Dördüncü şəxs çəkib, qorxusundan ah,
Dedi: "Ey tərifə layiq olan şah.
Gənc, qərib aşiqəm, ilham alardım,
Axar sular kimi bərbət çalardım.
Bir sevgilim vardı, olmazdı misli,
Qəmlər təsəllisi, çinliydi əsli.
Hilaldan nur almış parlaq məhpara,
Gündüz qarşısında gecədan qara.
O, heçin adını qoymuşdu ağız,[300]
Qatıb gülüşünə qənd, şəkər bu qız.
Bahardan gözəldi bu dilbər cavan,
Aşkara çalmışdı rövnəqi bağdan.
Satın aldımsa da mən o afəti,
Gözümün bir oydu vəli-neməti.
Məndən öyrənmişdi sazda çalmağı,
Vardı ruh bəsləyən könul almağı.
Üzbəüz oturub məclis qurardıq,
Şamla pərvanətək söhbət vurardıq.
Mən bir gecə idim, o nurlu çıraq,
Yar sevimli çiçək, könül bağça-bağ.
Vəzir məndən aldı o güləndamı,
Elə bil ayırdı nurundan şamı.
Alıb öz evini işıqlandırdı,
Yazıq pərvanəni oda yandırdı.
Mən yar həsrətiylə divanə oldum,
Ona yol axtardım, getdikcə soldum.
Vəzirin saldırdı məni zindana,
Dedi: – Zəncirlənər dəli-divana.
Aldı o yarımı hiylə, naz ilə,
Can qaldı zindanda min niyaz ilə.
Dörd ildir ki, belə, ah, o zülümkar
Məni bu zindanda etmiş zəlil, xar".
Şah gözəl kənizi, bollu varidat
Gətirdib, oğlana verdi o saat.
Üstəlik gəlinə verdi bol cehiz,
Zindandan qurtardı məhbusla kəniz.