BİR NEÇƏ BİTKİ ADI HAQQINDA

***

Müasir azəri dilində bitki adları və bitkilərlə əlaqədar anlayışları ifadə edən sözlər olduqca zəngindir. Diqqətlə nəzərdən keçirdikdə belə nəticəyə gəlmək olur ki, bitkilərlə əlaqədar anlayışları, adları bildirən sözlər mənşə və quruluşca da çox rəngarəngdir. Belə sözlərin bir qismi, həm də çoxu azəri dilinin ez ehtiyatı əsasında düzəldilmiş, bir qismi isə başqa dillərdən alınma sözlərdir və bunların quruluşunu, mənşəsini aydınlaşdırmaq üçün xüsusi dərin tədqiqata da ehtiyac yoxdur. Məsələn, heç bir çətinlik çəkmədən hamı başa düşür ki, yerkökü, sarıkök, tərotu, kəklikotu, günəbaxan kimi isimlər həmin adlarla tanınan bitkilərin bu və ya digər bir xüsusiyyətini ifadə edən sözlər əsasında düzəldilmişdir, həm də bu sözlərin mənası hamıya məlumdur. Beləcə də mandarin, kartof, limon, çay, kakao kimi alınma sözləri də çətinlik çəkmədən tanımaq olur. Lakin bitkilərlə əlaqədar sözlərin içərisində elələri də var ki, mənşəsini və ya quruluşunu aydınlaşdırmaq üçün az-çox tədqiqat tələb olunur.

Məsələn, müasir azəri dilində işlənilən pambıq, darçın, zoğal, əzgil, yosun, qarpız və bunlar kimi bir sıra bitki adlarının quruluşunu, hansı sözdən, hansı dildən olduğunu tapmaq üçün bəzən çox gərgin, hərtərəfli tədqiqat tələb olunur. Bunu da qeyd etmək lazımdır ki, belə sözlərin aydınlaşdırılması ilə bəzən tarixi sirrlərin də açılması üçün qiymətli faktlar əldə edilmiş olur. Məhz belə bir baxımdan aşağıdakı sözləri nəzərdən keçirməyi faydalı bildik.

Zoğ

Müasir azəri dilində "ağacda yenicə formalaşmağa başlamış budaqcığın adı" mənasına, bəzən də "tumurcuq" mənasına işlənilən bu sözün alban tayfa dillərindən qalma bir ünsür olması və indi də alban tayfalarından biri sayılan udinlərin dilində "yeni, sütül budaq" mənasında işlənilməsi diqqəti cəlb edir.

Zoğal (kizil)

Bu adla tanınan meyvə, yəqin ki, qırmızı rəngdə olduğuna görə türk dillərinin bir çoxunda 'qızıl | kizil' adlanır və buradan da həmin söz rus dilinə keçərək 'kizil' şəklində sabitləşmişdir. Ümumiyyətlə "qırmızı" mənasına olan 'qızıl' sözü azəri dilində də işlənir (məs., Qızıl ordu), lakin azəri dilində bu meyvə 'zoğal' adlanır ki, bu söz də təqribən eyni mənanı ifadə edir. Belə ki, 'zoğal', yuxarıda qeyd etdiyimiz kimi, azəri dilində "tumurcuq" mənasına işlənilən 'zoğ' sözü ilə 'al bayraq' ifadəsində olduğu kimi "qırmızı" mənasına işlənilən 'al' sözünün birləşməsindən formalaşmış bir isimdir ki, bu mürəkkəb adda "xırda tuma oxşar al-qırmızı meyvə" anlayışı ifadə olunmuşdur.

Həqiqətən ağac budaqları üzərində sıralanmış qırmızı zoğallara baxdıqda "qırmızı zoğlara, tumurcuqlara" oxşayan xırda meyvə nəzərə çarpır.

Bu isə bir sıra bitki adları kimi ('öküzgözü', 'günəbaxan' və bunlar kimi) 'zoğal' sözünün də məhz 'zoğ-al' kimi təsviri ifadə əsasında qurulduğunu bir daha təsdiq edir.

