Misir ölkəsində bir şəxs yaşardı,
Onun aydan gözəl bir üzü vardı.
Misrin Yusifinə bənzər camalı,
Min qarət eylərdi hər gözəl xalı.
Mahandın şöhrəti, əziz dostları
Gəzərdi onunla xoş çəmənzarı.
Onlar göy altında süfrə sərərdi.
Çalğıya, nəğməyə könül verərdi.
Kimi ev bəzərdi, kimi bağça-bağ,
Deyərdi: – Ey Mahan, ol mənə qonaq.
Xeyli adlı-sanlı biri bir dəfə
Apardı Mahanı bağına keyfə.
Bağ nə qədər şirin, lətif çəməndi,
Dostlar ondan daha lətifdi, şəndi,
Orda gecəyədək gün keçirdilər,
Meyvə yeyirdilər, mey içirdilər.
Hər yanda qurulub bir şadlıq, büsat,
Yeməklər gəlirdi saatbasaat.
Gecə müşkdən bir ələm çəkəndə,
Qır alıb gümüşə qələm çəkəndə,[229]
Onlar keyf edirdi səfalı bağda,
Piyalələr, əldə, nəğmə dodaqda.
Vurulub baxçaya, sözə, söhbətə,
Könül bağladılar eyşü-işrətə.
Boyadı göyləri ayın işığı,
Belə gecələrin günduz aşiği.
Mahanın qızışdı şərabdan başı
Gördü axan suyu, ayı, dağ-daşı.
Bağın dövrəsini dolandı getdi,
Sonra xurmalığa boylandı getdi.
Gördü ki, bir nəfər gəlir uzaqdan,
Ona çox tanışdı bu gələn insan.
Bir az diqqət edib tanıdı, bildi,
Gələn şərikiydi, özgə deyildi.
Dedi: "Bəs bu zaman nə üçün, nədən
Özünlə qul, nökər gətirməmisən?"
O dedi: "Uzaqdan indi gəlmişəm
Sənsiz nə səbrim var, nə dincəlmişəm.
Hədsiz bir qazancla qayıtmışam mən,
Yeri var təşəkkür əgər edəsən.
Gecikdim, bağlandı şəhrin qalası,
Gecəni düzlərdə oldum qalası.
Bildim qonaq edib dostun sizləri,
Gəldim, çətin deyil qayıtmaq geri.
Pis olmaz mənimlə sən getsən əgər,
Ağa kənddə olsa, işlər düz gedər.
Xeyrin bir payını bu zülmət gecə
Asanca vergidən sallıq gizlicə".
Mahan bu xəbərdən ləzzət alınca,
Duşdü yoldaşının dərhal dalınca.
Doqqazı açdılar, xəlvət keçdilər,
Görmədi onları əsla bir nəfər.
Gecə lal getdilər dərin sel kimi,
Yürüdülər qoşa – əsən yel kimi.
Şəriki qabaqda çapır durmadan,
Toz kimi ardınca sürünür Mahan.
Yolun uzunluğu hesabdan keçdi,
Düşüncənin oxu nişandan keçdi.
Mahan dedi: – Bizdən uzaq olsa Nil,
Çox deyil, zənnimcə, olar bircə mil.
Biz dörd mil getmişik, bəlkə çaşmışıq,
Dairə xəttini keçib aşmışıq.
Sonra fikr elədi: sərxoşam, düzü,
Bəzən əyri görər keyflinin gözü.
Lakin bu yoldaşım qazdan ayıqdır,
Həm yola bələddir, həm də sayıqdır.
Belə gedirdilər o iki yoldaş,
Birisi sürətli, birisi yavaş.
Dalda gedən yoldaş qaldıqca geri,
Deyirdi öndəki: – Yeyin ol, yeri!
Getdilər, getdilər, oturmadılar,
Dan yeri ağardı, bir durmadılar.
Xoruz qanad çaldı ağarınca dan,
Gecənin dimağı qaldı xəyaldan.
Boş-boş xəyallara qapılan adam
Bir anda xəyaldan ayrıldı tamam.
Mahanın yoldaşı itdi gözündən,
O çaş-baş az qaldı getsin özündən.
Sərxoşluq, yorğunluq beynini qatdı,
Davam gətirmədi, yıxıldı yatdı.
Axdı göz yaşları yanan şamsayaq,
Gün yarıya gəldi, oyanmadı, bax.
Günorta yandırdı günün atəşi,
Ciyərindən bədtər odlandı başı.
Gözünü açınca tez yola baxdı,
Gah sağa boylandı, gah sola baxdı.
Gül gəzdi, nə bir gül, nə də bağ gördü,
Qəlbinə çəkilmiş min bir dağ gördü,
Ona mənzil oldu mağara, inan,
Bir əjdaha idi orda hər ilan.
Yoxdu ayağında gücü, qüvvəti,
Lakin getmək idi fikri, niyyəti.
Getdi, ayağına qüvvət verən yox,
Bələdçilik edən, yol göstərən yox.
Gecə şahı, çadır qurana qədər,[230]
Mahan kölgəsindən duydu yüz xətər.
Axşam saçdı göyə qara telləri,
Bürüdü dünyada zülmət elləri.
Bir kaha ağzında yıxıldı Mahan,
Hər ot gözlərində oldu bir ilan.
Huşsuz uzanırdı o qucub yeri,
Gəldi qulağına ayaq səsləri.
Gördü iki nəfər yollanıb gedir,
Birisi arvaddır, biri kişidir.
Hərənin dalında bir ağır şələ,
Yavaş addımlarla gedirlər çölə.
Kişi yol üstündə görüncə onu,
Gəldi soruşmağa kim olduğunu,
Dedi: – Kimsən, nədən yerdədir başın?
