Qab-qacaq və alətlər məişətlə doğrudan-doğruya bağlı olan vasitələrdir, həm də çox dəyişkəndir. Bununla belə qabların, alətlərin bəzisi əsrlər boyu məişətin əsas vəsaiti kimi saxlanır və istifadə olunur. Əgər diqqətlə nəzərdən keçirmiş olsaq, görərik ki, qab-qacaqda da, istehsal alətlərində də xalqın tarixi öz əksini tapmışdır. Son zamanlarda arxeoloji qazıntılar nəticəsində əldə edilən qab-qacağa, köhnə evlərin rəflərinə düzülmüş qab-qacağa, nəhayət, bufet və şkaflardakı qab-qacaq komplekslərinə nəzər saldıqda bu tarix göz qabağında canlanır. Bu qab-qacağın və alətlərin adlarında da tarix öz izini saxlayır, həm də bu adlardakı izlərlə bu qab-qacağın, alətlərin nə zaman azərilərin məişət vəsaiti kimi işlənildiyini də təqribən müəyyənləşdirmək mümkün olur. Məsələn, müasir azəri dilində işlənilən 'stəkan', 'samovar' adları ilə tanıdığımız qabların azərilər arasında XIX əsrdən əvvəl işlənilmədiyini və son əsrlərdə Rusiyadan gətirildiyini məhz həmin qabların adları sübut edir. Buna görə də qab-qacaq adlarını da diqqətlə öyrənmək, bu adların necə düzəldiyini, hansı dildəki sözlərlə bağlı olduğunu, ilk dəfə hansı mənada düzəldilmiş bir söz olduğunu müəyyənləşdirmək, yəni belə sözlərin etimolojisini aydınlaşdırmaq həm xalqın tarixini, həm də dilin tarixini öyrənmək nöqteyi-nəzərindən çox zəruridir.
Müasir azəri dilində işlənilən qab-qacaq və alət adlarını etimoloji baxımdan iki qrupa bölmək olar:
1. Hansı sözdən, necə və hansı mənada formalaşdığı nisbətən aydın olanlar: duzqabı, yağqabı, nəməkdan, çaydan, süddan, qənddan, çaynik, samovar, bıçaq, bıçqı, kürək, xəkəndaz və b. k.
2. Hansı sözdən, necə və hansı mənada formalaşdığı aydın olmayanlar: bardaq, cürdək, qazan, dopu, küpə, qulp, satıl, badya, ütü, şadara və b. k.
Birinci qrupa daxil olan adların bir qismi azəri dilinin öz sözləri əsasında qurulmuş (duzqabı, bıçaq), bir qismi isə fars dilindən (nəməkdan, xəkəndaz...), bir qismi rus dilindən (çaynik, samovar) alınmadır, bir qismi də azəri sözü ilə başqa bir dilə məxsus sözün, şəkilçinin tərkibindən düzəldilmişdir (süddan). Buna görə də belə adların etimolojisi haqqında geniş bəhs açmağa lüzum yoxdur.
Lakin ikinci qrupa daxil adların etimolojisini aydınlaşdırmaq üçün xüsusi tədqiqat tələb olunur.
Biz burada hələlik bu adlardan bir neçəsi haqqında, daha doğrusu 'bardaq', 'cürdək', 'ütü', 'şadara', 'qulp' sözləri haqqında danışacağıq.
XIX əsrin sonralarında rus dilində yazılıb nəşr olunmuş iki lüğətdə bu sözün rus dilində "кружка", "кувшин" adlanan qabların adı olaraq bir sıra türk dillərində işlənildiyi qeyd edilirsə də, azəricədə işlənildiyi göstərilmir[35].
Son zamanlarda nəşr olunmuş "Azərbaycan dilinin izahlı lüğəti"-ndə isə bu söz haqqında belə bir izahat verilmişdir: «Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, сürdək»[36].
