Dedi: "Rumda əziz birisi vardı,
Mumdakı bal kimi rahat yaşardı.
Hünərlər sahibi bu qabil kişi
Görərdi hər zaman yaxşılıq işi.
O kamallı cavan, o xoş xasiyyət
Təmiz əlaqəyə bəslərdi hörmət.
Xalq bilir ismini, düşməzdi dildən,
Almışdı pəhrizkar Bişr adı eldən.
Naz ilə evindən o çıxdı bir yol,
Gedirdi, nə eniş, nə yoxuşdu yol.
Eşq onun yolunu kəsdi əlbəəl,
Fitnə kamalına əl uzatdı, əl.
Gördü bir gözəl ki, çadrası ipək,
Sanki gizlənmişdi buludda aytək.
Gedirdi görmədən Bişri şux nigar,
Açdı duvağını üzündən ruzgar.
Fitnəyə yol verdi yel bilə-bilə,
Qara buludlardan çıxdı ay çölə.
Bir süstluk üz verdi olduqca Bişrə,
Tikildi bir oxla ayağı yerə.
Surət gördü, oynar məst gözündə naz,
Yüz min tövbə qırar, yenə də doymaz.
Bir xırman gül idi, sərv idi özü,
Kəklik qanı ilə yuyulmuş üzü.
Sahirdi, süzgündü şəhla gözləri,
Min aşiq yuxusu kəsmiş o pəri.
Qönçə yarpağına bənzər dodağı,
Onun da qənd ola bütün yarpağı,
Ah, hələ gözləri nərgizdi yatmış,
Onlar bu yatmaqla fitnə oyatmış.
Yellənən o qara qıvrım tellərin
İçində gül üzü o şux dilbərin,
Laçın qanadının altında duran
Həvasil quşuna bənzərdi, inan.
Xalı saçından çox ənbər saçardı,
Xalından da kafir gözləri vardı.
Bu gözlər, bu saçlar, bu atəşli xal
Qoymazdı insanda nə taqət, nə hal.
Çimdik qoparılmış uşaqtək birdən
Qopdu ixtiyarsız bir səs Bişrdən.
O ay ki, yolunda yalnızdı, təkdi,
Ürküb rübəndini üzünə çəkdi.
Atdı tələsərək gül qədəmləri,
Qan aldı boynuna o gedən pəri.[213]
Bişr ayılıb baxdı yollara doğru,
Gördü ev talanıb, getmişdir oğru.
Düşündü: izləsəm o şux cananı,
Pis düşər, səbr edim; məndə səbr hanı?
Yaxşısı budur ki, dözümlü ol sən,
Rüsvay olub gedər səbirdən keçən.
Ehtiras azdırıb ömrü, neyləyək;
Kişiyəm, qəm məni öldürməyəcək.
Unutmaq şəhvəti din nişanıdır,
Bu şərt pəhrizkarı yaxşı tanıdır.
Çəkim bu diyardan öz yükümü düz,
Beytülmüqəddəsə çevirim qoy üz.
Xeyri, şəri bilən böyük Yaradan
Mənim bu işimi eyləsin asan.
Gedib yol şeyləri tədarük etdi,
Beytülmüqəddəsə yollandı, getdi.
Sığındı qorxudan pərvərdigara,
Verildi hökmünə, dedi: – Et çara!
Divlərdən qurtarım, sən pasiban ol,
Qəlbimə tapmasın ta ki fitnə yol.
Yalvarıb Allaha, o səcdə etdi,
Müqəddəs məkandan qayıtdı, getdi.
Dönərkən qoşuldu Bişrə bu səfər
Zahiri xoş olan, bədxah bir nəfər.
O, hər gözəl sözə irad tutardı,
İrada qəribə həvəsi vardı.
Yaxşıdan, yamandan Bişr açdı söhbət,
Onun varlığını bürüdü hiddət.
O elə olmalı, bu dəxi belə,
Mənasız gəlməsin. bir nəfər dilə.
Bişr sükut etdi, onun sükutu
Aldı uzunçudan bihuşluq otu.
O dedi: "Adından agah et məni,
Mən də bu ad ilə çağırım səni".
Dedi: "Ad qoydular Bişr mənə, sən,
Nə eybi, hər nə cür ad verəcəksən".