Kimdir həmnəfəsin, kimdir yoldaşın?
O dedi: – Nabələd, qərib insanam,
Adımı el bilir, huşyar Mahanam.
Dedi: – Söylə görüm, sən, ey biçara,
Necə düşdün belə xarabazara?
Divlərin yeridir bu dağ, bu dərə,
Aman verilməyir burda şirlərə.
Mahan dedi ona: – Kişi, sən tarı,
Mərdlik eyləyib ol can xilaskarı.
Xoşluqla düşmədim buraya mən, bil,
İnsanam mən, divin heç yeri deyil.
Dünən keyf edirdim, damağı çağdım,
İrəm bağçasında əziz qonaqdım.
Gəlib yaxınlaşdı mənə bir adam,
Dedi şərikinəm, dostlarındanam.
Məni o cənnətdən buraya saldı,
Günəş çıxan zaman gözdən yoxaldı.
Göstərdi yoldaşım, əlbəttə, qəflət,
Ya səhv eləmişdir, ya da xəyanət.
Yaradan eşqinə, sən adamlıq et,
Yol göstərib mənə, imdadıma yet!
Kişi söylədi ki: – Ey gözəl cavan,
Şükr et ki, ölümdən xilas olmusan!
O, divmiş, insantək görünmüş sana,
"Çöllərin hayili" deyilir ona.
Şərikinəm demiş o sənə qəsdən,
İstəmiş canını alsın əlindən.
O çox insanları yoldan azdırmış,
Çox sənin kimiyə qəbir qazdırmış.
İnsanıq, atmarıq çöldə biz səni,
Saxlarıq bu gecə ikimiz səni.
Gəl, gir ortalığa, unut qəmini,
Bizimlə bərabər at qədəmini.
Bələdçilər yanda, ortada Mahan,
Mil-mil yol getdilər, bir xeyli zaman.
Sübh açıldı yenə, gedirdilər lal,
Bəli, gedirdilər onlar bu minval.
Xoruz nağaratək səs-səsə qatdı,
Səhər zər təbili dərəyə çatdı.[231]
Açarsız zindana döndu o dostlar,
Gözdən işıq kimi söndü o dostlar.[232]
Mahanın qalmadı güc dizlərində,
Yorulmuşlar kimi qaldı yerində.
Gündüz işığını göylərdə yaxdı,
Gecənin al qanı torpağa axdı.
Çıxdı qarşısına silsilə dağlar,
Bu yerdə pələnglər tutmuşdu qərar.
Zərrə qalmamışdı tabı, tavanı,
Əfsus, ah olmuşdu yağlı-yavanı.
Otlardan, köklərdən nə tapsa Mahan
Çarəsiz qalaraq yedi acından.
Onun dayanmağa yoxdu təhəri,
Yeridi, qalmadı yolundan geri.
Gün batdı, ay doğdu, o dağlar aşdı,
Canından, dünyadan o təng dolaşdı.
Zülmət bürüyüncə bu ağ dünyanı,
Yenə də yolçunun ağrıdı canı.
Girib mağaraya yuxuya getdi,
İnsandan özünü orda gizlətdi.
Səs duydu, dedi ki: "Bu səs nə ola?"
Çıxdı mağaradan, göz dikdi yola.
Gördü ki, bir atlı tufan qoparır,
Yedəkləyib sürür, bir at aparır.
O gəlib Mahana etdi tamaşa,
Gördü ki, bir nəfər qısılıb daşa.
Atları sürətlə sürən o adam
Dayanıb, etmədi yoluna davam.
Dedi: – Ey fitnələr, fellər yoldaşı,
Kimsən, nə gəzirsən belə dağ-daşı?
Sirrindən etməsən xəbərdar məni,
Bu saat qanına boyaram səni!
Mahan saralaraq oldu zər kimi,
Durdu tum səpməyə kəndlilər kimi.[233]
Dedi ki: – Yel kimi yol gedən igid,
Gör nələr çəkmişəm, qulaq as, eşit.
Dedi o yolçuya, dedi hər nə var,
Nələr bilirdisə gizli, aşikar.
Axırda qurtardı qəmli əhvalat,
Əlini dişləyib çapar qaldı mat.
Dedi: – Lahövl oxu, özünə bir an[234]
Ölümdən, dəhşətdən ey nicat tapan!
Cindir söylədiyin o arvad, kişi,
İnsan azdırmaqdır onların işi.
Tökərlər kahada adam qanını,
Qaçarlar eşidib xoruz banını.
Dişisi Niladır, kişisi Kila,
İşləri pislikdir, işləri bəla.
Şükr et, qurtarmısan əllərindən sağ,
Qorxma, hünərli ol, ata min, qaçaq.
Atlan, fürsət tapaq zalim zamandan,
Dilini qısa et yaxşı-yamandan.
Ardımca bu atı sür dönüb yelə,
Gətir ürəyində Allahı dilə.
Mahan ki, küsmüşdü ömrə, həyata,
Sustalıb qalmışdı, tez mindi ata.
Keçdi at çaparaq geniş çölləri,
Qoydu arxasında əsən yelləri.
Bir qədər getdilər, dırmanıb yala,
Qorxulu yerləri qoydular dala.
Durub bir təpədə baxdılar düzə,
Göründü göy çəmən oradan gözə.
Qalxırdı göylərə xanəndə səsi,
Bərbətin naləsi, rudun naləsi.
Buradan "Gəl" deyib çağırırdılar,
Oradan "Nuş olsun" bağırırdılar.
Səbzə, gül yerinə bu çöl, bu dərə
Olmuşdu hay-küylü məskən cinlərə.
