XEYİR İLƏ ŞƏR HEKAYƏSİ

Çin qızı söylədi: – İki növcavan

Başqa bir şəhərə oldular rəvan.

Yeməyə azuqə götürüb hərə

Qoyub heybəsinə, çıxdı səfərə.

Gəncin biri Xeyir, birisi Şərdi,

Onlar adlarıtək işlər görərdi.

Bir-iki gün gedib, mənzil aşdılar,

Yanlarında olan azuqə ki, var,

Şər saxlayır, Xeyir yeyib-içirdi,

O əkir, bu isə buğda biçirdi.

Gedirdi yanaşı cavanlar belə,

Birdən yetişdilər isti bir çölə.

Bu çöl təndir kimi bir odlu yerdi,

Dəmiri yumşaldıb mum eyləyirdi.

Ölkəyə quraqlıq atmış əlini,

Döndərmiş səmuma şimal yelini.

Şər yaxşı bilirdi, yolu uzaqdır,

Susuz xarabadır, xeyli quraqdır.

Xəlvəti məşkinə su doldurub Şər,[257]

Dürr kimi gizlədi, vermədən xəbər.

Xeyir: – Yəqin, yolda su var – deyirdi,

Hər tərəf susuzdu, o bilməyirdi.

Beləcə bürküdə xeyli getdilər,

Yorub özlərini həlak etdilər.

Yeddi gün getdilər qızğın çöl boyu,

Qurtardı zavallı Xeyirin suyu.

Sudan yoldaşına vermədi xəbər,

Bir kəlmə dinmədi, danışmadı Şər.

Xeyir bədgövhərdən oldu xəbərdar,

Gördü ki, məşkinin içində su var,

Arabir xəlvəti öz yoldaşından,

Reyhan şərabıtək suyun başından İçirdi

Şər, susuz yanıb da, ancaq,

Xeyir dinməyirdi, tikmişdi dodaq.

O susuz sulunun görüb işini,

Sordu yol boyunca qəmdən dişini.

Nəhayət ciyəri qurudu, yandı,

Endi kirpikləri, gözu qapandı.

Günorta çatanda pozuldu halı,

Suzundan yanmazmı dağlar maralı?

Yanında od rəngli cüt ləli vardı,

Suyu daşda idi, sanma axardı,[258]

Damırdı gizlicə onlardan su çox,

Damırdı göz üçün, ağız üçun yox.

Açdı sulu ləli göstərib Şərə,

Qoydu qabağında əlbəəl yerə,

Dedi ki: "Yanğıdan öldüm, kömək et,

Söndür atəşimi, yandım, mərhəmət!

Bir içim saf su ver, imdadıma çat.

Ya mərdlik ucundan bağışla, ya sat.

Bu qoşa gövhəri öz suyuna sal,

Su ver, gövhərimin bir qeydinə qal".

Tanrı qəzəbinə gəlmiş zalım Şər

Gördü adı kimi yaramaz işlər.

"Bu daşdan, – dedi ki: – Yonma gəl bulaq,[259]

Mümkünmü dünyada məni tovlamaq?

Viranədə gövhər verirsən mənə

Ki, abad şəhərdə alasan yenə?

Belə kələklərə uyarmı heç Şər?

Mən ki, hiyləgərəm, divdən hiyləgər.

Nə zaman axtarsam əgər mən çara,

Gəlməz hiylələrin sənin, bil, kara.

Yaxamdan əl götür, hiylədən əl çək,

Yüz min işləmişəm mən belə kələk,

Qoymaram başıma çəkəsən suyu,

Abrımı tökəsən bir şəhər boyu.

Mən necə gizlində alım gövhəri,

Şəhərə çatınca alasan geri.

İstəyirəm elə bir gövhər səndən,

Ala bilməyəsən geriyə məndən".

Xeyir dedi: "Nədir o söylə görək?

İstədiyin dürrü tapıb da verək".

Şər dedi: "O gövhər ikicə gözdür,

Bu ondan, o bundan daha əzizdir.

Gözünü satmasan, bunu yaxşı bil,

Bu sudan içməyin heç mümkün deyil".

Xeyir söylədi ki: "Qorxmayırsan sən,

Od alıb yerinə boş su verirsən.

Tutaq ki, bu çeşmən oldu güvara,

Göz çıxarmaq səni yetirməz vara.[260]

Qalarsam gözümə həsrət əgər mən,

Nə xeyir rastıma gələn çeşmədən?

