Küçə Benvolio ilə Merkusio daxil olurlar.
Merkusio.
Görən, bu Romeo harada qaldı?
Deməli, bu gecə evə gəlməyib?
Benvolio. Gəlməyib. Öyrəndim mən nökərindən.
Merkusio.
Ah, o Rozalina, qəlbi daş gözəl
Ona ki bu qədər işgəncə verir,
Biçarə, yəqin ki, dəli olacaq.
Benvolio.
Kapulettinin o qardaşı oğlu
Tibalt Romeoya məktub göndərib.
Merkusio. Meydan oxumaqdır bu, vicdan haqqı.
Benvolio. Romeo da ona cavab verəcək.
Merkusio.
Əli qələm tutan hər savadlı kəs
Cavab verə bilər hər bir məktuba.
Benvolio.
Yox, o göstərəcək necə lazımsa,
Hücuma hücumla cavab verəcək. Merkusio.
Vay, yazıq Romeo, o artıq ölüb. Ağbəniz pərinin qara gözləri onu ağır yaralayıb. Eşqin nəğməsi onun qulaqlarmı deşikdeşik eləyib. Məhəbbətin oxu onun ürəyinin düz ortasından keçib. O, Tibaltın qarşısında necə davam gətirəcək?
Benvolio. Nə üçün, axı, nədir bu Tibalt?
Merkusio. Səni inandırıram ki, o, nağıldakı pişiklər padşahı Tibaltdan daha amansızdır. Pis işlərdə başçıdır. Elə qılınc oynadır ki, elə bil notla mahnı oxuyursan. Ritmi, məsafəni və ölçünü çox dəqiq bilir. Bir, iki, üçüncüdə qılıncı köksünə sancır. Zərif qönçələrin əsl qənimidir. Duel ölüsüdür, duel. Yüksək dərəcəli zadəgandır. Qılınc oynatmağın əsl bilicisidir. Ah, o ölməz passado! O punto reserso! O hay!
Benvolio. O nə deməkdir?
Merkusio. Cəhənnəm olsun o əzilibbüzülən ədabazları, yeni dil quraşdıranları! Elə ancaq bunu eşidirsən: «Həzrətiİsa haqqı, ən yaxşı qılıncdır! Ən ucaboy kişidir! Ən gözəl qəhbədir!» Özün de, ulu babam, bu qan qaraldan əcnəbi milçəklərin qulağımıza girməsi kədərli deyilmi? Bu xarici moda düşkünləri, bu pardonnezmoislər yeni dəbə elə aludə olublar ki, təzə tumanda köhnə skamyalarda rahat əyləşə bilmirlər. Ah, onların bonları, onların bonları.
Romeo daxil olur.
Benvolio. Romeo gəlir, Romeo gəlir!
Merkusio. Bir bax, qurudulmuş balığa oxşayır. Ah, insan bədəni, sən necə də balıqlaşdın! İndi onun başında yalnız
Petrarkanın nəğmələri kimi gözəl şerlər dolanır. Onun sevgilisinin yanında Laura mətbəxdə qabyuyandan artıq bir şey deyil. Düzdür, Lauranm aşiqi ona daha gözəl nəğmələr qoşmuşdur.
Başqalarına gəldikdə də belədir. Didona pintidir. Kleopatra isə qaraçıdır. Yelena və Hero qəhbədirlər.
Tizbanın qəşəng ala gözləri olsa da, gözəllikdə onunla müqayisə edilə bilməz. Senyor Romeo, bonjur. Bu da sənin gen fransız şalvarına bir fransız salamı. Sən dünən axşam bizə yaxşı kələk gəldin.
Romeo.
Sabahınız xeyir ikinizin də,
Necə kələk gəldim axı mən sizə?
Merkusio. Aradan çıxdın, cənab, aradan çıxdın.
Məgər bunu başa düşmürsən?
Romeo. Bağışla, əziz Merkusio, işim çox vacib idi.
Mənim kimi işi olan adam ədəb qaydalarını poza bilər.
Merkusio. Sənin kimi işi olan adam dizi üstə çöküb, baş əyməyə məcbur olar desən, daha doğru çıxardı.
Romeo. Demək istəyirsən ki, salam verərdi.
Merkusio. Sən çox incəliklə hədəfə vurdun.
Romeo. Bu çox nəzakətli izahat oldu.
Merkusio. Hə də, mən əsl nəzakət çiçəyiyəm.
Romeo. Yəqin ki, qərənfilsən.
Merkusio. Tamamilə doğrudur.
Romeo. Deyirəm axı, mənim rəqs ayaqqabılarıma taxılan çiçəklər niyə belə qəşəngdir.
Merkusio. Yaxşı dedin. Bu zarafatınla ayaqqabıların yırtılana kimi arxamca gəl. Əgər birinin altı deşilməyib, salamat qalsa, sənə kömək eləyər.
Romeo. Ah, bir ayaqqabı altı qədər dözümsüz və dəyanətsiz zarafat! O necə də deşilməyib salamat qalsın.
Merkusio. Əziz Benvolio, aramıza gir, bizi ayır.