Divlərin əlindən gələrək zara,
Dağ çölə sığınıb, çöllər dağlara.
Minlərlə div minib divin dalına,
Çöl matdır onların qeylü-qalına.
Torpaq sovururlar dönüb tufana,
Oxşarlar zəliyə, qara ilana.
İş gəlib yetişdi elə bir yerə
Ki, hay-küy sədası qalxdı göylərə.
Hamı çəpik çaldı, gəzdi, oynadı,
Hay-küydən başlarda beyin qaynadı.
Çığırtı hər yeri bürüdü, aldı,
Getdikcə ucaldı, daha çoxaldı.
Bir qədər keçmədi, çölü əlbəəl
Bürüdü minlərlə alovlu məşəl.
Sonra da dəstələr gəldi bədheybət,
Kənardan baxanı alırdı dəhşət.
Gəldi zəncir kimi sallaqdodaqlar,
Qətrandan geyimlər, qırdan papaqlar.
Xortumlu, buynuzlu bir yox, beş deyil,
Sanki birləşmişdi öküz ilə fil.
Zəbanilər kimi sərxoşdu hamı,[235]
Əlləri məşəlli, çirkin əndamı.
Saçır ağızları alov dörd yana,
Hamı beyt oxuyur, vurur şax-şana.[236]
Elə bir çalhaçal işə salırlar
Ki, bütün dünyanı ələ alırlar.
Oynayır Mahanın altında at da,
Belə vurhavurda, belə büsatda.
Mahan göz dikdi ki, baxıb görsün at
Nə üçün altında açıb qol-qanad?
Gördü altındakı dərddir, xətərdir,
Mindiyi at deyil, qızğın əjdərdir.
Dörd ayağı vardı, iki qanadı,
Yeddi başı görcək ağlı oynadı.
Halqa kimi bizi bürüyən fələk
Yeddi baş əjdərdir, heyrət nə demək?[237]
Cəhənnəm əjdəri belində Mahan,
Möhkəm sarılmışdı ona qorxudan,
Qəribə bir oyun oynayırdı div,
Min hala düşürdü, qaynayırdı div.
Döyür ayağını kinlə torpağa,
Açılır, bükülür, dönür yumağa.
Qüzeydə bəslənən bir çöpdü Mahan,
Qatıb qabağına sel onu dağdan
Çapırdı, çırparaq o yan, bu yana,
Əziyyət verirdi əzgin insana.
Qaçıb sərxoş kimi o baş, bu başa
Vururdu xəstəni torpağa, daşa.
Qalxırdı yerindən bəzən dağ kimi,
Oynadırdı onu oyuncaq kimi.
Sübh açılıb xoruz banlayanadək
Mahanın başına açdı min kələk.
Səhər şir ağzında nəfəs alınca,
Əjdaha Mahanı yerə salınca,
O vurhavur gəlib axıra çatdı,
Qara qazanların qaynarı yatdı.
Elə ki əjdaha itdi gözündən,
Cin vurmuşlar kimi getdi özündən.
Düşdü yol üstündə soyuq torpağa,
Döndü ölüb gedən sarı yarpağa.
Günəş qalxmayınca göyün üzünə,
Gəlmədi xəstəmiz əsla özünə.
Elə ki beyninə isti yayıldı,
Ovub gözlərini xəstə ayıldı.
Başını qaldırıb tez baxdı düzdən,
Keçirdi ətrafı yaxşıca gözdən.
Gah solu seyr etdi, gah süzdü sağı,
Bir çöl gördü, yoxdur ucu-bucağı.
Əlvan torpağının mənzərəsi var,
Rəngi qıpqırmızı, özü od saçar.
Bir başı qılıncla vursalar əgər
Fərş salıb üstünə torpaq tökərlər.
Çöl bayraq qaldırmış: tökülsün al qan,
Odur qum səpdirmiş, fərş salmış əlvan.
Mahan çox çəkmişdi gecə zilləti,
Gəlincə yerinə huşu, qüvvəti,
Vəhşətlər əlindən qalxıb qaçaraq,
Qəmlilər yurduna qanad açaraq,
Zəhərli havadan o qorxa-qorxa
Dönüb tüstülərə, çıxırdı yoxa.
Elə gedirdi ki, hər atılan ox
Geridə qalardı, buna şübhə yox.
Axşam qaranlığı sinərkən qaşa,
Dolaşmışdı çölü o, başdan-başa.
Birdən axar sulu yer gördü Mahan,
Oldu qoca qəlbi bəxtəvər, cavan.
İçdi şirin sudan, yuyub üzünü,
Yatmaqçın bir yana verdi özünü,
Dedi: – Yaxşı olar bu gecə yatım,
Gecələr qarışır çünki ovqatım.
Məzacımda mənim sevda var, gercək,
Havalar qupquru, yol kimsəsiz, tək,[238]
Olmazmı bu yerdə qorxunc xəyallar?
Öldürməzmi məni vəhməli hallar?
Qoy yatım, verməyim yol xəyallara,
Bu gecə qoy məni basmasın qara.
Sonra yer gəzməyə durdu, tələsdi,
Rahat yataq üçün ürəyi əsdi.
Bir mağara gördü xeyli dərin, gen,
Bir lağım keçirdi onun içindən.
Lağımda min pillə dərin quyu var,
Kölgədən başqa kim ora yol salar?
Düşdü Yusif kimi quyuya dərhal,
Üzüldü qalmayıb varlığında hal,
Axır dəydi quma ayaqları tuş,
Çatdı yuvasına elə bil ki, quş.
Bu yeri qorxudan uzaqdı, duydu,
Əlini başının altına qoydu.
