KƏNİZ SATAN PADŞAHIN HEKAYƏSİ

Dedi ki: "İraqda bir şəhər vardı,

Orada şöhrətli bir şah yaşardı.

Nura qərq edərdi günəştək yeri,

İlk bahar gününə vardı bənzəri.

Hünəri daş çapar, dağlar dələrdi,

Əlindən nə desən onun gələrdi.

Bunca məharətlə, bunca qüdrətlə,

Keçərdi günləri eyşü-işrətlə.

Bəxtini ulduzla etmiş-imtahan,

Bəla çəkəcəkdir o, qadınlardan.

Odur ki, qorxudan almazdı arvad,

Ta ki, bu qayğıdan olsun sərazad.

Belə bir üsulu şah sevib seçdi,

Odur ki, həyatı tək-tənha keçdi.

İş gəldi bir yerə çatdı nəhayət,

O axtarıb durdu bir incə xilqət.

Gözəl kənizləri pul verdi, aldı,

Ləyaqət görmədi, heyrətdə qaldı.

Çünki hər aldığı çəkmədi bir az,

Aşdı öz həddini, oldu yaramaz.

– Mən xanımam, xanım, – deyib söylədi,

Qarun xəznəsini tələb eylədi.

O sarayda qozbel bir qarı vardı,

Əbləhdi, əbləhlər tora salardı.

Şah alsaydı satın bir saçı sünbül,

Aldadardı qarı töküb yağlı dil,

O: – Rumun xanımı, Təraz gözəli

– Deyə, təriflərdi hər incə beli.

Alınan kənizlər belə hörməti

Görüb, unudardı rəsmi xidməti.

Özünü dost tutan lağlağılar var,

Onlar kənizlərdə qürur doğurar.

O dost ki, hər işi yalnız duzaqdır,

Bəzəkli-düzəkli bir mancanaqdır.

Şah nə qədər həlim, mehriban oldu,

Kənizlər o qədər qudurğan oldu.

Kimə mehribanlıq paltarı tikdi,

Namehriban görüb əlini çəkdi.

Şah çox kəniz aldı, çox kəniz satdı,

Bu yolda bir böyük şöhrətə çatdı.

Zahirdə hərə bir böhtan deyərdi,

Batində anlayan yoxdu bu dərdi.

Məqsədə çatmadı kimə vuruldu,

Dolandı, axtardı, axır yoruldu.

"Talesizəm" deyib almazdı əyal,

Yaxşı kəniz tapmaq olmuşdu mahal.

Üzdü saf olmayan qadınlardan əl,

Gəzib arayırdı sadə bir gözəl,

Bir gün cariyələr satan bir nəfər

Kəniz alan şaha yetirdi xəbər:

"Bir xacə Çindəki nigarxanədən

Yığıb gətirmişdir min gümüş bədən.

Onun gətirdiyi qul yox, pəridir,

Xətanın, Xəlluxun gözəlləridir.

Üzləri dünyanı işıqlandırar,

Mehribanlıq edər, aşiq yandırar.

İçlərində gözəl, bir şux pəri var,

Səhər ulduzunun nurunu alar.

Deşilməmiş dürrə bənzər o kəniz,

Dürr satan yanında o candan əziz.

Mərcan dodaqları mirvari bənddir,

Cavabı acıdır, gülüşü qənddir.

Şirin təbəssümlə saçarkən şəkər,

Uzun illər boyu yer şəkər yeyər.

Əgərçi şəkəri nemət olubdur,

Xalqa ciyər yemək qismət olubdur.

Özüm ki, çoxdandır kəniz satanam,

Bu üzə, bu xala, saça heyranam.

Padşah əgər ona bir nəzər sala,

Vurular yəqin ki, o mahcamala".

Şah fərman verdi ki: "Ey dəllal, yeri,

Gətir hüzuruma o kənizləri!"

Qoca, kənizləri gedib gətirdi,

Padşah dürr uğrunda sövdaya girdi.

Əgərçi hər biri aya oxşardı,

Lakin çox şahanə birisi vardı.

Ondan etmişdilər padşahı agah,

Bəyənərək sevdi görən kimi şah.

Dedi sövdəgərə: "Söylə, görüm sən

Bu kəniz qızcığın xasiyyətindən.

Əgər xoşlayarsam ürəkdən onu,

Artıq pul verərəm, yaxşı bil bunu".

Açdı öz dilini Çin sövdəgəri,

Dedi: "Şəkərdodaq bu dilbər pəri

İncədir, sevimli, şux, əhli-haldır,

Bütün yaxşılığa canlı misaldır.