"Bişr! İnsanların eybisən, nə qəm,
Mən də Məlixayam, imami-aləm.
Hər nə Yer üzündə, göy üzündə var,
Nələr fikr eyləyir bütün insanlar,
Bilir Məlixanın ağlı, kamalı,
Duyuram yaxşıca haram, halalı.
Alimlər ki bilir, on ikicə fənn,
Onlardan mükəmməl bilən mənəm, mən![214]
Dərya, səhra, meşə, çay, hər uca dağ,
Nəyə malikdirsə bizim bu göy tağ
Hamısını duyub, düzlüklə bildim,
Nədən yaşayırlar agah edildim.
Göydəki şeylərə əsla çatmaz əl,
Bilirəm onları hamıdan əvvəl.
Ətrafda üz versə qorxu nə zaman,
İti baxışımla görərəm haman.
Zavala uğrasa bir şahlıq, bir şah,
Əlli il qabaqca olaram agah.
Yetsə bir danəyə əskiklik əgər,
Bir il qabaqcadan verərəm xəbər.
Nəbzi, qarurəni mən bilirəm, mən,
Əlimlə qızdırma gedər xəstədən.
Salsam od içinə götürüb nalı,
Kəhrəba ləl olar, hələ var dalı.
Daş iksirim ilə bir gövhər olar,
Torpaq əllərimdə dönər zər olar.
Ağzım sehirli yel üfləsə, inan,
Kəndiri döndərib eylərəm ilan.
Tanrı ki yaradıb hər xəzinəni,
Ona tilsim açan göndərib məni.
Soruşsalar yerdən, ya göydən əgər,
İnanın, verərəm mükəmməl xəbər.
Bilik ölkəsində böyük ustadam,
Tay olmaz dünyada mənə bir adam".
Belə çox dəm vurub söhbət eylədi,
Bişr bu yalana heyrət eylədi.
Bu zaman bir bulud dağdan yeridi,
Məlixa baxaraq beləcə dedi:
– O bulud qaradır, qır kimi nədən!
Bunlar süd kimi ağ, gəl, cavab ver sən!
Bişr dedi: – Burda qəribə nə var?
Belə hökm eyləmiş tək pərvərdigar.
O dedi: – Kar aşmaz belə bəhanə,
Atılan ox gərək dəysin nişana.
Yanmış bir tüstüdür qara bulud, bax,
Ağıl bu nöqtədə etmiş ittifaq.
O bulud ki belə süd kimi ağdır,
Su var məcazında, inci sayaqdır.
Birdən qalxıb əsdi bir gizli külək,
Çox danışan nələr söylədi görək:
– De görüm, bu əsən yel nə deməkdir?
Qafil, ya öküzdür, ya da eşşəkdir.
Bişr dedi: – Allahın qəzası vardır,
Hər şeyə hökm edən pərvərdigardır.
O dedi ki: – Düşün, at hikmətə əl,
Qart qarılar kimi nağıl açma, gəl!
Havadır doğuran yeli, ruzgarı,
Yelləndirir onu ərzin buxarı.
Bircə o tərəfə göz yetirib bax,
Neçin çox ucadır o möhtəşəm dağ?
Dedi: – Var Tanrının bunda əsəri:
Birisi yüksəkdir, alçaqdır biri.
Məlixa söylədi: – Sübutsuz demə!
Yetişir bağladın naxşı qələmə.
Bulud yağış tökər, su axar gedər,
Dağları, daşları sel yıxar gedər,
O dağın ki, uca dik başı vardır,
Selin axımından xeyli kənardır.
Bişr bir qışqırdı, titrədi dağ-daş:
– Tanrının işinə, – dedi – qoşma baş!
Hər işin sirrindən xəbərdaram mən,
Hər elmə vaqifəm, üstünəm səndən.
Səbəb boş deyilməz, gəl, düşün bir az,
Yolu xəyal ilə süpürmək olmaz.
Sanma var pərdəyə yol tapa bilən!
Oxuyuruq naxşı pərdədə üzdən.
Qələt addımlamaq deyil ictihad,
Yanlış oxuyana olmaz etimad.
Qorxuram bu pərdə olanda nihan
Qələt oyun görə qələt oxuyan.