Ayıldı yuxudan olunca rahat,
İstədi yerini düzəltsin babat.
Quyu ətrafını gəzdi baxışı,
Zil qara ipəyə vurdu naxışı.[239]
Dirəm boyda işıq o görən kimi,
Söyüd kölgəsində yasəmən kimi,
İşıq gələn yeri axtardı, gəzdi,
İşıq mənbəyindən bir nişan sezdi.
Gördü göy quyuda bir dəlik açmış,
Ay da o dəlikdən nurunu saçmış.
Bildi ki, göylərdə üzür ay, üzür,
Dəlikdən nurunu süzür ay, süzür.
Bir an dayanmayıb yaxına gəldi,
Qazdı dırnağıyla, deşik genəldi.
Böyüdüb deşiyi, söküb daşını,
Çıxarıb kənara Mahan başını,
Baxıb dövrəsinə gördü lətif bağ,
Hər tərəf gözəllik, hər tərəf parlaq.
Yenə də qazıdı, işlətdi hiylə,
Quyudan özünü çıxardı çölə.
Cənnət qədər gözəl bir bağa gəldi,
İrəm bağından da bu bağ gözəldi.
O çəmən qoynunda var yüz mənzərə,
Baxdı şümşadlığa, sərvliklərə.
Meyvəylə doluydu o qədər ki, bağ,
Əyilmişdi yerə hər yaşıl budaq.
Hər tərəf meyvəydi, hər təraf bardı,
Can bağdan, bağ candan tazalanardı.
Al şərab camıydı sanki almalar,
Əqiq sandığına oxşayırdı nar.
Xoş ətir yayırdı heyva budaqdan,
Püstənin fərqi yox gülən dodaqdan.
Mən hələ demirəm bir yanı sarı,
Bir yanı qırmızı şaftalıları.
"Xəlifə lüqməsi" xəlvətə saldı,[240]
Canan dodağından üç öpüş aldı.
Armud şipşirindi, sanki şəkərdi,
İnnabın salxımı bənd-bənd gövhərdi.
İncir şirəsiylə badamın məğzi
Şirin halva ilə doldurub ağzı.
Görüb fərmanında qaranı, ağı,
Yanakı qoymuşdu tənək papağı.[241]
Alov rəngli nardan, üzüm suyundan
Demiş ki, axmasın elə bil ki, qan.
Turuncun şaxları, narınc budağı
Başqa ağaclarla basmışdı bağı.
Bostan oxşayırdı bir oyunbaza,
Əlində hoqqalar rəngbərəng, taza.[242]
Belə bir cənnəti görüncə Mahan
Dünənki cəhənnəm çıxdı yadından.
Əlini uzadıb qopardı hərdən,
Yedi istəyincə şirin bəhərdən.
İçdikcə içdi hey meyvə şirəsi,
Gəldi qulağına marçıltı səsi.
Mahan mat qalmışdı o meyvələrə,
Bəzən yeyir, bəzən atırdı yerə.
Qəflətən səs gəldi xeyli uzaqdan:
"Tez tutun oğrunu, qaçmasın bağdan!"
Özündən qəzəblə çıxmış bir qoca,
Əlində bir ağac xeyli canlıca,
Dedi: "Oğurlayıb, a meyvə dərən,
Gecə vaxtı bura gəlmisən, nədən?
Əlimlə göyərib çoxdandır bu bağ,
Gecə oğrusundan görməmişəm dağ.
Kimsən, əslin nədir? Muradın nədir?
Elin, nəcabətin, ya adın nədir?"
Belə sordu bağın qoca bağbanı,
Mahanın qurudu bədəndə qanı,
Dedi: "Mən, qəribə qurulub duzaq,
Zülm ilə düşmüşəm evimdən uzaq.
Sən ol qəriblərin istinadgahı,
Fələk desin sənə, qərib pənahı".
Görüb yalvarmağı, bu üzrü bağban,
Ona zülm etməyib, oldu mehriban.
Qoydu çomağını əlindən yerə,
Dedi: "Nədən düşdün müsibətlərə?
Nələr çəkdi başın, aç, bir-bir danış,
Elə macəranla bizi, gəl, tanış.
De, kim etdi zülüm, əziyyət sənə?
Pislik etdi hansı bədxislət sənə?"
Mahan gördu qoca ürək alandır,
Çox yumşaq adamdır, qeydə qalandır.
Nələr çəkdiyini söylədi bir-bir,
Açdı öz dərdini dinlədikcə pir,
Dedi: "Möhnətdəyəm, bil, gündən-günə,
Hər gecə bir əzab verirlər mənə.
Ümidim bağını qarlar alıbdır,
Baxtım gah ağarıb, gah qaralıbdır".
Quyudan, uğurlu çıraqdan dedi,
O zülmətdən sonra, bu bağdan dedi,
Başına gələni dedi, hər nə var,
Gizli macəradan etdi xəbərdar.
Mahan söylədikcə dərdli sözləri,
Heyrətlə açıldı onun gözləri,
Dedi: "Şükr eyləmək vacibdir bizə,
Zülüm dəryasından çıxmısan düzə".
Mahan sevdi onu bir yoldaş kimi,
Qayğılar bəsləyən bir qardaş kimi,
Soruşdu: "Haradır o mənhus diyar?
Kimlərdir oraya sahib-ixtiyar?
Dünən gördü başım qiyam-qiyamət,
Görməmişdim hələ bu cür fəlakət.
Beynimdən qopardı bir tüstü, atəş,
Bu od qığılcımdan verdi, bil ki, baş.
Div gördüm, unutdum özümü dərhal,
Məgər div görəndə qalar taqət, hal?
