İzahlar

1

Gözəl sözü ilə tərcümə edilmiş peykər məfhumu daha geniş və çoxçalarlıdır. Peykər sözünün əsl mənası cisim, bədən, can, surət, səmavi cisim deməkdir. Peykəri gözəl mənasında yalnız məcazi şəkildə işlətmək olar.

Nizami əsərin özündə heç bir yerdə onun adını "Həft peykər" ("Yeddi gözəl") qoyduğuna işarə etmir. Əlyazmalarının əksəriyyətində, daş basmalarında əsərin adı "Bəhramnamə" getmişdir. Şair başqa poemalarının adını da əsas qəhrəmənların adı ilə bağlamışdır: "Xosrov və Şirin", "Leyli və Məcnun", "İskəndərnamə". "Həft peykər" adını şair yalnız bircə yerdə – "İskəndərnamə" poemasında işlətmişdir:

Vəzin qesse çon baz-pərdaxtəm,

Soye "Həft peykər" fərəs taxtəm.

Yəni, bu dastanı ("Leyli və Məcnun" nəzərdə tutulur) bitirdikdən sonra "Həft peykər" tərəfə atımı çapdım.

Bu beytdən aydınca görünür ki, şair atını yeddi gözələ tərəf deyil, səmalarda yerləşmiş yeddi səyyarəyə tərəf çapmışdır. Təsadüfi deyildir ki, Nizaminin xələfləri də peykər sözünü səyyarə, planet mənasında işlətmişlər. Böyük özbək şairi Əlişir Nəvai "Həft peykər"ə cavabən yazdığı əsərin adını "Yeddi səyyarə" qoymuşdur.

Beləliklə, əsərin əsl adı "Bəhramnamə", ləqəbi isə "Yeddi səyyarə"dir. Bununla bərabər, "Yeddi gözəl" vətəndaşlıq hüququ qazandığı üçün həmin adı saxlamağı məqsədə uyğun bildik.

2

Sənin varlığın, görmək qabiliyyətinə malik olanların qarşısında aydındır. Həmin bəsirət sahibləri sənin surətini yaratdığın, məxluq etdiyin varlığın vasitəsi ilə görürlər, dərk edirlər.

3

Dini rəvayətə görə, bəşər cinsinin banisi Adəm bütün mələklərdən üstün yaradılmışdır. O, dünyaya gələrkən bütün mələklər ona səcdə etmiş, lakin iblis (şeytan) bu əməldən boyun qaçırmışdır; Allah onu cəzalandıraraq tövbə qapısını, yəni əfvedilmə qapısını onun üzünə həmişəlik bağlamışdır.

4

Səhərin quşu – Günəş, günəşin ruzisi – onun işığı. Başqa sözlə, sən gündüzə günəş bəxş edirsən, günəşə isə işıq.

5

Yəni ağıl Allahın zatını, vücudunun sirrini dərk etmək qabiliyyətinə malik deyildir.

6

Yeddi fələk – ilahiyyətin xarici mühitini təşkil edir, insanlar isə bu xarici mühitdən kənardadırlar.

7

Əqli-küll – əşyanı, təbiəti və varlığı dərk etmək qüdrətinə malik olan ağıl.

Beytin mənası: əqli-küllə səni dərk etmək qabiliyyəti bəxş etmisən, o, səni arayıb axtarır, lakin sənə yetişəndə sənin əzəmətinin heybətindən gözünü aça bilmir, o, da səni dərk etməyə acizdir.

8

Ləl qırmızı olduğu üçün odla, atəşlə müqayisə olunmuşdur. Daşların qəlbində həm ləl, həm də qığılcım yerləşdiyinə işarədir.

Beytin mənası: Sən daşın qəlbinə ləl rəngli qığılcım, atəş və atəş rəngli ləl bəxş etmisən.

9

Bütün göylər, kainat, səyyarələr sənin dərgahının önündə səcdə etmək üçün bir-birini itələyib, özlərinə yer axtarırlar.

10

Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.

11

Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.

12

Beytin mənası: göylərdə saxlanan müqəddəs lövhədə (lövhi-məhfuz) Allah öz pərgarı ilə yaratmaq istədiyi varlığın cizgisini çəkərkən, Məhəmməddən başlamış və varlığın ən axırıncı yaradılanı Adəm cinsi olduğu üçün həmin cizgini Məhəmmədlə də bitirmişdir. Burada həm də Məhəmmədin peyğəmbərlərin xətmi olduğuna işarə var.

13

Əhmədi-Mürsəl – Məhəmməd peyğəmbərin ləqəbi, titulu. ƏhmədMəhəmməd adları bir kökdən (Həmədə = حمد) olub, hər ikisi şərəfli, şanlı deməkdir. Mürsəl – göndərilmiş elçi. Əhmədi-Mürsəl – şərəfli, şanlı elçi.

14

Ümmi (ərəbcə ümm – ana, ümmi – anadangəlmə) – dərs almamış, yazıpozu bilməyən, savadsız, avam.

Məlum olduğu kimi, Məhəmməd peyğəmbər yetim olduğu üçün məktəbə gedə bilməmiş, yazmaq, oxumaq öyrənməmişdir. Odur ki, fəaliyyətə başlayanda duşmənləri onu avamlıqda, cəhalətdə təqsirləndirmişlər.

Beytin mənası: Məhəmməd peyğəmbər dərs oxumadığına baxmayaraq butün varlığın mayəsı olmaq dərəcəsinə nail oldu.

15

Beş təbl (növbə) – orta əsrlərdə sultan və şahların saraylarının qabağında xüsusi meydançada gündə beş dəfə (növbə) nağara və şeypur çalaraq, saray sahibinin əzəmətini faş edərlərmiş.

Şərin (yəni şəriətin) beş təbli – İslam dininin beş rüknü, dayağı, sütunu (tovhid, səlat, soun, zəkat və hac.)

İkinci misra orijinalda belədir: "Yer vilayətinin dörd balış qoyanı". Dörd balış burada taxt mənasında işlənmişdir. Keçmiş zamanlarda şah və sultanların taxtlarının üstünə dörd balış qoyurlarmış. Burada dörd cəhət (şimal, cənub, şərq, qərb) nəzərdə tutulur və bununla da Məhəmməd peyğəmbərin Yer üzünun hakimi-mütləqi olduğu iddia edilir.

Bəzi şərhçilərin fikrincə burada Məhəmməddən sonra gələn dörd xəlifə (Əbu Bəkr, Ömər, Osman və Əli) nəzərdə tutulur.

16

Əmr – buyuruq, nəhy – yasaq, qadağan etmək.

Beytin mənası: Məhəmmədin buyruqları və yasaqları ədalət və insaf üzərində qurulmuş, çünki o, buyurarkən savab, xeyirxah işlər buyurur, qadağan edərkən isə bəd əməlləri qadağan edir.

17

Rəvayətə görə, Məhəmmədin kölgəsi olmamışdır. Onun üzü ağ kölgəli olmuş, belə də olmalı imiş, çünki günəş (Məhəmməd) olan yerdə kölgə olmaz.

18

"Ma-zaqə" – Quranın ən-Nəcm (53) surəsinin 17-ci ayəsinə işarədir; tərcüməsi: "O, yana baxmadı". Məhəmməd peyğəmbər öz meracı zamanı göylərdəki gülüstandan keçərkən Allahdan əmr gəldi: "Sən ətrafa baxma ki, diqqətin dağılmasın". Məhəmməd bu kəlamı gözləri üstünə qoydu və o kəlam sürmə kimi onun gözlərinə dərman oldu... İkinci sətirdə bağ Yer üzündəki dünyanın, gülüstan isə göylərdə yerləşmiş müqəddəs sidr ağacının rəmzi kimi işlənmişdir. Həmin sidr ağacı Quranın ən-Nəcm surəsində sidrət əl-müntəha – ən axırıncı sidr adı ilə təsvir olunmuş, ərşin – Allah taxtının yanında yerləşmiş ilahi ağacdır. Bu ağaca mələklər belə baxa bilmirlər. Məhəmməd öz meracı zamanı sidri yaxından müşahidə etmişdir.

19

Dini rəvayətə görə, dünyanın yarandığı gündən qiyamət gününə qədər yetmiş min il geçəcək. Məhəmməd isə dünya yaranandan yeddi min il sonra anadan olmuşdur.

20

Şərin əsli – İslam dininin üsulu: Quran, hədis, icma və qiyas.

Fər (füru) – həmin üsulun sahələri.

Dörd xəlifə – Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644–656) və Əli (656-661).

21

Yəni Məhəmməd cismani aləmin canıdır və aləm onun sayəsində yaşayır.

22

Əfsanəyə görə, Məhəmməd ayı barmağı ilə iki yerə bölməyə qadir imiş. Nizami bu əfsanəyə şairanə bəraət qazandıraraq, Ayı "göyün gözlərinin" – ulduzların itdirsəyisi adlandırır. İtdirsəyini isə kəsib atmaq gözlərin sağalmasına səbəb olur.

23

Seçilən – Mustafa sözünün hərfi tərcüməsidir, Mustafa (seçilmiş) isə Məhəmmədin məşhur adlarından biridir.

24

Yəni İlahi sarayının bu gecə keşiyində durmaq səadətini və bir göz qırpımında oraya çatmaq üçün şimşəyə bənzər Büraqı (yarı at, yarı qatır olan əfsanəvi minik) sənə gətirmişəm, tələs, onu göylərə çap.

25

Altı cəhət – sağ, sol, ön, arxa, yuxarı və aşağı.

26

Yaşıl geyimlilər – mələklər.

27

Yusif və Züleyxa macərasına işarədir. Misirlilər Züleyxanın Yusifə aşiq olduğuna istehza edərək, onu əxlaqsızlıqda ittihamlandırdıqda, Züleyxa əyan və əşrafın xanımlarını öz evinə dəvət edir və onların qarşısına boşqabda turunc və yanına isə bıçaq qoyur. Sonra o, qəflətən Yusifi otağa gətirir. Xanımlar Yusifin gözəlliyinə heyran olub hər şeyi unudurlar və bıçaqla turunc soymaq əvəzinə, barmaqlarını soymağa – kəsməyə başlayırlar.

Nizaminin əsərlərində tez-tez işlənmiş həmin ifadə (turunc yerinə barmaq kəsmək) mat, məbhut, heyran olmaq deməkdir.

