BƏZİ QUŞ ADLARI HAQQINDA

***

Azərbaycan ərazisində quşlar çox və növbənöv olduğu kimi, azəri dilində də quş adı çoxdur. Bu quş adları isə obyektlərin adlandırılması məsələsi ilə əlaqədar olaraq həm dil və şüur, həm də sözlərin formalaşması kimi çox mühüm problemləri aydınlaşdırma nöqteyi-nəzərindən olduqca maraqlıdır.

Müasir azəri dilindəki quş adlarını nəzərdən keçirdikdə ümumiləşmiş halda belə bir nəticəyə gəlmək olur ki, quşlara adlar onların bu və ya digər fərqləndirici xüsusiyyətini, əlamətini təsvir edən, bildirən sözlər əsasında verilmişdir. Məsələn: 'qara quş', 'qızıl quş' adları həmin quşları rəngə görə fərqləndirici adlardır; 'ağacdələn', 'çalağan' adları həmin quşların "ağac dəlməsi" işinə görə, öz ovunu sürətlə tutmasına, çalmasına görə digər quşlardan fərqlənmələrini bildirən adlardır. Beləcə də 'gecəquşu', 'çöltoyuğu' adları həmin quşların əsasən hansı zamanda, hansı məkanda olmalarına görə; 'cücə', 'qarğa', 'qırğı', 'qu-quşu', adları isə əsasən bu quşların səslənmələrinə görə (yəni cücə adətən ci-ci..., cü-cü..., cö-cö..., cip-cip... tonunda, qu-quşu adətən qu-u... tonunda, qarğa da qa-qa..., qırğı isə qır...ğı...qı...qı tonunda səslənmələrinə görə) sövti təqlid əsasında düzəldilmiş adlardır. Belə adları düzəltmək üçün istifadə edilmiş dil vahidləri bu gün də işlək olduğundan, belə adların əsas mənasını və tərkib hissələrini də heç bir çətinlik çəkmədən müəyyənləşdirə bilirik, mənalarını da əsasən başa düşürük. Lakin müasir azəri dilində işlənilən bir sıra quş adları da var ki, bunların haradan olduğunu, hansı mənada işlənilmiş dil vahidlərindən hansı qayda əsasında qurulduğunu müəyyənləşdirmək üçün xüsusi tədqiqat tələb olunur.

Biz burada belə adlardan bir neçəsinin necə yaradıldığını — törənişini aydınlaşdırmağa çalışacağıq.

Müasir azəri dilində işlənilən quş adlarından bir neçəsi 'çın' | 'çin' hecası ilə bitir: göyərçin, bildirçin, sığırçın, laçın. Bunlardan başqa bəzi mənbələrdə borçın, balıqçınbayırçın kimi quş adlarının da digər türk dillərində olduğu qeyd edilir.

Nümunələrdən də göründüyü kimi bu adların hamısı iki hissədən, daha doğrusu iki sözün birləşməsindən düzəldilmiş adlardır və hamısının ikinci hissəsi eyni sözün fonetik variantıdır. Həmin variantların hansı mənada işlənilmiş və necə qurulmuş sözdən olduğunu tapmaq üçün, əvvəlcə, bu adların birinci tərəfini təşkil edən vahidləri müəyyənləşdirmək vacibdir. Bu məqsədlə də həmin adları tək-tək nəzərdən keçirək.

