HEKAYƏ

Həyadan dikildi yerə gözləri,

Saçdı deyilməmiş bakir sözləri:

– Uşaqdım, kamallı, incə düşünən

Qohumlarımızdan eşitdim ki, mən,

Behişt sarayının xanımlarından

Varmış bir zahidə, lətif bir insan.

O hər ay gələrmiş bizim saraya

Başdan-ayağadək girib qaraya.

Ondan soruşublar: ey gümüş heykəl,

Bu qara geyməyin sirrini aç, gəl.

Kədərmi, qorxumu əzir ruhunu?

Bizə yardım eylə, öyrənək bunu.

Qoy ağarsın qara, gəl, imdada yet,

Ey xeyirxah qadın, bizə yardım et!

Bu qara geydiyin əbəs deyildir,

Aç bu əlaməti, sən bizə bildir.

Qadın doğruluğun minib atını,

Danışdı qaranın əhvalatını,

Dedi ki: – Dinməsəm əl çəkməzsiniz,

Deyim, sözlərimə inansanız siz.

Mən bir kənizəm ki, padşahım filan,

O ölübsə də, mən razıyam ondan.

Bəxtiyar yaşardı şahım cahanda,

Qoyunu saxlardı qurddan amanda.

Çalışıb, qatlaşıb o əzablara,

Zülmlər əlindən geymişdi qara.

Fələk taleyini görüb də bərbad,

Qara geyənlərin şahı vermiş ad.

Onun vardı əvvəl bəzək paltarı,

Bəzən al geyərdi, bəzən də sarı.

Bağ qönçəsi kimi qonaq sevəndi,

Yanağı gül kimi gülürdü, şəndi.

Vardı işrət üçün mehman otağı,

Göydə Sürəyyaya dəyərdi tağı.

Süfrələr salmışdı, döşənmiş yerə,

Ədəb öyrətmişdi xidmətçilərə.

Gəlsəydi bir nəfər uzaqdan əgər,

Cilov tutub, qonaq eyləyərdilər.

Süfrə salardılar otağa layiq,

Yemək verərdilər qonağa layiq.

Sorardı şah onun hekayətini,

Buraxıb gəldiyi vilayətini.

Qonaq bildiyindən edərdi agah,

Söylədikcə onu dinləyərdi şah.

Ömrü beləliklə keçərdi gözəl,

Əsla götürməzdi əməlindən əl,

Günlərin birində o qaçdı bizdən,

Simürğ quşu kimi yox oldu gözdən,

Xeyli zaman keçdi bu hadisədən,

Ondan tapılmadı bir xəbər verən.

Kömək oldu ona taleyi nagah,

Qayıtdı taxtına yenə bizim şah.

Baxsaydı əynində hər kim paltara

Başdan ayağadək qaraydı, qara.

Şahlıq eylədikcə göstərdi hünər,

Qaralar geyindi duymadan kədər.

Yaşardı zülmətdə həyat suyutək,

Sormadılar: "Nədir bu qara geymək?"

Bir gecə sərf edib mən öz şahıma,

Qulluq eyləyirdim qibləgahıma.

Dizimin üstünə o qoyub ayaq,

Göydən şikayətlə dedi: "Nə sayaq,

Gör, taladı məni uca fələklər,

Başımda oynadı necə kələklər.

İrəm diyarından aldırdı məni,

Qələm qarasına saldırdı məni.

Sormadı bir kimsə: bu zülmət nədir?

Gümüş üzərində qara xətt nədir?"

Düşündüm, demədən şaha sözümü,

Sürtdüm ayağına dərhal üzümü,

Dedim: – Ey dərdlilər halına qalan,

Ey adil şahların yaxşısı olan,

Kimin qüdrəti var külüngü alsın,

Yerdə dura-dura göylərə çalsın,

Gizli sirlərdən özünsən agah,

Bizi xəbərdar et özün də, ey şah.

Məni şad görüncə şahım əlbəəl

Açdı düyünləri, düzdü gövhər, ləl.

Dedi: – Şahlığımda eyləyib adət,

Qonaq saxlamaqdan alardım ləzzət.

Hər kəsi görəndə bundan, gah ondan

Hal-əhval tutardım yaxşı-yamandan.

Bir səhər evimə gəldi bir qərib,

Paltarı qapqara, özü müztərib.

Yeməklər verdirib sordum halını,

Dəvətlə artırdım cah-calalını.

– Ey qərib, – söylədim – de, niyə, nədən

Başdan-ayağadək qara geymisən?

Dedi: – Bu sirdir, soruşma, vaz keç,

Simürğdən olmamış xəbər verən heç.

Söylədim: – Bəhanə gətirmə, danış,

Qaranın sirriylə məni et tanış![185]

O dedi: – Gəl, məni üzürlü tut sən,

Deyilməz, bu sirri sorma, unut sən.

Tapılmaz dünyada onu deyənlər,

Ondan xəbər tutar, yalnız geyənlər.

Gizli çox yalvardım, dinmədi mehman,

Mən İraqdan oldum, o Xorasandan.

Yalvardım, yaxardım, yola gəlmədi,

Pərdə açılmadı, iş düzəlmədi.

Arzum yatağını uçurdu, daşdı,

Qonağım utandı, sirrini açdı.

Söylədi: – Çində bir köhnə şəhər var,

Oxşayır behiştə o qədim diyar.

"Bihuşlar şəhri"dir adı o yerin,

Yas evidir qara geyinənlərin.

O yerlilər üzdən qəmərə bənzər,

Bürünmüş qaraya sanki bir qəmər.

Kim o məmləkətə bir gedim deyər,

Gedib çatan kimi qaralar geyər,

Oranın bir belə əlaməti var,

Oxunmamış, qərib hekayəti var.

Ey şahım, başımı vurdursan da sən,

Sirrin dalısını söyləmərəm mən.

Deyib sular kimi çağladı, getdi,

Arzu qapısını bağladı, getdi.

Xəyal dağlarını hey fikrim aşdı,

Bu zaman qonağım tez uzaqlaşdı.

Sirr qaldı sirr kimi, mehman yoxaldı,

Dəlilik qorxusu könlümü aldı.

Nə qədər oldumsa bu işdən agah,

Hər yana piyada sürdümsə də, ah,

Fərzin yolu kəsdi, düşdüm bəlaya,

Kəmənd də çıxartmaz oldu qalaya.

Səbrə, təsəlliyə apardım pənah,

Sakit olmayırdı ürəyim də, ah.

Sordum gizli, aşkar nə qədər, yenə

Tapılmadı verən bir xəbər mənə.