28

Əmin – əmanəti saxlayan, mühafizə edən. Şair burada Cəbrayıl ilə Məhəmmədi Allahın əmini adlandırır, çünki o, öz kəlamı olan Quranı onlara əmanət vermişdi. Dini rəvayətə görə, Quranı Allah tərəfindən Məhəmmədə Cəbrayıl gətirmişdi.

29

Keykavus – qədim İranın əfsanəvi şahı, Keyqubadın oğlu, Firdovsinin əsas qəhrəmanlarından biri. Nizami həmin beytdə "Şahnamə"də təsvir olunmuş bir epizoda işarə edir. Div və pərilərin vəsvəsəsi nəticəsində Keykavus göylərə qalxmaq ehtirasına mübtəla olur. Onun əmri ilə xüsusi kəcavə düzəldib hər küncünə bir ac şahin bağlayırlar və onların başının üstündə uzun nizələrin ucunda ət asırlar. Şahinlər əti qapmaq niyyətilə qanad çalaraq kəcavəni göyə qaldırırlar və bir müddətdən sonra qüvvətdən düşərək kəcavəni uzaq meşələrdən birinin üstünə atırlar.

30

Dörd şahin – dörd ünsür (od, su, hava, torpaq). Yəni Büraq elə surətlə uçdu ki, dörd ünsürdən ibarət olan bu aləmdən uzaqlaşdı.

31

Bu beytdən başlayaraq şair, qədim astronomiyaya əsasən, hər planetə xas olan rəngləri təsvir edir və isbat etmək istəyir ki, həmin rəngləri səyyarələrə Məhəmməd peyğəmbər vermişdir.

32

Xəlifəyi-şam – gecənin xəlifəsi – Ay.

33

Keçmişdə səndəl başağrısı dərmanı kimi işlənirdi. Həm də səndəl rənginin Muştəri planetinin rəmzi olduğuna işarə edilir.

34

Mərifət burada teosofik mənada işlənmişdir, yəni Məhəmməd Allahı bütün varlığı ilə dərk etdi.

35

Firdovsiyə və onun "Şahnamə" əsərinə işarə edilir.

36

Buxari – Əbu-Əbdullah Məhəmməd ibn İsmail ibn İbrahim Səmərqəndi (810-870) məşhur alim, hədis toplayan, "Səhih əl-Buxari" və "ət-Tarix" əsərlərinin müəllifidir.

Təbəri – Əbu-Cəfər ibn Cərir (855-942) məşhur tarixçi alim, fəqih, hədisçi. Nizami Təbərinin "Tarixi-Təbəri" adı ilə məşhurlaşmış "Tarix ər-Rüsul vəl-mülük" ("Peyğəmbərlərin və şahların tarixi") əsərinə işarə edir.

37

Deyr – monastır, məsihilərin və atəşpərəstlərin məbədi, dərviş və abidlərin, sufi və cahidlərin hücrəsi.

"Zənd-Avesta" – zərdüştilərin müqəddəs kitabı. Kitabın əsil adı "Avesta" olub. "Zənd" isə sonralar pəhləvi dilində "Avesta"ya yazılmış şərhdir; Nizaminin dövründə kitab "Zənd-Avesta" adı ilə məşhur idi.

38

Mahmud – Sultan Mahmud Qəznəvi (999-1030) rəvayətə görə Firdovsiyə "Şahnamə"ni yazmaq üçün çoxlu qızıl pul vəd etmişdi. Lakin şair əsəri bitirəndən sonra simic sultan qızıl əvəzinə gümüş yollamış və şair də həmin gümüş pulları hamamçıya bəxş etmişdi. Nizami həmin əfsanəyə işarə edir.

Astrologiya elminə görə ƏqrəbQövs bürcləri həmişə biri-biri ilə vuruşurlar, odur ki, Nizami sultanları əqrəbə, şairləri isə Qövsə (göy qurşağına) bənzədir.

39

Əsədi – Əbu-Nəsr Əli ibn Əhməd Tusi (XI) məşhur fars-tacik şairi. Ömrünün mühüm hissəsini Azərbaycanda (Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. Nizami Əbu-Düləfin Əsədiyə göstərdiyi qayğıya işarə edir.

40

Qədim ərəb şairləri ən zərif və gözəl şeirlərini, nadir bədii obrazlarını cinlərin müdaxiləsinə mənsub edərdilər. Ən nəfis şerə cinyazan şer deyərdilər. Həmin təsəvvürü Nizami burada şairanə qələmə almışdır.

41

Yəni xalis, təmiz, yüzdə-yüz əyarlı qızıl verim. Əsərimin keyfiyyəti yüksək olsun.

42

Körpə Arslan – Marağanın hakimi (1174-1208), Azərbaycan atabəylərinin qohumu və vassalı.

43

Yəni o, bulud kimi səxavətlidir və hər tərəfə qızıl yağdırır; ikinci sətirdə şair Arslan (Aslan) sözünun həm fars dilinə tərcüməsini (şir) verir, həm də həmin sözün lüğəvi mənasından məmduhun (tərif edilənin) təsviri üçün şairanə istifadə edir.

44

Efir – kürreyi-əsir – troposfer, göyün üst qatında yerləşmiş od kürəsi.

Şair beytdə alogizm və ya oksimoron deyilən poetik fiquru çox mürəkkəb şəkildə işlətmişdir. Beytin mənası: Körpə Arslanın qılıncının suyu (yəni bərkimiş, möhkəm, polad qılıncı) atəş kürəsindən od qaldırır.

45

Cəzr və mədd – dənizdə suyun qabarma və çəkilməsi. Qamçıqılıncın qabarması, yəni onun səxavətinin qabarması, çəkilməsi, qeyzə gəlib düşməni və istəmədiyi adamı hər şeydən məhrum etməsi.

46

Yəni o, ovlaqda o qədər şikar edir ki, vurulan heyvanların qanından səhra qan dənizinə dönür və gah da ovlanmış canavar və pələngin dəriləri ilə örtülür.

47

Orijinalda "ceyran" deyil, "maral" yazılmışdır. Kamanın kirişini (yayını) adətən maral gönündən düzəldirlər. Yəni, Körpə Arslan kamanın maral gönündən olan yayını çəkib oxu atan kimi maral o saniyə ölürdü və onun dərisi ona qəbir olurdu.

48

Əqiqin qırmızı rənginə işarə edilir. Yəni o, öz qılıncı ilə canları ala bilir və öz şərab camı ilə insanlara yenidən həyat bəxş edir.

49

Nafə – göbək, müşkün sinonimi. Müşkü ahunun nafəsində – göbəyində yerləşmiş vəzlərdən istehsal edirlər.

Beytin mənası: Körpə Arslanın xasiyyəti müşk ahusunun nafəsi kimi xoş və gözəldir. Rəssamların qələmi müşk kimi qara və ləl kimi al-qırmızı naxışlar saçır. O, da ətrafına həm müşk, həm də daş-qaş, ləl və inci səpir. Onun saçdığı müşk və ənbərdən, səpələdiyi inci və ləldən ölkə ətir və boyunbağı ilə dolubdur.

50

Dörd gövhər – varlığı təşkil edən dörd ünsür (su, od, hava, torpaq).

51

Rasid – münəccim. Görünür ki, Körpə Arslanın ikinci oğlu ləqəbi Fələkəddin olan Əhməd astronomiya ilə məşğul olurmuş.

ƏhmədMəhəmməd hər ikisi bir kökdən (حمد) olub bir mənaya malikdir və hər ikisi peyğəmbərin adıdır. Körpə Arslanın oğlanlarının adları Əhməd və Məhəmməd olduğu üçün şair ƏhmədiMəhəmmədi deyərək onların peyğəmbərə sadiq olduqlarını qeyd etmək istəyir.

52

Burada şair Körpə Arslanın oğlanlarının ləqəblərinin luğəvi mənalarını oynadır. Nüsrətəddinin birinci hissəsi – Nüsrət qələbə deməkdir, Fələkəddinin isə birinci hissəsi fələk, göy deməkdir. Orijinalda Nüsrətəddinə üçayaq bəxt verildiyinə işarə olunur. Üçayaq bəxt – yəni döyüşdə o, (Nüsrətəddin) üç dəfə qalib gəlib, Fələkəddin isə dördayaqlı – dördcəhətli (şimal, cənub, şərq, qərb) fələyi (göyü) özünə taxt edib.

53

Bilqeys – Sabə mələkəsi, Süleyman peyğəmbərin sevimli gözəl zövcəsi. Süleyman və Bilqeysin məhəbbəti haqqında Şərqdə çoxlu əfsanələr vardır. Beytin məzmunundan belə aydın olur ki, Körpə Arslanın zövcəsinin adı Bilqeys olmuşdur.

54

Yeddi qardaş – yeddi planet; vücudun anaları – dörd unsür. Beytin mənası: qoy Körpə Arslan yeddi səyyarə kimi səxavətli, onun zövcəsi Bilqeys isə bütün varlığın anaları olan dörd ünsür kimi bütün xalqın anası olsun.

55

Xızr – yaşıl geyinmiş əsrarəngiz bir qeyri-rəsmi peyğəmbər. O, zülmətdə yerləşən dirilik suyunu tapıb, ondan içmiş və gözəgörünməz şəkildə əbədi yaşayır. Xızr biyabanda azmışları, tufana qərq olmuşları ölümdən xilas edir. Xızr şairlərin məsləhətçisi, köməkçisi və ilham mənbəyidir.

Beytin mənası: Qoy Körpə Arslan Xızr kimi həmişə yaşasın və onun zövcəsi dirilik suyu kimi onun əbədiyyət mənbəyi olsun!

56

Gül – Körpə Arslanın oğlanları, bağ – onun zövcəsi.

57

Keçmişdə hindlilər adətən yaxın və Orta Şərq ölkələrində keşikçilik edərdilər. Keşikçilər adətən bellərinə zınqrov bağlayırdılar ki, oğrular, əyrilər onların ayıq olmağından xəbərdar olsunlar.

58

Gecə ulduzlar və səyyarələrlə yol gedir, sübh isə belinə günəşin nurundan həmail bağlayıb tək-tənha səni müşayiət edir.

59

Rum – Kiçik Asiyada türklərin yaşadığı ərazi. Türk məfhumu Nizami üçün müxtəlif müsbət keyfiyyətlər (ağlıq, gözəllik, cəngavərlik, müdriklik, səxavətlilik, əzəmət, ürək genişliyi və i.a.) simvoludur. Burada Rum ağlıq rəmzidir. Yəni, əgər sən zamanın alay başçısı olan gündüzü zabitlikdən azad etsən, o, (gündüz) zənci kimi üzü qara olar, gecəyə çevrilər. Başqa sözlə, Körpə Arslan zaman və məkana mütləq hakimdir.