Göstərilən lüğətlərdə 'bardaq' sözünə dair verilmiş izahatdan belə aydın olur ki, bu söz bir qabın adıdır, həm də bu qab su və ya başqa maye üçündür. Lakin buradaca qeyd etməliyik ki, 'bardaq' xüsusi quruluşlu, həcmli su-maye qabıdır və 'krujka', 'kuvşin', yaxud 'səhəng', 'cürdək' adlanan qablardan fərqlidir. Bundan əlavə, bardaqda piti bişirilməz; piti bişirmək üçün xüsusi quruluşlu piti qabı, yaxud piti dopusu vardır; ümumiyyətlə bardaqda piti bişirmək olmaz, çünki o, darboğaz qabdır.
'Bardaq' sözü quruluşca iki hecadan ibarətdir ('bar-daq') və bu sözdə, yuxarıda qeyd olunduğu kimi, iki məfhum birləşməsi ifadə olunur: "maye" və "qab".
Ümumiyyətlə bir çox qabların adlanmasında qabın nə üçün olması əsas fərqləndirici əlamət təşkil edir və qablar bu yolla da adlanır. Müasir azəri dilnidə belə hallar indi də vardır, məsələn: duzqabı, yağqabı, gülqabı, külqabı. Belə sözlərin bir qismi də başqa dildən eynilə alınaraq işlənir: çaynik, nəməkdan, şəkərdan və s.
Dünya dillərinin hamısında belə faktlara rast gəlmək mümkündür. Məhz belə faktlara əsaslanaraq yoxlamanı dərinləşdirdikdə 'bardaq' sözünün də həmin yolla formalaşdığını müəyyənləşdirmək mümkün olur.
Qədim türkdilli mənbələrdən məlum olur ki, "mey”, "şərab" mənasına 'bor' sözü işlənilmişdir. Bu söz hətta XV əsrdə cığatay yazılı ədəbi dilində və eləcə də orta əsrlərdə monqol dilində işlənilmişdir.
Lakin bir sıra faktları nəzərə aldıqda belə bir nəticəyə gələ bilərik ki, 'bor' sözü də öz ilkin mənasından uzaqlaşıb "ümumən şirə, mey, şərbət, şərab" mənalarına işlənilən bir sözə çevrildiyi kimi, fonetik tərkibcə də azacıq dəyişikliyə uğramış, yəni 'o' səsi 'a' ilə əvəzlənmiş və nəticədə 'daq' sözü ilə həm birləşmiş, həm də uzlaşmışdır; beləliklə də 'bardaq' sözü formalaşmışdır. Deməli bu sözün birinci hissəsini təşkil edən 'bar' hecası əslən "şirə", "şərab" mənasını ifadə edən 'bor' sözünün dəyişmiş şəklidir.
Bəs bu sözün ikinci hissəsini təşkil edən 'daq' nədir və haradandır?