Axırda tərk edib məmləkətimi,

Verdim qohumuma səltənətimi.

Azacıq, sanma ki, bol var götürdüm,

Cavahir götürdüm, paltar götürdüm.

Soruşdum, o şəhrin bildim adını,

Getdim, könül tapdı öz muradını.

Şəhər gözəllikdə bir baği-İrəm,

Adamları çəkmiş müşkidən ələm.[186]

Süd kimiydi hamı, elə bil aydı,

Əyin paltarları qırdan qaraydı,

Bir evdə düşərək, yığıb varımı,

Üst-üstə cəmlədim pal-paltarımı.

Gəzib bütün bir il, tutdum hal-əhval,

Sirri açmadılar, hey verdim sual.

Qapılar gəzdiyim gəlməz hesaba,

Rast gəldim axırda mən bir qəssaba.

O çox mehribandı, çox həlimdi, bil,

Böhtana, qeybətə bağlamışdı dil.

Çox yaxşı adamdı, coşdum, çağladım,

Onunla dostluğa könül bağladım.

Tez onu özümə həmsöhbət etdim,

Varlı olmağına min hümmət etdim.

Ona pullar verdim bol, təzə-təzə

Mal verdim, bilmədim nədir əndazə.

Sayını artırdım hər gün bir qədər,

Suvadım qızılla, dəmir oldu zər.

Bəzən ipək ilə, bəzən pul ilə

Onu ovlayaraq gətirdim ələ.

Səpdim qızıl-gümüş, sevmədim hesab,

Qurbanlıq öküzə çevrildi qəssab.

Qızılla gətirdim elə halətə

Ki, düşdü xəznədən yazıq zəhmətə.

Bir gün öz evinə apardı məni,

Məclis qurub, açdı gözəl süfrəni.

Yeməklər gətirdi, söhbət eylədi,

Mənə layiqincə xidmət eylədi.

Vardı süfrəsində hər nazü-nemət,

Yalnız istəyimdən yoxdu əlamət.

Onda ki, yeməklər yetişdi sona,

Söz saldıq bir yandan, keçdi bir yana.

Elə ki, qonaqçı yığdı süfrəni,

Saysız töhfələrə qərq etdi məni.

Verdiklərimi də onlara qatdı,

Qarşımda əyləşib üzrə əl atdı.

Söylədi: – Verdiyin gövhəri, ləli

Ölçməmiş heç zaman sərrafın əli.

Mən ki az faydaya qənaətkaram,

Söylə, nədir bunca peşkəşdən məram?

Bu şahanə lütfə əvəz nə, söylə?

Hazıram əmrinə, buyur, hökm eylə!

Mənim bir canım var, olsa min canım

Sənin qurbanındır, əziz mehmanım.

Söylədim: – Ey ağa, qulamlıq nədən?

Qarşıma bişmiş çıx, bu xamlıq nədən?

Düşünən kəslərin tərəzisində

Bunların çəkisi, söylə, nədir, nə?

Evdə böyütdüyüm qullarıma mən

Göz ucuyla verdim işarə həmən,

Əmrimi yerinə tez yetirdilər,

Sandığımdan xalis zər gətirdilər.

O nəqd ki, qiymətdə gəlməz ölçüyə,

Yenidən qəssaba etdim hədiyyə.

Arzumu bilməyən, xəbərsiz kişi

Sıxıldı görüncə bu nəvazişi.

Dedi: – Ey əzizim, hələ sənin mən

Əvəzlə çıxmadım xəcalətindən,

Nədir bu töhfələr – verdin dübarə?

Utanmaq yeridir, ancaq nə çarə.

Qaytarmadım sənə bu nemətləri

Ki, öz sahibinə qayıtsın geri.

Qaytardım, bilirəm, çünki bu dövlət

Əvəzsiz, əməksiz tapılmaz əlbət.

Artırdın xəznəyə bir də xəznəni,

Sən şadsan, öldürür xəcalət məni.

Məndən bir istəyin varsa, bəyan et,

Yoxsa, al bunları, vermə xəcalət.

Gördüm eyləyəcək o kömək mənə,

Verdi bu hal yaman güc, ürək mənə.

Söylədim tez ona əhvalatımı,

Niyə bu şəhərə sürdüm atımı,

Dağları, daşları quş kimi süzdüm,

Şahlığa göz yumdum, əlimi üzdüm?

Gəldim, xəbər tutum, öyrənim, bəlkə,

Şadlıqdan əl çəkib nədən bu ölkə?

Səbəbsiz nə qəmdir çökmüş diyara?

Başdan-ayağadək geyinmiş qara?

Eşitcək bu sözü qəssab qonaqdan,

Sanki quzu ürkdü bir yalquzaqdan.

Qəlbi qopan kimi daldı bir saat,

Xəcalətli kimi hey baxdı mat-mat.

Dedi: – Yerli deyil etdiyin sual,

Soruşdun, ətraflı, doğru cavab al.

Gecə saçan kimi kafura ənbər,

Göz-gözü görmədi, qaraldı şəhər.

O mənə söylədi: – Zamandır, oyan,

İstəyə çatmağa, amandır, oyan.

Qalx, sənə göstərim gizli surəti,

Açım istədiyin sirri, hikməti.

Çıxdı haman saat otaqdan çölə,

O öndə, mən dalda – yol getdik belə.

O getdi, mən getdim, ətraf qaranlıq,

Bir məndim, bir oydu, yoxdu xəlayıq.

Getdi, insanlardan uzağa vardı,

Məni xarabaya çəkdi, apardı.

Xəlvəti mənzilə yetişən zaman

Pəritək pərdədə biz olduq nihan.

Bağlı bir səbəti götürüb yavaş

Mənim qabağıma gətirdi birbaş.

Dedi: – Gir səbətə, bir an orda qal,

Yerlərə, göylərə yaxşı nəzər sal.

Onda bilərsən ki, xamuş olanlar

Nə üçün geymişdir qapqara paltar.

Sənə gizli olan hər yaxşı-yaman

Aşikar olacaq səbətdən, inan.

Qəssabın sözündə duydum sədaqət,

Yerim oldu dərhal əsrarlı səbət.

Bu qəribə səbət döndu bir quşa,

Fırlanan tilsimlə uçdum birbaşa,

Aşdım halqasını göy asimanın,

Sehriylə o çəkdi ipi, inanın,

Oynadım kəndirdə yaman mən yazıq,

Şam kimi boynuma ip keçdi artıq,

Boynum nazik idi, ip möhkəmdi, bax,

Düşdüm əsir kimi bəxtimdən uzaq.