Mümkün ikən qızıl almaq su üçün,

Şirin su yerinə göz almaq neçün?

Ləlim, nəyim varsa, al, eylə mədəd,

Yerdə qalanına verərəm sənəd.

And olsun o böyük pərvərdigara,

Bundan şad olaram, gəlmərəm zara.

Ancaq insaf eylə, gözümə dəymə,

Bir soyuq su üçün dostluğu əymə".

Şər cavab verdi ki: "Bu əfsanədir,

Ürəyi yanançın bir bəhanədir".

Xeyir bu rəftara qaldı xeyli mat,

Su üçün göz suyu axıtdı, heyhat,

Gördü ki, öləcək, əldən gedir can,

Xilas olmayacaq can yanğısından.

Qəlbini aldatdı soyuq su ilə,

Sudan qaçmamışdır, bir susuz belə.

Dedi: "Bıçaq gətir, xəncər gətir, gəl,

Su ver içim, ömrə qıymadan əcəl.

Odlanıb alışan, alovlanan bu

Qızğın atəşimi söndür, səpib su".

Zənn etdi bu əzab, bu qorxu keçər,

O saat bir udum su alıb içər.

Bu halı görüncə siyirib xəncər,

Quş kimi şığıdı Xeyrin üstə Şər.

Xəncəri çırağa çaldı, qanmadı,

Çırağı söndürdü, qəlbi yanmadı.

Nərgizi eylədi gül rəngində al,

Cüt gövhər qopardı tacdan o dərhal.

Ömrünü yazığın salıb zavala,

Su dəxi verməyib düzəldi yola.

Bütün şeylərini, ləlini soydu,

Koru təkbaşına səhrada qoydu.

Uzaqlaşıb getdi nə zaman ki, Şər,

Xeyir öz halından tutmadı xəbər.

Torpaqda çırpındı, qan basdı düzü,

Yaxşı ki, görmürdü halını özü...

Bir kürd vardı mallı, pullu, keyfi çağ,

Qurdun bəlasından sürüsü uzaq,

Onun qapısında çoxlu mal-qara,

Kimsə çatmamışdı bu qədər vara.

Səkkiz qohumunu o saxlayardı,

Onlar yoxsul, bunun dövləti vardı.

Köçəri bir kürddü, deyil oturaq,

Hər zaman ölçərdi səhra, çəmən, dağ.

Ot-ələf dalınca düşərək çölə,

Sürü otarırdı hər zaman belə.

Harda ki ot vardı, axar su vardı,

İki həftə həmən yerdə qalardı.

Otlağın otları yetincə sona,

Sürünü çəkərdi başqa bir yana.

Qəzadan, iki gün vardı o yerə

Pəncə uzatmışdı, bənzəyib şirə.

Onun türk baxışlı, xoş hindu xallı

Bir qızı vardı ki, xeyli kamallı.

Sərvi su içmişdi ciyərdən, qandan,

Nazla bəslənmişdi nazənin canan.

Saçının hörüyü ətəyindəndi,

Boynunda çəkmişdi aya kəməndi.[261]

Bənövşə qıvrımlı hər gözəl teli

Qarğa qanadından qaraydı, bəlli.

Qəmzəsi sehrdən badələr içmiş,

Taleyi önündə qəza bir heçmiş.

Babil tilsiminə bağlamışdı bel,

Sehrinə bənd olmuş, vurulmuşdu el.

Xalından olmuşdu gecələr qara,

Ondan nur almışdı göydə aypara.

O şəkər sındıran, püstə dodaqlı,

Öpüşün yolunu etmişdi bağlı.

Evdə bəslənilib çatmışdı boya;

Balıqtək meyl etdi o gözəl suya.

Yolun kənarında, bir çeşmə vardı,

Soyuqdu, el suyu ordan alardı.

Qız o şirin sudan gəlib doldurdu,

Sonra evlərinə getməyə durdu.

Birdən qulağına gəldi uzaqdan

Yaralı xəstədən qopan ah-fəğan.

Eşidib o yana qız tez yüyürdü,

Gəlib qan içində bir gənci gördü.

Bir yaralı çalır hey əl-ayaq, ah.

Dilində yalvarış, bir də ki, Allah.

Uçdu nazəninin başından huşu,

Tez gedib dindirdi o vurulmuşu,

Dedi: "Vay halına, söylə görüm sən,

Qanlar içindəsən nə üçün, nədən?

Ey cavan, bu zülmü sənə kim etdi,

Halına yanmadı, buraxdı getdi?"

