RUS QIZININ BƏHRAMA HEKAYƏ SÖYLƏMƏSİ

Dedi: – Rus elində vardı qabaqlar,

Dilbər gəlin kimi gözəl bir diyar.

Orda saray qurub, bir şah yaşardı,

Nazla bəslənilmiş bir qızı vardı.

Qəmzəsi cadugər, könül ovlayan,

Üzü gül, qaməti bir sərvi-rəvan.

Bənizi qəşəngdi onun qəmərdən,

Dodağı şirindi qənddən, şəkərdən.

Zöhrəydi, aşiqi parlaq Müştəri,

Hüsnü batil etdi şamı, şəkəri.

Qənd həsəd aparıb şirin dilinə,

Təng olub dönmüşdü incə belinə.[222]

Müşk, saçı yanında hey bağrı qandı,

Reyhanı önündə gül bir tikandı.

Təravətli üzü bahardan lətif,

Şəkildən gözəldi, şəkildən zərif,

Gözünün xumarı nərgiz yuxulu,

Nəsrinin qəmzəsi alınma qulu,

Qəddi bağ sərvitək xeyli ucaydı,

Çırağa bənzəyən çöhrəsi aydı.

Gülab baş əyərdi adamlarına,

Gül xidmət eylərdi qulamlarına.

Şəkər gülüşlüydü, günəş camallı,

Həmi hünərliydi, həmi kamallı.

Oxuyub hər dərsi bilik yığaraq,

Yazmışdı hər elmə dair bir varaq.

Çox tilsim kitabı vurmuşdu başa,

Sehrlər məlumdu o qələmqaşa.

Saçları yaşmaqdı gül surətinə,

Boyun əyməmişdi ər minnətinə.

Oydu zamanının gözəl dilbəri,

Neylərdi yoldaşı, neylərdi əri.

Yayıldı nəhayət xəbər hər yana:

Cənnətdən bir huri gəlib cahana.

Ayla gündən doğub o şux dilfərib,[223]

Zöhrə, Ütariddən ona süd verib.

Coşdu eşidənlər – uzaq və yaxın,

Yeridi elçilər hey axın-axın.

Biri zor göstərdi, biri zər, yalnız

Zoruyla qorudu zərini o qız.

Atası olmuşdu hər işdən bezar,

Çünki hesabsızdı gələn aşiqlər.

Döndü bir acizə nəhayət o mərd,

Necə oynayaydı yüz həriflə nərd.

Xəlvətdə əyləşən saray gözəli

Gördü elçilərin uzundur əli.

Olum sədəmədən göy kimi uzaq

Deyərək, axtardı ən uca bir dağ.

Əmr etdi bir yüksək qala tikdilər,

Dağ başından göyə bir dağ çəkdilər.

Yalvarıb atadan izn istədi:

– Səfər tədarükü hazır et, – dedi.

Ayrılıq nə qədər acı olsa da,

Ata izn verdi o pərizada,

Evdən getsə əgər o şirin nigar,

Qapıdan, bacadan girməz arılar,

Qarada saxlansa xəzinə, əlbət,

Keşikçi oğrudan çəkməz əziyyət.

Bəzən o naz ilə seyrə çıxardı,

Tikilən qalanı gəzib baxardı.

Nə zaman təpərli bir qala qurdu,

Gedib xəzinətək orda oturdu.

Bu uca qalaya tənha köçəli

Adını qoydular: qala gözəli.

Orda işləməzdi oğrunun başı,

Çünki Ruyindizdi onun hər daşı.[224]

Qız yaşayıb qaldı möhkəm qalada,

Heç görən olmadı onu röyada.

Quldurlar o qızın gücünü sezdi,

O çox aşiqlərin qəlbini əzdi.

Hər işdə işlədi ağlı, kamalı,

Çarələr eylədi fikri, xəyalı.

Səmadan, ulduzdan verərdi nişan,

Önündə təbiət əyandı, əyan.

Hər şey məlum idi o şux gözələ,

Ruhani sirləri almışdı ələ.

Vaqif idi quru, yaş hikmətinə,

Suların sirrinə, od qüvvətinə,

Bilirdi nə ilə insan insandır,

Ulduzlar məclisə nələr saçandır.

Elmə gərək olan dünyada nə var?

Bəşər nəsli nədən təravət tapar?

