Bəhramın şöhrəti düşdü dünyaya,
Balıqdan başlayıb yetişdi aya.[151]
Böyüklərin qəlbi qüvvətə mindi,
Adlılar ucaldı, şöhrətə mindi.
Künc-bucaqda öldü sarıqulaqlar,
Onları qara su, bax, belə udar.[152]
Nərsi adlı qoca hamıya başdı,
Şahın qardaşıyla o bir adaşdı.
Bilirdi hər işin nəhayətini,
Tanıtmış ağlını, kəramətini,
Daranın nəslinə nisbəti vardı,
Əsli, nəcabəti çox aşikardı.
Şah daim onunla olur, gəzirdi,
O şaha yoldaşdı, həm də vəzirdi.
Ona olmuş idi qismət üç övlad,
Hərəsi bir zəka sahibi, ustad.
Böyük oğlu gözəl bir fərzənd idi,
El bilir adını – Zəravənd idi.
Şah ona verərək birə yüz qiymət,
Baş möbid etmişdi göstərib hümmət.
İncə düşünəndi, yol tanıyandı,
Nəfsini saxlayan, kamil insandı.
İkinci, ellərdə məşhur bir əyan,
Yollardan o idi vergi, bac alan.
Şah baxıb ondaki düzgün qələmə,
Hakim qıldı onu mülki-Əcəmə.
Üçüncü, qoşunla məşğul olardı,
Şahın nayibiydi, hörməti vardı,
Tapşırdı işləri onlara Bəhram,
Onlar çəkirdilər işlərə əncam.
Bəhram keyf edərdi gəlib tüğyana,
Məmurlar salırdı işi sahmana.
İşlər dövr edirdi dəyirmanvarı,
Paylanırdı tamam topladıqları.
Yayıldı aləmə bir gün bu xəbər,
Düşdü yonmaq üçün işə kərkilər.
Hamı: – Sərxoş olmuş, – dedi Bəhrama,
– Dini meyə satıb, şəmşiri cama.
Əyyaş həriflərlə olmuş həmməslək,
İçdiyi şərabdır, məhsulu külək.
Qıcıdı dişini yerindən duran
Ki, olsun dünyaya sahib, hökmüran.
Məğlub eyləməyə bu hökmüranı
Çindən yola düşdü Çinin xaqanı.
Aldı öz yanına üç yüz min nəfər
Ox atan, hər biri bir qızmış əjdər.
Keçdi Xorasana Ceyhun çayından,
Qopardı bir yaman vəlvələ, tufan.
Bu çalıb-çapmaqdan xəbər tutan şah
Güvənə bilmədi, qoşuna, eyvah!
Nazla bəslənəli, nazla gəzəli
Hamının davadan soyumuş əli.
Gördü sərkərdələr sözlə bir deyil,
Şaha sədaqətdə həmfikir deyil.
Hər biri xəyanət eyləyib ona,
Verirlər işindən xəbər xaqana.
Pis niyyət bəsləyib padşahlarına,
Həyan olmuş hərə mülku varına.
Demişlər xaqana: "Səninlə varıq,
Keçdiyin yollara torpaq olarıq.
Sənsən dünya şahı, xaqan, buyur, gəl,
Bəhramdan şah olmaz, zərbəni vur, gəl.
İstəsən, can verər əlimizdə şah,
Əsir edək onu, istəsən hərgah".
Belə məktubları yazan katiblər
Gizlincə Bəhrama verdilər xəbər.
Şah bilcək onların bu niyyətini,
Verdi nayiblərə məmləkətini.
Bu silahla vuruş gücdür, dərk etdi,
Gözdən nihan oldu, xəlvətə getdi.
Dünya bu tədbirdən həmən söz açdı,
Dedilər: "Bəhram Gur gizləndi, qaçdı.
Olmadı xaqanla hərbə cürəti,
Qaçırtdı Bəhramı onun qüvvəti".
Xaqanı eylədi bir qasid agah
Ki, təxtü-tacından əl üzmüş padşah.
Taxta, həm kəmərə səndə yüz baxt var,
Gəl, səni gözləyən tac ilə taxt var.
Tutdu xəbər həmən bu işdən xaqan
Ki, didərgin olub Bəhram dünyadan.
Nə qılınc qaldırdı, nə qılınc vurdu,
Şərab məclisinə gəldi, oturdu.
Düşməni saymadı, meyə əl atdı,
Bir vaxt etmədiyi şeyə əl atdı.
Xoşuna gəlməyən işləri xaqan
İndi özü tutdu, sevindi düşman.
Bəhram gecə-gündüz ayaqda oldu,
Sayıq adamları soraqda oldu,
Çinin xaqanından tuturdu xəbər,
Məlumat gətirdi şaha bir nəfər
Ki, səndən arxayın o çinli xaqan,
Keyf ilə, naz ilə sürməkdə dövran.
Bəhramın açıldı ağ günə baxtı,
Baxdı dövrəsinə, qoşuna baxdı.
Yalnız üç yüz nəfər əsgəri vardı,
Hər biri sınanmış qoç davakardı.
Bunlar suda timsah, yerdə əjdərdi,
Bir nar danəsinə hamı bənzərdi.
Üç yüz olsalar da igidlər, ancaq
Onları yaşadan bir hiss, bir otaq.[153]
Yatmış düşmən ilə oyuna girdi,
Şah gizləyib zəri, başladı nərdi.
Od istəyən düşmən tüstüyə çatdı,
Aldatdı yağını Bəhram, aldatdı.