Bu yüksək budaqlı ağaca sən, gəl,
Ərköyünlük ilə toxundurma əl.
Bişr bu sehri ki, oxudu, yenə
Füzul qulaq asdı şeytan deyənə.
Onlar bir neçə gün birgə getdilər,
O füzulluq etdi istəyən qədər.
Yol isti, çöl susuz, yolçular susuz,
Oldu beyinləri qaynar, yuxusuz.
Qışqırıb yol boyu böyürürdülər,
Coşub gedirdilər, yüyürürdülər.
Axırda yetdilər pakizə, uca,
Şaxlı, budaqlı bir gözəl ağaca.
Bu yerin otları ipəkdi, ipək,
Göz daldı seyrinə, oldu sevincək.
Orda basdırılmış bir küp durardı,
İçində tərtəzə şirin su vardı.
O küpün içində görüb uzunçu
Təzə reyhan kimi ürək açan su,
Dedi Bişrə: – Gözəl yoldaşım, de bir,
Neçin bu küp belə qum içindədir?
Söylə nəyə görə ağzına qədər
Basdırılmış yerə? Ver bundan xəbər!
De görüm ki, suyu çoxdur, ya azdır?
Yoxuş deyil yeri, çöldür, bayazdır?
Bişr: – Etmiş, – dedi, – bunu insanlar,
Çox-çox görünmüşdür belə ehsanlar.
Qorxudan gömüblər onu qumlara
Ki, sınıb olmasın tez para-para.
Məlixa söylədi: – Gəl, yaxşı düşün,
Verdiyin cavablar qələtdir bütün.
Biri əzab çəkib yaşayacaqdır,
Özgə birinə su daşıyacaqdır?
Özü də burda ki, isti çöl boyu
Nə çeşmə tapılar, nə də bir quyu?
Burada ovçular qurmuş duzağı,
Buradır ov yeri, ovçu ovlağı.
Bu küpə ki suyu doldurmuş insan,
Deməli ov üçün tor qurmuş insan.
Duzlu şeylər yeyən yabanı heyvan:
Maral, dağ keçisi, gur, cüyür, ceyran
Bütün çöl uzunu su gəzə-gəzə
Gəlsinlər belə bir küp olan düzə.
Ovçu hiylə tökər, bağlar yolları,
Sonra əlində ox gözlər şikarı.
Vurar su içəndə heyvanı, gedər,
Doğrayar ətini kabablıq edər.
Belə aç düyünü, belə düşün sən,
Desin eşidənlər afərin, əhsən.
Bişr dedi: – Dur, ey sirr edən aşkar,
Hər kəsin gizli bir əqidəsi var.
Ürəkdə var gizli çox niyyətimiz,
Hər kəsi də belə zənn edirik biz.
Etmə, dedim sənə, gəl, pis fikirlər
Ki, sonra əlindən baş verməsin şər.
Suyun kənarına onlar keçdilər,
Yerə süfrə salıb yeyib-içdilər.
Doğrudan bu suyun heç üstü yoxdu,
Yanğı yatırandı, safdı, soyuqdu.
Məlixa ucadan dedi Bişrə: – Dur,
Bir qədər bu sudan kənarda otur.
Soyunub ta ki, bu saf suya girim,
Yuyunum, nəhayət tökülsün kirim.
Duzlu tər içində nə vaxtdır mənim
Çirkaba dönübdür bütün bədənim.
Çimim tez burada, qoy laməhala,
Sonra da tərtəmiz düzəlim yola.
Sonra küpü daşla parçalayım mən,
Heyvanlar qurtarsın əziyyətlərdən.
Bişr dedi ki: – Ey qəlbi saf, gedək,
Küpü bulandırmaq nəyinə gərək?
Sevinib əyildin sudan içməyə,
Tökürsən içinə indi kir niyə?
Hər kim ki, saf sudan içsə bir gilə,
Əyilib içinə tüpürməz belə.
Aynanı sürtməyə sirkə vurulmaz,
Saf dəxi tortayla bulandırılmaz.
Üzsə bir yolçunu əgər yanğısı,
Yenidən can verər ona şirin su.
Sanma ki, nəsihət ona kar etdi,
Öz bəd əməlini aşikar etdi.
Soyunub, paltarı yığdı bir yerə,
Atıldı sulara o birdən-birə.