Qatlaşmalı oldum min əziyyətə;

İp necə boynumu saldı zəhmətə!

Qırdı noxtasını bəxtin ulağı,

O kəndir çəksə də mənə gözdağı,

Demədim: bu cəfa, bu zülüm nədir?

Canımın riştəsi o kəndirdədir.

Bir minarə vardı, göyü deşərdi,

Baxanın başından papaq düşərdi,

Səbət minarəyə gəlib çatınca,

İpin düyününü bəndə atınca,

Dərhal uzaqlaşdı məni qaldıran;

Bir fayda vermədi etdiyim əfqan.

Dünya hayandadır, mən hayandayam?

Yerdən uzaqdayam, asimandayam.

Əfsun oxuyurdu fələyin tağı,

Asıldım göy kimi başı aşağı.

Ömrümün bağını duman, qar aldı,

Ödüm parçalandı, gözüm qaraldı.

Nə göyə qalxmağa qüvvətim vardı,

Nə yerə baxmağa cürətim vardı.

Qorxudan qapadım, yumdum gözümü;

Etdim acizliyə təslim özümü.

Könül tutduğuna peşiman oldu,

Ev, qohum həsrəti, qəlbimə doldu.

Çağırdım qorxudan: "Pərvərdigara",

Peşiman olmağım gəlmədi kara,

Ah, güman aparım bilmədim nəyə,

Belə bir zamanda o minarəyə

Dağ kimi quş gəldi qondu, oturdu,

Ürəyim qorxudan döyündü, vurdu.

O qədər böyükdü, deyirdim bu an

Uçacaq minarə ağırlığından.

Qanadı bir ağac budağı kimi,

Ayaqları taxtın ayağı kimi.

Elə bil dimdiyi uca sütundur,

Ortasında kaha, bir Bisütundur.

Hərdən qaşınırdı gəlib həycana,

Silkinib baxırdı o yan – bu yana.

Onda ki qaşınıb qanad açırdı,

Sədəflər dolusu inci saçırdı.

Lələk qaldıranda dağ gövdəli quş

Ətirdən olurdu yer üzü bihuş,

Başımın üstündə yatırdı guya,

Varlığım qərq olub batırdı suya.

Dedim öz-özümə: bu quşun əgər

Tutsam ayağını, məni məhv edər.

Səbr edib dayansam, min dəhşəti var,

Yıxılaram yerə, möhnətim artar.

Qəssab nədən etdi min cəfa mənə?

Oldu bietibar, bivəfa mənə?

Əziyyət verməkdə nə qəsdi vardı?

Pəncəmi sındırdı, qolumu qardı.

Mal verdim, odur ki, yolundan azdı,

Əcəl fərmanını ömrümə yazdı.

Quşun ayağından yapışaraq, mən

Qurtarım, yaxşısı budur, xətərdən.

Onda ki, banladı xoruz, güldü dan,

Oyandı heyvanlar, quşlar yuxudan,

O quşun da qəlbi düşdü həycana,

Ucalmaq istədi göy asimana.

Allah ümidiylə qəlbi ovutdum,

Quşun ayağından möhkəmcə tutdum,

Quş tez qanadlandı, yığıb da ayaq,

Çəkdi torpaqlını göyə yel sayaq.

Günortaya kimi uçduq səhərdən,

Mən yolçuydum, o da yolçunu didən.

Günəş qızışanda, yananda güney,

Fırlandı başımız üzərində göy.

Oturmaq istədi quş bir kölgəyə,

Yavaşca üz qoydu yerə enməyə.

O hey aşağıya endi, alçaldı,

Arada bir nizə məsafə qaldı.

Gülab çilənmişdi, gördüm hər yerə,

Çəmən bürünmüşdü müşkü ənbərə,

Yaşıl otlaq idi yer başdan-başa,

Mən etdim yüz dua ucağan quşa.

Haman ayağını əldən buraxdım,

İldırımlar kimi yerlərə çaxdım.

Düşdum çiçəkliyə, uçub getdi quş,

Tərk etdi bir saat məni sanki huş.

Ürəyimdə yaman fikirlər etdim,

Özümə gəlincə şükürlər etdim.

Bir də nəzər salıb baxdım hər yana,

Gördüm, bələd oldum o gülüstana.

Bir bağça gördüm ki, cənnət bucağı,

Dəyməmiş içinə insan ayağı.

Yüz min ətir saçan çiçəyi vardı,

Səbzələr oyaqdı, su yuxlayardı.

Gül vardı hər çeşid, gül vardı hər rəng,

Ətri yayılardı hey fərsəng-fərsəng.

Sünbülün saçları salıb kəməndə

Qucur qərənfili yaşıl çəməndə,

Gülün dodağını dişlər yasəmən,

Kəsib ərğəvanın dilini çəmən.[187]

Tozu kafur idi, torpağı ənbər,

Qumu qızıldandı, daşları gövhər.

Büllur çeşmələri gülabdı guya,

Əqiq səpilmişdi elə bil suya.

Bir çeşmə axardı o barlı bağdan,

Almışdı rəngini göy o bulaqdan,

Çeşmənin suyunda üzən balıqlar

Civədəki gümüş dirhəmə oxşar.

O bağın dövrəsi zümrüd rəngli dağ,

Sərv, qayın, çinardı yaxın və uzaq.

Yaquta bənzəyən al-əlvan daşı

Al etmiş çinarı hər addımbaşı.

Hər yanda ud ilə səndəl durardı,

Külək ud yandırıb səndəl vurardı.

Sanki başlanğıcdan çəkib əməklər,

Bəzəmişdi bağı incə mələklər.

Xəraclar yollayır cənnət adına,

İrəm "Arami-dil" söyləyir ona.[188]

Mina göylər dəxi "Minu" qoymuş ad,[189]

Mən ora çatınca könül oldu şad.

Sanki tapmış idim bol cavahirat,

Hüsnü o yerlərin məni etdi mat.

Sənalar eylədim süzüb o bağı,

Dolandım hündürü, gəzdim alçağı.

Dadlı meyvələri dərib yeyirdim,

Sevinib nemətə şükür deyirdim.

Sanıb mənliyimi bir sərvi-azad,

Uzandım ağacın kölgəsində şad.

Uzandım orada axşama qədər,

Durmazdım min işim olsaydı əgər.

Yedim, yatdım, sanma fikir eylədim,

Halımdan şad qalıb şükür eylədim.

Gecənin çoxaldı cahü-cəlalı,

Sürməni topladı, buraxdı alı.

Bu zaman başladı bir yel əsməyə,

Qubarın əhdini yoldan kəsməyə.