Ümumiyyətlə Ural-Altay dillərində ən qədim zamanlardan "yer", "məkan", "məskən" mənalarına 'tax' | 'dağ' | 'tanq' | 'toq' | 'tıq' | 'dək' | 'dəy' | 'day' | 'dav' | 'dan' kimi müxtəlif fonetik variantlarda sözlərin işlənilməsi və hətta bu vahidlər əsasında "məkan", "məskən" mənaları ilə əlaqədar bir sıra söz və şəkilçilərin də formalaşmış olması bu sahələrin mütəxəssislərinə əsasən məlumdur[37]. Məhz əşya məskəni sayılan "qab" mənasına da bu sözdən düzəldilmiş 'doq' sözünün gürcü dilində "saxsı dolça" adı kimi işlənilməsi[38], azəri dilinin İlisu şivəsində "çəllək", "boçka" adı kimi 'daqa' sözünün, Mingəçevir yaxınlığında olan Gülövşə kəndində su içmək üçün kiçik saxsı qab adı 'duqqu' sözünün işlənilməsi də sübut edir ki, 'daq' sözu çox qədim zamanlardan xüsusən gildən qayrılmış qabın — su qabının ümumi adı olmuşdur. Lakin sonralar bu qabdan müxtəlif məqsədlə istifadə edilmiş, hətta bu qablar quruluşca da müxtəlifləşmişdir. Məhz buna görə də 'daq' sözünə əlavə məna ifadə edən söz və ya şəkilçi bitişdirilmiş və beləliklə də müxtəlif 'daq' adları formalaşdırılmışdır. Məhz belə müxtəlif adlardan biri də 'bardaq'-dır ki, "üzüm şirəsi" ("mey" | "şərab") mənasına qədim türk dilində işlənilən 'bor' sözü ilə "qab" mənasına olan 'daq' sözünün birləşdirilməsindən "mey qabı" mənasına müəyyən qab növü anlayışını ifadə edən mürəkkəb bir ad kimi 'bor-daq' → 'bardaq' sözü yaradılmışdır. Müasir azəri dilində isə bu ad bir kökdən ibarət sadə bir söz sayılır.
Müasir azəri dilində işlənilən qab adlarından biri də 'cürdək'-dir. Quruluşuna görə 'cürdək' sözü də 'bardaq' sözü kimi iki hecadan ibarətdir ('cür-dək') və bu sözün ikinci hecası ilə 'bardaq' sözünün ikinci hecasında müəyyən oxşarlıq nəzərə çarpır. Doğrudan da azəri dilinin ahəng qanununu nəzərə aldıqda belə nəticəyə gəlmək olur ki, '-daq' | '-dək' eyni dil vahidinin iki cür fonetik təzahürüdür, yəni müasir azəri dilində 'aldıq', 'gəldik' feillərindəki '-dıq' | '-dik' eyni mənalı dil vahidlərinin fonetik variantları olduğu kimi, '-daq' | '-dək' də belədir. Buradan çıxarılacaq nəticə isə budur ki, 'daq' "saxsı qab" mənasına işlənilən bir söz olduğu kimi, 'dək' də həmin məfhumu bildirən bir sözün fonetik şəraitdən asılı olaraq dəyişmiş şəklidir. Deməli 'cürdək' sözünün ikinci hissəsini təşkil edən 'dək' ünsürü də 'qab' məfhumunu ifadə edir, yəni "qab" deməkdir.
Bəs bu sözün birinci hissəsini təşkil edən 'cür' nə deməkdir?
Bu sualın cavabını tapmaq üçün 'cürdək' adlanan qabın nədən ötrü istifadə edildiyini yada salmalıyıq.
Azərbaycanda 'cürdək' adı ilə tanınan qab əsasən su doldurmaq və saxlamaq üçün istifadə olunan bir qabın adı kimi işlənir. Bəzi şivələrdə (məsələn, Şəki şivəsində) bu söz 'cürdək' deyil 'cirdək' şəklində tələffüz olunur və 'səhəng' (yaxud 'sənək') adlanan su qabı ilə, demək olar ki, eyniləşdirilir. Lakin bəzi rayonda 'səhəng' sözü 'cürdək' adlanan su qabından həcmcə azacıq böyük olan su qabının adı kimi işlənir. Belə faktlar göstərir ki, 'cürdək' sözü "su qabı" mənasında formalaşmış bir addır. Yoxlama nəticəsində belə məlum olur ki, bu sözün birinci hissəsi ermənicə "su" mənasına olan 'cür' sözündəndir və çox qədim zamanlardan bu söz güman ki, 'cür' şəklində (bəlkə də 'cir' şəklində) işlənilmiş və fonetik tərkibdə də buna 'daq' sözü bitişdirildiyindən, ahəng qanununa əsasən bu mürəkkəb söz müasir azəri dilində işlənildiyi kimi 'cürdək' (və ya 'cirdək') halında "su qabı" mənasına formalaşmışdır.