O dedi: "Ey mələk, de görüm ki, sən

Pərizadəmisən, ya mələkmisən?

İşim çox qəribə oyundur, heyhat,

Uzundur başıma gələn əhvalat,

Susuz, bil, ürəyim oldu tar-mar,

Gəl bu yanğılını cəhd eylə, qurtar.

Su, yoxsa ölərəm, dayanma çıx get,

Varsa ver, qoy içim, ömrü xilas et".

O nicat açarı, saqi, baldodaq,

Abi-həyat kimi sudan alaraq

Verincə, xəstənin keçdi yanğısı,

İçdi bacardıqca, içdi sərin su.

Can gəldi o solmuş cana əlbəəl,

Ürəkdən şad oldu çıraqban gözəl.

Qoydu öz yerinə Xeyrin gözünü,

Şükr edib söylədi Allah sözünü.

Çıxmışdısa əgər kamanından ox,

Gözün gilələri salamatdı çox.

Bütün qüvvətini işlətdi o qız

Ki, yerdən xəstəni qaldıra yalqız.

Gözünü sarıyıb bağladı həmən,

Yapışdı mərdanə tutdu əlindən,

Çalışdı, qaldırdı, sonra da vardı

Ona rəhbər olub, evə apardı.

Gəldi atasının birbaş yerinə,

Gətirdi gözsüzü binələrinə.

Çıxınca önünə kəniz, qaravaş,

Dedi: "Apar evə, bunu çox yavaş".

Özü anasının yanına getdi,

Gördüyü vəqəni tez bəyan etdi.

Anası dedi ki: "Söylə gorüm sən

Gəldin, gətirmədin bəs onu nədən?

Edərdik bəlkə də yazığa çara,

Bir az dincələrdi, o bəxtiqara".

Qız dedi: "Gətirib gəlmişəm, ana,

Nə kömək bacarsan, et o insana".

Qaravaş xəstəni evə gətirdi,

Yatağın yanına dərhal yetirdi.

Tez yer düzəltdilər, süfrə sərdilər,

Şorba içirdilər, kabab verdilər.

Zülüm görmüş Xeyir ah çəkdi yavaş,

Az yeyib, inlədi, dərdə qoydu baş.

Kürd evə gələrək tez axşamüstü,

Səfra sındırmağa cumdu əlüstü,[262]

Nə gördü, adətdən xeyli kənar şey,

Səfrası şiddətlə qaynayırdı hey.

Gördü bir huşsuzun yamandır halı,

Ölümcül uzanıb yatır yaralı.

"Kimdir bu şəxs, – dedi gələrək dilə,

– Nə üçün xəstədir, gücsüzdür belə?"

Kimsə şərh etmədi dürüst halını,

Başına gələni, bu zavallını.

Ancaq deyə bildi bunu şux pəri:

"Dəlinmiş almazla onun dürləri".

Kürd gördü xəstə kor sayır özünü,

Qəlbi parçalanıb, yumur gözünü,

Dedi ki: "O yüksək ağacdan varın,

Gedin, tez bir neçə yarpaq qoparın!

Suyu çıxanadək əzin yarpağı,

Sürtün yarasına, sözümün sağı,

Bu əlac olunsa, xəstənin yenə

Fər gələr, nur gələr kor gözlərinə.

Yaman olursa da əgər göz dağı,

Şəfadır dediyim ağac yarpağı".

Ağacın yerini verərək nişan:

"Bizim o çeşməylə, – dedi, – yanbayan

Bir qoca ağac var, ətirlər səpər,

İnsanın beynini edər tazə-tər.

Gövdəsindən çıxır onun iki şax,

Onlar fərq olunur aralanaraq.

Bir şaxın yarpağı huri ipəyi,

Odur kor gözlərin nuru, köməyi.

O birinin yaşıl yarpağı ki, var

Ondan da sərilər şəfa taparlar".

Elə ki, kürd qızı bunu eşitdi,

Deyilən əlacın fikrini etdi.

Dil açdı, başladı yalvar-yaxara,

Eyləsin atası xəstəyə çara.

Kürd eşidincə bu yalvarışları,

Durub tez yönəldi ağaca sarı.

Tez yarpaq qopardı həmin ağacdan,

O yarpaq verirdi cansızlara can.

Gətirdi, kürd qızı yarpağı aldı,

O qədər döydü ki, pucalı qaldı.

Süzdü qalmayınca xıltın nişanı,

Xəstənin gözünə tökdü dərmanı.

