ƏLAƏDDİN KÖRPƏ ARSLAN ŞAHA SƏNA[42]

Ey könül, bu xəyal yaratmaqla sən

Oynamayırsanmı xəyalla, desən?

Bir yol bu xəyaldan çəkməliyəm əl,

Ondan uzaqlaşmaq gözəldir, gözəl.

Qəsdim yaratmaqdır bu pərgarla, bil,

Baharın fəslindən gözəl dörd fəsil.

Birində Allaha həmdü sənam var,

Onun fəzli ilə yaranmış yaşar,

Sonra nəbiyədir bizim xütbəmiz,

Ondan təzələndi köhnə sikkəmiz.

Üçüncü fəsildə şaha duam var,

Ağzından bu dua gövhər, dürr saçar.

Nəsihət eyləyər şaha son fəsil,

Qoy onun fəthinə bu olsun dəlil.

O padşah ki ona yeddicə iqlim

Etmiş dövlətini, varını təslim,

Qanundur ölkəyə sözüylə qəhri,

Alıb öz əlinə bütün bu dəhri.

Özgəni şah edər, bəzər saraylar,

Xəznələr bəxş edər, xəznələr paylar.

O şahın ləqəbi Əlaəddindir,

Qoruyub durduğu: zaman, zəmindir.

Ölkələr fatehi Körpə Arslan şah

Alp Arslandan yüksək, olduqca gümrah.

Ondan Ağsunqurun nəsli güc aldı,

Əcdadı kamala yetdi, ucaldı.

Mehdidir, günəşdir şah bu dünyada,

Dövləti qalacaq eldə, obada.

Rüstəmdir, mindiyi Rəxşi fələkdir,

Böyukdür, böyüklük verməkdə təkdir.

O, göylə yoldaşdır, buludla birdir,

Qüvvətdə şir kimi, adı da şirdir.[43]

Varlıq qıfılına açar çatanda

Yarandı cövhərdən aləm o anda.

Şah bir aləmdir ki, ovcuyla, inan,

Min cövhər çıxarar ortaya hər an.

Şərhindən vərəqdir onun asiman,

Feyzindən qətrədir hər sonsuz ümman.

Dərya, çöl – verdiyi əmri dinləyər,

Afərin oxuyar, əhsənlər deyər.

O qədər ucadır, o qədər yüksək,

Kiçilir önündə duşüncə, dilək.

Böyüklük mülkündə mələk yoldaşı,

Ucalıq yurdunda fələk yoldaşı.

Qılıncı şimşəkdən od alar çaxar,

Gizli düşmənləri yandırar, yaxar.

Önündə qələbə torpağa yatdı,

Fitnə, qılıncının suyunda batdı.

Efirdən qopmuş bir atəşdi suyu,[44]

Ənbər saçar elə torpağıyla o.

Onun meydanında şir əsər zağ-zağ,

Düşməninin atı gedər baş-ayaq.

Səhər qədəhinə tökən zaman mey

Buz bağlamış sudan od yağdırar hey,

Mizraq itiləsə əgər bir kərə

Adi gün çevrilər dönər məhşərə.

Səxa dərgahını nə zaman açar

Günahlar bağışlar, xəznələr saçar.

Şah dəniz kimidir, deyil hiyləgər,

Qamçı-qılıncında cəzri, məddi var.[45]

Nə alsa zor ilə güclü şəmşiri,

Qamçısının ucu qaytarar geri.

Müştəritək atı ucalar, qazar.

Keyvana dırnaqla bir dərin məzar.

Əgər görmədinsə əjdər minən şir,

Günəşi, əl atıb çəkəndə şəmşir,

Onda vuruşlarda, ovda bax şaha,

Sanki şir belinə minib əjdaha.

Əjdəri bayrağın altında nizə,

Zərbəylə əjdəri çökdürər dizə.

Dar etsə kamanı şah birdən-birə,

Geniş qəbir qazar ox atıb şirə.

Qılıncı ayını oyundan saxlar,

Şiri oynamağa eyləyər vadar.

"Sərxoşdur" deməyin, şir boğan şaha,

Boğur, çünki odur qorxmaz əjdaha.

Gəzərkən o çıxıb Səhənd dağını

Üzər oxla qurdun əl-ayağını.