Bircə şakəri var ancaq, bu gözəl

Kişi arzusuna eyləmir əməl.

Yüz minnətlə onu kim alsa hərgah,

Qaytarar geriyə gətirib sabah.

Arzu çağında o baxmaz insana,

Arzu sahibini gətirər cana.

Verilərsə ona çox tələb əgər,

Həmən öz canına qəsd etmək istər.

Hər şeyi bəyənməz, eşitmişəm mən,

Sən də onun kimi müşkülpəsəndsən,

Hökmüdar, qaravaş belədir, belə,

Yola getməyiniz çətin məsələ.

Tutaq aldın onu minnətlə, inan,

Sabah yenə geri qaytaracaqsan.

Məsləhətim budur: ondan əl götür,

Özünə, seç, özgə bir gözəl götür.

Ürəyin yapışsa hansı canana,

Göndərim havayı hərəmxanana".

Süzdü kənizləri bizim müştəri,

Xoşuna gəlmədi ancaq heç biri.

Yalnız o dilbərə könlünü verdi,

Qəlbində tək onun mehri göyərdi.

Ancaq heyran qaldı, necə qaynasın,

Nərdi xam həriflə necə oynasın.

Nə atıb kənizi çıxıb getmədi,

Nə də ki almağa cürət etmədi.

Axırda sevgisi hey yığın-yığın

Qum səpdi gözünə tacidarlığın.

Qızın ayağını gümüşə saldı,

O gümüş günbədi gümüşlə aldı.

Arzu qapısını örtməyə durdu,

Əjdərdən qurtardı, ilanı vurdu.[198]

Onda ki, hərəmə çəkildi canan,

Hərəm əhli gördü bol hörmət ondan.

Açıldı gül kimi mehriban nigar,

Dostluğu nihandı, sərtliyi aşkar.

Şəhvət qapısını bağladı möhkəm,

Başqa xidmətlərə hazırdı sənəm.

Saraydan etimad görməkçin, gözəl

Evdarlıq işinə edirdi əməl.

Şah onu etdikcə sərvtək ali,

O düşdü ayağa kölgə misali.

Qarı: "Yenə əfsun eyləyim" deyə,

Gəldi xam xaməni tutub əyməyə.

Qız dedi: "Ey qarı, söylə, görüm sən

Mənə kəniz adı verirsən nədən?"

Belə etirazı eşidincə şah,

Oldu kənizlərin sirrindən agah,

Qarıya dedi: "Çıx, gəlmə saraya!"

Nə əfsun oxudu gör əfsunçuya.

Kənizsə çox əziz bir adam oldu,

Sevdiyindən ona şah qulam oldu.

Hiylələr görsə də şah bu gözəldən,

Yenə səbr etməyi vermədi əldən.

Bir gecə boşluqda şamlar yanınca,

Eşqi aşiqlərin alovlanınca,

Qız açdı padşaha öz qucağını,

Uzatdı qoynuna şah ayağını.

Qızın qalasına su oldu hasar,

Şahın mancanağı atəşlər saçar.

O gülab qoxuyan nazənin gülə

Alışıb yanan şah söylədi belə:

"Ey yetişmiş xurmam, dinlə bu sözü,

Ey gözümün canı, canımın gözü.

Sərv qabağında qara tikandır,

Ay sənə baş əyər xeyli zamandır.

Bir xahişim vardır, ey üzü gündüz,

Sorğu-sualıma cavab qaytar düz.

Sən belə eyləsən, düşün, ey nigar,

Sənin qəddin kimi, işim düz olar".

Qızın ürəyini almaqçın ələ,

Şəkər səpələdi o təzə gülə,[199]

Dedi: "Təsdis idi Zöhrəyə məkan,

Evdə oturmuşdu Bilqeys, Süleyman.[200]

Onların var idi bir oğulları,

İflicdi qıçları, həm də qolları.

Bilqeys sual etdi: – Ey rəsul, ey şah,

Bizim hər ikimiz gümrahıq, gümrah,

Xəstədir balamız, söylə, bəs nədən?

Neçin sağalmayır bizim gülbədən?

Bu sirri öyrənib, bilib yetməli,

Tapıb dərmanını, əlac etməli.

Yanına Cəbrayıl yenə gələndə,

De, ona dərdini, gizləmə sən də.

Qayıdıb gedərkən o boşluqlara,

Sirlər lövhəsində axtarsın çara,

Bəlkə bu körpəyə tədbir eyləsin,

Onun əlacını sənə söyləsin.

