NAĞILLAR ALƏMİ VƏ HƏYAT HƏQİQƏTLƏRİ

Azərbaycan ədəbiyyatı böyük Nizamiyə qədər mürəkkəb və şərəfli bir yol keçmişdir. Bir tərəfdən Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Şihabəddin Söhrəverdi, Məhsəti Gəncəvi, Eynəlquzat Həmədani, Xaqani Şirvani kimi adlarla, digər tərəfdən "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmaz zirvəyə qaldırmışdır.

O zamana qədər Firdovsi, Fəxri Gürgani, Ömər Xəyyam, Yusif Xas Hacib, Sənai Qəznəvi, Xaqani Şirvani kimi böyük humanistlər yazıb yaratsalar da, Nizami öz əsərləri ilə poeziyanı o vaxtadək görünməmiş bir yüksəkliyə çatdıraraq ona yeni istiqamət vermişdir. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə, həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir.

Öz yaradıcılığı ilə şerə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin sonralar "Xəmsə" adlandırılan beş poemasından dördüncüsü "Yeddi gözəl" poemasıdır. Orijinalda adlanan poema "Həft peykər", məzmunu nəzərə alınaraq məcazi mənada "Yeddi gözəl" adı ilə tərcümə edilir. Nizami poemanı 1197-ci il iyul ayının 31-də bitirmiş və onu Marağa hakimi Əlaəddin Körpə Arslana (1174-1208) ithaf etmişdir. Poemanın mövzusu Sasani hökmdarı olan V Bəhramın həyatı ilə bağlıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında və onun vasitəsilə öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" həyat və insan, tarix və müasir dövr, padşah və cəmiyyət və s. mövzular ətrafında dahi sənətkarın zəngin, rəngarəng düşüncə, baxış və qənaətləri xəzinəsidir.

Əsərin mövzüsu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağlı olsa da, şair Nizami Bəhramın həyatını, fəaliyyətini nəzmə çəkmək, onun başına gələnləri büsbütün əks etdirmək istəməmişdir. Nizaminin məqsədi, Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun barəsində yazılanları toplayıb nəzmə çəkmək olmamışdır. Böyük şairin istəyi Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək olmuş, fikirlərinin dəlilli-sübutlu olması üçün mənbələrə biganə qalmamışdır. Məsələyə nə qədər ciddi yanaşdığını, uzun müddət mövzu ilə bağlı nə qədər axtarışlar apardığını şair aydın dillə dəqiq şəkildə özü də qeyd edir, istifadə etdiyi mənbələrdən bəzilərinin adlarını çəkir:

Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ.

Ərəbcə, dəricə, yeri düşərkən

Buxari, Təbəri əsərlərindən,

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

Əlimə yetişən hər bir varaqdan

Nüsxələr bağladım mən zaman-zaman.

Onda ki fikrimi saldım sahmana,

Dedim ki, qoy onu düzüm dastana.

Oxuyan bəyənib afərin desin,

Ariflər, alimlər mənə gülməsin.

Bu kiçik parça Nizaminin poema yazılmağa başlayana qədər necə dərin araşdırmalar apardığını, necə gərgin zəhmət dolu yaradıcılıq prosesi keçdiyini aydın əks etdiriir. Şairin hər əsəri başlarkən işə necə məsuliyyətlə yanaşdığını aydın təsəvvür etmək baxımından qiymətli olan bu parçada Buxari və Təbəri kimi çox mühüm mənbələr xatırlanır. Halbuki Nizami "Siyasətnamə", "Qabusnamə", "Min bir gecə" və başqa əsərlərdən də çox ciddi şəkildə faydalanmışdır. Nizaminin mövzu mənbələrindən biri də, heç şübhəsiz ki, Firdovsinin "Şahnamə"si olmuşdur. Lakin Nizami sələfini təkrar etmək, ondan nə isə götürmək, nədəsə ona bənzəmək, onun Bəhram haqqında yazdıqlarına oxşar bir şey yaratmaq istəməmişdir. Mahiyyət etibarilə seçilən, fərqli bir əsər meydana gətirən şair özünün Firdovsidən fərqli, yeni keyfiyyətli sənətkar olduğunu nəzərə çarpdırmaq üçün işlədiyi bəzi epizodların yeni poetik həllini vermişdir. Bu baxımdan Fitnə epizodu Azadənin təkrarı yox, Firdovsinin yaradıcılıq prinsipləri ilə mübahisədir. Süjetin qurulması, hadisələrin vahid xətt üzrə birləşdirilməsi baxımından həmin əsərlər arasında oxşarlıq tapmaq çətindir. Nizami sələfinin işlədiyi mövzularda, akademik Məmməd Arifin dediyi kimi, "həmişə deyilməmiş sözlər, tamamlanmamış fikirlər, hələ tamamilə deşilməmiş gövhərlər" tapır. Şair Firdovsiyə, onun əsərinə münasibətini müqəddimədə izah edərək yazır:

