Məktubu oxuyan eylədi tamam,
Coşdu, ildırımtək, od saçdı Bəhram.
Yüz qüvvəylə verdi özünə toxtaq,
Səbr etdi yenə də zirəklər sayaq.
Qızışmış olsa da etmədi şitab,
Ətraflı düşünüb, o verdi cavab:
"Oxundu qarşımda katiblər yazan,
Qulaq asdım bütün, əyandır, əyan.
Qabil olmasa da katibin əli,
Nəsihət edənin, bunu bilməli,
Vardır bir ölçüsü; ağıl üzündən
Deyilən sözləri xoşlamışam mən.
Nə torpaq, və gümüş, nə gövhər, nə qaş
Mənə əydirmədi bu cahana baş.
Taca varis edib atalar məni,
Öldürər, bilirəm, ayıb, ar məni,
Qismət olarsa bu mirasım yada,
Tanrılıq etmişsə atam dünyada,
Allahı, kamalı dost tutmuşam mən.
Tanrılıq eyləyən, Tanrını sevən
Başqa-başqadırlar, bu aşikardır,
Damarca, dəricə fərqləri vardır.
Mən ki günahsızam, tutmayın nöqsan,
Uzağam atamın günahlarından.
Atamla xilqətən sanma birəm mən,
O daşdırsa əgər, cəvahirəm mən.
Qaranlıq gecədən sabah baş verər,
Saf ləli dünyaya doğar, daş verər.
Atama bir daha tutmayın irad,
Tanrı ondan sizi eyləmiş azad.
O, pislik etsə də, tapdı xoş məzar,
Ölünün dalınca pis danışmazlar.
Tapılmaz dünyada pis söz danışan,
Olmasa pisliyə bir qulaq asan.
Kimin ki, olarsa əsli bədgövhər
Pis sözlər danışar, pis sözü dinlər.
Vaz keçin atamın cinayətindən,
Xəbərsiz olmuşam bu xislətindən.
Üzr istərəm keçmiş günahçın, əgər
Yolumu kəsməsə mənim bədnəzər.
Yatdım qafil kimi bundan qabaq mən,
Ayıldım yuxudan indicə, bax, mən.
Bir xoşbəxtə əgər baxtı olsa yar,
İş vaxtına kimi ancaq o yatar.
Nə lazım yuxuyla qalxıb savaşmaq,
Gərəkdir gec yatıb, erkən göz açmaq.
Yuxum bərk olsa da, bəxtim oyaqdır,
Bu xoş bəxtim mənə möhkəm dayaqdır.
Yar oldu ömrümə ayıq taleyim,
Oyandırdı məni sayıq taleyim,
Üzüm yaxşılığa sarıdır indi,
Ürəyim qəflətdən arıdır indi.
Mən öz xeyrim üçün bir iş görmədim,
Püxtəyəm, xamlara könül vermədim.
Yaxşı adamlara olaram dayaq,
Məsləhətə daim asaram qulaq.
Kim xəta işləsə gözə almaram,
Cana da, mala da tamah salmaram.
Keçmiş günahlara hər zaman yadam,
Zaman nə göstərsə, razıyam, şadam.
Sizlə layiqincə dolanaram mən,
Nə gərəksə, onu istərəm sizdən.
Dostlar xəznəsinə salmaram rəxnə,
Düşmənin malından toplaram xəznə.
Xeyirxahlar olmaz yanımdan uzaq,
Pisləri eylərəm canımdan uzaq.
Yaxşılardan qeyrə nəzər salmaram,
Yaman adətlidən bilik almaram.
Şahlıqdan hiyləni tutmuşam uzaq,
Tanrı duyğusudur qəlbimə dayaq.
Sürünü gözləyən çobandan artıq
Rəiyyət qeydini çəkərəm sayıq.
Mənə özgə malı olmamış gərək,
Bəlkə artıraram çörəyə çörək.
Arzu divi məni azdıran deyil,
Arzum günahımın girovudur, bil.
Nəyi bəyənməsə böyük Yaradan
Baş verməz o əməl məndən heç zaman".
Beləcə, rəylərə şah bəzək vurdu,
Ən qoca bir möbid ayağa durdu.
Söylədi: "Ey padşah, böyüksən bizə,
Ağlın işıq saçdı kor beynimizə,
Yaxşı söz insanın batar başına,
Ağıl yazar onu ürək qaşına.