60

Göyün süfrəsinin ikicə çörəyi – Ay və Günəş.

61

Yəni Allahın möhr və xatəmi padşahlığın xətmini sənin adına yazmışdır.

62

İranın əfsanəvi şahlar sülaləsi Kəyanilərin ən məşhur pəhləvanları və cəngavərləri nəzərdə tutulur. Həftxan – yeddi igidlik, şücaət, qəhrəmanlıq deməkdir. Kəyanilərə qulluq etmiş məşhur Rüstəm Zalın və İsfəndiyarın Firdovsi "Şahnamə"sində təsvir olunmuş yeddi qəhrəmanlıqları nəzərdə tutulur. Keykavus əsarətdə olarkən Rüstəm onu azad etmək üçün Mazandarana yollanır və şahın yolunda yeddi dəhşətli vuruşmada qalib gəlir. İsfəndiyar da Turana hücum edib öz bacılarını Əcəspdən azad edərkən yeddi qəhrəmanlıq göstərir.

On iki cəngavər – "Şahnamə"də geniş yer tutan fəsillərdən biridir. Həmin fəsildə Firdovsi on iki iranlı və turanlı pəhləvanın bir-biri ilə təklikdə vuruşmasını təsvir edir.

Beytin mənası: qədim İranın şahlarının yeddi pəhləvan və on iki cəngavəri var idisə, sənin də yeddi pəhləvanın – yeddi səyyarə və on iki cəngavərin – bürcün var. Odur ki, nəinki yerə, göyə də hakimsən.

63

Arximedin İskəndər üçün birinci dəmiri cilalayıb güzgü düzəltməyi və İskəndərlə Xızrın zülmətə gedib dirilik suyu axtarmalarını Nizami "Iskəndərnamə" əsərində müfəssəl təsvir etmişdir.

64

Orta əsr coğrafiya elminə görə Yer kürəsinin yaşayış məntəqəsi yeddi iqlimdən ibarət olmuşdur. İran beşinci iqlimdə yerləşmişdir.

Beytlərin mənası: sən yeddi iqlimin, yəni bütün dünyanın sevimlisi və əzizisən, beşinci iqlimdə yerləşmiş İranı sən abad etmisən, qalan altı yurd – iqlim isə səndən razıdır.

65

Yəni, səndən əvvəl yaşamış dörd böyuk şahın (Iskəndər, Nuşirəvan, Xosrov Pərviz və Məlikşah) dörd böyük nemət olan dörd məşhur həmsöhbətləri (Ərəstu, Büzürgmehr, Barbəd və Xacə-Nizam əl-Mülk) olmuşdur.

66

Cəzri-əsəmmkar cəzr, həll edilməz cəzr deyərkən şair pərişan qəlbi, ürəyi nəzərdə tutur.

67

Qorucu (orijinalda: şihnə) – inzibati məmur. Şair möhkəm iradəni, ağılı şihnə ilə, ehtirasları isə yolkəsən oğrularla müqayisə edir.

68

Müşkü yapışqana, kitrəyə (üfunətli kamed) bükürlər ki, onun ətri yayılmasın və oğrular xəbərdar olmasınlar.

69

Şamın alovu qızıl taca, yanarkən əriməyi isə ağlamağa bənzədilmişdir.

70

Müfərrih – hərfi mənası şadlandıran, insan əhvali-ruhiyyəsini qaldıran məcun deməkdir.

71

Qədim təsəvvürə görə, ilanın başında xüsusi möhrə vardır ki, orada padzəhr yerləşmişdir.

72

Orijinalda misra belədir: "Əjdahanın ağzında çadır qurma" – yəni təhlükəli, qorxulu yerdə yurd salma, bilə-bilə özünü təhlükəyə məruz qoyma.

73

Biri-biri ilə çəkişən dostlar düşmənlərlə dostluq edirlər. Elə dostlar həm ağın, həm də qaranın üstünə, yəni hara gəldi oturub, ağı qaraya, qaranı ağa bulayırlar, elə "dost"lardan uzaq ol.

74

Dörd bənd – dörd ünsür (od, su, hava, torpaq). Dörd ünsür həyatın rəmzidir.

75

Təlq – odadavamlı mineral.

Bu və əvvəlki üç beytin mənası: Zəmanə o qədər pisdir ki, mənəviyyata qulluq edən adamlar hörmətdən düşüb, zahidlər sərxoşluqla, Yusiflər isə canavarlıqla məşğuldurlar. Belə bir zəmanədə ya pislərə qoşulub pisliyə, alçaqlığa bəraət qazandırasan, ya da Allaha – mənəviyyata xidmət edib pis yola getməyəsən, əsil zəkalı Allah adamları bu tələyə düşməzlər. Çünki pis əməllərə qoşulmaq cəhənnəmi qalamaq, oraya neft və təlq tökmək deməkdir.

76

Qədimdə padşahlar ən qiymətli daş-qaşları dördkünc kisəyə qoyub, ağzını dörd düyün bağlayıb bir-birinin içərisində yerləşmiş, hamısı qıfıllanmış yeddi sandıqda saxlayardılar.

77

Lalənin ləçəkləri qızıl pulla müqayisə edilir.

78

Ərəb əlifbasında zər (qızıl) sözü bir-biri ilə birləşməyən iki samit hərflər zal (ز) və ra (ر) yazılır.

79

Sarılıq (yarağan) xəstəliyinə düçar olanlara qədim həkimlər lacivərdi, ya qara rəngli paltar geyindirərdilər. Hər iki rəng matəm rəmzi olub.

80

Üç hambal – heyvanlar, mədənlər və nəbatat;

Dörd evi dağıdan hambal – bir-biri ilə müxtəlif olan dörd ünsür (od, su, torpaq, hava.)

81

Əlif – ərəb əlifbasının birinci hərfi y (a, ə,) bad (külək) və xak (torpaq) hər ikisi əliflə yazılır. Əlifin ikinci mənası ülfət, məhəbbət deməkdir. Əlifsiz xək – ülfətsiz, məhəbbətsiz torpaq. Bad sözündən əlifi götürəndə isə bəd əmələ gəlir, bəd isə pis deməkdir.

82

Yəni öz şirin xurmasından və kökündən ayrılmış xurma ağacının çubuğu ilə maşa (orijinalda: şiş) arasında fərq yoxdur.

83

Şair dünyanı qəssab dükanına bənzədib sübut etmək istəyir ki, insan əzab-əziyyətlərə qatlaşıb ciyərini qana döndərməyincə, bu dünyada bir loğma çörək əldə edə bilmir.

84

Küp – göy, səma.

85

Yeddi köklü budaq – yeddi qat göylər.

Dörd mıxlı nal – dörd ünsürlü yer, yəni əsil insan maddi varlığa pərəstiş etməməlidir.

86

Ağzı qamış həsir ilə örtülmüş bu çismani cahanın quyusunun yanından qamış və daş kimi ölüvay keçmə, yoxsa onun quyusuna düşərsən.

87

Kənddən kənar kəndxuda – idiomatik ifadədir, işi görən və vəzifədən uzaq olan deməkdir.

88

Beytin mənası: Mənim türk kimi gözəl, ağ əsərlərimi və özümün türk (azərbaycanlı) olduğumu qaralıq rəmzi olan Həbəşistana bənzər bu cəhalət ölkəsində qəbul etmirlər, almırlar. Türklərin milli xörəyi olan ləzzətli dovğamı yemirlər – şirin və dadlı əsərlərimi oxumurlar.

89

"Sim" (gümüş, سيم) sözündəki "yey" hərfini atıb samitlərin yerini dəyişdirsək, mis (مس) əmələ gələr.

90

Risman – kəndir, çatı. Asimanı rismandan seçə bilməyən – iki eşşəyin arpasını bölə bilməyən.

91

Aftabı (günəşi) aftafaya doldurmaq, aftafada gizlətmək atalar sözudür. Böyük həcmli, qiymətli şeyi kiçik sandıqda, mücrüdə gizlətmək kimi mənasız bir iş.

92

Eşşək – cism, bədən. Yəni mənəvi varlıq bu qorxunc, xətərli dünyadan qaçmaq istəsə də, cismani varlıq, heyvani bədən buradakı həyatdan ayrılmaq istəmir.

93

Yəni qəbiristanda yuva salandan sonra.

94

Beytin mənası: Yolu su aparıb, qabağın yarğanla doludur, mindiyin təkəbbür fili o yarğanlardan gecə bilməz, öz acizliyini etiraf elə. Unutma ki, fələyin fil boyda oyuncaqları var, sənin başına oyun gətirə bilər.

Çərxin öz fili var və həmin fil öz ayaqları ilə yeri yarğana, quyuya, qəbrə çevirib. Belə qorxunc və dəhşətli filin qabağında sənin gülə bənzər zərif vücudun qorxmaya bilərmi?

95

Bu qoşa fillər – insan ömrü ilə daima vuruşmada olan gecə və gündüz, həyat rəmzi.

96

Dəryanın borcu – dürr, inci; dağın borcu – ləl, cəvahir. Yəni sən ki, özün inci, daş-qaş, ləl-cəvahir ilə özünü belə yükləmisən, fələklə necə uzlaşıb rəqs edə bilərsən, onunla necə bacararsan?

97

Sultan Mahmud Qəznəvinin (999-1030) təbili öz böyüklüyü ilə məşhur olub.

98

Şəriətə görə it murdardır, lakin təlim görmuş ov itləri təmiz sayılır və onların dişlərində gətirdikləri ov isə halaldır.

99

Abi-heyvan – dirilik suyu.

100

Bir – yəni vahid Allah.

101

Üçlük – xristianlıq, onun əsasını üç ilahi təşkil edir – ata Tanrı, oğul Tanrı (İsa Məsih) və müqəddəs ruh Tanrı; İkilik (dualizm) – atəşpərəstliyin əsasını iki Tanrı – işıq, nur Tanrısı Ahura-Mazda (Hörmüzd), qaranlıq və fəsadın Tanrısı Anqra-Manyu (Əhrimən) təşkil edir. Bu sözlərlə şair demək istəyir ki, Allah bir olan kimi kişinin də dostu bir olmalıdır.

102

Birinci sətirdəki kölgə şairi kölgə kimi izləyən paxılları ifadə edir, ikinci sətirdəki kölgə isə himayə, sayə deməkdir.