Düşmüşdüm onların yığıncağına,
Yüz mini çıxırdı göz qabağına.
Vururlar, yıxırlar yazıq insanı,
Canavarın, divin yaxşısı hanı?
Zülmətin açarı işıqdır ancaq,
Çox gözəl görünər qaranlıqdan ağ.
Mən qara üstündən min qara gördüm,
Gözüm qarasından yarıldı ödüm.
Avara qalmışdım, artıq, nə bilim,
Gözlərim yaşardı, qurudu dilim.
Gözümün əlindən ağlayırdım mən,
Bəzən gözlərimi bağlayırdım mən.
"Bismillah" deyirdim, bəzən "la hövlə"
Baxıb yan-yörəmə, düşürdüm yola.
Axırda yetişib çatdım nicata,
Zülmət təslim oldu abi-həyata.
Bir bağ tapdım – gözəl İrəm bağından,
Bağbanımın yağır nur qabağından.
Dünən kim verirdi fəlakət mənə,
Bu gün kim yetirdi səadət mənə".
Qoca söylədi ki: "Ey düşən oda,
Yenə də qovuşan, çatan nicata.
O gördüyün çöllər xeyli quraqdır,
Qorxulu divlərə qədim yataqdır.
Bu zənci sifətli çöllülər ki var,
İnsan yeyən divdir, insana oxşar.
Orada insanla əvvəl gəzərlər,
Aldadar, qorxudar, sonra əzərlər.
Doğru oxuyarlar, əyri çalarlar,
Əl tutar, quyuya sonra salarlar.
Divlərdə yol açar kinə məhəbbət,
Belədir onlarda əzəldən adət.
Bəzi divxasiyyət insanlar da var,
Adəm övladını yoldan çıxardar.
Dünyada bir neçə əbləh var, düzü,
Gülər əbləhlərə əbləhkən özü.
Yalana doğrudan pərdə tutarlar,
Bəzən də ki bala zəhər qatarlar.
Sönükdür hər zaman yalan xəyallar,
Yalnız həqiqətdə ölməz qüvvə var.
Həqiqət açarı əbədiyyətdir,
Onunla seçilir möcüzdən sehir.
Sadədil olmusan görünür, əslən,
Belə oyunlara tutulmusan sən.
Düşdün acınacaq fitnə-fellərə,
Belə dağ çəkilər sadədillərə.
Qorxaqlığın səni xəyala saldı,
Xəyal hücum edib bu hala saldı.
Zillətə düşməzdi başın, bu aydın,
Qorxacaqlıq edib yol azmasaydın.
Arxayın olsaydın, gəl, inan mənə,
Üz verməzdi belə xəyanət sənə.
Qurtardın canını div mənzilindən,
Dürd içdiyin yetər, saf şərab iç sən.[243]
Bu gecə doğuldun sanki, qəm yemə,
Qaytardı Yaradan səni aləmə.
Başı barla dolu hər yaşıl budaq,
Qəlbimin qanıyla bəslənən bu bağ
Əlimlə yaranıb, çəkmişəm əmək,
Etiraf eyləyər bunu hər çiçək.
Əzəldən sevdiyim əməkdir, işdir,
Hər ağac bir bağdan gətirilmişdir.
Nə qədər versə də bağım az bəhər,
Varıyla yaranar yenə bir şəhər.
Üstəlik dopdolu anbarlarım var,
Qızılım, gövhərim, dərya varım var.
Ancaq hayıflar ki, yoxdur bir balam,
Hər ona baxanda min fərəh alam.
Görüb kamalını coşdum, çağladım,
Sənə könül verdim, ümid bağladım.
Razı olsan əgər qadanı allam,
Bu varı, dövləti adına sallam.
Yaşarsan burada eyşü-işrətlə,
Günlər gəlib keçər nazü nemətlə.
Ürəyin istəsə bir gəlin əgər,
Alaram səninçin nazəndə dilbər.
Yaşaram qəlbimi bağlayıb sizə,
Əməl eyləyərəm istəyinizə.
Deyilən sözlərə meylin əgər var,
Əl ver, bu əhd üçün bağlayaq ilqar".
"Bu nə sözdür, – dedi ona tez Mahan,
Sərvə layiqmidir tay olsun tikan.
Dedin övladım ol, odur ki, mən də
Bu Tanrı lütfünə oluram bəndə.
Sevindirdin məni, yaşa sən də şad,
Ev-eşiyim oldu sayəndə abad".
Əl öpdü sevinclə gəlib həycana,
Əlini uzatdı qoca bağbana.
Möhkəm əl sıxdılar qocayla Mahan,
Əhd ilə, and ilə bağlandı peyman.
Dedi: "Ayağa qalx" əziz qonağa,
Alıb soldan onu, apardı sağa.
Bir saray göstərdi ucadan-uca,
Döşətmişdi yerə ipəklər qoca.
Eyvan bəzəyirdi bu yaşıl bağı,
Dəlirdi göyləri ucalan tağı.
Bəzəkli-düzəkli divarı, daşı,
Gümüşlər işlədib sanki nəqqaşı.
Sahəsi genişdi, yuxarısı dar,
Qol-budaq atmışdı sərv, söyüd, cinar.
Qapının elə bir dəsgahı vardı,
Göy belindən öpüb heyran baxardı,[244]
Kəyani eyvanın meydanında bir
Şax-budaqlı səndəl göyləri dəlir.
Budaq bəzək salıb budaq üstünə,
Yaraşıq əks edir torpaq üstünə.
Orada qiymətli taxtadan qoca
Qurmuşdu bir taxt ki, möhtəşəm, uca:
Fərşi pambıqdan da yupyumşaq kimi,
Gözəl ətir saçan göy yarpaq kimi.