Bağladı dərmanla Xeyrin gözünü,

Bir saat bilmədi xəstə özünü,

Sonra xilaskara bir nəzər saldı,

Balışa baş qoydu, uzanıb qaldı.

Beş gün o xəstəyə vurulmadı əl,

Dərman gözlərində qaldı mükəmməl.

Axırda qurtardı yazığın canı,

Gözündən açdılar dava-dərmanı.

Gəldi gözlərinin fəri yerinə

Oldu əvvəlki tək o, gözlü yenə.

Saldı ətrafına Xeyir xoş nəzər

Qoşa nərgiz belə açılar səhər.

Uğurlu iş gördü, şükr etdi cavan,

Dəyirman öküzü qurtardı tordan.[263]

Getdi ev əhlindən kədər nə ki var,

Örtüb üzlərini, könül açdılar.

Ürəkdən xoşladı, sevdi yalqızı

Kurdün gülcamallı mehriban qızı.

Elə ki, nərgizlə o sərv oldu şad,

Demək, gövhər oldu sandıqdan azad,

Gördü gül üzünü gəncin o pəri,

Ürəkdən bağlandı, xoşladı Xeyri.

Duyaraq hissini, inayətini,

Saldı Xeyir ona məhəbbətini.

Qızın görmürdüsə üzünü əgər,

Nazlı yerişinə salırdı nəzər.

O çox dinləmişdi şirin gözəli,

Dəymişdi əlinə mehriban əli.

Bu vermişdi ona ürəkdən könül,

Bağlanmışdı buna sidq ilə o gül.

Xeyir qoca ilə hər səhər ertə

Əl atardı işə, şirin zəhmətə,

Dəvə otarardı, sürü güdərdi,

Hər işi düşünüb, ölçüb edərdi.

Qoyundan qovardı canavarları,

Qoruyardı belə dövləti, varı.

Kürd ki ömrü boyu gəzmiş otlağı,

Gördü Xeyirdəki can yandırmağı.

Dedi: "Ey əzizim, bu dövlət, bu var,

Sənindir, ol ona sahib-ixtiyar".

Xeyir məhrəm olub kürdgildə qaldı,

Hər şeyə artaraq maraq çoxaldı.

Sordular, kim sənin gözünə qıymış,

Necə rəhmsizmiş, necə zalımmış.

Şərin işlərini o gizlətmədi,

Nə olub söylədi, uzaq getmədi.

Dedi: "Suya əvəz vardı gövhərim,

Susuz lap yanırdı mənim ciyərim.

Ömrə bir nanəcib zərər yetirdi,

Bu zülmü başıma o Şər yetirdi.

Aldı gövhərləri, gözümü dəldi,

Su da verməyərək, yola düzəldi".

Kürd belə dastanı eşitdi, durdu,

Rahibtək özünü torpağa vurdu.

Sevindi: "Əssə də, – dedi, – sərt külək,

Xələl görməyibdir bu gözəl çiçək".

O mələk xislətin oldular agah,

Şər nələr başına gətirmişdir, ah.

Candan əziz tutdu onu bu külfət,

Bəsləyib verdilər min nazü-nemət.

Özü baxdı ona o qənddodaqlı,

Durdu qulluğunda üzü yaşmaqlı.

Su verib Xeyirə özü yanırdı,

Eşqindən ürəyi, gözu yanırdı.

Xeyir də bağlandı, yara verdi can,

Könül əsirgəməz aşiq canandan.

Dürrün xatirinə çölə getdi hey,

Öküzə, dəvəyə xidmət etdi hey.

Dedi öz-özünə: "O canan ki var,

Mən kimi yoxsula olmaz nazlı yar.

Onun kamalı var, xoş camalı var,

Olacaq qisməti, kimin malı var.

Onlardandır bu gün dolanacağım,

Mümkünmü üstəlik qohum olmağım.

Yaxşı olar belə qorxulu yerdən

Zirəklik eyləyib köçüm gedim mən".

Keçmişdi bu işdən bir həftə tamam,

Xeyir evə döndü çöldən bir axşam.

Çırpındı qəfəsdə olan quş kimi,

Xəznə üstə kasıb oturmuş kimi.

Təşnəydi, önündə dirilik suyu,

Sanki hiss edirdi keçən yanquyu.

O gecə ağrıdı qəlbinin başı,

Yerdə gül bitirdi gözünün yaşı.

Kürdə söylədi: "Ey qərib bəsləyən,

Çəkdin kimsəsizin çox nazını sən.