103

Yəzdigird – Bəhramın atası daşla, Bəhram isə gövhərlə təşbih edilir. Yəni qiymətli gövhər göy daşdan çıxan kimi, bəzən pis adamdan da dünyaya gözəl oğul gəlir.

104

Burada Bəhram – Mars deməkdir.

105

Bəhram anadan olan sübhçağı qaranlıq gecəyə bənzəyən Yəzdigirddən bədnamlığı apardı. Münəccimlər tez üstürlablarını götürüb ulduzları təftiş edərək Bəhramın taleyini axtarmağa başladılar. Onlar elə bilirdilər ki, onun taleyi yarı qızıl, yarı mis, aşağı əyarlı Yəzdigird kimi bir adamın taleyinə rast gələcəklər. Lakin gördülər ki, Bəhram yüzdə-yüz qızıldır və gələcəyi də saf qızıl kimi parlaqdır.

106

Bəhram Hut bürcündə doğulmuş, Müştəri səyyarəsinin isə Hutda olmağı Bəhramın xoşbəxt və qüdrətli olmağına dəlalət edir.

107

Laləyi-Nemani – anemon – qızıl lalə, əsməgülü.

108

Üstürlab – astrolyabiya. Qədimdə ulduzların yerləşdiyi yüksəklikləri və s. bu alət vasitəsi ilə ölçərdilər.

Ənkəbut – hörümçək – üstürlabın əsas hissələrindən biri.

109

Ağ və qara – gecə və gündüz.

110

Təngluşa – Luşanın kitabı. Babil münəccimi Tevkr Babilini (I ə.) farsca Luşa adlandırıblar. Luşa günəşin (ekliptika) və ulduzların (zodiak) hərəkəti haqqında məşhur kitabın müəllifidir. Nadir miniatür, nəqş, ulduz və bürclərin şəkilləri ilə bəzədilmiş həmin kitab Şərqdə böyük şöhrət qazanmış, əsrlər boyu gözəllik xəzinəsi sayılmışdır.

111

Günəşin şüaları qəsrin hamvar, cilalanmış divarlarında əks olub, düz cənnətə çatır və hurilərin gözlərini qamaşdırırdı, hurilər də məcbur olub gözlərinə örtük salırdılar.

112

Sirişüm – yumurta sarısından düzəldilmiş yapışqan.

113

Çin biharı – qızıl, bürünc büt və əlvan naxış və rəsmlərlə bəzənmiş Çin bütxanələri, gözəllik rəmzi. Bihar hind sözü vihardan əxz edilmiş və məbəd deməkdir.

114

Firdovsinin "Şahnamə"sinin əsas qəhrəmənlarından biri olan İranın qüdrətli və əzəmətli şahı Keyxosrov öz şahlığının çiçəklənən çağında hakimiyyətdən imtina edib qarda, çovğunda, boranda dağlarda yox olur.

115

Bu beyt onun məharətli münəccim olmağına işarədir.

116

Zic – təqvim, astronomiya cədvəli.

117

Göylərə qalib gəlirdi, günəşi belə top kimi öz çövkəninə salırdı.

118

Əsatirə görə, Yəmən ulduzu Süheyl (Canopus) o ərazinin nemət mənbəyidir. Dünyada şöhrət tapmış ən incə dəri olan ədim guya Süheylin şüaları sayəsində xamlığını itirib qırmızı şəffaf rəng alır.

Beytin mənası: Bəhramın Süheylə bənzər parlaq üzü Yəmən torpağına işıq saçanda Münzirin üzü ədim kimi sevincdən qızarırdı.

119

Burada Günəş çövkənin topuna bənzədilmişdir. Qürs isə Ayın çevrəsi deməkdir.

120

Onun qırmızı zünnara bənzər boyunbağısı – zolağı, gül rəngli duvağı – teli vardı.

121

O, bütün gurlardan, onun sağrısı, ombası isə onun özündən, yəni bütün bədənindən gözəllik topunu udmuşdu. Başqa sözlə, o, bütün gurlardan gözəl idi, sağrısı isə bədəninin ən gözəl yeri idi.

122

Dərvişlər adətən dəri geyirlər. O gur otla bəslənib, otla qohumluq edən bir şölə, od-alov idi; o gur dərviş paltarı geymiş bir gülcamal, bir gözəl idi.

123

Cidov – çarpaz bağlı.

Gurun ombası yəhərə və qara zolaq isə yəhəri gurun belinə baqlayan qayışa (kəmərə) bənzədilmişdir.

124

Tismə – nazik, uzun qayış.

125

Şairin zamanında zənci hoqqabazları tismə ilə müxtəlif oyunlar göstərərmişlər.

126

Yəni quyruğu ilə sağrısına qonan milçəkləri qovar, ayaqlarının dırnaqları isə boynunu, qulaqlarını qaşıyardı.

127

Bəhram Çin türkləri gurxanilərə qalib gəldiyi üçün ona Gurxan ləqəbi vermişdilər. Şair həmin adın şairanə etimologiyasını izah edərək demək istəyir ki, o, Gurxan yox, gurların xanı idi.

128

Çin nigarıstanı – Çindəki budda və Mani məbədləri. Nigarıstan – bütxana deməkdir, bu sözun kökü nigaştən – "al-əlvan cizgilərlə" bəzəmək, şəkil çəkmək felindən əmələ gəlmişdir. Nigar – al-əlvan cizgilərlə bəzənmiş deməkdir.

129

Aşağıda adları çəkilib təsviri verilən gözəllər yeddi elin – ölkənin gözəlləri deyil, dünyanın yaşayış məntəqəsini təşkil edən yeddi iqlimin (hər iqlimə onlarca ölkə daxildir) gözəlləridirlər.

130

Nizami poeziyasındakı Çin müasir çoğrafi Çin demək deyildir. Çin deyərkən şair Şərqi Türküstanı nəzərdə tutur, türk sözü isə Nizami luğətində gözəllik, ağlıq, nəciblik rəmzidir. Təraz (indi Talas), Yağma, Xotən həmin Türküstan Çinində yerləşmiş şəhərlərdir və öz gözəlləri ilə məşhur olublar.

131

Yəni onun qəmər – ay üzündə müşkə bənzər xətlər – tüklər yenicə çıxmışdı.

132

Yeddi qardaş – yeddi planet.

133

Yəni əqiqə bənzər bədəninə firuzə – yaşıl rəngli libas geyindirdi. Yaşıl, göy rəng abbasilər sülaləsi hakimiyyətdə olan zaman (750-1258) matəm rəmzi olmuşdur. Həmin rəngi şair sasanilərə də aid edir.

134

Burada göySüheyl – Bəhram, yer – İran deməkdir. Beytin mənası: Yəməndə yaşayıb Yəmən ulduzu Süheylə bənzəyən və göylərə ucalan Bəhram İrana yürüş edib onu cəzalandırmaq istəyir.

135

Yəni böyük xətər qarşısında dikbaşlılığı atıb məsləhətləşməyə və çıxış yolu axtarmağa başladılar.

136

Qədim təsəvvürə görə, Ay tutulanda guya onu əjdaha udurmuş, odur ki, əjdahanı qorxudub Ayı onun ağzından çıxarmaq üçün mis teşti, ləyəni döyərək səs-küy salarlarmışlar.

137

Yəni Bəhramın taleyi öz taxtını Əsəd (Şir) bürcündə qurmuşdu, bu isə qüdrət rəmzidir.

138

Ütarid (Merkuri) planeti Günəşə yaxınlaşmışdı, bu isə qədim astroloqların nəzəriyyəsinə görə səadətə dəlalət edir.

139

Zöhrə (Venera) planeti Sur (Öküz) bürcü, Müştəri (Yupiter) isə Qövs bürcünə yaxınlaşmağı şənlik, çalıb-oynamaq, nemət bolluğu, rifah əlamətidir. Firdövs behişt, cənnət deməkdir.

140

Hilalın – təzə ayın onuncu bürcdə, Bəhramın (Marsın) altıncı bürcdə olması həm ziyafət, şənlik, xoş güzəran, həm də müharibə əlamətidir.

141

Zühəl (Saturn) planetinin Mizan bürcündə olması varlıq əlamətidir. Odur ki, Bəhramın var-dövləti sanki yerdən Keyvana (Saturna; Zühəl ərəbcə, Keyvan isə farsca Saturn deməkdir) qədər ucalırdı.

142

Qara və ağ – gecə və gundüz, dünyanın rəmzi, yəni gecə və gündüzdən ibarət olan bu dünyada nə qədər adam var, məndən ədalət görəcək.

143

Dirəm – dirhəm sözunün müxəffəf şəkli. Dirhəm gümuş pul deməkdir, yəni pul dəyərə mindi, öz qiymətini tapdı.

144

Yəni o qədər abadanlıq saldılar ki, Rey (indiki Tehran) şəhərindən İsfahana qədər korlar damların üstü ilə gedə bilərdilər.

145

Zöhrə (Venera) – çalğı, rəqs və şənliyin hamisidir. O, Sur (Öküz) bürcündə qərar tutanda Yer üzündə həm sabitlik, firavanlıq, həm də çalıb-oynamaq, şənlik, ziyafət məclisləri, eyş-işrət bərqərar olur.

146

Qövs həm bürcün adı, həm də kaman deməkdir. Müştəri planetinə xoşbəxtlik gətirən Qövs bürcüdür. Yəni Müştəri kimi əzəmətli olan Bəhram öz kamanının (qövsünün) oxunu Müştəri planetinə tərəf atdı ki, Qövslə Müştəri yaxınlaşıb ona səadət gətirsin.

147

Bahar fəslində Günəş Öküz və Buzov bürclərində mənzil salır, məcazi mənada: Günəş Buzovu öz çiynində aparır. Şair çox gözəl obraz yaradıb, dolayı yolla Fitnəni Ayla, divanı isə Öküz bürcüylə müqayisə edir. Beytin mənası: bahar fəslində çiynində buzov gəzdirən Günəş görmüşdük, amma buzov gəzdirən Ay görməmişdik, eləsi varmı?

148

Onun sərvəxizrana (qamışa) bənzər qamətinin üzərində üzü piyalə içərisindəki al şərab və lalə kimi allanırdı.

149

Keçmiş zamanlarda qadınlar özlərinə bəzək vermək uçün yeddi rəngdən istifadə edirdilər: xına, basma, sürmə, ənlik, kirşan, qaliyə (müşk və ənbərdən hazırlanan kosmetika məhsulu) və zərvərəq.