Göyərçin

Bu sözün sonuncu hissəsini, yəni digər quş adlarında da işlənilərək ümumilik təşkil edən 'çin' hissəsini ayırdıqda, qalan hissəsi 'göyər' sözü müasir azəri dilində işlənilən 'göyər' | 'gögər' feilinə oxşayır ki, onun da 'göy' | 'gög' kökündən düzəldiyi məlumdur. Müasir azəri dilində 'göy' | 'gög' sözünün iki əsas mənası vardır: "göy rəng", "səma"; bunlardan başqa, bu söz "göyərti" mənasında da geniş dairədə işlənir. Bu sözün ən əvvəlcə hansı mənada yarandığını qətiləşdirmək olduqca çətindir: ümumiyyətlə rəng bildirən sözlərin həmin rəngdə olan ilk maddi varlıq adlarından törəməsi prinsipinə görə bu sözün başlanğıçda ya "göyərti — otluq", ya da "səma" mənasına formalaşmış olduğunu güman etmək lazım gəlir. Lakin bəzi faktlar belə gümanları zəifləşdirir; məs., qədim türk dili abidələrindən olan Orxon-Yenisey kitabələrində 'göy' sözü "səma" mənasında deyil, məhz "səma" mənasında olan 'tanrı' sözünün təyini vəzifəsində "göy rəng" mənasında işlənilmişdir: «Üzə gög tanrı asra yağız yir qılındıqda»[42]... (yəni "üstdə göy səma, aşağıda quru yer yarandıqda"). Buradan belə bir nəticəyə gəlmək olar ki, "göy" sözü təqribən iki min ildir ki, "göy rəng" mənasında işlənilir.

'Göyərçin' adında bu sözün hansı mənada işlənildiyini müəyyənləşdirmək üçün biz həmin quşun başqa dillərdəki adından da istifadə edə bilirik.

Məlum olduğu üzrə 'göyərçin' rus dilində 'qolub', fars dilində isə 'kabutar' adlanır ki, hər iki dildə "göy rəng" mənasına da həmin adların əsası (rus dilində 'qoluboy', fars dilində 'kabud' sözləri) işlənir. Belə görünür ki, həmin xalqlar, onların əcdadları da göyərçini rənginə görə adlandırmışlar. Məhz bu faktlar, yəni 'göyərçin' adlanan quşun əsasən "göy çalarlıqlı" rəngi bu quşun farsca 'kabutar', rusca 'qolub' adlanması üçün əsas olmuşdur və belə bir əsasda da azəricə "göy çalarlığında" mənasına 'göyər' sözünə 'çin' bitişdirilib 'göyərçin' (yəni "göyrəng çalarlıqlı çin") adı yaradılmışdır.

Bildirçin

Bu adla tanınan quşun səslənməsini nəzərə aldıqda, tərəddüd etmədən belə bir nəticəyə gəlmək olur ki, bu adın birinci tərəfini təşkil edən 'bildir' hissəsi həmin quşun özünəməxsus bir çalarlıqda səslənməsini, yəni 'pil-pil'..., 'bil-bil'..., 'bil-tir'..., 'bil-dir'... kimi fonetik tərkiblərə bənzər səslənməsini insan nitqində əks etdirmək üçün sövti təqlid yolu ilə düzəldilmiş sözdür. Həmin söz 'çin' ünsürü ilə birləşdirilərək məhz belə səslənməsi ilə fərqlənən-xüsusiləşən quşun adı, yəni 'bildirçin' sözü yaradılmışdır.

Burada belə bir faktı da qeyd etmək maraqlıdır ki, həmin quşun rusca adı — 'perepel' sözü də əslində 'pel-pel' kimi səslənməni xatırladır; güman etmək olar ki, bildirçinin rusca adı 'perepel' | 'perepelka' sözü də "pel təkrarlayan", yəni "pel-pel edən", yaxud "təkrar-təkrar səslənən" mənasına formalaşmış bir sözdür.

Sığırçın

Bu sözün birinci hissəsini təşkil edən 'sığır' sözü müasir azəri dilində ümumiyyətlə "qara mal", "iri buynuzlu mal-qara" mənasına işlənilən müstəqil mənalı bir sözdür. Bu adla tanınan quş, yəni 'sığırçın' çox zaman həmin iri buynuzlu qara mal arasında dolaşır və bunların arxasına qonaraq onların dərisində olan qurt, bit və sair həşəratla yemlənir. Məhz buna görə də "sığır quşu" mənasına bu quş 'sığırçın' adlandırılmışdır.

Balıqçın

Bu quş adı haqqında lüğətlərdə verilmiş müxtəsər məlumatdan belə aydın olur ki, "balıqla yemlənən quş" mənasına 'balıqçın' adı formalaşmışdır[43].

