BİR NEÇƏ SAY HAQQINDA

Ayrı-ayrı məfhumların ən ibtidai dövrdən necə təşəkkül tapdığını, necə artdığını aydınlaşdırmaq nöqteyi-nəzərindən say bildirən sözlərin törənişi və sonrakı inkişafı olduqca maraqlıdır. Məhz belə bir baxımdan azəri dilində say məfhumlarını bildirən bəzi sözlərin törənişini müxtəsər də olsa nəzərdən keçirməyi faydalı bilirik.

Azəri dilində saylar əsasən 22 sözlə ifadə olunur ki, bunlar aşağıdakılardan ibarətdir: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard.

Bu sözlərdən ikisi (milyon, milyard) alınma sözdür, iyirmisi isə ümumiyyətlə türk dillərinin, bu cümlədən azəri dilinin öz sözləridir və indi hamı bu sözləri sadə sözlər-köklər kimi tanıyır.

Müasir inkişaf tələbləri əsasında nəhayətsiz miqdar anlayışını ifadə etmək üçün əsasən həmin 22 sözdən istifadə olunur, yəni həmin sözlərdən müxtəlif üsullarda birləşmələr düzəldilir və beləliklə də ən az və ən çox miqdar məfhumları ifadə olunur:

on bir..., əlli iki..., yüz on beş..., iki yüz..., min doqquz yüz altmış yeddi, iki yüz əlli milyon beş yüz otuz bir min yüz doxsan beş...

Bunların necə düzəldiyi, hansı qayda-qanun əsasında quraşdırıldığı göz önündədir və həmin qaydalardan istifadə ilə hər kəs istədiyi miqdarı ifadə edə bilir.

Bəs indi sadə sözlər kimi tanıdığımız bu say bildirən kəlmələr necə əmələ gəlmişdir?

Dilin ilk yaradılması dövründə say bildirmək üçün belə sözlər təsadüfənmi qondarılmış, yoxsa bu və ya digər əlaqədar bir anlayışı ifadə edən sözlərdən say bildirmək üçün də istifadə olunmuş və buradan da say bildirən sözlər formalaşdırılmışdır?

Dünya dillərində məfhumlarla sözlər arasındakı əlaqələrin tədqiqi, daha doğrusu dil və şüur əlaqəsi problemlərinin tədqiqi nəticəsində aydın olmuşdur ki, dillərdə işlənilən sözlərin hamısı insan şüurunda yaranmış bu və ya digər məfhumla bağlıdır, həm də sözlərin formalaşmasında məntiqi əlaqə vardır. Məhz buna görə də K. Marks demişdir ki, «dil praktik — real şüurdur»[62].

Müasir azəri dilində işlətdiyimiz say bildirən sözlərin törənişi də məhz bu həqiqəti təsdiq edən konkret faktlardır. Hər şeydən əvvəl belə bir cəhəti yada salmalıyıq ki, indi bizə sadə köklər kimi görünən say bildirən sözlərin bir qismində onların törənişini yada salan bəzi vahidlərin izi az-çox qalmaqdadır. Belə izlərin nə ilə əlaqədar olduğunu başa düşməkdə, aydınlaşdırmaqda azəri dili ilə qohum olan dillər, hətta qohum olmayan başqa dillərdəki say bildirən sözlər də bizə kömək edir. Məs., azəri dili ilə qohum olan uyğur (sarı uyğur) dilində onluqları bildirən saylar belədir: on, işkon, üçon, türton, pison, alton, çeton, sakıson, tokıson.

Rus dilində də onluqların buna bənzər halda formalaşdığı nəzərə çarpır: десять, двадцать, пятьдесят, шестьдесят, семьдесят, восемьдесят.

Belə faktlar, birinci növbədə, müasir azəri dilində işlənilən 'səksən' və 'doxsan' sözlərinin 'səkkiz + on', 'doqquz + on' şəklində sadə saylar birləşməsindən törədiyini göstərir.