Neysan buludutək gəldi bir bulud,

Otların üstünə səpdi dürr, bulud.

Yol ki, sulanaraq tərtəmiz oldu,

Sənəmxana kimi sənəmlə doldu.

Göründü uzaqdan minlərcə pəri,

Aldı qərarımı xoş qədəmləri.

Rahi-reyhan idi hər şux novrəstə,[190]

Yaxlaşıb gəldilər dəstəbədəstə.

Hər gözəl bir təzə ilk bahar kimi,

Əllərində bəzək tutmuşlar kimi.

Laləydi dodağı hər bir nigarın,

Dəyər Xuzistana ləli onların.[191]

Mina işlənmişdi qolbaqlarında,

Mirvari sırğalar qulaqlarında.

Hər gözəl tuturdu şahanə bir şam,

Pərvanə, his, qayçı yoxdu o axşam,

Gəlirdilər belə xoş, yaraşıqlı,

Sinələr süd kimi, üzlər işıqlı,

Taxt ilə fərş tutmuş başda hər pəri,

Cənnət mətahına bənzər yükləri.

Fərşi döşədilər, taxtı qurdular,

Səbrimin yolunu yaman vurdular,

Az keçdi, tərk edib Ay da göy tağı,

Elə bil alçaldı, endi aşağı.

Uzaqdan bir günəş oldu nümayan,

Nurunda qərq olub itdi asiman.

Gəlirdi beləcə o gözəl pəri,

Dövrəsində yüz min səhər ülkəri.

O – sərv, kənizləri göy çəməndilər,

O – gül, başqaları yasəməndilər.

Şam tuturdu hər şux, hər şəkərəndam,

Qiyamət eyləyər şəkər ilə şam.

Uca boy sərv ilə doldu yaşıl bağ,

Gəzdi hər şəbçıraq əlində çıraq.

O gözəl xanımın baxtı açıqdı,

Gəldi gəlin kimi taxtına çıxdı.

Dünya çevrilərək bir cənnət oldu,

Yar oturdu, qiyam-qiyamət oldu.

Süzdü bəzən solu, bəzən də sağı,

Çıxarıb başmağı, açdı yaşmağı.

Çıxdı eyvanından o bir şah kimi,

Ordusu iki rəng bir sabah kimi.

Rum, zənci qoşunu qabaqda, dalda,

Bir özgə fikirdə, özgə xəyalda.[192]

Zənci məclis qurar, rumi cəng eylər,

Şux gözü bilməsin nədir bədnəzər.

Torpaqdan yaradan bu gözəlləri,

Cilvələnsin demiş nurdan o pəri.

Gül kimi əydi o başını bir an,

Xumar duruşundan odlandı cahan.

Başını qaldırdı keçmədən bir az,

Kənizə üz tutub dedi: – Sərvinaz,

Görünür burada insan oğlu var,

O qərib yolçunu dur, dolan, axtar.

Dur, bu dairənin ətrafını gəz,

Rast gəlsən hər kimə, gətir bura tez,

Həmən pərizadə qalxdı ayağa,

Uçdu pəri kimi sola, həm sağa,

O şux gördü məni, heyrətlə daldı,

Əlimi şəfqətlə əlinə aldı.

Söylədi: – Tüstütək gedək, yatma, dur,

Xanımlar xanımı belə buyurur.

Bir şey artırmadım sözünə, əlbət,

Çoxdan bu sözlərə çəkirdim həsrət.

Tovusun yanında qarğaya döndüm,

Gəlin hüzuruna gəldim, göründum.

Yeridim cürətlə dərhal qabağa,

Öpdüm torpağını düşüb torpağa.

Dedi: – Bu nə işdir? Dur, qalx ayağa,

Sən kölə deyilsən, ağasan, ağa!

Mən əziz tutmuşam daim mehmanı,

Yuxarı başdadır onun məkanı,

Hələ o qonaq ki, parlar hünəri,

Gözəldir görkəmi, xoşdur nəzəri,

Taxta çıx, yanımda otur cəlalla,

Bir yerdə olmalı ülkər hilalla.

Dedim: – Mələkməcaz, aysifət gözəl,

Mən kimi bir qula belə demə gəl.

De, Bilqeys taxtı hara, mən hara?

Səltənət yaraşar Süleymanlara!

Dedi: – Yaxşı danış, bəhanə demə!

Əfsun oxuyana əfsanə demə!

Fərman səninkidir, sənin hər bucaq,

Gözümdən iraqda oturma ancaq.

Öyrən, ürəyimdə gör bir nələr var,

Mehribanlıq eylə, bəhrələr apar.

Dedim ki: – Ey gözəl, kölgən yarındır,

Tacım sənin ayaq torpaqlarındır.

Canına and içib, dedi o gözəl:

– Sənə yar olaram bir gün, yaxın gəl.

Sən mənim hörmətli bir mehmanımsan,

Əziz tutulmalı daima mehman.

O deyən olacaq, bu sirri qandım,

Önündə qul kimi durdum, dayandım,

Naz ilə bir kəniz əlimi tutdu,

Gətirib taxt üstə dərhal oturtdu.

Əyləşdim o taxta, duydum sevdayı,

Tutdum kəmənd ilə o parlaq ayı.

Sözümə cavabı yalnız "can" oldu,

Nə qədər bilsəniz mehriban oldu.

– Gəlsin, – o söylədi, – qoy ləziz yemək.

Vəsfə sığmayanı çətindir demək.

Cənnət gözəlləri süfrə gətirdi,

Yeməklər ənbərli, hər şey ətirdi.

Süfrə firuzədən, yaqutdan kasa,

Könül zövq alarmı büsat olmasa?

Hər nə ki xəyala, gümana gəldi,

Dərhal ortalığa, meydana gəldi.

İsti yemək yedik, mey içdik sərin,

Çatdı nəhayəti bu yeməklərin,

Saqidən yetişdi mütrübə növbət,

Bəhanə kəsildi, başlandı işrət.

Hər dürdanə gözəl bir dürr deşincə,

Məclis xoş avazla gözəlləşincə,

Rəqs üçün düzəldi bir meydan gözəl,

Ayaq qanad açdı, cuşa gəldi əl.

Şamı başlarına alıb düzdülər,

Şam kimi ayağa durub süzdülər.

Elə ki, oynayıb onlar doydular,

Şərab nuş etməyə meyl qoydular,

Saqi şərab verdi, köpürdü, daşdı,

Həya keşikçisi durmadı, qaçdı

Sevgidən güc aldım, meydən bəhanə,

Vurğun sərxoş kimi düşdüm meydana

Mehribanlıq edib o şəkər dodaq

İrad tutmayırdı buna heç sayaq.

