şəklindən vaz keçməyi məsləhət bilən bəzi şəxslər nəzərə almalıdırlar ki, bu söz yunan və latınlara məxsus deyil və həmin adı yaradan qədim Qafqaz tayfaları öz mixi yazılarında bu sözü şəklində yazmışlar ki, bunu ancaq 'al-bani' oxumaq olar; əgər ('ba') əvəzinə ('pa') yazılmış olsaydı, o zaman 'alpani' oxunardı. Çox ehtimal ki, 'Alpan' şəkli sadəcə bir sövti dəyişmədir.
Müasir dillərdə işlənilən bir sıra coğrafi adları nəzərdən keçirdikdə, xüsusən iki fakt diqqəti cəlb edir. Birincisi budur ki, bir sıra coğrafi adlar dünya dillərinin hamısında və ya əksəriyyətində əsasən bir cür işlənir; məs., Asiya, Avropa, Moskva... Bela adlarda azacıq fonetik fərqlərin olması, əlbəttə, sözlərin tamamilə başqalaşdırılması demək deyildir; məs., Asiya-Aziya, Avropa-Yevropa, Bakı-Baku... fonetik çalarlıqlı eyni sözlərdir.
İkinci fakt budur ki, bir sıra coğrafi adlar hər bir xalqın öz dilinə tərcümə edilərək işlənir; məs., azəricə — "Qara dəniz", rusca — "Черное море", fransızca — "La mer Noire" deyilir ki, bunların mənası birdir. Eləcə də azəricə "Uzaq Şərq" adlanan yer rusca — "Дальний Восток", fransızca — "L'Extrême-Orient" adlanır ki, bunlar da eyni məfhumun tərcüməsidir.
Belə hallar indi deyil, keçmişdə də olmuşdur və bunlardan bir qismi müasir dillərdə danışanlar üçün lüğəvi mənası naməlum adlardır. Buna görə də eyni mənanın tərcüməsi nəticəsində müxtəlif dillər əsasında düzəldilmiş adlar tamam müxtəlif mənalı sözlər kimi tanınır.
Belə sözlərdən biri də 'Ağvan'-dır. Bu söz əsasən erməni dilində yazılmış ilk mənbələrdə 'Alban' adı mənasına işlənmişdir. Bu sözü işlədənlərdən biri də erməni tarixçisi M. Xorenatsi "Ermənistan tarixi" adlı kitabında hətta bu sözün 'ağu-an-q' kimi hissələrdən düzəldiyini qeyd etmiş və aşağıdakı izahatı vermişdir. «... bu ölkə Sisaqın yumşaq, mülayim, müti təbiətinə görə 'ağvan' adlanmışdır, çünki onun öz ləqəbi Ağu (Աqnv) idi»[16].
'Ağu' sözünün mənası isə bu kitabın mütərcimi N. O. Eminin təfsirindən məlum olduğu üzrə "xoş", "mülayim" deməkdir[17].
Bu mülahizənin elmi əsassızlığını elə bununla izah etmək olar ki, bu ölkənin adı hələ Midiya padşahı Astiyaqın nəvələrindən olan Sisaqın Ağvaniyaya (Albaniyaya) vali olmasından bir neçə əsr əvvəl[18], yəni eramızdan əvvəl VII əsrdə III Sardurun zəfərnaməsində 'Albani' şəklində yazılmışdır[19].
Coğrafi adların bəzən bu və ya digər xalqın dilinə uyğun fonetik çalarlıqda, bəzən tərcümə edilərək işlənilməsi baxımından yanaşdıqda 'ağvan' sözünün necə formalaşması sirri də aydın olur.
Bu cəhətdən sözün ikinci hecasından başlamaq daha əlverişlidir.
'Ağvan' sözünün ikinci hecası 'van' Qafqazda bir sıra yer-şəhər adlarında indi də işlənir: Şirvan, Naxçıvan, Yerivan...
İndi türk və Qafqaz dilləri ilə məşğul olan alimlərin, demək olar ki, hamısı bir sıra yer adlarındakı 'van', 'ban' və 'man' morfemlərini "məkan", "yer" mənasında işlənilmiş qədim bir sözün fonetik variantları kimi tanıyırlar. Buna görə də 'Ağvan' sözünün ikinci hissəsi 'Alban' sözündəki 'ban' morfeminin başqa bir və ya bir neçə dilə məxsus fonetik variantıdır.