Pir dedi: "Ağaca dırman olsan ac,
Yeməyə, içməyə duysan ehtiyac,
Asılmış budaqda sərin su, çörək,
İstədiyin qədər götür, al yemək.
Səninçin hazırlıq görməyə gedim,
Yaxşı bir otaqda sənə yer edim.
Gec gələrsəm əgər, yolumu gözlə,
Aşağıya enmə, gözlə dörd gözlə.
Kimdir ağacdakı soruşsa hər kəs,
Əsla vermə cavab, heç çıxarma səs.
Mən də gəlsəm əgər yoxla, yaxşı bax,
Tanıdıqdan sonra yaxına burax.
Baş tutsa əhdimiz bu yolda, əlbət,
Süd ilə bal kimi qovuşsa söhbət,
Bu ev öz evindir, bu bağ sənindir,
Yuvam səninkidir, öz məskənindir.
Bu gecə pis gözdən qorunsan əgər,
Rahatca yatarsan başqa gecələr".
Qoca etdi ona öyüd, nəsihət,
And verdi çıxmasın sözündən əlbət.
Qayışdan bir uca nərdivan vardı,
Sandəl ağacına bağlı durardı.
Pir dedi: "Qayışa cila çəkincə,
Qayışbaldırlıq et, gəl, sən bu gecə.
Qaldır nərdivanı, yerdə qoyma, çək,
Başına açmasın bir nəfər kələk.[245]
Belinə dolasan bu axşam ilan,
Səhər xəzinəylə oynarsan, inan.
Gecə yetişdisə halvamız əgər,
Baxma zəfəranı görünər səhər.
Gecə armud yesən boğazın göynər,
Gülərüzlü nara yetərsən səhər".
Qoca deyib bunu hərəkət etdi,
Qonağına bir yer seçməyə getdi.
Dırmaşdı ağaca Mahan da birdən,
Uca nərdivanı qaldırdı yerdən.
Oturub ağacda ətrafa daldı,
Zirvələr ayağı altında qaldı.
Ənbərlərlə dolu köşkündə Mahan
Şimal nəsimitək saçırdı reyhan.
Açıb süfrəsini o yavaş-yavaş
Yedi sarı çörək, yedi ağ lavaş.
Şimalın yeliylə bəslənən sudan
Qaldırıb başına çəkərək,
Mahan Rumibəzək taxta oturub qaldı,
Çini döşəkçədə rahatlıq aldı.
Basdıqca oranı kafur qoxusu,
Ondan uzaqlaşdı sevda qorxusu.
Dirsəklənib baxdı, gözəldi axşam,
Gözünə göründü tez iyirmi şam.
Hər pəri əlində tutmuş bir işıq,
Mahan gəlinlərə kəsildi aşiq.
Bunlar pəri deyil, on yeddi soltan,
On yeddi oyunu çalmışlar aydan.[246]
Özünə vermişdi bərbəzək hərə,
Bürünmüşdü gülə, şirin şəkərə.
Əllərində şamlar çatdılar bağa,
Üzləri bənzərdi nurlu çırağa.
Məclis düzəltdilər gözəl, şahana,
Süfrələr saldılar geniş meydana.
Şam şamın yanında, məclis gözəldi
Şahlıq sevinc ilə üz-üzə gəldi.
Onların başçısı bir gözəl pəri,
Qızıl taclarının parlaq gövhəri
Tez gəlib oturdu öz məkanında,
Gözəllər əyləşdi onun yanında.
Quş kimi ötdülər, şur salıb bağa,
Quşlar səslərinə endi torpağa.
Mahan da məst oldu, süzüb onları,
Ayın da qalmadı səbri, qərarı,
Mizrab vurmadaydı sanki ayaqlar,
Əl çalan əllər də xaniman talar.
Yel əsdi, düzəldi dastan əlüstü,
Turunc məmələrin açıldı üstü.
Sevda vurmuş gecə səpirdi şəkər,
Səndəli turunca qatırdı yeksər.
O şən turuncların qəmiylə Mahan
Səndəl sürtmədəydi baxıb uzaqdan.
Yüz tədbir tökdü ki, etsin bir çara,
Özunü yetirsin bəlkə onlara.
Huri saçlarını istədi hörsün,
Qiyamət görmədən cənnəti görsün.
Düşdü xatirinə nə demişsə pir,
Çəkdi çılğınlığın bağını bir-bir.
Gözəllərsə yenə süzür, süzürdü,
Hər oynayan pəri bir can üzürdü.
Belə şadlıq edib, deyib çaldılar,
Sonra məclis qurub, süfrə saldılar.
Ləl ilə dürr idi tamam o süfrə,
Dürr lələ qarışmış, ləl isə dürrə.
Su və od görməmiş dadlı yeməklər,
Müşkdən, gülabdan saçırdı ənbər.
Üstü zəfəranlı xoş zirə aşı,[247]
Narplov, aş demə, aşların başı.
Tər bulğar quzusu, toyuq, yaş balıq,[248]
Ləziz yeməklərlə doldu ortalıq.
Çörəklər, lavaşlar kafurdan da ağ,
Huri sinəsitək zərif, yupyumşaq.
Düzülmüş süfrədə halva yan-yana,
Nə mümkün bunları saymaq insana.
Hələ o külçələr, o yağlı fətir,
Onlardan ətrafa yayılan ətir.
Yoxdu bu məclisin əsla nöqsanı,
Yığıb gəlmişdilər bütün dünyanı...
Baş gözəl birinə dedi: "Əzizim!
Tezmi cüt olacaq təkimiz bizim?
Ud qoxusu gəlir, eylə hərəkət,
O xam səndəldəki uda tərəf get.