Yeri gəlmişkən belə bir faktı da qeyd edək ki, V. V. Radlov öz lüğətində[44] osmanlı-türk dilində bu quşun 'balıqçın', cığatay dilində isə 'balğıçin' (بالخغیچین) adlandığını qeyd etmişdir. Fikrimizcə bunlar ancaq tələffüz fərqidir və hər iki sözün ilk hissəsi 'balıq' ilə bağlıdır.

Bayırçın

V. V. Radlov öz lüğətində həmin sözün qarşısındaca 'bayırquşu' adını da qeyd edərək türk (osmanlı) dilində hər iki sözün eyni quşun adı kimi işlənildiyini bildirmişdir[45]. Buradan isə aydın olur ki, bu quş əsasən çöldə, bayırda yaşayır və çox güman ki, özü üçün yuva düzəltmir. Məhz buna görə də 'bayır' sözü ilə 'çın' ünsürünün birləşdirilməsindən "bayırquşu" mənasına 'bayırçın' ismi yaradılmışdır.

***

İndi də 'göyərçin', 'bildirçin' və bu qəbildən olan digər quş adlarının formalaşdırılmasında istifadə olunan 'çin' | 'çın' ünsürünü nəzərdən keçirək.

Bu adların birinci hissələrində ifadə olunan mənaları nəzərə aldıqda, belə bir məntiqi nəticəyə gəlmək olur ki, bu sözlərdəki 'çın' | 'çin' ünsürü ümumiyyətlə "quş" mənasını ifadə edir. Buna görə də bu ünsürlərin quşa xas olan bir əlamətdar anlayışı ifadə edən müəyyən sözdən törəmiş olması ehtimalı yaranır. Həmin sözlərdən bəzilərində 'çin' | 'çın' əvəzinə 'quş' sözünün işlənilməsi bu ehtimalı bir qədər də əsaslandırır. Məs., V. V. Radlov lüğətində 'sığırçın' əvəzinə cığatay ədəbi dilində 'sığırquş' adının 'bayırçın' adı ilə yanaşı 'bayır quşu' adının da osmanlıcada (türkcədə) işlənildiyini qeyd edir[46].

Belə vəziyyət, eyni mənada iki sözün müvazi işlənilməsi halı, tamamilə qanunidir. Çünki 'sığır' ilə, 'bayır' ilə əlaqədar olaraq belə adların quşlara verildiyini başa düşən şəxs tanış olmayan sözü "quş" mənasına işlətmir və onu öz canlı dilində işlətdiyi sözlə əvəz edir: buna görə də 'sığırçın', 'bayırçın' demir, 'sığırquş', 'bayır quşu' adlarını işlədir.

Bəs 'çın' | 'çin' variantlarında işlənilən bu ünsürlər 'quş' anlayışı ilə əlaqədar hansı sözdən törəmişdir?

Bu suala cavab vermək üçün həmin sözlərin, yəni 'quş' anlayışı ilə əlaqədar olan sözlərin müxtəlif dillərdə işlənilən və müxtəlif mənbələrdə qeyd odilmiş bəzi variantlarını müxtəsərcə nəzərdən keçirmək lazımdır.

Türk dillərindəki sözlərdən məlumat verən ilk mənbələrdən sayılan "Muqaddimat-al-adab" adlı lüğətdə "göyərçin" mənasına işlənilən və ərəb əlifbası ilə yazılmış (کورجکان) sözünə rast gəlirik.

Bu sözü tədqiqatçılardan bəziləri 'köwerčken' (köverçken) şəklində, bəziləri 'köverçkän' (köverçkən) şəklində oxumuşlar[47].

