Xaqan eşidincə belə xəbəri,
Çəkib ordusunu qayıtdı geri.
Bəhramdan iznsiz nəfəs almadı,
Üzr diləməkdən geri qalmadı:
"Vəzirin ulduzu yerində axdı,
Çünki o, fitnəyə möhkəm dayaqdı.
Məktublar göndərib çağırdı bizi,
Tutdu yağlı sözə ürəyimizi.
O, hiylə işlətdi, anlamadım mən,
Səbrü qərarımı aldı əlimdən.
– Yol xalidir – dedi, – qızıl isə bol,
Zər istəyirsənsə, dayanma, tez ol.
Keyflidir şahımız, yoxdur onda hal,
Üzünə səpməyə su, tapmaz macal.
Hazıram, durma, gəl, tərəddüdü at,
Mən başlar kəsərəm, sən qılınc uzat.
Şahın işlərindən tutdum xəbər mən,
Gördüm doğru deyil vəzir söyləyən.
Asayiş zamanı, vuruş vaxtı şah
Çatır muradına istəsə hərgah.
Halqa gəzdirənəm, – dedim mən yenə,
Özümə çinliyəm, həbəşəm sənə.[305]
Qızım kənizindir, nə qədər sağdır,
Tacım kandarında quru torpaqdır".
Nə qədər işlədib vəzir xəyanət,
Bəhramdan yazmışdı gizli şikayət.
Yığıb hamısını verdi elçiyə,
Apar Bəhram şaha tez yetir deyə.
Gələn məktublardan olunca agah,
Katib qələmitək itiləşdi şah.
Dedi: – Öldurüldü, olsun şükürlər!
Sonra işlərini tutdu mötəbər.
Ədlin heykəlini Bəhram ki gördü,
Ağdan və qaradan ibrət götürdü.
Padşah ədaləti süzəndən bəri
Qurban verdi ona yeddi peykəri.[306]
Başqa xəyalları qazdı kökündən,
Verdi ədalətə könül, oldu şən.