BƏHRAMIN ORDU ƏMİRLƏRİNƏ ACIQLANMASI

Günlərin birində mübarək baxtı

Sayəsində Bəhram bəzədi taxtı.

Ölkə başçıları, şahlar, soltanlar,

Taxtü-tac bəxş edən, hər nə qədər var,

Gəlib taxt önundə səf-səf durdular,

Ayla ulduz kimi məclis qurdular,

Şah qılınctək kəskin sözlər söylədi:

– Ey əmirlər, – deyə, xitab eylədi, –

– Ordu çıxmalıdır sülhdən, savaşdan,

Bunlarsız nə fərqi bir quru daşdan?

Hansınız qorxusuz girdi meydana,

Vuruşdu qoç kimi mərdi-mərdana?

Mən ki bəyənmişəm sizi dunyada,

Deyin, göründünüz hansı davada?

Sizin aranızda cəsur ər hanı?

İş görən qəhrəman, şiri-nər hanı?

Hanı döyüş günü coşub, çağlayan?

Qılınc qüvvətiylə yollar bağlayan?

Gim var meydan gəzib, nərələr saçsın,

Bir duşmən bağlayıb, bir ölkə açsın?

"İrəc nəsəbliyəm" söyləyir biri,

"Arəşi güclüyəm" deyir digəri.

Biri: "Rüstəm mənəm" söyləyib durur,

Qalxıb bir başqası Givdən dəm vurur.[158]

Birisi deyir ki: "Qoca şir mənəm".

Birisi söyləyir: "Ləc bəbir mənəm".

Görmədim sizlərdən elə bir kişi,

Döyüşkən, yerində görən hər işi.

Qəribə budur ki, hər yetən avam

Söyləyir: "Heyf ola, yatıbdır Bəhram.

Mey içir, dünyanı yadına salmaz,

Belə şahdan adam heç razı qalmaz".

O qədər içmərəm meyi dünyada,

Unudam cahanı, salmayam yada.

Bir hovuz mey içsəm yenə də, ancaq

Qılıncımdan deyil qan arxı uzaq.

Buludam, yağdırram şimşək xıncaxınc,

Bir əlimdə şərab, birində qılınc,

Mey günü məclisə yaraşıq mənəm,

Lazım olan dəmdə qılınc çəkənəm.

Gözləri yumulu gördün dovşanı?

O, yatmış olsa da görər düşmanı!

Gülüşüm, məstliyim dəhşətlidir, bil!

Gülümsəyən şirəm, sərxoş filəm, fil!

Şirlər gülən zaman axıdar al-qan,

Filin sərxoşundan kimdir qaçmayan?

Əbləhlər içərkən olar bixəbər,

Huşyar olan meyi başqa cür içər.

O kəs ki, ağılca deyildir alçaq,

Nə qədər içsə də, məst olmaz ancaq.

Qeysərin tacını şərab içərkən

Ayaqlar altına saldıraram mən.

Badədən özümə bülöv çəkərəm,

Düşmənin başına qətrə tökərəm.

Nə düşünür məni istəyən dostlar,

Göyün ulduzları durmuşdur bekar?

Mən sərxoş yatsam da, olmasam ayıq,

Bəxtimin ulduzu sayıqdır, sayıq.

Məst olub yuxuya getdimsə də mən,

Xaqan yuxusunu aldım əlindən.

Mən ki, belə əyri bir yolla getdim,

Qulduru gör necə tarümar etdim.

O köpəkdir, gecə qorxudan ular,

Yatmaz sübhə kimi, narahat olar.

Əjdaha kahada yatarsa şirin,

Dəyməz qapısına ayağı şirin..."

Şah gözəl dastanı qurtardı belə,

Döndü kişilərin üzü al gülə.

Səcdəyə düşməyi lazım gördülər,

Şaha acizanə cavab verdilər:

"Hər kəlmən bizimçin güldür, çiçəkdir,

Ağlı olanlara bərdir-bəzəkdir.

Olmuş canımıza tilsim sözlərin,

Asılmış qulaqdan bir sırğa təkin.

Tacı şah başına qoyar Yaradan,

Xalqın çalışması hədərdir, inan,

Çoxları başçılıq gəlib etdilər,

Sənin mərtəbənə sanma yetdilər.

Hamı başdan oldu, başçı olmadı,

Yalnız sənə qaldı şəhriyar adı,

Şahdan biz görəni, bu məlum işdir,

Nə ağ görmüş, nə də qara görmüşdür.[159]

Sən div bağlayaraq, əjdəri yaxdın,

Fil vurdun, kərgədan nizəyə taxdın.

Şahdır şirlər əzən, gurlar ovlayan,

Divlə qulyabanı – oxuna nişan.

Nə zaman çıxarsa öz ovlağına,

Alar gur boynunu şah qucağına.

Gah vurar xalından qızmış pələngi,

Dişini çıxardar, yıxar nəhəngi.

