Beşinci səhnə

Kapulettinin bağı. Cülyetta gəlir.


Cülyetta.

Dayəni göndərdim saat doqquzda,

O, yarım saata qayıtmalıydı.

Yəqin ki, tapmayıb.Yox, ola bilməz!

Ah! Dayə ləng gedir, sanki topaldır.

Xəyal olmalıdır eşqin qasidi;

Zülmət təpələrdə qara kölgəni

Qovlayan Günəşin şəfəqlərindən

On dəfə artıqdır onun sürəti.

Göyərçinlər çəkir, qanad çаlaraq,

Gözəl Veneranm arabasını.

Elə bunun üçün yel kimi uçan

Tanrı Kupidonun qanadları var.

Günorta yerinə yetişdi Günəş.

Düz üç saat keçir indiyə kimi,

O hələ də gəlib çıxmır ki, çıxmır.

Onun ürəyində ülvi məhəbbət,

Qanında gəncliyin odu, atəşi

Olsaydı, ox kimi süzər, süzərdi.

Mənim sözlərimi əziz yarıma,

Onun sözlərini mənə deyərdi.

Qocalarsa süstdür lap ölü təhər,

Tutqundur, ağırdır qurğuşun qədər.

Dayə və Piter gəlirlər.


Ah, Allah, o gəlir. Ah, əziz dayə,

Söylə, nə xəbər var, gördünmü onu?

Göndər, getsin nökər.


Dayə. Sən qapıda dur.

Piter gedir.


Cülyetta.

Mənim qəşənq dayəm! Aman, ilahi!

Söylə, üzündəki bu kədər nədir?

Xəbər qəmlidirsə, sən sevinclə de.

Əgər yaxşıdırsa, yaxşı nəğməni

Tutqun qaşqabaqla bu cür korlama.


Dayə.

Yorulmuşam, gözlə, dincəlim bir az.

Sınır qılçalarım, uf, uf, ölürəm,

Belə də üzücü qaçaqaç olar?


Cülyetta.

Verərəm mən sənə qılçalarımı,

Sən, gəl, əvəzində o xəbəri ver.

Danış, yalvarıram, sevimli dayəm!


Dayə.

Hara tələsirsən, nə olub axı? Gözləyə bilməzsən məgər bir azca?

Görürsən nəfəsim kəsilir mənim.


Cülyetta.

Necə kəsilir ki, sənin nəfəsin.

Bu sözü deməyə nəfəsin vardır.

Sənin üzrlərin, bəhanələrin

Uzundur ən uzun nağıldan belə.

Qısa de, xəbərin xeyirdir, ya bəd?

Qalan sözlərini sonra deyərsən.

Aydın de, xəbərin xeyirdir, ya bəd?


Dayə. Deməliyəm ki, sən o qədər də yaxşı oğlan tapmamısan. Əri necə tapmağı bilmirsən, axı. Romeo! Yox, mən ona getməzdim. Doğrudur, onun üzü başqa kişilərin üzündən qəşəngdir, qıçları da başqa kişilərin qıçlarından düzdür. Əllərinə, ayaqlarına, boybuxununa söz ola bilməz. Bütün müqayisələrdən daha gözəldir. Demək olmaz ki, o, nəzakət çiçəyidir. Ancaq səni inandırıram ki, o, quzu kimi mehribandır. Öz yolunla get, qızım. Qəlbini Allaha bağla. Necə, sən nahar edibsən?


Cülyetta.

Xeyr, xeyr! Bilirdim mən bunu əvvəl.

Toyumuz barədə o nə söylədi?


Dayə.

İlahi! Necə də ağrıyır başım!

Az qalır bölünsün iyirmi yerə

Bir yandan da belim. Ah, belim, belim!

Tanrı günahım bağışlayarmı?

Məni hey qovursan o yanbu yana,

Deyirsən üzülüm, ölüm yollarda?


Cülyetta.

Bu əziyyət üçün bağışla məni,

Sevimli, istəkli, mehriban dayəm,

De görüm, sevgilim sənə nə dedi?


Dayə. Sevgilin namuslu, ədəbli, mehriban, gözəl və ən ləyaqətli bir insan kimi dedi. Anan haradadır?


Cülyetta.

Anam haradadır? Anam evdədir.

Harda olmalıydı? Başa düşmürəm!

Necə de qəribə cavab verirsən!

«Sevgilin namuslu insantək dedi:

Anan haradadır?».


Dayə.

Ah, aman Allah,

Belə hirslənirsən? Bir bu qalmışdı?

Ağrıyan belimə təpitmədir bu?

Daha qasidliyə özün gedərsən.


Cülyetta.

Qurtar işgəncəni. O nə dedi, nə?


Dayə.

Bu gün ibadətə gedə bilərsən?


Cülyetta.

Gedərəm.


Dayə.

Rahibin hücrəsinə qaç.

Bir ər səni orda arvad edəcək.

Hə, qanın sıçradı yanaqlarına,

Üzün bu xəbərdən alışıb yandı.

Di sən kilsəyə get, mənsə aparım

Kəndir nərdivanı, yarın bu gecə

Onunla yanına qalxar gizlicə.

Son kef çəkəcəksən, yük çəkim mən də.

Gecə yük altına düşərsən sən də.

Mən nahar edirəm, tez get, yaxşı yol.


Cülyetta.

Qovuşum bəxtimə, əzizim, sağ ol.

Gedirlər.

Загрузка...