Nə zaman Keyqubad taclı, cəsur şah
Keyxosrovluq tacı qaldırdı, nagah
Yerdən bir Bisütun ucaldı göyə,
Fərhadın etdiyi döndü kölgəyə.
O yeddi sütunlu bir Bisütundan
Yeddi günbəd tikdi, sanki asiman.
Göylərlə birləşən imarətdə şah
Gördü ki, fələyi ötmüş bu dərgah.
Şah baxdı hasara, yeddi qülləyə,
Hər qüllə oxşardı bir səyyarəyə.
Ulduzlar tanıyan sənətkar Şidə
Ulduz rəngi vermiş hər bir günbədə.
Keyvan taleyində günbəd ki, vardı,
Qaraya bürünmüş müşkə oxşardı.
O ki, Müştəriylə həmahəng idi,
Bəzəyi, düzəyi, səndəl rəng idi.
O günbəd ki, Mərrix adını aldı,
İncə naxışlıydı, sərasər aldı.
O bürc ki, Günəşdən verirdi xəbər,
Saraltmışdı onu üstündəki zər,
Onu ki, şux etmiş göyün Zöhrəsi,
Ağdı Zöhrə kimi onun çöhrəsi.
Ona ki, Ütarid vermişdi nemət,
Firuzə rəngindən yetmişdi zinət.
O günbəd ki, ona ay yol salardı,
Şahın taleyindən yaşıl çalardı.
Dediyim bəzəkdə qalxdı göylərə,
Oxşayıb yeddisi yeddi ülkərə.
Yeddi el almışdı öz öhdəsinə,
Yeddi şah qızına açmışdı sinə.
Hər qız maraq saldı ev ahənginə,
Əşyanı döndərdi günbəd rənginə,
Belə gündən-günə xoşbəxt olan şah
Hər gündə bir evi etdi qərargah.
Gündə bir gözəllə söhbət edərdi,
Gündə bir günbədə varıb gedərdi.
Gündə bir otaqda o sahibkamal
Məclis düzəldərək qurdu cah-calal.
Harada keyf edib, içib yeyərdi,
Haman ev rəngində paltar geyərdi.
Otağın xanımı vuraraq bəzək,
Bəhramın önündə oturardı tək
Ki, füsun eyləsin şahın könlünə,
Yesin halvasını şah dönə-dönə,
Eylərdi məhəbbət açan söhbəti,
İstərdi qızdıra qızğın şəhvəti.
Belə hasar çəkdi adil hökmüran,
Əcəlsə əlini çəkmədi ondan.
Tərk et, ey Nizami, gəl bu cənnəti
Ki, gülu tikandır, tikanı iti.
Beşgünlük dünyada, gəl düşün bunu,
Gör necə oldu bir Bəhramın sonu.