Bu cür birləşmələrdən düzələn sözlərdə müxtəlif şəkildə dəyişiklik ola bilir; xüsusən səslərdən bəzisi düşür, bəzisi başqa bir səslə əvəzlənir, yerini dəyişir və s. Belə hal 'səkkiz + on', 'doqquz + on' saylarının birləşmələrində də baş vermiş və nəticədə müasir dildə işlətdiyimiz 'səksən', 'doxsan' sayları formalaşmışdır. Bela dəyişikliyin olmasına baxmayaraq həmin sözlərin hansı köklərdən törədiyini göstərən izlər müəyyən dərəcədə qalmışdır.

Bəs azəri dilindəki 'iyirmi', 'altmış', 'yetmiş' sözlərinin törənişini necə izah etmək olar?

Diqqətlə nəzərdən keçirdikdə, bu sayların 'iyi', 'alt', 'yet' kimi formalaşmış ilk hissələrində ruscadakı 'двадцать', 'шестьдесят', 'семьдесят' sözlərinin ilk hissəsini təşkil edən 'два', 'шесть', 'семь' saylarının azəricə qarşılığı olan 'iki', 'altı', 'yeddi' saylarının izini aydınca görmək olur.

Buna görə də belə bir təəssürat yaranır ki, bu sözlərin ikinci hissəsini təşkil edən '-mi', '-mış', '-miş' ünsürləri 10 anlayışını ifadə edən bir sözlə əlaqədardır.

Bəs bu ünsürlər hansı dildə "10" mənasını ifadə edən hansı sözlə bağlıdır?

Belə bir sual hər kəsi düşündürə bilər, çünki türk dillərində 'on' sayı, demək olar ki, ümumidir və bir sıra türk dillərində, məs., sarı uyğurcada 'işkon' (20), 'üçon' (30), 'türton' (40), 'pison' (50), 'alton' (60), 'çeton' (70), 'sakıson' (80), 'tokıson' (90) sayları məhz təklikləri bildirən sözlərlə 'on' sayı birləşməsindən düzəldilib işlənir. Buna görə də belə sayların törənişi hamı üçün aydındır. Lakin müasir türk dillərində 10 sayını ifadə etmək üçün ayrıca olaraq nə 'mi', nə də 'miş' sözü işlənir. Belə vəziyyətdə başqa dillərə müraciət etmək və ümumiyyətlə 10 məfhumunu ifadə edən sözlərin hansı sözlə əlaqədar olduğunu, say anlayışının, bu cümlədən 10 sayının hansı ilkin anlayışla əlaqədar olaraq yarandığını müəyyənləşdirmək bu məsələnin həllini istiqamətləndirə bilər.

Dilçilik aləmində artıq sübut olunmuş belə bir mülahizə var ki, sayların, ümumiyyətlə miqdar anlayışının ilk formalaşmasında insanın bədən üzvlərindən bəzisi, xüsusən əl əsas olmuş və beş, on məfhumlarını ifadə edən sözlər ilkin saylar olaraq əsasən "əl" mənasını ifadə edən sözdən törəmişdir. Bunun izi bir sıra dillərdə indi də qalmaqdadır. Belə bir baxımdan bizə çox tanış olan rus dilindəki 'пять', 'десять' və fars dilindəki 'pənc', 'deh' sözlərini, çox da dərinliklərə varmadan, nəzərdən keçirə bilərik. Rus dilindəki 'пять' sözü "əl”, "əl içi", "pəncə" mənasına işlənilən 'пятерня' və "ayaq", "daban" mənasına işlənilən 'пята' sözləri ilə bağlıdır və yəqin ki, bu sözün "beş" sayını bildirən bir söz kimi işlənilməsi "əldə və ayaqda olan beş barmaq" ilə əlaqədardır. Fars dilində "beş" məfhumunu ifadə etmək üçün işlənilən 'pənc' (پنج) sözü də fars dilində və buradan alınaraq azəri dilində işlənilən 'pəncə' sözü ilə bağlıdır.