Bilik toplamaqdı hər zaman işi,

Bu qadın elə bil kişiydi, kişi!

O gündən ki, o quş qalaya süzdü,

İnsan övladından əlini üzdü.

Qalanın yolunda tərpənib zirək,

Əlilə birbəbir özü düzərək,

Daşlardan, dəmirdən tilsimlər qurdu,

Hər tilsim elə bil xəncər tuturdu.

Qalaya keçməyə hər kim gələrdi,

O kəsi qılınclar iki bölərdi.

Gələnlər olurdu aciz-avara,

Təkcə keşikçiydi bələd yollara.

O da tilsimləri daim sayardı,

Atdığı addımı hesablayardı.

Əgər hesabında olsaydı naşı,

Kəsilib torpağa düşərdi başı.

Bir zərbə olardı qılıncdan payı,

Girərdi buluda ömrünün ayı.

Göyün qapısına bənzərdi, inan,

Qalanın qapısı nihandı, nihan,

Eyləsə mühəndis bir ay yüz əməl,

Onun qapısına uzatmazdı əl.

Nəqqaşdı orada oturan pəri,

Sanki Çində tikmiş bəzək evləri.

Əlində rəsm olur incə duyğular,

Suya sədəf kimi düyünlər vurar.[225]

Huri saçlarına qələmi oxşar,

Vurar kölgələrə nurdan naxışlar.

Qalada şahlığa çatdı gözəl ay,

Aldı camalından o yerlər də pay.

Günlərin birində soyunub tamam

Çəkdi öz əksini bizim güləndam.

Başının üstündə yazdı ən gözəl

Bir xətlə ipəkdə gəzdirərək əl:

"Bu uca qalada tutmuşam qərar,

Gəlsin hüzuruma aşiq olanlar.

Nura tamaşaya pərvanə gəlsin,

Uzaqda durmasın, meydana gəlsin.

Belə bir qalaya girər mərd kişi,

Bura girmək deyil namərdlər işi.

Hər kim arzulayır belə cananı,

Bir yox, gərək olsun onun min canı.

Durmasın, tələsik yola düzəlsin,

Dörd şərti gözləyib hüzura gəlsin.

Belədir birinci şərtimiz: ad, san,

Gözəllik, igidlik, bir də şərəf, şan.

İkinci: kamalı möcüzlər saçsın,

Yolun tilsimini əqliylə açsın.

Üçuncü: tilsimi açdımı, dərhal

Çatsın imdadına düşüncə, xəyal.

Qala qapısını tez nişan versin,

Damdan yox, yanıma qapıdan girsin.

Dörduncü: qurtarsa bir-bir şərtləri,

Durmasın, şəhərə qayıtsın geri.

Atam sarayında yenə bu minval

Ondan eyləyərəm bir neçə sual.

Versə ləyaqətli cavablar əgər,

Olar mənim üçün, demək, can-ciyər.

Şərtimi yerinə hər kim yetirər,

Olacaqdır mənə bir sevimli ər.

Yox, əgər qırarsa şərti, peymanı,

Düşsün öz boynuna özünün qanı.

Kim ki, bu şərtlərə eyləsə əməl,

Onundur səadət hər şeydən əvvəl.

Sözünü tutmayan hər an alçalar,

Zaman şöhrətinə gülər, əl çalar".

Yetirildi vərəq belə tamama,

Qız uzatdı onu yaxın adama.

Dedi: "Dur ayağa, al bu vərəqi,

Çıxart bu pərdədən üzə təbəqi.

Şəhər qapısında bir uca yer gəz,

Bu şəkli, yazını as oradan tez.

Qərib ya şəhərli, təfavütü yox,

Mən kimi gözələ kim vurulsa çox,

Tutub şərtlərimi düzəlsin yola,

Ya ölsün, ya onun olsun bu qala".

Qızın sözlərinə qul əməl etdi,

Şəkli götürərək durmadı, getdi.

Asdı surəti ki, o qələmqaşa

Baxsın aşiqləri, etsin tamaşa.

Kimin meyli tutsa belə gözəli,

Töksün öz qanını onda öz əli.

Bu xəbər bürudü hər vilayəti,

Şahlar da eşitdi bu hekayəti,

Gəzdi ağızları, dillərə düşdü,

Aşiqlər sel kimi çöllərə düşdü,

Çoxları qırılıb öldü qalada,

Verdi həyatını nahaqdan bada.