Mənim hazırcavablığım kəsərdən düşür.
Romeo. Qamçıla, mahmızla, tənbəli qamçıla, mahmızla, yoxsa mən onu ötəcək və qışqıracağam: yarışı uddum!
Merkusio. Dayan bir, əgər sənin hazırcavablığın ovda çöl qazlarına bir şahin kimi cumubsa, mən doğrudan da uduzdum; ona görə ki, sənin hiss üzvlərinin birində olan alıcı quş mənim bütün beş hiss üzvümdəkindən çoxdur. Bəlkə, məni də qaz hesab edirsən?
Romeo. Sən mənim yanımda qazdan başqa heç vaxt heç şey olmamısan.
Merkusio. Bu zarafat üçün mən sənin qulağım qırparam.
Romeo. Yox, mənim mərhəmətli qazım, elə iş tutma.
Merkusio. Sənin hazırcavablığın çox acıdır, lap istiot kimidir.
Romeo. Yağlı bir qaz üçün acı istiot gözəl bir ədviyyə olmazmı?
Merkusio. Ah, sənin hazırcavablığın yumşaq dəriyə bənzəyir. Onu uzununa da, eninə də çəkib uzatmaq olar.
Romeo. Mən eninə sözünü dartıb, o qədər uzadaram ki, qaz sözünə əlavə edəndə sən dünyada ən böyük qaz olarsan.
Merkusio. Nə deyirəm ki? Bu, eşq ahuflarından yaxşı deyilmi? Hə, indi səninlə danışmaq olar. İndi sən Romeosan.
İndi sən tərbiyə və təbiətin etibarı ilə əvvəlki adamsan.
Dostum, sənin bu sarsaq məhəbbətin əlindəki ağacı gizlətməyə bir deşik tapmayıb, ağzından köpük daşadaşa o yanbu yana qaçan dəliyə bənzəyir.
Benvolio. Burda kəs, burda kəs!
Merkusio. Son istəyirsən ki, burda mən öz nitqimin quyruğunu kəsim?!
Benvolio. Belə olmasa, nitqin çox uzanar.
Merkusio. Ah! Sən yanılırsan. Mən onu qısaltmaq istəyirdim. Nitqim lap sonuna gəlib çatmışdı. Həqiqətən də, fikrim vardı ki, onu davam etdirməyim.
Romeo. Baxın, gözəl tamaşa buna deyərlər.
Dayə və Piter daxil olurlar.
Merkusio. Yelkən, yelkən!
Benvolio. Özü də iki dənə: tuman və şalvar.
Dayə. Piter!
Piter. Nə buyurursunuz?
Dayə. Menim yelpiyimi ver, Piter.
Merkusio. Mərhəmətli Piter, tez elə, qoy üzünü gizlətsin.Yelpiyi üzündən gözəldir.
Dayə. Sabahınız xeyir, xeyirxah cənablar!
Merkusio. Axşamınız xeyir, qəşəng xanım.
Dayə. Məgər axşamdır?
Merkusio. Sənə deyirəm, az olmaz, çünki saatın ədəbsiz əli indi günortanın qamçısının düz üstündədir.
Dayə. Ayıb deyil? Sən necə adamsan?
Romeo. Elə adamdır ki, xanım, Allahtaala onu özözünü ələ salmaq üçün yaradıb.
Dayə. Doğrudan, yaxşı dediniz: özözünü ələ salmaq üçün, belə dediniz, hə? Cənablar, kim mənə deyə bilər, gənc Romeonu harada tapmaq olar?
Romeo. Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc Romeo indi axtardığınızdan bir az yaşlı olacaq. Əgər pis düşməsə, deyərdim ki, bu adı daşıyan insanların ən cavanı mənəm.
Dayə. Yaxşı dediniz.
Merkusio. Necə? Heç pis yaxşı olarmı? Doğrusu, yaxşı yerinə düşdü. Ağıllı sözdür, ağıllı sözdür.
Dayə. Cənab, Romeo sizsinizsə, mənim sizə deməyə bir neçə gizli sözüm var.
Benvolio. Görərsən, onu bişirib, şama dəvət edəcək.
Merkusio. Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap onu.
Romeo. Nədir, nə tapmısan?
Merkusio. Dovşan deyil, cənab. Yox, bu elə dovşandır ki, qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb.
Oxuyur.
Qoca, boz dovşan
Kifsənib yaman,
Nə yaxşı yeməkdir, pəhriz zamanı.
Kifsənməsəydi,
Qırx nəfər nəydi,
Yəqin, doydurardı bütün dünyanı.
Romeo, evə getmirsən?
Biz sizə nahar etməyə gedirik.
Romeo. Bu saat, gəlirəm.
Merkusio.
Əlvida, Nuhu gəmidə görən xanım, əlvida!
Xanım, xanım, xanım…
Merkusio ilə Benvolio gedirlər.
Dayə. Buna bax bir, əlvida! Deyin görüm, cənab, bu sırtıq çərçi kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolubdaşır.
Romeo. Dayə, bu özü deyib, özü eşitməyi sevən adamdır. Bir dəqiqədə bir ayda deyəcəyindən daha çox cəfəngiyat üyüdüb tökə bilər.