Bunlardan başqa bir sıra Hind—Avropa dillərində, bu cümlədən əfqan, urdu, hind, fars-pəhləvi dillərində "10" sayını ifadə edən sözlərin ya eynən, ya azacıq dəyişmiş halda "əl" mənasına işlənilən sözlə uyğun gəlməsi bu mülahizəni təsdiq edən faktlardandır. Məsələn, əfqan dilində 'las' həm "əl", həm də "10" mənasına işlənir. Urdu dilində "əl" mənasına 'dast', "10" mənasına 'das' sözü işlənir; pəhləvicədə (orta fars dilində) "əl" mənasına 'dasta', "10" mənasına isə 'datsa' sözü işlənilmişdir ki, müasir fars dilində "10" sayını bildirən 'deh' | 'dah' və "əl" mənasına işlənilən 'dəst' | 'dast' da buradandır. Yeri gəlmişkən bunu da qeyd edək ki, rus dilindəki 'десять' sözü ilə farscadakı 'dast' sözü eyni kökdəndir.

Nəhayət, bu mülahizəni təsdiq edici faktlar sırasında rum rəqəmlərini də qeyd etmək lazımdır.

Rum rəqəmlərini diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, bu rəqəmlər məhz əl və barmaqlar əsasında qurulmuşdur. Məsələn, "beş" sayını bildirmək üçün işlənilən (V) rəqəmi əslində əlin yuxarı doğru beş barmaq üzrə açılmış vəziyyətini əks etdirir. Beləcə də, "10" sayını bildirən (X) rəqəmi isə barmaqları açılmış iki əlin yanaşmış-bitişik vəziyyətini əks etdirir. Beləliklə də bir əlin şəkli "5" sayını, iki bitişik əlin şəkli isə "10" sayını ifadə edən bir rəqəm-əlamət kimi qəbul olunmuşdur.

Belə faktların sayını artırmaq olar, lakin ümumiyyətlə ibtidai insanlarda say təsəvvürünün yaranması və sayları ifadə edən sözlərin formalaşması prosesində bədən üzvlərindən əlin çox mühüm rol oynadığını başa düşmək üçün fikrimizcə yuxarıda nəzərdən keçirdiyimiz faktlar kifayətləndirici və inandırıcıdır.

İndi bizi maraqlandıran əsl məsələyə qayıdaq.

Həm azəri dilində, həm də bir sıra türk dillərində işlənilən 'iyirmi', 'altmış', 'yetmiş' saylarındakı ilk hissələr, yəni 'iyir', 'alt', 'yet' ünsürləri 'iki', 'altı', 'yeddi' sayları ilə bağlı sözlərdirsə, bu sayların son hissələri, yəni '-mi', '-mış', '-miş' ünsürləri haradandır?

Bu başdan qeyd etməliyik ki, 'mış' | 'miş' eyni ünsürün ahəng qanunu əsasında iki fonetik variantda təzahürüdür. 'İyirmi' sözünün sonundakı 'mi' ünsürü də 'miş' ünsüründəndir və azəri dilində qapalı hecalılıqdan açıq hecalılığa keçmə qanunu əsasında ('kim → ki', 'ol → o', 'qapıq → qapı' sözlərində olduğu kimi) sondakı 'ş' düşmüşdür.

Deməli bu ünsürün əsası 'm' və 'ş' samitlərinin müəyyən saitlə birləşməsindən düzəlmiş bir söz olmuşdur. Belə bir sözün izini tapmaq üçün isə ümumən türk dillərində, bu cümlədən azəri dilində olan ikinci bir fonetik qanuna müraciət edək.

Məlum olduğu üzrə türk dillərində m || b əvəzlənməsi qanunu vardır. Bu qanuna görə türk dillərinin bir qismində müəyyən sözlərin tərkibindəki 'm' samiti 'b' ilə əvəzlənir: men || ben, min || bin, kimi || kibi...

Hətta əvəzlənmə bir dilin müxtəlif şivələrində də öz izini saxlayır; məs., azəri şivələrinin bir qismində bunu, buna əvəzinə munu, muna... tələffüz olunur.