Yaxşı yaraşdırdı oxa nişanı,
Çünki tanıyırdı qanlı düşmanı.
Bir gecə xaqana zərbələr vurdu,
Tozunu yeddinci göyə sovurdu,
Seçdi bir gecə ki, qaradan qara,
Düşmənin gözündə döndü şahmara.
Sanki götürülüb ortadan çıraq,
Qarğa qanadından qaraydı çöl, dağ.
Sanki yüz min sərxoş zənci hər yana
Qılınc çəkib çapır, düşüb həycana.
Basqından qorxanlar yaman çaşdılar,
Bir şey görmədilər, hey göz açdılar.
Qəlbi işıq, əyni zil qara ipək,
Qır suvanmış küpə bənzərdi fələk.
Gecə sanki qara bir ənbərdi xam,
Xaqanla Bəhramtək vuruşdu Bəhram.[154]
Etdi çinlilərə hücum igid şah,
Gah qılınc işlətdi, ox yağdırdı gah.
Hər kimi dəldisə şahın peykanı,
Oxdan azad oldu dəyənin canı.[155]
Şahın qart daş dələn iti oxundan
Gözləri yumulur, yatırdı düşman.
Yarasını oxsuz, oxu yarasız
Görənlər qaldılar çöldə çarasız.
Dedilər: "Əcəba, bu necə işdir?
Hələ bu dünyada görünməmişdir,
Nə yarasız bir ox, nə oxsuz yara".
Bir ağaclıq yoldan o tacidara
Yanaşa bilməyən vahimə sezdi,
Bəhram bulud kimi hər yanı gəzdi.
Dağı çöl, qaldırıb çölü etdi dağ,
Tökülən qanlardan yumşaldı torpaq.
Hər kimə ox vurdu, o vurulmuşu
Dərhal tərk eylədi əziz can quşu.
Günəş çəkən zaman yalın şəmşiri
Qanlı teşt qızartdı sübh çağı yeri.
Deyin teştlə qılınc qansızmı olar?
Qan var o yerdə ki, teşt var, qılınc var?
Meyitlər doldurdu tamam dağ-daşı,
Üzdü qan arxında qanlının başı.
O qədər doğradı, o qədər vurdu,
Qorxudan ödünü Zöhrə qusurdu.[156]
Nizə öz dilini verdi şəmşirə,
Biçib əjdahanı o sərsin yerə.
Atılan ilandı meydana hər ox,
Atılan ilanlar dəhşətlidir çox.
Bəhram şah ortada hədəf seçirdi,
Atdığı ox tükü yarıb keçirdi.
Qılınc endirsəydi o, süvarıya,
Xiyartək bölərdi onu yarıya.
Əgər işlətsəydi qılıncı yandan,
Belindən bölünüb düşərdi düşman.
Qılıncı beləydi, peykanı belə,
Darmadağın oldu düşmanı belə.
Çıxalı qılınclar ağır qınından,
Şahın nərəsindən və basqınından
O türk ordusunun artdı dəhşəti,
Qılıncdan küt oldu, ayaqdan iti.
Bəhram qılıncını çaldı, çaldı hey,
Türklər ruhdan düşdü, bihal qaldı hey.
Zəfərdən əlamət görüncə padşah
Gah qılınc oynatdı, ox yağdırdı gah.
Qılıncı düşməni etdi tarümar,
Düşmən bulud oldu, şah isə ruzgar.
Orduya səs saldı hünərli Bəhram,
Dedi: "Üstün gələk, məqamdır, məqam.
Düşmana baş vuraq, gəlin, dərindən,
Oynasın sarsılıb mərkəz yerindən".
Altlarında aslan, əllərdə əjdər,[157]
Alıcı quş kimi həmlə etdilər.
Sağ cinah çəkildi, sol cinah qaçdı,
Ordu mərkəzinə Bəhram yol açdı.
Zəfərdən ruhlanıb əzdi xaqanı,
Mərkəzi dağıdıb, qırdı düşmanı.
Torpağın sayından çoxsa da ordu,
Öz-özünü qırıb həlak olurdu,
O qara şirlərin pəncəsi gəzdi,
Küt qılınclıların beynini əzdi.
Zöhhak ilanına ox dönüb getdi,
Süvari yıxıldı, at gözdən itdi.
Girincə meydana sıyrıldı xəncər,
Düşmən toz qaldırdı Ceyhuna qədər.
Şah o qədər tutdu, qənimət aldı,
Sayanlar yoruldu, tavansız qaldı.
Dost oldu qələbə o şiri-nərə,
Asayiş yaratdı; dönüb şəhərə,
Tacidar təzədən taxta oturdu,
Dünyanı eylədi səadət yurdu.
Gəlib səcdəsinə hamı əydi baş,
Qalibə afərin etdilər şabaş.
Gəldi xanəndələr xoş ahəng ilə,
Pəhləvi oxudu gözəl çəng ilə.
Ərəb şairləri gəlib coşdular,
Rübab səsləndirib, şeir qoşdular,
Şeirə qiymət verən bəxş etdi sovqat,
Verdi xəznəsindən bol cəvahirat,
Min dəvə yükünü atəşgədəyə
Saldırdı tez yola, vəqfdir deyə.
Atəşgahın bütün möbidlərinə
Qızıl, dürr payladı, doymadı yenə.
Verdi xəznəsindən saysız gümüş, zər,
Qalmadı ölkədə yoxsul bir nəfər.