Onda ki, Bəhramın üzü nur saldı,
Yəmən dərisindən xamlığı aldı,
Könüldən şad etdi bu iş Münziri,
Neçə ki, Süheyldən parlayar dəri.[118]
Yəməndə Nemanı, bir də Münziri
Ata-qardaş etdi ona hünəri.
Atalıq-qardaşlıq qalsın bir yana,
Biri rəhbər idi, biri qul ona.
Bilik təlim etdi Münzir hər zaman,
Yoldaşı kəsildi məclisdə Neman.
Münzir onu bilik sahibi etdi,
Neman ox atmağı ona öyrətdi.
O belə boy atıb namidar oldu,
Şöhrəti göydə də aşikar oldu,
O, meydan zövq alar, büsat sevərdi,
Bir ovu xoşlardı, bir at sevərdi.
Ölərdi gur üçün düşsə ovlağa,
Ölü, gordan qaçar necə irağa?
Nə zaman yay çəkib nişan alardı,
Oxu gur gözündə qəbir salardı.
Onun yel yerişli bir atı vardı,
Bu atın elə bil qanadı vardı.
Qaçışı rahatdı, qədəmi düzgün,
Əzərdi, tökərdi ovları bütün.
Qapardı sürətlə yol gedən zaman
O, topu Günəşdən, qürsü də Aydan.[119]
Qohumluq etmişdi fələk bu atla,
Yarışa bilməzdi külək bu atla.
Yüz ilan qıvrımı quyruğu vardı,
Dırnaqla yüz gura gor qazıyardı.
Ova eyləyəndə Bəhram şah səfər
Heç başqa atlara salmazdı nəzər.
O gur dırnağını yəhərləyərdi,
Gurlar görən zaman, əhsən deyərdi.
Yel kimi uçardı bütün ovlağı,
Guru parçalardı iti dırnağı.
Nə zaman ki, işdən bezərdi Bəhram,
Minib o pələngi gəzərdi Bəhram.
O dırnaq basanda şikarstana
Yer çönüb dönərdi nigarstana.
Çəkidə daşlardan çox ağır olan
Təpələr salardı maraldan, gurdan.
Səhranın nə qədər çuxurları var,
Ovlanan gurlarla edərdi hamar.
Tozunu fələk də görməz bu atla,
Şah ova çıxanda min çataçatla
Əlini atsaydı əgər kəməndə
Min guru dipdiri salardı bəndə.
Onları görəndə kəmənd atardı,
Ya da ki, sadəcə əllə tutardı.
Yıxsaydı yüz guru əgər yan-yana
Qıymazdı dörd yaşı qurtarmayana.
Onun bir beləcə adəti vardı:
Gənc gurun qanını haram sayardı.
Hər tutduğu gura vurardı damğa,
"Sərdar ol, – deyərdi, – bütün ovlağa",
Minindən birini kim tutsa əgər,
Şahın damğasını görərkən öpər,
Yaxşılıq keçərdi yadından ancaq,
Açardı bəndini, buraxardı sağ.
Şahın damğasıdır yaşadan bizi,
Düz sürək qoy ömür köhlənimizi.
O gurlar ovlayan Bəhram çağında
Gurlara qurtuluş vardı dağında.
Qolu güclülərdən ölkəmizdə, bax,
Qarışqalar belə olmuş sinədağ.