Məhz belə fonetik qanunauyğunluğu nəzərə aldıqda türk dillərindən bəzilərində, məsələn, noğaycada 'yetmiş' əvəzinə 'yetpes', qazaqcada 'altmış' əvəzinə 'alpıs', 'yetmiş' əvəzinə 'jetpis' işlənilməsi bu sözün dilimizdəki 'beş' sözü ilə bağlı olduğuna işarə edən dəyərli faktlar kimi qarşıya çıxır.

Bu ünsürün həqiqətən 'beş' sözü ilə əlaqədar olduğunu dəqiqləşdirmək və təsdiq etmək üçün türk dillərində olan digər bir fonetik qanuna müraciət etmək lazım gəlir; bu qanun s — ş əvəzlənməsi (s || ş) qanunudur. Məhz bu qanuna görə türk dillərinin bir qismində müəyyən sözlərdəki 'ş' digər qismində 's' ilə əvəzlənir. Məs., azəricə: qış, quş, diş, daş, gümüş, beş..., qazaqca: kıs, kus, tis, tas, gümis, bes...

Belə xüsusiyyət türk dillərinin ilk yazılı abidələrində də nəzərə çarpır: Orxon-Yenisey abidələrində 'kisi' (kişi), 'qılınmıs' (qılımış), 'ermis' (ermiş), 'barmıs' (varmış) sözlərində bir qayda olaraq 's' işlənildiyi halda, bəzən eyni söz bir yerdə 's' ilə, başqa yerdə 'ş' ilə yazılmışdır. Məs., Gültəkin abidəsindəki 'Qamuğı biş otuz sülədimiz' cümləsində 'biş' (beş) yazıldığı halda, 'bis tümən' ifadəsində 'bis' (beş) yazılmışdır.[63]

Belə nümunələr türk dillərində qədim zamanlardan bəri öz qüvvəsini saxlamış olan bir sıra fonetik qanunların varlığını və bu qanunlar əsasında tarix boyu nə kimi dəyişmələrin olduğunu aydınlaşdıran mötəbər meyar kimi burada da bizə kömək edir. Buna görə də qətiyyətlə deyə bilərik ki, iyirmi, altmış, yetmiş saylarının son hissəsini təşkil edən 'mi', 'mış', 'miş' ünsürləri 'beş' sözünün (müəyyən fonetik variantı əsasında) şəkilçiyə çevrilməsi nəticəsində formalaşan və sözün tərkib hissəsi halında sabitləşən vahidlərdir.

Burada daha bir sual meydana çıxır:

Bəs 'beş' sözünün "əl" mənasına işlənilmiş olduğunu necə sübut etmək olar?

Bu suala cavab vermək üçün türk dilləri ilə daha qədim dövrlərdən əlaqədar, qohum olan dillərə, bu çümlədən çuvaş dilinə nəzər salmaq lazım gəlir.

Çuvaş dilində "5" sayını ifadə etmək üçün 'pillek' sözü işlənir. Bu sözü dilimizdəki 'bilək' sözü ilə qarşılaşdırdıqda aydın olur ki, müasir dilimizdə "qolun ələ yaxın hissəsini", ümumiyyətlə əl də daxil olmaqla "qolun ən aşağı hissəsini" bildirmək üçün işlənilən bu söz əslində "əl" mənasını ümumiləşmiş halda ifadə edən bir isim olmuşdur. Elə buna görə də bəzən məcazi mənada — "ələ salmaq" mənasında "biləyə dolamaq (sarımaq)" ifadəsi indi də işlənir.[64]

Türk dillərində olan fonetik qanunlardan biri də 'l || ş' qanunudur. Bu qanuna görə hətta bəzi türkoloqlar türk dillərini iki qrupa ayırırlar: I. l qrupu, II. ş qrupu. Birinci qrup əlaməti əsasən çuvaş dilində, ikinci qrup əlaməti isə digər türk dillərində öz izini saxlayır. Buna görə də digər türk dillərində bir sıra sözlərdə işlənilən 'ş' və ya 's' çuvaş dilində 'l' ilə əvəzlənir. Məs., türk dillərindəki 'qış' || 'kıs', 'daş' || 'tas', 'eşit' || 'esit', 'gümüş' || 'kümüs', 'beş' || 'bes', 'yetmiş' || 'yetmis' əvəzinə çuvaş dilində 'xel', 'çul', 'ilt', 'kemel', 'pilek', 'sitmel' işlənir.