Bəs bu sözun ilk hecasını təşkil edən 'ağ' nədir? Diqqətlə yoxlama nəticəsində aydın olmuşdur ki, 'ağ' sözü 'Alban' adının birinci hissəsini təşkil edən 'al' sözünün ləfzi tərcüməsidir.
Türk dillərinin, bu cümlədən azəri dilinin yazılı mənbələrindən belə məlum olur ki, 'ağ' sözü "yüksəl", "qalx", "ucal" mənalarını bildirən bir feil köküdür və müxtəlif şəkilçilər qəbul edərək işlənilmişdir.
XI əsrin məşhur dilçisi Mahmud Kaşğari "Türk dilləri divanı" adlı kitabının birinci cildində 'ağ' sözündən düzələn ağıtqan, ağıttı sözlərinin mənasını aydınlaşdırmaq üçün aşağıdakı cümlələri misal vermişdir:
1. «Bu geyik ol itiğ dağqa ağıtqan», 2. «Ol anı dağqa ağıttı» (yəni: «Bu geyik o iti dağa çıxarar», «O, onu dağa çıxartdı»).
XIV əsrin filoloqlarından İbn Mühənna farsca, türkcə, moğolca lüğətində 'ağdı' sözünün "ucaldı", "yuxarı qalxdı" (صعدورقا), "ağınmaq" sozünün isə "yuxarı qalxmaq" (الصعود) olduğunu qeyd etmişdir.
Bu sözə biz klassik şairlərimizin əsərlərində də rast gəlirik: məs., «Kürsii rəhmanə ağdın getdin ərş-allahı gör» (Nəsimi).
Bu misradakı 'ağdın getdin' ifadəsi "qalxdın getdin", daha doğrusu "göyə çıxdın" mənasına işlənilmişdir.
Bu da maraqlı bir faktdır ki, ərəbcə الصعود sözünün mənasını izah edən bir sıra türk lüğətçiləri də həmin kəlmənin "yuxarı ağmaq" mənasına olduğunu məhz "ağmaq" sözü ilə aydınlaşdırmağı zəruri saymışlar.[20]
Beləliklə aydın olur ki, 'ağ' sözü də 'Alban' sözünün ilk hissəsini təşkil edən 'al' sözü kimi "yuxarı" mənasına xüsusən türk dillərində qədimdən işlənilən bir söz olmuş. Bunu da qeyd etmək lazımdır ki, 'ağ' sözü bəzi tədqiqatçıların bildirdiklərinə görə gürcü və erməni dillərində də öz izini saxlamaqdadır. Buna görə də qətiyyətlə demək olar ki, 'Alban' sözündəki 'al' sözü "yuxarı" mənasına bir söz kimi tərcümə olunaraq 'ağ' sözü ilə əvəzlənmiş və beləliklə də 'Alban' əvəzinə eyni mənada 'Ağvan' sözü yaradılmışdır.
'Ağvan' sözü də xüsusən erməni mənbələrində cəm şəkilçisi '-q' qəbul edərək həmin ərazidə yaşayanları bildirən etnonimik bir söz kimi işlənilmişdir. Şəki şəhərində bir məhəllə adı kimi indi də işlənilən 'Ağvanlar məhəlləsi' ifadəsindən belə bir nəticəyə gəlmək olur ki, bu söz azərilər arasında da cəm şəkilçisi ilə etnonimik məzmunda — tayfa adı kimi işlənilmişdir.
Azərilərin etnik tərkibində ən qədim zamanlardan iştirak etmiş olan tayfalardan biri də Qaspi tayfasıdır və 'qaspi' adı bu tayfaya sonradan verilmişdir.
Qədim dillər üzərində aparılmış tədqiqatdan belə məlum olur ki, bu sözün sonuncu hecası 'pi' Bistun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi, cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi 'p', 'ap', 'pe', 'pi' şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənilmiş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını da ifadə etmişdir. Məs., 'Assurap' — "Assuriya", 'harabayap' — "Ərəbistan", 'Madape' — "Midiya", 'Suğdaspe' — "Suğdiya", 'Saqqape' — "saq eli", yaxud "skiflər" və s.
Sözün bu şəkildə tərkib hissələrindən ibarət olduğunu nəzərə aldıqda belə bir nəticəyə gəlmək olur ki, 'Qaspi' (yaxud 'Kaspi') tayfasının əsil adı 'Qas | Kas'-dır və ilk dövlərdə, yəqin ki, "qaslar", "qas eli" anlayışını ifadə etmək üçün 'pi' şəkilçisi ilə 'qaspi' sözü düzəldilmişdir.