Şahların çoz uzun tarixi vardı,

Birindən bir əsər yazmaq olardı.

Bir dərin fikirli varmış ki, o tək

Yazmış bu şeyləri nəzmə çəkərək.

Yerdə qırıntılar qalmış ləldən,

Onu da çoxları buraxmaz əldən.

Nizami daha çox Firdovsinin qələmindən kənarda qalanlara diqqət yetirmiş, yeni tipli bir əsər yaratmışdır. Böyük şair şahların uzun-uzadı tarixini, onların hər birindən bir əsər yazmağın mümkün olduğunu təsadüfi xatırlatmır. Nizaminin poeması həmin hökmdarlardan məhz birinə həsr edilmişdir. Şairə görə Bəhram haqqında Firdovsinin yazdıqları "yarı deşilməmiş gövhər"dir. Bu gövhəri deşmək, işlənmiş mövzunun vasitəsilə deyilməsi mümkün olan yeni fikirləri irəli sürmək çətin və məsuliyyətli bir iş idi. Belə çətin və məsul işə girişən sənətkar çox işləməli olmuş, lakin özünün istədiyi yeni tipli poemasını yarada bilmişdir.

Bakir söz demişəm, çox əlləşmişəm,

Yarı deşilmiş bir gövhər deşmişəm.

Doğru saydığımı yerinə qoydum,

Hər şeyin qədrini haqqıyla duydum,

Dedim ki, bir əsər yaradım gərək,

İncə naxışlara kəsilsin bəzək.

"Yeddi gözəl" poeması ədalətli hökmdar surəti yaratmaq, şairin ideal şah arzusunu ifadə etmək üçün yaradılmış əsər deyil, insana yeni - İntibah dövrünün münasibətini əks etdirən bir poemadır. İnsan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək Nizaminin daha çox bu əsərdə əsas poetik qayəsi olmuşdur.

Müxtəlif insan surətlərini rəngarəng hadisələr axarında təbii və inandırıcı şəkildə göstərməklə Nizami istədiyinə nail olmuş, insana yeni münasibət ifadə etmişdir. Böyük söz ustası keçmişə, bu günə və sabaha humanist İntibah ziyalısının gözü ilə baxa bilmişdir.

Şair əsas hadisələrə keçməzdən əvvəl poemanın müqəddiməsində onun insana yeni şəkildə yanaşdığını göstərən bütöv bir konsepsiya irəli sürür. Əgər müqəddimədə insan necədir və necə olmalıdır sualı lirik şəkildə, düşüncələr, çağırışlar və ittihamlar tərzində ifadə olunursa, əsas hissədə bunlar ayrı-ayrı insan surətləri və həyati hadisələr vasitəsilə təsdiq edilir.

Nizami lap əvvəldən insanın özünü dərk etməsi tələbini irəli sürür. İntibah dövrünün "təbiətin və insanın kəşfi" kimi qiymətləndirildiyini nəzərə alsaq, Nizaminin bu mülahizəsi bizə daha aydın olar. İnsanın özünü dərk etməsi onun həyatda və cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayırd etməsi, mürəkkəb və ziddiyyətli hadisələr axarında düzgün yol seçməyi bacarması deməkdir. Nizami insanı özünü dərk etmək baxımından iki yerə ayırır, dərk edənləri əbədi yaşayanlar, dərk etməyənləri bir qapıdan girib digərindən çıxanlar adlandırır. Bu baxımdan şair silsilə fikirlər irəli sürərək yazır:

Kim ki, öz-özünü düşmüşdür başa,

Ona ölüm yoxdur, o ölməz haşa.