Bu küp deyildi, bir quyuydu, quyu,
Bitib tükənməzdi içinin suyu.
Əcəl zirəkliklə yola getmədi,
Can atdı nə qədər, təsir etmədi.
Su doldu ağzına, əcəli çatdı,
Nəhayət quyunun içində batdı.
Bişr sudan ötrü yandı dərindən,
Tökdü su üstündə su gözlərindən.
Dedi: – Haramzada, bu xam oğlu, xam,
Salamını mənə eylədi haram.
Qorxuram bu çirkin xasiyyətilə
Küpün saf suyunu döndərsin lilə.
Suyu çirki ilə bulandırar o,
Daş alıb saxsını birdən qırar o!
Belə bir düşüncə pislərdən törər,
Nəinki ağıllı kəslərdən törər.
Kimsənin olmasın belə yoldaşı,
Batsın eləsinin görüm ki, başı.
Dalınca deyindi onun bir qədər,
Gözlədi, görmədi kişidən əsər.
Durub axtarmağa yönəldi onu,
Bilmirdi xacənin qərq olduğunu.
Batmış gördü suda öz yoldaşını,
Küpün qırağına əymiş başını.
Təəccüb eylədi suya baxaraq,
O yüksək ağacdan kəsdi bir budaq,
Ya bir nizə qədər, ya bir az uzun,
Yondu qabığını həmən çubuğun.
Dəniz ölçən kimi ağacı aldı,
Tez götürüb küpün içinə saldı.
Küp demə, küp demə, quyudur, quyu,
Kərpic divarlara qalxmışdı suyu.
Zay etməsin suyu gələn heyvanlar
Deyə quyu üstə yarım saxsı var.
Çıxartdı quyudan bədbəxt oğlunu,
Torpaq quyusuna gətirdi onu.[215]
Doldurdu qəbrini torpaqla, daşla,
Durdu baş ucunda dedi, təlaşla:
"Hanı zirəkliyin, fikrin, xəyalın?
Düyünləri açan ağlın, kamalın?
İnsanlar, pərilər düşərkən dara
Hanı öyündüyün, bildiyin çara?
Nədir o, deyirdin: yeddi fələkdən
Qeybi kəmənd ilə çəkən mənəm, mən!
Nə kişi, nə qadın olan, de, sənin
Nə oldu hünərin, on iki fənnin?
Əvvəldən bilirdin hər olacağı,
Zirəkdin, görürdün dalı, qabağı.
Uzaqgörücüydün, niyə görmədin?
Bu açıq quyudan xəbər vermədin?
Az eyləmədik biz bu sudan söhbət,
Gəldi ortalığa hər cür hekayət,
Çox uzatdıqsa da biz küp fəslini,
Söyləyə bilmədik işin əslini.
O küpün suyuna biz nələr atdıq,
Demək küpümüzdə tonqal qalatdıq.
O kargahın başqa bir naxşı vardır,[216]
Bizim haqq-hesabdan xeyli kənardır.
Fələk bu kəndiri düyün edəli
Çatmayır ucuna kimsənin əli.
Bu yolda hər nə ki, dedik, neylədik,
Səhv etdik hamını, yanlış eylədik.
Sən qərq oldun suda, mən tapdım nicat,
Şükür edənləri bəsləyir həyat.
Sən ona tor dedin, uzağa düşdün,
Özün heyvan kimi duzağa düşdün.
Mənim yaxşı getdi ona gümanım,
Fikrim yaxşı oldu, qurtardı canım".
Söyləyib bunları qalxdı ayağa,
Gah sola baş vurdu, gah baxdı sağa.
Misri paltarını bu yanda gördü,
Onu, əmmaməni alıb götürdü.
Açınca bağlını dərhal sürüşdü,
Torpağın üstünə bir kisə düşdü.
Nə görsə yaxşıdır, köhnə pullardı,
Kisədə min Misir qızılı vardı.
Yumdu gözlərini qızıl mehrinə,
Möhürləyib zəri qoydu yerinə.
Dedi: "Yaxşısı ki, paltarlarını,
İpək əmmaməni, bütün varını
Toplayım bir yerə, yığım, bağlayım,
Gəzim, qohumunu qoy soraqlayım.