Əzgil

Əksərən meşədə, dağda bitən meyvələrdən biri də əzgildir. Bu adla tanınan meyvə iri meyvələrdən yox, xırda meyvələrdəndir. Buna görə də 'əzgil' sözünün ikinci hissəsini təşkil edən '-gil' ünsürünün xırda meyvə mənasına ümumiləşmiş halda işlənilən 'gilə' sözü ilə bağlı olduğunu söyləmək mümkündür. Bu sözün birinci hissəsini təşkil edən 'əz' ünsürü isə həmin meyvənin ikinci bir əlamətini ifadə edir. Belə ki, 'əzgil', məlum olduğu üzrə, bir qədər qaldıqdan sonra istər ağacda, istər dərilib saxlanılan yerdə lalıqlayır və əzilir. Məhz bu əlamətinə görə də 'əzgil' digər meyvələrdən fərqlənir. Belə xüsusiyyətlərini nəzərə alaraq görünür ki, babalarımız bu meyvəni təsviri şəkildə 'əzik gilə', yaxud 'əzilən gilə' adlandırmışlar və buradan da, mürəkkəb sözlərdən sadə sözlərin formalaşması qaydasına müvafiq olaraq, indi işlətdiyimiz 'əzgil' sözü formalaşmışdır.

Darçın

Quş adlarından bəhs edərək 'çın' | 'çin' sözünün "quş" mənasını bildirən bir söz kimi formalaşdığını izah etmişik. Lakin buradan belə bir nəticəyə gəlmək olmaz ki, 'çın' | 'çin' ancaq "quş" deməkdir.

Dilçilikdə artıq çoxdan aydınlaşdırılmışdır ki, hər bir dildə fonetik tərkibcə eyni, məzmunca isə müxtəlif sözlər ola bilir və belə sözlər ümumiləşmiş halda omonim sözlər adlanır. Omonim sözlər isə ya başqa-başqa dillərə mənsub olur, ya da fonetik dəyişikliyə uğradılaraq əslindən fərqləndirilmiş sözlərdən düzəlir.

Məhz 'darçın' sözündəki 'çın' ünsürü də yuxarıda qeyd etdiyimiz hər iki səbəblə əlaqədar olaraq belə bir şəklə düşmüş dil vahidlərindəndir.

Müəyyən bir bitki adı və bu bitkinin qabığının adı, həm də bu qabıqdan düzəldilmiş dərman adı kimi işlənilən 'darçın' sözü fars dili əsasında qurulmuş bir söz birləşməsidir; birinci tərəf fars dilində "dərman" mənasına olan 'daru' (دارو) sözüdür, ikinci tərəf isə "Çin" ölkəsinin adıdır. İlk mənbələrdə verilən məlumatdan aydın olur ki, bu bitki və onun qabığı Çindən gətirilən bir dərman kimi istifadə olunduğu üçün buna "Çin dərmanı" mənasına "daru çin" adı verilmişdir. Bu söz fars dilindən alınıb azəri dilində bir müddət, xüsusən yazılı dildə, əslinə müvafiq şəkildə işlənilmişdir. Lakin sonralar azərilər arasında çox işlənilib yayılmış və azəri dilinin qanunlarına uyğun hala salınaraq 'darçın' şəklində azəriləşdirilmişdir. Buradan belə bir nəticə də çıxarmaq lazım gəlir ki, hər cür alınma söz, bu cümlədən xüsusi isimlər, hətta ölkə adları da dilin daxili qanunları əsasında dəyişdirilir.

Buna bənzər halda dəyişməni əks etdirən daha iki sözü də yada salaq.

(Javın, Ədilyan) Bu sözlər ümumi ədəbi dildə geniş dairədə işlənilmir. Lakin Şəki şəhərində baramaçılıqla az-çox tanış olan şəxslər bu sözlərin mənasını bilirlər. Bu sözlər barama növlərini bildirən terminlərdir. Bəs bu sözlər haradandır?

Yoxlama nəticəsində aydın olmuşdur ki, vaxtilə Yaponiyadan gətirilmiş və Şəkidə də artırılmış, ipəkçilikdə istifadə olunmuş baramanın bu növü həmin yerin adı ilə 'javın' adlanmışdır.[49]

Eyni qayda ilə İtaliyadan gətirilib istifadə olunan digər barama növü isə 'ədilyan' adlanmışdır ki, bu da əslində 'italyan' sözünün dəyişdirilmiş şəklidir.

Bu misallardan da aydın olur ki, dilimizdə olan bəzi sözlərin etimolojisi təkcə sözlərin deyil, həmin sözlərlə adlanan varlığın, haradan, necə, nə zaman gətirildiyini də öyrənməyə kömək edir.