150

Yəni hindli qarətgərləri xəzinə üzərinə atılan kimi Bəhram Fitnənin üstünə atıldı.

151

Mahi – balıq, mah – Ay. Bu sinonim sözlərdən istifadə edərək şair xüsusi ifadə yaratmışdır. Balıqdan Aya qədər, yəni yerdən göyə qədər. (Yeri öz üzərində saxlayan əfsanəvi balıq nəzərdə tutulur.)

152

Sarıqulaqlar – pozğunlar, xəbislər, alçaqlar; qara su – gözü kor edən göz xəstəliyi. İkinci mənası isə tufan deməkdir.

153

Nizamidə beytin mənası belədir: yüz adam yaşayan bir evdə adətən iğtişaş olar, amma Bəhramın süvariləri bir nar içində yerləşmiş nar dənələri kimi bir-birləri ilə yekdil və həmrəng idilər.

154

Bəhram – Mars planetinin qədim adıdır, Mars isə müharibə ilahəsi sayılır.

155

Yəni ox kimə dəyirdisə, onu deşib bədəninin o biri tərəfindən çıxırdı – xilas olurdu.

156

Zöhrə (planet) və zəhrə (öd) omonimlərdən mahiranə söz oyunu düzəldilmişdir. Yəni Bəhram o qədər qan tökdü ki, Zöhrənin qorxusundan bağrı yarıldı və öd qusdu.

157

Əjdər – burada nizə deməkdir.

158

İrəc, Arəş, Kiv – Firdovsi "Şahnamə"sinin qəhrəmanları.

159

qara – gecə və gündüz, yəni nə qədər gecə və gündüz gəlib-gedibsə, şahın göstərdiyi bu qəhrəmanlığı görməmişdir.

160

Yəni, şahın taxtı o qədər ucadır ki, o, üzərində Yer durmuş balığın üstündən Aya qədər yüksəlir. Balıqdan Aya qədər idiomatik ifadədir, yerdən göyə qədər məfhumunu əvəz edir.

161

Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi Cudi dağında (indiki Ağrı) tufandan kənara çıxmışdı.

Beytin mənası: Bəhramın səxavət gəmisi adları mətndə çəkilən (müşkənbəri, hindi qılıncları, paltarları və s.) Nemanın Cudi dağı kimi yüksək olan vücuduna tərəf apardı.

162

Şüştər – İranın cənubunda Xuzistan vilayətində yerləşmiş ən qədim şəhərlərdən biri. Ticarət mərkəzi olmuş bu şəhərin gəliri dillər əzbəri olmuşdur.

163

Qarğalar bülbüllərin səsini oğurlayıb oğrular kimi: "Oğrunu tutun" deyə qar-qar qarıldayırdı.

164

Hindli – klassik poeziyada oğurluq, qaralıq və keşikçilik mənasını ifadə etdiyi üçün qara qarğalara bənzədilmişdi.

165

Şair burada tiğ (تیغ) sözünün omonimiyasından istifadə edib poetik məzmun yaratmışdır. Tiğ həm qılınc, həm də günəş şüası deməkdir.

Beytin mənası: Soyuqdan su donub buz olur və qılınc kimi kəskin olurdu, Günəşin qılıncı – şüası isə donub şehə dönürdü, su olurdu.

166

Göylər sincab rəngli boz buludlarla dolmuş, dağlar isə qaqum dərisi kimi ağ və yumşaq qarla örtülmüşdü.

167

Yəni bitkilər boyatma qüdrətini itirib başlarını yerə endirmiş, elə bil namaz qılırdılar.

168

Əməlləri məchul, başa düşülməz kimyagər ağlı və qarlı, yəni gecəli-gündüzlü cahan odu ləl kimi daşın ürəyində gizlətmişdi, odur ki, ətrafda istilikdən əsər-əlamət yox idi.

169

Burada gülab çəkilməsi nəzərdə tutulur. Suvaq – hikmət gili – kimyagər və zərgərlərin kürənin döşəməsinə yaydıqları gil. Yəni gül hikmətin hökmünə görə şaxtanın təhlükəsindən xilas olmaq üçün köhnə kürədə gizlənib və kürənin ağzını çox möhkəm olan hikmət gili ilə suvamışdır. Bəzi nüsxələrdə kürə əvəzinə kuzə yazılmışdır, bu mətnə daha uyğun gəlir, çünki gülab kuzədə yox, kürədə çəkilir, çünki gülabı yazda-yayda çəkərlər. Mətndə aydın şəkildə deyilir ki, vaxtilə çəkilmiş gülab ağzı hikmət gili ilə bağlanmış küplərdə, kuzələrdə gizlənmişdi.

170

Tabxana – süni surətdə qızdırılan böyük otaq, zal.

171

Kükürd ocağı – zərdüştilərin müqəddəs atəşi. Bu və bundan sonrakı beytlərdə şair səndəl və uddan (aloye) qalanmış ocağı zərdüştilərin atəşinə, laxtalanan qana, qana batmış al-qırmızı ipəyə, innaba, şəngərfə, qızarmış kömür parçaları qara özəyi çıxarılmış və onun yerinə nar dənələri doldurulmuş almaya, yarı yanmış, yarı qaralmış səndəl qırla boyanmış kəhrəbaya, müşklə niqablanmış günəşə bənzətmişdir. Kömürün alovlanmamış qara hissəsi zülmətə, qızarmış hissəsi isə nura, şəfəqə təşbih edilmişdir.

172

Birinci sətirdə ocağın şöləsi ilə Rum – Kiçik Asiyada yaşayan alyanaqlı ağ türklər ilə müqayisə edilir. İkinci sətirdə hindlilər deyərkən VII əsrdə İrandan Hindistana qaçmış, indiyə qədər də orada yaşayan zərdüştilər – atəşpərəstlər nəzərdə tutulur. Zərdüştilər odu göz işığı kimi sevirdilər.

173

Əfsanəyə görə, Yunis peyğəmbər dəryada naqqanın qarnında yaşadığı vaxt əlindəki çırağın işığı ilə dəryanı görərmiş. Kəlim – yəni Musa Sina dağında tonqal yananda göylərə qalxmış və Allah tərəfindən qəbul edilmiş, İbrahim peyğəmbəri müstəbid Nəmrud şah qalanmış kürəyə atdırarkən kürədəki alov-od sönüb güllü-çiçəkli bağa çevrilmişdi. İsa peyğəmbərə qonaq gələndə heç nəyi olmadığı üçün onlara yalnız çırağının işığını təklif edərmiş.

174

Qədim təbabətə görə, üç çalarlı (sarı, qırmızı və mavi) yaqut gözün işığını artırır.

175

Beytin mənası: Odun hərarəti, yandırma qabiliyyəti cəhənnəmdən, işığı, nuru isə cənnətdən gəlib.

176

İslam təliminə görə, xristianların və başqa dinə qulluq edənlərin hamısı cəhənnəmə vasil olacaq və cəhənnəm odunda yanacaqlar. Mömin müsəlmanlar isə sırat əl-müstəqim körpüsündən keçəndə cəhənnəm onlara uzaqdan əlvan, çırağban bir bağ kimi görünəcəkdir.

177

Zərdüştilər – atəşpərəstlər atəşgahlarda öz müqəddəs "Zənd-Avəst" kitabından atəş ətrafında dini nəğmələr oxuyardılar.

Xirqə – ən kobud parçadan tikilmiş yamaqlı əba, sufilərin rəsmi geyimi. Burada müqəddəs libas simvolu kimi işlənmişdir.

Muğ – (qədim fars dilində maqu) – atəşpərəstlərin kahini.

Muğlar atəşgahlarda atəş ətrafında oxuyub ritual rəqs edərkən bəzən hala (ekstaza) gəlib öz qaftanlarını (xirqələrini) yandırarlarmış.

178

Beytdə aksimaron deyilən poetik fiqur vasitəsi ilə çox gözəl və nadir obraz yaradılmışdır. Şərab quru suya və atəşə bənzədilmişdir. Ona görə ki, o büllura və içiləndən sonra isə atəşə oxşayır.

179

Gurgözlülər – iri, gözəl gözlü gözəllər.

180

Sipehr – göy, səma, fələk.

181

ŞidəXürşid sözünün ikinci hissəsini təşkil edən şid sözündən alınmış və parlaq deməkdir.

182

Bəhram – Mars planeti, yəni həm Bəhram-Gurun, həm də onun hamisi olan və qədim şəmsi (günəş) təqvimində hər ayın 20-də aydın və parlaq görünən Bəhramın (Marsın) əlindən şirin bar – xeyir-dua alıb işə başladı.

183

Şəmmas – hərfi mənası günəşə qulluq edən deməkdir, rəvayətə görə, atəşgah tikən atəşpərəst olmuşdur.

Şəmmas məbədi – atəşgah.

Abbas – Məhəmməd peyğəmbərin əmisi (653-cü ildə vəfat edib), Əbbasilər xilafəti onun adı ilə bağlıdır və həmin sülalənin şüarı qara rəng olmuşdur. Abbasın qara diyarı – qara günbəd.

184

Beş növbət – şah sarayının qabağındakı meydançada gündə beş dəfə çalınan şeypur və nağara nəzərdə tutulur, əzəmətli şahlığın rəmzi olub.

Dörd balış – dörd ünsür. Qədim təsəvvürə görə, dörd ünsür Ayın yerləşdiyi sferada dörd balış şəklində yerləşir və Ay da onlara dirsəklənir.

Beytin mənası: Qoy Ay həmişə dörd ünsürə yox, şahın beş növbəsinə arxalansın, yəni şah əbədi yaşasın.

185

Mətndə: "Mənə qır və Qeyruvandan xəbər ver" yazılmışdır.

Qeyruvan – Afrikanın qədim şəhərlərindən biridir, VII əsrdə salınmışdır, indiki Tunisdə yerləşmişdir. Lakin burada sözün lüğəvi mənasında işlədilmişdir – qır ölkəsi deməkdir, "Qır və qır ölkəsindən xəbər ver" – zərb-məsəldir, əsl mətləbə keç deməkdir. Mətndə çox yerində işlədilib, qara geyinənlər və qaralar ölkəsi nəzərdə tutulur.

186

Yəni evlərin qabağında qara rəngli bayraq sancmış və qara geyinmişdilər.

187

Yəni yasəmən gülün ləçəklərinə dəyirdi; Ərğəvan çiçəkləyəndə yarpağı olmaz, ərğəvanın dili deyərkən onun yarpaqları nəzərdə tutulur. Yəni çəmənzar o qədər gözəl və yaşıl idi ki, ərğəvanın yarpaqları utandığından göyərib çıxmırdılar.