Soruşub evini onu biləndən,
Verim əyalına əmanəti mən.
Köməyim dəymədi ona, qoy yenə
Xəyanət etməyim əmanətinə.
Tutsam əgər mən də o tutan işi,
Yeyərəm demək, o yeyən bişmişi".
Belə düşünərək yola düzəldi,
Bürkülü səhradan şəhərə gəldi.
Getdi öz evinə əvvəl birbaşa,
Sonra da baş çəkdi qohum-qardaşa.
Şəhərdə iki gün asudə oldu,
Dadlı xörəklərlə keyfi duruldu.
Alıb əmmaməni düzəldi yola,
Hamıdan soruşdu: "Bunun kim ola
Sahibi?" Bir kişi söylədi ki: "Sən
Hələ bir qədər də yol getməlisən.
Məhəlləsi filan, döngəsi filan,
Yeddinci ev üstə şahanə eyvan,
Onun binasıdır həmən imarət,
Yeri, döy qapını, arxayın ol get".
Alıb bağlamanı hərəkət etdi,
Deyilən binanın üstünə getdi,
Döyüncə qapını, dodaqları bal
Tez gəlib açaraq eylədi sual:
– Söylə, bir nəçisən, de, nədir adın?
De, əməl eyləyək, nədir muradın?
Bişr söylədi ki: – Əmanətim var,
Hər kimsə bu evə sahib-ixtiyar,
Ona veriləcək, əgər özümü
Buraxsa, deyərəm gəlib sözümu.
Asiman hünərli Məlixanın, ah,
Nə gəlib başına, eylərəm agah.
Qadın izn verdi, dedi: – Buyur, gəl.
Ədəblə yer verdi ona ilk əvvəl.
Bürüyüb üzünü gizli yaşmağa:
– Mən hazıram, – dedi, – qulaq asmağa.
Bişr əhvalatı açdı hər nə var,
Etdi ayüzlünü işdən xəbərdar.
Dedi: – Məlixayla biz həmsöhbətdik,
Onun hünərindən çox söz eşitdik.
O bədməstlər kimi tez qızışardı,
Hər sözə bir yekə dastan qoşardı.
Hər şeydən, hər işdən çox bədgümandı,
Yaxşı ilə pisi qarışdırandı.
Qazıdı özgəyə quyu, sürüşdü
Özü, bu qazdığı quyuya düşdü.
Çoşdu mühit kimi, eylədi tüğyan,
Axır ağzında su, düşdü natəvan.
Bişr nə görmüşsə o bivəfadan
Söyləyib, sözünü qurtaran zaman,
Əlavə eylədi: – İllər vur başa,
O torpaqda yatsın, sən evdə yaşa.
Tərtəmiz yumuşdu Məlixanı su,
Torpaq xəznəsinə tapşırdım onu.
Əlimlə yığıldı səhradan varı,
Budur qızılları, budur paltarı.
Deyib əmanəti tez yerə qoydu,
Bişrin düzlüyünü mahcamal duydu.
Hər işə vaqifdi o dilbər gözəl,
Vərəqi oxudu, bildi əlbəəl.
Bir saat kədərli, pərişan oldu,
Axdı göz yaşları, bağrı qan oldu.
Dedi: – Ey müqəddəs fikirli insan,
Sən ki bəndələrin ən yaxşısısan.
Afərinlər sənə, ey halalzada,
Üzü ağ olmusan bu gen dünyada.
Kimsə bu mərdliyi eyləməz ki, sən
Adamsız olana qarşı edirsən.
Mərdə layiq sifət deyildir, inan
Ki, bal oğurlasın bal arısından.
Gərək cavanmərdi pul aldatmasın,
İşinə zərrəcə xələl qatmasın,
Məlixa bir layiq məkana getdi,
Özünü torpağa o təslim etdi.
Deyirsən olduqca fikri yamandı,
Doğrudur, hər şeyə pislik umandı.
Zalımdı, hər zaman min zülmü vardı,
Əhdə vəfası yox, mərdüməzardı.
Kişiyə, arvada uddurardı qan,
Çəkdi cəzasını o zalım insan.
Cuhud məzhəbsə də, sevərdi şəri,
Sehir ilanıydı, məbəd əjdəri.
