BAHARIN TƏRİFİ

Müştəriylə Zühəl qovuşan zaman

Günəş daxil oldu Həmələ Hutdan.[283]

Otlar Xızır kimi bütün çöl boyu

Tapdı hər tərəfdə dirilik suyu.

Çeşmələr göbəyi oldu axar Nil,

Yolların üstündə coşdu səlsəbil.

Yer müşk ilə doldu, ud geydi hər yan,

Nafə satan külək oldu müşk alan.[284]

Novruz havasında olan etidal,

Aləmə bəxş etdi nurani bir hal.

Novruzun nəsimi yeni əhd ilə

Qatdı öz canını çiçəyə, gülə.

Göründü otların baş qaldırması,

Silindi aynadan günəşin pası.[285]

Efir ətəyində şəbnəm oturdu,

Hərarət şaxtaya bir zərbə vurdu.

Dağlardan əriyən kafuri qarlar

Çaya göz yaşıyla verirdi vüqar.

Səbzəyə baxdıqca nurlandı gözlər,

Hər şey cavanlaşdı, oldu təzə-tər.

Nərgiz gözlərini süzəndən bəri

Yuxusuz eylədi bütün gözləri.

Saçdı nəfəsini sabahın yeli,

Səpdi bənövşəyə ətirlər əli.

Sərv kölgəlikdə yelkən quraraq

Şümşadın saçına çəkirdi daraq.

Neylüfər qalınca həsrət yuxuya

Özünü yetirdi əlbəəl suya.[286]

Çiçəkli şaxlarda qönçə açıldı,

Lalə yarpağıtək lö-lö saçıldı.

Nərgizin bu sərxoş gəlhagəlində

Süsən zər çubuğu tutdu əlində.[287]

Təzə qönçələrlə o gözəl bahar

Etdi qiyamətsiz ulduzlar nisar.

Şənbəlid gözündən yaşlar tökuldü,[288]

Zəfəran yeyərək təzədən güldü.

Göy gülə bəxş etdi abi-həyatı,

Şəqayiqə yazdı qanlı baratı.[289]

Nəsrinin gövhərə sinmiş yarpağı,

Tutiya əzirdi süsən budağı.[290]

Siçanqulağı da saçını aldı,

Hörüb deyləmli tək çiyninə saldı.[291]

Yarpaq, ot göyərib, qalxıb artalı,

Həm qayçı kəsildi, həm oldu xalı.

Sünbül müşk vurub salxıma bənd-bənd,

Etdi qərənfilə acıqla rişxənd.

Xeyrigül əhd ilə gəldi çəmənə;

– Vəliəhdsən, – dedi, – o, yasəmənə.

Süsənbərin iyi göylərə qalxdı,

Çarxın əqrəbini yandırdı, yaxdı.[292]

Qönçə inəkgözə eyləməkdə naz,

Filqulaq sirr söylər quşa keyfi saz,[293]

Kafur gülü, səhər əsəndə yellər

Qızların taxdığı sırğaya bənzər.

Ud nişanlı müşki söyüd ki, vardı,

Gah kafur yığardı, gah müşk yığardı.

Ərğəvan, yasəmən bitib qalxaraq,

Bayraq ucaldırdı göyə al və ağ.

Xəzan oxlarından görmuşdü dağı,

Əlini dişlərdi söyüd budağı.

Qızılgül qalxaraq tacidar oldu,

Yel də, qum da ona tərəfdar oldu.

Bütün bir gecəni budaqda bülbül

Xoruz banınadək döyürdü təbil.

Meydan yamyaşıldı, gül isə aldı,

Beş növbə təbili o çaldı, çaldı.

Sərv üstə faxtəyə edilsə nəzər,

Səsi rud səsinə olduqca bənzər.

Səhər naləsiylə qumru ötüşü

Kəkliyin əlindən aldı gülüşü.

Turaclar əkində ötüb gedirdi,

Cənnət beytləri təqti edirdi.[294]

Zəndibaf, behiştin "Zənd" kitabından

Gecə bir neçə hərf oxudu pünhan.

İti nəvasıyla əndəlib gəldi,

Ahəngdar telitək çəngin incəldi.

Yazı lövhü kimi naxışlandı bağ,

Quş, balıq şadlandı, oldu keyfi çağ.

Загрузка...