188

O bağ o qədər gözəl idi ki, hətta əfsanəvi cənnət bağı – İrəm ona "Arami-dil", yəni "ürək rahatlığı" deyirdi. "Arami-dil" həm də nəğmə adı olub. Belə halda məna bir az dəyişir: İrəm bağının gözəlliyinə vurulub, ona "ürək rahatlığı" nəğməsini oxuyurdu.

189

Minu – cənnət.

190

Rahi-reyhan – gül ətirli və gül rəngli badə, şərab. Rahi-reyhanın luğəvi mənası reyhan ətri deməkdir. Rah, reyhan, ruh – üçü də ərəbcə bir kökdəndir və bundan istifadə edərək şair çox gözəl obraz yaratmışdır.

191

Xuzistan vilayəti (İranın cənubunda) qədim zamanlardan öz şəkər və qəndi ilə məşhurdur. Şair deyir ki, onların al lələ bənzər dodaqları o qədər şirin idi ki, Xuzistanı utandırırdı.

192

Yəni rumlu türklərə bənzər ağ və al yanaqlar öndə, onların arxasında isə zəncilərə bənzər qara qıvrım geysular gedirdilər.

193

Burada torpaq – qul, müti mənasındadır.

194

Nalı atəşdə (kürədə) qoymaq – qədimdə bir növ cadu olub ki, onun vasitəsi ilə məşuqu əfsunlamaq və ram etməyə çalışarmışlar.

195

Xəllux – qədim Türküstan şəhərlərindən biri, öz ağ türk gözəlləri ilə məşhur idi. Həbəşistanda yaşayanlar isə ədəbiyyatda qaranlıq və çirkinlik rəmzi olublar.

196

Fərş (əslində nət) – dəridən, göndən düzəldilmiş cəllad xalçası. Şahın hüzurunda qəsrdə məhkumun boynunu vuranda nəti salıb üstünə də qum tökərlərmiş ki, qan döşəməni bulamasın; nətin ikinci mənası isə adi örtük, nazik dəridən – ədimdən qayrılmış xalçadır. Torktaz Torknazdan xahiş edir ki, ya oturduqları fərşin üstündə onunla oynaşsın, ya onun boynunu vursun.

197

Balığın beli adətən qara və ən yeməli yeri olur, onun onurğa sümüyü isə ağ olur, yeməli olmur.

198

Kənizlə yatmaqdan vaz keçib ehtiras qapısını öz-üzünə bağladı, şəhvət ilanını öldürüb ayrılıq, hicran əjdahasından xilas oldu.

199

Şəkər səpələdi – yəni şəkər kimi şirin söhbətə başladı.

200

Təsdis – altı bucaq. Zöhrənin təsdisdə – yəni altı planetin ortasında oturması məhəbbət və xoşbəxtlik rəmzidir.

Beytin mənası: Məhəbbətlə əhatə olunmuş Zöhrə altı planetin arasında oturan kimi Bilqeys Süleymanla oturmuşdu.

201

Yəni, Gül kimi başqalarının əlində gəzməkdən xilas oldum.

202

Pişva – rəhbər, öndə gedən, qabaqcıl.

203

Balıqdan ayadək – yerin altından göyə qədər.

204

Yay (kaman) – donqar bel. Yəni heç kimin oxu qarının donqar belinə dəyib onu yaralaya bilməsin.

205

Şah başa düşdü ki, həmin hiylə vasitəsilə onun qurduğu tədbir qalıbı onun istədiyi kərpici verəcəkdir. Yəni o, öz məqsədinə nail olacaqdır.

206

Əsatirə görə, Nuh tufanı bir qarının təndirindən başlayıb.

Beytin mənası: Kəniz öz-özünə fikirləşdi ki, Nuh tufanı qarının təndirindən başladığı kimi onun başına gələn müsibətin səbəbi də onların evinə gəlib-gedən qarıdadır.

207

Müzəvvir – xəstələr uçün əvəlik və kududan hazırlanan xüsusi şorba.

Beytin mənası: Qarı mənə dedi ki, başqa bir kənizdən özünə yalançı bir müzəvvir hazırla, yəni başqa bir kənizlə yalandan eşqbazlıq et. Mən də hazırladım və o müzəvviri – xəstə xörəyini yeməmiş (yəni o kənizə əl vurmamış) sağaldım.

208

Günəş Həməl bürcündə bahar fəslində qərar tutur.

Bərdi-əcuz – qarı şaxtası – qışın axır ayındakı şiddətli şaxta, boz ay şaxtası. Yəni indi mənim Günəşim sənin vüsalının Həməl bürcündə – bahar fəslində şadlanan bir zamanda qışın şaxtasından nə qorxum ola bilər?

209

Qədim təbabətə görə, zəfəran gülmək gətirir və bütün dərdlərə dərmandır.

210

Musanın danası – Tovratdakı "Qızıl dana", Musa peyğəmbər öz icmasını – yəhudiləri Misirdən xilas edib Fələstinə gətirdikdən sonra onun ümmətinin bir hissəsi tövhidi (monoteizmi, tək ilahiliyi) unudub, qızıldan bir dana düzəldib ona bir büt kimi sitayiş edirlərmiş. Musa o bütü məhv edib.

211

Sarı gil – qədimdə sabunu əvəz edən, hamamda yuyunmaq üçün istifadə olunan gülabda yoğrulmuş əla növ gil.

212

Yaşıl çıraq – təzə, nurlu, şöləsinin ucu yaşıl parlaq çıraq. Dini əsatirə görə, mələklər yaşıl paltar geyirlər və həmişə yaşıl bağda yaşayırlar.

Beytin mənası: Bəhram yaşılı yaşıl üstündən geyib yaşıl çıraq kimi parladı.

213

Yəni Bişr kimi aşiqi öz gözəlliyi ilə öldürüb, onun qanını boynuna götürüb tələsik evə qaçdı.

214

Orta əsr müsəlman ölkələrində elmül-ədəb, yəni ədəb elmi 12 fəndən (Quran, hədis, təfsir, ədəbiyyat, əruz, coğrafiya, tarix, inşa, xəttatlıq və s.) ibarət idi.

215

Torpaq quyu – qəbir, yəni su quyusundan çıxarıb qəbrə apardı.

216

Kargah – Emalatxana; burada Allahın emalatxanası nəzərdə tutulur.

217

Bişr qulağı sırğalıya elə vurulmuşdu ki, ona qulağı halqalı qul oldu.

218

Xüsuf – Ay tutulması, Ayın nöqsana, qaranlığa düçar olması. Ay tutulanda guya onu əjdaha udur; burada Məlixa əjdahaya, arvadı isə Aya bənzədilmişdir.

219

Şənbəlid – vəhşi zəfəran. Məlixa öz libasında yəhudi nişanı olan sarı rəngli qiyar (yəhudilərin öz paltarlarına tikdikləri sarı rəngli parça) gəzdirdiyinə görə şənbəlidə, vəhşi zəfərana, Bişr isə pak, xeyirxah və ismətli olduğu üçün ağ rəngli süsənə bənzədilmişdir.

220

Dey ayı (دی) – şəmsi (günəş) təqviminin onuncu ayı, dekabrın 22-dən yanvarın 22-nə müvafiq gəlir.

Tir ayı (تیر) – şəmsi təqviminin dördüncü ayı, iyunun 22-dən iyulun 22-nə uyğun gəlir.

221

Yəni o, öz əqiqə bənzər al dodaqlarından dürr tökməyə başladı.

222

Beytin əsli belədir: O gözəlin şəkərə bənzər ağzı o qədər zərif və dar idi ki, şəkər dağının ürəyi həsəddən onun incə və dar kəmərinin halqasından da dar olmuşdu.

223

Dilfərib – könül aldadan, məftun edən, cazibədar gözəl.

224

Ruyindiz – İndi Rəvandüz deyilən keçmiş Ruyin-Dej qalası. Marağanın yaxınlığında yerləşmiş həmin qədim və alınmaz qala Marağa hakimi Körpə Arslanın qərargahı idi. Ruyinduz bürünc qala deməkdir.

225

Sədəf adi yağış damlasını tutub öz içində düyünləyərək dürrə çevirən kimi onun qələmi də kağıza dəyən kimi inci kimi qiymətli naxışlar yaradır.

226

Lö-lö – inci, dürr.

227

Zöhrə (Venera) – slavyan qızı, Süheyl (Yəmən ulduzu) – müdrik cavan.

228

Mühəvvəl – həvalə edilən, tapşırılan.

229

Yəni gecə müşk kimi qara bayrağını qaldırıb gümüş tək ağ gündüzün üzünü qır kimi qara qələmlə qaralayanda onlar keyf məclisinə başladılar.

230

Gecə şahı – Ay.

231

Xoruzun səsi nağara səsi kimi göylərə ucalanda, günəşin qızıl təblinin səsi ucalıb dağa, dərəyə çatanda, yəni səhər açılanda.

232

Yəni açıq zindandan məhbuslar yox olan kimi, cinlər də yox oldular.

233

Kəndlilər yerə toxum səpən kimi Mahan ətrafına söz səpərək yaltaqlıq etməyə başladı.

234

Lahövlə dəhşətli və qorxunc bir hadisə görəndə oxunulan məşhur ərəb formulasıdır: "La haulə və la qüvvətə illa billah il-Azim" (لا حول ولاقوة إلا بالله العلي العظيم) (Əzəmətli Allahdan başqa heç kimsədə qüdrət və qüvvət yoxdur.)

235

Zəbani – cəhənnəm məmuru.

236

Şax-şana – çırtıq vurmaq, əl çalmaq.

237

Beytin mənası: Bizim dövrəmizi kəmər kimi qurşaqlamış göyün yeddi baş əjdaha olması heç də təəccüblü deyil. Əjdahanın iki qanadı – gecə və gündüz, dörd ayağı – dörd ünsür və yeddi başı – yeddi qatdan ibarət olan göy. Əjdaha deyərkən şair cismani həyatı, təbiəti nəzərdə tutur.

238

Sevda – qara malxulya (melanxoliya) xəstəliyi, hava çox quru olanda şiddətlənir.

239

Qaranlıqda əlini yumşaq qara ipəyəbənzər qumun üstündə gəzdirərək (əlin izləri naxışa bənzədilmişdir) başının altını düzəltmək üçün qum yığmağa başladı.