Qurdu bu halında görüb ta bayaq

Ölər şir qorxudan, çalıb əl-ayaq.

Qurd, pələng o qədər şah şikar eylər,

Maral dırnağına çölü dar eylər.

Gah pələng dərisi, qurd dərisi gah

Geyərdi dağ, dərə, qanlı düzəngah.[46]

İti qılıncını endirən zaman

Üz qoyar qaçmağa zərbədən qaban.

Güc gəlsə ovlaqda əgər kamana

Gönünü gor edər gura, ceyrana.[47]

Girəndə meydana igid savaşda,

Əqiq rəngi alır torpaq da, daş da.[48]

Zəhərli qılıncı yaxar hər yeri,

Tüstülər bürüyər, tutar göyləri.

Qılıncla can alar, axıdar qanı,

Cam ilə can verər işrət zamanı.

Nursuz gözlərinə bu qara torpaq

Onun dostluğundan nur aldı ancaq.

Xülqünün nafəsi nəqqaş əlitək,

Müşk ilə, ləl ilə dolu cib, ətək.[49]

Ləlindən məmləkət bəxtəvər oldu,

Müşkündən el bütün müəttər oldu.

Belə tacidarın əzəmət donu

Yerdən çox ucadır, göydədir sonu.

Kamanı önündə, yaxşı sal nəzər,

Doqquz qəbzəli göy bir oxa bənzər.

Qüdrətli əliylə dörd gövhəri şah

Əzəmət taxtına etmiş qərargah.[50]

Düşməni kökündən kəsik ağacdır,

Çarmıxdan asılır kim ona qacdır.

Calalının günü bizə nur saçır,

Üzümüz – qızıl ay, düşmən qaradır,

Qızıl nallı günəş qalxar, baş verər,

Mədənə ləl verər, dağa daş verər.

Xəznəsi gövhərlə, daşla doludur,

Gövhərin mədəni onun quludur.

Damcısı can verdi dağa, dənizə,

Dağlar yaqut saçar, dəniz dürr bizə.

Hər iki aləmdə o pasibandır,

Hökmünə Tanrının xalqın həyandır.

Feyzi qəbul edər öz Tanrısından,

Sonra bəndələrə yetirər haman.

O verdi cahana bəxti, işrəti,

Görüm bəxtiyarlıq olsun neməti.

Səadət ömründən heç əskilməsin,

Şahlığı dünyada zaval bilməsin.

Görüm övladının nəsilbənəsil

Səadət ulduzu gülsün müttəsil.

İki gözəl sübhün nuruyla par-par

Gün kimi parlasın ulu tacidar.

Uca taxt sahibi o şahzadalar

Biri cahangirdir, biri cahandar.

Biri Firiduntək bilikdə dərin,

Biri Keyxosrovtək at çapar yeyin.

Taxtından adına ellər agahdır,

Nüsrətəddin Məlik Məhəmməd şahdır.

Rasidlər deyir ki, qeyd etmiş fələk,

Fələkəddin Əhməd adlansın gərək.[51]

Birinin açarı nüsrətdən çatdı,

Birini zəfərdən fələk yaratdı.

Birinə tərbiyə nüsrət veribdir,

Fələk o birinə qüdrət veribdir.

Biri xoşbəxt oldu nüsrətdən gerçək,

Birinə dörd payə taxt oldu fələk.[52]

Mina çarx altında şahın gözləri

O iki işıqla parlatsın yeri.

O qoşa qütb ilə yetsin calala,

Saçsın hey intizam cənub, şimala.

Şikarıdır dövlət, qoy yağlı olsun,

Gündüzü, gecəsi maraqlı olsun.

Məhəmməd nəslindən dilbər hərəmi

Olsun həyatının gözəl həmdəmi.

Gülsün qoy Süleyman mülkündə bəxti,

Nurlansın Bilqeysin uğurlu təxti.[53]

Şahdır səxavətin yeddi qardaşı,

Qadını varlıqda analar başı.[54]

Bu Xızrın payidar olsun şöhrəti,

Onun abi-həyat tapsın xisləti.[55]

Şahın kölgəsi ki, çeşmədir parlaq,

Bu güldən, bu bağdan olmasın uzaq.[56]

Odur Yer üzünə əzəldən pənah,

Bu dünya durduqca yaşasın o şah.

Загрузка...