Ona üz çevirib gələn hər adam

Vurular, düşməni alar arzu, kam.

Çoxları işlətdi ağıl, nə çara,

Ağıl da gəlmədi bu işdə kara.

Tədbirlə gəldisə yaxın hər biri,

Vurub puç edirdi əfsun tədbiri.

Açırdı bir neçə tilsim qüdrəti,

Yenə çaş qalırdı gücü, qüvvəti.

Acizlik üzündən düşüb pərişan,

Olurdu bu yolda rüsvayi-cahan.

Çoxlarının axdı nakam göz yaşı,

Sevginin yolunda kəsildi başı.

Çoxları o yolda oldular tələf,

Bulanmışdı qana hər yan, hər tərəf

Asılmış başlarla hər tərəf doldu,

Şəhərin qapısı görünməz oldu.

Dünyada hayana baxsanız əgər

Möhkəm qalalarla bəzənər şəhər,

O pəri qızışıb zülümlər etdi,

Şəhri hasarla yox, başla bəzətdi.

Hələ bir görmədən o qələmqaşı

Çoxunun bədəndən ayrıldı başı.

Vardı bir qəhrəman, igid şahzadə,

Nəsilli, əsilli, gözəl, azadə.

Dillərə düşmuşdü ağlı, kamalı,

Qılıncla ovlardı şiri, maralı.

Bir gün bu şahzadə at qova-qova

Çıxmışdı çöllərə şəhərdən ova.

Gördü ki, qaladan asılmış yazı,

Yanında min şüşə zəhər var azı.

İpək parçasında çəkilmiş gözəl,

Bir şəkil, söyləyir elə bil: – Gəl, gəl!

O, surət deyildi, bir mahcamaldı,

Səbrü-qərarını oğlanın aldı.

Gənc dedi: – Afərin o sənətkara

Ki, bu şəkli çəkib asıb divara.

Rəsmin ətrafında gördü daş üstə

Qalayıb yığıblar başı baş üstə.

– Nəhəng ağzındakı, – dedi, – gövhəri

Qoyub qaçım? Deyil qaçmağın yeri.

Bu eşq lövhəsindən əgər çəksəm əl,

Hicran varlığıma yetirər xələl.

Könül bu həvəsdən imtina etməz,

Baş gedər, bu həvəs başımdan getməz.

İpəkdəki surət sevimli, canlı,

Xəzinə ilanlı, xurma tikanlı.

Bu yolda kəsilmiş gör nə qədər baş,

Bu iş nəhayətə yetəydi, ey kaş.

Tutaq başım düşən yarpağa döndü,

Torpaqdan yaranan torpağa döndü.

Nə fayda? Çəkməsəm ipdən əgər əl,

Keçər başım ona özümün əvvəl.

"Yox" desəm, yar üçün candan keçilər,

Sanma ki, ondan da asan keçilər.

Üstəlik söylədi: – Bu şəkli pəri

Çəkmiş ki, toplasın saysız müştəri.

Pəri əfsununa əfsun etməli,

Fitnəkar üstünə fellə getməli.

Əgər bağlamasan onun dilini,

Geri dur, bu işə vurma əlini!

Gərəkdir axtaram elə bir çara

Ki, qurdun ağzından qoyun qurtara.

Hər kəs zor göstərsə işində əgər,

İşinin nizamı pozular gedər.

Əməlində çəkin xırdaçılıqdan,

Qarşına çıxmasın böyük bir ziyan.

Sazına dünyanın ahəngini qat,

Aram ilə yapış, möhkəmliklə at.

Könlüm düşüncəmdən daha xarabdır,

Ürəyimdən artıq ciyər kababdır.

Belə bir ürəklə necə olum şad,

Belə düşüncəylə nə eyləyim yad.

Deyib bu sözləri qəmləndi, nagah,

Çəkdi yanıq-yanıq, çox soyuq bir ah.

Baxdı, gözlərindən axdı ilıq yaş,

Gördü döşənəcək qılınc, teşt və baş.

Könül arzusunu pünhan saxladı,

Fikrini açmadı oğlan, saxladı.

Şəhər qapısına hər səhər çağı,

Gələrkən gülməzdi qaşı-qabağı.

Baxdıqca surətə hey dərin-dərin,

Yadına düşərdi Fərhadla Şirin.