Ümumiyyətlə qablarda, xüsusən saxsı qablarda əl ilə tutmaq üçün məxsusi hissə düzəldilmiş olur ki, qabların belə hissələrinə 'qulp' deyilir. Müasir azəri dilində belə mənada farscadan alınmış 'dəstək', 'dəstə' sözü və bəzən də 'sap', 'sapalaq' sözləri də işlənir.
Bu sözün haradan və hansı mənada işlənilmiş bir sözlə əlaqədar olduğunu düzgün müəyyənləşdirmək üçün istiqamətverici bəzi məsələləri yada salmaq lazımdır.
Artıq dilçilik aləmində şüurla dil əlaqəsi sahəsində aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, əşyaya ad verərkən əsasən ya əşyanın quruluşu, ya nədən düzəldilməsi, ya da nə üçün düzəldilməsi ibtidai dövrlərdən nəzərə alınmış, hətta indi də düzəldilmiş yeni bir əşyaya ad verərkən həmin prinsipdən istifadə olunur.
Diqqətlə yoxladıqda aydın olur ki, əşyanın "qulp" adlanan hissəsinə ad verərkən bir sıra xalqlarda da həmin prinsipdən istifadə olunmuşdur. Əşyanın bu hissəsi "əl ilə tutmaq üçün" olduğundan farslar 'dəstə', ruslar 'ruçka' | 'rukoyatka', əfqanlar 'lastan' sözlərini işlədirlər ki, bunların əsası "əl" mənasını bildirən sözlərdəndir.
Tədqiqat nəticəsində aydın olmuşdur ki, 'qulp' sözü də ümumiyyətlə qədim azərilərlə bağlı olan bir sıra tayfaların dilində "əl" mənasına işlənilən 'qar' | 'qur' | 'qol' | 'qul' sözü ilə bağlıdır. Məhz buna görə müasir şivələrimizin bəzisində həmin sözün qədim variantı 'qarp | qurp' sözləri də işlənir ('Qarpmaq' feili bəhsinə bax).
Bu sözün ilk nümunəsinə Elam dilində yazılmış mixi yazılarda rast gəlirik; orada 'qarpi' | 'qurpi' şəklində işlənilmiş bu sözün "əl" mənasına olduğunu həmin sözün əvəzinə fars dilindəki tərcüməsində 'dasta' yazılması sübut edir.
Bu sözün cəm bildirən '-pi' şəkilçisini qəbul etmiş 'qur' | 'qar' kökündən olduğunu nəzərə alaraq 'qurpi' | 'qarpi' sözünün "əllər" mənasına işlənildiyini düşünmək olar, lakin bir çox dillərdə cüt əşyanın cəm şəklində, tək mənasına işlənildiyini (məs., rusca 'çulki', 'noski', dilimizdəki 'göz', 'diz', 'umuz', 'köks' və s.) nəzərə alaraq, bu sözün də "əllər" deyil, sadəcə "əl", daha doğrusu "qoşa əl" mənasına işlənilmiş olduğunu düşünmək mümkündür.
Lakin bizi maraqlandıran budur ki, 'qurpi' | 'qarpi' əvəzinə nə üçün 'qulp' fonetik tərkibi üstün tutulmuş və belə də ümumiləşmişdir. Burada güman etmək olar ki, iki səbəb təsiri belə nəticə vermişdir:
1. Ümumiyyətlə türk dillərində, bu cümlədən azəri dilində bəzən söz sonunda və son hecada 'r' samiti 'l' samiti ilə əvəzlənir. Xüsusən 'rp' tərkibinin tələffüz çətinliyi də belə əvəzlənməyə təsir göstərir.[39]
2. Çox güman ki, qədim zamanlardan 'qol' | 'qul' | 'qal' sözü "əl" mənasında da işlənildiyindən "qabın əl tutan yeri" yaxud "qabın qolu" mənasına 'qurp' əvəzinə 'qulp' işlətməyi daha müvafiq bilmişlər.