Böyüksən, şahlığa sən yaraşarsan,
Layiqdir olasan sürüyə çoban,
Zatına biçilmiş tacidar olmaq,
Tac bizimlədirsə səndədir ancaq.
Gəştasib zəndini oxuyan sənsən,
Kimdir səndən qeyri Kəyan nəslindən?
Daradan, Bəhməndən tum sən qalmısan,
Varlıq aləminə bəzək salmısan,
Səyaməkin təzə, tər bir barısan,
Ərdəşir Babəkan yadigarısan.
Şah olmuş əcdadın Kəyumərsədək,
Şahlığa nisbətin yüksəkdir, yüksək.
Könüllü olmamış sənin məmləkət,
Yoxdur bərabərin dünyada, əlbət.
Təzə, köhnə möbid, bil, həmfikirdir,
Hamının sözü bir, ürəyi birdir.
Sənə qul olsaq da, ürəkdən ancaq
And içib olmuşuq bir əhdə dustaq.
O taxtda əyləşən yeni şah ilə
Əhdimiz, şərtimiz belədir, belə:
Taxtü-tac olmasın qoy uzaq ondan,
Əsla götürməyək üz qapısından.
İndi bizə möhkəm bir sübut gərək,
Verdiyimiz əhdi sındıra bilək.
Ta xəcil olmayaq işimizdə biz,
Çəkməsin mənəvi əzab qəlbimiz..."
Qocanın sözünü Bəhram dinlədi,
Verib ləyaqətli bir cavab, dedi:
"Sizə üzr istəmək yaraşmaz əsla,
Aqil o kəsdir ki, vəfadar ola.
Taxtınızı tutan yaramaza bax,
O sizcə qocadır, məncə bir uşaq.
Onun mən tacını alaram elə
Ki, dəyməz başında ziyan bir telə.
Şahlığım heç şeyin deyil möhtacı,
Üzrə, müdaraya yox ehtiyacı.
Cəmşid nəslindənəm, ulu bir şaham,
Qara, ağ nə varsa, mənimdir tamam.
Əsil tacidarlıq özgə halətdir,
Taxtü-tac şahlığa yalnız alətdir.
Kimin ki, padşahlıq haqqı, baxtıdır,
Göylər onun tacı, yerlər taxtıdır.
Firidun taxtından, Cəmşid tacından
Görülməmiş daim bəhrələr alan.
Hər baş qaldıran ki, ləyaqəti var,
Qazanıb şahlığı olur tacidar.
Mənim səltənətə açıqdır yolum,
Qılıncla alaram, güclüdür qolum.
O qəddar yerimi gəlib tutsa da,
Hörümçək tor hörmüş məncə kahada.
İstəsə kahaya əjdər yol sala,
Gərək hörümçəkdən icazə ala?
Həmcinsmi qarışqa, de, Cəbrailə?
Ağcaqanad hərif olarmı filə?
Kəsilər gurların gurlayan səsi
Ucalanda göyə aslan nərəsi.
O gün ki Həmələ gün qalxıb gedər
Yüz belə çırağa kim rəğbət edər?
Mən yadlar evində əziyyət çəkim,
Olsun talançılar evimə hakim?!
Düşmənin qisməti şəkərim olsun,
Mənimsə yediyim ciyərim olsun?
Xoşdur qılınc, bıçaq ciyər yeməkdən,
Burax para-para doğransın bədən.
Xəznələr mənimkən mülki-İranda,
Ailəm qalmışdır Ərəbistanda.
Yeməyimi verər arabir Münzər,
Gah da Neman mənə can fəda eylər.
Çörək verənlərim belə sərəfraz,
Malımı yeyənlər alçaq, yaramaz.
Mən ki cavan şirəm, ölkələr alan,
Qoca tülkü sürsün yerimdə dövran?
Key mənəm, düşməndən Kəyan tac alar!
Keyzadədən qeyri kim xərac alar?
Kəyana layiqdir Kəyanın yeri,
Onu qəsb etməsin özgənin biri.
Başqalar torpaqdır, şahıq, uluyuq,
Onların içi boş, bizlər doluyuq,
Ordu düzəltməli şanlı hökmüdar,
Bir atlıdan göyə çoxmu toz qalxar?
Muğan qocasından qalan piyalə
Muğan cavanına gərək verilə.
Yaxşı bilməlidir məni dinləyən,
Doğruluq gözlərəm hər bir işdə mən.
Şahlıq azğınlığı məndən uzaqdır,
Doğruluq işimə möhkəm dayaqdır.
Sizin arzunuzca olar əməlim,
Arar rizanızı hər zaman əlim.
