Yeddinci məzlumun növbəti yetdi,
Ürəkdən o şaha dualar etdi.
Dedi: "Mən dünyadan götürmüşdüm əl,
Allaha bağlayar zahidlər əməl.
Gözütox yoxsulam, yandım şam kimi,
El üçün çalışan bir adam kimi.
Aqibətdən xəbər tutaraq əvvəl,
Üzdüm bu dünyanın işlərindən əl.
Demə ki, yemişəm, demə yatmışam,
Bol namaz qılmışam, oruc tutmuşam.
Gündüz yoxdu yeyim çörəyim, suyum,
Gecə yoxdu yerim yatım, yuxlayım.
Allaha eylədim hər an ibadət,
Ancaq ibadətə eylədim adət.
Hamıya bir riza gəzdim dünyada,
Duayla hər kəsi gətirdim yada.
Vəzir məndən ötrü yollayıb soraq,
Çağırdı, gedincə oturdub uzaq,
Dedi ki: – Haqqında pis gümanım var,
Yeri vardır sənə versəm əzablar.
Dedim ki: – Ey ağa, gümanın nədir?
Yaşaram arzunca, imanın nədir?
Dedi: – Bəd duandan qorxuram ancaq,
Diləyirəm sənə ölüm versin haqq.
Mənimlə çoxdandır sənin iddian,
Ucalır haqqımda gecə bəd duan.
Bəd dua oxu ki, atırsan müdam,
Dəyər bu hədəfə bir gün qorxuram.
Nifrinin canımı hədəf etməmiş,
Qarğışların hələ cana yetməmiş,
Əlini, boynunu tutub bağlaram,
Mən də bu şəkildə səni dağlaram.
Qorxmayıb, ömrümü o saldı bəndə,
Zərrəcə yanmadı mən dərdiməndə.
Dustağam əlində düz yeddi ildir,
Ayaqlarım torda, bəxtim zəlildir.
Mənim əllərimi saldısa bəndə,
Fələklərdən kömək istədim mən də.
Duadan ayırdı əlimi əgər,
Sanma bir də əli nemətə dəyər.
O saldı qalaya, mənə gəldi fən,
Dağıtdım evini qarğışımla mən.
Yetirdim əlimi mən də padşaha,
Qalmadı bir əngəl, şad olum daha".
Qalxıb qucaqladı Bəhram zahidi,
O kafir öldürən şir mücahidi.
"Duadan qorxuram – sözündən qeyri,
– Dedi – hər nə demiş, hamısı əyri.
"Duan yerdə qalar" deyənlər hanı?
Quldur hökmü deyil, zahid fərmanı.
Vəzir ki, görməyib öz yerində iş,
Deməli, özünə qarğış eyləmiş.
Gəldi bəd duanın nəhayət sonu,
Başını kəsdirib məhv edər onu.
Vəzirin nəyi var: qaş-daş, mülkü mal,
Götür, zahid baba, sənin olsun, al!"
Verilən şeylərdən üz döndərərək,
Zahid dövrə vurdu misali-fələk.
Sonra: – Bu nəqdlərdən azadam, – dedi,
O yaxşı vermişdi, yaxşı istədi.
Çalğısız başladı birdən o rəqsə,
Getdi, görünmədi artıq heç kəsə.
Onlar bu qaydayla qədəm atdılar,
Yerdən asimana baş ucaltdılar.
İnsan adlansa da yerdə qalan, bil,
Cümləsi divlərdir, başqa şey deyil.
Qədəhdə püxtə kim tapmaq istəyər,
Min-min xam qoraya salmalı nəzər.
Püxtə o kəslərə layiqdir demək
Ki, qoruyar xamdan həm cib, həm ətək.