BƏHRAMIN QIŞ MƏCLİSİNİN TƏRİFİ VƏ YEDDİ GÜNBƏD TİKDİRİLMƏSİ

Bir gün zəfər çaldı sübhün nur çağı,

Açıqdı, aydındı günün qabağı,

Nura qərq olmuşdu o səhər cahan,

Ah, o gün çıxmasın yaddan heç zaman.

Şah gözəl bir üzə bənzər ziyafət

Verib, aqilləri eylədi dəvət.

Qışın ilk günüydü o səhər, o çağ,

İşə ev yarardı, deyil baxça-bağ.

Bağların sönmüşdü şamı, çırağı,

Tərk edib getmişdi bağbanlar bağı.

Qarğa oğurlayıb bülbül səsini,

Oxurdu "oğru var" nəşidəsini.[163]

O hindu cinslidir, bunu yaxşı bil,

Hindlidə oğurluq təəccüb deyil.[164]

Səhər nəsiminin mahir nəqqaşı

Suda halqa çəkir hər addım başı.

Sərt soyuq atəşi tabdan salırdı,

Su qılınc, qılınc su şəkli alırdı.[165]

Əlində suvanmış ox tutan boran

Olmuşdu göz deşən, çeşmə bağlayan.

Süd ocaq üstündə dönür pendirə,

Şaxta vurur, donur qan birdən-birə.

Həvasil qanadı taxmışdı torpaq,

Fələk sincab, qaqum bürünmüşdü dağ.[166]

Girərək pusquya vəhşi heyvanlar

Hər yerdə mal-qara edirdi şikar.

Bitkilər başını çəkib torpağa,

Boyatma qüvvəsi düşüb duzağa.[167]

Öz kimyası ilə iki rəng cahan

Daşda od ləlini eyləmiş nihan.[168]

Qızılgül kürəni etmişdi otaq,

Hikmət palçığından çəkmişdi suvaq.[169]

Büllur bulaqları döydükcə şaxta,

Olur gümüş kimi su laxta-laxta.

Şahın tabxanası belə bir zaman,[170]

Dörd fəsli andırır; qalxır otaqdan

Ətirlər bürüyür, basır hər yanı,

Mötədil eyləyir qarlı havanı.

Meyvələr, şərablar edildikcə nuş,

Daim xumarlanır, könül olur xoş.

Səndəl, ud atəşi ucalır göyə,

Tüstüsü hindlitək durur səcdəyə.

Alovdur nəşənin, keyfin dayağı,

Zərdüştün qırmızı kükürd ocağı.[171]

O, qandır, od kimi gəlir meydana,

Ya da bir ipəkdir batmış al qana.

Fındığa innabı rəngini verir,

Civəsini onun ala döndərir.

Qəlbi qoparılmış bir almaydı san,

İçinə dolmuşdu gilələr nardan.

Ya qırla rənglənən xoş kəhrəbaydı,

Ənbər yaşmaqlı bir günəşə taydı.

Bir zülmətdi, sanki nurdan boğulur,

Ya lalə bitirmiş saçlarında hur.

Bir türkdü, rumluydu əsil-nəsəbi,

Hindlilər göz nuru vermiş ləqəbi,[172]

Yunisin məşəli, kəlim çırağı,

İsanın bəzmidir, İbrahim bağı.[173]

Töküldükcə kömür parçası oda,

Bənzərdi ləkəyə parlaq aynada.

O qara rəng idi, bu əqiqtəhər,

Zülmət içindəki yaquta bənzər.

Nəzər sal gövhəri qızaran közə,

Al, sarı, göy rəngli nur verir gözə.[174]

Qığılcımdan qızıl bəzəkləri var,

Qara həmailli gəlinə oxşar.

Zərlə işlənilib gəlin otağı,

Bir tağı ud rəngli, gülnar bir tağı.

Xəzəlin tüstüsü sarı şölələr

İlan altındakı xəznəyə bənzər.

Odun vətənidir, cəhənnəm, cənnət

Ondan işıq alıb, bundan hərarət.[175]

O bir cəhənnəmdir atəşpərəstə,

Günahsızlar üçün yoldur behiştə.[176]

Zərdüşt "Zəndi" ona nəğmələr saçar,

Muğlar pərvanətək xirqələr açar.[177]

Od buzu su eylər, iqtidarı var,

Niyə atəş deyir ona adamlar?