Belə xüsusiyyət öz izini, ünsürlər halında olsa da, bir sıra türk dillərində saxlamışdır. Bu baxımdan sovet türkoloqlarından N. K. Dmitriyev türk dilində işlənilən 'delik-deşik', 'kalak-kaşik' sözlərini bir nümunə kimi göstərməkdə tamamilə haqlıdır. Qeyd etmək lazımdır ki, bu sözlər azəri dilində də eynən işlənir ('dəlmək', 'deşmək' feillərinin əsli kimi). Hətta buraya dilimizdə işlənilən 'beşik-bələk' ifadəsini də əlavə etmək lazımdır. (Bu haqda, əlavə məlumat almaq üçün N. K. Dmitriyevin məqaləsini oxumaq məsləhətdir[65]).

Buradan çıxarılacaq nəticə aydındır: öz ilkin mənasına görə "əl" anlayışını ifadə edən 'bilək' sözünün əsası 'bil' olmuş və bu da 'l || ş' qanununa görə 'bil || biş' variantında formalaşmış və nəticə etibarilə bu qohum dillərdən bəzilərində "5" sayını bildirmək üçün 'biş' | 'beş' || 'bes' sözü, bəzisində isə 'pilek' sözü sabitləşmişdir. Elə buradan da "əl" mənasına az-çox yaxın bir məna çalarlığında 'bilək' sözü dilimizdə qalmışdır.

Deməli, əslində "əl" mənasını ifadə edən 'bil' || 'biş' | 'miş' sözü həm mənaca, həm də fonetik tərkibinə görə qanuni dəyişikliyə uğramış, yəni məntiqi əsasda, dünya dillərinin bir çoxunda olduğu kimi "əl" məfhumunu ifadə edən söz həm bir əldə olan beş barmağa görə "5" məfhumunu ifadə etmək üçün, həm də əllərdə olan on barmağa görə "10" məfhumunu ifadə etmək üçün işlənilmiş. Belə mənalarda işlənilmə nəticə etibarilə fonetik dəyişikliyə də səbəb olmuş və bir söz kökündən belə müxtəlif anlayışları ifadə edən müasir azəri dilindəki 'əl', 'beş', 'bilək' sözləri yarandığı kimi, həmin sözün digər fonetik və məna variantı əsasında, yəni "10" məfhumunu ifadə edən 'miş' əsasında, türk dillərinin bir çoxunda işlənilən 'igirmi' (iki on), 'altmış' (altı on) 'yetmiş' (yeddi on) sayları formalaşmışdır.

Bu faktlar bir daha təsdiq edir ki, F. Engelsin dediyi kimi «say məfhumu naməlum bir mənbədən deyil, məhz real varlıqdan alınmışdır. İnsanlar saymağı on barmaq əsasında öyrənmişlər...»[66] Deməli, ibtidai insan üçün 'əl' ilk sayğac olmuşdur.

Yeri gəlmişkən, belə bir faktı da yada salaq ki, müasir azəri dilində, xüsusən canlı danışıqda, 'dəfə' əvəzinə 'əl' sözünün işlənilməsi də (məs., "bir dəfə", "iki dəfə", "üç dəfə" mənasına "bir əl", "iki əl", "üç əl"... ifadəsi işlənir) məhz 'əl' sözünün sanamaq vasitəsi və say məfhumunun mənbəyi olduğunu göstərən izlərdəndir.

Buradan isə belə nəticəyə gəlmək olar ki, ibtidai insanlarda say anlayışının başlanğıcı '1', '5', '10' ilə əlaqədar olmuşdur. Elə buna görə də say bildirən sözləri tədqiq edən alimlərin çoxu belə nəticəyə gəlmişlər ki, təklikləri bildirən digər saylar, yəni '2', '3', '4', '6', '7', '8', '9' saylarını bildirən sözlər ilkin sayları bildirən sözlər əsasında düzəldilmişdir. Bunu başa düşmək üçün bircə nümunə göstərməklə hələlik kifayətlənirik.