Tilsimi açmağa yüz min açara

Əl atdı, tapmadı yenə bir çara.

Yüz min baş asılı ip gördü ancaq,

Almadı bu ipin ucundan soraq.

Gah qabağa çapdı, gah dala çapdı,

Zənn etmə ancaq ki, düyünü tapdı.

Buraxdı qüruru, kibri kənara,

Tədbir tapmaq üçün düşdü diyara,

Aradı hər yanda işə çarəsaz,

Onu sıxan bəndi boşaltsın bir az.

Vardı bir ağıllı, hünərli insan,

Məlakələr tutan, divlər bağlayan,

Tutub cilovlardı hər şıltaq atı,

Bilikdən var idi çox ehtiyatı.

Ustaddı, çoxluca şagirdi vardı,

Qapılar üzünə açıq olardı.

Mötəbər qocalar gəncə birtəhər

Bu hünər kanını verdilər xəbər.

O Simurğ eşqilə sevinci daşdı,

Qanadlı quş kimi dağları aşdı.

Gülşəntək gülümsər tapdı qocanı,

Uçuq mağaraydı onun məkanı.

Atdı süsən kimi əl kəmərinə,

Gültək bel bağladı hər bir əmrinə.

Səadət üzündən igid, qəhrəman

Aldı bu Xızırdan xeylicə ürfan.

O gözəl çeşmədən götürdü çox pay,

Açdı öz qəlbini salmadan haray.

Dedi o pəridən, yüksək hasardan,

Xalqa yetirdiyi azar-bezardan.

Söylədi yollara nələr düzür qız,

Xanələr dağıdır, başlar üzür qız.

Qoca filosofa dedi hər nə var,

Gizlin mətləbini eylədi aşkar.

Filosof tökərək ağıllı tədbir,

Gizli hesabları söylədi bir-bir.

Cavan ki, öyrəndi o tədbirləri,

Min təşəkkür edib, qayıtdı geri.

Rahatlıq eylədi o bir neçə gün,

Düşündü nə yolla açılsın düyün.

– Düşməyim daşlıqda dara, əngələ,

– Deyə, nə lazımsa gətirdi ələ.

Ulduzlardan saat xoşladı cavan,

Ta ki, çətin yolu eyləsin asan.

Tilsimlər dağıdan hər cürə tədbir

Əliylə düzəldi, yarandı bir-bir.

Kəramət əhlinin yanına getdi,

Kömək arzuladı, məqsədə yetdi.

Al geydi, al qana əlamətdi bu,

Zamana zülmündən şikayətdi bu.

Elə ki yeridi qanla ümmana,

Geyimi gözütək boyandı qana.

Buraxdı özünün arzu-kamını,

Alsın ölənlərin intiqamını.

– Özümçün deyildir bu zəhmət, – dedi.

– Qısasçın çəkirəm əziyyət, – dedi.

– Ya açıb tökərəm bu çənbərləri,

Ya ölləm, dönmərəm salamat geri.

Batınca bu yolda libası qana,

Alıb qılıncını çıxdı meydana.

Elə ki, bu işdən tutdular xəbər:

İntiqam almağa gedir şiri-nər,

Uzatdılar ona kömək əlini

Ki, gətirsin ələ öz əməlini.

Ona el hümməti, fikri yar oldu,

Əynində poladdan bir paltar oldu.

Sonra şah yanına həmən gedərək,

İcazə istədi, rica edərək.

– Durma, gəldim, – dedi, – ey gözəl pəri!

Saldı bir-bir işə o, tədbirləri.

Bir əfsun oxudu, üflədi, saçdı,

Qırdı tilsimləri, azad yol açdı.

Hasardan götürdü tez duzaqları,

Sökdü peyvəndləri, sirli bağları.

Gizli çənbərləri götürdü, aldı,

Birbəbir tulladı, quyuya saldı.

Qırdı tilsimləri, hər gizli şəmşir

Çıxdı əllərində yoxa birbəbir,

Hasarın önünə tez gəldi, durdu,

Qaldırıb ağacı təbilə vurdu.

Qala çevrəsində səsi gəzincə,

Zirzəmi qazıyıb dəlik sezincə,

Bu səs zirzəmiyə bir açar oldu,

Göründü darvaza, aşikar oldu.

Onun bu işindan xəbər tutaraq,

Elçilər yolladı gözəl ayqabaq.

