Altıncı məzluma növbət ki, çatdı,
Öz xumar bəxtini o da oyatdı.
Şaha dua etdi əvvəlcə, əlbət,
Dedi: "Ey əxlaqı ölkəyə nemət,
Əslim kürd, özüm də mərd bir əsgərəm,
Nəslimin mirası, xalis gövhərəm.
Qoşun əfradına mənsubam mən də,[301]
Atam da padşaha bəndəydi, bəndə.
İxlasla şahıma qulluq edirdim,
Atamın getdiyi yolla gedirdim.
Şahın duşməninə qılınc çəkərəm,
Hazıram canımdan keçməyə hər dəm.
Şah öz nemətindən azacıq çörək
Vermişdi, biz də bir güzəran görək.
Asudə neməti mən də yeyirdim,
– Bəndəyəm hər zaman şaha, – deyirdim.
Aldı mənsəbimi vəzir kələkbaz,
Zülmün, yamanlığın axırı olmaz.
Vardı əkin yerim, əhli-əyalım,
Yoxdu bundan özgə dövlətim, malım.
Neçə yol yanına vardım onun mən,
Yalvardım, yaxardım tutsun əlimdən.
Bəlkə də ədalət yoluyla getsin,
Yazıq ailəmə bir insaf etsin.
Təqaüd kəsdirsin mənə o insan,
Ruzimi yetirsin ali divandan.
Üstümə səsləndi, dedi: – Sakit ol!
Gedib xədənginlə öz ruzini yol.[302]
Yoxdur meyli şahın, bunu düş başa
Ki, dava törətsin, girsin savaşa.
Qorxuda deyildir başının tacı,
Davaya, qoşuna yox ehtiyacı.
Tənbəllik eyləmə, peşə tap, peşə,
Palçıqçılıq eylə, giriş bir işə.
Yeməyin yoxsa da, qapında var at,
Onu, yəhərini, silahını sat!
Dedim: – Bu xislətdən, bu rəydən əl çək,
Tanrıdan qorxaraq, gəl, eylə kömək.
Həsrət qoyma məni pula, paltara,
Mən dara düşmüşü gəl salma dara.
Sən uzatdın nazla əl-ayağını
Mən qılınc götürüb qovdum yağını.
Sən məmləkət üçün vurursan qələm,
Mən qılınc götürüb, atıram qədəm.
Qələm batırırsan sən qara qana,
Mən hücum edirəm qanlı düşmana.
Şahın verdiyini alma əlimdən,
Pənah apararam, yoxsa, ona mən.
Qızıb bu sözlərdən göstərdi inad,
O mən qələmsizə çəkdi bir dəvat.[303]
Dedi ki: – Ey qanmaz, bunu yaxşı qan,
Xam kərpic deyiləm ki, qorxum sudan.
Gah dilə tutursan işlədib hiylə,
Gah da qorxudursan məni şah ilə.
Verdim taxtü-tacı mən tacidara,
Mən olmasam, olmaz nə ağ, nə qara.
Saymaram olsa min şah sərəncamı,
Yaşar mənim üçün padşahlar hamı,
Yola getməsəydi mənimlə hərgah,
Qurd-quşa olardı qismət, bil ki, şah.
Söyləyib dəvatı başıma çaldı,
Atı, silahımı əlimdən aldı.
Zülm edib əlini batırdı qana,
O gün mən yazığı saldı zindana.
Dustağam indi mən düz altı ildir,
Ürəyim qəmlidir, bəxtim zəlildir".
Şah oxşayıb onu, tutdu qaş-daşa,
Ey bəndə bəsləyən hökmüdar, yaşa!
Şahın ki, lütf ilə güldü dodağı,
İki dəfə artdı kürdün torpağı.