Nəqşini bilməyən fanidir, fani,

Baqi say bu nəqşi bilən insanı.

Tanısan özünü, keçsən cahandan,

Yenə bu dünyada yaşayacaqsan.

Özündən hər kim ki deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

Qapı tüstüsüzdür, pəncərə tozsuz,

Günəşə bir baxan tapılmaz əfsus.

Nizami əsrini günəş mərtəbəsində olan insanı dərk etmək qabiliyyətində olmadığına görə məzəmmət edir. Şairin insana yeni münasibəti baxımından insanın özünü dərk etməsi fikri xüsusi əhəmiyyətə malikdir. Bütün qalan fikirlər məhz bu müddəanın ətrafında hərlənır və onunla bağlanır. "Yeddi gözəl" əsərinin süjetindəki bir sıra mühüm hadisələr də bununla izah olunur. Neman özünü dərk etdikdə şahlıqdan əl çəkib yoxa çıxır. Özünü dərk etməyən Bəhram uzun müddət yeddi gözəl adlı eyş-işrət aləmində yaşayır, özünü dərk etdikdə isə yeddi gözəldən, yeddi günbəzli qəsrdən əl çəkir.

Nizami Bəhramı əsər boyu özünüdərketmə prosesində əks etdirmişdir. Müqəddimədə Nizami mövcud gerçəkliyə qarşı çıxır, insanın qarşısına İntibah baxımından mühüm ictimai vəzifələr qoyur. "Sözün tərifi və hikmət haqqında", "Oğlum Məhəmmədə nəsihət" adlı bəhslərdə şairin yeni insan idealı ifadə olunmuşdur. Poemanın əsl müqəddiməsi də həmin bəhslərdir. Həmin bəhslərdə özünü dərk edənlər və dərk etməyənlər qarşılaşdırılır, hər iki tərəfin əməlləri xatırlanır, ikincilər insan kimi inkar edilirlər. Özünü dərk edə bilməyənlər var-dövlət arxasınca qaçır, işi tədbirlə, ağılla görmür, həyatın mənasını yeyib yatmaqda görür, özünə bəzək-düzək vurur, başqalarında eyib axtarır.

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən-zirək...

Çalış insanların işinə yara,

Geysin əməlindən dünya zərxara...

Nizami özünü dərk etmiş insanın əsas məziyyətini yem dalınca qaçmaqda yox, zirəklikdə, xalqın işinə yaramaqda, əməlləri ilə dünyanı zərxaraya bürüməkdə görür. İnsana belə münasibət İntibahın ən yüksək nöqtəyə çatdığını sübut edir. Humanizm nə Nizamidən əvvəl, nə də sonralar insana belə bir münasibət zirvəsinə yetməmişdir. Nizami istəyir ki, insan dünya ilə cığallıq etməsin.

Çalış dünya ilə cığallıq etmə,

Əjdaha ağzında çadıra getmə.

Nizaminin insandan tələbi böyükdür. Dünyanın hiylələrinə, hücumlarına qarşı şiri-nər kimi vuruşaraq özünü heç olmaqdan, udulmaqdan qoruması üçün bu insanın birinci növbədə özü özünü dərk etməsi lazımdır. İnsan həyatda ancaq açıq düşmənlə yox, həm də gizlin, zahirdə ona gülüb özünü dost göstərən, cilddən-cildə düşənlərlə qarşılaşır. Nizami əsrinin adamlarını zamanın əxlaqına, baxışlarına, meyllərinə qarşı döyüşə çağırır, insanın vəzifəsini də bunda görür:

Qalx əzək başını bu fitnənin biz,

Məhv eyləyək tamam, bu vəzifəmiz.

Bəs deyil baş əydin pula, qızıla,

Saldın dörd düyünə, yeddi qıfıla?

Yel qızıldan ötrü, yaxşı nəzər sal,

Gör necə eylədi laləni pamal.