Alabaxta xasdı, hörməti vardı,

Oynar od üstündə, qanad çalardı.

İpək od üstündə verib əl-ələ

Turac ilə kəklik qurmuşdu halə.

Ev nəşəli, sərvin kölgəsi misal,

Şərab qırqovulun qanından da al.

Alabaxta rəngli olan asiman

Tökmüşdü qan yerə alabaxtadan.

Qırmızı şərabla dolu büllur cam

Quru su içində yaş oddu tamam.[178]

Yeyir gurgözlülər, içirdi şərab,[179]

Çəkilir şişlərə gur budu kabab.

Bəhram Gur öz yaxın dostlarıyla hey

Şahlar qaydasınca nuş edirdi mey.

Şən söhbət, mey-məzə, ürək sevən yar,

Hamı mey içəndi, hamı qəmküsar.

Al şərab, gül şəkər cülüşlər incə,

O məclis qızındı, bişdi deyincə.

Dimaqlar nəğmədən coşdu, çağ oldu,

Könüllər mum kimi yupyumşaq oldu.

Hünər sahibləri söhbət açıb hey,

Danışdı özünə yararlı bir şey.

Söz-sözə bağlandı cavahirmisal,

Belə nitqə gəldi bir sahib kamal:

"Nura qərq eyləyər şahımız yeri,

Əks edər bu qədər incəlikləri.

Çox dünya şahını var görüb gedən,

Olmamış belə bir calal seyr edən.

Mübarək qədəmi, tacı, izzəti

Vermiş ömrümüzə bütün neməti.

Cansağlığı da var, əmniyyət də var,

Biz genişlikdəyik, düşmən qəlbi dar.

Bolluq, çansağlığı, bir də əmniyyət;

Başqa hər nə varsa, boş sözdür əlbət.

Mədə dolu olsa, geyim mükəmməl,

Dürr nəyə lazımdır, nəyə gərək ləl?

Bizə ki, sən oldun ulu tacidar,

Demək, hər şeyimiz, hər şeyimiz var,

Dünyada olaydı kaş çarə, dərman,

Dəyməyəydi bizə nəzər heç zaman.

Gərdişi ulduzun, dövrü sipehrin,[180]

Kaş hər zaman belə, xoş üz göstərsin.

Çıxmasın şadlığın taleyi izdən,

Bizi ayırmasın bu eyşimizdən.

Olaydı şahımız şad ildən-ilə,

Verilməsin işrət xırmanı yelə.

Şadlıqla dolanıb gəzsin hər yanı,

Layiqdir biz olaq onun qurbanı".

Natiq öz nitqini yetirdi sona,

Sözləri yağ kimi yayıldı cana.

Qışı unutdurdu bu isti sözlər,

Bəyəndi ürəklər, parladı gözlər.

Məclisdə bir kişi vardı azadə,

Alicənab idi, o əsilzadə

Gün kimi parlaqdı, Şidə şöhrəti,[181]

Vurardı qaraya, ağa zinəti.

Rəssamdı, mötəbər bir sənətkardı,

Mühəndisdi, böyük hünəri vardı.

Tibb elmi, həndəsə, asiman, nücum,

Şidənin əlində sanki mumdu, mum.

İncə memar idi, bəzək vurandı,

Nəqşlər çəkərək, surət qurandı.

Tişəylə, qələmlə çəkərsə əmək,

Manidən can alar, Fərhaddan ürək.

Ağlın şagirdiydi Şidə hər zaman,

O təlim almışdı usta Simnardan.

Simnar Xəvərnəqdə çəkəndə əmək,

Şidə eyləmişdi ona çox kömək.

Elə ki, məclisdə şahı gördü şən,

Saçır su dilindən, od ürəyindən,

Yer öpdü, Bəhrama həmən əydi baş,

Oturdu, sözunə başladı yavaş.

Dedi ki: "Qovaram pis gözü, hərgah

Lütf edib icazə versə mənə şah.

Göy ölçmək işində çox pərgaram mən,

Ulduzlar elmindən xəbərdaram mən.

Memaram, bəzərəm bütün dünyanı,

Rəssamam, sənətin məndədir canı,

Göylərdən alaram bir elə nisbət

Ki, dəyməz padşaha xətər, əziyyət.