Bizcə bu sözün oxunuşunu dəqiqləşdirmək lazımdır. Bununçün isə M. Kaşğarinin belə bir mülahizəsini yada salmaq zəruridir. M. Kaşğari aydınca göstərmişdir ki, türk dillərinə mənsub sözlərdə heç bir zamam ikidən artıq samit yanaşı gəlməz[48]. Bu baxımdan yanaşdıqda aydınca görünür ki, 'göverçken' və ya 'kövərçkən' tərzində tələffüz bu qanuna uyğun deyildir. Çünki, belə tələffüzdə '-rçk' samitlər yanaşması alınır ki, bunu qanuni hal saymaq olmaz. Bu sözün o zaman necə tələffüz edildiyini dəqiq müəyyənləşdirmək çətin olsa da, ümumi qanunauyğunluğu nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, burada 'r' ilə 'ç' samitləri arasında bir sait işlənilmişdir. Buna görə bu sözün ya 'gövəruçqan', ya da 'gövəriçkən' şəklində və ya bunlara bənzər bir fonetik tərkibdə tələffüz edilmiş olduğunu söyləmək mümkündür. Belə hal bu sözün tərkib hissələri baxımından da özünü doğruldur, çünki bu sözün birinci hissəsi, yuxarıda izah olunduğu kimi, "göy çalarlıqlı" mənasına düzəltmə bir sözdür: 'göv', daha doğrusu 'göö', yəni 'göy' sözünə '-ər' şəkilçisi bitişdirilərək "göy çalarlığı" mənasını ifadə edən söz düzəldilmiş. Bu sözün ikinci hissəsi isə, yəqin ki, 'uçqan' sözüdür, ahəng qanununa görə 'üçkən' şəklinə də düşə bilər.

Bu ünsürün əsasını təşkil edən 'uçqan' sözü isə 'quş' adlanan heyvanı digər heyvanlardan fərqləndirən əsas əlamətdir. Elə buna görə də dünya dillərinin bir qismindən 'quş' mənasını ifadə edən adlar isə "uçmaq" mənasını ifadə edən sözlərdən düzəldilmişdir. Bunu sübut etmək üçün çox uzağa getmək lazım deyil, lüğət tərkibi ilə bizə az-çox tanış olan ərəb dilində "quş" və "uçmaq" mənalarını ifadə etmək üçün işlənilən bəzi sözləri nəzərdən keçirək.

Ərəb dilində "tayr" (طیر) sözü həm "uçmaq”, həm də "quş" mənasına işlənir və bu sözdən düzəldilərək ümumiyyətlə "uçan" mənasını ifadə edən "tair" sözü də "quş" mənasına işlənir. Müasir azəri ədəbi dilində işlətdiyimiz 'təyyarə' sözü də həmin kökdən "uçucu" mənasında düzəldilmiş bir sözdür.

Buna bənzər hal latın və yunan dillərində də müşahidə olunur.

Belə faktlar Zimehşəri lüğətində qeyd edilmiş 'kövərüçkən' sözünün ikinci hissəsinin həqiqətən 'uçqan' sözündən olduğunu bir daha təsdiqləyir.

Beləliklə aydınlaşır ki, ilk dövrlərdə "uç" feli ilə "qan" şəkilçisindən düzəldilmiş 'uçqan' sözü türkdilli qəbilələrin bəlkə də bir çoxunda 'quş' mənasına işlənilmişdir. Sonralar isə müxtəlif quşların adlandırılmasında ümumi bir vahid kimi "quş" mənasını ifadə etmiş və nəticə etibarilə müxtəlif quş adlarını ifadə edən birləşmələrdə söz kimi öz müstəqilliyini itirsə də, əsas mənasını saxlamaqla bərabər şəkilçiyə çevrilmişdir. Buna görə də bu sözün fonetik tərkibində də bir sıra qanuni dəyişikliklər baş vermişdir (uçqan → üçkən → üçən → 'çın' | 'çin'). Beləliklə də "quş" anlayışını ifadə edən 'çin' | 'çın' əvvəllər aktiv, hazırda isə passiv, daha doğrusu arxaik bir şəkilçi kimi ancaq bir neçə quş adında qalmışdır.

Bütün bunlardan aydın olur ki, "göy çalarlıqlı quş" mənasına 'göyərçin', "sığır içərisində olan quş" mənasına 'sığırçın', "bil-dir-bil-dir edən quş" mənasına 'bildirçin', "balıqlarla dolanan quş" mənasına 'balıqçın', "bayırda olan quş" mənasına 'bayırçın' "bibiyi darağa bənzər quş" mənasına 'daraxçın' kimi quş adları yuxarıda izah etdiyimiz əsasda formalaşmışdır.

Загрузка...