BƏHRAMIN YEKŞƏNBƏ GÜNÜ SARI GÜNBƏDƏ GETMƏSİ VƏ İKİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Dan yeri ağarıb şəfəq sökəndə,

Sübhün tərəzisi qızıl tökəndə,

Yekşənbə günü şah, dünya çırağı,

Qızıldan özünə verib novrağı,

Aldı Cəmşid kimi qızıl cam ələ,

Tacı günəş kimi nur saçdı elə.

Üzüyü sarı bir gültək qəşəngdi,

İşıldayan qaşı kəhrəba rəngdi.

Yollara zər səpib, günbədə getdi,

Könül şadlığını birə yüz etdi.

Büsatla otağa şah etdi dəmsaz,

Nəşə, mey içində eylədi pərvaz.

Gecə ev çevrildi naz otağına,

Aşiqlər büründü sirr duvağına.

Şah o şəkər saçan şama söylədi:

"Sevişdir bir yerdə ləl ilə qəndi.

Oxu, nəşə duyum oxumağından,

Xoş səsin eyləsin günbədi heyran".

Şahın fərmanına qarşı durulmaz,

Qəbulə keçməzdi bəhanəylə naz.

Dil açdı söhbəti, sözü məzəli,

Dedi Çin bəzəkli o Rum gözəli:

"Ey Tərazın, Rumun, Çinin padşahı,

Soltanlar ümidi, şahlar pənahı.

Hakimlər izzəti, ağasan, ağa,

Çoxları çan atar qulun olmağa.

Hər kim eyləyərsə başqa bir xəyal,

Görər öz başını yerlərdə dərhal!"

Elə ki duası axıra yetdi,

Ağzını ətirli bir məcmər etdi.

Загрузка...