Var-dövlətə aludəlik, qızıl toplmaq ehtirası zamanın ən böyük bəlası, insanda insanlığı öldürən bir keyfiyyət kimi rədd olunur. Şair bu fitnə-fəsadın başını əzməyi insanın əsas vəzifəsi sayır. Bu isə özünü dərketmənin nəticəsində ola bilərdi. Nizami feodal orta əsrinin əsas şər mənbəyini doğru müəyyənləşdirir. İnsanın vəzifəsini isə həmin şər qüvvənin doğurduğu, əsaslandığı ideologiyaya qarşı vuruşmaqda, onu büsbütün əzməkdə görür. Bu, əlbəttə, asketizm, tərki-dünyalıq deyil, dünyanı və dünyada insanın yerini, mövqeyini dərk etməyin nəticəsidir. Bir cəmiyyətdə ki var-dövlət insanı və insanlığı öldürür, heçə çevirir, o yerdə Nizami var-dövlətin düşmənidir.

Nizami, günəş adlandırdığı insanın adına ləkə gətirən əsas şər mənbəyi kimi var-dövləti rədd edir. Lakin bu o demək deyil ki, Nizami var-dövlətin, firavan, şən, gen-bol yaşamağın əleyhinədir. Nizaminin var-dövlət, xüsusən qızıl əleyhinə yönəlmiş fikirlərini bu şəkildə qəbul eləmək onu anlamamaq, təhrif etmək deməkdir. İntibah dövrünün ən böyük humanistlərindən biri kimi Nizami hər şeyi insanla, insanlıqla ölçür, insanda insanlığa xələl gətirən hər şeyi rədd edir. İnsana, insanlığa xidmət edən hər şey Nizami üçün əzizdir, doğmadır. Nizaminin yüksək İntibah şairi kimi qənaəti budur ki, insan yemək, yatmaq, eyş-işrət dalınca qaçmaq üçün yaranmamışdır. Bu, insanın özünü inkarıdır. İnsan hər şeydən əvvəl xalqın, dünyanın gözəlləşməsinə çalışmalıdır. İnsan öz insanlıq borcunu bəşərə, insanlığa xidmət etməkdə görməlidir. Bu, feodal fərdiyyətçiliyinin və insana baxışının inkarıdır.

Nizaminin yaşadığı dövr böyük elmi kəşflər, ağıl və idrak dövrü idi. Orta əsrlərin dini ehkamına, mövhumatına İntibah ağlı-kamalı qarşı qoyurdu. Nizami də İntibahın ən böyük nümayəndələrindən biri kimi ağıl məsələsinə xüsusi diqqət yetirir, insanın özünü dərk etməsində onun rolunu, ağlın insana arxa olduğunu yazır. Ağıllı adamı mələk adlandırır, ağıllı insanda yerlə göyün birləşdiyi fikrini irəli sürür.

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kim ki yetişmədi ağıldan bara,

Oxşar insan sifət əjdahalara.

Zirək adam, insan mələkdir, mələk.

Zirəklik gözəldir, əcəbdir, gerçək.

Nizami Allah vergisi olan ağıldan yox, insanın səyi nəticəsində əldə edilən bilik və ağıldan danışır. İnsan cəhd sayəsində mələyə çevrilir, öyrənməklə daşdan gövhər çıxardır deyən şair bizə mövhumatçı, tərki-dünya görünmür. Onun fikirlərində həyata, insanlığa, elmə çağıran güclü bir hayqırış vardır.

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxardar.

Ancaq öyrənməyi ar bilən insan

Məhrumdur dünyada bilik almaqdan.

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular,

Təlimə həvəskar çox korazehin

İqlimlər qazisi olmadı? Deyin.

Təlimdir düzəldən itləri sap tək,

Olmazmı cəhd etsə bir insan mələk?

İnsanın ancaq səy göstərib öyrənmək, cəhd nəticəsində dəyişə bildiyini, vəhşilikdən qurtarıb mələyə çevrildiyini, yerdən göyə yüksəldiyini şair inamla qeyd edir. Nizami ətalətə, tənbəlliyə, tərki-dünyalığa düşmən kimi cəhdi, səyi əsas götürür. Cəhd olmasa, iti zehin yatır, çalışan, səy göstərən insan isə hörmət, izzət sahibi olur, ona görə ki, səy insanı ucaldır, dəyişdirir, ən qiymətli sərvətə çevirir. Nizami orta əsrin sərt həyatı, qorxunc qanunları qarşısında insandan daha çox ayıq-sayıqlıq tələb edir.

