Cümə günü səhər bu yamyaşıl tağ
Evini günəşdən etdi ağappaq.
Şah da ağ geyinib yola düzəldi,
Həmən ağ günbədin üstünə gəldi.
Yurd idi Zöhrəyə beşinci iqlim,
Beş növbə çaldırıb oldu o təslim.
Zəncilər Xötənə qoşun çəkmədən
Şənlik meydanını şah etmişdi gen.[266]
Ayın, ulduzların, qalxaraq gecə,
Əl atıb gözünə sürmə çəkincə,
Şah rica eylədi o dildadədən,
Gecə həmdəmindən, səhərzadədən,
Uysun günbədinin xoş ahənginə,
Ərğənun rəngini qatsın rənginə.
Qız səna söylədi şahın baxtına,
Bir də ki, o gözəl tacü-taxtına,
Dualar oxudu, afərin dedi,
Bu dövlət artıran bir dua idi.