Tam əks-əyarlı nəqdi Gəncədən
Rumi çeşnisiylə parladınca mən,[316]
Ona şah adını bəxş etdi dilim,
Naxşından istədim sulansın əlim.
Çini libaslı şah qoydu qızıl tac,
Çin və Rum şahları ona verdi bac.
Üsul, firu ilə oldu aşina
Bəxtiyşu rəyinə, İyşu baxtına.[317]
Yerini öpməyə göylər qalxışar,
Onun cəlalıyla yaranmış yaşar.
Şahadır hər zaman göyun xidməti,
İkicə çörəkdir onun ücrəti.[318]
Bu mərdlik ətirli bir müşkə bənzər,
Quru torpaq kimi paylayar gövhər.
Xılt ilə köpükdür torpaq, asiman,
Şərəf mayasıdır, safdır hər zaman.
Sailə zər verər, bərabəri yox,
Məkkənin qumundan onun zəri çox.
Sərt daşa qılıncı bir oyun açar,
Elə bil, gur odda alışır çinar.
Tük yaran oxunu sürətlə aldı,
Dağın nafəsini göbəkdən saldı.[319]
Zirehinin nuru o yerə çatdı
Ki, subh nizəsini əlindən atdı.
Nizə oynadarkən böyuk cahandar,
Ayın zirehindən həlqə qopardar.
Geyiminə zireh altı cəhətdir,
Göylər kəmərinə düyün nisbətdir.
Sənə bel bağlayır, bil ki, Nizami,
Səndədir dövranın nəzmi, nizami.
Deyim ki, yer səni asiman sanır,
Göy səni adıyla hər zaman anır.
Suda göy əksitək yaxınsan, uzaq,
Aynada günəştək yaxın və parlaq.
Sənsən bu dünyanın qüdrətli şahı,
Dünyamız gözləməz özgə pənahı.[320]
Nadirsən hər zaman mələklər kimi,
Ucasan hamıdan fələklər kimi.
Həməl hədiyyəndir, qalxıb ucalsın,
Qoy səndən aləmdə şan-şöhrət alsın.
Adına bağlandı o qaş-daşdı tac,
Qorxdum cavahiri edilə tarac.
Xoşlasan əsərim ad alacaqdır,
Qalxıb taxtın kimi ucalacaqdır.
Tikanın üstünə töksən bal əgər,
Tərəngəbin deyər ona zirəklər.[321]
Könül bağçasının barıdır bu, al,
Sanki bəslənilib süd içində bal.
Bir incir zövqü var hər danəsində,
Durur badam içi miyanəsində.
Zahir əhli üçün bir nöqsanı yox,
Batil əhli üçün mənalıdır çox.
Gövhər ilə dolu sandıqçası var,
Gözəl ibarələr o möhrü açar.
Kim aça bilərsə ibarələri,
Ağıl riştəsinə düzər gövhəri.
Vurduğum bu yaxşı və bu yaman fal
Rəmzü işarədir, yaradır kamal.
Sanma nağıllarım boş əfsanədir,
Hər biri dopdolu bir xəzanədir,
Hansı bir gözəlin qısaydı donu,
Mən öz nəzmim ilə uzatdım onu,
Uzun geyimlini götürdüm, aldım,
Dedim sənətimlə kəsim, qısaldım.
Verdim bu töhfəni sənə yadigar,
Yağlı bir sümükdür, şirin məğzi var.
Ancaq sən hüsnünə salasan nəzər,
Ona cilvə verib işlətdim hünər.
Çox gəlir gətirir, sərf edir az xərc,
Olmuş hər sətrində bir sandıqca dərc.
Hər biri qəlb alan nazlı, incədir,
İpək altındakı bakir qönçədir.
Bir misrası dürdür, bir misrası zər,
Mənayla doludur bütün beytlər.
Qoy bütün dünyada çəkilsin adım,
İki hərflə gələr başa muradım.[322]
Yeddi xəznəsi var əsrarın, demək,
Vurdum uzun, geniş naxışlı bəzək.