Baxma ki, oynaqlar atın, ayıq ol,

Çətindir nə qədər bax getdiyin yol.

Bu yolda oxşasan bir ağ şahinə,

Yollara gun kimi nəzər sal yenə.

Elə bir yola ki, ovlaq yoludur,

Göylər kamanlıdır, göylər oxludur.

Nizaminin insana yeni münasibəti, ona İntibah idealları baxımından yanaşması şairin bütün fikirlərində özünü aydın büruzə verir. Zaman, əsrin insanları və bu insanların əxlaqı, oğlu Məhəmmədin taleyi, şairin özünün həyat təcrübəsi, həyatda gördüyü ağrı-acılar yeni insan idealının ifadəsi üçün vasitəyə, dəlil və sübuta çevrilir.

"Yeddi gözəl" obrazların təqdimi baxımından da diqqəti cəlb edir. Şair surətlərə ancaq müəyyən ideyanı, fikri təcəssüm etdirən, hadisələri bir-birinə bağlayan mexaniki, zahiri vasitə kimi baxmır; onlar hər şeydən əvvəl hər hansı cəhətdən biri digərinə bənzəməyən, müəyyən vərdişləri, qayğıları, keyfiyyətləri olan canlı, səciyyəvi adamlar kimi təqdim olunurlar. Nizami surətləri birtərəfli əks etdirməyin əleyhinədir. İdealı ancaq ideal, şəri də ancaq şər olaraq göstərmək Nizami poeziyasına yaddır. Mürəkkəb və çətin həyat yolunda idealın özündə nöqsanlar, büdrəmələr olduğu və ola biləcəyi fikrini şair rədd etmir. Bu, ideal surəti ideallıqdan çıxarmır, lakin onu həyatiləşdirir, inandırıcı, müəyyən mənada real şəklə salır. Əgər Bəhramın nöqsanları olmasaydı və Nizami onu saf ideal şəklində təqdim etsəydi, obraz bu qədər uğurlu alınmazdı. Hökmdar kimi Bəhram məhz səhvləri, büdrəmələri ilə daha güclü və inandırıcıdır.

Nizaminin İntibah şairi kimi ən səciyyəvi cəhətlərindən biri onun demokratizmidir. Şairin yaratdığı bütün surətlərdə bu cəhət özünü aydın göstərir. Şair əsərlərində hakim feodal-zadəgan təbəqələri içərisindən seçdiyi qəhrəmanları xalq nümayəndələri ilə qarşılaşdırır. İdeal qəhrəman o vaxt özünü insan kimi təsdiq edir ki, xalqdan öyrənir, xalq içərisindən çıxmış insanların həyat təcürbəsindən, müdrikliyindən ibrət alır. Xalqa arxa çevirən, ona yuxarıdan baxan, zülm edən qəhrəman isə istər-istəməz şər rəmzi kimi təqdim olunur.

"Yeddi gözəl"də bütün surətlər eyni dərəcədə geniş və çoxplanlı şəkildə təsvir edilməmiş, əsas diqqət isə Bəhram Gur surəti üzərində cəmlənmişdir. Bütün qalan surətlər hökmdarın həyat yolunda bu və ya başqa şəkildə onunla əlaqələnir, onu daha aydın və ətraflı səciyyələndirməyə kömək edir. Yəzdgürd, Neman, Fitnə, çoban, Rastü-Rövşən, Çin xaqanı, Mənzər, Şidə, Simnar və başqa sutərlər ilk növbədə ideal surət kimi yaradılan Bəhram Guru daha yaxşı başa düşməyə imkan verir. Bu surətlər Bəhram Gur üçün mühit, həyat, fon təşkil etməklə bərabər həm də ayrıca əhəmiyyətə malikdirlər. Bəhram Gur həmin surətlər aləmində hərəkət etməklə onlardan fərqlənir. Onlar özləri də biri digərinə oxşamır.

Şair hakim feodal-zadəgan nümayəndələrinin təsvirinə daha geniş yer vermişdir. Poemanın mənfi surətləri də bu təbəqə içərisində göstərilmişdir. Xalq içərisindən seçdiyi qəhrəmanları şair həmişə işıqlı boyalarla vermiş, açıq-aydın onların müdrikliyinə, cəsarətinə, insaniliyinə heyranlığını bildirmişdir. Çobanın, Fitnənin, məhbusların simasında şairin insan idealı və əsas tendensiyası əks olunmuşdur.