Bir qrup tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, məs., 'doqquz' sözü iki hissədən ibarətdir, bu sözün birinci hissəsi "1" mənasına işlənilən 'doq' ('tək') sözündən, ikinci hissəsi isə "10" mənasına işlənilən 'uz' ('mus' | 'mıs') sözündən formalaşmış və başlanğıcda "təksiz on", "ona bir qalmış", "ondan bir az" anlayışını ifadə edən 'doq + uz' söz birləşməsi halında işlənilərək, tədricən 'tokuz' | 'doquz' | 'doqquz' sayı şəklində sabitləşmişdir.

Əlbəttə, bu mülahizələrdə həqiqət izləri vardır, lakin bu sahədə tədqiqatın dərinləşdirilməsi lazımdır. Buna görə də təklikləri bildirən digər saylar haqqında burada bəhs açmağı hələlik lazım bilmirik.

Lakin 'əl' ilə doğrudan-doğruya bağlı olan 'əlli' sayı haqqında müxtəsər məlumat verməyi vacib bilirik.

İbtidai insanlarda 'əl' say vasitəsi və vahidi olduğuna görə "çoxluq" anlayışını ifadə etmək üçün də "əl çoxluğu" mənasına 'əlli' sözü düzəldilmişdir.

Bu söz 'əl' və 'li' hissələrindən ibarətdir. Birinci hissəni təşkil edən ünsür məlumdur — 'əl'-dir, ikinci hissəni təşkil edən ünsür, ümumən türk dillərində, bu cümlədən azəri dilində işlənilən məhsuldar bir şəkilçidir. Lakin bu şəkilçi bəzi türk dillərində ilkin fonetik tərkibinə müvafiq halda, yəni '-lik' | '-lıq'... halında işlənir. Belə qapalı heca halında azəri dilində də həmin şəkilçi müəyyən məna çalarlığında, həm də əsas mənasına daha uyğun olaraq işlənilir: məs., 'çiçəklik', 'güllük', 'otluq', 'daşlıq' sözlərində bu əsl mənasına müvafiq olaraq işlənilmişdir. Həmin şəkilçidən törəyən '-lı | -li' şəkilçisi də azacıq məna fərqi ilə müasir azəri dilində işlənir.

Burada belə bir cəhəti qeyd etməliyik ki, isimlərdən əsasən sifət düzəltmək üçün istifadə olunan '-lı', '-li' şəkilçisi 'əl-li' sayında artıq donmuş haldadır. Buna görə də 'əlli' sözünü 'əl-li' tərzində kök və şəkilçiyə ayırmaq ilk baxışda təəccüb doğura bilər. Lakin nəzərə almaq lazımdır ki, biz bu sözü tarixi törəniş mənasında iki hissəyə ayırırıq. Bu fakt isə 'əlli' sözünün '-li' şəkilçisindən daha əvvəl, lakin eyni sözdən, eyni qanun əsasında formalaşdığını göstərən ilkin izlərdən biridir.

Belə hal isə, 'qardaş', 'yoldaş' sözlərində də olmuşdur və indi dilimizdə "50" miqdarını bildirən 'əlli' sözü ilə "əli olan" mənasında işlənilən 'əlli' sözü də məhz bu qəbildəndir. Çoxluq mənasına ilk dövrlərdən işlənilmiş olan bu şəkilçinin prototipi — ilkin şəkli 'lik' və ya 'lıq' təqribən eyni fonetik tərkibdə güman ki, "çox" mənasında işlənilmiş olan müstəqil bir sözdən törəmişdir və ümumi qaydaya müvafiq olaraq söz şəkilçiyə çevrildikdə fonetik qanunlar əsasında dəyişərək qoşulduğu 'əl' sözünə uyuşmuş; beləliklə də 'əlli' sözü "çox əl", daha doğrusu "on əl" mənasını ifadə edən bir say adı kimi sabitləşmişdir.

Загрузка...