Əyləndi, başladı keyfə asudə,
Ayağında düşmən, əlində badə.
Usta hekayəti duşdü yadına,
Təriflər yazmışdıq əvvəldən ona,
Saray ki, yurduydu o yeddi yarın,
Sanki Ərtəngiydi yeddi diyarın.
Şahın ürəyinə saldı məhəbbət
Ustanın çəkdiyi o yeddi surət.
Qaynadı yeddi yol, qəlbi duruldu,
Ta ki, yeddi kimya özünün oldu.
Kəyan nəslindəndi o birinci qız,
Atası ölmüşdü, yalnızdı, yalnız!
Min xəznə yolladı o pərizada,
Tapdı gövhəritək gövhər dünyada.
Sonra da xaqana elçi göndərdi,
Bir az qorxu gəldi, ümid də verdi.
Xaqandan qız, xəznə və tac istədi,
Bir də yeddi illik xərac istədi.
O, qızıyla birgə çoxlu şey verdi,
Bol mirvari verdi, gövhər hey verdi.
Bəhram sonra Ruma yönəldi, axdı,
O yurdu ordusu yandırdı-yaxdı.
Qorxub nəfəsini çəkmədi Qeysər,
Üzr ilə qız verdi, üstəlik də zər.
Məğrib padşahına göndərib adam,
Çoxlu xəznə aldı, tac aldı Bəhram.
Onun da qızını aldı, götürdü,
Cəsarətə bax ki, necə iş gördü.
Aldı o sərvi də girib bostana,
Oradan yeridi tez Hindistana.
Racənin gözəli qəlbinə yatdı,
Ağılla, tədbirlə murada çatdı.
Oradan qasidi Xarəzmə keçdi,
Şah üçün gülüzlü bir pəri seçdi.
Slavyan şahına yazdı kağızı,
İstədi ondan da o dilbər qızı.
Yeddi el şahından bu qayda ilə
Bəhram sahib oldu yeddi gözələ.
Daldı işrətlərə, könlü oldu şad,
Həyatdan gəncliyi aldı nəşə, dad.