"Yeddi gözəl"də mərkəzi surət Bəhram Gurdur. O, Nizaminin yeni insan axtarışlarının təzahürüdür. "Xosrov və Şirin" poemasındakı Xosrov surətində şair eşqin təsirilə onun dəyişməsini, təkmilləşməsini göstərirsə, burada qəhrəmanın mürəkkəb həyat hadisələri nəticəsində dəyişməsini, inkişafını qələmə almışdır. Nizami yenə də ədalətlt şah surəti yaratmağa cəhd etməmiş, bəlkə xalq ədəbiyyatında, Firdovsi "Şahnamə"sində ədalətli şah kimi təqdim edilən Bəhram Gurun səhvlərini, büdrəmələrini və bu yolla özünü təsdiqini göstərmişdir. Nizami Bəhram Gurun daha çox öz özünü axtarmağı üzərində dayanmışdır. İnsan və hökmdar kimi inkişafın son həddinə çatan Bəhramı təsvir eləmək fikrindən Nizami yan keçir.

Bəhramı Nizami əvvəlcə Yəməndə göstərir. Onun Yəmən həyatı sonrakı həyatına uyğun verilmişdir. Bəhram burada ictimai həyatdan kənardadır. Ov edir, əylənir. Onun xatirinə Xəvərnəq tikilir. Mahir ovçu kimi Bəhram cəsarətli və ədalətli işlər görür. Əjdahanı öldürüb ahunun intiqamını alır və əvəzində böyük xəzinə tapır. Boş vaxtlarında Xəvərnəqdəki otağa gəlir, gözəllərin şəklinə baxıb xəyallara dalır. Burada Bəhramın yeddi gözəlin eşqi ilə xəyala dalmağı onun başqa işlərinə mane olmur. Onsuz da onun heç bir işi yoxdur. Bəhram bu hərəkəti ilə cinayət işləmir. Lakin bununla Bəhramın xarakterindəki bir qüsura işarə edilir. Oxucu ayıq salınır. Ətrafında baş verənlərə laqeyd olan, gününü ovda, Xəvərnəqdə xəyala dalmaqla keçirən Bəhramın bu həyatı uzun sürmür. Atasının ölümü onun həyatında yeni bir mərhələnin başlanmasına səbəb olur. Atasının taxt-tacına sahib olmaq üçün böyük cəsarət və mərdlik göstərir. O, Xosrov kimi qorxudan ölkəsini qoyub qaçmır. Əksinə, qanuni taxt-tacı almaq üçün İrana qayıdır.

Bəhramın onu istəməyən İran əyanlarına münasibəti, atasının əksinə ədalətli olacağı haqqında verdiyi vədlər, qanunsuz şahla rəftarı, iki şir arasından tac göturməsi – bunlar hamısı ədalətli, cəsarətli, ideal insan və şah kimi onu sevdirir. Bəhramın iki şir arasından tac götürməsi rəmzi məna daşıyır, taxtı-tacı əldə saxlamağa qadir olduğunu bildirir, onu ən qorxulu düşmənlərlə mübarizədə qoruya biləcəyi mənasını ifadə edir. Halbuki Bəhramın atasının taxtına qanunsuz olaraq oturmuş şah iki şir arasından tac götürmək şərtini eşidən kimi qorxusundan sürüşüb taxtdan düşmək istəyir. Bu hadisə göstərir ki, həmin şəxs gələcəkdə də taxt-tacı, başqa sözlə, ölkəni təhlükələrdən, qoruya bilməyəcəkdir. Onda belə qüdrət və cəsarət yoxdur. Deməli, onun şah olmağa heç bir qabiliyyəti, ləyaqəti və ixtiyarı da yoxdur.

