Birinci səhnə

Kapulettinin bağının divarının yanında döngə. Romeo daxil olur.


Romeo.

Könlüm burda ikən hara gedim mən? Axmaq dünya, mərkəzini tap indi. (Divarı aşıb uzaqlaşır).


Benvolio və Merkusio gəlirlər.


Benvolio. Romeo! Qardaşım!


Merkusio.

O, ağıllıdır,

Vallah, yatır evdə yorğandöşəkdə.


Benvolio.

Qaçıb, bu divardan aşdı o, bağa.

Əziz Merkusio, sən çağır onu.


Merkusio.

Çağırmaq nədir ki? Yalvararam da,

Romeo! Ey şıltaq, ey dəli aşiq!

Görün, heç olmasa, ah şəkilində,

Ya bircə misra de, mənə bəs edər,

Ya inlə, ya da ki, qafiyələndir

Məhəbbəti yalnız səadət ilə.


Xəbərçi, gözəllik ilahəsinə

Sən o, Veneraya bir doğru söz de.

Lağ et onun oğlu kor Kupidona.

Elə ox atıb ki, o eşq Allahı,

Kral Kofetuaqadın düşməni

Bir dilənçi qıza aşiq olubdur.

Eşitmir, tərpənmir, cavab vermir o,

Yazıq ölüb, mənsə hey yalvarıram.

Səni and verirəm, səni Romeo,

Qəşəng gözlərinə Rozalinanım,

Onun gül üzünə, al dodağına,

İncə ayağına, düz qılçasına,

Əsiməsim əsən sağrılarına,

Orda toxunulmaz qonşulara da,

Çıx, öz şəkilində sən görün bizə.


Benvolio. Səni eşitsəydi, acıqlanardı.


Merkusio.

Axı, nəyə görə? Mən çağırsaydım

Rozalina üçün başqa bir kəsi,

Onda hirslənməyə haqqı olardı.

Mən ki, and verirəm onun ruhuna,

Özü də ən təmiz, gözəl niyyətlə,

Sevdiyi naminə görünsün bizə.


Benvolio.

Gedək, ağacların arasında o

Gizlənib, sığınıb nəmə, zülmətə,

Qaranlıq yaraşır kor məhəbbətə.


Merkusio.

Kor məhəbbət vura bilməz hədəfi.

İndi o əyləşib ağac altında,

Arzu eləyir ki, sevgilisi kaş

Yetişmiş, çərdəksiz əzgil olaydı,

Ağacdan düşəydi ağzına onun.

Boğazında qalar, dayan, Romeo!

Əgər o partlamış əzgil olarsa,

Sən də suyu axan armud olarsan.

Gecən xeyrə qalsın, gedirəm yatım

Bu açıq, bu soyuq havada indi.

Gedək, Benvolio?


Benvolio.

Gedək, doğrusu,

Gizlənən adamı gəzmək nahaqdır.

Gedirlər.

Загрузка...