Yəmən ovlağında günlərin biri
O gözəl ölkənin qoç igidləri
Önündə Bəhram şah çölə səs saldı,
Mərrixdən, fələkdən qapdı, kos aldı.
Bəhram söhbət açdı ovdan, ovlaqdan,
Münzir bir az öndə, arxada Neman,
Baxdıqca onlara saçırdı heyrət
Bəhram görkəmindən yağan əzəmət,
Uzaqdan ucaldı toz birdən-birə,
Göy yerə qovuşdu, yer də göylərə.
Bəhram şah at çapdı şəhriyar kimi,
Cumdu toz üstünə bir ruzgar kimi.
Nə gördü: yem olub yazıq gur şirə,
Oturub belinə şir, yıxır yerə,
Tacidar durmadı, bir kaman aldı,
İti uclu oxu oxdandan aldı.
Əldə kaman girdi pusquya Bəhram,
Oxu qoyub çəkdi girişi tamam.
Dəldi şirlə guru ox birdən-birə,
Deşib çiyinləri işlədi yerə.
İşlədi torpağa qəzəbli peykan,
Ona tab gətirməz zirehlə qalxan.
Şir ilə gur belə öldülər, demək,
İşlədi ox yerə qanadınadək.
O, mahir əlilə atıb peykanı,
Baxdı boylanaraq əldə kamanı.
Hünərli vuruşu görən ərəblər:
– Əcəm şahı, sənə əhsən – dedilər.
Kimin ki, sataşdı gözü şikara,
Əl öpdü, baş əydi o şəhriyara.
Dedilər: canında aslan gücü var,
Odur ki, Bəhram Gür adlandırdılar.
Döndülər şəhərə, artdı söhbəti,
Yayıldı gur ilə şir hekayəti.
Öz xadimlərinə əmr etdi Münzir:
– Qoy gəlsin ustalar, zər hünərlilər,
Hər kimin vardısa, gücü, qüdrəti
Pərgarla bəzəsin gözəl surəti.
Xəvərnəq içində çəksin divarda:
Şir dalayır guru, gur qalıb darda.
Çəksin: şah ox atır gur ilə şirə,
Ox keçib onları işləyir yerə.
Bu şəkli olduqca mahir əl çəkdi,
Qızılla işlədi, çox gözəl çəkdi.
Görən canlı bildi, "afərin" dedi,
"Əhsən olsun şaha birə min" dedi.