Müasir azəri dilində işlənilən "hind qozu”, "cərcov yemişi" və daha bir sıra belə bitki adları da məhz bu qəbildəndir.

Pambıq

Müasir azəri dilində geniş dairədə işlənilən ən qədim isimlərdən birisi də 'pambıq' sözüdür. Mənşəcə bu söz müasir fars dilində eyni mənanı ifadə edən 'pənbə' sözü ilə əlaqədardır. Lakin 'pambıq' sözü azərilərin dilinə yeni fars dilindən keçməmiş və müasir fars dilində 'pambıq' sözü işlənilmir. Müasir fars dilində işlənilən 'pənbə' sözü bədii ədəbiyyatımızda bəzən məcazi mənada xüsusən "ağ", "yumşaq" mənalarında ('pənbə əllər' ifadəsində olduğu kimi) işlənilmişdir. Lakin xüsusi tədqiqat aparmadan, dildəki bir sıra qanunları nəzərə almadan, əlbəttə, heç kəs 'pənbə' sözünün 'pambıq' sözündən törədiyini deyə bilməz. Yoxlama nəticəsində belə aydın olmuş ki, pəhləvi dilində (orta fars dilində) 'pambıq' fonetik tərkibində işlənilmiş bu söz həmin dil geniş dairədə işlək olduğu dövrdə (təqribən IX—X əsrlərə qədərki dövrdə) pəhləvicədən azərilərin, ermənilərin, gürcülərin dillərinə də keçmişdir. Gürcülər və ermənilər bu sözü daha çox əslinə uyğun fonetik tərkibində indi də işlədirlər (ermənicə — bambak, gürcücədə — bambaki), azəricədə isə bu söz azacıq dəyişdirilərək, yəni 'pambaq' deyil 'pambıq' şəklində işlənir.

XI əsrin məşhur türkoloqu M. Kaşğari bu sözün 'bamuq' ('pamuq') şəklində işlənildiyini və oğuz dilinə mənsub olduğunu qeyd etmişdir[50].

Burada belə bir faktı da qeyd etmək lazımdır ki, bəzi mənbələrdə göstərildiyi kimi, 'pambıq' sözü özbək ədəbi dilinin başlanğıc mərhələsi olan cığatay ədəbi dilində də 'mamuğ' şəklində, hətta türk dillərindən qazaq və qırğız dillərində də 'mamıq', 'mamuq' şəklində işlənilmişdir[51]. Lakin bu söz indi Orta Asiya türk dillərində ümumi şəkildə işlənilmir və bunun əvəzinə əsasən 'paxta' sözü işlənir.

(Bumaqa). Məşhur türkoloq V. V. Radlovun lüğətində[52] 'mamuq' sözünün cığataycada və bəzi türk dillərində "хлопчатая бумага" mənasında işlənildiyi qeyd olunur ki, bu da rus dilindəki 'bumaqa' sözünün də məhz 'bamuq', daha doğrusu 'bambaq' sözündən olduğunu söyləmək üçün bizə inandırıcı əsas verir.

(Pampax). Nəhayət, azəri dilinin bəzi şivələrində, məs., Şəki şivəsində "aciz", "müqavimətsiz", "möhkəm deyil, çox yumşaq adam" mənasına 'pampax' sözü işlənir ("Pampax adamdı", "Çox pampaxsan").

Bu sözü məcazilik mənasında işlənilən bir söz kimi yoxladıqda aydın olur ki, 'pampax' sözünün belə bir mənada işlənilməsi üçün "pambığın yumşaqlığı" əsas olmuşdur. Burada diqqəti cəlb edən cəhət 'pampax' sözünün əslinə daha çox uyğun saxlanılmasıdır. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, 'pambıq' və 'pampax' kəlmələri azərilərin hələ Sasanilər dövründə pəhləvicədəki 'pambaq' ismi əsasında düzəldib işlətdikləri sözlərdir.

