Çərşənbə günündə qönçə açdı gün
Firuzə rənginə döndü göy bütün.
Cahan firuzədən nur alan kimi,
Firuzərəng oldu şahın geyimi,
Firuzə günbədə eylədi pərvaz,
Hekayə çox uzun, günün ömrü az.
Gecənin yaşmağı göyləri sardı,
Əyanlar əlindən Bəhram qurtardı.
İstədi, əfsanə söyləyən gözəl,
Xanımlıq rəsminə eyləsin əməl.
Eşq ilə coşan o sevimli canan
Başlasın ürəklər oxşayan dastan.
Açdı qönçəsini ucaboy ərər,
Gülün yarpağına səpdi, qənd, şəkər.
Dedi: – Ey hökmünə göylər qul olan,
Səadət ulduzu qeydinə qalan,
Öpüb kandarını olmuşdur əziz
Mən və mənim kimi min gözəl kəniz.
Orda ki bal axar, tutar dörd yanı,
Xoş düşməz açılsın sirkə dükanı.
Şahın buyurduğu bir fərman demək,
Yorucu olsa da söyləyim gərək.