Gah çəkər əlindən hindlilər min ah,

Hindi qılınc çəkər çinlilərə gah,

Gah gedib fəğfurdan Bəhram bac alar,

Gah da Rum şahından bol xərac alar.

Çoxları yıxmışlar pələngi, şiri,

Şir beyni çıxarmış qızıb hər biri.

Üç yüz əsgəriylə bu qoç şiri-nər

Üç yüz min düşmənə vurdu zərbələr.

Nə qədər dünyaya şah gəlib, gedib,

Bəllidir, necə kin, məhəbbət edib.

Onlardan hansı şah qazanmışsa ad,

Qoşuna, möhlətə etmiş istinad.

Bir neçə nəfərlə bu qızğın işi

Görər Bəhram kimi hansı bir kişi?

Vurulsa hesabı tac geyənlərin,

Bir saydır Bəhrama layiq, birə min!

Tapılar hər kəsdə yalnız bir nişan,

Bəhramdan əlamət bu geniş cahan.

Düşmənin üstünə cumsa şiri-nər,

Lay qapılar kimi onu tən bölər.

Oxunu sancarsa əgər sərt daşa,

Daş dönər torpağa, dönər xaşxaşa.

Zəhər saçan oxu ölkəyə dərman,

Əjdər cilovuyla tutar min ilan,

Hər kim zidd gedərsə ulu Bəhrama,

Zəmanə çevirər əriyən şama.

Onunla qorxmasa hər kim savaşdan,

Demək, qan qoxusu gəlir o başdan.

Şahın sərxoşluğu oyaqlıq demək,

Yatışı yuxu yox, sayıqlıq demək.

Şərabla keçərsə əgər zamanı,

Özü yox, keflənər yalnız düşmanı.

Hamıdan kamildir, əhli-ürfandır,

Yaxşını, yamanı şah bacarandır.

Mahir iş biləndir geniş dünyada,

Möhtac deyil əsla özgəyə, yada.

Göylərin altında durduqca cahan

Hökmünə baş əysin sonsuz asiman.

Sarayına zinət ədalət olsun,

Tacında yurd salan səadət olsun.

Torpağa pənahdır onun sayəsi,

Taxtının ucadır göydən payəsi".

Kamal sahibləri belə söz açdı,

Yaqut qarşısında kəhrəba saçdı.

Qalxıb içlərindən şahzadə Neman

Məclisə təriflər eylədi bəyan.

Dedi: "Şahın taxtı çatdığı bir yer

Balıq belə olsa aya yetişər.[160]

Şah başında tacı əyri, düz sayan,

Göstərin, varmıdır elə bir insan?

Sənin ki, başına tac qoymuş Allah,

Görüm olsun tacın əbədi, ey şah!

Bizlər ki, qapında müti qullarıq,

Şahlıq rütbəsini sayəndə tapdıq.

Var-yoxumuz sənin, başımız sənin,

Qurumuz sənindir, yaşımız sənin.

Əcəm, ərəb durur əmrində hər an,

Bir işarə versən keçər başından,

Vardır məharətim, uzun bir müddət

Şahın qapısında eylərəm xidmət.

Sənin dərgahında şöhrətə yetdim,

Nemətə yetişdim, dövlətə yetdim.

Üzrüm qəbul olsa yanında hərgah,

Dönərəm evimə, izn versə şah.

Bir az dincələrəm yol zəhmətindən,

Yenə əmr eyləsə qayıdaram mən.

Yox, razı olmasa nə qədər varam,

Şahın nökəriyəm, itaətkaram".

Şah dedi: "Xəznəni xəznədar açsın,

Bacardıqca əli cavahir saçsın.

Misir, Məğrib, Ümman məhsulu – nə var.

Durmasın, gətirsin, gəlsin xəznədar".

Yükçülər gətirdi tökdü ortaya,

Yük yükün üstündən vuruldu taya;

Xalvar-xalvar qızıl, müşkü müşk üstə,

Qullar, qaravaşlar dəstəbədəstə;

Tərifə sığmayan şahanə mallar,

Bahalı paltarlar, ipəklər, şallar;

Aşan dənizləri, uca qatları,

İranda bəslənən ərəb atları,

Qılınc – Hindustani, geyim – Davudi,

Səxa gəmisinə yer oldu Cudi.[161]

Olsa da hünərli sərrafın əli,

Saya bilməz idi bu dürrü, ləli.

Bir tac ki, gövhərdən almışdı zinət,

Şüştər gəlirindən üstün bir xələt.[162]

Baxdı bu sovqata, sevindi Neman,

Yəmən, Ədən oldu ona ərməğan,

Bəhram şah o qədər verdi ona pay,

Elə bil Zöhrəni yola saldı ay.

Döyüşdən, vuruşdan gələrək cana,

Yenə də işrəti çəkdi meydana.

Hamının işinə eylədi əncam,

Sonra öz işinə başladı Bəhram.

Загрузка...