Ondan illər boyu cəfa çəkirdim,
Təkcə pislik deyil, bəla çəkirdim.
Mənimlə baş qoyar, birgə yatardı,
Sonra yalan deyər, böhtan atardı.
Mən müti bir bulud, o sərt bir külək,
Qılınc qaldırardı o dəli şimşək.
Tanrı dəf eylədi onu başımdan,
Oldu möhnətlər də qapımdan nihan.
Yaxşıydı, yamandı, köçdü dünyadan,
Ölünün dalınca danışmaz insan.
Çəkildi aləmdən onun ayağı,
Nəsib etdi bizə bu qovuşmağı.
Görünürsən, inan, çox xoştər mənə,
Layiqsən olmağa gözəl ər mənə.
Var məndə gözəllik, ismət, xəznə, mal,
Tapılmaz mənimtək halal bir əyal.
Tanrımız buyuran bir nikah ilə
Düzəlt işimizi, get sahman eylə.
Cavanmərd, görüncə bəyəndim səni,
Mənə layiq ərsən, sevindir məni.
Qəlbin bildirərsə eşqi, hörməti,
Başlayaram sənə mən də xidməti.
Bəli, arzum budur, xəyalım budur,
Var-dövlətim budur, camalım budur.
Deyib ay üzündən örtüyü saldı,
Yaş əqiqdən quru möhürü aldı.
Bişr günəş kimi o mahcamalı,
O fitnəli gözü, sehirli xalı
Görüncə, tanıdı nurlar saçanı,
Yolda rast gəldiyi nazlı cananı.
Bir ah çəkdi, getdi başından huşu,
Oldu sırğalının həlqəbəguşu.[217]
Şirin dodaqlını həyəcan aldı,
Ətir saçıb Bişrin halına qaldı.
Çalışdı, aşiqi durdu, ayıldı,
Həyadan canına bir od yayıldı.
Dedi: – Tərk eylədi ixtiyar məni,
Qoy dəli saymasın gözəl yar məni,
Gedərsə özündən əgər cin görən,
Pəri görmüşəm, ey pərizadə, mən.
Sanma ki, bu yeni bir məhəbbətdir,
Çoxdankı yanğıdır, köhnə həsrətdir.
Günlərin birində, ey nazlı mələk,
Aldı örpəyini üzündən külək.
Camalın əlimdən aldı taqəti,
Məst oldum içməmiş vüsal şərbəti.
Yandım həsrətinlə düşüb odlara,
Eşqin varlığımı verdi ruzgara.
Çəkdin öz dalınca sən xəyalımı,
Kimsəyə demədim mən bu halımı.
Gəldim nə zaman ki, mən təngə, zara,
Sığındım yeganə pərvərdigara.
Mənə öz fəzliylə o səxa kanı
Yetirdi hər zaman lazım olanı.
Heç vaxt göz dikmədim özgə malına,
Ağlına, işinə, xoşbəxt halına.
Verdi o düz yolla səadət mənə,
Gözəl camal mənə, var-dövlət mənə.
Elə ki bilindi Bişrin ürəyi,
Arvadın çoxaldı meyli, diləyi.
Bişr o hurinin nəvazişini
Görüb də sahmana saldı işini.
Tez kəbin kəsdirdi, ona yar oldu,
Tapıb nemətini bəxtiyar oldu.
O, pəri üzlüdən alıb arzu, kam,
Oxudu bədnəzər duası müdam.
Gözəli xəbisdən qurtardı cavan,
Ayı xilas etdi xüsufdan, dardan.[218]
İpək paltarından yudu torpağı,
Qalxdı şənbəliddən süsən yarpağı.[219]
Sevdi o gözəli pərilər kimi,
Yaşıl paltar geydi hurilər kimi.
Sarını atıb, gey yaşıl libası,
Sərvi bəyəndirir yaşıl olması.
Əkinə rövnəqdir yalnız yaşıl rəng,
Odur mələklərə verən min bəzək.
Yaşıllıq hər şeyin təravətidir,
Yaşıl rəng gözləri işıqlı edir.
Bitki yaşıllıqla həmahəng olar,
Cavanlıq hər zaman yaşıl rəng olar.
Qurtardı nağılı məclis çırağı,
Şah aldı qoynuna o gül yanağı.