240

"Xəlifə lüqməsi" – dadlı və rahat həzm olan xirniyə bənzər meyvə.

241

Bol ağ və qara üzüm gətirmiş tənəklər (meynələr) öz barı ilə qürrələnərək yarpaq papaqlarını yan qoymuşdular.

242

Hoqqabazlar (foksçular) öz hoqqa deyilən dəyirmi sandıqcalarında möhrə (şar) və başqa gözübağlıcı vəsait saxlayarlarmış. Şair yemişi (qovunu) həmin hoqqaya bənzətmişdir.

243

Dürd – şərabın çöküntusü.

244

Yəni qapı və pərdə o qədər uca idilər ki, göy onların kəmərinə qədər çatır və onların yalnız qurşaqlarını (belini) öpə bilirdi.

245

Qayışbaldır – ayaqları qayış və ya tismədə olan qulyabanı. Qayışbaldırlar özləri ayaqları üstə durub yol gedə bilmirlər. Buna görə də yoldan gecəni azdırıb-aldadıb onun boynuna minirlər, qayış ayaqlarını onun belinə dolayıb yolçunu ölənə qədər sürürlər. Qoca Mahana "Bu gecə sən də qayışbaldırlıq et" deyərkən həm qayış nərdivanla yuxarı külafirəngiyə qalxmağı təklif edir, həm də bir növ orada qayışbaldır qulyabanıların yaşadığına işarə edir.

Mətndə yazılmışdır: "Heç kəs səninlə qayışbaldırlıq edə bilməsin" – yəni heç bir qayışbaldır qulyabanı səni aldadıb yoldan çıxara bilməsin.

246

On yeddi oyun – qədim nərd oyununda doqquz oyundan ibarət olan tasda, səkkiz dəfə mars edib, doqquzuncu oyunu udaraq on yeddi dəfə rəqibi udmaq deməkdir.

Beytin mənası: Gələn on yeddi gözəlin hər biri gözəllikdə ayı on yeddi dəfə udmuşdu.

247

Zirə aşı – şüyüd plov.

248

Bulqar – Nizami dövründə Volqa çayı ətrafında yaşayan və IX əsrdən böyük dövlət qurmuş türk xalqlarından biri. Bulqarlar, əsasən, heyvandarlıqla məşğul olurdular və öz cins qoyun sürüləri və at ilxıları ilə məşhur idilər.

249

O, öz yaquta bənzər ağzı ilə onun əqiqə bənzər al dodaqlarını öpdü.

250

İfritə demək istəyir ki, əgər o Mahanın başına min cür oyun, fəlakət gətirməsə, qoy o Mahanın əvvəl gördüyü kimi gözəl pəri simasına mübtəla olsun. İfritə üçün gözəl gəlin simasında qalmaq böyük əziyyət və eybəcərlikdir.

251

Öküzgözlü – klassik ədəbiyyatda ceyrangözlü məfhumuna bərabərdir, çünki öküz gözləri iri və gözəl olur.

252

Əslində buxar deyil, buxarıstan yazılmışdır, üfunətli buxar qalxan yer deməkdir.

253

Qədim təsəvvürə görə, ilanın başında yerləşmiş bir möhrə vardır ki, ən yaxşı padzəhrdir və ilan vuranı onunla sağaldırlar.

254

Qürsə – kökə, qürs – günəşin dairəsi, günəş şarı. Bu omonimiyadan istifadə edərək şair söz oyunu yaradır və demək istəyir ki, göy gül ona görə gözəl və ətirlidir ki, öz qidasını günəşdən alır.

255

Səhər öz ətir kisəsini açıb, uda bənzər gecəni yandırıb səndəl ətri saçmağa başladı.

Pəncşənbə, yəni cümə axşamı Müştəriyə mənsubdur, səndəl rəngi ona məxsusdur. Odur ki, səhər açılan kimi yer səndəl ətri saçmağa başlayır.

256

Sürməyi-fəzanın sədəfi olan Ay öz ağzından göyə dürrə bənzər ulduzlar səpərkən, yəni Ay və ulduzlar qaranlıq fəzaya çıxanda şah Çin gözəlinə nağıl söyləməyi əmr etdi.

257

Məşk – dağarcıq.

258

Onun od rəngli iki ləli var idi, onlar saf sulu idilər, lakin su onların cövhərində idi. Odur ki, o suyu içmək mümkün deyildi. Sulu ləl – təmiz, saf ləl.

259

Daşdan bulaq yonmaq – bihudə, havayı, mənasız işlə məşğul olmaq.

260

Tutaq ki, sənin çeşmən – suyun içməlidir, dadlıdır, lakin göz çıxarmaqdan xeyir görməzsən.

261

Kəməndə oxşar hörüklərini aya bənzər üzünün arxasına salmışdı.

262

Kürd səhradan qayıdıb səfrasını öldürmək üçün (qarnının qurdunu öldürmək üçün) yemək istədi, lakin evdə qeyri-adi bir şey gördü ki, səfrası daha da cuşə gəldi.

263

Dəyirman daşını fırladan öküzün gözlərini bağlayırlar ki, bir yerdə fırlandığını görməsin. Burada Xeyirin göz sarğısı dəyirman öküzünün göz örtüyünə bənzədilmişdir.

264

Harun – keşikçi. Qədimdə şahların keşikçiləri kəmərlərinə zınqrov (səlasil) bağlayarlarmış, keşikçilər gəzdikcə zınqırovlar səslənib keşikçilərin oyaq olduqlarını bildirərmiş. Xoruzun banı həmin zınqrovların səsinə bənzədilmişdir.

265

Mübəşşir – xoş xəbər gətirən.

266

Zənciyə bənzər qara gecə Xötənin ağ, gözəl türk qızlarına bənzəyən gündüzə hücum etməyincə, yəni bütün günu gecəyə qədər şah şənlik meydanını genişləndirib şənləndi.

267

Burada möhrə lay, hissə deməkdir. Qədimdə bağ hasarlarını gildən, torpaqdan hörərdilər. Bir möhrə – 105 sm. Hörgü qurtarandan sonra, onun üstünə birinciyə nisbətən nazik bir möhrə də hörərdilər. Görünür, təsvir olunan bağın hasarı dörd möhrədən, hundürlüyu isə 4 m 20 sm-dən ibarət imiş.

268

Sufilərin müşahidə mərasimi nəzərdə tutulur. Yəni bağda dayanıb diqqətlə müşahidə etməyə başladı ki, görsün orada nə üz verib.

269

Onlar işlənməmiş, yandırılmamış şama bənzər bakirə gözəllərdirlər və hələ onlara ər malikiyyət damğası vurulmamış naxışa bənzər pak dilbərdirlər.

270

Onların əjdaha kimi yoğun və qıvrım hörükləri onların xəzinələrinin üstünə – bakirə yerlərinə sallanmışdı. Rəvayətə görə, əjdaha həmişə xəzinə üstündə yatar.

Əvvəllər narınca bənzər məmələri isə böyüyüb turunc boyda olmuşdu.

271

İkinci sətir zərb–məsəldir. Bir şeyi buza yazıb günə qoymaq – xam xəyal bəsləmək deməkdir. Yəni o gözəllərin almaya bənzər çənələrini öpmək arzusu xam xəyal idi.

272

Pərdə gözəlləri – evdə pərdə arxasında böyümüş və heç kimsənin üzünü görməmiş və heç kimsə də onların üzünü görməmiş bakirə gözəllər. İkinci misra orijinalda belədir: "Bir hovuz gördülər aylı, balıqlı". Gecə ay işıq saçarkən balıqlar qaçıb gizlənərlər, odur ki, burada ay deyəndə gözəllərin hovuzda əks olunan aya bənzər üzlərinə işarə edilir.

273

Yəni ehtiraslı kişilər tərəfindən arzu edilən öz gümüşə bənzər ağ bədənlərinə gözəllər su çilədilər.

274

Aya bənzər gözəllər balıqlarla bir yerdə hovuzda üzməyə başladılar.

275

Zərb-məsəldir, təqribən "doşab almışdıq, bal çıxdı" misalına müvafiqdir.

276

Burtas – rus düzəngahlarında yaşayan məşhur türk qəbilələrindən biri olmuşdur. Onlar əsasən ovçuluq və heyvandarlıqla məşğul olmuşlar. Nizaminin vaxtında xəzi Azərbaycan bazarlarına əsasən burtaslar və ruslar gətirərmişlər. Burtasların yorğanları parlaq ağ qaqum və dələ dərisindən olduğu üçun gündüzün işığını şair onunla müqayisə edir.

277

Günəşin bir dəstəli qılıncı – şüası itəndən sonra gecənin zirehi, yəni göy min mıxla, yəni ulduzla doldu.

278

Yeddi əndam – baş, sinə, iki əl, iki ayaq və qarın nəzərdə tutulur.

279

Onun süsəni – ağ sifəti xeyri gülü kimi saralmışdı.

280

Samanilər – Orta Asiyada, Xorasanda və İranın bir hissəsində hökmranlıq etmiş (874-999) hökmdarlar sülaləsi. Onların saraylarındakı xalça və gəbələr öz naxış və qeyri-adi gözəllikləri ilə məşhur idi. Bağdakı gülzarı şair samanilərin həmin məşhur xalçalarına bənzətmişdir.

281

Möhtəsib – şəriətin qanunlarının həyata keçirilməsinə nəzarət edən məmur.

282

Xacə zülal suya bənzər pak, şəffaf nişanlı tapdı, kəbinini kəsdirib özünə halal arvad edəndən sonra onu halal su kimi içdi.

283

Müştəri və Zühəl təslisdə – üçbucaqda olanda, səyyarə və ulduzların şahı olan Günəş Hut bürcündən (22 fevral – 22 mart) Həməl bürcünə (22 mart – 22 aprel) yollandı, yəni bahar fəsli gəldi, ot və bitkilər dirilik suyu içmiş həmişəcavan, yaşıl paltarda gəzən ölməz Xızr kimi yaşıllaşıb cavanlaşdılar.

284

Ud – adətən Hindistandan gətirilən ətirli torpaq rəngli əzvay.

Beytin mənası: Ud rəngli ətir saçan torpaq müşklə dolub, adətən müşk saçan, ətir satan yel, nəsim indi torpaqdan müşk və ud alırdı.

285

Günəşin üzü qış buludlarının ləkələrindən xilas oldu.

286

Nilufər suda bitir, gündüzlər yatır, solur, əyilir, gecələr isə ayılır, dirçəlir.