Bəhram iki şir arasından tac götürərkən əyanların və xalqın sevinməsi, onu alqışlaması ordan irəli gəlir ki, həmin adamlar Bəhramın ölkəni təmsil edən tac uğrunda heç bir təhlükədən çəkinmədiyini, ən qorxulu düşməndən belə qoxmadığını görür, ondakı qüdrət, ləyaqət və cəsarətin şahidi olurlar. Onlar Bəhramın simasında arzuladıqları bir hökmdarı görürlər. Bəhram Gur bunu sonralar da dönə-dönə təsdiq edir. İnsan və hökmdar kimi özünü təsdiq edən Bəhram Gur quraqlıq və aclıq illərində dövlət xəzinəsinin hesabına əhalini çörəklə təmin edir. Tək bir nəfərin acından ölməsində özünü günahkar sayır, qara geyinir. Həmin aclıq dövründə o, hətta heyvanların, quşların da qayğısına qalır. Bolluq illərində isə insanların günlərini şad, şən keçirməsi üçün tədbirlər görür. Bunun nəticəsindədir ki, neçə il bolluq olur. Adamlar tənbəlləşir, silahları satıb çalğı aləti alırlar. Ona görə də Çin xaqanı qəfildən hücum edəndə onunla vuruşmaq üçün özlərində güc tapa bilmirlər.

Bəhram Gurun bir hökmdar kimi ilk səhvlərindən biri bu idi ki, insanın vəzifəsini yeyib yatmaqda görürdü. Halbuki Nizaminin qənaəti budur ki, insan gərək yem dalınca qaçmasın. Düzdür, Bəhram Gur ağıllı bir tədbirlə ölkəni təhlükədən qurtara bilir. Ölkə yenidən abadlaşır, hamı şadlıq içindədir. Bəhram elə düşünür ki, bütün problemlər həll olunmuşdur. İndi o özü ilə də məşğul ola bilər. Şidə Bəhram üçün yeddi günbəzli, yeddi rəngli bir qəsr tikir. Bəhram yeddi iqlimdən gətirilmiş yeddi şahzadə qızla bu qəsrə çəkilir, eyş-işrət və nağıllar aləmində yaşayır. Ölkəni idarə etməyi vəziri Rastü-Rövşənə adlı vəzirinə etibar edir.

Nizami dövrünün hökmdarları üçün adi hal olan bu hal onu yenə çətin vəziyyətdə qoyur. Çin xaqanı yenidən ölkəni müharibə ilə təhdid edir. Xəzinə boş, ölkə dağılıb, əhali şaha düşmən kimi baxır. Bəhram nə edəcəyini bilmir. Xalq nümayəndəsi olan çobanla söhbətləri onu qəflət yuxusundan ayıldır. Bundan sonra o məhbusları dindirir. Zərbənin haradan dəydiyi ona aydın olur. Rastü-Rövşən edam olunur. Şah yeddi günbəzli qəsrdən əl çəkir. Ölkəni indi həqiqi mənada iki şir arasından xilas edir, bununla vədlərinə və ideala uyğun şah olduğunu sonuncu dəfə təsdiq eləyir.

Bəhram Gurun sonrakı həyatını təsvir etməyi şair lazım bilmir, çünki əks etdirmək istədiklərini əks etdirmiş, demək istədiklərini demişdir. Ona görə də Bəhram Gur növbəti dəfə gur ovuna gedərkən mağarada qeyb olur. Nizami Bəhram Gurun simasında insan və şah necə olmalıdır sualına cavab verməklə insanın özünü axtarışı və təsdiqini açıb göstərmişdir.

"Yeddi gözəl" poeması məzmun və forma baxımından ecazkar bir əsərdir. Poema ifadə etdiyi fikirlərin, boyaların əlvanlığı baxımından da diqqəti cəlb etməkdədir. Şairin ilk poeması kimi bu əsər də rəngarəng düşüncə və zəngin fikir xəzinəsidir.

"Yeddi gözəl" əsərinin müasir Azərbaycan dilində iki tərcüməsi vardır. Həm Məmməd Rahim, həm də Balaş Azəroğlu Nizaminin bu poemasını gözəl bir dillə tərcümə etmişlər. Orijinala yaxınlıq, şairin fikirlərini Azərbaycan dilində yüksək bədii səviyyədə ifadə edə bilməsi baxımından hər iki tərcüməni qarşılaşdırarkən, biz Məmməd Rahimin tərcüməsini yeni nəşr üçün daha münasib bildik.


Xəlil Yusifli

Загрузка...