Bir çox mənbələrdən göründüyü kimi bu tayfanın əsil məskəni Xəzər dənizinin qərb hövzəsidir. Lakin bir sıra alimlər zənn edirlər ki, Qaspi tayfasına mənsub bir çox ailə, oba şərqə, cənuba və qərbə köçüb getmişlər və bu yerlərdə onların izləri də qalmışdır. Bunu da qeyd etmək lazımdır ki, bu tayfanın adı bir sıra sövti dəyişmələrə uğrayaraq 'qaş', 'kiş', 'quş', yaxud 'kişşi', 'quşşi' şəkillərində də işlənilmişdir. Lakin bizi daha çox maraqlandıran budur ki, bu tayfa Qafqazın ən qədim yerli tayfalarından olmuş və buna görə bunların adı Qafqazda, bu cümlədən Azərbaycanda xüsusən bir sıra yer adlarında qalmışdır. Məhz belə izlərdən birisi də bir sıra Avropa dillərində və rus dilində Xəzər dənizinin adı kimi işlənilən 'Qaspi' | 'Kaspi' sözüdür.
Belə bir cəhəti də qeyd etməliyik ki, Qaslar sonralar başqa tayfalarla qaynayıb-qarışmışlar; bəzi alimlərin deməsinə görə xüsusən sonralar onların çoxu müxtəlif tayfaların birləşməsindən ibarət olan skiflərin tərkibinə daxil olmuşlar, yaxud «Quşan dövlətinin tərkibinə saqlar (skiflər) bir tərkib hissəsi kimi daxil olmuşlar və müəyyən dövrdən sonra "bir sıra yeni skif" kütlələrinin gəlişi ilə bunlar yeni ad almışlar, yəni 'Xəzər' adı ilə adlanmışlar»[21].
Əslinə baxılsa, VII əsrin sonlarında məlum olan 'Xəzər' adı ilə 'Qaspi' adı arasında məzmun etibarilə və dil vahidlərinin nisbət dəyərinə görə heç bir fərq yoxdur, çünki hər iki sözün birinci hissəsi tayfanın adını 'qas | xaz' şəklində bildirdiyi kimi, hər iki sözün ikinci hissəsi də cəm mənası bildirən 'pi', 'ar' şəkilçilərindən[22] ibarətdir.
Bu adların hər ikisini də eyni əsldən və eyni məzmunlu olduğunu, eyni dənizin həm 'Kaspi' həm də 'Xəzər' adlanması ilə də izah etmək olar.
Nəhayət, yəhudi yazılarının bəzilərində Xəzər elində 'Qasdim' adlı tayfanın olduğu xəbər verilir ki, bu da ümumi surətdə 'Xəzər' adlanan skiflərin arasında yenə öz xüsusiyyətini saxlayan 'qas' tayfasının xüsusi adından başqa bir şey deyildir; bu adla, yəqin ki, skiflərə qarışan qas tayfası fərqləndirilmişdir.
Bir sıra tədqiqatçılar həm xəzərlərin, həm də qaspilərin dilindən bəhs edərkən bunların türk dillərinə oxşar bir dildə danışdıqlarını da söyləyirlər.
Bəs bu alimlərin belə oxşarlıqları görmələri və qeyd etmələri nə ilə izah oluna bilər?
Həqiqətən belədir: qaspilər də, xəzərlər də əsasən bir tayfadır. Bundan əlavə, 'qas' tayfasının müəyyən hissəsi skif tayfaları ittifaqına daxil olandan sonra skiflər, yaxud onların müəyyən hissəsi eyni zamanda 'Xəzər' adlanmışlar və skif tayfalar birliyinə məhz bu tayfaların qarışmaları nəinki xəzərlərin, həm də skiflərin, deməli saqların, türkdilliliyi haqqındakı mülahizənin doğmasına səbəb olmuşdur.
Buna görə də demək olar ki, xəzərlər əvvəlki qaspi tayfasından müəyyən dərəcədə fərqlənmişlər: belə ki, xəzərlər skiflərə qarışan və eyni zamanda onları öz təsirlərinə salaraq, skiflərə də öz adlarını verən 'qas' | 'xaz' tayfasının sonrakı nəslidir.
Törənişinə görə 'qas' tayfa adı ilə əlaqədar olan sözlərdən biri də 'Qafqaz' ismidir.