Gördüm o bağbandır eşqin bağına,

Düşdüm saçlarıtək gül ayağına,

Əlini tutarkən etdi naz, öpdüm,

"Az öp" söylədikcə sanma az öpdüm.

Tutdu ümid quşu budaqda qərar,

Açıldı söhbətə geniş bir diyar.

Busə bol, sevgi bol, könülsə birdi,

Ancaq bir könüldən min can gedirdi.

Dedim: – Ey sevgilim, muradın nədir?

Şöhrətin, şanın var, de, adın nədir?

Dedi: – Bir türkəm ki, mənə tay olmaz,

Nazənin bədənəm, adım Türkünaz.

Söylədim: – Könüllər bir olsa əgər,

Qohumtək ad dəxi ada bənzəyər.

Xeyli qəribədir, qoy deyim sənə,

Türkütaz ləqəbi verilib mənə.

At çapar, turk kimi geniş səhrada,

Ataq hinduları qızğın bir oda,

Oturaq üz-üzə qoşa yar kimi,

Mey içək, hey içək aşiqlər kimi.

Madam ki, tund şərab, şirin məzə var,

Qaçırmaz fürsəti arif olanlar.

Duydum, naz etdikcə deyir o mələk:

Aradan yoxalsın uzaqlıq gərək.

Deyir qəmzələri: hənək çağıdır,

Tale iş düzəldir, dilək çağıdır.

Gülüşü – məqamdır, keyfə dal – deyir, –

Yarın naz çəkəndir, öpüş al, – deyir.

Busə xəznəsinə yol verdi canan,

Mən çox az istədim, bol verdi canan.

Elə məst eylədi nazlı yar məni,

Yar əldə, tərk etdi ixtiyar məni,

Coşdu sular kimi çağlayan qanım,

Qan səsini duydu ayüzlü xanım.

Dedi: – Bu gecə ol qane öpüşlə,

Yonma göy rəngini sən bu gedişlə.

Cızıqdan çıxmağın məsləhət deyil,

Vəfasız olmayan dost yaxşıdır, bil!

Nə qədər bacarsan özünü saxla,

Öpüş al, saç oynat, dişlə, qucaqla,

Şəhvətin əlində aciz qalıb sən

Onun cilovunu çəkə bilməsən,

Hər kənizim gözəl, şux bir pəridir,

Aşiq gecəsinin xoş səhəridir.

Yatarsa ruhuna hansı incəbel,

Arzuna çatmağa ona bağla bel.

Haman əmr edərəm: sözü məzəli,

Dilbər gözəllərin ən şux gözəli

Sənə xidmət üçün otağa gəlsin,

O yumşaq yastıqlı yatağa gəlsin.

Olsun o gülüzlu nazlı yar sənə,

Hal bilən, dil bilən pərəstar sənə,

Söndursün odunu, sözün doğrusu,

Bizim arx üçün də qalsın bir az su.

Sabah özgə kəniz istəsən hərgah.

Bu arzun üçün də ol qüdrətli şah!

Hər gecə verərəm bir gövhər sənə,

Yenə lazım olsa, verərəm yenə.

Elə ki, qurtardı gözəlin sözü

İlkin mehribanlıq eyləyib özü,

Sonra kənizlərə baxdı xəlvəti,

Çağırıb yanına şux bir xilqəti,

Nazla dedi: "Yetiş istəyinə sən".

O bağışlanmış ay tutdu əlimdən.

Mən heyran qalmışdım o mahcamala,

Sığmaz təzəliyi fikrə, xəyala.

Pərəstişə layiq nazlı bir yardı,

Çəkib arxasınca məni apardı.

Xalına bir quldum, zülfünə bəndə,

Çatdıq bir saraya kəniz də, mən də.

Mənə "buyur" dedi, saldı qabağa,

Girdik onunla bir xəlvət otağa,

Zil kimi, bəm kimi uyuşduq həmən,

İpək yorğan-döşək gördüm hazır mən.

Şamların işığı könül açandı,

Yaqut yağdırandı, ənbər saçandı.

Yorğanı qaldırıb girdik yatağa,

Qucaqlaşıb verdik dodaq-dodağa,

O, söyüdlər içrə bir gül dəməti,

Yumşaq, nazik, ağ, qırmızı, isti.

Gülündə qapalı bir sədəf gördüm,

Gövhərindən alıb möhrü götürdüm.

Qaldı qucağımda gecə sübhədək,

Ənbər, kafur saçdı yorğanla döşək.

Səhər bəxtim kimi durunca getdi,

Hamam şeylərini tədarük etdi.

Teşt verdi qüsl üçün o könül yarı,

Yaqutdan qırmızı, qızıldan sarı.

Gülabla özümü tərtəmiz etdim,

Paltarın içində gül kimi bitdim.

Yeridim şadlığın qəsrindən çölə,

Göydə görünürdü ulduzlar hələ.

Çəkildim xəlvəti sakit bir yerə,

Allaha şükr etdim dalıb göylərə.

Getdilər sarayın şux gəlinləri,

Yerində qalmadı bir dilbər pəri.

Çeşidə açılan sarı bir gültək

O xoş çəmənlikdə mən qalınca tək,

Şərab xumarıyam olduqca, duydum,

Tər saçımı quru torpağa qoydum.

Yatdım, axşamadək yatdım bu sayaq;

Xacə yatırdısa, taleyi oyaq.

Gecənin ceyranı açınca göbək,

Döndü müşkü yayan sədəfə fələk.

Oyandım axşamın mən bu çağında,

Göyərdim ot kimi su qırağında.

Yenə gəldi bulud, el əsdi, gəldi,

Ənbər, dürr saçanlar tələsdi, gəldi,

Yenə başladılar dünənki işə

O yasəmən əkdi, bu da bənövşə.

Güllər ətir yaydı çəmənzar boyu,

Çağladı arxlarda gülab kimi su,

Gəldilər pərilər, söhbətli-sazlı,

Oyuna başladı göy nazlı-nazlı.

Bir taxt gətirdilər ortaya zərdən,

Üstünün örtüyü parlaq gövhərdən.

Qurulan uca taxt gözəldi, şəndi,

Üstünə ipəklər dərhal döşəndi.

Məclis yaratdılar şahlara yarar,

Hər şey parlayırdı gün kimi par-par.

Dünya coşdu, sanki axdı şur gəldi,

Qızlar hər tərəfdən gurhagur gəldi.