Belə dəyişikliyə baxmayaraq sözün sonunda 'p' səsinin qalması məhz bu sözün qədimliyinə, həqiqətən 'qarpi' | 'qurpi' əslindən olaraq "əl" yaxud "əllər" mənasına işlənən sözdən düzəldiyinə şahidlik edir.
Hər bir xalqın formalaşmasında müxtəlif tayfaların bu və ya digər dərəcədə iştirakı olduğu kimi ümumxalq dillərinin formalaşmasında da tayfa dilləri müxtəlif şəkildə iştirak edir. Belə hadisənin şahidlərindən biri də müasir azəri dilində təsərrüfat aləti adı kimi işlənilən 'şadara' sözüdür.
İlk baxışda bu sözü heca quruluşuna görə iki hissəyə ayırmaq olur və ümumən türk dillərinin quruluş sistemini nəzərə aldıqda burada iki söz əsası olması ehtimalı yaranır. Bu ehtimalın doğru nəticə ilə bağlı olduğunu aydınlaşdırmaq məqsədilə 'şadara' adlanan alətin nə üçün olduğunu yada salmaq və bu əsasda məfhumları ifadə edən sözləri tapmaq lazımdır.
Müasir azəri dilində 'şadara' adlanan alət torpağı (qumu, gili) təmizləmək (yəni irisini xırdasından ayırmaq) üçündür. Buna bənzər daha iki alət də var ki, bunlardan biri 'ələk' (əsasən un təmizləmək — ələmək üçün), digəri 'xəlbir' (əsasən taxıl-buğda, arpa təmizləmək — xəlbirləmək üçün) adlanır. Bu alətlər həcmcə 'şadara' adlı alətdən hər cəhətdən kiçikdir; bu alətlərin əsasını təşkil edən tor hissəsinə görə 'ələk' çox xırda, 'xəlbir' isə azacıq iri deşikli olur. Bunlardan fərqli olaraq 'şadara' iri həcmli bir alətdir və onun tor hissəsi iri deşikli, adətən göz qarası həcmində olduğundan, onun toru məcazi mənada "iri gözlü tor" kimi təsvir edilir. Ümumiyyətlə, demək olar ki, bu alət torpağın, qumun irisini xırdasından ayırmaq, təmizləmək üçün, daha doğrusu dərmək, arıtmaq üçün istifadə olunan bir alətdir. Buna görə də çətinlik çəkmədən belə nəticəyə gəlmək olur ki, 'şadara' sözünün ikinci hissəsini təşkil edən 'dara' ünsürü 'dərmək' | 'daramaq' (yəni "dərib-arıtmaq") sözündəndir.
Bəs bu sözün birinci hissəsini təşkil edən 'şa' ünsürü hansı sözdəndir?
Türk dillərində bu ünsürün izini tapa bilmirik. Buna görə də bu ünsürü aydınlaşdırmaq üçün Azərbaycanın, daha doğrusu Alban adlanan ərazisinin tayfa dillərinə və bu dillərin bəzi ünsürlərini özündə saxlayan udin dilinə müraciət etməli oluruq. Axtarış nəticəsində aydın olur ki, hazırda Vartaşen və Qurtqaşen rayonlarında yaşayan udinlərin danışığında "qum", "toz" mənasına 'şa' sözü işlənir. Buradan isə biz belə bir nəticəyə gələ bilirik ki, 'şadara' sözü "qum, torpaq dərən | darayan" mənasına 'şa dərən' yaxud 'şa darayan' birləşməsindən 'şa-dərən' → 'şa-dərə' → 'şadara' tərzində formalaşmış bir isimdir.
