BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ QIRMIZI GÜNBƏDƏ GETMƏSİ VƏ DÖRDÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Dey ayında günlər gödəkdir, gödək,

Bir gün çox qısaydı Tir gecəsitək.[220]

Günlərdən çərşənbə günü yaxşıdır,

Həftənin ortası, həftə naxşıdır.

Bəhram günü Bəhram rənginə yoldaş,

Bəhram şah da oldu onlarla adaş.

O gün al rəngini bəzədi ala,

Qırmızı günbədə düzəldi yola.

Sudan lətafətli, oddan qırmızı,

Səqlab ölkəsinin slavyan qızı

Bağladı Bəhramın hüzurunda əl,

Günə səcdə edən ay olar gözəl.

Gecə çəkdi göyə öz bayrağını,

Yırtdı gün tağının nur duvağını,

Şah dedi: "Baldodaq, almayanaq, gəl,

Bizi bir nağıla eylə qonaq, gəl".

Gözəl bu arzudan qaçırmadı baş,

Əqiqdən dürr etdi hüzura şabaş.[221]

Dedi: "Ey evinin kandarı fələk,

Günəş çadırının qapısı, gərək

Deşilə biləcək hər bir gövhərdən

Daha xoş hekayə deyim sənə mən.

Kimsə şahım qədər qoy ucalmasın,

Səni sevməyənlər ölsün, qalmasın".

Belə bir duanı yetirib başa,

Tapşırdı ləlini parlaq daş-qaşa.

Загрузка...