'Qafqaz' sözü latınca yazılmış ilk mənbələrdə 'kavkasos' şəklində yazılmış və bu sözün törənişinə işarə edilməmişdir. Lakin qədim yunan tarixçilərindən Eratosfen 'Qafqaz' adı əvəzinə sadəcə 'Qaspios' (Kaspios) sözünü işlətmişdir. Buna görə də 'Qafqaz' sözünün ikinci hissəsinin 'qas' tayfa adı ilə bağlı olması haqqında doğru nəticəyə gəlmək üçün məhz buradan başlamaq daha əlverişlidir.
Bu sözün törənişindən bəhs edərkən son zamanlar belə ötəri bir fikir söylənilmiş: guya bu sözün birinci hissəsi slavyan dillərində olan 'ковать' ("döymək") sözü ilə bağlı imiş və bu sözün tayfa adını bildirən 'qas' | 'kas' sözü ilə birləşməsindən törəmiş olan 'Qafqaz' sözü "qasların metal döyən dağ ölkəsi" mənasını bildirən bir mürəkkəb söz kimi yaradılmışdır[23].
Bu mülahizədəki həqiqət bundan ibarətdir ki, burada da 'Qafqaz' sözü 'qas' tayfa adı ilə əlaqələndirilir. Lakin bu sözün birinci hissəsinin slavyanca 'ковать' sözü ilə əlaqələndirilməsi inandırıcı deyil və bu mülahizə sahibləri səhv edirlər. Səhv etdikləri özlərinin izahatında da aydın nəzərə çarpır. Çünki onlar 'qaf' sözündə 'ковать' mənası olduğunu söylədikləri halda, 'Qafqaz' sözündən "qasların metal döyən dağ ölkəsi" mənasını çıxarırlar. Burada belə bir sual verən hər kəs haqlı sayılmalıdır: əgər doğrudan da qas tayfasının adı 'Qafqaz' sözünün ikinci hissəsi ilə, "metal döyən" mənası bu sözün birinci hissəsi 'qaf' ilə əlaqədar isə, "dağ ölkəsi" mənası haradan alınır?
Belə görünür ki, 'Qafqaz' sözü əsas iki sözdən mürəkkəbdir və iki əsas anlayışı ifadə edir: "tayfa" və "məkan". Burada üçüncü bir söz ünsürü olmadığı kimi üçüncü bir anlayış da yoxdur.
'Qafqaz' sözünün "ağ qarlı" mənasına gələn bir ifadədən törədiyini iddia edənlər də olmuşdur[24]. Əslində bu mülahizə yafəs nəzəriyyəsinin nəticəsində söylənilmişdir və irəlidə nümayiş etdirəcəyimiz dəlillər bunun uydurma olduğunu göstərir.
'Qafqaz' ismi A. Bakıxanovun qeyd etdiyi kimi, tayfa adı olan 'qas' sözü ilə əfsanəvi bir dağ adı kimi şərq mənbələrində çox məşhur olan 'qaf' sözünün birləşməsi[25] nəticəsində gələn mürəkkəb bir sözdür. Əslində əfsanəvi bir dağ adı kimi işlənilən 'qaf' sözü "dağ" mənasına qədim farscada işlənilən 'qaufa' (yeni farscada 'kuh' كوه) sözündən başqa bir şey deyildir. Buna görə də bəzi erməni tarixçiləri 'Qafqaz' əvəzinə 'qapkoh' yazmışlar ki,[26] bu da bəzi şərq mənbələrində də işlənilən 'Kuh-qaf' (كوه قاف) birləşməsinin başqa şəklidir; bu ifadə isə azəricədə 'Qaf dağı' tərzində işlənilmişdir.
Belə bir sual verilə bilər: bəs eyni mənalı sözlərdən 'qapkoh', 'kuh-qaf', 'qaf dağı' ifadələri necə yaranır?
Bir sıra dillərdə indi də işlənilən bəzi mürəkkəb sözlərin tarixini və formalaşma qanununu bilən dilçi üçün burada anlaşılmayan sirli bir şey yoxdur.
