Şah bir gün bağçanın gözəl yerində
Sürdü gəmisini mey uzərində.
Çəkərək başına şirin əyağı,
Keflənincə həmən tərk etdi bağı,
Ovlağa çatınca kəmənd açaraq,
Gura gor qazıyıb, hünər saçaraq,
Vəlvələ qopardı, qovhaqov saldı,
Hər addım başında vurdu, ov saldı.
Sonra bir dişi gur gəldi, nə gəldi,
Naləsi dünyanın bağrını dəldi.
Vücudu ruhani xəyaldı sanki,
O bir ay baxışlı maraldı sanki.
Beli başdan-başa elə bil zərdi,
Qarnının altı da südlə şəkərdi.
Qara xətt belindən çəkirdi nişan,
Sağrısı xal-xaldı dırnağınacan.
Boynuna saldığı sanma zünnardı,
Üzündə gül rəngli duvağı vardı.[120]
O başqa gurlardan, sağrısı ondan
Gözəllik topunu almışdı, inan.[121]
O atəşdi, otla qohum misaldı,
Dərviş paltarında bir mahcamaldı.[122]
Baldırları igid oxuna bənzər,
Qulağı – sıyrılı alması xəncər.
Gərdəni çəkikdi, çiyni hamardı,
Qısıb qulağını süzgün baxardı.
Belində qaralan o dəri qaytan
Bağlamış cidovu hər iki yandan.[123]
Gözəldi tismədən onun görkəmi,[124]
Qara xətt işlənmiş bir gümüş kimi.
Boynu qanla dolu, böyrü piy və yağ,
Bu əqiq kimi al, o dürr kimi ağ.
Hörmüş bədəninə al xəz, qızıl qan,
Gözəllik almışdı qandan o heyvan.
Verib qan damarı ona min bəzək,
Oynardı tisməli hoqqabazlartək.[125]
Quyruğu belindən ayrılmazdı heç,
Boynu dırnağıyla kəsilmişdi ləc.[126]
Gur görüb Bəhramı atıldı birdən,
Cumdu Bəhram dəxi durduğu yerdən.
Cavan gur yerindan qoparaq getdi,
Bəhram şirə döndü, çaparaq getdi.
Gur qaçdı, durmadı, qaş qaralınca,
Şir dəxi düşmüşdü onun dalınca.
Padşah çevirmədi atını gurdan,
Necə qaçmaq olar, siz deyin, gordan.
Gurxan hey çapırdı, guru qovurdu,[127]
Çapan Bəhram idi, qaçan da gurdu.
Çöldə bir kahaya yetişdi Bəhram,
Basmayıb bu yerə qədəm bir adam.
Çatınca ovuna, gördü şiri-nər
Mağara ağzında yatır bir əjdər.
Qıvrılmış bədəni qırdan tökmə dağ,
Gözlədiyi şikar qurtarmazdı sağ.
Şah baxıb yolunda yatan xətərə,
Görüb əjdahanı, döndü əjdərə.
Unutdurdu guru gor dərdi dərhal,
Əl qoyub buduna eylədi xəyal,
Təəccüblə dedi: "Bu nə şikardır?
Bura gəlməyimin səbəbi vardır.
Yəqin zavallı gur amana gəlmiş,
Əjdaha zülmündən cəzana gəlmiş,
İntiqam alsın qoy ədalətli şah
Deyə dərgahıma gətirmiş pənah.
Qorxudarsa əgər bu əjdər məni,
Gurun xəcaləti öldürər məni.
Mən onun dadına yetişəm gərək,
Nə olur, qoy olsun, qorxu nə demək?!"
Şah iki şaxəli iti oxlardan
Seçdi qayçı kimi açılmış peykan.
Oxu ağ kirişli kamana qoydu,
Qara əjdahanı nişana qoydu,
Göz açıb suzəndə əjdər düşmanı,
Uçdu igid şahın haça peykanı.
Batdı ox əjdərin bir cüt gözünə,
Onu həsrət qoydu dünya üzünə.
Dəldi gözlərini qara əjdərin
Oxlar yer eyləyib dərindən-dərin.
Onda ki, əjdərə meydan oldu təng,
Yeridi üstünə Bəhram – o nəhəng.
Əjdərə sapladı nizə cürətlə,
Gura pəncəsini şir vurar belə.
Səkkiz yumruq boyda altıpər mızraq
Əjdər boğazında açdı yüz zolaq.
Səslənib əjdaha çəkdi bir nərə,
Ağac sütun kimi sərildi yerə.
Şah bu nəriltidən qorxmadı, sübut
– Dağın zirvəsindən qorxarmı bulud?
Kəsdi Əhrimənin başını xəncər,
İnsana düşməni əzmək dad verər.
Dərhal əjdahanın qarnını yardı,
Orada bir gurun balası vardı.
Şaha aydın oldu gurdakı məram,
Əjdərdən istərmiş alsın intiqam.
Allaha səcdəyçin qapandı yerə,
Çünki o gəlmişdi üstün əjdərə.
Bəhram üzəngiyə basdı ayağı,
Gedib seyr eyləsin yenə ovlağı.
Gur şahı tələsən görüncə haman,
Gəlib mağaraya girdi uzaqdan
Bəhram şah tutmağa haman heyvanı
Soxulub kahaya girdi yan-yanı.
Keçdi əziyyətlə içəri birdən
Xəzinə kəşf etdi girdiyi yerdən.
Şahlar küp qoyaraq burda getmişlər,
Şux pərilər kimi gözdən itmişlər.
O gurdan küplərə yetmişdi Gurxan,
Gursa qaçıb oldu gözlərdən nihan.
Xəznə açarını tapıb tacidar,
Etdi mağaradan əjdəri kənar.
Çıxdı həmən saat kahadan düzə,
Nəzər saldı yola o gəzə-gəzə.
Bir saat olar ki, gəzib hər yeri,
Şahı axtarırdı sərkərdələri.
Onu görən təki gəlib durdular,
Şahın ətrafında dövrə vurdular.
Bu zaman qoşuna şah verdi fərman:
"Ayrılsın ordudan beş-on qəhrəman,
Yol açıb yerisin qoy mağaraya,
Xəznəni bölsünlər yüzlərlə taya".
Üç yüz cavan dəvə, böyük bir karvan
Yüklənib düzəldi yola bir azdan.
Bir şah ki, hamilik eyləyər gura,
Əjdahanı salar dərin bir gora,
Çəkdiyi əməyin barıdır, əlbət,
Tapdı cəvahirat, qaldı səlamət.
Gəlib Xəvərnəqə, şən imarətə,
Şah yenə başladı eyşü işrətə.
Yüklətdi on dəvə bol cəvahirat,
Ata hüzuruna yolladı sovqat.
"Münzirlə Nemana layiqdir" – deyə,
On yük zərif əşya etdi hədiyyə.
Hər kimə istəsə qalan varından
Payladı qorxmayıb hesabdarından.
Bəhram bir çox belə xəznələr açdı,
İzzətlə toplayıb, ölçüsüz saçdı.
Münzir: "Gəlsin, – dedi, – cahan nəqqaşı,
Yeni bir naxışla güldürsün daşı".
Əlində fırçası, boyası, zəri,
Nəqqaş gəlib çəkdi şahı, əjdəri.
Bəhramın hər belə işi, qüdrəti
Tapdı Xəvərnəqdə əksi, surəti.