Bəlkə xəstəlikdən o tapsın nicat,

Sağlam bir bədənlə o sürsün həyat.

Şahın sevincindən gözləri doldu,

Hər gün Cəbrayıla müntəzir oldu.

Elə ki Cəbrayıl gəldi yanına,

Süleyman dərdini söylədi ona.

Qayıtdı Cəbrayıl, tərk etdi yeri

Təzədən dönərək xəbərlə geri.

Dedi ki: "Bu dərdə iki çarə var,

Dünyada can kimi əzizdir onlar.

Cananla nə zaman dursan üz-üzə,

Doğru cavab verin sorulan sözə.

Etsəniz bu işdə sədaqət izhar,

Uşağın canından çıxacaq azar".

Bilqeys də sevindi, qəlbi oldu şad,

Dedi: – Ev olacaq, deməli, abad.

Sonra: – Soruş, – dedi o Süleymana,

– Doğru cavab verər canan canana.

Soruşdu yarından varlıq çırağı,

Dedi: – Ey gözümün qarası, ağı!

Söylə görüm mənə, bu dünyada sən

Məndən özgəsinə rəğbət etmisən?

Bilqeys cavab verdi: – Ölsün bədnəzər,

Sən nur çeşməsisən, anlayan sezər.

Səndə gözəllik də, cavanlıq da var,

Şahlıq rütbəsində sənə kim çatar?

Özün xoş, sözün xoş, gözəldir üzün,

Cənnət məclisinə rizvansan özün.

Nə varsa sənindir, aşikar, nihan,

Nəbilik möhründən nur alar cahan.

Gördükcə bu hüsnü, bu cavanlığı,

Səndəki şahlığı, kamiranlığı,

Rast gəlsəm özgəyə yenə çaşıram,

Yaxşı təmənnadan uzaqlaşıram.

Eşidincə bunu o xəstə uşaq

Uzadıb əlini dedi: – Ana, bax,

Gör necə sağaldı əlim! Şadam mən,

Gül kimi qurtardım yadlar əlindən.[201]

Elə ki, baxaraq o gözəl pəri

Gördü övladının sağdır əlləri,

Dedi: – Ey div ilə pəri pişvası,[202]

Ey hünərtək gözəl, ağıl dəryası,

Uşağın üstündə bir nüktə aç, bax, –

Mən əl verdim ona, sən də ver ayaq.

İncimə, gəl, sənə verim bir sual.

Bu qədər ki vardır səndə xəznə, mal,

Bunlarla bərabər heç olmuşmu sən

Özgə dövlətinə meyil edəsən?

Allahpərəst nəbi dedi ki: – Ey yar,

Dünyada hər şeyə mümkünatım var.

Bu şahlıq, bu gəlir, bu mal, bu dövlət,

Balıqdan ayadak mənimdir əlbət.[203]

Məndə var xəznələr, məndə var gəlir,

Hamı hüzuruma salama gəlir.

Əllərə baxıram gizlicə yenə,

Görüm, kim gətirir bir sovqat mənə.

Şah qurtaran kimi sözünü, uşaq

Durdu yeriməyə, cumdu ta bayaq,

Dedi: – Şəfa tapdı ayağım, ata!

Rəyin etdi məni bəzək həyata.

Tanrı hüzurunda doğru danışmaq,

Əlsiz-ayaqsıza şəfa verir, bax!

Gəl, biz də düzlükdə yetək ilqara,

Tuşlayaq, düz ataq oxu şikara.

De görüm, nə üçün, ey nazlı dilbər,

Soyuqsan insana qarşı bu qədər?

Mən öz ciyərimi, tutaq, yeyirəm,

Uzaqdan hüsnünü seyr eyləyirəm.

Belə gözəlliklə, de, nə üçün sən

Soyuqqanlılığa adət etmisən?

Çeşmə qabağında o sərvi rəvan

Ancaq doğruluğa gətirdi iman.

Dedi: – Bəyənilib çoxdan əslimiz,

Çıxarıb sınaqdan bunu nəslimiz:

Bizdən ərə gedən zənn etmə gülər,

Uşaq doğan kimi sağ qalmaz, ölər.

Bu yolda vermişik tələf çox mələk,

Rəvamı dünyadan tez köçüb ölmək?

"Keç arzu yolunda candan", deyilməz,

Zəhər qatışıqlı bal ki, yeyilməz.

Can mənə əzizdir hər vaxt, həmişə,

Söylə, necə girim qorxulu işə?

