Pəncşənbə – günlərdə yaxşı bir gündür,
Xoşbəxt Müştəritək bəxti üstündür.
Nafə göbəyini sübh açdı parlaq,
Udu səndəl kimi yandırdı torpaq.[255]
Səndəl tozu kimi, hər şeydən əvvəl
Şah öz paltarını boyadı səndəl.
Göy eyvandan çıxdı bir baş yönəldi
Səndəl rəngindəki günbədə gəldi.
Olunca saqisi o çinli pəri,
Çəkdi öz başına şirin kövsəri.
Mey alıb içirdi bu şux gəlindən,
Gecəyədək içib oldu xeyli şən.
Sürməyi mühitin sədəfi gecə
Sədəfin ağzına dürlər səpincə,[256]
Şah o xumar gözlü Çin gözəlinə
Söylədi: "Könlümdən tozu silsənə!"
Açıldı gül kimi sevimli, dərhal
Xurmanın içindən axıb süzdü bal.
Dedi: – Ey dünyanın istinadgahı,
Kainatın canı, şahların şahı.
Ömrün uzun olsun şiş dağlar qədər,
Göy dənizlər qədər, torpaqlar qədər.
Olsun həyatına səadətin yar,
Ondan sən hər zaman bəhrələr apar.
Sən bu Yer üzünə işıq saçansan,
Şahlıq bəxş eləyən, könül açansan.
Yox deyil dünyada ömür nisgilim,
Qorxuram, bağlıdır, zəifdir dilim.
Reyhan qabağında, de, yararmı bu,
Mən də güləm deyib saçım pis qoxu?
Zəfəran istəyir şahım, neyləyim,
Gərək arzusuna əməl eyləyim.
Şahıma bir nağıl söyləyim mən də,
Gülümsəsin ta ki, yeri gələndə.
Başladı sözünü o Çin gəlini,
İlkin tacidarın öpdü əlini.