287

Süsən gülünün ləçəkləri qızılgül kimi qızıl, al rəngində və əlin içi şəklindədir. O həmin qızılı nərgizin başının tacı üçün hazırlamışdı.

288

Şənbəlid – vəhşi zəfəran.

289

Şəqayiq – bir növ lalə.

290

Nəsrinin – vəhşi nərgizin ləçəkləri gövhərə bənzər şeh damlaları ilə dolmuşdu, süsən isə gözləri sağaldıb işıqlandırmaq üçün öz ləçəklərindən göz dərmanı – tutiya ovurdu.

291

Siçanqulağı – mərzənguş (mayoran) – nanə cinsindən ətirli, təbabətdə geniş surətdə işlənən, ağ balaca gülü və gülün nisbətən uzun saçaqları olan birillik ya çoxillik göy (bitki).

Deyləmlilər – İranın qədim qəbilələrindən biri, Xəzər dənizinin cənub-qərbində yerləşmiş İranın şimal vilayəti Gilanda yaşayardılar. Deyləmlilər öz qıvrım və uzun hörükləri ilə məşhur olublar. Şair mərzənguşun saçaqlarını deyləmlilərin hörüklərinə bənzədir.

292

Qədim təbabətə görə, süsənbərin ətri əqrəbləri bihuş edib öldürür və əqrəb vurmuş xəstələrin də ən yaxşı dərmanıdır.

Burada Əqrəb bürcü nəzərdə tutulur və süsənbərin ətrinin şiddəti və çoxluğuna mübaliğə yolu ilə işarə olunur.

293

İnəkgöz – farsca – gavçeşm (گاوچشم), ərəbcə – eyn əl-bəqərə (العين البقرة) – gül adıdır, filqulağı (pilquş) – bağayarpağına bənzər yekə yarpaqlı ot adıdır.

294

Təqti etmək – ahənglə oxumaq; cənnət beytləri – ən gözəl, ahəngdar və dərin məzmunlu şeirlər.

295

Zəkat – İslam ölkələrində beytülmal üçün dini vergi. İslamın beş rüknündən birini zəkat təşkil edir. Hər il müsəlmanlar öz gəlirinin beşdə birini zəkat verməlidirlər, yəni canavardan qalan qoyunu da din vergisi – zəkat yığan xadim gəlib apardı.

296

Sükutun haqqını canavardan alandan sonra itin ağzı mumlanıb möhürləndi, yəni it cınqırını da çıxarmadı.

297

Rizq – ruzi, gündəlik yemək, yaşayış vəsaiti.

298

Yəni sənə yaxşılıq edib, çörək verən bir adama qarşı naşükür olmaq kafirlikdən, dinsizlikdən pisdir.

299

Qur – Müasir Əfqanıstanın dağlıq ərazisində yerləşmiş vilayətlərdən birinin qədim adı. Qurlular uzunboy, qüvvətli və mübariz olduqları üçün qədim şahların şəxsi mühafizəsində xidmət edirdilər.

300

Yəni onun ağzı o qədər zərif və balaca idi ki, elə bil yox idi. Klassik şairlərin estetikasına görə, ən balaca, dar ağız ən gözəl ağız hesab olunurmuş.

301

Qoşun əfradı – qoşunu təşkil edən əsgərlər.

302

Xədəng – qovaq ağacından düzəldilmiş ox.

Beytin mənası: Vəzir kürd əsgərinin üstünə qışqırıb deyir: "Sənin yay-oxun dövlətə lazım deyil, çünki şah heç kimlə müharibə etmir və etmək fikrində deyil, odur ki, sən get öz yay-oxunla ovçuluq et və özünü dolandır".

303

Yəni: "Mürəkkəbi qabı ilə bir yerdə mən qələm tuta bilməyən savadsızın üstünə atdı ki, başımı yarsın".

304

İndiki kimi qədim zamanlarda da saxsı dibçəklərdə gül, çiçək əkərdilər. Burada saxsıdan yoğrulmuş kuzə deyərkən Yer kürəsi nəzərdə tutulur. Yəni Günəşin şüaları Yer üzünü gül-çiçək kimi bəzəyəndə, səhər açılanda, şah ədalət suyu üçün susuzluqdan yananlara dürrə bənzər ədalət yağışı yağdırdı və onları suvarılmış reyhan kimi xoş və təravətli etdi.

305

Mən özüm ağlığın və gözəlliyin rəmzi olan türk olsam da, sənin qarşında üzü qarayam, həbəşliyəm.

306

Bu və bundan əvvəlki beytdə orijinalda şair üç dəfə peykər sözünü işlətmişdir.

Bu sətirlərin mənası: Şah ədalətin peykərini – simasını muşahidə edib onun mahiyyətinin gözəlliyini dərk etdikdən sonra yeddi peykəri – yeddi planeti, onların şəninə tikilmiş yeddi qəsri və orada yaşayan yeddi gözəli ədalətin peykərinə – vücuduna qurban etdi.

307

Dürlər peyvənd edən – qiymətli, maraqlı tarix yazan, nazim, şair; ləl bağı (sapı) – "Bəhramnamə" dastanı.

308

Orijinalda işrətə yol verməyən tağ əvəzinə büsat açmış günbəd yazılmışdır, yəni fərşini geniş açmış, qılıncının sağı da, solu da kəsən fələk, göy yeddi günbədin, bütün günbədlər kimi tozunu sovurub, onları tar-mar edəcək.

309

Yəni Allaha qulluq etmək üçün atəşgah günbədinin yolunu tutdu.

310

Bəhramın yaşı altmışa çatanda onun bənövşə kimi şəvə saçlarının arasında yasəmən kimi ağ güllər bitdi, yəni onun başı ağarmağa başladı.

311

Ahu sözünün birinci mənası ahu, ikinci mənası isə eyb, nöqsan deməkdir. Şahın öz bədənində yığdığı ahu – nöqsanlardır. O, öz nöqsanlarını öldürüb əbədiyyətə qovuşmaq istəyirdi.

312

Keyxosrovun qarlı, boranlı dağda yox olmasına işarədir.

313

Rəvayətə görə, fillər ölümün yaxınlaşdığını yuxuda görüb ölmək üçün Hindistana gedirlər. Burada fil deyərkən Bəhrama, Hindistan deyərkən isə qəbiristan nəzərdə tutulmuşdur.

314

Qədim təbabətə görə, insanın cismi dörd ünsürdən əmələ gəlmiş dörd mayədən (qan, səfra, sevda və bəlğəmdən – fleqmadan) ibarətdir və həmin mayələr bir küpə (bədənə) yığılmış dörd rəngə bənzədilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qədim təbiblər insan məzacının xarakterinin həmin maddələrdən əmələ gəldiyinə inanırdılar.

315

Bu qaranlıq gecə və işıqlı gündüzdən ibarət olan zəmanədə bəzən eşşəyin də möhrəsi (belinin fəqərələri) İsanın mehrindən-məhəbbətindən xali olmur, yəni eşşək də yüksək rütbəyə çatır. Burada İsanın suvar olub Beytül-Müqəddəsə getdiyi eşşək nəzərdə tutulur.

316

Əks-əyarlı – ən təmiz qızıldan düzəldilmiş, üzərində məşhur və qüdrətli şahın əksi həkk edilmiş pul.

Rumi çeşnisi – Bizans imperatorluğunun yüksək əyarlı parlaq qızıl pulu. Yəni, mən Gəncə şəhərində öz yüksək əyarlı qızıla bənzər poemamı yaradıb, onu şaha ithaf etdim.

317

İyşu – İsa peyğəmbər, onun taxtı günəş kimi göyün dördüncu qatında yerləşmişdir. Bəxtiyşu – Abbasilər xilafətinin məşhur saray həkimi (VIII ə.). Beytin mənası: Körpə Arslan dinin ehkamlarını, şəriətin qanunlarını dəqiq yerinə yetirdiyi üçün İsanın xoşbəxtliyi və Bəxtiyşunun fikir dühası ona nəsib olmuşdur.

318

Göy ona xidmət etmək üçün ayağı üstə durubdur və öz xidmətinə görə də iki girdə çörək (Ay və Günəş) sahibi olubdur. Ücrət – zəhmət haqqı.

319

Onun oxu dağın bağrını yararaq oradan qan nafəsini – al-qırmızı ləl çıxarır.

320

Orijinalda şah yerinə qaim getmişdir. Qaim (sabit, möhkəm) – şiələrin gizlənmiş on ikinci imamı, Mehdi. Dünya fəsad, günah, hərcmərclikdə boğulan zaman qiyamət gününün ərəfəsində imami-qaim (Mehdi) ağ atın üstündə zühur edib dünyanı təmizləyib ədaləti, din və imanı, rifah və xoşbəxtliyi bərpa edəcəkdir.

Şair Körpə Arslanı haman imami-qaimlə müqayisə edib deyir: "Sən" zəmanənin qaimisən, odur ki, fitnə-fəsadı, zülmü aradan götürdüyün üçün əsil qaim imam Mehdi səndən çəkinib zühur etmir.

321

Tərəngəbin – dəvətikanı deyilən bitkidir, onun şəkərli şirəsi dərman kimi ta qədimdən bu günə kimi təbabətdə geniş miqyasda işlənilir. Fars sözü olan bu bitki adı iki hissədən ibarət olub, tərə – göy-göyərti və əngəbin – bal deməkdir. Şair sözün etimalogiyasından istifadə edərək, Körpə Arslana öz əsərinin məziyyətini müasirlərinin kitablarından nə qədər yüksək durduğunu başa salmaq istəyir.

322

İki hərf – kün (ol). Kün ərəbcə iki hərflə (كن) yazılır. Yəni şair kitabını "Ol!", "Əbədi var ol!" duası ilə bitirir.

323

Cəbəl ər-RəhməBuqubeys – Məkkənin yaxınlığında iki dağ adıdır.

324

Xətay – Kitay, Çin. Çinin zərxara geyimləri ən gözəl və qiymətli geyimlər sayılırdı.

Şair xətapuş (xətaları, nöqsanları ört-basdır edən) və Xətayi-puş (qiymətli Çin libasları geyən) sözlərinin omonimiyasından mahiranə istifadə edib gözəl cinas düzəltmişdir.

325

Hicri–qəməri təqviminin 593-cü ili Ramazan ayının on dördü bizim indiki təqvimin 1197-ci ilinin 31 iyuluna müvafiqdir. Deməli, şair poemanı 1197-ci il iyulun otuz biri, gecə saat 12-də bitirmişdir.

Загрузка...