Gəldi içlərində meyli, məzəli,

Aşiqə zülm edən Yəğma gözəli.

Elə ki, taxtına yeridi, qalxdı,

Bahar təravəti bürüdü taxtı,

Fərman verdi haman, gəzib çəməni,

Axtardılar məni, tapdılar məni.

Görüncə səsləndi: – Yaxın gəl, – dedi,

Mənə məhrəm otur, – o gözəl dedi.

Məclis qurdu yenə, coşdu diləklər,

Gəldi ortalığa ləziz yeməklər.

Süfrənin bəzəyi şərablar, məzə

Nəşə gətirirdi könülə, gözə.

Artırdı qatbaqat coşğunluq, həvəs;

Yedi istəyincə elə ki, hər kəs,

Mey, çalğı məclisi, dərhal düzəldi,

Çəngi köklədilər, rud dilə gəldi.

Saqi "nuş" dedikcə, ruha sindi cam,

Eşqin bazarında coşdu izdiham.

Sərxoşluq yeriyib başlara doldu,

Bu zaman eşq ilə mey əlbir oldu.

Gözəlim aşkara göstərdi şəfqət,

Oxşadı qulunu o mələksifət.

Hörmətlər eylədi cananım cana,

Saldı işlərimi yenə sahmana.

Nazla kənizlərə verdi işarə,

Onlar çəkildilər dərhal kənarə.

Bir məndim, bir o yar, xəlvətdi hər yan,

Qəlbimin alovu eylədi tüğyan.

Saç kimi, belinə atdım əlimi,

Çəkdim qucağıma bir aşiq kimi.

Dedi: – Tələsməyin zərəri var, bil!

Əhdi sındırmağın zamanı deyil.

Qənaət eylə sən qəndə, noğula,

Öpüş al, çimdiklə, dişlə, qucaqla.

Hər kim qənaətlə əgər şad olar,

O hörmətli olar, sərazad olar.

Arzu həvəsinə əməl edənin

Yoxsuldur axırı, olsa da zəngin.

– Allah xatirinə, – dedim, – dada yet!

Batıram dəryada, gəl, imdada yet!

Siyah zülfün ki var aşiqə bağdır,

Sənin Məcnununam, könül dustaqdır.

Dayanma, gəl, məni sən zəncirə çək

Divanə olmadan zəncirlilərtək.

Səhər ulduzunu gördü gözümüz,

Lakin qurtarmadı əsla sözümüz.

Öldür, istəyirsən, bu can sənindir,

Bu qılınc, bu başım, fərman sənindir,

Belə baş qaçırmaq nədəndir, nədən?

Bulud ağlamasa, gülərmi çəmən?

Sən arx olsan əgər, mən arxın suyu,

Torpaq olsan, suyam, əllərini yu![193]

Boğazım qurumuş, gəl, su ver mənə,

Mən də əvəzini verərəm sənə.

Su verməsən belə, canın sağ olsun,

Həyatım yolunda qoy torpaq olsun.

Su torpaq oğlunu qoynunda boğdu,

Susuzu öldürdü bu çağlayan su.

Dayanma, qətrəni susuz qoyma, dur!

Bir qətrə su verib yananı doydur.

Elə bil ki, südə bir xurma düşdü,

İpək parçasını bir iynə deşdi.

Başqa fikir varsa, sənindir höküm,

Arzunun gözünə torpaqlar töküm.

Elə bil qondu quş, açdı balü pər,

Nə motal yırtıldı, nə yıxıldı xər.

Qız dedi: – Bu gecə qayğın azalsın,

Şəbdizin nalı qoy alovda qalsın.[194]

Daşın niyyətindən bu axşam, daşın,

Nur olar daima yarın, yoldaşın.

Satma bir çeşməni, gəl, bir qətrəyə,

Kim ki neştər görər, gərək bal yeyə,

Bir arzu üzünə sən qapı bağla!

Sevin illər boyu, su kimi çağla!

Saç oynat, qucaqla, şirin öpüş vur,

Gedib kənizlərlə nərd oyunu qur.

Bağın var, qarğaya məhəbbət etmə,

Quşun var, quş südü ardınca getmə.

Ürəkdə arzun var, çatarsan əlbət,

Qoyma ki, qarışsın işə xəyanət.

Bu gecə səbr eylə, ağır otur gəl,

Eylə dünənkinə bu gün də əməl.

Nə zaman enərsəm bu mərtəbədən,

Gələrəm əlinə geç də olsa mən.

Hovuzdan balığı dərhal tutarsan,

Ay əldə edilməz tezliklə, inan.

Gördüm ki, oyunda ağır davranar,

Mən də yavaşladım, pozulmasın yar.

Oruç açmaq günü çatmamış, deyə,

Könül verdim ancaq şəkər busəyə.

Bax, yenə qızdırma tutdu xəstəni,

Şərablar, öpüşlər çoşdurdu məni.

Görüncə sevgili, o nazəndə yar,

Qövr edir qəlbimdə odlar, alovlar,

Dedi yanındakı bir şuxa: – Dur, get,

Söndür atəşini onu təskin et.

O, gözəldi, könül yaxşı yar istər,

Hər şeyi mötədil arzular, istər.

Xoş ona ki, gözəl bir yarı ola,

Olsa, gərək belə nigarı ola.

Yenə adət üzrə getdim bu gecə,

Arzuma daha çox yetdim bu gecə.

Şəkər yeyə-yeyə açdım səhəri,

Mənimlə qol-boyun oldu o pəri.

Gündüz ki paltarı yudu, ağartdı,

Gecə boyaqçıtək küpünü atdı.

Tamam göz aldadan rənglər yoxaldı,

Zinətlər bilmədim hayanda qaldı.

Arzulardım gecə tez gəlsin ələ,

Çin, Təraz şuxuyla vuraq piyalə.

Bir gözəl sacından dolayım kəmər,

Yatsın ağuşumda sevimli dilbər.

Gah bir bal dodaqdan arzu, kam alım,

Gah bir gülüzlüylə ələ cam alım,

Gecəylə, arzum da yerinə gəldi,

Taxtım Sürəyyatək göyə yüksəldi.

Keçdi gecələrim min calal ilə,

İşrətlə, keyf ilə, çalhaçal ilə.

Axşam eyləyirdim nura tamaşa,

Gecə dost olurdum bir qələmqaşa.

Gündüz yerim bağdı, gecələr cənnət,

Torpağı müşk olan qızıl imarət.

Şahlıq eyləyirdim belə bir halla,

Gündüz günəşləydim, gecə hilalla.

Arzum yarıdırdı hər zaman məni,

Taleyim eylərdi kamiran məni.