O bağlı düyünü açmaq üçün siz
Qüvvətli bir dəlil istəyirsiniz.
Dəlil budur sizə, hünəri olan
Qoy tac alsın iki şir arasından.
Səhər çağı gəlsin şirban meydana,
Səf çəkib ordular dursun yan-yana.
İki şir gətirsin yırtıcı, qanlı,
Nəfəsi od saçan, ağzı dumanlı,
Bir şərt də odur ki, şirlər olsun ac,
Qoyulsun onların arasında tac.
Tacı şücaətlə alıb da yerdən,
Salamat qurtarsa kim iki şirdən
Onu şah çağırsın bütün bu cahan".
Mehribanlıq dolu, ürəyə yatan,
Könüllər aldadan o şirin sözlər
Deyilib yazıldı cümlə sərasər.
Şah bu məktuba öz möhrünü vurdu,
Üstəlik məna da verərək, durdu:
– Necə ki, lazımdır aparın, – deyə,
Pərəstişkarlara etdi tövsiyə.
Gördü şah sevənlər şahdan xoş rəftar,
Gözəl söz eşidib fərəh tapdılar.
Bəhram xəyalıyla döndülər geri,
Gözləri önündə şahlıq təsviri.
Onun qüdrətindən, onun halından,
Şaha layiq olan bu kamalından
Heyran danışdılar, valeh oldular:
– Bəhramdır, – dedilər, – əsil hökmüdar.
Kamillər belə bir şaha ağ olmaz,
Günəşi palçıqla suvamaq olmaz!
O şah xislətlidir, o şah adlıdır,
Acıqlı aslandır, igid atlıdır.
Bir ox atsa əgər, əjdaha ölər,
Açarsa şir kimi pəncə bir nəfər,
Ona tab gətirib durmaz önündə,
Taxtü-taclar alar dava günündə.
Heyvan ayağına şahlar saldırar,
Onu cırnatmayaq, tufan qaldırar,
Gəlin od vurmayaq ədavətinə,
Dayana bilmərik hərarətinə.
İstəsə keçirər əlinə tacı,
Şir hekayətinə yox ehtiyacı.
Ancaq tanınmağa tülkü ilə qurd,
Bizimçün bu gözəl sübutdur, sübut.
Hamı saray deyə yollandı daha,
Şahın şərtlərini dedilər şaha.
Məktubu açdılar, gəldilər dilə,
Üstünə qoymayıb bircə söz belə,
Ərz etdilər şaha ucadan-uca.
Taleyi sınanmış tacpərəst qoca
Taxtından enərək, oturdu yana,
Söylədi: "Gəlmişəm şahlıqdan cana.
Yaxşıdır taxta yox, oturum yerə,
Canımı verməyim qurban şirlərə.
Enməyim yaxşıdır bu taxtdan diri,
Şirin pəncəsindən tikəni biri
Keçirib əlinə yeyərmi rahat?
Əzəldən belədir qoca kainat.
Yaraşır şahlığa haqqıyla Bəhram,
O varisdir buna, qılınc ilə cam
Ondan ayrılmasın heç zaman gərək,
Ölkə varisinə taxtını verək.
Qoca tacidardan cavan şah gözəl,
Mən öz şahlığımdan çəkdim artıq əl,
Hökmüdar deyiləm, şah sevənəm mən".
Başçılar da ona söylədi həmən:
"Vaxtıyla səninlə şərt bağladıq biz,
Ağıldan başqa şey deyil şərtimiz.
Biz səni hökmüdar etdiksə, ancaq
Taxtdan duşməyin də bizdən olacaq.
Vuruşmaq istəyir Bəhram şir ilə,
Qoy hünər göstərsin bu tədbir ilə.
Oyuncaq deyildir şirdən tac almaq,
Kor gecə gör necə oyun açacaq.
Bağlayaraq şiri, şərti gözləyək,
Qızıl tac meydana qoyulsun gərək.
Taxt sənindir, əgər şah qorxu bilsə,
Tac sənindir yenə, gənc Bəhram ölsə.
Şir olub şirlərdən götürərsə tac,
Məmləkətdən ona yetişər xərac.
Sitayişə, taxta layiq olacaq,
Baş tutarmı belə bir tədbir ancaq?"
Qurtardılar sözü belə nəhayət
Ki, şərtə tez əməl edilsin, əlbət.
Sabah gün çıxanda, güləndə hava,
Şiri ovlamağa şah çıxsın ova.