Dedi: – Ey sökükdən yol tapan oğlan,

Tale məqsədinə olsun pasiban.

Nə ki tilsim vardı, sən kənar etdin,

Xəznə qapısına gəlib də yetdin,

Axar sular kimi yönəl, şəhrə get!

Bacarsan iki gün tələsmə, səbr et!

Atam sarayına mən də gələrəm,

Hünərini bir də sınaq eylərəm.

Dörd gizli sirdən eylərəm sual,

Versən cavabımı, desən, budur, al,

Onda dostluğumuz gələr meydana,

Gülər vüsalımız, ölər bəhana.

Qəhrəman gördü iş düşür əncama,

Getdi söz demədən o güləndama.

Şəhər qapısına elə ki, çatdı,

Uzadıb əlini şəkli qopartdı.

İpəyi bükərək tapşırdı qula,

Yaxşılıq dirildi, məhv oldu bəla.

Dolanıb ətrafı, qanlı daşları,

İplərdən endirdi bütün başları.

Hamı "əhsən!" dedi o gənc qoçağa,

Ölənlər gömüldü soyuq torpağa.

Min şükürlə evə eylədi övdət,

Gəldi çalğıçılar, başlandı işrət.

Başına atdılar varlılar şabaş,

Zərif töhfələrlə bəzəndi dam-daş.

Bir-bir and içdilər dedilər: "Hərgah.

Razılıq verməsə bu vüsala şah,

Məhv eləyək onu, salaq torpağa,

Qoy bu olsun bizə hökmdar, ağa.

O, kəsdi zülm ilə hey başımızı,

Bu qoymadı axa göz yaşımızı".

Gülüzlü dilbərsə coşub çağladı,

Oğlanın eşqinə əməl bağladı.

Gecə çevrilərək çinli əttara

Ayın dövrəsinə muşk çəkdi qara.

Qızsa kəcavəyə əyləşdi, təkdi,

Ay qaravaş kimi kəcavə çəkdi.

Gəldi barigaha dağdan enərək,

O gəlincə saray açdı gül-çiçək.

Şah görüncə onu döndü bir gülə,

Qız açdı sirrini gələrək dilə.

Dedi hər gördüyü yaxşı-yamanı,

Halından danışdı şaha dastanı:

– Hər kim ki, yıxıldı köhlən atından,

Quyu qazdı, oldu öz həyatından.

O mənim adımı çəkən pələnglər

Baş qoyub bu yolda oldular hədər.

Ən axırda gəldi bir gənc şahzada,

Yalnız o cəlb etdi məni dünyada.

Gəldi cəsarətlə, gəldi dağ kimi,

Qırdı tilsimləri çürük bağ kimi.

Başa yetirincə şanlı səfəri,

Pozmadı qoyduğum bütün şərtləri.

Dörd şərtdən üçünə eylədi əməl,

Görək dördüncünü edəcəkmi həll?

– Dördüncü şərt nədir? – sual etdi şah,

– O şərtindən elə bizləri agah,

İyirmi yox qoyar bir şərt hər gözəl.

Şirin dodaqlı qız dedi əlbəəl:

– Mənə yar olarsa bu işdə iqbal,

Verərəm igidə dörd çətin sual.

Bu çətin suala eylərsə əlac,

Qoyulsun başına ləyaqətli tac.

Yorulub bu yolda qalsa ulağı,

Qursun istədiyi yerdə çardağı.

Sonra təklif etdi: – Olunca sabah,

Yeriyib əyləşsin taxtında padşah,

Cavan şahzadəni eyləsin dəvət,

Mən də gizlənərəm pərdədə xəlvət.

Örtülü suallar soraram ondan,

Cavab versin mənə bacarsa cavan.

Şah dedi: – Razıyam, mehriban balam,

Sənin işlərindən xeyli xoşhalam.

Bu sözə əlavə sanma etdilər,

Qalxaraq yatmağa dərhal getdilər.

Mina rəngli tağ ki üzünü açdı,

Səhər yaqut tozu daşlara saçdı.

Kəyan qaydasıyla məclis qurdu şah,

Bəxti əl bağlayıb dayandı gümrah,

Gəldi sözü, özü doğru qonaqlar,

Şanlı qəhrəmanlar, dönməz qoçaqlar.

Göründü şahzadə, dillər açıldı,

Başına gövhərlər şabaş saçıldı.