Göründü sayəndə bu cahan mənə,

Verdin ürək mənə, təzə can mənə.

Evində bəslənib izzət görmüşəm,

Süfrəndən yemişəm, nemət görmüşəm.

Damğanın yeridir alnımda dərin,

Dediyimdən çoxdur sənin hörmətin.

Bil, ətrin yaşayır şirin canımda,

Süfrənin yağıdır, qaynar qanımda.

Süfrənin önündə bir acizəm mən,

Canımı verərəm əgər istəsən.

Yetər ki, bu qədər qonağın oldum,

Bəsdir əzab çəkdim, artıq yoruldum.

Süfrəndən bu çörək yediyim qədər

Sənə şükr eyləyə bilsəydim əgər,

Haqqını verməyə yaradan tarı

Mənə kömək əli verəydi barı.

Ayrılıq gəlsə də çox ağır mənə,

İcazə ver artıq, gedim, vətənə.

Çoxdandır vətəndən duşmüşəm uzaq,

Elimdən, köçümdən irağam, iraq.

İstəyirəm səhər olduqca erkən

Düzəlim yoluma evə doğru mən.

Getsəm də əməyin itməyəcəkdir,

Qapından hümmətim getməyəcəkdir.

Sən nur çeşməsisən, işığın əyan,

Arzum budur məni unutmayasan.

Yetir köməyinlə pərü bal mənə,

Verdiyin çörəyi et halal mənə".

Xeyir öz sözünü qurtardı, durdu,

Sanki var-yoxuna kürdün od vurdu.

Tökdü göz yaşını kürd neysan kimi,

Qopdu hay-küy həzin bir fəğan kimi.

Beyinlər qurudu, gözlər ağladı,

Qızın ağzındakı sözlər ağladı.

Ağlayıb, ağlayıb durdular guya,

Axar su çevrildi donan bir suya,

Aqil kürd qaldırdı sonra başını,

Evi xəlvət edib çatdı qaşını,

Xeyrə söylədi ki: "Sən, ey mehriban,

Ağıllı, cürətli, mötəbər oğlan,

Tutaq ki, getmisən doğma şəhərə,

Tikan batıracaq sənə, bil, hərə.

Nemət buradadır, naz bu məkanda,

Nə var, əlindədir – yaxşı, yaman da.

Yaxşılar cilovu verməzlər pisə,

Satmazlar dostları yada, nakəsə.

Bollu dövlətim var, ağım, qaram var,

Bir də ki, çox əziz ciyərparam var.

Zəhmət sevəndir o mehriban çiçək,

Çirkinlikdir ona yaxşı deməmək.

Müşk əgər olarsa nafədə nihan,

Onun xoş ətrini duyar bu cahan.

Ürəyin xoşlasa o dilbəri, biz

Canımızdan səni saxlarıq əziz.

Belə bir qıza ki, yetişmiş azad,

Öz əlimlə səni seçirəm damad.

Dəvədən, qoyundan, maldan nəyim var,

Verərəm, çoxalar, sərmayən artar.

Mən də aranızda nazla, nemətlə,

Əcəl gələnədək yaşaram belə".

Kürddən görən zaman belə şəfqəti,

Ona şükür etdi, qalxdı hörməti,

Söhbətə şadlıq da qatdılar onlar,

Nazla, sevinc ilə yatdılar onlar.

Harun üzlü səhər bağlayanda bel,

Zəng kimi səsləndi xoruz, durdu el;[264]

Uğurlu talelə süzüb dörd yanı,

Çıxdı öz taxtına məşriq soltanı.

Kürd vida eylədi şirin yuxuya,

Oyandı görməyə tədarük toya.

Nikah ki, birliyin əsas şərtidir,

Onunla nəsillər inkişaf edir.

Verdi Xeyrə qızı, yaşayın, deyə

Qoşdu Ütaridi parlaq Zöhrəyə.

Həyat çeşməsini tapdı bir ölü,

Günəş nurlandırdı o tutqun gülü.

O baldodaq saqi, susamış Xeyrə

Bir şərbət verdi ki, dəyər kövsərə.

Ona çeşmə suyu verdisə əvvəl,

İndi həyat suyu bəxş etdi gözəl.

Yaşadılar belə sevincək, qoşa,

Yoxdu həsrətləri bir şeydən, haşa!

Əhdi gətirdikcə bu cütlər yada,

Çox şad yeyirdilər vardan dünyada.