Uda bürünmüşdür o ud ətirli,
Səndəldən asılıb olmuş səndəli.
Qara udla sarı səndəldən gecə
Bir ud bəxş eyləmiş bizə gizlicə.
Onun xoş ətrindən məst oluruq biz,
Xoş xasiyyət olsa daha da əziz!
Görünür ağacda aşina bir kəs,
Bəsləyir qəlbində arzuyla həvəs.
Çağır ki, uyuşa cəlalımızla,
Ta gəlib oynasın xəyalımızla.
Gəlməsə, de, gəlsin, hazırdır süfrə,
Qoy o sevgimizi salmasın yerə.
Söylə ki, gözləyib qonağı, gözəl
Uzatmayacaqdır yeməklərə əl.
Gəlsin vüsalımdan olsun bəhrəmənd,
Açıq süfrəmizi eyləməsin bənd".
Səndəl budağına yönəldi pəri,
Dedi inci kimi bakir sözləri.
Dil açdı salamla xoş bülbül kimi,
Ağacdan qopardı onu gül kimi.
Yer gözəl, yar gözəl, cənnət kimi bağ,
Oynaya-oynaya gedirdi qonaq,
Elçinin dalınca yeyin bağ içi,
Bu işçin gəzirdi belə bir elçi.
Qızdı cavan qanı, qızdı gözləri,
Yadına düşmədi pirin sözləri.
Bir gəncin ürəyi coşsa dünyada,
Düşməz nəsihəti pirlərin yada.
Nə zaman ki, sevgi həyanı dəldi,
Mahan o gözəlin yanına gəldi:
– Ah, qonaq nə qədər gözəldir, – deyə,
Taxtından duraraq düşdü səcdəyə.
Apardı Mahanı xas yerə dilbər,
O, gülab çilədi, bu səpdi şəkər.
Qonaqlıq rəsminə eyləyib əməl,
Süfrədə onunla bir yedi gözəl.
Belə əmr edirdi ixlas, sədaqət,
Hər dəqiqə ona edilsin hörmət,
Elə ki doydurdu onları təam,
Ruha qida oldu yaqut rəngli cam.
Sərxoşluq əl atıb yırtdı həyanı,
Məhəbbətin odu yaxdı Mahanı.
Elə bil ay onun, o da ayındı,
Ayüzlü utanıb ondan yayındı.
Aldı qucağına Çin gözəlini,
Öpdü gümüş rəngli sərvin əlini.
İçdi şərabını, sanma ki, doydu,
Öz yaqut möhrünü əqiqə qoydu.[249]
Elə ki diqqətlə baxdı işığa,
O gözlərdə olan yar-yaraşığa,
Gördü vurulduğu bu nazəndə, bir
Qəzəbdən yaranma qart ifritədir.
Vəhşi qaban dişli heyvandır, heyvan,
Belə bir əjdaha görməmiş insan.
Yox, əjdaha deyil o, əhriməndir,
Ağzı göylər qədər, bəlkə də gendir.
Üzü qırış-qırış, halı yamandır,
Elə bil ki beli əyri kamandır.
Özü qozbel, üzü xərçəngdən bədtər,
Ağzından çıxan iy min ağac gedər.
Kərpic kürəsinə bənzər burnu var,
Ağzı boyaqçının küpünə oxşar.
Timsahı andırır açıq dodağı,
Basıb qucağına yazıq qonağı,
Öpüşlər götürür, doymur gözləri,
Ağzından bu olur çıxan sözləri:
– Ey, başı pəncəmə ilişən cavan,
Bədəni dişimdə çeynənən insan!
Mənə diş yetirib əl atdın ki, sən
Üzümü, çənəmi bəlkə öpəsən.
Qılıncdır, nizədir bu diş, bu dırnaq,
Diş, dırnaq bu sayaq olar, yaxşı bax.
Əvvəl nədən mənə göstərdin həvəs?
İndi neçin belə sustalmısan bəs?
Öpüş al, bu dodaq haman dodaqdır,
Üz o üzdür, yanaq haman yanaqdır.
Hiyləgər saqidən piyalə alma,
Başını qovğaya, bəlaya salma!
Darğası yol kəsən küçəyə getmə,
Ev tutma orada, kirayə etmə!
Sənə belə rəftar layiqdir əlbət,
Edəcəyəm sənə zülüm, əziyyət.
Görməsəm adıma layiq işləri,
Olaram əvvəlki nazənin pəri.[250]
Belə söyləyərək onu didirdi,
Odlu nərələrlə tənə edirdi.
Tabdan düşdü Mahan baxantək aya,
Gördü ki, ay dönub bir əjdahaya.
Gümüşbaldır deyil, donuzdırnaqdır,
Öküzgözlü deyil, öküzayaqdır.[251]
Qır kimi əjdəri görüb, doğrusu,
Qorxusundan Mahan boşaldırdı su.
Qorxaq uşaq kimi haray çağırdı,
Doğan arvad kimi bar-bar bağırdı.
Söyüdə, div kimi o qara qaban
Öpüşlər yağdırır od dodağından.
Dünyanın sabahı gözünü açdı,
Xoruzlar banladı, div qoyub qaçdı.
Güldü şəfəqlərdə üzərək həyat,
Yoxaldı, qalmadı xəyal, xəyalat.
O lələ bənzəyən saxsılar itdi,
Qalan heç olmadı, hamısı getdi.
Hələ günəş tamam yayılmamışdı,
O bihuş yatırdı, ayılmamışdı.
Ətrini saçınca günün reyhanı,
Gətirdi özünə yazıq Mahanı.