Çünki şükr etmədim mən o nemətə,

Başladı nemətin haqqı şiddətə.

Vərəqdən əlimlə silindi şadlıq,

Çünki artıqlıqdan istərdim artıq.

Nə zaman ay gəlib otuza çatdı,

Dünyanı ulduzçun gecə qaraltdı.

Ətirli saçları uca sarayın

Nəvazişlə çəkdi telini ayın.

Gəldi hər zamankı bulud, küləklər,

Daha təravətli, daha tazə-tər,

Doldu bir şurişlə bu cahan yenə,

Oynadı səslərlə asiman yenə.

Gəldi qaravaşlar hey qatar-qatar,

Əllərində alma, döşlərində nar.

Uca taxt ortada yenə göründü,

Nəğmə səslərinə ətraf büründü.

Sallana-sallana müşkün telləri

Gəldi gün nişanlı, ayüzlü pəri.

Dalda, qabaqda şam yanırdı par-par,

Arxaya baxma, şam qabaqda olar,

O min bəzək ilə, o min naz ilə

Başa keçdi neçə şux tənnaz ilə.

Xanəndələr coşub avaza gəldi,

Çalğıçı qadınlar pərvaza gəldi,

Saqilər mey verib, coşub daşdılar,

Gözəl musiqiylə ayaqlaşdılar.

Söylədi baldodaq qızların şahı:

– O hərifçin gəzin bu seyrəngahı.

Gözəllər naz ilə gəzdilər yenə,

Yetirdilər məni böyüklərinə.

Görərkən o məni ayağa durdu:

– Sağ yanımda otur, – deyə buyurdu.

Mən təzim eylədim, təzim aldı yar,

Oyandı qəlbimdə keçən arzular.

Açıldı süfrələr yenə çiçəklə,

Yenə keçdi dəmim ləziz yeməklə.

Sonra nur saçmağa gəldi piyalə,

Mey sunan saqilər döndü hilalə.

Dərya ovçuları hey gəzə-gəzə

Dürr səpdilər sədəf camlarla bizə.

Mən yenə xumardım, yenə heyrandım,

Zülfünü ip kimi tutub dayandım.

Divlərim ip qırdı, baxın onlara.

Tutub mən yazığı saldılar dara.

Hörümçək eylədi əyləncə məni,

Canbaza döndərdi o gecə məni.

Döndüm arpa görən uzunqulağa,

Aygörən səritək durdum donmağa,

Xəznə düşən kimi oğru əlinə,

Titrək əllərimi atdım belinə.

Əlimi sürtdüyüm saya gümüşdü,

Özum bilməyirdim bu necə işdi?

Mən hey yumşaldıqca o döndü daşa;

Ay üzlü mehriban düşərək başa,

Uzatdı əlimə şümşad əlini,

Öpdü əllərimi göylər gəlini,

Çəkim bəlkə onun xəznəsindən əl;

– Bağlı bir xəznəyə, – dedi, – o gözəl

– Əl uzatmaqdan sən, gəl, çəkin bir az,

Əli uzun olan murada çatmaz.

Alınmaz mədəndir möhrüm, yaxşı bil,

Möhrü açmaq sənin qüdrətin deyil!

Səbr eyləyib, gözlə, sənindir xurma,

Ona çatmaq üçün tələsən olma!

Sən hələ şərab iç, kabab yetişər,

Günəş çıxanacan aya sal nəzər.

Dedim: – Səndən alır işıq gülşənim,

Ey gözümün nuru, günəşim mənim!

Üzün sübhü bənzər gül açmış bağa,

Mən necə sönməyim dönüb çırağa.

Göstərib susuza sən şirin çeşmə,

Sonra da deyirsən, amandır, içmə!

Üzündə cilvələr oynayan zaman

Pəri görmüş kimi huş getdi başdan.

Parladıqca sırğan qulaqlarında

Nalım yandı atəş ocaqlarında.

Ayın şəbxunuyla olarmı cidal,

Günəşi zərrəylə bürümək mahal!

Necə əl götürüm ki, əlimdəsən,

Sənin hüzürunda qəm çəkim nədən?

Sən torpaqdan olsan, mən torpaqdanam,

Sən pərisən əgər, mən də insanam.

Yedim dodağımı bu qədər, yetər,

Bəs deyil dişimi sorduğum məgər?

Əlac et, qəlbimə qəm salıb ləkə,

Yetişim arzuma bu gecə bəlkə.

Bəxtimə köməyin ancaq yar olar,

İnsan taleyilə bəxtiyar olar.

Deyirsən: qəm yemə, canan sənindir,

Calış, işində ol, bu can sənindir.

Yüküm ağır oldu, ayaq surüşdü,

Qurtar, qurtar, işim əngələ düşdü.

Ahu sağrılısan, ey saçı ənbər,

Dovşan yuxusuna verməyin yetər,

Qorxuram çox yaman bu qurd fələkdən,

Tülkülük etməyə başlaya birdən.

Qorxuram üstümə cuma şir kimi,

Didə pələng kimi, ləc bəbir kimi.

Arzuma çatmağa inayət eylə!

Məni kama yetir, ədalət eylə!

Arzu dərgahını bağlasan üzə,

Çıxmaram gecədən nurlu gündüzə.

Çək mənim nazımı, ey nazlı dilbər,

Qonağın nazını şahlar çəkərlər.

Gördü səbrim gedib, qərarsızam mən,

– Razıyam, əl götür, – dedi, – gülbədən,

– Nazını çəkərəm, naz çəkmək peşəm,

Sən Xəllux əhlisən, mənsə həbəşəm.[195]

Qarşında, ey qonaq, ey sevimli yar,

Belə süfrələrin nə qiyməti var?

O murad ki, səni yandırır belə,

Onu tez axtarsan, gec gələr ələ.

Tikanlıq dönərsə əgər cənnətə,

Mən də meyl eylərəm belə sənətə.

Söyüd ud qoxusu yaysa dağ-daşa,

Məndən də belə bir iş gələr başa.

İstə məqsudunu, gözüm üstə, al,

Ancaq o istəyin xəyaldır, xəyal!

Üz sənin, döş sənin, dodaq sənindir,

Bir dürrü vermərəm, hər haqq sənindir.

Belə bir gecəylə etsən ixtilat,

Qabaqda var hələ min belə büsat.

Könül al şərabdan odlanan zaman,

Sənə bağışlaram ayüzlü canan.

Ondan arzunu al, nişanı tuşla,

Mənim ətəyimi ancaq ki boşla!

