Söylədi Bəhrama birinci adam:
"Sənin düşmənindən düşmən alsın kam.
Tökdü Rastü-Rövşən gözdən yaşımı,
Əzabla öldürdü can qardaşımı.
Mal-qara az, ya çox, nəyi ki, vardı
Üstə izzəti də alıb apardı.
Gözəldi qardaşım, xeyli cavandı,
Hər kim eşitdisə halıma yandı.
Mən şivən qoparıb, saldım qalmaqal,
Saldırdı zindana o məni dərhal.
– Düşmənə var – dedi – yaman rəğbəti,
Gətirdi başıma bu müsibəti.
Kinli bir qurluya verdi işarət,[299]
Etdilər evimi talan və qarət.
Bağlatdırdı məni, göstərib də zor,
Sarayı gözümdə dönüb oldu gor.
Getdi min zülm ilə, öldü o qardaş,
Bu qardaş ölümcül axıtdı qan-yaş.
Onun dustağıyam bir ildir, düzü.
Mənimçin mübarək faldır şah üzü".
O məzlum dərdini söylədikcə, şah
Oldu vəzirinin zülmündən agah.
Vəzir qarətini qan bahasilə
Qaytarıb tapşırdı o məzlum ələ.
Dedi: "Get işinə, azadsan, azad!"
Elədi məzlumu beləliklə şad.