ÜÇÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ

Üçüncü dedi ki: "Böyük tacidar,

Hər yana istəsən bəxtin yol açar.

Mən dəniz yoluyla edib ticarət,

Tapardım özümə bir parça nemət.

Çıxardım səfərə beləcə bol-bol,

Gəlirim artardı hər səfər, hər yol.

Dürrü tanımaqda artdı qiymətim,

Bürüdü hər yanı adım, şöhrətim.

Sabaha nur verən yar-yaraşıqlı,

Çıraqdan daha çox aydın, işıqlı

Bir neçə mirvari ələ gətirdim,

Sevinib özümü şəhrə yetirdim.

Onları satmaqdı arzum, istəyim,

Dedim: yaxşı geyim, həm yaxşı yeyim.

Çatdı vəzirinə onun sorağı,

Bildi ki, məndə var bir boyunbağı.

Çağırtdırıb aldı, odlara yandım,

Qiymət söyləməyə yaman utandım.

Sövdələşmək çağı gəldi meydana,

Gətirdi ortaya yüz min bəhana.

Dedim qiymətini, dərdü qəmlə mən,

Yenə əl çəkmədi o bəhanədən.

O, qaradan, ağdan tutmuş neçə gün,

Qəlbimi ümidlə doldurdu bütün.

Nəhayət çağırıb məni gizlicə,

Canitək zindana saldı bir gecə.

Pulumu vermədi namərd, aman, ah,

Dedi: – İşləmisən cinayət, günah.

Getdi halal malım, dürr boyunbağım,

Bağlandı üstəlik əlim, ayağım.

O məndən gövhəri beləcə aldı,

Varlığım daş kimi zillətdə qaldı.

Dürrü papağına eylədi bəzək,

Atıldım quyuya, qaldım sədəftək".

Xəznəsindən alıb bədvəzirin, şah

Onu daş-qaşlarla eylədi gümrah.

Загрузка...