Kürdün nə qədər ki, mayası vardı,

Verdi bu bir cütə, verdi qurtardı;

Bütün sürüləri, dövləti, varı

Axdı Xeyrə tərəf, kürəkən sarı...

Bir gün sulu yerdən, ağaclı yerdən,

Başladı köç geniş səhraya birdən.

Xeyir, can dərmanı, olduqca uca,

O səndəl qoxulu yaşıl ağaca

Yanaşıb, dərdikcə dərdi şaxlardan,

İnsanın əlacı göy yarpaqlardan.

Əlacdır sevdaya bir şax yarpağı,

Digərindən tapır şəfa göz dağı.

Yığdı bir çuvala basdı mala-mal,

Dəvənin üstünə yükləndi çuval.

Yarpağın sirrini saxladı pünhan,

Yadından hamının çıxdı o dərman.

Düşdü bir şəhərə onların rızı,

Bu şəhrin şahının gözəl bir qızı

Tutulmuş sevdaya, bəd bir azara,

Nə qədər əlləşib etmişlər çara.

Sağalmamış; yanıb "hayıf" demişlər.

Bilikli həkimlər, məşhur təbiblər

Gəlirdi soruşub həmən şəhəri

Ki, div bəlasından o gözəl pəri

Sağalsın, qalmasın zərrəcə dərdi.

Padşah gələnlərlə bir şərt kəsərdi:

"Sevdadan qızımı kim etsə azad,

Mən də eyləyərəm onu xeyli şad.

Olar kürəkənim.

Hər kim çarəni

Etməyib, görərsə o məhparəni,

Qəzəb eyləyərəm, qılınc alaram,

Bədəndən başını vurub salaram".

Aciz qaldığından bu əlacda, ah,

Nə qədər təbibi öldürtdürdü şah.

Min qərib şəhərli olunca naşı,

Padşah əmr eylədi, kəsildi başı.

Bu şərt gündən-günə elə yayıldı;

Hər kim pul görəndə hayıl-mayıldı,

Eşidib bu sözü o, baş itirdi,

Özü öz əliylə qanına girdi.

Xeyir də eşidib həmin xəbəri:

– Çarəmlə sağalar, – dedi, – şux pəri.

Şaha yetirdi ki: "Ey səxa kanı,

Yoldan götürərəm mən bu tikanı,

Ondan xəstəliyi eylərəm uzaq,

Sağaldaram qızı, şərtim var ancaq

– Heç şeydə yox gözüm qoca dünyada,

Mənim verəcəyim dərman, dava da

Allah rizasına veriləcəkdir.

Nə zaman ki, gücü görüləcəkdir,

Məni məqsədimə çatdırsın Allah".

Xeyrin bu sözündən xəbər tutdu şah,

Dedi: "Söyləyin ki, gəlsin, öpsün əl".

Xeyir təzim etdi gəlib əlbəəl.

Şah dedi: "Ey yaxşı adam, söylə bir,

Sənin adın nədir?" Dedi: "Xeyirdir!

Səadət bəxş etmiş mənə ülkərim,

Uyğundur adıma sözüm, işlərim".

Şah onun adını bilib yaxşı fal,

Dedi: "Çarə eylə, aman, qeydə qal,

Bunun nəticəsi yaxşıdır", – dedi,

"Adın bu əməlin naxşıdır", – dedi.

Sonra bir məhrəmə tapşırdı, varsın

Qızının yanına Xeyri aparsın.

Xeyir gəldi gördü, gün kimi gözəl,

Xəstəlik sərvinə yetirmiş xələl.

Şirtək həyəcanlı, bərəlmiş gözü,

Nə yatmış gecəni, nə də gündüzü.

Səndəl yarpağı ki yanında vardı,

Açıb düyünçədən dərhal çıxardı,

Döyüb hazırladı buz kimi şərbət.

Qıza xoş gələrdi bu dava, əlbət.

Uzatdı xəstəyə, alıb nuş etdi,

Silinib beyninin tozları getdi.

Qız bu vəlvələdən nicata çatdı,

Şərbət içən kimi yıxıldı yatdı.

Xeyir gördü yatır o gözəl bahar,

Duydu ki, silinib üzündən qubar.

Çıxdı ayqabağın evindən çölə,

Gəldi öz evinə şad, gülə-gülə.

Yatdı pəriüzlü, üç gün yumdu göz,

Şaha öz halından demədi bir söz.

Durdu üçüncü gün o dilbər mələk,

Yedi yavaş-yavaş yüngül bir yemək.

Belə şad xəbərdən olunca agah,

Qaçdı ayaqyalın saraya padşah.

