BƏHRAMIN İRAN TORPAĞINA QOŞUN ÇƏKMƏSİ

Ey söz düyümləyən cadugər, yetər,

Bu keçmiş sözlərdən gəl vermə xəbər!

Gül kimi ağzından özün al nəfəs,

Ondan ətirlənsin səndəki həvəs.

Bilin, bağlamışam mən əhdü-iqrar

Kimlə? O kəslə ki, əhdində durar.

O şey ki, başqalar demiş, yaratmış,

Biz şərab içirik, onlarsa yatmış,

Öz malım etməyim keçirib ələ,

Pis olar eyləsəm mən hərgah belə.

Uymayım köhnəni tikmək felinə,

Cəhd edib oxşayım novruz yelinə.

Doğrudur, şərt qoydum: dürr saçmaqda mən

Olmayım deyilmiş sözləri deyən,

Ancaq o xəznəyə sahmanımız bir,

Oxumuz cütsə də, nişanımız bir.

Etməli olsam da bir sözü təkrar,

Hünərim palazdan ipək yaradar.

Sözün kimyasıyla iki nəqş açan

Köhnə nəqşi təzə elədi çoxdan.

Misi xas gümüşə döndərmiş biri,

Bu isə gümüşdən alar saf zəri.

Misi saf gümüşə döndərən sənət

Gümüşdən zər alar, eyləmə heyrət!

Uca taxta incə bəzəklər verən

Belə bəzək vurdu taxta yenidən.

Xəbər tutdu Bəhram, igid şahzada

Ki, tac qismət olub yad oğlu yada.

Kəyanın tacını tələb etməkçin

Bağladı belini ürəyində kin.

Bəhram ölkəsinə şah olsun deyə,

Münzər də, Neman da qalxdı köməyə.

Verdilər bol xəznə, hesabsız daş-qaş,

Saysız ordusuyla o qaldırdı baş.

Düşmənlik alışdı coşdu sərasər

Yəməndən başlamış Ədənə qədər.

Atlanıb yürüdü yüz min süvari,

Hamının poladdan möhkəm paltarı,

Hamı div bağlayan, qələ açandı,

Nərəsi bir şirdi, hünər saçandı.

Hər biri ölkəyə bir istinadgah,

Belə bir orduyla yürüş etdi şah.

Nəm gedib balığa, toz aya çatdı,

Şeypurların səsi od parçalatdı.

Zərbələr yağdırdı sinc-təbil çalan,

Gurultu ucaldı – nağaralardan.

Düşdü sinc-təbilin səsi dağ-daşa,

Göyləri, yerləri gətirdi çoşa.

Sayda qarışqadan artıqdı ləşgər,

Yandı intiqamla ordu sərasər.

"Bəhramın olmalı öz tacı, yurdu"

Deyə, yürüş etdi Yəməndən ordu.

Загрузка...