Mən cananı deyil, sevmişəm canı,

Sənə söyləyirəm sirri-nihanı.

Süfrəmdən sərpuşum alınmış, heyhat,

İstər məni saxla, istər məni sat.

Bil, ancaq sirrimi pünhan etmədim,

Dedim hamısını, heç gizlətmədim.

Ümidvaram ki, bu dunyalara, şah

Bizi öz sirrindən eyləyər agah.

Söylər gözəllərdən doyur tez nədən?

Könül xoşlayanı o sevməz nədən?

Vurmaz kimsə ilə bircə ay başa,

Çıraq nuru verər hər qələm qaşa,

Şam kimi başını kəsər dübara,

Qaldırar əvvəlcə ucalıqlara,

Sonrasa qəzəblə torpağa çırpar?

Qızın cavabını verdi hökmüdar:

"Mənimlə almayıb mehriban nəfəs,

Qalır öz işinin qeydinə hər kəs.

Hamı öz işinə pasiban olur,

Əvvəl mələk, sonra bir şeytan olur.

Hamının rahatlıq oldu adəti,

Unutdular şaha rəsmi xidməti.

Boya görə olar atılan qədəm,

İsti çörək olmaz hər mədəyə yem.

Dəmir bərkliyində bir mədə hanı,

Yesə, dayanmasın can dəyirmanı?

Şux kişi görəndə su kimi axar,

Qadın gah özünə, gah ona baxar.

Hər qadın bir saman çöpünə bənzər:

Hər yana istəsə, çəkər küləklər.

Oxşar tərəziyə hər şux qələmqaş:

Bir arpa qədəri zərə əyər baş.

Mirvarıyla dolu gülöyşə bir nar

Yetişmiş düşəndə dönər ləl olar.

Qadın dedikləri küdü misaldır:

Kalı dəymiş olur, dəymişi kaldır.

Ərin zinətidir qadın isməti,

Gecə, ay tapanda boğar zülməti.

Qaravaşlarıma mən baxdıqca hey,

Bəzənməkdən başqa görmədim bir şey.

Bir səni görmüşəm sözündə duran,

Hər gün xidmətini daha artıran.

Müxtəsər, nə əlim çatır murada,

Nə sənsiz yaşamaq mümkün dünyada".

Nə qədər dedisə şah bu sözləri,

Lakin heç olmadı zərrə əsəri.

Gətirdi müttəsil o şux bəhanə,

Dəymədi atılan oxlar nişana.

Diltənglik yukünə dözüb dururdu,

O daşlıq yoxuşu başa vururdu.

Şah suyun önündə susuz qalaraq,

Səbr etdi; tələsdi zəmanə ancaq.

Cadugər qarı ki, bir qədər əvvəl

Qovlatmışdı onu xoş qədəm gözəl,

Oldu tacidarın səbrindən agah,

Bildi arzusuna yetişməyib şah.

Gördü ki, hökmdar aciz qalıbdır,

Kəniz taqətini əldən alıbdır.

Düşündü: zamandır, min dona girim,

Pərinin başına oyun gətirim.

Günün beşiyinə rəxnə salım qoy,

Ayın qələsini tutum, alım qoy,

Kimsə bundan sonra qoy ox atmasın,

Qarının yayına atsa çatmasın.[204]

Tutdu tacidarı o xəlvət dilə,

Onu ələ alıb, işlətdi hiylə.

Dünya nurladana bir əvəz deyə,

Başladı əfsunu təkrar etməyə.

Dedi: – İstəyirsən xam atın əgər

Dalına minməyə qoyasan yəhər,

Ram olmuş dayçanı iki yol, üç yol

Yəhərlə, önündə tumarla bol-bol.

Soruş atçılardan tərs atı, xamı,

Belə ram eyləyər, öyrədər hamı.

Belə bir hiyləyə şah məhəl qoydu,

Kərpici belə bir qalıba uydu.[205]

Baldodaq, alyanaq bir kəniz aldı,

O, möhrə oynadan şux mahcamaldı.

Gözəl dərs almışdı əsir satandan,

Mülayim xilqətdi əslən o canan.

Şahla nə zaman ki, qarşı durardı,

Yüz mayallaq vurub oyun qurardı.

Şah ürəksiz getdi onunla yola,

Könlü istəmədən yetdi vusala.

Keyfdə həmdəmiydi birinci gözəl,

Ehtiyac zamanı buna atdı əl.

Orada ciyəri qəmdən şişərdi,

Burada mirvari gəlib deşərdi.