Bəzəkli süfrələr saldırınca şah,

Min bir yeyintidən doldu barigah,

Nə deyim məclisin bu növrağına,

Çevrildi süfrələr arzu bağına.

Xörəkdi hər yanda, yeməkdi sol-sağ,

Yedi istəyincə, yedi hər qonaq.

Elə ki qarınlar dolduqca doldu,

Gözlərdə kainat tərtəzə oldu.

– Bu xas məclisimdə, – şah dedi, – gərək

Saf zəri məhəklə imtahan edək.

Taxta əyləşdirdi cavan qonağı,

Durub tərk eylədi sonra otağı,

Oturdu qızıyla özü üz-üzə,

Görsün necə başlar oğlanla sözə.

Təraz gözəlləri dərs almış ondan,

Oyuna başladı pərdə dalından.

İki lö-lö üçün uzadaraq əl,[226]

Tanasından alıb verdi o gözəl.

Dedi xəznədara: – Qonağa yetir,

Verilən suala cavab al, gətir.

Xəznədar qonağın yanına getdi,

Ona verilmişi tez təqdim etdi.

Alaraq əlinə cavan qəhrəman

Götür-qoy eylədi, baxdı bir zaman.

Özü gətirdiyi cəvahirlərdən

Qoydu üstlərinə üçünü birdən.

Uzadıb əlbəəl dürrü verənə,

Gözəlin özünə göndərdi yenə.

Lö-löü beş dənə görüb qələmqaş

Çəkdi tərəzidə qoyub gözə daş.

Artıq-əskik görüb, mənanı sezdi,

Daş alıb toz kimi onları əzdi.

Üstünə bir ovuc şəkər ataraq,

Sonra da onları alıb qataraq,

Verdi ki, qonağa elçi yetirsin,

Belə bir suala cavab gətirsin.

– Mənə süd veriniz, – gənc dərhal dedi,

Qatıb südlə tozu verib, – al, – dedi.

Xidmətçi xanımın yanına getdi,

Verilən sovqatı tez təqdim etdi,

Göndərilən südü qız içib durdu,

Dibində qalanı xəmir yoğurdu.

Tərəzidə çəkdi, keyfi saz oldu,

Əvvəlkindən nə çox, nə də az oldu.

Bu dəfə götürüb o pəricamal

Bir üzük yollayıb, eylədi sual.

Oğlan alan kimi baxıb yoxladı,

Taxdı barmağına, əziz saxladı.

Dürr verdi dünyanı işıqlandıran,

Nurlu səhər kimi çıraq yandıran.

Hurinəsil kəniz dönərək yenə

Yetirdi tək dürrü nadir ləlinə.

Onu yoxlayaraq möhtəşəm pəri

Açdı saxladığı düyünçələri.

Bu dürrün tayını axtardı, gəzdi,

Var bir şəbçırağı çox nurlu, sezdi.

Götürüb onları çəkdi bir telə,

Belə bənzəyişi görən yox hələ.

Elçi verdi dürrü öz dəryasına,

Yetirdi günəşi Sürəyyasına.

Ağıllı gənc baxdı nə qədər, düzü,

Ayıra bilmədi fərq edən gözü.

Baxdı, istəyincə suluydu onlar,

Rövnəqlə, şəfəqlə doluydu onlar.

Qulamlara dedi: – Göy muncuq verin!

Bu muncuq deyildi tayı dürlərin.

Onların üstünə muncuğu qoydu,

Sonra: – Apar, – dedi, cavabı buydu.

Qız dürrü, muncuğu alıb görüncə,

Öpdü o muncuğu və güldü incə.

Dürr ilə möhrəni götürdü, baxdı,

Saldı qulağına, qoluna taxtı.

Dedi: – İşə başla, ata, taxta çıx,

Yetər naz etdiyim bəxtimə artıq.

İqbalımdır ancaq havadar mənə,

Qismət oldu belə igid yar mənə.

Mən seçdim özümə belə bir əri,

Tapılmaz ölkədə heç bərabəri.

Biz bilik sevənik, bu ki, əyandır,

Mən ürfan gölüyəm, o, bir ümmandır.

Şah çox maraqlanıb bu hekayətdən,

Dedi: – Ey mələyim, heyrətdəyəm mən,

Sizdən eşitdiyim bu sual-cavab

Xeyli pərdəlidir, eylə gəl savab,

Gizli oyunları, durma, hünər saç,

Ata qarşısında bircə-bircə aç!

