Səhər qızıl taclı, sabah xeyli şən,
Bir taxt yaratmışdı fil sümüyündən,
Rəy deyən, iş görən qolu güclülər,
Amirlər, hakimlər, kimdə var hünər,
Ərəblər, əcəmlər hey atlandılar,
Şirlər meydanına qanadlandılar.
Şirbanlar gətirdi şirləri gəldi,
Açıb buraxdılar, meydan düzəldi.
Qızğın həmlə etdi şir üstünə şir,
Qazılırdı sanki Bəhrama qəbir.
Şirlər arasına o şir saxlayan
Gətirib tac qoydu tamam qızıldan;
Arasında o tac qara şirlərin
Bir aydı ağzında iki əjdərin[136].
Teştin səsiylə ay buluddan çıxar,
Boş deyil, bu teştin qılıncı da var.
Kinli şirlər dönüb qızğın əjdərə,
Döyüb quyruğunu qəzəblə yerə,
Sanki deyirdilər: "Kim qarət eylər,
Əjdərdən tac alar, şücaət eylər?"
Dəmir ciyərlidən yox xəbərləri
Ki, şiri ovlayar, vurar əjdəri.
İki ox mənzili cürət etmədi,
Kimsə o şirlərə yaxın getmədi.
Dedilər: "Edilsin bu şərtə əməl,
Şirlərə yönəlsin Bəhram ilk əvvəl.
Şirdən alsa tacı, şah olsun Bəhram,
Onundur səltənət, bir də qızıl cam.
Güvənməsə əgər Bəhram baxtına,
Əlvida eyləsin İran taxtına".
Sanma şah qərardan imtina etdi,
Şirlərin ustünə yönəldi, getdi.
Bahramın əliylə hər dağ, hər dərə
Məzar kəsilmişdi azğın şirlərə.
Bitirib iyirmi iki yaşını,
Yüz şirin bədəndən üzmüş başını.
Belə qalib çıxan yüz-yüz aslana
İki şir əlində batarmı qana?
Bəhram ətəyini sancdı belinə,
Həmlə etdi dönüb sabah yelinə.
Nərəsi şirlərə vəlvələ saldı,
Onların əlindən tac vurub aldı.
Şirlər gördü şahın məharətini,
Onun şirliyini, cəsarətini.
O bıçaq pəncəli, qızğın aslanlar,
Dişləri qılıncdan, qoç pəhləvanlar
Vəhşi hücum çəkdi o tacidara,
Dünya fatehini salmaqçın dara.
Bəhramdan aslanlar yaxşı dərs aldı,
Baş-başa çırparaq ayağa saldı.
Pəncələr qırdı şah, diş əzdi tamam,
Tacını, başını qurtardı Bəhram.
Qoydu öz başına tacı bəxtiyar,
Oldu, görün, ona necə bəxti yar.
O qalib çıxdı o azğın şirlərə
Saldı tülküləri taxtından yerə.