Dayə. Əgər mənim haqqımda pis bir söz desə, onun canını alaram. Mən onun kimi iyirmi belə sırtıq bambılıya cavab verərəm. Hərgah özüm bacarmasam, məni müdafiə edənlər tapılar. Alçaq haramzada! Mən onun üçün əzilibbüzülən qızlardan deyiləm. Mən onun üçün əyyaş, pozğun qadınlardan deyiləm (Piterə). Sən də yanımda müqəvva kimi durub gözünü döyürsən. Hər yetən əclafın özü istədiyi kimi məni elə salmağına dözürsən.
Piter. Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ saldığını görməmişəm. İnanın, belə olsaydı, cəld qılıncımı sıyırardım. Elə ki, görürəm, yaxşı döyüş üçün bir səbəb var, qanun da mənim tərəfimdədir, mən də başqaları kimi heç nədən çəkinmədən tez qılıncımı işə salıram.
Dayə. Bir Allah şahiddir ki, hələ də hirsimdən özümə gəlməmişəm, bütün bədənim əsir. Alçaq haramzada! Ah, cənab, axı mənim sizə bir sözüm vardı. Dediyim, gənc xanımım sizi axtarıb tapmağı xahiş etmişdi. Onun xahiş edib, tapşırdığı sözləri hələlik özümdə bir sirr kimi saxlayıram. Əvvəlcə, icazə verin, sizə deyim, əgər siz onu yoldan çıxarmaq istəyirsinizsə, necə deyərlər, bu kobud bir hərəkət olardı. Çünki xanımım çox gəncdir, buna görə də onu aldadırsınızsa, bu doğrudan da, pis və eybəcər bir işdir.
Romeo. Mehriban dayə, məndən xanımına salam söylə. Mən sənə söz verirəm ki…
Dayə. Safqəlbli oğlan, mən ona elə beləcə də deyəcəyəm. İlahi, ilahi, o necə də sevinəcək!
Romeo. Sən ona nə deyəcəksən, mehriban dayə? Mən hələ heç nə deməmişəm.
Dayə. Mən ona deyəcəyəm ki, cənab, siz söz verdiniz. Belə işi, mənim anladığıma görə, ancaq nəcib bir adam görə bilər.
Romeo. Ona de, bu axşam bir bəhanə ilə ibadət etməyə kilsəyə gəlsin.
Orda, hücrəsində rahib Lorenso
Kəsəcəkdir bizim nikahımızı.
Al, zəhmət haqqıdır bu da səninçün.
Dayə. Yox, yox, götürmərəm bircə peni də.
Romeo. Di yaxşı, di götür verilən payı.
Dayə. Bu axşam dediniz? Yaxşı, gələcək.
Romeo.
Dayan monastırın arxasında sən,
Yanına gələcək mənim xidmətçim. Bir kəndir nərdivan verəcək sənə. Həmin nərdivanla bu gecəyarı, çıxacam səadət zirvəsinə mən. Yaxşı yol! Xidmətin əvəzsiz qalmaz. Yaxşı yol! Salam de xanımına sən.
Dayə. Allah xoşbəxt etsin sizi, fəqət, ser…
Romeo. Söylə, sözün nədir, mehriban dayə?
Dayə.
Sizin xidmətçiniz etibarlıdır? Yəqin, eşitmisiz?! Belə deyirlər: Saxlar iki adam sirri o zaman Onlardan birisi çıxsın aradan.
Romeo. İnanın, möhkəmdir o, polad kimi.
Dayə. Yaxşı, ser… Mənim xanımım dünyanın ən gözəl qızıdır. İlahi, ilahi!.. O, balaca uşaq olanda… Ah, bu şəhərdə Paris adlı zadəgan bir oğlan var. Senyoranı almaq üçün dəridənqabıqdan çıxır. Ancaq qız, o gözəl qəlbli maral, onu görməkdənsə qurbağanı, əsl qurbağanı görməyi daha üstün tutur. Mən arabir xanımı acıqlandırıb deyirəm: Paris sənə daha çox yaraşan ərdir. Sizi inandırıram, mən belə deyəndə o, kətan kimi ağarır. Məni bir başa salın, cənab, saf məhəbbət çiçəyi rozmarinlə Romeo sözü eyni hərflə başlamır ki?
Romeo. Bəli, mehriban dayə. Burda nə var? Hər iki söz er hərfi ilə başlayır.
Dayə. Siz necə də lağlağıçısınız! O, it hərfidir. Onu deyəndə elə bil itlər mırıldaşır: Er hərfi, yox, belə deyil. Mən bilirəm ki, sizin adınız başqa hərflə başlayır. Xanım sizin adınızla rozmarini uyğunlaşdırıb, elə gözəl sözlər danışır ki, eşitsəniz, xoşunuza gələr.
Romeo. Məndən xanımına salam söylə.
Dayə. Baş üstə, lap min dəfə salam söylərəm (Romeo gedir). Piter!
Piter. Nə buyurursunuz?
Dayə. Yelpiyimi götür, düş qabağıma, cəld ol.
Gedirlər.