Olduqca yaramaz bir aləm gördü,
Cənnət əvəzində cəhənnəm gördü.
Ney gedib, qalmışdı nalələr ancaq,
Xəyalın gözünə dolmuşdu torpaq.
O bina dediyin bir xəyal imiş,
Xəyaldan yaranan qərib hal imiş.
Bağın çiçəkləri çevrilmiş xara,
Eyvan dedikləri dönmüş buxara.[252]
Sərvlər, şümşadlar qara bir tikan,
Meyvələr qarınca, ağaclar ilan.
Toyuğun, keçinin döşü, can əti
Yayır ortalığa leş üfunəti,
Heyvan sümüyüymüş ney, rübab və çəng,
Görünmüş Mahana qəşəngdən qəşəng.
O gövhər səpili qiymətli fərşlər
Dabbağlanmış çirkli gön idi yeksər.
Hovuzlar ki vardı, suyu göz yaşı,
Üfunətli göldü hər addım başı.
Süfrədə yarımçıq qalmış hər nə var,
Saqi badəsində qalan şərablar,
Sanma can mülkünü rahət eylərdi,
Bunlar irindən də murdar şeylərdi.
Xoş ətirli reyhan, içilən şərab
Sən demə, əslində çirkabmış, çirkab.
Bu işə mat qalan Mahan çəkdi ah,
Öz-özünə dedi: "Əstəğfürullah".
Nə ayağı vardı düzəlsin yola,
Nə əli vardı ki, bu yerdə qala.
Fikirləşib dedi: "Qəribə işdir,
Bu şəkildə naxış görünməmişdir.
Dünən oldu yerim gözəl bağça-bağ,
Bu gün möhnətxana çəkdi mənə dağ.
Gül nədən gözümə görünür tikan,
Nədir hasil olan ömür bağından?
Xəbərimiz yox ki, nəyimiz varmış,
Ayın arxasında əjdər yaşarmış.
Bilərsən pərdəni götürsən əgər,
Əbləhlər nə ilə sevdaya düşər.
Bu Çini bəzəkli, bu rumisurət
Dəyişərək olmuş, bax, zəncisifət.
Qan üstə çəkilmiş o dəri ki var,
Zahiri ətirdir, batini murdar.
Varlıq hamamından dəri çəkilsə,
Tapılmaz külxanı sevən bir kimsə.
Çoxları səbətdə möhrə gəzdilər,
İlan olduğunu baxıb sezdilər.[253]
Bu quru heybədə qafil insanlar
Çör-çöp tapıb onu müşkə oxşadar".
Bədxahlardan azad olunca Mahan,
Mən də xilas oldum onun nağlından.
Yaxşı iş görməyi fikir eylədi,
"Tövbə, tövbə" deyib, nəzir eylədi.
O, Tanrıya tərəf birbaş gedirdi,
Gözlərindən töküb qan, yaş gedirdi.
Yetişdi bir duru axar bulağa.
Yuyub üz-gözünü düşdü torpağa,
Qapandı səcdəyə, süpürdü yeri,
Dedi: "Ey qoruyan kimsəsizləri!
Aç mənim işimi, yol göstər mənə,
İnsan ümidini bağlayır sənə.
Özgə yol göstərən varmıdır, hanı?
Yalnız sən açırsan bağlı olanı.
Gözlərə nur verən yeganə sənsən,
Hər zaman, hər yerdə yol göstərənsən".
Ağladı, yalvardı pərvərdigara,
Sürtdu üz-gözünü toza, qumlara.
Nəhayət başını qaldırdı yerdən,
Gördü qabağında bir insan birdən.
Yaşıl geyinmişdi asiman kimi,
Üzü qırmızıydı aydın dan kimi.
Mahan: – Kimsən? – dedi. – Niyyətin nədir?
Qiymətli gövhərsən, şöhrətin nədir?
– Xilaskarın Xızram, – dedi, – mən sənin,
Gəlmişəm tutmağa əlindən sənin.
Niyyətin meyvələr bitirəcəkdir,
Səni öz evinə yetirəcəkdir.
Əlini ver mənə, durma hünər saç,
Əvvəl yum gözünü, yenə sonra aç.
Xızrın salamını Mahan eşitdi,
Dirilik suyuna guya ki, yetdi.
Verib tez əlini onun əlinə,
Haman könül verdi Xızr əməlinə.
Bir an çəkmədi ki, açdı gözünü,
Div azdıran yerdə gördü özünü.
Tez açıb qapını bağa yönəldi,
Xaraba ölkədən Misirə gəldi.
Gördü sakit duran yoldaşlarını,
Qəmdən göy geyinən sirdaşlarını.
Nələr çəkdiyini bir-bir danışdı,
Qulaq asan dostdu, yaxın tanışdı,
Bildi yoldaşları, yaxın dostları
Ondan ötrü geymiş bu göy paltarı.
O da geyinmədi nə al, nə qara,
Özünü oxşatdı yalnız dostlara.
Göylərin rənginə uyaraq Mahan,
Bağlandı göy rəngə ürəkdən, candan.
Göyə ən xoş gəldi, göy rəng görundü,
Başqa rəng tapmadı, göyə büründü.
Hər kim ki, əyninə göy paltar geyər,
Günəşi özünə çörək eyləyər.
Əzrəq gülü ki var, göy əlbisəli,
Bu üzdən olmuşdur günəş qürsəli.[254]
Günəş hər tərəfə dolandırsa baş,
Ona üz döndərər gül yavaş-yavaş.
Hər gün ki, göy rəngdir eşit, müxtəsər,
Ona günəşpərəst hindu deyərlər.
Ayüzlü qurtardı bu hekayəti,
Şah qucub, bağrına basdı afəti.