Beşinci söylədi: "Ulu tacidar,
Ey evi fələyə olan barabar.
Rəisiyəm filan rəsədgahın mən,
Müti bir quluyam şahənşahın mən.
Məşğələm verməkdir ölkəyə zinət,
Qulağım halqalı, işim itaət.
Şahın dövlətindən, yaradan
Allah Mənə dövlət vermiş, bir də calal, cah.
Məşriq şahı daim yaşasın deyə,
Qərq etdim üfüqü tamam şənliyə.
Duan rizqim idi mənim hər zaman,
Səndən ötrü gördüm yaxşı iş, inan.
Şəhər, kənd sayəmdə oldu təzə, şad,
Alimlər etdilər mənə etimad.
Əlimlə parladı bütün məmləkət,
Yetişdi sayəmdə hər kəsə nemət.
Yoxsulluq əlimlə qaçdı, yox oldu,
Səyimlə dulların qarnı tox oldu.
Qızıl umanlara eylədim kömək,
Darda qalanlara yetirdim yemək.
Qoymadım kimsəni qalmağa mətəl,
Əziyyət çəkənə tez uzatdım əl.
Nə gəlirim olsa əkinçilikdən,
Onu sərf eylədim qonaqlığa mən.
Salmışdım qaydaya gəlir-çıxarı,
Məndən razı idi rəiyyət, Tanrı.
Bu adım, bu sanım vəzirə çatdı,
Zülüm qazanını o tez qaynatdı.
Aldı mənsəbimi, cah-calalımı,
Dağıtdı, qoymadı mülkü malımı.
Dedi: – Qazanmadın əməklə var sən,
Bəxşiş də görməyib kimsə əlindən.
Var iksir kürəsi səndə, ehtimal,
Ya ki, tapılmadır bu xəznə, bu mal.
Ayır layiqincə bir qismət mənə,
Yoxsa, yetirərəm əziyyət sənə.
Qulunun başına gətirdi nələr,
İşlətdi min cürə xam bəhanələr.
Ən axırda məni dərdimənd etdi.
Özüm öz qulumdum, tutub bənd etdi.
İndi beş ildir ki, evdən uzağam,
Körpələrə həsrət nakam dustağam".
Şah verdirdi ona min nazü nemət,
Dedi ki: – Azadsan, öz evinə get!