Gördü taxt üstündə ağıllı, huşlu,

Oturmuşdur qızı şahin duruşlu.

Yıxılıb önündə o mahcamalın:

– Həmdəmin olacaq, – dedi, – kamalın.

Fitnə uzaq olsun, qızım, yanından,

Xəstəlik çıxdımı, söylə canından?

Şahın hörmətini gözləyərək qız,

Təşəkkür eylədi ataya yalnız.

Hökmdar sevinib oldu xeyli şad,

Getdi tək qalaraq o sərvi-azad,

Çağırıb yanına məhrəm bir adam,

Sifariş yolladı şaha güləndam:

"Qüdrət dəftərində yazılmış belə,

Şahlar sadiq olar hər vaxt əhd ilə.

Onda ki kəsildi xəncərlə başlar,

Gözlədi qoyduğu şərti hökmdar.

Tac ləyaqətlidən mən gördüm şəfa,

Şah gərək əhdinə eyləsin vəfa.

Qılınc eyləyərsə əlac iqrara,

Tac gərək sustalıb düşməsin dara.

Minlərlə baş qoydu qılınc təlaşda,

Ucalsın tac ilə qoyun bir baş da.

Qurtardı canımı onun dərmanı,

O açıb qıfılı; belə insanı

Unutmaq bizlərə yararmı məgər?

Tapılmaz, bil, mənə ondan başqa ər.

Yetirək yerinə əhdi, peymanı,

Bu yükdən qurtaraq tezliklə canı".

Əhdi doğrultmağa şahı ansızın

Gözəl məsləhəti oyatdı qızın.

Şah Xeyri istədi, atlı çapdılar,

Bir yolun üstündə gəlib tapdılar.

Alıb yanlarına nadir gövhəri,

Şahın hüzuruna döndülər geri.

"Ey cahan böyüyü, – dedi – şah, nədən

İqbalından yana üz çevirirsən?"

Əynindən çıxarıb sonra xəlvəti,

Bir ölkə olardı onun qiyməti,

Bağışladı ona, bol gövhər verdi.

Afərinlər dedi, zər kəmər verdi.

Çəkildi saraya naxışlı pərdə,

Şəhəri bəzədi şəhərlilər də,

Qız dam guşəsindən yetirib nəzər,

Gördü sevgilisi tam aya bənzər.

O, gözəl üzlü bir sərvi-rəvandı,

Xətti şəvə kimi, zirək cavandı.

Həm şah razı oldu, həm də o dilbər,

Xeyir damad oldu, kor olsun qoy Şər.

Xəznə qapısına əl atdı soltan

Qırdı dürüst möhrü, oldu kamiran.

Sürdü, istəyincə səfalar sürdü,

Gözəllik, şən həyat taxtını gördü.

Şahın bir vüqarlı vəziri vardı,

O, xalqın əlindən hər an tutardı.

Bir qızı vardı ki, dəyərdi cana,

Üzü bənzər qarda qarğa qanına.

Toxunmuş zərəri çiçəyin aya,

Puç olub gözləri çıxmışdı zaya.

Şahdan izn istəyib o vəzir deyir:

"Qızımın gözünə nur versin Xeyir".

Vəzir şah şərtinə eylədi əməl,

Dərman təsir etdi olduqca gözəl.

Oldu bu qızın da sevimli əri,

Bir gövhər cəzb etdi neçə gövhəri.

Ona qismət oldu üç gözəl tavus,

Kəsranın tacıyla təxti-Keykavus.

Gah vəzir qızını dilə gətirdi,

Bütün istəyini ələ gətirdi.

Gözünə nur verdi şah qızı bəzən,

Bu sanki günəşdi, o bir aydı – şən.

Gah da kürd qızıyla şadlıq eylərdi,

Üç nərdlə oyunda üstün gələrdi.

Ömrünə yar oldu beləcə baxtı,

Əlinə keçirdi o tacı, taxtı.

Keçdi hesabına o gözəl diyar,

Tutdu tacidarlıq Xeyirdə qərar.

Günlərin birində o, bağa gəldi,

Bir könül açanla keyfə yönəldi.

Şər ki, yoldaşıydı onun səfərdə,

Düşdü öz əliylə öz başı dərdə.

Gördü o cühudla söhbət eyləyir,

Dedi yəhudiyə o saat Xeyir:

"Bir asudə vaxtda sal qabağına,

Gətirib gəl bunu şahlıq bağına".