Məni azdırdığı yolla getmədim,

Qulaq asdımsa da, əməl etmədim.

Çalışdım ki, olum həyalı, həlim,

Qızğındı, kəskindi odum, dəmirim.

Baxtım söylədi: "Ey fərsiz, dərdmənd,

Abadandan uzaq tapılmaz bir kənd.

Mənisə aldatdı tamah, etdi xam,

Paydan məğmun olur çox uman adam".

Dedim: "Ey işimi dolaşıq salan,

Qərarımı vurub könlümdən çalan,

Yüz minlər yönəldi xəznəyə sarı,

Aqibət bu yolda tapdı məzarı.

Ayağım xəznələr içində ikən,

Düşsəm də zillətə, əl çəkmərəm mən.

Əsla danışmaram belə əməldən,

Ölsəm də, vermərəm zülfünü əldən.

Taxtında şamımı yandır, ey mələk,

Ya da taxtın kimi, dur, çarmıxa çək!

Ya bu fərşdə oyna, ya al canımı,

Qum səp, fərş üstünə, axıt qanımı.[196]

Gözümün nurusan, bir özgə cansan,

Hicri dözülməyən sərvi-rəvansan.

Səntək bir huridən məqsədə yetsəm,

Müftədir, canımı qurban da etsəm.

Müftə bir xəznəni kimdir almayan?

Canını bu yolda oda salmayan?

Gəl, parlat bu gecə məni şam kimi,

Çıraqtək yandırır qəmin qəlbimi.

Yansam çıraq kimi, canım sağ qalar,

Sönərsəm sinəmdə, bil ki, dağ qalar.

Günəş yandırmasa bizi odlara,

Ruzimiz az olar, günümüz qara.

Bir arzu deyildir istəyim səndən,

Sadə bir yuxudur, söyləyirəm mən.

Dimağım bir dərin yuxuya batmış,

Ölüdən seçilməz, inan ki, yatmış.

Görsəydi gözlərim səni dunyada,

Görməzdim üzünü şirin röyada.

Əgər can almaqsa xəyalın sənin.

Öldür, olsun qanım həlalın sənin".

Deyib bu sözləri coşduqca coşdum,

O gözəl çiçəyin üstünə qoşdum.

Xəznə qapısını gətirdim ələ,

İstədim yetirəm əqiqi lələ.

Görmədən arzumdan hələ bir səmər,

Yalvardı, yaxardı, etmədi əsər.

O: – Səbr eylə, – dedi, hörmət istədi,

Vüsala yetməyə möhlət istədi:

"Sənindir xəzinə, xam xəyalı at,

Sakit ol bu gecə, sabah kama çat.

Başqa fikirlərə qapılma hələ,

Sabah gecə xəznə alarsan ələ.

Birgecəlik dözüm çətin deyildir,

Axı bir gecə ki, bir il deyildir".

Çox dedi, baxmadım, döndüm xəncərə,

Əlimi kor kimi atdım kəmərə.

Xahişi, niyazı artdıqca onun,

Həvəsim birə yüz olurdu əfzun.

İş gəldi elə bir məqama çatdı,

Səyim haman bağlı bəndi boşaltdı.

İnadkar görüncə nazlı yar məni,

Əsəbi, səbirsiz, biqərar məni,

Dedi: "Yum gözünü, nə danış, nə din,

Açım qapısını qənd xəznəsinin.

Aman ver, qoy açım sən istəyəni,

Gözlərini açıb, qucarsan məni.

Aldanıb şəkərli bəhanəsinə,

Yumdum gözlərimi bal xəznəsinə.

Bir dəqiqə onu sakit buraxdım,

Sonra, "Aç gözünü", deyincə baxdım

Ki, vurum caynağa yağlı şikarı,

Alım qucağıma o gözəl yarı.

Çevirincə ona dərhal üzümü,

Səbətin içində gördüm özümü.

Nə bir kişi vardı, nə qadın, eyvah,

Munisim soyuq yel, dostum qızğın ah.

Kölgəydim, işığın yolundan azdım,

Türkünazdan iraq bir Türkütazdım.

Dəhşətlə sarsıldı qəlbim dərindən,

Bu zaman səbətim qopdu yerindən.

Köhnə dostum gəlib eylədi imdad,

Etdi səbətimi iplərdən azad.

Taleyim çıxınca hər bir oyundan,

Səbətim aşağı gəldi sütundan.

Bir zaman o məni tərk edib qaçan,

Oldu üzr istəyən, hörmətlər saçan,

Dedi: "Söyləsəydim əgər mən yüz il,

Deyərdin ki, bu iş həqiqət deyil.

O şey ki, gizlindi gördün göz ilə,

Bu sirr deyilməzdi əsla söz ilə.

Onunla dönmüşəm mən də qaynara,

Zülmlər görmüşəm, geymişəm qara".

Dedim ki: "Ey başı bəlalar çəkən,

Rəyini olduqca bəyənmişəm mən.

Çəkdim o qədər ki, qəmdən ahü-zar,

Qismətim kəsildi bu qara paltar.

Qara ipək gətir". O, durdu, getdi,

Qaranlıq gecədə tədarük etdi.

O qara paltarı alıb geyincə,

Hazırlıq görərək mən haman gecə

Məmləkətim deyə yola düzəldim,

Qaralar içində evimə gəldim.

Qara geyənlərə şaham, sərdaram,

Qara bulud kimi coşub gurlaram.

Püxtə arzu-kamdan gəldim tüğyana,

Ömrü xam arzular saldı hicrana.

Elə ki, sahibim bu hekayəni

Danışıb eylədi xəbərdar məni,

Şahımın yanında kənizdim, heçdim,

Onun seçdiyini mən dəxi seçdim.

Yetmək məqsədilə abi-həyata

İskəndərlə birgə getdim zülmata.

Zülmat gecə ayı çırağban eylər,

Soltanlar çətrini qaradan eylər.

Rənglərin yaxşısı qaradır, qara,

Balıq beli hara, sümüyu hara?[197]

Qara tükdür verən gənclikdən nişan,

Qaranlıq göstərər ağ üzü cavan.

Göz qarası ilə görər cahanı,

Kim görmüş ləkələr örtsün qaranı?

Gecə örtməsəydi qara ipəklər

Ayın beşiyinə yarardı məgər?

Yeddi rəng tanıyır geniş asiman,

Qaradır rənglərə üstün hər zaman.

Nə zaman ki, hindin gözəl xilqəti

Söyləyib qurtardı bu hekayəti,

Şah "afərin!" deyib baş-başa çatdı,

Alıb qucağına gözəli, yatdı...

Загрузка...