Tamamilə aydındır ki, erməni mənbələrində 'qapkoh' fonetik tərkibində yazılan bu sözün birinci hissəsi 'qaf' sözünün erməni tələffüzünə uyğunlaşdırılmış şəklidir. Bu sözün ikinci hissəsi isə 'kuh' sözündən başqa bir şey deyildir: 'kuh' sözü isə yeni fars dilində "dağ" deməkdir. Buradan da azəri dili mənbələrində işlənən 'qaf dağı' tərkibi tərcümə yolu ilə yaradılmışdır. Buradakı 'qaf' sözü, yuxarıda qeyd etdiyimiz kimi, parsi dildə, yəni qədim farscada "dağ" mənasına işlənilmiş olan 'qaufa' sözünün müxtəsərləşmiş şəklidir: 'Qafqaz' sözündə özünü saxlayan bu sözün qədim mənasını başa düşməyən və "dağ" mənasına 'qaufa' deyil, artıq 'kuh' sözünü işlədən, eləcə də 'qas' ('kas') adlı bir tayfanı görməyən və tanımayan sonrakı iranlılar 'Qafqaz' sözünün birinci hissəsini dağın xüsusi ismi kimi saxlamışlar, ikinci hissəsini isə özlərinə məlum bir sözlə əvəz edərək, özlərinə məxsus dildə mənalı bir tərkib yaratmışlar. Bunun nəticəsində "dağ" mənasına işlənən qədim farsi sözlə yeni farsi söz birləşməsi alınmışdır. Bu birləşmə əslində "dağ dağ" mənasını versə də, bunu yenidən düzəldənlər və işlədənlər bu sözü belə bir əcaib mənada işlətmirlər və belə də başa düşmürlər. Əslində belə əcaiblik nümunələrinə müasir azəri dilində də rast gəlmək olur, məsələn:
1) 'qızıləhmədi' (alma) əslən "qızıl + əhməri"-dir, mənası isə "qırmızı + qırmızı" deməkdir;
2) 'uzundraz' əslən "uzun + draz"-dır, mənası isə "uzun + uzun" deməkdir;
3) 'hoqqabaz' əslən "hoqq + baz"-dır, mənası isə "qanun + qanun" və ya "oyun + oyun" deməkdir.
Beləliklə aydın olur ki, 'Qafqaz' sözü "dağ" mənasına olan 'qaf' sözü ilə tayfa adı 'qaz' ('qas') sözlərinin "qaslar dağı" mənasına birləşməsindən başqa bir şey deyildir.
Məhz buna görə də "Kitabi Dədə Qorqud"-da adı çəkilən 'Qazlıq dağı' da "Qafqaz" dağından başqa bir şey deyildir. Burada məzmun azəri dilinə tərcümə edilmişdir; yəni "qazlar dağı" mənasını vermək üçün 'qaz' sözünə "çoxluq", "el" və ya "məkan" mənası bildirən '-lıq' şəkilçisi bitişdirilmiş, 'dağ' sözü isə bu 'qazlıq' ifadəsinə qoşulmuş və beləliklə də 'Qafqaz' sözünün mənası azəricə dürüst ifadə edilmişdir. 'Qafqaz' sözünün belə tərcüməsi isə bir daha isbat edir ki, 'Qafqaz' adında "dağ" mənası və "qas" tayfasının adı var və burada heç bir "metal döymə" və ya "qar" məzmunu yoxdur.
Vətənimizin və babalarımızın adı ilə üzvi surətdə bağlı olan sözlərdən biri də 'Midiya'-dır. Müasir dilimizdə bu söz yer adı — ölkə adı kimi işlənir və bu ölkənin qədim sakinləri də ümumiləşmiş halda 'midiyalılar' adlanır.
Qədim mənbələrdə 'Midiya' sözü əsasən 'Mada' şəklində yazılmışdır. Qədim mixi yazılarda, xüsusən Bistun qayaları üzərindəki elam dilində olan mixi yazılarda "midiyalılar" mənasına 'madape' sözü işlənilmişdir. Bu sözün sonuncu hissəsini təşkil edən '-pe' həmin dildə cəm şəkilçisidir və yerinə görə '-pe | -pi | -p' kimi də işlənilmişdir.
Bu sözün qalan hissəsi 'mada' isə əsasən iki sözün çarpazlaşmasından düzəlmiş mürəkkəb bir sözdür. Məşhur dilçilərdən N. Y. Marr bu sözün birinci hissəsinin sonundan müəyyən samitin düşmüş olduğunu nəzərə alaraq 'ma' hecasındakı 'a' saitinin uzadılmış halda tələffüz olunduğunu inandırıcı dəlillərlə əsaslandırmışdır. Dərindən yoxladıqda aydın olur ki, doğrudan da birinci hissəni təşkil edən sözün əsli 'ma' deyil, 'mağ'-dır və bu söz, yəni 'mağ' sözü isə qədim midiyalıların ən böyük qəbilələrindən birinin adıdır. Bu qəbilə müəyyən tarixi dövrdə digər qəbilələri də öz ətrafına toplayaraq 'Midiya' adı ilə tanıdığımız ölkəni-dövləti yaratmışdır.