Sonra gedib bağa, keyfə oturdu,

Kürd əli qılınclı önündə durdu.

Gəldi əyniaçıq pərakəndə Şər,

Öpdü torpağını ondan bixəbər.

Xeyir ona dedi: "Adını söylə!

Başın salacaqdır səni əngələ".

Səyyah: – "Mübəşşirdir, – dedi, – şöhrətim,[265]

Görunür hər işdə gücüm, qüdrətim".

Xeyir dedi: "Söylə sözün düzünü,

Təmizlə, qanınla yu öz-özünü".

O dedi ki: "Adım belədir ancaq,

İstəyirsən öldür, istəsən burax".

Xeyir dedi: "İşin daim zavaldır,

Alçaqsan, hamıya qanın halaldır.

Adın Şər, özün də xalq üçün şərsən,

Xisləti adından pis bir bəşərsən.

Sən o deyilsənmi bir cana qıydın,

Çöldə bir susuzun gözünü oydun.

Hələ bu bəs deyil, gör nələr etdin,

Ona su verməyib, çıxdın da getdin.

Aldın göz gövhəri, kəmər gövhəri,

Apardın onları, yandı ciyəri.

Bil ki, gövhərləri gedən mənəm, mən!

Sənin bəxtin öldü, mənimkidir şən.

Hər kimin olarsa Allah pənahı,

Odur xoşbəxtliyin əbədi şahı.

Mənim taleyimə Allah oldu yar,

İqbalım eylədi məni tacidar.

Kəsildi bəxtimin Tanrı pənahı,

İndi bu yerlərin şahıyam, şahı!

Vay sənin halına, yamandır zatın,

Qurtarmaz əlimdən artıq həyatın".

Şər Xeyri tanıdı və birdən-birə

Özünü götürüb çırparaq yerə,

Söylədi: "Gördüyüm işlər yamandır,

Pis əməllərimə baxma, amandır.

Başımız üstündə dönən fələklər,

Sənə Xeyir demiş, mənə isə Şər.

Nələr eylədimsə o zaman sənə,

Bütün eylədiyim yaraşır mənə.

Nələr bacarırsan, mənə durma et,

Et ancaq özünə, adına nisbət".

Xeyir bu nöqtəni eyləyincə yad,

Tez onu ölümdən eylədi azad.

Elə ki qılıncdan Şər azad oldu,

Uçdu yol uzunu, qəlbi şad oldu.

Qəzəbli kürd isə dalınca getdi,

Vurdu qılınc ilə tez həlak etdi.

"Xeyir düşündüsə xeyirli işlər,

Şərsən, – dedi, – çıxar qabağına şər".

Sonra üst-başını axtardı, gəzdi,

İki dürr gizlədib kəmərdə, sezdi.

Gətirdi Xeyr üçün, qoydu tez yerə,

Dedi: "Çatdı yenə gövhər gövhərə".

Öpdü gövhərləri o, kürdə verdi,

Nəcibi gövhərlə o sevindirdi.

Əlini gözünün üstünə qoydu,

Dedi: "Şər bunları xəncərlə oydu.

Verdim gövhərləri sənə mən özüm,

Çünki əllərinlə nurlanıb gözüm".

Xeyirin əməli qəlbinə yatdı,

Camaat da ondan arzuya çatdı.

Səadət taxtına çıxınca, demək,

Dəmir gümüş oldu, palaz da ipək.

Hər kimin ki baxtı, xoş taleyi var,

Tikan ona xurma, daş da zər olar.

Qurdu çox təpərli ədalətini,

Qüvvətə mindirdi məmləkətini.

Bir zaman yönəlib yarpaq dərdiyi,

Ağır xəstələrə şəfa verdiyi

Ağacın üstünə tez-tez gedərdi,

Ağır naxoşlara əlac edərdi.

Keçirərdi orda gününu tamam,

Ürəkdən o yerə verərdi salam.

Ona xoş gəlmişdi səndəl havası,

Səndəl rəng olmuşdu onun libası.

Bağlardı hər zaman səndələ əməl,

Edərdi əynini daima səndəl.

Səndəl asayişin ruhu, qanıdır,

Ətri hər bir zaman can nişanıdır.

Tozu yox eyləyər hər dərdi-səri,

Qurtarar yanğıdan odlu ciyəri.

Bitirdi nağılı o Çin gözəli,

Etdi öz dilini şirin, məzəli.

Şah onun yerini canında etdi,

Yəni bədnəzərdən aldı, gizlətdi.

Загрузка...