Tum

Müasir azəri ədəbi dilində 'toxum' və 'tum' sözləri işlənilir. Bu sözlərin hər ikisinin də fars dilindən alındığını və ikinci sözün birinci sözdən təhrif və ya, necə deyərlər, təxfif edilərək, yəni bəsitləşdirilərək düzəldiyini söyləyirlər. Əlbəttə bu sözlərin hər ikisi də alınmadır, lakin burada heç bir "təxfif" və ya "təhrif" yoxdur. Bu sözlər sadəcə ayrı-ayrı dövrlərdə eyni dil ailəsinə mənsub müxtəlif qəbilə və ya tayfa dilləri əsasında qurulmuş yazılı İran dillərində eyni mənaya işlənən eyni sözün müxtəlif şəklidir ki, dilimizə, şübhəsiz, müxtəlif mənbələrdən ayrı-ayrı zamanlarda keçmişdir. Bu söz Zend yazılarında 'taoxma', sanskrit yazılarında 'tıgm', pəhləvi yazılarında və ərəb əlifbasında olan yeni farscada 'toxm' şəklində işlənmişdir. Bu söz dilimizə yeni fars dilindən islamiyyətdən sonramı, yoxsa pəhləvi dilindən Sasanilər dövründənmi daxil olmuşdur? Bunu təyin etmək bir o qədər çətin deyil, çünki azəri ədəbi dilinin ilk yazılı mənbələri ərəb əlifbasında olmuş. Ərəb əlifbasında yazılmış bütün mənbələrdə bu söz əsasən fars imlasına uyğun olaraq تخم ('toxm') şəklində yazılmışdır.

Lakin bu söz, güman ki, ilk dövrlərdən yazıda olmasa da canlı danışıqda dilimizin tələbinə əsasən (iki samitin yanaşı gəlməməsi üçün) 'toxum' şəklində tələffüz edilərək azəriləşdirilmişdir. Lakin qədim fars dilində haxamaniş mixi yazılarında bu söz, bu məfhum belə mixi əlamətlər tərkibi ilə ifadə edilmişdir. Bəzi mütəxəssislər bu tərkibi 'tauma', 'tahuma' yaxud 'tauhma' tərzində oxumaqla, bu sözlə, bu sözün sonrakı şəkilləri arasında bir sövti eyniyyət olduğunu sübut etmək təşəbbüsünə düşmüşlərsə də, sözün qədim fonetik tərkibini dürüst müəyyənləşdirə bilməmişlər.

Məlum olduğu üzrə, bəzən bir sözün qədim şəkli yazılı abidələrdən daha dürüst bir halda canlı dildə, hətta qonşuluqda yaşamış olan başqa bir xalqın dilində saxlanılmış olur. Buna görə də heç bir təfsirə ehtiyac olmadan bu mixi hərfi əlamətləri öz əsil hərfi mənasında oxumaq daha doğru olar, yəni əlamətini 't', əlamətini 'u' | 'o', əlamətini 'm', əlamətini isə 'a' səslərini ifadə edən işarələr kimi tanıyaraq, bu tərkibi 'tuma' şəklində oxumaq lazım gəlir ki, bunun da izini dilimizdə işlənən 'tum' sözündə görürük. Bu söz, yəqin ki, daha əvvəllərdən, yəni Midiya dövründən qədim fars (pars) dilindən azərilərin dilinə keçərək işlənildiyi üçün, sonradan (ya Sasanilər dövründə, ya da islami dövrdə) dilimizə daxil olan eyni mənalı 'toxm' ('toxum') sözü ilə müvazi işlənə bilməmiş və mənaca bir az məhdudlaşmışdır; yəni toxumun ancaq bir qismini, "çəyirdək" adlanan qismini bildirən bir söz olmuşdur.

'Tum' sözü bəzi şivələrdə "nəsil", "əsil" mənasında da işlənir ki, bu haxamaniş yazılarındakı mənaya daha uyğundur. Məs., həmin yazılardakı 'amaxam tuma' ifadəsini Kossoviç "nostra stirps" kimi tərcümə etmişdir ki, "bizim nəslimiz" deməkdir. Bu ifadədəki 'tuma' sözü "nəsil" mənasına işlənilmişdir. Bu da həmin sözün müasir azəri dilində "nəsil" mənasına işlənilməsinin qədimliyini sübut edir.

Beləliklə aydın olur ki, müasir azəri ədəbi dilində və şivələrdə əsasən "meyvələrin, qarpız, yemiş, qabaq qəbilindən olan bitkilərin çəyirdəyi" mənasına, bəzən də "nəsil" mənasına işlənilən 'tum' kəlməsi çox qədim zamanlardan qədim fars (yəni pars) dilindən alınan bir sözdür.

Загрузка...