Buna görə də bu adın birinci hissəsi həmin tayfanın adı ilə, yəni 'mağ' sözu ilə bağlıdır və bu ölkə adının birinci hissəsi ilk dövrlərdə 'ma' deyil 'mağ' olmuşdur.
Ümumi mənadan belə bir nəticəyə gəlmək olur ki, bu sözün birinci hissəsi qəbilə adı əsasında yarandığı kimi, ikinci hissəsi də, yəni 'da' ünsürü, bir çox yer, ölkə və tayfa, xalq adlarında olduğu kimi, ya məkan məfhumunu, ya da çoxluq — cəm məfhumunu ifadə edən bir söz ilə, bir şəkilçi ilə bağlıdır. Əlbəttə, bu sözün 'madape' şəklində işlənilməsi faktı buradakı 'da' ünsürünün cəm məfhumunu ifadə etmədiyinə bir işarədir, çünki burada cəm məfhumunu bildirən xüsusi şəkilçi '-pe' şəkilçisi vardır. Buna görə də bu sözün tərkibindəki 'da' ünsürünün "məkan", "ölkə" anlayışı ilə əlaqədar bir vahid olması ehtimalı daha da güclənir. Məhz belə bir baxımdan Bistun qayalarındakı mixi yazıları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada "ölkə", "əyalət" mənasına elam dilində 'dayyos' | 'dayyaos' sözü, pars dilində 'dahyuş' sözü işlənilmişdir. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, 'mada' sözünün də ikinci hissəsini təşkil edən 'da' ünsürünün prototipi — ilkin əsası 'day' | 'dah' olmuş, sonralar, yəni mürəkkəb sözün formalaşması prosesi ilə əlaqədar olaraq, birinci hissədən 'ğ' samiti düşdüyü kimi (mağ → ma), ikinci hissədən də 'y | h' samiti düşmüş (day → da) və nəticədə "mağ ölkəsi" mənasına işlənilmiş 'mağ + day' tərkibindən düzəlmiş bu söz əvvəllər 'maday', sonralar isə ayrı-ayrı mənbələrdə 'mada' | 'meda' | 'mediya' | 'midiya' kimi müxtəlif fonetik tərkibdə işlənilmişdir. Ən qədim mənbələrdən sayılan Tövratda və qədim assur yazılarında bu söz əslinə uyğun olaraq 'maday' şəklində işlənilmişdir ki, bu da həmin sözün doğrudan da "mağ ölkəsi" mənasına 'mağ-day' tərkibindən düzəlmiş qədim bir söz olduğunu təsdiq edir.
Burada belə bir cəhəti xüsusi qeyd etməliyik ki, 'Midiya' sözünün "mağ ölkəsi" mənasına formalaşmış bir söz olması heç də 'Muğan' sözünün qədim 'mağ' adlı tayfanın yaşadığı ərazini bildirən bir yer adı kimi işlənilməsi ilə ziddiyyət təşkil etmir. Ümumiyyətlə 'Muğan' sözü İran dillərinə məxsus '-an' cəm şəkilçisi vasitəsilə 'mağ | muğ' qəbilə adından "mağlar" və ya "mağ eli" mənasına düzəldilmiş bir sözdür ki, uzun müddət təkrar-təkrar işlədildikdən sonra 'mağ' tayfasının yaşadığı ərazinin adı, yəni indiki 'Muğan' adı kimi sabitləşmişdir.
Cəm şəkilçisi ilə yer adlarının düzəldilməsi isə, demək olar ki, qanuni bir hal olmuşdur və bir çox sözlərin formalaşması bunu təsdiq edir. Bu cümlədən yuxarıda izah etdiyimiz 'Qaspi', 'Xəzər' sözlərinin də belə formalaşdığını yada salmalı. Bizim qonşuluğumuzda olan İran ölkəsini bildirən 'Iran' sözünün də əslində "arilər" mənasına olaraq tayfa adı 'ari' sözü ilə cəm şəkilçisi '-an' birləşməsindən düzəldilmiş bir söz olduğu indi hamıya məlumdur.