İkinci dayandı, əl ustündə əl,
Şaha dua etdi hər şeydən əvvəl;
Dedi: "Kənarlarda vardı bir bağım
Yaşıllıq yurduydu şaxım, budağım.
Hər küncünün vardı behişt cəlalı,
Əyərdi meyvələr hər yaşıl dalı.
Məndən ötrü xəzan təzə bahardı,
Atamdan bu bağça bir yadigardı.
Gəldi haman bağa bir gün o yağı,
Oldu gülzarımın əziz qonağı.
Gətirdim ortaya meyvə, mey, şərbət,
Layiqincə ona eylədim hörmət.
Evdə, bağda nəyə gəldi gümanım,
Gətirdim ortaya, gülsün mehmanım.
Yedi, rahat oldu, sevindi, yatdı,
Meydən istəyincə murada çatdı.
Sonra durub gəzdi, etdi tamaşa,
Haman bağ eşqilə döndü sərxoşa.
Söylədi: – Gəl, mənə sat bu bağını,
Pul verim, nurladım qoy çırağını.
Mən dedim: – Canımdır, bil, bu bağ mənim,
Onsuz günüm qara olacaq mənim.
Hər kəsin bir şeyə qızğın eşqi var,
Mən yazığı isə bağım yaşadar.
Elə zənn eylə ki, bu bağ sənindir,
Bağbanınam burda, otaq sənindir.
Nə zaman güzarın düşərsə bizə,
Sular kənarında, mey iç, al məzə.
Nəyə malikəmsə mətbəximdə mən
Gətirsin önünə bir gümüşbədən.
Dedi: – Bundan daşın, bəhanəni at,
Yığış, get buradan, bağı mənə sat!
Çalışdım, inlədim, atmadım bağı,
Nə zora, nə zərə satmadım bağı.
Nə zaman keyfləndi o asi mehman,
Atdı üzərimə bir quru böhtan.
Başımı zülm ilə cəfaya saldı,
Tutub mən yazıqdan bağımı aldı.
O gündən qismətim oldu soyuq ah,
Deyirəm dərdimi bilsin şahənşah.
İki ildir məni gətirib cana,
Çəkib əziyyətlə salıb zindana".
Şah qaytardı ona tarlanı, bağı,
Bağdada dönmüşdü bağı, otağı.