Gördu bu yatmağı, coşdu hiddəti,

Qızın durr deşməyə artdı rəğbəti.

Şahın toxundusa ona rəftarı,

Qondusa üzünə qeyrət qubarı,

Ancaq əməlindən o gözəl pəri

Bir tük qədər belə dönmədi geri.

Duydu səbəb nədir belə tufana,

Qarının təndiri baisdir buna.[206]

Dinməyib səbr etmək oldu qaydası,

Səbrin eşq əhlinə yoxdur faydası.

Axırda mehriban gözəl, bir gecə

Münasib fürsəti əldə edincə,

Dedi ki: "Ey mələk ədalı padşah,

Yurdun ədalətə, dinədir pənah.

Doğru danışansan, doğru görənsən,

Dönmə bu halından mənimlə də sən.

Ay, Günəş ki, süzər bu göydə mudam,

Əvvəli günduzdür, axırı axşam.

Gundüzün tapmasın görum heç zaval,

Yetirsin ömrunə hər gecə vüsal.

Sabah kimi şərbət verirdin mənə.

Sirkə satmağına şamtək səbəb nə?

Tutaq ki, yeməmiş doydun məni sən,

Atdın şir ağzına, söylə, bəs nədən?

Dərdə salıb məni o gündən bəri,

Önümdə saxladın qorxunc əjdəri.

Məni öldürməyə nədir bu şahmar?

Özün kəs başımı, ixtiyarın var.

Kim sənə bu işdə yollar göstərib?

Söylə, kim öyrədib, kim təlim verib?

Deyiləm özümdə, mənə ver xəbər,

Can quşu uçmağa açmış bəlü pər.

And olsun Allaha, and olsun sənə,

Ürək sirlərini söyləsən mənə,

Gövhər xəznəsini mən də açaram,

Alar istəyincə şahım arzu, kam".

Tacidar sevirdi gözəl cananı,

Ondakı qəsəmi, əhdi, peymanı

Görüncə sirrini açdı hər nə var,

Birbəbir söylədi, etdi aşikar.

Dedi: "Vüsalınçın düşdüm odlara,

Alışdım, köz oldum mən bəxtiqara.

Dərdə yataq oldu səbirsiz canım,

Əridi, qalmadı tabım, tavanım.

O qarı yetişib dada bu zaman,

Qarılartək etdi dərdimə dərman.

Mənə müzəvviri göstərdi tədbir,

Yemədən xeyir etdi mənə müzəvvir.[207]

Od yaxdıq, olasan, dedik, od gərək,

Səni yumşaltmaqçın işlətdik kələk.

Yalnız od üstündə qızar soyuq su,

Dəmiri yumşaldar atəş, doğrusu.

Haqqında bu rəydə olmaq çətindir,

Ən gözəl dərmanım məhəbbətindir.

Eşqin ürəyimə saldı odları,

Gətirdi ortaya əfsunu qarı.

Düz oldun mənimlə şamtək, ey nigar.

İndi nə qarı var, nə əfsunu var.

Həməl bürcü etdi günəşimi şad,

Bərdi-əcuzi, de, necə edim yad?"[208]

Şah söylədikcə bu şirin sözləri,

Naz ilə dinlədi o gözəl pəri.

Görüncə işləri belə, mahcamal

Süsən iyli sərvə yol verdi dərhal.

Qönçənin taxtına oturdu bülbül,

Məst oldu, önündə açılınca gül.

Bir tuti süfrədə gördü bol şəkər,

Şəkərəfşanlığa başladı yeksər.

O sanki balığı hovuza saldı,

Xurması tez südün içinə daldı.

İncəydi, şirindi o nazlı pəri,

Xurmaya artırdı dadı, şəkəri.

O, naxşın tülünü çəkib də haman,

Zər qıfılı açdı qənd sandığından,

Qızıl ləyaqətli bir xəznə gördü,

Dövrəsinə zərli bəzəklər hördü.

Ürək açan olur sarı hər zaman,

Halvaya təm verər ancaq zəfəran.

Zəfəran sarıdır, aldırma, burax,

Onu yeyənlərin şadlığına bax![209]

Sarı bir örtüyün dalından axşam,

Yaxşı işıq verər yaxılanda şam.

Sarıydı Musanın danası, əlbət,

Çox verdilər ona, odur ki, qiymət,[210]

Sarıdır, şənliyin mayasıdır zər,

Sarı gil ən baha qiymətə gedər.[211]

Nə zaman bu nağlı padşah eşitdi,

Qucaqlayıb qızı kamına yetdi.

Загрузка...