O qız bəslənmişdi razü niyazla,

Açdı düyünləri söylədi nazla.

Dedi: – İtilədim huşumu əvvəl,

Sonra da sırğama dərhal atdım əl.

Açıb yollayaraq belə dedim mən:

"Həyat iki gündür, vermə əlindən!"

Üç də üstə gəlib dedi: "Azdır, az,

Həyat beş də olsa, yenə də çatmaz".

Mən şəkər artırıb həmən dürlərə,

Əzib qarışdırdım dərhal bir yerə.

"Şöhrətlə birləşmiş, – dedim, – bu ömür,

Necə ki, qarışmış şəkər ilə dürr.

Kimya və əfsunla kimdə var hünər,

İş görsün, ayrılsın dürlərdən şəkər".

O südü gətirib araya saldı,

Şəkər tez əridi, dürr isə qaldı.

Dedi ki: "Qarışan dürr ilə şəkər

Ayrılar, bir damcı süd olsa əgər".

İçərək südünü piyaləsindən,

Dedim: "Südəmərəm qabağında mən.

Bir üzük yollayıb dedim bəyənsən,

Mənim xoşladığım ər elə sənsən".

Bir gövhər yolladı, dedi: "Gözəl ay,

Bu gövhərtək mənə tapılmaz heç tay".

Açdın düyünçəni, bir gövhər aldım,

Onun sovqatına bərabər aldım.

Yolladım tayını, aradı, gəzdi,

Yoxdur üçüncüsü dünyada sezdi.

Göy muncuq gətirib o cavan ələ,

Göz dəyməsin deyə qoşdu o lələ.

Möhrəni yanımda saxlamaqla mən

Möhrünə razılıq verdim ürəkdən.

Sevgisinin möhrü sinəmdə yaşar,

O möhürdür gizli sinəmə açar.

Elə ki beş sirri mən işə saldım,

Sanki şah önündə beş növbə çaldım.

Şah gördü harın at olmuş xeyli ram,

Xam qamçı üzündən artıq deyil xam.

Toy etdi, gözləyib dəbi, adəti,

Yaxşı büsat qurdu, pozmadı şərti.

Şah toy məclisində saçırdı şəkər,

Zöhrəylə Süheylə kəbin kəsdilər.[227]

Bir məclis yarandı cənnətdən gözəl,

Bürüdü hər yanı ətri əlbəəl.

Şah toy məclisinə min bəzək vurdu,

Sərvi gül yanında qoyub da durdu.

Oldu bir-birinə onlar mühəvvəl,[228]

Şah getdi, olmadı məclisə əngəl.

Ləl arayan yetdi lələ, mərcana,

Can alan qız çatdı gözəl bir cana.

Cavan öpdü qızın gül dodağını,

Gah əmdi narını, gah buxağını.

Axırda almazı dürrə toxundu,

Laçını kəkliyin üstünə qondu.

Gördü taxmış qola muncuğunu yar,

Sərxoş gözlərində məhəbbət oynar.

Əyləndirdi onu gözəl şah qızı,

Paltarı üzütək oldu qırmızı.

Al geyimlə yetdi kama o cavan,

Al rəng oldu ona xeyirdən nişan.

Al geyib zülmətdən, çıxdı bu minval,

Bu gündən bəzəyi onun oldu al.

Geyindi qırmızı, yaşadı gümrah,

Ona ad verdilər: Al geyimli şah.

Al təzə bəzəkdir qəlbə, əziz tut,

Hər zaman bahadır qırmızı yaqut.

Zər qırmızı kükürd adını aldı,

Qırmızı geyməklə adı ucaldı.

Qan ki ruhumuza qarışıb yaşar,

Canın bu lütfündə qırmızılıq var.

Ey insan oğlunda yaxşılıq gəzən,

Əsl yaxşılığı al rəngdə bil sən.

Qızılgül olmasa qırmızı hərgah,

Güllərin içində sayılmazdı şah.

Qızın hekayəti yetişdi sona,

Qızılgül ətrini saçdı hər yana.

Onda ki, qızılgül ətrafı sardı,

Bəhramın mey kimi üzü qızardı.

Tez o qızılgülə əlini atdı.

Alıb qucağına naz ilə yatdı.

Загрузка...