Torpaq nigarxana durduqca hər an

Qorxu hiss eyləməz kəhkaşanlardan.

Saxlar bina səni əziz can kimi,

Yerə hökm eyləyər asiman kimi.

İş belə göstərir, əmək çəkərəm,

Yeddi ülkər kimi günbəd tikərəm.

Hər günbəd bir rənglə həmahəng olar,

O, yüz bütxanadan gözəl rəng olar.

Şahın gətirdiyi yeddi nazənin

Bayrağını açar yeddi ölkənin.

Hər ölkə göydəki səyyarə sayaq

Nizama, əsasa malik olacaq.

Bəllidir, həftənin nə ki günü var,

Hər ulduza biri aşikar olar.

Yaşasın dünyada, gülsün ömrü çağ,

Hər gün olsun yeri, görüm, bir otaq.

Ev rəngində geysin paltar şahanə,

Evin gözəliylə sunsun peymanə.

Söylədiyim kimi edərsə hərgah,

Böyük şöhrətlərə yetər bizim şah.

Yaşasa beləcə əgər dünyada,

Çatar ömru boyu hər bir murada".

Şah dedi: "Tutaq ki, etdim belə mən,

Evim zərdən oldu, qapım dəmirdən,

İnsan dedikləri gəlib-gedəndir,

Bu qədər əziyyət, əzab nədəndir?

Deyirsən günbədə bəzək vuraram,

Səyyarə misalı, bir ev quraram.

Havadır, həvəsdir bunlar, bəs hanı

Evlər yaradanın evi, eyvanı?

Hər şeyə deyirəm afərin, əhsən,

Harada axtarım yaradanı mən?

– Yox, – dedi, – səhv dedim mən bu sözləri,

Ulu Tanrımızın bilinməz yeri.

O görünməz gözə heç bir məkanda,

Sitayiş edilir ona hər yanda".

Deyib bu sözləri sakit oldu şah,

Coşdu bu arzuyla o qəlbi gümrah.

Gözünün önündə durdu əlbəəl

Simnarın çəkdiyi yeddi şux gözəl.

Qalırdı orada o yeddi pəri,

Hər biri bir elin dürrü, gövhəri.

Şidənin sözündən fikrə getdi şah,

Gizlin hesablardan agahdı, agah,

Ustanın sözünü ancaq kəsmədi,

Cavab vermək üçün o tələsmədi.

Keçdi bu söhbətdən bir xeyli müddət,

Bir gün eyləyərək Şidəni dəvət,

Sözünün işini istədi Bəhram,

İşlərə birbəbir eylədi əncam.

Nə gərəksə bütün verdi Şidəyə,

Çalış, xəznə apar, əmək çək deyə.

Günlərin birində böyük sənətkar

Bəhramın əlindən aldı şirin bar.[182]

O, ulduz tanıyan, bəxt görən kişi

Vaxt seçdi başlasın mübarək işi.

Seçdi, səadətli bir tale seçdi,

O, yeddi günbədi tikməyə keçdi.

İki il çalışdı, işlətdi sənət,

Bir saray tikdi ki, cənnətdi, cənnət.

Çalışdı, çarpışdı, göstərib hünər,

Yeddi günbəd tikdi – hər yanı gövhər.

Taleyi, görkəmi hər bir günbədin

Parlaq şahidiydi kəsilmiş şərtin.

Günbədi Bəhram şah gəlib gəzərək,

Bağladı binaya məhəbbət, ürək.

Gördü ki, nə edib Neman Simnara

Bir əfsanə kimi düşüb diyara.

Acıyır eşidən, qaralır qanı,

Nifrətlə yad edir zalım Nemanı.

Bəhram, razı qalsın qoy Şidə, deyə,

Amül şəhərini verdi hədiyyə.

Dedi ki: "Səhv etdi əgərçi Neman,

Əziyyət gördüsə sənətkar ondan,

Ədlim üzrxahdır edilmiş zülmə,

Onu həsəd, bunu səxavət bilmə".

Dünyanın belədir hər işi, əlbət,

Biri zərər görər, biri mənfəət,

Bir dost susuz ölər, qəlbi xar gedər,

Başqa bir dost suda boğular gedər.

Hərə öz işinə qalmış xeyli mat,

Susmuş, çarə nədir, belədir həyat.

Загрузка...