Müasir məişət tələbləri ilə əlaqədar olaraq çox və geniş dairədə istifadə olunan alətlərdən birinin adı kimi hamının işlətdiyi sözlər sırasında 'ütü' sözü də diqqəti cəlb edir. Rus dilində 'утюг' sözünü nəzərə alaraq bəzən belə düşünürlər ki, bu söz dilimizə son zamanlarda rus dilindən keçən sözlərdəndir.
Əlbəttə, rus dilindəki 'утюг' sözü ilə dilimizdəki 'ütü' sözü bir kökdəndir.
Bəs bu sözün kökü hansı dildəndir və hansı mənada olan sözlə bağlıdır?
Bu suallara cavab vermək üçün rus və türk dilləri ilə əlaqədar bəzi mənbələri nəzərdən keçirək.
1940-cı ildə nəşr olunmuş "Rus dilinin izahlı lüğəti"-ndə 'утюг' sözünün tatarcadan 'ötök' sözündən olduğu göstərilir[40]. Buna görə də bu sözün əslini tapmaq üçün tatar dilinin də əlaqədar olduğu türk dillərinin ilkin mənbələrini nəzərdən keçirmək zəruridir.
XI əsrin məşhur dilçisi Mahmud Kaşğarinin "Türk dillərinin divanı kitabı"-nın birinci cildində 'ütük' sözünə rast gəlirik. M. Kaşğari həmin sözü izah edərək yazır:
«'Ütük' — qapaqlı dəmir alətdir, içərisinə od tökub qızdırırlar və bununla paltarın qatlarını, tikiş xətlərini hamarlayırlar, sığallayırlar»[41].
Buradan aydın olur ki, 'ütük' adlanan alət təqribən min il bundan əvvəl türkdilli xalqlar arasında olmuş və bu alətin adı da məhz türk dillərinə mənsub sözdən yaradılmışdır. Bu alət əsasən isitməklə paltarı-parçanı hamarlamaq və onun tikiş qatlarını sığallamaq üçün istifadə olunan bir alətdir. Türk dillərində və bu cümlədən azəri dilində bu sözün əsasını təşkil edən 'üt' sözünün azacıq dəyişmiş variantlarda izlərinə rast gəlmək olur. Biz hələlik çox da uzağa getmədən azəri dilindəki izini yada salmaqla kifayətlənmək istəyirik. Azəri dilində həmin sözün əsasını təşkil edən 'üt' sözündən "oda tutmaq", "qarsalamaq", "odla hamarlamaq" mənalarına 'ütmək' sözü işlənir.
Bəzi şivələrdə (Ağdaş, Mingəçevir ətrafı şivələrində) 'ütmək' sözü "kösöv" mənasında, 'ütmə' sözü "odda isidilərək bərkidilmiş çubuq-çomaq" adı kimi işlənir. Nəhayət, "başyaq qovurduq" mənasında "tonqalda başyaq üttük" cümləsi işlənir ki, burada da 'üttük' sözü "isitdik, qovurduq" mənasına işlənilmiş sözdür və bunun da əsası 'üt'-dür. Buradan isə aydın olur ki, 'üt' sözü əslində 'od' sözü ilə bağlı bir sözdür və türk dilləri qaydasına görə bu sözdən '-ük' şəkilçisi ilə "isidici" məfhumuna müvafiq "ütük" adı düzəldilmiş; beləliklə də isidici alətin adı 'ütük' yaradılmışdır. Bu söz rus dilinə keçib əslinə müvafiq halda saxlanılmışdır, lakin xüsusən türk dillərinin şərq qrupunda özünü mühafizə edən qapalı hecalılıq azəri dilində açıq hecalılıqla əvəz olunduğuna görə 'qapıq' sözü 'qapı', 'sarıq' sözü 'sarı', "təmiz" mənasına, 'arıq' sözü 'arı' şəklində işlənildiyi kimi, 'ütük' sözü də həmin qanuna uyğun olaraq azəricədə 'ütü' şəklinə düşmüşdür.