Oxunan zaman bu əsərim sizə,
Rahatlıq gətirib nur versin gözə,
Genişdir büsatı, gözəl növrağı;
Məftun etdim yaman, gözü, qulağı.
Məna gözəllərim baisdir buna,
Onlar dargözlüyü atmış bir yana.
Bağlı bir xəznədir hər gözəl pəri,
Xəznə açarını gizlər telləri.
Mədənimi açan tapacaqdır zər,
Qapımı kim tapsa toplayar gövhər.
Neyşəkər qələmli sənət tacıyam,
Dərgahın şirin bir göy ağacıyam.
Qarğım hünərimin əkin yerindən
Sünbülü qaldırıb Ütaridə tən.
Nağılçı sevməzsə nağıl deyəni,
Sünbülə çox sevər bu sünbüləni.
Çünki qənaətin tunc qələsindən
Padşaha xəznələr yetirmişəm mən.
Bəxşiş qızılını verməkdə, yenə
Yaman borclu qaldı Ruyindiz mənə.
Buna səbəb olan yoxsulluq deyil,
Ruyin qələsinin varı boldur, bil.
Bu möhkəm qələnin iti dəmiri
Ləl, almaz eylədi yüz ağac yeri.
Ləli dost əlində saysız dəyərdir,
Almazı düşmənə iti kəsərdir.
Qələ yox, Kəbədir, anlayır hər kəs,
Ruhani gözündə odur müqəddəs.
Yerin mərkəzidir, qızıl məhvərdir,
Ruyindizdir, demək, çox mötəbərdir.
Qafdan Qafa qədər keçirmiş ələ,
Dağların canına salmış vəlvələ.
Onun qapısıdır, bil, Rəhmə dağı,
Bağlar Buqubeysdən kəmər papağı.[323]
Bu pərgarın xətti daim var olsun,
Nöqtəsi günəşdən bərqərar olsun,
Hər kim sığınarsa qala içinə,
Məktubu bağlarlar bir göyərçinə.
Göyərçin aparar kağızları şad,
O şəxsə ki ondan gözlənir imdad.
Keçir öz ölkəmdə mənim hər günüm,
Qaçmaram, bağlıdır arxamla önüm.
Məktubu bağladım, bax, göyərçinə
Ki, şaha çatdırsın, yar olsun mənə.
Göy sənin qapında bir quldur, əhsən,
Xətayi geyinib, xəta örtənsən.[324]
Dövlətin şairin dadına yetdi,
Qələmim gör necə sehrlər etdi.
Beş yüz doxsan üçdə qalxıb ər kimi,
Yazdım bu əsəri igidlər kimi.
Ramazan ayının on dördü vardı,
Gün dörd saat qalxıb batmış olardı.[325]
Taxtın olsun görüm daima yüksək,
Göndərdiyim əsər sənə mübarək.
Şerimdən həyatın suyunu iç, al,
Sən də Xızr kimi daim diri qal,
Mulkündə əbədi yaşa sən azad,
Mulkünlə, ömrünlə, taxtınla ol şad.
Məzur tut nöqtəmdən incisən hərgah,
Sənə incə nöqtə söylərəm, ey şah!
Bəzmində varsa da əzəmət, calal,
Bu bir bəzmdir ki, cənnətdən misal.
Xəznəndə cəvahir, qaş-daş, hər nə var,
Tamam əziyyətdir, bu nəşə saçar.
Vursalar yüz deyil, beş yüz il başa,
Puç olub dağılar, sən uzun yaşa!
Saraya aiddir verdiyim xəznə,
Əbədi bir yoldaş olacaq sənə.
Ağlın yetirdiyi bu xəznəyə bax,
Duan ilə ona son vurulacaq.
Dövlətin hər yerdə görüm baş olsun!
Fələk rikabında bir fərraş olsun!
Dövlətin yayılmış, ey şah, hər yana,
İşlər səadətlə yetişsin sona!